Məhkəmə qərarları › İş №1(100)-152/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-152/2023

17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-152/2023 17.02.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1997-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Tərtər hərbi məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.3, 333.4 və 66.2-ci maddələri ilə təqsirli bilinib 500 manat cərimə cəzasına məhkum olunmuş, cəriməni ödəmiş, məhkumluğu ödənilməmiş, Goranboy şəhəri, X29 küçəsi, ev 31-də qeydiyyatda olmaqla, həbs olunanadək qeyd olunan ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə saat 20:45 radələrində Şahid2 baş etibarnamə əsasında faktiki sahibliyində olan VAZ-2101 markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edib, yaşayış məntəqəsi hesab olunan Goranboy şəhəri H.Əliyev prospektində 100 km/saat sürətlə hərəkətdə olarkən yolun əks istiqamətli nəqliyyat axınını ayıran ağ bütöv qoşa üfüqi nişanlama xəttini kəsib keçərək, əks hərəkət zolağına çıxmamalı və avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli, həmin yolun yaşayış məntəqəsi daxilində yerləşməsini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə, yəni yol şəraitinə uyğun olaraq 60 km/saat sürətdən yüksək olmayan sürətlə idarə etməli, hadisədən sonra zərərçəkmişə yardım göstərməli və müvafiq orqanlara xəbər verməli olduğu halda bunlara riayət etməməklə “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin, 33cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 4-cü hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, nəticədə idarə etdiyi avtomobillə yolun əks istiqamətli nəqliyyat axınını ayıran ağ bütov qoşa üfüqi nişanlama xəttini kəsib keçərək əks hərəkət zolağına daxil olub, əks hərəkət zolağında hərəkəti istiqamətində yolun sağ tərəfindən sol tərəfinə keçən piyada X7 yolun hərəkət hissəsinin sol kənarından mərkəzinə doğru 2,4 metr məsafədə avtomobilin ön sol hissəsi ilə ehtiyatsızlıqdan vurub, zərərçəkmiş şəxs Ələddin Hadıyevə açıq küt kəllə-beyin travması, sol ənsə gicgah sümüklərinin sınıqları, bədən səthinin çoxsaylı sıyrılmış yaraları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməsinə və ağır açıq kəllə-beyin travması nəticəsində beyin toxumasına və beyin mədəciklərinə qansızmadan ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və yol-nəqliyyat hadisəsi törətdikdən sonra zərərçəkmiş şəxsə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən qaçmışdır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olmaqla Goranboy rayonu İrəvanlı kəndi yaxınlığında yerləşən avtomobil yuma məntəqəsində işləmişdir. Ailəlidir, 2 azyaşlı uşaqları vardır. Onun əvvəllər özünə məxsus VAZ-2107 markalı avtomobili olmuş, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olsa da təxminən 3 ay əvvəl yol hərəkət qaydalarını pozduğu üçün suruculuk hüququndan məhrum edilmişdir.Həmin vaxtdan da özünə məxsus VAZ-2107 markalı avtomobili satmışdır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində evlərində olan zaman Goranboy rayonu Qarasüleymanlı kəndində yaşayan dayısı oğlu Şahid1 atasına məxsus VAZ-2101 markalı **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlib onu evlərindən götürmüşdür ki, Goranboy şəhəri H.Əliyev prospektində yerləşən bulağın yanındakı çayxanaya çay içməyə getsinlər.O,Turalın idarə etdiyi avtomobilə əyləşmiş, avtomobillə Goranboy şəhəri H.Əliyev prospekti ilə Goranboy şəhərinin yuxarı hisəssində olan bulağın yanına gedərkən rayon poçtunun qarşısında dayısı oğlu Turalın qardaşı Xəyalı və başqa rayon uşaqlarını görüb avtomaşını saxlayıb, onlarla görüşüb, çayxanaya çay içməyə getmələrini demişlər. Xəyal isə onlara, «siz gedin biz öz avtomaşınımızla gələcəyik» demişlər. Poçtun qarşısında o, Turala, çayxanaya kimi avtomaşını idarə etmək üçün ona verməsini demiş, Tural da onunla razılaşmışdır.O, sükan arxasına keçmiş, avtomaşınla Goranboy şəhəri H.Əliyev prospekti ilə bulaq kompleksi istiqamətində hərəkət etməyə başlamışlar.Goranboy şəhərində «Bahar» şadlıq sarayının qarşısında, qarşıda xarici markalı dövlət nömrə nişanını xatırlamadığı bir avtomobilin getdiyini, həmin vaxt avtomobili 80-100 km/saat sürətlə idarə edərək qarşıda gedən həmin avtomobili ötüb keçmək üçün əks hərəkət zolağına çıxdığını bildirmişdir. Həmin vaxt qarşı tərəfdən gələn başqa bir avtomobilin işığı gözünə düşmüş, həmin vaxt avtomobillə bir nəfər piyadanı yolun sol hərəkət hissəsində vurmuşdur. Vurduğu piyada avtomobilin üzərinə düşmüş və başı onun tərəfdən avtomobiln qabaq şüşəsinə dəymiş, sonra isə asfaltın üzərinə düşmüşdür.O, avtomobili saxlamayıb, sürüb dairənin yanından sağ tərəfə dönərək Goranboy rayonu Qarasüleymanlı kəndinə gedən yol ilə gedərək avtomobili Qarasüleymanlı kəndində yaşayan daysı Asif gilin həyətinə salmışdır. Özü isə Turalla xəstəxanaya tərəf getmək üçün yola çıxmışdır. Evdən bir qədər aralandıqdan sonra, polis əməkdaşları ilə qarşılaşmışlar və polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər.O, avtomobillə piyadanı vurduqdan sonra çox qorxduğuna görə hadisə yerində dayanmadığını, avtomobillə Turalla birlikdə onlara gedərək avtomobili onların həyətində saxladığını və Turalla birlikdə həyətdın çıxıb xəstəxanaya gedən zaman polis əməkdaşları onları saxladığını və orada polislərə piyadanı vurduğunu etiraf etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, X10 onun oğludur, bir yerdə yaşamışlar. Ələddin ailəli olmuş, hadisədən 2 ay əvvəl ailə qurmuşdur. 10 sentyabr 2022-ci il tarixdə təxminən saat 20:45 radələrində Goranboy şəhəri H.Əliyev prospektində oğlu Ələddin yolu keçən zaman həmin prospektlə yüksək sürətlə hərəkətdə olan Goranboy rayon sakini Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2101 markalı avtomobillə oğlunu vurub, hadisə yerindən qaçmışdır. Oğlu aldığı xəsarətlərin təsirindən hadisə yerində dünyasını dəyişmişdir. Onu Goranboy rayon xəstəxanasına aparsalar da artıq gec olmuşdur. Çünki avtomobil yüksək sürətlə hərəkətdə olduğundan zərbənin təsirindən oğlu hadisə yerində dünyasını dəyişmişdir. Eyni zamanda, VAZ-2101 markalı avtomobili idarə edən şəxsin idarə etdiyi avtomobil özünün olmamış, başqa şəxsin avtomobili olmuşdur. O, hadisə zamanı işlədiyi Goranboy rayon Telekommunikasiya idarəsində gecə növbəsində olmuş və xəbəri eşidən kimi rəhbərlikdən icazə alaraq Goranboy rayon xəstəxanasına getmişdir. Orada, oğlunun vəfat etməsi ona məlum olmuşdur. O hadisənin necə baş verməsini özü görməmiş, ancaq oğlunu vuran VAZ- 2101 markalı avtomobilin yüksək sürətlə hərəkətdə olduğunu, sürücünün isə oğlunu vurduqdan sonra avtomobillə hadisə yerindən qaçdığını eşitdiyini göstərmişdir.Ona görə də sürücüdən şikayətçi olduğunu və onun barəsində qanunu tələblərinə uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, Goranboy rayonu Goran qəsəbəsində mebel sexində işləyir. Atası Şahid2 məxsus VAZ-2101 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilləri var, ancaq atasının sürücülük vəsiqəsi olmadığına görə həmin avtomobili o idarə edir. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində evdə olan zaman qardaşı Xəyal ona desmişdir ki, bibisi oğlu Orxan zəng edib lemişdir ki, gedib onu da götürüb çayxanaya çay içməyə getsinlər. O da VAZ-2101 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Goranboy şəhəri Ə.A.Gorani küçəsində yaşayan bibisi oğlu Orxan gilə getmiş, Orxanı da avtomobilə götürüb Goranboy şəhəri H.Əliyev prospektində yerləşən bulağın yanındakı çayxanaya çay içməyə getmişlər. Avtomobili o, idarə etmiş, Orxan isə yanında əyləşmişdir. Onlar avtomobillə Goranboy şəhəri, H.Əliyev prospekti ilə Goranboy şəhərinin yuxarı hisəssində olan bulağın yanına gedərkən rayon poçtunun qarşısında avtomobili saxlamış, düşüb siqaret çəkmişlər. O, iş yoldaşlarına zəng edib harada olmalarını soruşduqda, onlar çayxanada olduqlarını demişlər.Avtomobilə əyləşib çayxanaya getmək istəyəndə Orxan, avtomobili idarə etmək üçün ona verməsini dnmiş, o isə etiraz etməyərək avtomobili Orxanın idarə etməsinə icazə vermişdir. Goranboy şəhər poçtunun qarşısından yola düşdükdən sonra Orxan avtomobili çox sürətlə, 100 km/saatdan yuxarı sürətlə idarə etdiyi üçün o, Orxana bir-iki dəfə avtomobili yavaş sürməsini demiş, Orxan onu eşitməmişdir. Goranboy şəhərində «Bahar» şadlıq sarayının qarşısına yaxınlaşanda, 50-60 metr qarşıda yolun sağ tərəfindən göy rəngli, xarici modelli, markasını, nömrəsini xatırlamadığı bir avtomobil yola çıxaraq onların getdiyi istiqamətdə hərəkət etməyə başlamışdır. Bu vaxt Orxan həmin avtomobili ötmək üçün əks hərəkət zolağına çıxmışdır. Bu zaman yolun sağ tərəfindən sol tərəfinə bir nəfər piyadanın keçdiyini, həmin piyadanın yolun sol tərəfinə keçməyə, yəni səkiyə çatmağa təxminən 1-1,5 metr məsafə qaldığını görmüşdür. Orxan avtomobilə tormoz etsə də sürət çox olduğuna görə avtomaşını saxlaya bilməmiş və avtomobilin sol qabaq küncü ilə piyadanı vurmuşdur. Piyada avtomobilin kapotunun üzərinə düşmüş və başı avtomobilin qabaq şüşəsinin sol tərəfindən dəyib, sonra isə asfaltın üzərinə düşmüşdür. Onlar həmin hadisədən çox qorxduqlarına görə də Orxan avtomobili saxlamamış və sürüb gedərək rayonun Qarasüleymanlı kəndinədə onların həyətinə qoymuşdur. Həmin vaxt evdə yatan atasını çağırıb ona, Orxanın avtomobillə adam vurduğunu xəbər vermişdir. Orxan avtomaşını həyətə saldıqdan sonra Orxan həyətdən çıxıb getmişdir. O da atasına xəbər verdikdən sonra Orxanın arxası ilə getmişdir. Onlar polis şöbəsinə, hadisə barədə xəbər vermək üçün gedərkən köhnə işıq idarəsinin yanında polis əməkdaşları ilə qarşılaşmışlar. Orxan polis əməkdaşlarına piyadanı avtomobillə vurduğunu bildirdikdən sonra polis əməkdaşları Orxanı özləri ilə polis şöbəsinə aparmışlar. O, isə atası ilə birlikdə polis şöbəsinə gəlmişlər.Onun özünün avtomobil idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadığını bildirmişdir.Orxanın əvvəllər öz avtomobili olmasını, onun sürücülük vəsiqəsinin olmasını bildiyini, lakin Orxanın sürücülük hüququnun məhdudlaşdırılmasından xəbəri olmadığını bildirmişdir. O,piyadanı görə zaman aralarında təxminən 50-60 metr məsafə olduğunu, Orxanın da piyadanı həmin məsafədən gördüyünü zənn etdiyini, yəqin piyadanı gördüyü üçün avtomobilə tormoz etdiyini, ancaq avtomobil yüksək sürətlə hərəkət etdiyindən Orxanın avtomobili dayandıra bilmədiyini, piyadanı vurduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayında baş etibarnamə əsasında VAZ-2101 markalı **-BJ-*** dövlət qeydiyat nişanlı avtomobil almışdır, ancaq sürücülük vəsqəsi olmadığından həmin avtomobili özü idarə etmir, hərdən oğlu Tural idarə etmişdir. 10 sentyabr 2022-ci il tarixdə təxminən saat 20 radələrində oğlu Tural avtomobili idarə edərək Goranboy şəhərinə getmişdir. Bundan sonra təxminən saat 21 radələrində evdə yatarkən oğlu Tural onu çağırıb, avtomobillə Goranboy şəhərində gedərkən avtomobili bacısı oğlu Orxanın idarə etməsinir və «Bahar» şadlıq sarayının qarşısında avtomobillə piyada adam vurduğunu demişdir. Pİyadanı vurduqdan sonra isə Orxan qorxduğu üçün avtomobili saxlamamış, sürüb onların həyətinə gəlmiş və avtomobili həyətə qoymuşlar.Tural, Orxanın xəstəxanaya tərəf getdiyini bildirmiş və o, Turala tez onlarda gedib polisə məlumat vermələrini, oradan da xəstəxanaya getmələrini bildirmişdir. Onlar həyətdən çıxıb piyada Goranboy şhərinə tərəf gedərkən yolda Orxana çatmışlar və həmin vaxt da polis əməkdaşları ilə qarşılaşmışlar. Polis əməkdaşları onları saxlamışlar və orada Orxan polis əməkdaşlarına piyadanı avtomobillə vurduğunu demişdir. Polis əməkdaşları da onlarla birlikdə onun həyətinə gedib avtomobili götürərək Goranboy RPŞ-nə gətirmişlər.Oğlu Şahid1 sürücülük vəsiqəsi olmasa da avtomobil idarə edə bildiyini, ona görə də hərdən avtomobili idarə etmək üçün ona icazə verdiyini, ancaq hadisə baş verən zaman avtomobili Orxanın idarə etdiyini, Orxanın isə sürücülük vəsiqəsi olmasını, Orxanın sürücülük hüququnun məhdudlaşdırılmasını bilmədiyini göstərmişdir. Hadisə zamanı ona məxsus VAZ-2101 markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobilin qabaq kapotu,qanadı əzilmiş, alın şüşəsi sınmış, ancaq bununla bağlı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 sentyabr 2022-ci il tarixli “cinayət işi başlanması və icraata qəbul haqqında” qərardan görünür ki, həmin cinayət işi 10 sentyabr 2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə tərəfimdən başlanmış və istintaq aparılmışdır. Cinayət işi başlanmasına əsas və səbəb 10 sentyabr 2022-ci il tarixdə saat 20:45 radələrində Goranboy şəhəri, H.Əliyev prospektində X5 avtomobillə vurulması nəticəsində ölməsi və sürücünün yol nəqliyyat hadisəsi yerindən qaçması barədə toplanmış materiallar olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 sentyabr 2022-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, hadisə baş verən yol asfalt örtüklü, ikitərəfli,quru və hamar olmuşdur.Yolun hadisənin baş verən hissəsi yaşayış məntəqəsidir, həmin yerdə hərəkət zolağının eni 16 metrdir. Yolun hadisə baş verən hissəsində hərəkət zolağının eni 16 metr, sol tərəfdə 1,3 metr, sağ 1,2 metr səkilər yerləşir. Hadisə yerində piyadanın vurulma nöqtəsi asfalt yolun sol kənarından 2,4 metr, orta xəttən 5,9 metr məsafədə yerləşmişdir.Piyadanın vurulduğu yerdən düşüb qaldığı yerə kimi, yəni asfalt üzərində olan qan ləkələri olan yerə kimi 4,3 metr məsafə olmuşdur. Hadisədən əvvəl VAZ-2101 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil Goranboy şəhəri H.Əliyev prospekti ilə Goranboy şəhəri Civəzadə küçəsi istiqamətində hərəkətdə olmuş, avtomobildə 1 nəfər sərnişin olmuş, əlavə yük olmamışdır. Hadisə yerində avtomobilə aid tormoz izi aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11 sentyabr 2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, 11 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhə edildiyi üçün tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 sentyabr 2022-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bildirərək təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Goranboy RPŞ-nin DYPB-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 197-87929-1122 nömrəli, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Gəncə RQİTBŞ-nin xx.xx.2022-ci il tarixli, 6814-1222 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin xx.xx.2022-ci il tarixdən Goranboy rayon məhkəməsi tərəfindən 6 ay müddətində məhdudlaşdırıldığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Goranboy rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 4(045)-44/2022 nömrəli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 11 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Goranboy rayon İcra Hakimiyyəti Başçısının Goranboy Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 2049 nömrəli arayışıdan görünür ki, Yusifov X16 şəhəri Ə.Gorani küçəsi ev 31-də daimi yaşayır, atası X13, anası X6, arvadı X11, qızı X14 və X8 ibarət ailə tərkibi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Goranboy rayon İcra Hakimiyyəti Başçısının Goranboy Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Yusifov X16 şəhəri Ə.Gorani küçəsi ev 31-də daimi yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2016-cı il tarixli AZ-İV № 130882 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X15 təqsirləndirilən Təqsirləndirilən şəxs qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2017-ci il tarixli AZ-İV № 695300 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X12 təqsirləndirilən Təqsirləndirilən şəxs qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 33 saylı rəyindən görünür ki, X1 meyitinin xarici və daxili müayinəsi zamanı bədəni üzərində açıq küt kəllə-beyin travması, sol ənsə gicgah sümüklərinin sınıqları, bədən səthinin çoxsaylı sıyrılmış yaraları olmaqla həmin xəsarətlər xx.xx.2022-ci il tarixdə yolu keçərkən avtomobillə vurulma zamanı əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid edilir. X1 ölümünə səbəb ağır açıq kəllə-beyin travması nəticəsində beyin toxumasına və beyin mədəciklərinə qansızma olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər hərbi məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 333.3,333.4 və 66.2-ci maddələri ilə təqsirli bilinib 500 manat cərimə cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Goranboy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli 138/2022 nömrəli məktubundan görünür ki, Tərtər hərbi məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.3,333.4 və 66.2-ci maddələri ilə təqsirli bilinib 500 manat cərimə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs cəriməni xx.xx.2022-ci il tarixdə tam şəkildə ödəmiş və cəzasını çəkib qurtarmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 3413/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin məhkəmə-kimyəvi tədqiqatınna əsasən və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri,barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilaitlər və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 3414/K nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, X3 götürülmüş qan nümunəsinin məhkəmə-kimyəvi tədqiqatınna əsasən və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: X3 götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri,barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilaitlər və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 05 noyabr 2022-ci il tarixli, 8/2922 nömrəli rəyindən görünür ki, VAZ-2101 markalı 22BJ992 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişlərə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən yayındığından onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq, yəni 100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs idarə etdiyi Şahid2 məxsus VAZ-2101 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanılması üçün Şahid2 təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124- 137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu səbəbdən o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. O həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məһkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən һal kimi nəzərə alır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Tərtər hərbi məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.3, 333.4 və 66.2-ci maddələri ilə təqsirli bilinib 500 manat cərimə cəzasına məhkum olunması ilə bağlı məhkumluğu ödənilməməsini və əməlində cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi göstərmişdir. Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bu səbəbdən Təqsirləndirilən şəxs Tərtər hərbi məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.3, 333.4 və 66.2-ci maddələri ilə təqsirli bilinib 500 manat cərimə cəzasına məhkum olunması həm böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan, həmçinin sözügedən hökmlə ona təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması kimi nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayətinə görə cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə əsasların olmamasını nəzərə alaraq hesab edir ki, onun yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Eyni zamanda Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1, 56.1.2-ci maddələrinə əsasən eһtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs da törətdiyi cinayət eһtiyatsızlıqdan törədilmiş cinayət olduğundan və o, 5 ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunacağından həmin cəzasını Azərbaycan Respublikası CM-nin 56.1, 56.1.2-ci maddələrinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla bərabər Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263-1.3 və 264-cü maddələrinin sanksiyasında həmçinin təyin olunması məcburi olan əlavə cəza-beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası ilə bərabər həmçinin əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da təyin edilməlidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu CM-nin müvafiq maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmənin müddəti yuxarı həddə təyin olunmalıdır. Belə ki, məhkəmə onun gələcəkdə bu növ cinayətləri bir daha törətməməsi üçün bu yolla islah olunacağını daha səmərəli və məqsədyönlü hesab edir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzalarını çəkməlidir, belə ki, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə, eləcə də barəsində hər hansı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə qeyd edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi Şahid2 məxsus VAZ-2101 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid2 təhvil verilməsi nəzərə alınmalıdır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 85 manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-ci maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi təqsirləndirilən şəxsin üzərinə qoyulmalıdır. Odur ki, 85 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11 sentyabr 2022-ci il tarixdən hesablansın, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının icrası isə əsas cəzanın çəkilib qurtarmasından sonra başlansın. İş üzrə məhkəmə məsrəfi olan 85 manat məbləğində ekspertiza xərcinin dəyəri təqsirləndirilən Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi Şahid2 məxsus VAZ-2101 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid2 təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar