Məhkəmə qərarları › İş №1(100)-146/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-146/2021

14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-146/2021 14.06.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu(sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Samux şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə ermənistan, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam-orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Samux rayonu, Lək kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylıİstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalan şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın, yəni quldurluq etmək niyyəti ilə 06 oktyabr 2020-ci il tarixdə, saat 21 radələrində taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs idarə etdiyi **-RH-*** dövlət nömrə nişanlı, «Mercedes Benz C 180» markalı minik avtomobilinin arxa oturacağına Samux rayonu, Lək kəndi ərazisində sərnişin kimi əyləşib, Gəncə şəhərinə gedəcəyini deyib yol haqqı kimi sürücü Zərərçəkmiş şəxslə 5 manata razılaşmış, razılaşdıqları puldan 2 manatını Zərərçəkmiş şəxs verib, 3 manatını isə verəcəyini bildirib ciblərini axtarmaqla onun diqqətini yayındırdıqdan sonra hərəkətdə olan avtomobildə qəfildən sol əli ilə arxadan Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutub, özündə olan və silah qismində tətbiq etdiyi, müəyyən edilməmiş bıçağın kəsici deşici hissəsini hücuma məruz qalmış Zərərçəkmiş şəxs boğazına dirəmək üçün həmin nahiyəyə istiqamətləndirərkən sonuncu sol əli avtomobilin sükanından tutmaqla avtomobili idarə etməkdə davam edib, sağ əli ilə Təqsirləndirilən şəxs bıçaq olan əlindən tutub ona müqavimət göstərməsinə baxmayaraq Təqsirləndirilən şəxs öz quldurluq hərəkətlərini davam etdirib qorxudaraq ondan pul tələb etdiyi vaxt Zərərçəkmiş şəxs cibində olan 100 manat pulu çıxarıb ona verərək üzərində bundan başqa, digər hər hansı bir məbləğdə pulunun və qiymətli əşyasının olmadığını bildirdikdən sonra Təqsirləndirilən şəxs avtomobildən düşüb aralanmaqla müəyyən edilməmiş bıçağı silah qismində tətbiq edib Zərərçəkmiş şəxs boyun nahiyəsinin ön səthinin sağ tərəfindən 2.3x1.8 sm. ölçülü göyümtül-bənövşəyimtil rəngli, qeyri-müəyyən formalı qançır və həmin tərəfdə 1.5x0.3 sm. ölçülü üzəri dəri səviyyəsindən yuxarıda yerləşmiş qəhvəyimtil rəngli, qartmaqla örtülmüş xətti formalı sıyrıqla müşayiət olunan, sağlamlığa zərər vuran xəsarətlərə aid olunmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirib Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək onun 100 manat pulunu alıb ələ keçirməklə quldurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, gündəlik fəhləliklə məşğul olumuşdur. Şəmkir rayon sakini X4 ilə ailə həyatı qurmuş, evlilik dövründə iki övladı Amin və Hüseyn doğulmuş, hadisədən təxminən 3 ay əvvəl ailədaxili məsələlərə görə məhkəmə qaydasında boşanmışdır. Əvvəllər anası ilə birlikdə Gəncə şəhərində kirayədə qalsa da son vaxtlar anası ilə birlikdə Samux rayonunun Lək kəndində nənəsi Reyhanın yaşadığı evdə qalmışlar. Samux rayon Lək kəndinə 05.10.2020-ci il tarixdə gəlmiş, müharibə ilə əlaqədar onunla bərabər arvadı Könül də gəlmiş, lakin arvadı həmin günün sabahısı, yəni 06.10.2020-ci il tarixdə günorta saatlarında çıxıb getmişdir. O, həmin evdə anası Tamilə, nənəsi Reyhan, dayısı Əşrəf və xalası Nargilə ilə birlikdə qalmışdır. 06 oktyabr 2020-ci il tarixdə saat 17-18 radələrində o, dayısı Əşrəflə birlikdə evdə yeyib-içmiş, Əşrəflə spirtli içki qəbul etmişdir. Əşrəf spirtli içki qəbul etdikdən sonra bacısının onlarda qalmağına narazılıq etməyə başlamış, bunun üstündə aralarında narazılıq yaranmışdır. O, bir qədər evdə oturduqdan sonra qərara gəlmişdir ki, Gəncə şəhərinə kirayə qaldığı evə gedib orada qalsın. Gəncə şəhərində kirayə qaldığı evin açarlarını da üstündə götürmüşdür. Saat 21 radələrində Samux rayonunun Lək kəndinin içi ilə üzü Gəncə şəhəri tərəfə piyada gedərkən Gəncə şəhərinə getmək üçün maşın axtarmışdır. Samux rayon Lək-Gəncə avtomobil yolunun sağ tərəfi ilə piyada gedən zaman Lək kəndinin içindən “mercedes” markalı bir maşının gəldiyini görüb əli ilə həmin maşını saxlatdırmış, maşın onun yanına çatdıqda saxlamışdır. Maşının sürücüsünün Samux rayon Kolayır kəndində yaşayan Zərərçəkmiş şəxs olduğunu sonradan bilmişdir. O, həmin maşının arxa sağ tərəf qapısını açıb arxada oturmuşdur. Əhliman adlı şəxslə salamlaşıb ondan hara getdiyini soruşmuş, o da ona hara getmək lazım olduğunu deyən zaman o, Gəncə şəhərinə getmək istədiyini bildirmişdir. Bundan sonra onlar yola düşmüşlər. O, onunla yol pulunu danışmamış, sadəcə olaraq onu Gəncə şəhərinə düşürtməyini xahiş etmişdir. Əhliman adlı şəxsə yol pulu olaraq 2 manat pul verdiyini xatırlamışdır. Bir qədər irəli getdikdən sonra o, Əhliman adlı şəxsə avtomobildən düşmək istədiyini demişdir. Əhliman da maşını saxlamış və o, yolda düşmüşdür. Fikri evə yenidən qayıtmaq olmuş, həm də özünü pis hiss etdiyi üçün və qusmaq istədiyi üçün maşından düşmüşdür. Əhliman da maşınla çıxıb getmişdir. Maşından düşdüyü həmin yerdə yataq olmuş, yatağın itləri ona hürdüyündən qorxaraq qaçmağa başlamış və bir qədər sahəliklə qaçıb yenidən asfalt yola çıxmışdır. Sahəliklə qaçan zaman su arxına da yıxılmışdır. Sonra Gəncə şəhərinə getmək üçün başqa bir maşın axtarmışdır. Samux rayon Lək kəndi istiqamətindən “prado” markalı bir maşının gəldiyini görüb əl edərək həmin maşını saxlatdırmış, həmin maşında 3 nəfər şəxs olmuşdur. O, onlara Gəncə şəhərinə getmək istədiyini demiş, onlar da Samux şəhərinə getdiklərini və Çobanabdallı kəndinin dörd yoluna qədər apara biləcəklərini demişlər. O da həmin maşınla Çobanabdallı kəndinin dörd yoluna qədər gedib orada düşmüşdür. Çobanabdallı kənd yolunda “2244” taksi xidmətinə zəng edib taksi çağırmış, ancaq komendat rejimi olduğu üçün zəngi qəbul edilməmişdir. Həmin yerdə yerləşən dayanacaqda dayanmışdır ki, başqa bir maşın gözləyib Gəncə şəhərinə getsin. Artıq gecə düşmüşdür. Bu vaxt polis əməkdaşları ona yaxınlaşmışlar və onların dəvəti ilə o, Samux rayon polis şöbəsinə getmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, hadisədən əvvəl, yəni 06.10.2020-ci il tarixdə Gəncə şəhərinə getməmişdən qabaq Samux rayonunun Lək kəndində yolun kənarında yerləşən kafedə kəndliləri Eldəniz və Ramini görmüş, onlarla birlikdə oturmuş, evdə də araq içməsinə baxmayaraq Eldənizlə araq içmiş, bundan sonra öz mobil telefonunu Raminə 100 manata satmışdır. Əhlimana məxsus “mercedes benz” markalı avtomobilə sərnişin olaraq əyləşmiş, ona hədə-qorxu gəlməmiş, zor tətbiq etməmiş, zor tətbiq edəcəyi ilə hədələməmiş, pulunu ələ keçirməmiş, həmin vaxt üzərində bıçaq olmamış,100 manat satdığı telefonun pulu olmaqla ona məxsus olmuşdur. Əlavə olaraq göstərmişdir ki, sərxoş vəziyyətdə olduğundan avtomobildə baş verənləri tam olaraq xatırlamamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “mercedes benz” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə fərdi taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. 06 oktyabr 2020-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olan zaman proqram vasitəsi ilə Samux rayon Ziyadlı kəndindən müştəri taksi sifariş etdiyi üçün idarə etdiyi “Mercedes benz C180” markalı avtomobillə Samux rayon Ziyadlı kəndinə gedib sifariş edən iki nəfər qadını götürüb Gəncə şəhərinə yola düşmüşdür. Həmin qadınları Gəncə şəhərində yerləşən Beynəlxalq xəstəxananın yanında düşürdüb Gəncə şəhəri “Savxoz Nizami” adlanan yerə qayıdaraq həmin yerdə dayanıb müştəri gözləmişdir ki, evə qayıtsın. Həmin yerdən tanımadığı bir nəfər kişi və iki nəfər qadını götürüb onları Samux rayon Lək kəndinə gətirmişdir. Samux rayon Lək kəndinin mərkəzində düşürüb yaşadığı evə yola düşmüşdür. Artıq həmin vaxt saat 21:30 radələri olmuşdur. Samux rayon Lək kəndinə gələn zaman yolun kənarı ilə tanımadığı bir nəfər şəxsin piyada getdiyini görmüşdür. Müştəriləri Lək kəndinə düşürdüb yaşadığı evə qayıdan zaman sonradan adının Təqsirləndirilən şəxs kimi bildiyi həmin şəxsin onu Samux rayon Lək kəndinin içi ilə Gəncə şəhəri istiqamətinə getdiyini görüb əl edərək idarə etdiyi avtomobili saxlatdırmışdır. O da fikirləşmişdir ki, Gəncə şəhərində kamendat rejimi başlayacağı üçün onu Gəncə şəhərinə aparmağına yaxşı pul verər. Samux rayon Lək-Gəncə avtomobil yolunun 1-ci kilometrliyində, üzü Gəncə şəhəri istiqamətinə baxdıqda yolun sağ tərəfi ilə piyada gedən Təqsirləndirilən şəxs yanında avtomobilisaxlamış, avtomobili saxlayan zaman Təqsirləndirilən şəxs onun idarə etdiyi avtomobilin sağ arxa tərəf qapısını açıb avtomobilə oturmuşdur. Oturan zaman ondan araq iyi gəlmiş, onun çox sərxoş olduğunu bilmişdir. Təqsirləndirilən şəxs avtomobilə oturaraq şəhərə getmək lazım olduğunu, neçəyə aparacağını soruşmuş, 5 manata razılaşsalar da içkili olduğundan ondan yol pulunun əvvəlcədən verməsini istəmiş, Təqsirləndirilən şəxs də qabaq cibindən iki manat pul çıxardıb ona verən zaman ona iki manat verdiyini, qalan pulu da verməyini istəmiş, Təqsirləndirilən şəxs də başqa ciblərini axtararaq ona demişdir ki, “sür,verəcəm”. O da idarə etdiyi avtomobili yerindən tərpədərək üzü Gəncə şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Təqsirləndirilən şəxs konkret olaraq hara getdiyini ona deməmişdir, sadəcə olaraq Gəncə şəhərinə getmək istədiyini bildirmişdir. Yol ilə gedən zaman yenə ondan pulun qalan hissəsini verməyini tələb edib ondan nə üçün arxada oturduğunu soruşmuş, Təqsirləndirilən şəxs də ondan pulun qalanını tələb etməyinə qıcıqlanaraq maşını saxlamasını, qabağa keçəcəyini demişdir. O da idarə etdiyi avtomobilin sürətini azaltmağa başlamış, həmin an Təqsirləndirilən şəxs arxa oturacağın orta tərəfinə keçərək sol əli ilə onun oturduğu oturacağı qucaqlayıb, sol əlini uzadaraq boğaz nahiyəsindən tutmuş, sağ əli iləsə özündə olan bıçağı onun sağ tərəf boğaz nahiyəsinə dirəmək istəyən zaman o, sağ əli ilə onun sağ əlinin biləyindən tutmuşdur. O, hər iki əli ilə onu tutaraq demişdir ki, “sən kimsən ki, məni dediyim yerə aparmayasan, hünərin çatır aparma”. O da Təqsirləndirilən şəxs sağ əli ilə ona bıçaq dirədiyini görüb onu sakitləşdirməyə çalışmışdır. Sağ əli ilə bıçağın onun boğaz nahiyəsinə dəyməməsi üçün var gücü ilə onun sağ əlini saxlamış, əlini buraxacağı halda bıçağın onun boğaz nahiyəsini kəsəcəyini düşünmüşdür. Bıçaq boğaz nahiyəsindən bir qədər aralı olmuşdur. Onu sakitləşdirib danışa-danışa idarə etdiyi avtomobillə qabaq əks istiqamətli hərəkət yoluna çıxmışdır ki, qarşı tərəfdən gələn avtomobillər dayansın və ona köməklik etsinlər. Bu zaman qarşı tərəfdən dövlət qeydiyyat nişanını bilmədiyi iki avtomobil dayanmışdır. O da idarə etdiyi avtomobili saxlamışdır. Həmin avtomobilin sürücüləri onu görüb siqnal vermişlər, ancaq nədənsə köməklik etməyərək sürüb getmişlər. O da məcbur olub Təqsirləndirilən şəxs demişdir ki, “sən bircə bıçağı çək, hara deyirsən, səni aparım,” həmçinin ona öz payına onu hara dediyi yerə aparmamağına söyüş də söymüşdür ki, bircə o, bıçağı yığışdırsın. Təqsirləndirilən şəxs onun qorxduğunu hiss edib “üstündə nəyin var” deyə soruşmuş, o da “məndə heç nə yoxdur” deyə cavab vermişdir. Təqsirləndirilən şəxs də əli ilə bıçağı ona tərəf dala-qabağa edən zaman o, artıq qolu yorulub, gücü çatmadığından, onun qolunu saxlaya bilmədiyindən “yaxşı-yaxşı, cibimdə pulum var, gözlə verirəm” demiş, bundan sonra şalvarının sol qabaq cibindən 100 manat nağd pulu çıxardıb ona göstərən zaman o, sol əlini arxa tərəfdən çəkərək onun tərəfə gətirib 100 manat pulu sol əli ilə götürmüşdür. Təqsirləndirilən şəxs onun mobil telefonunu görüb, onun nə olduğunu soruşduqda Ramilə insaflı olmasını, ona 100 manat pul verdiyini dediyi vaxt, Təqsirləndirilən şəxs onu təhqir edərək getməsini bildirmişdir. Bundan sonra o, bıçağı onun boğaz nahiyəsindən çəkmiş və sağ arxa qapını açaraq avtomobildən düşmüşdür. Onun avtomobildən düşdüyünü görüb o da avtomobildən düşərək avtomobilin qapılarını bağlamış, həmin vaxt telefonu tələb etməmiş və götürməmiş, Ramil 100 manat pulunu aldığı üçün onu söyərək təhqir etmiş və Ramilə onu belə buraxmayacağını, əlində bıçaq olduğuna görə ona heç nə edə bilmədiyini demiş, bu zaman Ramil üstünə gəlməyə başlamış, o da avtomobilin başına fırlanmağa başlamışdır. Təxminən 8-10 dairə Ramil onun arxasınca qaçdığı üçün o da avtomobilin başına fırlanmış, Ramil onun arxasınca fırlanan zaman əli ilə avtomobili də vurmuşdur. Həmçinin avtomobilin qabaq sağ tərəf pəncərəsi bir qədər açıq olduğundan o, əlini salaraq avtomobilin qapısını açmaq istəmiş, onun əli harasa dəyib qanadığı üçün əlinin qan ləkələri onun avtomobilinin üzərində bir neçə yerdə qalmışdır. Həmin vaxt yoldan təsadüfən tanımadığı bir avtomobil keçdiyindən və Ramil onun həmin avtomobili saxlatmağını fikirləşib ondan bir qədər aralaşıb getmək istəmiş, o da cəld avtomobilə oturub qapıları bağlamış və avtomobili Təqsirləndirilən şəxs sarı hərləmişdir ki, sözünü ona desin, o da onun avtomobili hərləməyini görüb yolun kənarında olan sahəyə doğru qaçmağa başlamışdır. Bundan sonra o, həmin yerdən uzaqlaşaraq yolda AR DİN-nin 102 xidmətinə zəng edərək bu barədə polisə şikayət etmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, 100 manat pulu o, hadisədən 3-4 gün əvvəl anasından almış, həmin pulla qardaşı oğlunun əlini gipsdən sökdürüb Gəncə şəhərində yerləşən Beynəlxaq xəstəxanada yenidən rentgenə saldırmaq istəmişdir. Bundan başqa təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Ramil spirtli içki içməyinə görə arvadı Könül ondan 2020-ci ilin iyun ayından ayrılmışdır. Nəvələri gəlinində qaldığı üçün oğlu Ramil övladlarına görə aliment ödəyir. O, Gəncədəki evini satdığı üçün müxtəlif yerlərdə kirayədə qalmışdır. X16 rayon Lək kəndində yaşadığından özü və oğlu Ramil anasının yaşadığı evə qeydiyyata düşmüşlər. Anası xəstə olduğu üçün o, demək olar ki, hər həftə Samux rayon Lək kəndinə gəlib anasına baş çəkmiş, ona qulluq etmişdir. Həmin evdə anası Reyhan, oğlu Əşrəf və bacısı Nargilə yaşayırlar. 05 oktyabr 2020-ci il tarixdə o, oğlu Ramil və nəvəsi Aminlə birlikdə Samux rayon Lək kəndinə qonaq gəlmişlər. Fikri bir neçə gün orada qalmaq olmuş, müharibə olduğu üçün gəlini Könül də onun yanına gəlmişdir. Ancaq Könül sabahısı günü, yəni oktyabr ayının 6-sı Gəncə şəhərinə qayıtmışdır. Həmin günü, yəni 06 oktyabr 2020-ci il tarixdə axşam saat 20 radələrində o, Samux rayon Lək kəndində evdə olan zaman oğlu Ramil evə daxil olmuş, onun sərxoş olduğunu görüb ondan nə üçün yenə araq içdiyini soruşub onu bir qədər tənbeh etmiş, Ramil də mübahisənin böyüməməsi üçün məhləyə çıxdığını bildirib getmişdir. Ramilin neçə gün imiş ki, pulu olmamış, hətta Ramil ilə Samux rayon Lək kəndinə gələn zaman taksi pulunu da özü vermiş, həmin günü də siqaret puluna görə 2 manat da Ramilə vermişdir. Ramil demək olar ki, karantin müddətindən bəri heç bir yerdə işləməmiş, bunun üstündə demək olar ki, hər gün onu tənbeh etmişdir. Ramil də hər dəfə ona iş olmadığını, iş tapa bilmədiyini, olan kimi gedib işləyəcəyini bildirmişdir. Həmin vaxt Ramil məhəlləyə keçən zaman o da evə keçmişdir. Onun gec gəlməyindən narahat olub, məhəlləyə keçmiş, fikirləşmişdir ki, yəqin məhəllədə yıxılıb qalmışdır. Ramilin məhəllədə olmadığını görüb onun istifadəsində olan mobil nömrəsinə bir neçə dəfə zəng etmiş, həmin günü, yəni 06 oktyabr 2020-ci il tarixdən onun mobil nömrəsinə nə qədər zəng etsə də onun zənglərini açmamışdır. Bir qədər sonra isə onun telefonuna zəng çatmamışdır. Sonradan o, kənd camaatından eşitmişdir ki, oğlu Ramili Samux rayon Polis şöbəsinə aparmışlar. Samux rayon Polis şöbəsində ona məlum olmuşdur ki, oğu Ramil Gəncə şəhərinə getmək üçün Samux rayon Kolayır kənd sakini Zərərçəkmiş şəxskimi bildiyi şəxsin idarə etdiyi taksi avtomobilinə minib ona özündə olan bıçaqla zor tətbiq edib 100 manat nağd pulunu ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 onun bacısı, Təqsirləndirilən şəxs isə bacısının oğludur. Bacısı Tamilə və bacısıoğlu Ramil onun yaşadığı evdə qeydiyyatdadırlar. X8 ilə Gəncə şəhərində kirayədə qalaraq işləmişlər. Bacısı Tamilə ayda bir dəfə də olsa anasının yanına gəlib getmişdir. Karantin olduğu üçün çayxanalar uzun müddət işləmədiyinə görə bacısı onlara tez-tez gəlməyə başlamışdır. 2020-ci ilin sentyabr ayında müharibə başladığından və Gəncə şəhəri atəşə tutulduğundan X8 və onun ailəsi ilə birlikdə yaşadığı Samux rayon Lək kəndinə gəlmişlər. Tamilə Ramillə və onun ailəsi ilə 05 oktyabr 2020-ci il tarixdə gəlmişlər. Fikirləri bir neçə gün onlarda qalmaq olmuşdur. Ancaq Ramilin arvadı Könül sabahısı gün, yəni oktyabr ayının 6-sı Gəncə şəhərinə qayıtmışdır. Həmin günü, yəni 06 oktyabr 2020-ci il tarixdə axşam saat 20 radələrində o, kənddə yerləşən çayxanadan evə qayıtmış, evə daxil olduqdan 5-10 dəqiqə sonra Ramil evə gəlmişdir. Tamilə Ramilin sərxoş olduğunu görüb ondan nə üçün yenə araq içdiyini deyib onu bir qədər tənbeh etmişdir. Ramil də mübahisənin böyüməməsi üçün məhləyə çıxdığını demişdir. Bundan sonra Ramil məhləyə keçmişdir. O, onun araq içdiyini hiss etməmiş, günorta o, özü Ramilə araq içməyi təklif etsə də Ramil onunla içməmişdir. Ramilin cibində pulu olmamışdır. Çünki uzun müddət imiş ki, o, işləmirmiş. Onlara qonaq gələn zaman Tamilə Ramilə siqaret almaq üçün 2 manat pul da vermişdir. Həmin ərəfələr karantin olduğu üçün Ramil heç yerdə işləməmiş, bacısı da çayxanada işlədiyi üçün gündəlik pulu olmuş, buna görə də gündəlik siqaret pulunu bacısı Tamilə vermişdir. 07 oktyabr 2020-ci il tarixdə o, kəndə çıxan zaman kənd camaatından Ramilin polis əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. Ona məlum olmuşdur ki,Ramil 06.10.2020-ci il tarixdə Gəncə şəhərinə getmək üçün mindiyi taksinin sürücüsünə bıçaqla hədə-qorxu gələrək pul tələb etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 06 oktyabr 2020-ci il tarixdə axşam saat 21 radələrində iş yoldaşı YPX inspektoru Şahid3 ilə Samux rayon ərazisində yol patrul avtomobili ilə xidmət aparmışlar. Xidmət aparan zaman Samux RPŞ-ninnövbətçi hissəsindən rabitə vasitəsi ilə məlumat verilərək Samux rayon Çobanabdallı-Lək kənd avtomobil yolu istiqamətində Samux rayon Kolayır kənd sakini Zərərçəkmiş şəxs məxsus “mercedes” markalı maşına sərnişin qismində əyləşən naməlum şəxsin sürücü Zərərçəkmiş şəxs qarşı bıçaqla hədə-qorxu gələrək 100 manat pulunun zorla alınmasını bildirmişdir. O da iş yoldaşı ilə birlikdə həmin əraziyə yaxın olduğu üçün dərhal hadisə yerinə getmişdir. Hadisə yerində sürücü Zərərçəkmiş şəxs onlara bildirmişdir ki, ona qarşı həmin hadisəni törətmiş şəxs orta boylu, dolu bədən quruluşlu, əynində qara rəngli gödəkçəsi olan tanımadığı şəxs olmuşdur. Onlar hadisə yerinə gələn istintaq-əməliyyat qrupuna iş üzrə zərərçəkmiş şəxsi təhvil verərərək xidmətdə olan digər YPX və PPX-nin digər əməkdaşları ilə həmin ərazini axtarmağa başlamışlar. Bu zaman Samux rayon Çobanabdallı kəndinin torpaq sahəsi ilə bir nəfər şəxsin kəndin mərkəzi istiqamətinə qaçdığını görmüşlər. Onlar onun qaçdığı istiqamətə tərəf hərəkət edib onu saxlamışlar. Məlum olmuşdur ki, həmin şəxs Samux rayon Lək kənd sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs onlar Samux rayon Polis şöbəsinə dəvət etmişlər, o, isə müqavimət göstərmədən onlarla birlikdə Samux rayon Polis şöbəsinə gəlmişdir. İlkin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs avtomobili ilə sərnişin qismində gəldiyini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə uşaqlıqdan tanışdır. 06 oktyabr 2020-ci il tarixdə saat 18-19 radələrində o, yaşadığı Samux rayon Lək kəndinin giriş hissəsində yerləşən kafedə təkcə oturub yemək yemiş, yemək yeyən zaman Ramil içəri daxil olmuşdur. Ramillə görüşmüş və Ramil onun oturduğu stolda oturmuşdur. Ramillə birlikdə yemək yeyən zaman ona evdən zəng gəldiyindən 6 manat hesabı verib kafedən çıxmış, Ramil isə kafedə qalmışdır. 07 oktyabr 2020-ci il tarixdə o, kəndə çıxan zaman kənd camaatından Ramilin polis əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. Ona məlum olmuşdur ki, 06.10.2020-ci il tarixdə gecə saatlarında Gəncə şəhərinə getmək üçün mindiyi taksinin sürücüsünə bıçaqla hədə-qorxu gələrək pul tələb etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, gündəlik fəhləliklə məşğul olur. X5 tanıyır, bir kəndlidirlər. Təqsirləndirilən şəxs isə əvvəllər tanımırmış, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. 06 oktyabr 2020-ci il tarixdə axşam saat 18-19 radələrində o, yaşadığı Samux rayon Lək kəndinin giriş hissəsində yerləşən kafeyə çay içməyə getmiş, içəri daxil olan zaman sonradan adını Ramil kimi bildiyi şəxs və kəndçisi Eldənizi görmüşdür. Onlar hər ikisi bir stolda oturub çörək yeyirmişlər. Onlar onu görən zaman stola dəvət etmişdirlər. O da onların stolunda oturmuş, ancaq onlarla nə yemək, nə də araq içmişdir. Sadəcə olaraq o, çay sifariş edib həmin stolda çay içmişdir. Təxminən 15 dəqiqə onlarla birlikdə oturduqdan sonra durub evinə getmişdir. Gedən zaman o, çay sifariş etdiyi üçün 1 manat çay pulu vermişdir. 07 oktyabr 2020-ci il tarixdə o, kəndəçıxan zaman kənd camaatından eşitmişdir ki, Ramili polis əməkdaşları saxlayıb, səbəb kimi onun dünən, yəni 06.10.2020-ci il tarixdə gecə saatlarında Gəncə şəhərinə getmək üçün minmiş olduğu taksi sürücüsünə bıçaqla hədə-qorxu gələrək pul tələb etməsi olmuşdur. O göstərmişdir ki, 06.10.2020-ci il tarixdə Ramillə Samux rayon Lək kəndində yerləşən kafedə oturmuş, ancaq o, Ramilə heç vaxt pul verməmiş, Ramil heç vaxt ondan pul da istəməyib, onun onunla əvvəllər tanışlığı olmamışdır, o, onu ilk dəfə kənddə yerləşən kafedə görüb tanımışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Gəncə şəhər şöbəsi tərəfindən verilmiş canlışəxsin ekspertizasına dair 08.10.2020-ci il tarixli, 1529 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol bazu və qarın nahiyələrinin qançırları, sol bilək nahiyəsinin və sol əlin İİ barmağının sıyrıqları - bərk küt əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 2-3 gündür və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Samux rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 09.10.2020-ci il tarixli, 121 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənindəaşkar olunmuş xəsarətlər – boyun nahiyəsinin qançırı - bərk küt əşyanın, sıyrığı iti uclu əşyanın təsirindən qərarda göstərilən 06.10.2020-ci il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vuran xəsarətlərə aid olunmadığından dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanseri tərəfindən təqdim edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 07.01.2021-ci il tarixli, 03 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 06.01.2021-ci il tarixli 011-51-1221 saylı məktubdan görünür ki, aparılmış müqayisəli molekulyar-genetik tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, hadisə ilə əlaqədar “Mercedes” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş 02 ədəd qan nümunəsi Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulması haqqında” 07 oktyabr 2020ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” Samux Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 07oktyabr 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən təqdim edilmiş 06.01.2021-ci il tarixli 78 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Samux RİH Başçısının Lək kəndi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 16.10.2020-ci il tarixli 568 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi nənəsi X6, anası Şahid1 və xalası X2 ibarətdir. İş materiallarına əlavə edilmiş 01.12.2016-cı il təvəllüdlü X9 və 28.07.2013-cü il təvəllüdlü X7 şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var. İş materiallarına əlavə edilmiş Samux RİH Başçısının Lək kəndi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 16.10.2020-ci il tarixli 569 saylıxasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş maddi və mənəvi ziyan tam ödənilmiş, həmiçinin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək Əhlimana məxsus “mercedes benz” markalı avtomobilə sərnişin olaraq əyləşdiyini, ona hədə-qorxu gəlmədiyini, zor tətbiq etmədiyini, hədələmədiyini, pulunu ələ keçirmədiyini bildirərək həmin vaxt üzərində bıçaq olmadığını göstərmişdir. Əlavə olaraq göstərmişdir ki, həmin gün özünə məxsus telefonu Raminə 100 manata satdığından aşkar edilmiş pul həmin pul olmuşdur. Əlavə olaraq göstərmişdir ki, sərxoş vəziyyətdə olduğundan avtomobildə baş verənləri tam olaraq xatırlamamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi həmin ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni işin faktiki hallarına uyğun olmayan, uydurma, məsuliyyətdən yayınmağa xidmət edən ifadə kimi qəbul edir. Məhkəmə onun təqsirinin zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə öz təsdiqini tapdığını hesab edir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində bıçaq olmadığını göstərsə də, məhkəməyədək təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində “...O, yol pulu olaraq Əhlimana 2 manat nağd pul vermiş, Əhlimana bıçaqla zor tətbiq etdiyini ondan nəsə bir əmlak tələb etdiyini xatırlamırmış. O, onun maşınında olan zaman üstündə qara rəngli bıçaq olmuş, ancaq o, həmin bıçaqdan istifadə edərək Əhliman Paşayavə bıçaqla zor tətbiq etdiyini xatırlamırmış, bıçağı isə itlər arxasınca qaçan zaman sahəlikdə itirmiş, bıçağı harada itirdiyinin yerini isə bilmirmiş...” göstərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özünə məxsus telefonu 100 manata satmasını, üzərində olan 100 manatın satdığı həmin telefonun pulu olması ilə bağlı ifadəsi də şahidlər Şahid5 və Şahid6 ifadələri ilə öz təsdiqini tapmamışdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varislə barışıq əldə edilməsini, 59.1.13-cü maddəsi isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasınınəzərdə tutur. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-in 15.4-cü maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ümumi rejimli cəza çəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut olan və cinayət işi materiallarında saxlanılan zərərçəkmiş şəxs X1 istintaqa təqdim etdiyi 02 (iki) ədəd “G61316403” və “F53840914” seriyalı 01 (bir) manatlıq, həmçinin 01 (bir) ədəd “A17637230” seriyalı 100(yüz) manatlıq pul əskinası Zərərçəkmiş şəxs qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 07 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və cinayət işi materiallarında saxlanılan zərərçəkmiş şəxs X1 istintaqa təqdim etdiyi 02 (iki) ədəd “G61316403” və “F53840914” seriyalı 01 (bir) manatlıq, həmçinin 01 (bir) ədəd “A17637230” seriyalı 100 (yüz) manatlıq pul əskinası Zərərçəkmiş şəxs qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar