Məhkəmə qərarları › İş №1(100)-154/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-154/2021

29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-154/2021 29.04.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, müdafiəçilər - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Şəmkir rayon Vəkil Bürosunun vəkili X14 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1947-ci il tarixdə Şəmkir rayonunun İrmaşlı kəndində anadan olmuş, ali təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Şəmkir rayonu İrmaşlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 25 oktyabr 2020-ci il tarixdə saat 16 radələrində sərxoş vəziyyətdə Şəmkir rayonunun İrmaşlı kəndində qonşusu və qohumu olan 01.07.1937-ci il təvəllüdlü X3 azyaşlı nəvəsi Şahid7 onun evinin hasarına daş atması ilə əlaqədar İsa Mustafayev və onun oğlu Tacir Mustafayevlə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İsa Mustafayevin onu təhqir etməsindən əsəbiləşərək qisas almaq niyyətilə onu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə yaşadığı evdən silah qismində istifadə etdiyi özünə məxsus olan, 1963-cü ildə keçmiş SSRİ-də, Tula silah zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, “B” modelli, 137149-63 №li, xarici çaxmaqlı, qoşalüləli, yivsiz, atəş açmaq üçün yararlı vəziyyətdə olan odlu silah hesab edilən ov tüfəngini və həmin ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş dörd ədəd patronu götürməklə patronlardan bir ədədini tüfəngin sağ lüləsinə doldurub yaşadığı evin önünə çıxaraq qisas almaq niyyətilə qəsdən öldürmək məqsədilə ümumi təhlükəli üsulla, yəni həmin vaxt İsa Mustafayevin tam yaxınlığında dayanan istintaqa məlum olan digər şəxslərin olmasına baxmayaraq atəşin əlavə faktorlarının təsir etmədiyi uzaq məsafədən İsa Mustafayevi nişan alıb tüfəngdən bir dəfə atəş açaraq ona yara kanalı boyunca dəri toxuması, sağ qulaq seyvanı, sağ gicgah sümüyü, sağ çənə oynağı nahiyəsi, ön kəllə çuxuru, kəllə qapağı sümükləri və baş beyin toxumasının zədələnməsi ilə müşayiət edilən və onun ölümünə səbəb olan bir ədəd dəlib keçən qırmalı odlu silah yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət yetirərək qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə baş verən tarixə kimi ailə üzvləri ilə birlikdə Şəmkir rayonunun İrmaşlı kəndində yaşamışdır. Kənd sakini X15 rəhmətlik atası Novruzun süd qardaşıdır. Onların münasibətləri həmişə normal olmuş, hadisəyə qədər aralarında hər hansı narazılıq, mübahisə, ədavət və ya düşmənçilik olmamışdır. 25 oktyabr 2020-ci il tarixdə yaşadığı evdə yemək yeyib spirtli içki olan araq içmişdir. Həmin gün saat 16 radələrində evdə olarkən İsanın azyaşlı nəvələri onun evinin dəmir hasarına daş atmışlar. O, bayıra çıxan kimi İsa Mustafayevin azyaşlı nəvələri onu görüb qaçmışlar. O, bundan qəzəblənərək uşaqları danlamış və həmin an yoldan keçən X4 öz uşaqlarına tərbiyə verməsini demişdir. Bundan sonra Tacir uşaqlarını danlamağa başlamışdır. Buna baxmayaraq uşaqlar onun qapısına daş atdıqlarını boyunlarına almamışlar. Buna görə Tacir onun yanına qayıdaraq nahaq yerə uşaqlara söyüş söydüyünü demişdir. O, Tacirə hansı tərbiyəsizin qapısına daş atdığını soruşduqda Tacir nalayiq ifadələrlə onu təhqir etmişdir. O, Tacirə oğlu yaşında olduğunu deyib söyüş söydüyünə görə ona irad bildirmiş, Mustafayev isə yaşadığı evin önünə çıxaraq nalayiq ifadələrlə onu ağır təhqir etmişdir. O, İsa Mustafayevə irad tutaraq düz danışmadığını demiş, İsa isə yenidən onun “ölüsünə və dirisinə” söymüşdür. Buna görə əsəbləşmişdir. Sonradan Tacir və qardaşı Zamin gözləmədiyi anda onun üzərinə gələrək yerə yıxıb yumruqla və təpiklə döyməyə başlamışlar, təxminən 2-3 dəqiqə ərzində onlar tərəfindən döyülmüşdür. Arvadı Ülkər onları birtəhər ondan aralamışdır. Bundan sonra o, evə qayıdıb yataq otağındakı çarpayının altında olan qoşalüləli ov tüfəngini çıxarıb bir ədəd patronu silahın yuvasına yerləşdirmişdir. Bundan əlavə üç ədəd patronu pencəyinin cibinə qoymuşdur. O, pilləkənlə aşağı düşərək həyətdəki şam ağacının yanında Tacir ilə Zamini qorxutmaq məqsədilə qoşalüləli ov tüfəngini əlinə alaraq lüləsini göyə tutub atəş açmaq istəyərkən arvadı Ülkər tüfəngin lüləsini tutub aşağı çəkdiyindən barmağı tətikdə olduğuna görə tüfəngdən bir dəfə atəş açılmış, həmin vaxt atəşin havaya açıldığını düşünmüşdür. Tüfəngin patronunda olan qırmalar hasarın üstündən keçmişdir. Bundan sonra Tacir, Zamin, Eldar və Əfsaləddin üzərinə gələrək onu tutub yerə yıxandan sonra sürütləyərək yola çıxartmış, qoşalüləli ov tüfəngini məcburi şəkildə əlindən alıb onu döyüb xəsarət yetirmişlər. Daha sonra onlar ondan əl çəkmişlər. Birazdan hadisə yerinə polis əməkdaşları gəlmişlər. O, olanlar barədə onlara danışmışdır. Polis əməkdaşlarının müşayiəti ilə polis şöbəsinə gətirilən zaman tüfəngin patronunda olan qırmaların İsa Mustafayevə dəydiyini və onun öldüyünü bilmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, tüfəngi götürməkdə məqsədi Tacirlə Zamini qorxutmaq olmuş, İsa Mustafayevi öldürmək məqsədi olmamış, ona məqsədyönlü şəkildə atəş açmamış, atəş açılan vaxt yaxınlıqda heç kimi, o cümlədən İsa Mustafayevi görməmişdir. Bundan başqa göstərmişdir ki, hadisə zamanı istifadə etdiyi qoşalüləli ov tüfəngi özünə məxsus olmuş, tüfəngi təxminən 30 il əvvəl Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən bazada meyvə-tərəvəz alveri ilə məşğul olarkən xatırlamadığı rus əsilli şəxsdən almışdır. Hadisə zamanı istifadə etdiyi ov tüfəngi evdə olmuş, bir neçə dəfə fərdi qaydada heyvana gedən zaman çaqqal və çöl dovşanı vurmaq üçün istifadə etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, mərhum X15 onun doğma atasıdır. Hadisəni törətmiş Təqsirləndirilən şəxs qonşusu və eyni zamanda qohumudur. X20 Rüstəmov arasında əvvəllər hər hansı narazılıq, mübahisə, düşmənçilik və ya ədavət olmamışdır. Əksinə həm qonşu, həm də qohum kimi münasibətləri həmişə yaxşı, səmimi olmuşdur. 25 oktyabr 2020-ci il tarixdə saat 16 radələrində yaşadığı evdə olan zaman Hüseyn onu çağıraraq oğlu Ruslanın onun qapısına daş atdığını, uşağına tərbiyə verməsini demişdir. O, Hüseynin sözünə hörmətlə yanaşaraq oğlu Ruslanı danlamış, Ruslan isə ona Hüseyn əminin qapısına daş atmadığını bildirmişdir. Buna görə Hüseynə oğlunun onun qapısına daş atmadığını demişdir. Bundan sonra Hüseyn gözləmədiyi anda onun və uşaqlarının ünvanına “ölü-diri” söyüşü işlətmişdir. Mərhum anası Kübrənin 2020-ci ilin aprel ayında rəhmətə getməsi və ilinin hələ çıxmaması səbəbindən Hüseynin ona söyüş söyməsi ona pis təsir etmişdir. O, Hüseynə irad bildirərək nə üçün ölü-dirisinə söyüş söydüyünü soruşduqda Hüseyn ona “ölünə dirinə söyməyim bəs nəyinə söyüm”-deyə cavab vermişdir. O, dözməyərək Hüseyni söyməyə başlamışdır. Həmin vaxt rəhmətlik atası İsa onun yanına gələrək Hüseynə “utanmırsanmı söyüş söyürsən, heç olmazsa yaşından utan” dedikdə Hüseyn nalayiq ifadələrlə atasını da təhqir etməyə başlamışdır. Atası İsa da dözməyərək onu söymüşdür. Bundan sonra Hüseyn evə getmiş, atası isə onun yanından aralanaraq evin qarşı hissəsindəki təpəyə qalxmışdır. O, qardaşı Zaminin həyat yoldaşı Amura ilə söhbət etdiyi vaxt Hüseynin evindən güllə səsi eşitmiş və boylananda atası İsanın xəsarət alaraq yıxıldığını görmüşdür. Hüseyn evin önündə dayanmaqla əlində qoşalüləli ov tüfəngi saxlamışdır. Hüseyn tüfəngi əlində qatlamış və ikinci patronu tüfəngə doldurmaq istəyən zaman o, və həmkəndlisi Eldar Hüseynə tərəf qaçaraq ona mane olmuşlar. Eldar tüfəngi Hüseynin əlindən dartıb almışdır. Hüseyn atasını vurduğu üçün yumruqla və təpiklə onu döyməyə başlamışdır. Bu vaxt arvadı Səadət və azyaşlı uşaqları çığırmağa-ağlamağa başlamışlar. O, Hüseyndən aralanaraq evə tərəf getmiş, qardaşı Zamin isə Hüseyni döymüşdür. Onlar qaçaraq mərhumu yerə uzanmış şəkildə baş nahiyəsindən qan axdığını görmüşlər. İsanın sol bədən nahiyəsi torpağın üstündə olmaqla, sağ yanaq nahiyəsi aydın bir şəkildə görünmüşdür. Atasının yanağında deşilmiş yaralar aydın seçilmişdir. Onlar tez bir şəkildə atasını Eldarın oğlu Vüsalın idarə etdiyi avtomaşın ilə X28 xəstəxanasına gətirmişlər. Xəstəxanada həkimlər atasını müayinə edərək onun öldüyünü bildirmişlər. Onlar mərhumu götürərək evə gətirmişlər. Bundan sonra polis əməkdaşları gələrək atasının meyitini müayinə olunması üçün morqa aparmışlar. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi qoşalüləli ov tüfəngi ilə mərhum atası İsa Mustafayevə atəş zaman atasının tam yaxınlığında arvadı Şahid3, azyaşlı uşaqları X12 və X19 dayanmışlar və xoşbəxtlikdən patronda olan qırmalar onların heç birinə dəyməmiş və xəsarət almamışlar. Bundan başqa ifadəsində təqsirləndirilən şəxsdən şikayətçi olmaqla ona ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 oxşar məzmunlu ifadə verərək Tacir Mustafayevin ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, mərhum X15 onun atasıdır. 25 oktyabr 2020-ci il tarixdə günorta saatlarında qonşuluqda yaşayan əmisi oğlu Vidadi Hüseynova maşın düzəltməyə kömək etdiyi vaxt Təqsirləndirilən şəxs qardaşı uşaqlarını təhqir etməyə başlamışdır. Hüseyn onların ölüsünə və dirisinə söymüşdür. Buna görə o, Tacirin yanına gedərək ona “get uşağına tərbiyə ver, ölümüzə dirimizə söydürmə” demişdir. Tacir də azyaşlı oğlu Ruslanı buna görə danlamışdır. Bundan sonra o, maşını düzəltmək üçün Vidadinin evinə qayıtmışdır. Bu zaman o, atəş səsi eşitmişdir. Gəlinlərin və uşaqların ağlaşma səsi ətrafa yayılmışdır. O, qaçaraq atası İsanı yerə uzanmış şəkildə baş nahiyəsindən qan axdığını görmüşdür. Atasının sağ yanağında deşilmiş yaralar olmuşdur. Hüseyn onlarla üzbəüz yaşadığı evin önündə dayanmışdır. Hüseyn tüfəngdən atəş açıb atasını öldürdüyünə görə əsəbləşərək onun üzərinə getmişdir. Həmin vaxta kimi Eldar və qardaşı Tacir qoşalüləli ov tüfəngini onun əlindən almışlar. O, Hüseynə çatan kimi onu yerə yıxaraq döyməyə başlamışdır. Hüseynin arvadı Ülkər, Əfsaləddin və Eldar onu sakitləşdirmişlər. Bundan sonra atası Vüsalın maşını ilə xəstəxanaya aparılmışdır. Bir qədər sonra hadisə yerinə xəbəri eşidən qohumlar, qonşular, polis və prokurorluq əməkdaşları gəlmişlər. Hüseyn tüfəngdən atəş açdığı zaman mərhum atasının yanında həmçinin gəlinləri Səadət və onun azyaşlı uşaqları olmuşlar. Xoşbəxtlik nəticəsində tüfəngin patronunda olan qırmalar onlara dəyməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 oxşar məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisəni törətmiş Təqsirləndirilən şəxs yeznəsi, mərhum X15 isə mərhum atası Cavadın ögey qardaşıdır. X20 Rüstəmovun arasında əvvəllər hər hansı bir düşmənçilik və ya ədavət olduğunu eşitməmiş və görməmişdir. 25 oktyabr 2020-ci il tarixdə saat 16 radələrində yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs evindən səs-küy gəldiyindən nə baş verdiyini öyrənmək üçün evdən bayıra çıxmışdır. Təqsirləndirilən şəxs nalayiq ifadələrlə mərhum İsa Mustafayevin azyaşlı nəvələrini söyüb təhqir etmişdir. X17 azyaşlı nəvələrinin onun qapısına daş atması ilə bağlı olmuşdur. Bundan sonra X8 uşaqlarının səhv hərəkətinə görə onları danlamağa başlamışdır. Təqsirləndirilən şəxs uşaqların ünvanına “ölü-diri söyüşü” işlətdiyi üçün Tacir hadisənin baş verdiyi evin aşağı darvazasının önündə dayanaraq Təqsirləndirilən şəxs irad bildirib nə üçün onun ölüsünü və dirisini söydüyünü soruşduqda Hüseyn əsəbi halda ona “ölünə söyməyim bəs kimə söyüm”-deyə cavab vermişdir. Sonra Tacir də Təqsirləndirilən şəxs təhqir etməyə başlamış, Hüseyn isə yenidən Tacəddinin ata və anasına söymüşdür. Həmin vaxt rəhmətlik İsa Mustafayev söyüş söydüyü üçün Təqsirləndirilən şəxs irad bildirərək onun evinə tərəf getmiş, Tacəddingilin evinin yanında dayanmış, balaca uşaqlar da onun yanında olmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə tərəf getmiş, yaşadığı evdən qoşalüləli ov tüfəngi ilə çıxmış, Hüseyn qapıdan çıxanda yoldaşı Ülkər yanında olsa da yıxıldığından ona çata bilməmiş, qapıdan çıxdıqdan sonra qəflətən gözləmədiyi anda ov tüfəngini əlinə alaraq lüləsini İsa Mustafayevə tərəf tuşlayaraq tüfəngdən bir dəfə atəş açmış, yoldaşı atəş açandan sonra çölə çıxmış, açılan atəş nəticəsində tüfəngin patronunda olan qırmalar İsa Mustafayevə dəymişdir. Zərbənin təsirindən İsa Mustafayev durduğu yerdə yıxılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs tüfəngə ikinci patronu da doldurmaq üçün qoşalüləli ov tüfəngini əlində tutub qatlamışdır. Hüseyn tüfəngi doldurmaq istəyən zaman təxminən hadisə yerindən 20 metr aralıda dirəyin dibində dayanmış, Tacirlə birlikdə ona tərəf qaçaraq Hüseyni yerə yıxıb məcburi şəkildə tüfəngi onun əlindən almağa macal tapmışlar və ikinci dəfə onun tüfəngdən atəş açmasına imkan verməmişlər. Tacir və onun qardaşı Zamin Hüseynə yetirərək onu döyməyə başlamışlar. O, yenidən hər hansı xoşagəlməz hadisənin baş verə biləcəyinin qarşısını almaq üçün tüfəngi əlinə alaraq hadisə yerinə gələn qardaşı Vidadiyə vermişdir. Həmçinin hadisə yerindən 3 ədəd istifadə olunmamış patron və 1 ədəd boş giliz aşkar etmişdir. Tacir ilə Zamin durmadan Hüseyni döydükləri üçün macal tapıb onları aralamışdır. Hüseyn ayağa qalxıb çıxıb getmişdir. Bundan sonra o, Zamin, Tacir və həmkəndlisi X10 yanına qaçmışlar. Rəhmətlik İsa al qanın içərisində olmuşdur. Tacir və Əfsələddin vaxt itirmədən oğlu Vüsalın idarə etdiyi “VAZ 2106” markalı maşını ilə İsa Mustafayevi xəstəxanaya aparmışlar. Bundan sonra hadisə yerinə xəbəri eşidən qohumlar, qonşular və polis əməkdaşları gəlmişlər. Təqsirləndirilən şəxs evdə olduğu üçün polis əməkdaşları onu tutub saxlamışlar. İfadəsinə əlavə olaraq göstərmişdir ki, mərhum İsa dayandığı vaxt Tacəddinin uşaqları İsa, Tunar və yoldaşı da orada olmuş, onları özü də görmüş, İsa kişi ilə uşaqların arası təxminən 1 metr olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Hadisə nəticəsində ölmüş X15 onun qonşusudur. Təqsirləndirilən şəxsla İsa Mustafayev arasında əvvəllər hər hansı bir narazılıq, mübahisə, düşmənçilik və ya ədavət olmamışdır. Hadisədən əvvəl mərhum İsa Mustafayevin azyaşlı nəvələri mütəmadi olaraq onların evinin dəmir hasarına daş atmaqla onları narahat etmişlər. Uşaqların bu hərəkətləri həyat yoldaşı Hüseyni qəzəbləndirmişdir. X13 özünə və onun ailə üzvlərinə uşaqlara öyüd nəsihət və tərbiyə verməsini demişlər. 25 oktyabr 2020-ci il tarixdə saat 16 radələrində İsa Mustafayevin nəvələri yenidən qapıya daş atmışlar. Bundan sonra Hüseyn evin önünə çıxaraq sərt şəkildə Səadətə uşaqlarına tərbiyə verməsini demişdir. X8 uşaqlarını buna görə danlamışdır. Hüseyn uşaqların ünvanına “ölü-diri söyüşü” işlətdiyi üçün Tacir ona irad bildirib nə üçün ölüsünü və dirisini söydüyünü soruşduqda Hüseyn ona “ölünə söyməyim, bəs kimə söyüm?” –deyə cavab vermişdir. Hüseynin söyüş söyməsi Taciri qəzəbləndirmiş, çünki onun mərhum anası Kübrə bir il əvvəl rəhmətə getmişdir. Tacir də öz növbəsində Hüseyni təhqir etmişdir. Mübahisə zamanı rəhmətlik İsa Mustafayev yaşadığı evin önünə çıxaraq Hüseyni təhqir etməyə başlamışdır. Onlar bir-birilərini qarşılıqlı olaraq söymüşlər. Hüseyn qəflətən qəzəblənərək iti addımlarla evə doğru getmişdir. Hər hansı xoşagəlməz hadisənin baş verə biləcəyinin qarşısını almaq üçün onun arxasınca getmişdir. Hüseyn evin qonaq otağındakı çarpayının altında olan qoşalüləli ov tüfəngini əlinə götürərək tüfəngi patronla doldurmuşdur. Ona mane olmaq istəsə də edə bilməmişdir. Buna görə cəld hərəkət edərək Hüseyndən əvvəl çölə çıxıb qapını kilidləmiş, daha sonra evin önünə çıxaraq Səadətgilə demişdir ki, qaçıb gizlənsinlər. Bu vaxt Hüseyn evin həyətə baxan pəncərəsini açıb qışqıraraq qapını açmasını demişdir. O, qorxmuşdur ki, Hüseyn pəncərədən atəş aça bilər. Buna görə tez evə qayıdıb qapını açmışdır. Hüseyn pilləkəndən həyətə düşüb darvazadan evin önünə çıxıb qəflətən gözləmədiyi anda qoşalüləli ov tüfəngini əlinə götürərək lüləsini İsa Mustafayevə tərəf tuşlamışdır. O, ona mane olmaq istəsə də təzyiqi olduğuna və qəflətən halı dəyişdiyinə görə ayaqları dolaşdığından yerə yıxılmış və ona mane ola bilməmişdir. Hüseynə mane ola bilməyib yıxıldığı vaxt Hüseyn tüfəngdən bir dəfə atəş açmış və tüfəngin patronunda olan qırmalar İsa Mustafayevə dəymişdir. Zərbənin təsirindən İsa Mustafayev xəsarət alaraq yerə yıxılmışdır. Bundan sonra Hüseyn ikinci patronu tüfəngə doldurmaq məqsədilə tüfəngi əlində qatlamışdır. Hüseyn patronu tüfəngə doldurmaq istəyən zaman qardaşı Eldar və Tacir Hüseynə tərəf qaçaraq onu tutmuşlar. Eldar macal tapıb tüfəngi onun əlindən almışdır. Tacir isə Hüseyni döyməyə başlamışdır. Qadınlar ağlamağa başlayan kimi Tacir evə doğru qaçmış, İsanın digər oğlu Zamin isə Hüseynə çataraq onu vurmağa və döyməyə başlamışdır. Zamin məcburi şəkildə Hüseyni tutub sürütləyərək yola çıxartmış və onu boğmağa başlamışdır. O və kiçik qızı onları aralamağa başlamışlar. X27 tutub Hüseyndən aralamışdır. Hüseyn ayağa qalxandan sonra çıxıb getmişdir. Hadisə yerində çoxlu sayda kənd camaatı toplaşmışdır. Daha sonra hadisə yerinə xəbəri eşidən qonşular, qohumlar, polis və prokurorluq əməkdaşları gəlmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, mərhum X15 onun babasıdır. Hadisəni törətmiş Təqsirləndirilən şəxs isə qonşusudur. Hadisəyə qədər babası İsa onlarla qonşuluqda yaşamışdır. 25 oktyabr 2020ci il tarixdə saat 16 radələrində yaşadığı evin yaxınlığında oynayan zaman Təqsirləndirilən şəxs məxsus evin qarşısında əkilmiş qoz ağacına daş atdığı vaxt daş onun evinin dəmir hasarına dəymişdir. Bundan sonra Hüseyn yaşadığı evin önünə çıxaraq pis-pis söyüşlərlə onu təhqir etməyə başlamışdır. Səs-küyə atası Tacir və anası Səadət bayıra çıxmışlar. Hüseyn atasına müraciət edərək “uşağına tərbiyə ver” demişdir. Atası onun yanına gələrək onu danlamış və şillə ilə bir dəfə üzündən vurmuşdur. O, qorxduğu üçün Hüseynə məxsus evin dəmir hasarına daş atmadığını demişdir. Bundan sonra atası Tacir və Hüseyn sözlə mübahisə etməyə başlamışlar. O, qorxduğu üçün qonşusu Talehin evinə getmiş və həmin gün orada qalmışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ov tüfəngi ilə babası İsa Mustafayevə bir dəfə atəş açaraq onu öldürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, mərhum X15 onun atası ilə əmizadə olmaqla, xaraktercə sakit, heç kəslə işi olmayan insan olmuşdur. 25 oktyabr 2020-ci il tarixdə saat 14:50-də mərhum X9 ona zəng edərək Vidadinin avtomobilini təmir etdiklərini, kömək lazım olduğunu bildirmiş, piyada qonşuluqda yaşayan Vidadinin evinə getmiş və orada Zamin, Vidadi və Eldarı görmüşdür. Onlara köməklik etmiş və avtomobili aşağı düşürmüşlər. Bundan sonra Eldar evinə getmişdir. Eldar qonşuluqda yaşayır və onun evi ilə Vidadinin evi təxminən 150 metr məsafədə yerləşir. Eldar getdikdən təxminən 1 dəqiqə sonra oğlu Vüsal gəlmişdir. O, köməklik etdikdən sonra iribuynuzlu heyvanları otlaqdan gətirmək üçün Vidadinin evindən çölə çıxmış və bu zaman səs-küy eşitmişdir. Bu vaxt onlar Təqsirləndirilən şəxs səsini eşitmişlər. Hüseyn Tacirin uşaqlarını söyərək təhqir etmişdir. Mərhum isanın oğlu Zamin böyük qardaşı Taciri danlayaraq ona “uşaqlarına nəsihət ver, ölümüzə-dirimizə söydürmə” demişdir. Mərhum İsanın arvadı Kubra 2020-ci ilin may ayında vəfat etmişdir və bu səbəbdən mərhumun oğlanları həssas olmuşlar. O, geri qayıtmış və içəri daxil olduqda Vidadinin avtomobilini işə salmasını görmüşdür. Avtomobilin səsinə görə, çöldəki səs kəsilmiş və onlar çöldə nə baş verdiyini görməmişlər. Vidadinin evində o, Vüsal, Zamin və Vidadi özü olmuşdur. Vidadinin avtomobili işləyə-işləyə atəş səsi eşitmiş və dərhal hamı çölə qaçmışdır. Mərhum İsanın gəlinləri evin çöl tərəfində olmuşlar. Gəlinlərinin və nəvələrinin səsi ətrafa yayılmışdır. Onlar qaçaraq mərhum İsanı yerə uzanmış şəkildə baş nahiyəsindən qan axdığını görmüşlər. İsanın sol bədən nahiyəsi, o cümlədən, sol yanaq hissəsi torpağın üstündə olmaqla sağ yanaq nahiyəsi aydın bir şəkildə görünmüşdür. Yanaq nahiyəsində deşilmiş yaralar aydın seçilmişdir. Sonra İsanı dərhal Eldarın oğlu Vüsalın avtomobilinə qoyaraq Şəmkir rayon X28 xəstəxanasına aparmışlar. Xəstəxanada onlara İsanın ölməsi deyilmişdir. Onlar mərhumu götürərək evə qayıtmışlar. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Şəmkir rayon şöbəsi tərəfindən təqdim edilmiş “canlı şəxsin ekspertizası”na dair 26.10.2020-ci il tarixli 1381 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-alın nahiyəsinin sol yarısının, burunun orta üçdə birinin, hər iki qulaq seyvanının, sağ gözaltı və çənəaltı nahiyənin qançırları küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 25 oktyabr 2020-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqlari üçün ağırlıq dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Şəmkir rayon Şöbəsi tərəfindən təqdim edilmiş 25.10.2020-ci il tarixli 30 №-li meyitin ekspertizasına dair rəyindən görünür ki, X1 meyitinin baş nahiyəsində dəlib keçən qırmalı odlu silah yarası aşkar edildi. Yaranın giriş dəliyi sağ yanağın orta üçdə birində sağ çənə oynağı və sağ qulaq seyvanı nahiyəsində yerləşir, çıxış dəliyi isə alın nahiyəsinin sol yarsında şərti orta mərkəzi xətdən 1 sm solda, sol qaşüstü nahiyədə yerləşir. Beləliklə, yara kanalının istiqaməti sağdan sola, aşağıdan yuxarıya və qismən arxadan önə doğrudur. Yara kanalı boyunca dəri toxuması sağ qulaq seyvanı, sağ gicgah sümüyü, sağ çənə oynağı nahiyəsi, ön kəllə çuxuru, kəllə qapağı sümükləri və baş beyin toxuması zədələnmişdir. X1 baş nahiyəsində aşkar edilmiş dəlib keçən odlu silah yarası patronu qırma (karteçlə) doldurulmuş odlu silahdan, ola bilsin ki, qoşalüləli ov silahından atəşin əlavə faktorlarının təsir etmədiyi uzaq məsafədən açılmış bir atəş nəticəsində torənmişdir, həyatidir, törənmə müddəti qərarın təsviri hissəsində gostərilən 25 oktyabr 2020-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdir. X1 ölümünə səbəb odlu silah yaralanması nəticəsində baş beyin toxumasının əzilib dağılması olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X1 ölümü meyitin müayinəyə başlanmasından 2-3 saat əvvəl baş vermişdir. X1 baş nahiyəsində aşkar edilmiş odlu silah yarasının giriş və çıxış dəliyinin lokalizasiyasına, yara kanalının istiqamətinə əsasən onu demək olur ki, atəş açan şəxs zərərçəkmişin sağ arxa yan tərəfində ayaq üstə duruş vəziyyətində olması daha çox ehtimal olunur. X1 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatının nəticəsində etil spirti və narkotika maddə aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi tərəfindən təqdim edilmiş maddi sübutların məhkəmə ekspertizasına dair 04 dekabr 2020-ci il tarixli 891/2020-MTBŞ nömrəli rəyindən görünür ki, X3 ABO sistemi üzrə qrup göstəricisi: Balfa /H/(İİİ). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: O(İ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş İ.G.Mustafayevə məxsus pencək, şalvar, qolsuz jilet, uzunqol köynək, qolsuz mayka, Təqsirləndirilən şəxs məxsus pencək, cins şalvar, boz rəngli sviter, qısaqol köynək və 06 ədəd çubuqlu pambıq tamponlar üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri bir şəxsə məxsus olduğu halda Balfa /H/ qruplu X6 məxsus ola bilər. Lakin ləkələrdə qanın qarışıq olduğu halında isə həmçinin Oalfa, beta (İ) qruplu Təqsirləndirilən şəxs da qarışıq qanının olması inkar olunmur (əgər hadisə zamanı sonuncuda qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonervoloji Dispanserindən təqdim edilmiş ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 17.11.2020-ci il tarixli, 629/283 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki ruhi (psixi) xəstəlik, ruhi (psixi) fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki ruhi (psixi) xəstəlik, ruhi (psixi) fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs fərdipsixi xüsusiyyətləri aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri nəzərə alınaraq hazırki cinayət əməlini törədən vaxt güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt vəziyyətində) olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 22.12.2020-ci il tarixli 3/1915;1916 №-li məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd silah-1963-cü ildə, keçmiş SSRİ-də, Tula silah zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibri, “Б” modelli, 137149-63 №-li, xarici çaxmaqlı, qoşalüləli tüfəngdir, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir, eləcə də lülələri və qundağı kəsilməmişdir, nişangahının arpacığı yerində yoxdur, lakin həmin detalın olmaması ilə silahın təyinatında dəyişiklik və ondan istifadə olunarkən çətinlik, nasazlıq yaranmamışdır-yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, hər iki lüləsindən atəş açmaq üçün yararlıdır və döyüş vəziyyətinə gətirib tətiyini çəkmədən, ondan öz-özünə atəş açılmır. Həmin silahın da aid olduğu yivsiz odlu ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış 16 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, 5 mm diametrli qırmalar 500 metr məsafəyə, o cümlədən karteçlər diametrlərindən asılı olmaqla müvafiq məsafələrə, 30-40 dərəcə bucaq altında atılan güllələr təxminən 1000-1500 metr məsafəyə uça və həmin məsafələr daxilində hədəfə (o cümlədən canlı hədəfə) müvafiq zədə yetirə bilərlər. -Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd patron - zavod üsulu ilə hazırlanmış 16 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar və təyinatları üzrə istifadəyə, atəşə yararlıdırlar. - Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd giliz-zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsidir-gilizidir. Həmin giliz, tədqiqata təqdim edilmiş 16 kalibrli, “Б” modelli, 137149-63 №-li qoşalülə tüfənginin sağ lüləsindən atılmışdır. - Tədqiqata təqdim edilmiş 1( bir) ədəd metal predmet - zavod üsulu ilə hazırlanmış, müxtəlif kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, atəş komponentinin atəşlə ayrılmış hissəsidir karteçdir, lakin əzilib intensiv deformasiya olduğu üçün dəqiq diametrini müəyyən etmək mümkün deyildir. Təyinatına uyğun olaraq, həmin karteçin təqdim olunmuş 1 (bir) ədəd 16 kalibrli gilizə digər atəş komponentləri ilə birlikdə doldurulmasi ilə hazırlanmış patrondan istifadə olunmaqla, təqdim edilmiş 16 kalibrli, “Б” modelli, 137149-63 №-li qoşalülə ov tüfəngindən də atəş açılması mümkündür, lakin karteçin üzərində doldurulduğu gilizin daxili divarlarından və atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, həmin karteçin atəş komponenti kimi təqdim edilmiş 01 ədəd 16 kalibri gilizə, yaxud başqa hansısa bir konkret bir gilizə doldurulub-doldurulmadığını və eləcə də həmin gilizdən və təqdim edilmiş 16 kalibrli, “Б” modelli, 137149-63 №-li qoşalülə ov tüfəngindən, yaxud başqa hansısa konkret bir silahdan atıb-atılmadığını müəyyən etmək mümkün deyildir. -Tədqiqata təqdim edilmiş qoşalüləli ov tüfənginin lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, həmin ov tüfəngindən atəş (atəşlər) açılmışdır. Lakin müvafiq elmi metodika olmadığından atəş(lər)in vaxtını və sayını müəyyən etmək mümkün deyildir. -Tədqiqata geyim əşyaları təqdim edilmədiyindən və Məhkəmə-Tibbi Ekspertizasının 25 oktyabr 2020 tarixli 30 №-li rəyinin nəticəsinə əsasən, zədə baş nahiyyəsində olduğundan, qərarda qoyulmuş “12) X11 münasibətdə atəşin istiqaməti və məsafəsi müəyyən edilsin. 13) Atəş açılan zaman zərərçəkmiş İsa Mustafayevin vəziyyəti müəyyənləşdirilsin? suallarına məhkəmə tibbi ekspertinin rəyinin nəticəsində cavab verilmişdir. İş materiallarına əlavə edilmiş 418 nömrəli 25.10.2020-ci il tarixli "sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə" protokolundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sərxoş (0,4 promill) vəziyyətdə olmuşdur. İş materiallarına əlavə olunmuş 25.10.2020-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 120.1-ci maddəsilə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş Şəmkir rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli “təqsirləndirilən şəxs barəsində prosessual məcburiyyət tədbirinin tətbiqinə dair” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 25 oktyabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəmkir rayon Polis şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına 16 çaplı, 2 lüləli, 137149-63 nömrəli ov tüfəngi Şəmkir RPŞ-də qeydiyyata alınmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası TƏBİB Şəmkir rayon Mərkəzi Xəstəxanasının “Publik hüquqi şəxsi” Konsultativ poliklinika şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Konsultativ poliklinikasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda dayanmır. İş materiallarına əlavə olunmuş Şəmkir RİH Başçısının İrmaşlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, İrmaşlı kəndində arvadı Şahid2 və qızı X7 ilə birlikdə yaşamışdır. İş materiallarına əlavə olunmuş Şəmkir RİH Başçısının İrmaşlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Tacir və Zamini qorxutmaq məqsədilə qoşalüləli ov tüfəngini əlinə alaraq lüləsini göyə tutub atəş açmaq istəyərkən arvadı Ülkər tüfəngin lüləsini tutub aşağı çəkdiyindən barmağı tətikdə olduğuna görə tüfəngdən bir dəfə atəş açılmış, həmin vaxt atəşin havaya açıldığını düşünmüş, tüfəngin patronunda olan qırmalar hasarın üstündən keçmişdir. Polis şöbəsinə gətirilən zaman tüfəngin patronunda olan qırmaların İsa Mustafayevə dəydiyini və onun öldüyünü bilmişdir. Tüfəngi götürməkdə məqsədi Tacirlə Zamini qorxutmaq olmuş, kimisə öldürmək məqsədi olmamış, atəş açılan vaxt yaxınlıqda heç kimi, o cümlədən İsa Mustafayevi görməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi həmin ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni işin faktiki hallarına uyğun olmayan, uydurma, məsuliyyətini yüngülləşdirməyə xidmət edən ifadə kimi qəbul edir. Məhkəmə tərkibi onun təqsirinin zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə öz təsdiqini tapdığını hesab edir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, baş vermiş münaqişə zamanı Hüseyn evin qonaq otağındakı çarpayının altında olan qoşalüləli ov tüfəngini əlinə götürərək tüfəngi patronla doldurmuş, ona mane olmaq istəsə də bunu bacarmamış, cəld hərəkət edərək Hüseyndən əvvəl çölə çıxıb qapını kilidləmiş, daha sonra evin önünə çıxaraq Səadətgilə qaçıb gizlənmələrini demiş, həmin vaxt Hüseyn evin həyətə baxan pəncərəsini açıb qışqıraraq qapını açmasını bildirdiyindən Hüseynin pəncərədən atəş aça biləcəyindən ehtiyat edib tez evə qayıdaraq qapını açmış, Hüseyn pilləkəndən həyətə düşüb darvazadan evin önünə çıxıb qəflətən gözləmədiyi anda qoşalüləli ov tüfəngini əlinə götürərək lüləsini İsa Mustafayevə tərəf tuşlamış, həmin vaxt ona mane olmaq istəsə də təzyiqi olduğuna və qəflətən halı dəyişdiyinə görə ayaqları dolaşdığından yerə yıxılmış, Hüseynə mane ola bilməyib yıxıldığı vaxt Hüseyn tüfəngdən bir dəfə atəş açmış və tüfəngin patronunda olan qırmalar İsa Mustafayevə dəymişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 da oxşar məzmunlu ifadə verməklə münaqişə zamanı Təqsirləndirilən şəxs yaşadığı evə tərəf gedərək yaşadığı evdən qoşalüləli ov tüfəngi ilə çıxdığını, Hüseyn qapıdan çıxanda yoldaşı Ülkərin onun yanında olsa da yıxıldığından ona çata bilmədiyini, qapıdan çıxdıqdan sonra qəflətən gözləmədiyi anda ov tüfəngini əlinə alaraq lüləsini İsa Mustafayevə tərəf tuşlayaraq tüfəngdən bir dəfə atəş açdığını, atəş açılandan sonra yoldaşı Ülkərin çölə çıxdığını, açılan atəş nəticəsində tüfəngin patronunda olan qırmaların İsa Mustafayevə dəydiyini göstərmişdir. Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 və şahidlərin ifadələri ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qoşalüləli ov tüfəngi ilə İsa Mustafayevə atəş açan zaman sonuncunun tam yaxınlığında Şahid3, azyaşlı uşaqlar X12 və X19 dayanmışlar. Göründüyü kimi Təqsirləndirilən şəxs ifadəsində tüfəngi götürməkdə məqsədinin Tacirlə Zamini qorxutmaq olduğunu, İsa Mustafayevi öldürmək məqsədinin olmadığını, ona məqsədyönlü şəkildə atəş açmadığını, atəş açılan vaxt yaxınlıqda heç kimi, o cümlədən İsa Mustafayevi görməməsilə bağlı göstərdiyi hallar tamamilə təkzib olunmuşdur. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının 3-cü bəndində göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Təqsirkar ümumi təhlükəli üsulla zərərçəkmişi öldürərkən başqa şəxsi də həyatdan məhrum etmişsə onun əməli CM-nin 120.2.4-cü maddəsi ilə yanaşı, 120.2.7-ci maddəsi ilə, belə şəxslərin səhhətinə zərər vurmuşsa zərərin dərəcəsindən asılı olaraq sağlamlığa zərər vurmağa görə məsuliyyət nəzərdə tutan CMnin müvafiq maddəsi ilə də tövsif edilməlidir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 120.2.4 -cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı Qərarının 21ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cinayətin odlu silahdan törədilməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qəbul edir. Azərbaycan Respublikasının CM-in 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayətlər təsnifatına aid edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan- ölmüş zərərçəkmiş X6 məxsus paltarlar – bir ədəd boz rəngli pencək, bir ədəd bozumtul-tünd göy rəngli qolsuz jilet, bir ədəd uzunqol köynək, bir ədəd qolsuz mayka və bir ədəd qaramtıl rəngli şalvar ölmüş zərərçəkmiş şəxsin yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs paltarları – bir ədəd göy rəngli cins şalvar, bir ədəd boz rəngli sviter, bir ədəd boz rəngli pencək və bir ədəd boz rəngli qısaqol köynək təqsirləndirilən şəxs R.Hüseynovun yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş 6 ədəd hər iki tərəfi qana şübhəli ləkələrə batırılmış pambıq çöp, bir ədəd boş giliz, zərərçəkmiş şəxs İsa Mustafayevin başından çıxarılmış deformasiyaya uğramış bir ədəd qırma (karteç) məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1. maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulduğundan, Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, Şahid1 təqdim etdiyi bir ədəd 16 kalibrli, “B” modelli, 137149- 63 №li qoşalüləli ov tüfəngi və üç ədəd patron dövlət nəfinə müsadirə olunaraq DİN-nin silah-sursat anbarına təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 104 (bir yüz dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 16 (on altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 25 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan- ölmüş zərərçəkmiş X6 məxsus paltarlar – bir ədəd boz rəngli pencək, bir ədəd bozumtul-tünd göy rəngli qolsuz jilet, bir ədəd uzunqol köynək, bir ədəd qolsuz mayka və bir ədəd qaramtıl rəngli şalvar ölmüş zərərçəkmiş şəxsin yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs paltarları – bir ədəd göy rəngli cins şalvar, bir ədəd boz rəngli sviter, bir ədəd boz rəngli pencək və bir ədəd boz rəngli qısaqol köynək təqsirləndirilən şəxs R.Hüseynovun yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş 6 ədəd hər iki tərəfi qana şübhəli ləkələrə batırılmış pambıq çöp, bir ədəd boş giliz, zərərçəkmiş şəxs İsa Mustafayevin başından çıxarılmış deformasiyaya uğramış bir ədəd qırma (karteç) məhv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1. maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulduğundan, Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, Şahid1 təqdim etdiyi bir ədəd 16 kalibrli, “B” modelli, 137149- 63 №li qoşalüləli ov tüfəngi və üç ədəd patron dövlət nəfinə müsadirə olunaraq DİN-nin silah-sursat anbarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəflərinə aid olan 104 (yüz dörd) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar