Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-149/2021 19.05.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Nizami küçəsi 7-ci döngə, ev 37-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylıİstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs ilə mübahisə etməsi, həmin mübahisə zamanı onun barəsində nalayiq ifadələr işlətməsi ilə əlaqədar aralarında olan narazılığı aydınlaşdırmaq üçün 03 noyabr 2020-ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında təsadüfən qarşılaşdığı həmin evdə yaşayan ədavəti olduğu qonşusu Zərərçəkmiş şəxs onun ünvanına təkrar nalayiq ifadələr işlətdiyindən aralarında yenidən baş vermiş mübahisədən doğan qarşılıqlı dalaşma zamanı istintaq zamanı müəyyən edilmiş kəsici və deşici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vuraraq hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bir ədəd sol orta körpücük xəttlə körpücük nahiyəsində yerləşən döş qəfəsinin sol tərəfinin daxilə keçməyən kəsilmiş-deşilmiş yarası, bir ədəd sol kürək nahiyəsində yerləşən döş qəfəsinin arxa səthinin daxilə keçməyən kəsilmiş-deşilmiş yarası, iki ədəd sol bazu nahiyəsinin daxilə keçməyən kəsilmiş-deşilmiş yaraları, eləcə də insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan bir ədəd qoltuqaltı xətt üzrə yerləşən döş qəfəsinin sol yan səthinin daxilə keçən kəsilmişdeşilmiş yarası xəsarətlərini yetirməklə sonuncunun qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Qeyd olunan cinayət hadisəsinin baş verməsi təqsirləndirilən şəxsin, zərəçəkmiş şəxsin tədqiq olunmuş ifadasi və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayırlar, Röyal onunla ədavət saxlayaraq, mütəmadi olaraq onun ünvanına hər yerdə nalayiq ifadələr işlətmişdir. Sonuncu dəfə də təxminən 2020-ci ilin sentyabr ayında Röyalla aralarında mübahisələri düşmüş bundan sonra o, Röyalla üzləşməmək və mübahisə etmək istəmədiyindən ailə üzvlərinin də təkidi ilə evdən çıxıb Göygöl rayonu, Yeni Qızılca kəndində yaşamağa və orada fermada işləməyə başlamışdır. 03 noyabr 2020-ci il tarixdə ailə üzvlərini ziyarət etmək üçün evlərinə getmiş, təxminən saat 15 radələrində əlində heyva və və heyvanı kəsib yemək məqsədi ilə mətbəx bıçağı ilə küçəyə çıxmış, az sonra Röyal da küçəyə çıxaraq yaşadıqları evin qarşısında çöməlib alçaq səslə ona nəsə söz demişdir. O Röyalın nə dediyini tam olaraq başa düşmədiyindən yanına gedərək Röyaldan niyə ona qarşı olan hərəkətlərinə son qoymadığını, ona ona görə evindən didərgin düşdüyünü, niyə kənar şəxslərin yanında onun barəsində pis sözlər danışdığını soruşmuşdur. Röyal isə onun və ona həmin sözləri deyən şəxsin barəsində söyüş söymuşdür. Daha sonra o, Röyala etdiyi hərəkətlərin ayıb olduğunu və nə vaxta kimi davam edəcəyini soruşanda Röyal ona əlindəki bıçağa arxayın olub belə formada danışdığını demiş və qəflətən əlini cibinə aparıb ayağa qalxmaq istədikdə Röyalın cibindən bıçaq çıxarıb onu vurmaq istədiyini zənn etdiyindən əli ilə Röyalın sol qolundan dartanda Röyal yerə yıxılmışdır. Röyalın ona söyüş söyməsinə görə əsəbi olduğu üçün özünü saxlaya bilməyib əlində olan bıçaqla bir neçə dəfə Röyalın kürək hissəsinə zərbələr vurmuşdur. Həmin vaxt bıçağın tutacağı qırıq olduğundan tiyəsi onun əlini də kəsmişdir. Röyal yerə çökəndə o da Röyalın artıq heç nə edə bilməyəcəyini görüb o kənara çəkilmişdir. Həmin vaxt küçənin aşağı tərəfindən Röyalın əmisi Alim gəlib Röyalı qucaqlayıb yerdən qaldıraraq Röyalı yaşadığı evə aparmışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmdə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, o,Təqsirləndirilən şəxs qonşusu kimi tanımış, əvvəllər normal münasibəti olmuşdur. Hadisə vaxtı ona kimin, hansı məqsədlə, hansı şəraitdə xəsarət yetirməsini xatırlamır, eləcə də hadisə vaxtı onun üzərində heç bir kəsici alət olmamışdır. Belə ki, 03.11.2020-ci il tarixdə saat 17 radələrində yaşadığı evin qarşısına çıxmış və çöməlib mobil telefonu ilə oynamağa başlamış, başı mobil telefonda oyun oynamağa qarışmış, bundan sonra nə baş verdiyini xatırlamamış, gözünü açdığı zaman Gəncə şəhəri, 3 saylı xəstəxanada yaralanmış vəziyyətdə olmuş, lakin hansı şəraitdə yaralanmasını xatırlamamış və bu barədə heç bir fikri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun balaca qardaşı, Zərərçəkmiş şəxs isə onun qonşusudur. Amil və Röyalın əvvəllərdən münasibətləri pis olduğunu bildirmişdir. Hadisə baş verməzdən təxminən 2 ay əvvəl də onların aralarında mübahisə olduğunu, həmin mübahisədən sonra da ailəsinin təkidi ilə Amil Göygöl rayonu, Qızılca kəndinə gedərək orada işləməyə və yaşamağa başlamışdır. Ümumiyyətlə Röyalın hərəkətlərindən küçədə yaşayan şəxslərin çoxu narazılıq etmişdir. 03 noyabr 2020-ci il tarixdə o, işdə olan vaxt qardaşı Amil çimmək üçün evə gəlmiş, Amilin yemək yedikdən sonra küçəyə çıxmış və küçədə Röyalla aralarında mübahisə baş verdiyini sonradan bilmişdir. Amilin mübahisə zamanı Röyalı bıçaqla vurması barədə məlumat alan kimi təxminən yarım saat sonra evə gəlmişdir. O, evə gələndə Amil evdə olmuşdur. Amilin deməsinə görə Röyalın söyüş söydüyü və Röyalın onu vuracağından ehtiyatlandığı üçün Röyalı heyva yemek üçün evdən götürdüyü mətbəx bıçağı ilə vuraraq xəsarət yetirmişdir. Saat 19 radələrində polis əməkdaşları yaşadıqları evə gəldikdən sonra və Amilin könüllü olaraq təslim olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Məhəmməd oğlu ifadəsində göstərmişdir ki, 03 noyabr 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı evdən təxminən 3 metr aralı küçədə dayanıb telefonla oynayan vaxt Röyal da yaşadıqları evin qarşısında çöməlib telefonla oynadığını, biraz keçmiş Amilin yaşadıqları evdən küçəyə çıxdığını və Röyalı gördükdən sonra onun yanına getdiyini bildirmişdir. O, həmin vaxt telefonla oynadığı üçün onlara tərəf baxmadığını, Amil ilə Röyalın nə barədə söhbət etdiklərini dəqiq bilmədiyini, lakin Amilin Röyaldan nəyə görə arxasınca danışdığını soruması, Röyalın isə Amilə arxasınca danışmadığını dediyini eşitmişdir. Onlar söhbət əsnasında birbirilərinə nalayiq ifadələrlə cavab verirdiklərini, həmin vaxt qəflətən zərbə səsləri gəldiyini eşidəndə o, başını qaldırıb baxan zaman Röyalın yerə yıxıldığını Amilin isə Röyalın yanında kənara çəkilərək evləri tərəfə doğru getdiyini görmüşdür. O, Röyalın yanına gedərək Röyalın yerdən qalxmasına kömək edib evə gətirdikdən sonra Röyalın bıçaqlandığını bildiyini, daha sonra isə Röyal əlinə dəmir parçası götürərək küçəyə Amilin dalınca çıxdığını, Röyal küçəyə çıxanda huşunu itirdiyi üçün onu evə apardığını və daha sonra Röyalın təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparıldığını bildirmişdir. Məhkəmədə tədqiq edilən baxış keçirilməsi haqqında 03 noyabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında törədilmişdir. Məhkəmədə tədqiq edilən 03.11.2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi 1 ədəd mətbəx bıçağı istintaq orqanı tərəfindən götürülmüşdür. Məhkəmədə tədqiq edilən 03 noyabr 2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi bir ədəd bıçağı istintaqa təqdim etmiş və həmin bıçaq öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən götürülmüşdür. Məhkəmədə tədqiq edilən 04.11.2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs üzərində olmuş 1 ədəd uzunqol kofta öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülmüşdür. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 05.11.2020-ci il tarixli 1735 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-sol əlin üst səthinin səthi yarası kəsilmiş-deşilmiş yarası deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 03.11.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmədə tədqiq edilən Məhkəmə-Ekspertiza Mərkəzinin 10.11.2020-ci il tarixli 44 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sisitemi üzrə A(İİ) betadır. Təqsirləndirilən şəxs maye halda qanının qrup göstəricisi ABO sisitemi üzrə A(İİ) betadır. Təqdim olunmuş bir ədəd bıçaq üzərində qana oxşar ləkə aşkar olunmadığından müayinə edilmədi. Hadisə yerindən götürülmüş 02 ədəd tampon üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus ola bilər. Zərərçəkmiş şəxs məxsus bir ədəd kofta üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmədə tədqiq edilən Məhkəmə-Ekspertiza Mərkəzinin 07.11.2020-ci il tarixli 1751 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində deşici-kəsici əlatlə (alətlərlə) yetirilmiş beş ədəd deşilmiş-kəsilmiş yara müəyyən edildi: Bu yaralardan biri “döş qəfəsinin sol tərəfində, sol orta körpüçük xəttlə körpücük nahiyyəsində yerləşir, ikinci yara döş qəfəsinin sol yan səhtində qoltuqaltı xətt üzrə yerləşir, üçüncü yara döş qəfəsinin arxa səhtində sol kürək nahiyəsində, digər iki yara isi sol bazu nahiyəsində yerləşir. Ağırlıq dərəcələrinə görə: döş qəfəsində olan yaralardan biri-sol yan səhti olan yara-daxilə keçən yara olduğundan ağırlıq dəcrəcəsinə görə həyat üçün təhlkükəli olan sağlamlığa Ağır zərər vurmaya; digər yaralar isə ağırlıq dərəcələrinə görə sağlamılığın qsa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin əmələ gəlmə müddətləri, qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 03.11.2020-cil tarixə uyğun gəlir. Vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin maddi sübut qismində ekspertizaya təqdim edilmiş bıçaqla yetirilib yetirilməməsini müəyyən etmək üçün hadisə vaxtı R. Quliyevin əynində olan paltarlar və hadisə vaxtı istifadə olunan kəsici və deşici alət xüsusi müayinə edilməlidir.( trasoloji və ya tibbi kriminalistik). Məhkəmədə tədqiq edilən Məhkəmə-Ekspertiza Mərkəzinin 03 dekabr 2020-ci il tarixli 655/299 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur və bunun yaranma səbəbi zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmədə tədqiq edilən Məhkəmə-Ekspertiza Mərkəzinin 16 dekabr 2020-ci il tarixli 3/2059/2060 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Köynəyin səthində olan zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin (məsələn: bıçaq) təsirindən yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Lakin təqdim edilmiş köynəyin səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Köynəyin material xüsusiyyətindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyasının səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün deyildir. Həmçinin rəydən görünür ki, təqdim edilmiş köynəyin səthindəki zədələr Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmətibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 07.11.2020-ci il tarixli 1751 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən “döş qəfəsinin sol tərəfinin daxilə keçən, sol bazunun deşilmiş-kəsilmiş yaraları.” xəsarətləri ilə yerləşmə sahəsinə görə nisbi uyğunluq təşkil edir, yəni zədələr və xəsarətlər nisbətən üst-üstə düşür. Təqdim edilmiş köynəyin səthində olan zədələrin qərarın təsviri hissəsində göstərilən şəraitdə yaranması mümkündür. Məhkəmədə tədqiq edilən 03.11.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 05.11 2020-ci il tarixli, 4(044)-138/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 03.11.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri, Nizami rayonu İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati dairə üzrə nümayəndəsinin 03.12.2020 il tarixli, 3191 nömrəli arayışdan və həmin tarixli xasiyyətnaməsindən görünür ki, İsmayılov X5 şəhəri, ünvan 1 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən zərərçəkmiş Zərərçəkmiş şəxs 29.12.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə tədqiq edilən sübutların qiymətləndirilməsi haqqında 29.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi 1 ədəd mətbəx bıçağı və hadisə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs üzərində olmuş 1 ədəd uzunqol kofta iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin məsul saxlancına verilmişdir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 03 noyabr 2020-ci il tarixdə saat 17 radələrində aralarında yaranmış şəxsi münaqişə zəmnində və həmin vaxt Zərərçəkmiş şəxs onun ünvanına təkrar nalayiq ifadələr işlətdiyindən aralarında yenidən baş vermiş mübahisədən doğan qarşılıqlı dalaşma zamanı istintaq zamanı müəyyən edilmiş kəsici və deşici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vuraraq hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bir ədəd sol orta körpücük xəttlə körpücük nahiyəsində yerləşən döş qəfəsinin sol tərəfinin daxilə keçməyən kəsilmiş-deşilmiş yarası, bir ədəd sol kürək nahiyəsində yerləşən döş qəfəsinin arxa səthinin daxilə keçməyən kəsilmiş-deşilmiş yarası, iki ədəd sol bazu nahiyəsinin daxilə keçməyən kəsilmiş-deşilmiş yaraları, eləcə də insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan bir ədəd qoltuqaltı xətt üzrə yerləşən döş qəfəsinin sol yan səthinin daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarətlərini yetirməklə sonuncunun qəsdən sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarəti yetirdiyinə görə onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmaması, səmimi etirafı və əməlindən peşman olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasın onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, ailə vəziyyətini və onun barəsində olan cəzanı yüngülləşdirən digər halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 03 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli, 4(044)-138/2020 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 03 noyabr 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduğu 03 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut qismində Gəncə şəhər BPİ-də saxlanılan bir ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs məxsus 1 ədəd uzunqol kofta onun özünə qaytarılmalı, qəbul etməkdən imtina etdikdə məhv edilməlidir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə vəsatəti olmadığına görə onun hüquqlarının müdafiəsi üçün ibtidai istintaq zamanı dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni ibtidai istintaq zamanı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin təqdim etdiyi hesabatdan görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə vəkil Yusif Hüseynov tərəfindən 25 iş saatı həcmində hüquqi yardım göstərilmişdir. Odur ki, həmin hesabla ibtidai istinatq zamanı təqsirləndirilən şəxsə göstərilmiş cəmi 25 iş saat həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X2 işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 150 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 03 noyabr 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-də saxlanılan bir ədəd bıçaq məhv edilsin, Zərərçəkmiş şəxs məxsus 1 ədəd uzunqol kofta onun özünə qaytarılsın, qəbul etməkdən imtina etdikdə məhv edilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X2 vəkil işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 150 manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Məhəmməd Bağırov Dadaş İmanov Nural Əliyev
Məhkəmə qərarları › İş №1(100)-149/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-149/2021
19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver