Məhkəmə qərarları › İş №1(100)-145/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-145/2023

10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-145/2023 10.03.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X6, Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X8, müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 və Təqsirləndirilən şəxs iştirakları ilə, məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 2.488 qram təşkil kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgə Regional şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə saat 20:30 radələrində yaşadığı ünvan 1 ünvanlı evin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgə Regional şöbəsinin inzibati binasına gətirilmiş, həmin ünvanda onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən qanunsuz olaraq əldə edib saxladığı 2.488 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən təkrar satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 99.562 qram olan xaşxaş bitkisindən 06 fevral 2022-ci il tarixdə saat 20:30 radələrində Gəncə şəhər 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, ünvan 2 ünvanda yerləşən Gəncə şəhər 4-cü Polis Bölməsinin inzibati binasına gətirilmiş və şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan iç cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 1 ədəd qara rəngli polietilen kəsiyi bükümündə, təmiz çəkisi 99.562 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmənin hazırlıq iclasında X1 və dövlət ittihamçısı X8 məhkəməyə yazılı vəsatət təqdim edərək məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı kobud pozuntuya yol verildiyindən cinayət işi Azərbaycan Respublikasının CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququ pozulduğundan, ittiham aktı bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun tərtib olunmadığından məhkəmənin hazırlıq iclasında cinayət işini baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişlər. X1 və dövlət ittihamçısı X8 vəsatətlərini onunla əsaslandırmışlar ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı kobud pozuntularına yol verilmişdir. Belə ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda həmçinin iş üzrə tərtib edilmiş ittiham aktı və birinci instansiya məhkəməsinin hökmündə göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 2.488 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgə Regional şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə saat 20:30 radələrində yaşadığı ünvan 1 evin yaxınlığında saxlanılmışdır. Lakin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 21:20-də şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə kollegiyası vəsatətlərlə bağlı cinayət prosesi tərəflərinin fikirlərini dinləyib hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikasının CPM-nin 289, 290-cı maddələrinin habelə 296.2-ci maddəsinin tələblərinə tam əməl edilməmiş, ittiham aktı düzgün tərtib edilmədiyindən təqsirləndirlən şəxsin müdafiə hüququ kobud şəkildə pozulduğundan, Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi polis baş leytenantı X9 tərəfindən məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntusuna yol verildiyindən və ədalətli məhkəmə araşdırılmasının aparılmasına imkan verən təminatların ibtidai istintaq zamanı gözlənilmədiyindən iş üzrə icraata xitam verib prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının CPM-nin 1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə əsasən heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qala bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın (bundan sonra Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı ümumi hüquqi mövqeyə əsasən, şəxs cinayət təqibi orqanı tərəfindən onun barəsində məhz faktiki araşdırma aparıldığı andan müdafiə hüququna malikdir və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan təminatlar təkcə məhkəmə baxışı mərhələsinə deyil, həm də ondan əvvəlki və sonrakı mərhələlərə tətbiq edilir. Azərbaycan Respublikasının CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikasının CPM-in 303.3.1 və 303.3.6-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), habelə cinayət işi üzrə ittiham aktının CPM-in 289-290-cı maddələrinin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CPM-nin 289-cu maddəsinin tələblərinə tam əməl edilməmiş, təqsirləndirilən şəxsə elan edilmiş ittihamda təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulduğu tarix düzgün göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikasının CPM-nin 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm halların göstərilməsi məcburidir. Beləki, Azərbaycan Respublikasının CM-nin 223.2 və 223.3-cü maddələrinə əsasən bu Məcəllənin 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda müstəntiq şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarır və şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti və maddi hüquq normasının göstərilməsi imperativ xarakter daşıyır. Yuxarıda qeyd edilən hallar, yəni cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti və s. digər hallar ittiham aktında həmin şəxsin təqsirləndirilən şəxs qismində cəlb etmə qərarından fərqli şəkildə müəyyən edilə bilməz, ittiham aktı cinayət işi üzrə ibtidai istintaqın qurtarmasını və onun nəticələrini özündə əks etdirməlidir. Yəni sadalanmış hallar CPM-in ittiham aktını tərtib edən şəxs üçün müəyyən etdiyi imperativ normadır və bu tələbin pozulması CPM-nin 303.3.6-cı maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsas hesab edilir.Bu hal«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiysında da öz əksini tarmışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin «a» alt bəndi təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququnun olmasını ehtiva edir. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən hüquqlar mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd olunanlar konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir. (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il, “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” 12 fevral 1985-ci il tarixli qərarları). Lakin Gəncə şəhər BPŞ-nin İstintaq və təhqiqat İdarəsinin müstəntiqi, polis baş leytenantı X9 tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulmasının tarixi düzgün göstərilməmişdir. Belə ki, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 2.488 qram təşkil kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgə Regional şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə saat 20:30 radələrində yaşadığı ünvan 1 ünvanlı evin yaxınlığında saxlanılmışdır. Lakin cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 21:20-də şübhəli şəxs qismində tutulmuşdur. Göründüyü kimi ittiham aktı ilə cinayət işinin materiallarında olan sənədlər arasında ziddiyyət vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(104)-592/2022 saylı qərarından da görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 1(100)-321/2022 saylı hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməsi, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 1(100)-321/2022 saylı hazırlıq iclasının qərarı və 30 avqust 2022-ci il tarixli, 1(100)-321/2022 saylı hökmü ləğv edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsində baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının CPM-nin 292.3-cü maddəsinə əsasən ittiham aktına və onun əlavələrinə dəyişikliklər edildiyi halda ittiham aktı yalnız sonuncu redaksiyada verilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında presedent qismində istinad etdiyi “X10rşı” 05 mart 2013-cü il tarixli qərarına əsasən, Konvensiyanın 6-cı maddəsinin 3 “a” və “b” yarımbəndləri bir-biri ilə əlaqəlidir və ittihamların xarakteri və səbəbi barədə məlumatlı olmaq hüququ təqsirləndirilən şəxsin öz müdafiəsini hazırlamaq hüququ baxımından qiymətləndirilməlidir. Azərbaycan Respublikasının CPM-nin 91.5.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) onun hüququdur. Lakin hazırkı cinayət işi üzrə ittiham aktı düzgün tərtib edilmədiyindən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Qanunla həmin hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadığı, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulduğu (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və ittiham aktı Azərbaycan Respublikasının CPM-in 289-cu maddəsinə uyğun tərtib edilmədiyi halda CPM-in 303-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə görə məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan qanun pozuntularına yol verildiyindən məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, həmçinin cinayət işi üzrə ibtidai istintaqı aparmış Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis baş leytenantı X9 tərəfindən yol verilən qanun pozuntusuna görə barəsində xüsusi qərar çıxarılmalıdır. Qeyd olunanlardan başqa məhəkəmə hesab edirki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməsi üçün nəzərdə tutulan hüquqi əsaslar aradan qalxmadığından dəyişdirilmədən saxlanılmaqla həbs qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, işi üzrə ittiham aktı Cinayət Porosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun tərtib olunmamaqla məhkəməyə təqdim edildiyindən,ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin hüquqları süni şəkildə məhdudlaşdırılmaqla pozulmuş və göstərilən pozuntunun məhkəmədə aradan qaldırılması mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət Porosessual Məcəlləsinin 303.3.1 və 303.3.6 maddələrinə əsasən, cinayət işi üzrə ittiham aktının Cinayət Porosessual Məcəlləsinin 289-cu maddəsinin tələbinə uyğun olmaması kobud qanun pozuntusudur və bu pozuntuya yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 301.1 və 301.1.3-cü maddələrinin mənasına görə məhkəmə baxışı yalnız məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda, keçirilə bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyi müəyyən edildikdə, məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.2-ci maddəsinə görə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələbləri qaydasında təqsirləndirilən şəxsin müdafiə huquqlarının pozulması və ittiham aktının bu Məcəllənin 289və 290-cı maddələrinin tələblərinə uyğun olmaması hallarına yol verildiyindən və həmin pozuntuların məhkəmənin hazırlıq iclasında aradan qaldırılması mümkün olmadığından, Təqsirləndirilən şəxs barəsində olan işi üzrə icraata xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 300, 303, 306, 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 və dövlət ittihamçısı X5 vəsatətləri təmin edilsin, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə məhkəməyədək icraat zamanı cinayət prosessual qanunvericiliyinin tələbləri pozulduğundan, bu pozuntunun aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroruna qaytarılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin. Qərardan apellyasiya şikayəti və apellyasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar