Məhkəmə qərarları › İş №1(100)-143/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-143/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-143/2025 07.05.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu, Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1965-ci ildə Tərtər rayonu, Mamırlı kəndində anadan olmuş, azərbyacanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, N saylı hərbi hissədə mülki işçi kimi qabyuyan vəzifəsində çalışan, məhkumluğu olmayan, Tərtər rayonu, Sarıcalı kəndində qeydiyyatda olmaqla, Tərtər şəhəri, H.Əliyev prospektində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 13 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində Tərtər şəhəri, H.Əliyev prospektində yerləşən kirayə yaşadıqları nömrəsiz fərdi yaşayış evinin qonaq otağında onunla birlikdə yaşayan oğlu, xx.xx.1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə sonuncunun sərxoş vəziyyətdə evə gələrək onu təhqir etməsi səbəbindən aralarında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı həmin vaxt yemək bişirmək üçün yaşıl lobya bitkisi doğramaq məqsədi ilə əlində saxladığı təsərrüfat məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qəsdən vuraraq ona döş qəfəsinin sol arxa divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası, sol tərəfli hematoraks ilə müşaiyət edilən və dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o hadisənin necə baş verdiyini bilməmişdir. O lobya doğrayarkən oğlu onu əsəbləşdirmiş, o isə bıçağı oğlunun üzərinə atmışdır. Oğlu evə içkili gəlmiş və onun ata, anasına qarşı təhqiredici sözlər demişdir. O isə əsəbləşmiş və əlində olan bıçağı oğluna tərəf atmışdır. O baş vermiş hadisəyə görə hələdə özünü bağışlaya bilməmişdir. O, bıçağı atdıqdan sonra bıçaq oğlu Zərərçəkmiş şəxs kürəyinə dəymiş, kürəyindən yüngül xəsarət almışdır. Əməlindən peşmandır, məhəkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisənin baş verməsinin səbəbkarı özü olmuşdur. O anasına çox əziyyət vermiş, anasının saçını ağartmışdır. O evə gəldikdən sonra özündə olmamış, nə etdiyini bilməmiş, anasını əsəbləşdirmiş və anası da istəmədən ona xəsarət yetirmişdir. Anası hərbi hissədə aşbaz kimi fəaliyyət göstərmiş və əsgərlər üçün yeməklər bişirmişdir.Anası həmçinin aprel döyüşlərində aşbaz kim iştirak etmiş, əsgərlər üçün yeməklər hazırlamışdır. Onun ailəsi dağıldığı üçün spirtli içkiyə qurşanmış və hər gün spirtli içki qəbul etmişdir. Anası ona dəfələrlə içməməyini və içkili şəkildə evə gəlməməsini demişdir. O isə heç vaxt anasının sözünə qulaq asmamış və nəticədə səbəbkarı olduğu bu hadisə baş vermişdir. O üst geyimini dəyişmək üçün evə gəlmiş, anası ilə onun arasında 2 metr məsafə olmuş, anasına qarşı qeyri-etik ifadələr işlətmiş, içkili olduğu üçün işlətdiyi ifadələri xatırlamır. Anası Xanımİmanova əsəbləşərək bıçağı ona tərəf atmış, o isə kürəyini bıçaq gələn istiqamətə çevirmiş və bıçaq onun kürəyindən dəymişdir. O bıçaqdan yayınmaq məqsədilə kürəyini çevirməmiş, üst geyimini dəyişərkən çevirmişdir. Onun anasına qarşı heç bir şikayət və tələbi yoxdur,hadisənin baş vermə səbəbəkarı o olduğundan və anası ilə barışdığından, hal-hazırda anası ilə bir yerdə yaşadığından və aralarında heç bir problem olmadığından anasına həbslə bağlı olmayan cəza verilməsini məhəkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ona zəng gəlmiş və Nahidin yaralı olduğu deyilmişdir. O isə hadisə yerinə getmiş və Nahidin yaralı olduğunu görmüşdür. O, həm polis şöbəsinə, həm də təcili tibbi yardıma məlumat vermiş, təcili tibbi yardım maşını gələrək Nahidi aparmış,daha sonra nə olduğu haqqında məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onlar çörək yeyən zaman Nahid ona yaxınlaşmış və ondan qardaşının nömrəsini istəmişdir. O telefonu çıxarıb nömrə verən zaman, onun yanındakı tanışı Nahidə onlarla birlikdə çörək yeməyi təklif etmişdir. Nahid təklifi qəbul etmiş və onlarla birlikdə çörək yemişdir. Nahid onlarla 15- 20 dəqiqə bir yerdə olmuş, sonra getmişdir. Daha sonra Nahidin bıçaqlandığını bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Nahid onun heyvanlarını kəsmək üçün onlara gəlməli idi. O, Nahidin gəlməyini gözləmiş, bir müddət keçdikdən sonra Nahid gəlmədiyi üçün ona zəng etmişdir. O, Nahidə zəng etdikdə, Nahid ona yaralandığını və vəziyyətinin yaxşı olmadığını demişdir. O isə təcili tibbi yardıma zəng etmiş və Nahidin evinə getmişdir. Nahidin evinə getdikdən sonra, Nahidin xəstəxanaya aparıldığını bilmiş və xəstəxanaya getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o hadisə günü evdə olmuşdur. Zərərçəkmiş şəxs axşam tərəfi ona zəng etmiş, quzu gətirmək üçün ona köməklik etməsini istəmişdir. O, Zərərçəkmiş şəxs evinə getmiş və evdən ona Nahidin hələ gəlmədiyini demişlər. Bir az gözlədikdən sonra Nahid gəlmiş, Nahid gəldikdə o, Nahidin içkili olduğunu görmüşdür. O, Nahidə 40 dəqiqədir ki, gözlədiyini demiş, Nahid isə yeyib-içdiyi üçün gecikdiyini demişdir. Nahid ona ilk olaraq üst geyimini dəyişməli olduğunu demiş, o, Nahidi evinə aparmış və Nahid üst geyimini dəyişərkən gözləmişdir. 15 dəqiqə keçdikdən sonra o, Nahid gəlmədiyi üçün avtomobildən düşmüş və Nahidi çağırmaq üçün getmişdir. Onu Təqsirləndirilən şəxs qarşılamış və Nahidin yatdığını ona demişdir. O, isə Xanıma Nahidin içkili olduğunu demiş və evdən buraxmamağını məsləhət görmüşdür. O, bu sözləri dedikdən sonra getmişdir. Daha sonra Nahidin bıçaqlandığını eşitmişdir. Məhkəmədə tədqiq edilmiş 14 sentyabr 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi” haqqında qərardan görünür ki, 14 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş 16 sentyabr 2023-cü il tarixli “ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs verdiyi ifadə ilə istintaqa verdiyi əvvəlki ifadəsi arasında heç bir ziddiyyət müəyyən edilməmişdir. İfadənin yerində yoxlanması istintaq hərəkəti video görüntü ilə qeydə alınaraq protokola əlavə edilmişdir. Məhkəmədə tədqiq edilmiş 14 sentyabr 2023-cü il tarixli tarixli “baxış keçirlməsi” haqqında protokoldan görünür ki, hadisə yeri Tərtər şəhəri, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs kirayədə yaşadığı evdir. Baxış zamanı hadisə yerindən Zərərçəkmiş şəxs əynində olan üzərində qana bənzər ləkə və deşik izi olan 01 ədəd ağ rəngli mayka ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş 14 sentyabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, 14 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçağa baxış keçirilmişdir. Bıçaq tiyə və dəstək hissədən ibarətdir. Bıçağın dəstəyi ağac materialdan hazırlanaraq tiyə hissəyə bərkidilmişdir. Bıçağın tiyə hissəsinin bir üzündə “feng&feng” yazısı həkk olunmuşdur. Təqsirləndirilən şəxs bıçağı təqdim edərək oğlu Zərərçəkmiş şəxs həmin bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizası xx.xx.2023-cü il tarixli 339 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarət – döş qəfəsinin sol arxa divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası, sol tərəfli hematoraks deşici kəsici alət, ola bilsin bıçaq təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 05 oktyabr 2023-cü il tarixli 655/2023-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu : A(İİ) /təqdim olunmuş sənədə əsasən/ ekspertizaya təqdim edilmiş bıçaq, Zərərçəkmiş şəxs məxsus mayka üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrində ABO sistemi qrup göstəricisi tədqiq etdikdə yalnız A antigeni alındı. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə A(İİ) qruplu şəxsə, həmçinin Zərərçəkmiş şəxs aid ola bilər. Məhkəmədə tədqiq edilmiş kompleks məhkəmə trasoloji və ballistik ekspertizasının 07 noyabr 2023-cü il tarixli 3-16-16/2-3/1653 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq – zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici, xassəyə malik olan, təsərrüfat məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Təqdim edilmiş maykanın səthində rəyin tədqiqi hissəsində təsvir edilən bir ədəd zədə vardır. Həmin zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Lakin maykanın səthindəki zədədə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün olmamışdır. Təqdim edilmiş maykanın material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını təyin etmək mümkün olmadığından onun səthində olan zədənin yaranma mexanizmini müəyyən etmək mümkün olmamışdır. Təqdim edilmiş maykanın səthində olan zədənin yetirilmə məsafəsini istintaq eksperimenti keçirmək yolu ilə müəyyən etmək olar. Məhkəmədə tədqiq edilmiş Səhiyyə Nazirliyi Məhkəmə X2 publik hüquqi şəxsin Gəncə regional ambulator şöbəsinin 07 dekabr 2023-cü il tarixli 772 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək dissosiativ çizgiləri) baxmayaraq o, cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəliklər keçirməmişdir. Onda əqli cəhətdən geri qalma və ləngimə halları müşahidə olunmur. Məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs kürək nahiyəsinə bıçaqla anası tərəfindən xəsarət yetirilib-yetirilməməsini müəyyən etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə əməliyyat tapşırığı verilmiş və həmin verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Zərərçəkmiş şəxs kürək nahiyəsinə bıçaqla anası Təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirilməsi müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş 21 dekabr 2023-cü il tarixli “Sübutlarin qiymətləndirləməsi haqqında qərardan”görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd üzərində qan ləkəsi və zədə izi olan ağ mayka və Zərərçəkmiş şəxs xəsarət yetirilmiş soyuq silah hesab edilməyən təsərüfat məişət təyinatlı 01 ədəd mətbəx bıçağı maddi sübut kimi tanınmış və maddi sübutların saxlanma otağında saxlanmışdır. Məhkəmədə tədqiq edilmiş Tərtər RMX-dən daxil olmuş 27 sentyabr 2023-cü il tarixli, 11 nömrəli məktubdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs xəstəxananın polikilinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında dayanmır. Məhkəmədə tədqiq edilmiş Tərtər rayon İcra Hakimiyyəti Başçısının Sarıcalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 232 nömrəli arayışından və venrilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon Sarıcalı kəndində qeydiyyatda olmaqla yaşayır və müsbət xarakterizə olunur. Tərtər rayon İcra Hakimiyyəti Başçısının Sarıcalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2023-cü il tarixli 113 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, İmanlı X5 rayon Sarıcalı kəndində qeydiyyatda olmaqla yaşayır və müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin 26 sentyabr 2023-cü il tarixli arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünürür ki, ona dəymiş ziyan tam ödənilmişdir, o Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutu Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlaməti vardır, həmin cinayət hadisəsi baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsi 59.1.13-cü maddəsinə, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə özünü təqsirli bilməklə, törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirməsi, yaşlı olması (60 yaşı vardır), yaşayış yerindən müsbət xarakterizə olunması, aprel döyüşlərində iştirak etməsi həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.2, 59.1.8, 59.1.10, 59-1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 (üç) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni 06 (altı) ildən artıq ola bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun şəxsiyyəti, yaşayış yerindən müsbət xarakterizə olunması, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olması, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması, könüllü gəlib təqsirini boynuna alması, yaşlı olması, aprel döyüşlərinin iştirakçısı olması cinayətin məqsəd və motivi, təyin olunacaq cəzanın onun islah olunmasına təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, “müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni onun şəxsiyyətini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tədbiq etməklə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli və CM-in 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə davranışı üzərində nəzarət Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə həmin Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəza növü şərti tətbiq olunmalı, haqqında ibtidai istintaq zamanı seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 126 manat təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Elspertizas Mərkəzinin hesabına keçirilməldir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Tər-tər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 126 manat təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Elspertizas Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar