Məhkəmə qərarları › İş №1(100)-154/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-154/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-154/2023 22.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1974-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, ünvan 1 ünvanda yaşamış, hazırda Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar hesab edilən təmiz çəkisi 3,36 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində saxlamaqla daşımış və xx.xx.2021-ci il tarixdə saat 14:30 radələrində Gəncə şəhər Kəpəz rayon Polis Bölməsinin (hazırda 4-cü polis bölməsinin) əməkdaşlarının keçirmiş olduğu əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ə.Əliyev prospektində yerləşən N saylı hərbi hissənin qarşısında saxlanılaraq Gəncə şəhər Kəpəz rayon Polis Bölməsinin (hazırda 4-cü polis bölməsinin) inzibati binasına gətirilmiş və həmin polis bölməsində onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan ağgöy rəngli köynəyin sağ cibindən təmiz çəkisi 3,36 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər dəfələrlə məhkum edilmişdir. O, narkotik vasitə olan heroin qəbul edir. 14 iyul 2021-ci il tarixdə saat təxminən 14 radələrində Gəncə şəhəri, Ə.Əliyev prospektində yerləşən N saylı hərbi hissənin yaxınlığında olan zaman mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər. Ona üzərində qanunsuz narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Gəncə şəhər Kəpəz RPB-yə gətirmişlər. Orada polis əməkdaşları onun cibinə narkotik vasitə qoymuşlar. Polis əməkdaşları ona fiziki təzyiq göstərmişlər ki, həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etsin. Lakin o, həmin narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Sonradan polis əməkdaşlarının ona göstərdikləri fiziki təzyiqlər nəticəsində o, həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi izahatında, şübhəli şəxs qismində, sonra isə təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, narkotik vasitə olan heroini çəkmə yolu ilə qəbul edir. Həmçinin psixotrop maddə olan metamfetamin istifadə edir. 14 iyul 2021-ci il tarixdə saat təxminən 14 radələrində Gəncə şəhəri, Ə.Əliyev prospektində yerləşən N saylı hərbi hissənin yaxınlığında olan zaman mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər və ona üzərində qanunsuz narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Gəncə şəhər Kəpəz RPB-yə gətirmişlər. Şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına vəkil X6 müdafiəçi təyin edilmiş və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi bildirilmişdir. O da həmin vaxt əynində olan ağ-göy rəngli köynəyin sağ cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş halda narkotik vasitə heroini çıxardaraq təqdim etmişdir. Həmin kütlənin narkotik vasitə heroin olduğunu, tutulmamışdan təxminən 5 gün qabaq Gəncə şəhəri, Dəmiryolu adlanan ərazidə tanımadığı şəxsdən 50 manata aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin narkotik vasitədən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və kütlənin ümumi çəkisi sellofanla birlikdə 3,53 qram olmuşdur. Bundan sonra həmin kütlə tərkibinin və miqdarının dəqiq müəyyən edilməsi üçün ekspertizaya təqdim etmək məqsədi ilə qablaşdırılaraq götürülmüş və üzəri möhürlənərək imzalarla təsdiq olunmuşdur. O, saxlanılan andan hal-hazıra qədər olan müddət ərzində ona qarşı hər hansı bir fiziki güc tətbiq etmə, döymə halları baş verməmişdir. O, bu günə qədər heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamış, heç kimə pay olaraq və ya borc olaraq verməmişdir (iş vərəqə: cild İ, səh.27-28, 41-42, 51-53). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı fərqli ifadələr verməsinin səbəbini həmin vaxt onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ona fiziki təzyiq etməsi ilə əlaqədar olduğunu bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 iyul 2021-ci il tarixdə saat təxminən 13:30 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsində xidmətdə olan zaman məlumat daxil olmuşdur ki, Gəncə şəhər sakini İlham adlı şəxs üzərində narkotik vasitələri daşımaqda şübhəlidir və hal-hazırda Ə.Əliyev prospektində, N saylı hərbi hissənin yaxınlığındadır. Daxil olmuş məlumat idarə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış və o, sahə rəisi Şahid2 ilə birlikdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ə.Əliyev prospektində yerləşən N saylı hərbi hissənin yaxınlığında saxlayaraq Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinə gətirmişlər. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra video çəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cibindən 1 ədəd sellofana bükülmüş halda ilk baxışdan narkotik vasitə heroinə bənzər kütləni çıxardaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu, tutulmamışdan bir neçə gün qabaq tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin narkotik vasitədən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və kütlənin ümumi çəkisi xatırladığı qədər 3,53 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə tərkibinin və miqdarının dəqiq müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırılaraq götürülmüş və üzəri möhürlənərək imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik alqı-satqısı zamanı aşkar edə bilməmiş, onun narkotik vasitə satmasına dair və yaxud narkotik satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına, bu məqsədlə müəyyən hərəkət etməsinə dair hər hansı məlumat və sübutlar əldə edə bilməmişlər. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin üzərində şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı fiziki və ya digər təsir, təzyiq göstərilməmiş, hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Prosessual hərəkətlər təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə keçirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilməməsi və ya cibinə narkotik vasitənin qoyulması kimi ifadəsində bildirdikləri tamamilə əsassız və özündən uydurma fikirlər olmaqla heç bir həqiqəti əks etdirmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətdən kənarda qalmaq məqsədilə verdiyi özünü müdafiə xarakterli yalan məlumatlardır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 14 iyul 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və 31 iyul 2021-ci il tarixli “video diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla saxlanması qadağan edilmiş əşyanın olub-olmadığı soruşulan zaman Təqsirləndirilən şəxs əynində olan ağ-göy rəngli köynəyin sağ cibindən 1 (bir) ədəd ağ rəngli sellofana bükülmüş halda ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərkən çəkisi 3.53 qram olmuşdur. Sonra həmin kütlə zərfə qoyularaq möhürlənmiş və imzalanmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu, təxminən 5 gün qabaq tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin narkotik vasitədən heç kimə satmadığını bildirmişdir (iş vərəqə: cild İ, səh.23-24, 74). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 15 iyul 2021-ci il tarixli, 16/700 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddə heroin” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 3,36 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (iş vərəqə: cild İ, səh.32-34). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 06 avqust 2022-ci il tarixli, 1121 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəricəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac var. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.236). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Bölməsinin xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddəni satdığı şəxslərin, o cümlədən onun narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi ilə bağlı bir sıra əməliyyat axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə edilməmişdir (iş vərəqə: cild İ, səh.91). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 18 avqust 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən təqdim edilmiş 1 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə başqa mobil telefonlar vasitəsi ilə edilmiş giriş və çıxış zənglərin və mesajlarla bağlı məlumatların olmasına dair CD diskdə Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir (iş vərəqə: cild 1, səh.235). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 19 avqust 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,16 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Gəncə şəhər Baş Polis İdarəsində saxlanca təhvil verilmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aparılmış videoçəkilişin yazıldığı 01 ədəd DVD disk maddi sübut növü kimi qəbul edilib cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.238-251). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 14 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 iyul 2021-ci il tarixdə, saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.16). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 16 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 iyul 2021-ci il tarixdə, saat 14:10-da Gəncə şəhər Baş Polis İdarəsinin X3 azad edilmişdir (iş vərəqə: cild İ, səh.62-63). Cinayət işinin materiallarına əlavə edilmiş 23 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.97-99). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş və onun həmin həmin məhkumluqları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən ödənilmişdir (iş vərəqə: cild İ, səh.214-216), bundan başqa Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 1(043)-11/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 06 yanvar 2021-ci il tarixdən 08 yanvar 2021-ci il tarixədək tutulduğu 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanımış, cəzaçəkmə müddətinin başlanğıcı 02 sentyabr 2021-ci il tarixdən hesablanmışdır (iş vərəqə: cild İ, səh.163- 178). Cinayət işinin materiallarına əlavə edilmiş Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından məhkəməyə ünvanlanmış 14 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası 28 fevral 2023-cü il tarixdə başa çatır (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının 28 fevral 2023-cü il tarixdə başa çatacağı ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-nin 155-ci maddəsinin tələblərinə əsasən onun barəsində həbs qətimkan tədbiri seçilmişdir (cinayət işinin materialları). Beləliklə də, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşımağa görə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ümumi çəkisi 3,36 qram təşkil edən heroin narkotik vasitəsini satış məqsədi olmadan əldə edib özündə saxlaması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin hər hansı miqdarda satışı ilə məşğul olması və ya narkotik vasitəni məhz satış məqsədilə üzərində saxlaması nə şahid ifadələri, nə onun barəsində daxil olan əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid1 və sahə rəisi Şahid2 verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ibtidai istintaqın gedişi zamanı verilən istintaq tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını və ya satış məqsədilə saxlamasını müəyyən edə bilmədiklərini göstərmişlər. Məhkəmə baxışı zamanı tədqiq olunan 09 avqust 2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan da görünür ki, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satdığı şəxslərin dairəsinin müəyyən edilməsi mümkün edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tədqiq olunan, onun ibtidai araşdırma zamanı verdiyi izahatından, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən görünür ki, o, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, konkret olaraq kiməsə narkotik vasitə satdığını və ya belə bir məqsədinin olduğunu ümumiyyətlə göstərməmiş, həmin izahat və ifadələrində də ondan aşkar edilmiş heroin narkotik vasitəsini özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə, həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvala «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya" əsasən "heroin" narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qram müəyyən edilmişdir. Yəni, Təqsirləndirilən şəxs aşkar edilmiş heroin narkotik vasitəsinin kütləsi 3,36 qram olduğundan külli miqdar kimi qəbul edilməlidir. Lakin Təqsirləndirilən şəxs aşkar edilmiş heroin narkotik vasitəsinin kütləsinin 3,36 qram olmaqla külli miqdar kimi qəbul edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitə aşkar edilərkən nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə edib saxlaması, konkret şəxslərlə narkotik vasitənin alqısatqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə narkotik vasitə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə və ya onun ünvanında narkotik vasitələrin çəkilməsinə dair, onun xırda bağlamalara bükülməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. Həmçinin cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrə ilə daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnləri ilə bağlı məlumatların ələ keçirilməsi üçün müvafiq sorğularla əlaqədar "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD diskdə olan məlumatlarda da Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir (iş vərəqə: cild 1, səh.235). Göstərilənlərdən başqa, qeyd edilməlidir ki, cinayət işinin materiallarına əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs barəsində 15 iyul 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, o, 14 iyul 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs kimi tutulmuş, həmin vaxt izahat verərkən üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını və belə bir məqsədinin də olmadığını bildirmiş, 15 iyul 2021-ci il tarixdə şübhəli şəxs kimi dindirilərkən də üzərindən aşkar edilmiş şəxsi narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını və belə bir məqsədinin də olmadığını bildirmiş, bundan sonra o, 16 iyul 2021ci il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və təqsirləndirilən şəxs kimi də dindirilərkən narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını və belə bir məqsədinin də olmadığına dair ifadəsini bir daha təsdiq etmiş, daha sonra ibtidai istintaq zamanı verilmiş əməliyyat tapşırıqları ilə Təqsirləndirilən şəxs narkotik vasitəni satdığı şəxslərin dairəsinin müəyyən edilməsi mümkün olmamış, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəsi ilə bağlı zənglər və mesaj mətnlərinə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlarda da onun satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumatlar aşkar edilməmiş, eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitələrdən istifadə etdiyi və heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi müəyyən olunmuşdur. Lakin sonradan 19 avqust 2022-ci il tarixdə heç bir yeni hallar, buna dair hər hansı sübutlar və yaxud hansısa real məlumatlar müəyyən edilməsə də, onun əməli heç bir əsas olmadan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız narkotik maddənin külli miqdar həddində olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib daşıyaraq saxlaması kimi qiymətləndirmişdir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkotik vasitə olan heroindən asılılığı olan və narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsdən aşkar edilmiş narkotik vasitənin yalnız külli miqdar həddində olması əsasına görə, satış məqsədinə dair heç bir sübutlar olmadığı təqdirdə, yalnız ehtimal və fərziyyələrə əsaslanmaqla onun məqsədinin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi qənaətinə gəlinməsi tamamilə əsassızdır. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs barəsində cinayət işi başlandıqdan sonra da, sonrakı əməliyyatlar nəticəsində də onun narkotik vasitəni satdığı şəxslərin dairəsinin müəyyən edilməsinin mümkün olmadığı, həmçinin onun üzərindən aşkar edilən növdə olan narkotik vasitədən həqiqətən də asılılığının olmasının təsdiq olunması, eləcə də ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq ibtidai istintaqın sonuna qədər təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədilə əldə etməsinə və saxlamasına dair heç bir sübutlar əldə edilmədiyi təqdirdə onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilərkən ibtidai araşdırma orqanı tərəfindən gəlinmiş nəticə tamamilə əsassız olmaqla heç bir sübuta əsaslanmamış və işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş narkotik vasitə heroini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, narkotik vasitəni kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə narkotik vasitələr yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin kütləsinin külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq saxlaması təsdiq olunmadığından, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətə tövsifinə öz təsirini göstərə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdar hesab edilən çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsi qənaətinə gələrkən, qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il Azərbaycan Respublikasının Qanununun 1.3.2.-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinə “Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” məzmunda 234.1-1-ci maddəsi əlavə edilsə də, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 14 iyul 2021-ci il tarixdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Odur ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdar hesab edilən çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşıma cinayət əməlini törətsə də, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi 26 aprel 2022-ci il tarixli Qanunla əlavə edilərək, 20 may 2022-ci il tarixdə qüvvəyə mindiyindən, Təqsirləndirilən şəxs isə həmin cinayət əməlini 14 iyul 2021-ci il tarixdə törətdiyindən onun həmin əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Bundan başqa, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni Gəncə şəhər Kəpəz rayon Polis Bölməsində polis əməkdaşlarının onun cibinə narkotik vasitə qoymaları və ona fiziki təzyiq göstərmələri, polis əməkdaşlarının ona göstərdikləri fiziki təzyiqlər nəticəsində onun həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsinə dair göstərdikləri ilə əlaqədar araşdırmanın aparılmasına dair Gəncə şəhər Prokurorluğuna sorğu göndərilmiş, həmin sorğu əsasında Gəncə şəhər Prokurorluğunda araşdırma aparılmış və Təqsirləndirilən şəxs hər hansı psixi və ya fiziki təsir edilməsi müəyyən edilmədiyindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Eyni zamanda məhkəmənin sorğusu əsasında Gəncə şəhər Baş Polis İdarəsinin X4 məhkəməyə daxil olmuş 19 iyun 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin X7 qəbul olunarkən o, müayinə olunmuş və üzərində hər hansı xəsarət müəyyən edilməmişdir, həmçinin məhkəmə araşdırması zamanı tədqiq edilmiş “tibbi müayinənin keçirilməsi və qeydiyyatı kitabı”nın müvafiq vərəqlərinin surətindən də görünür ki, Hümbətov X1 Saxlama Yerinə qəbul olunarkən onda heç bir xəsarət aşkar edilməmişdir (cinayət işinin materialları). Qeyd edilənlərə əsasən məhkəmə təqdirləndirilən şəxsin ifadəsində göstərdiyi inkar edici halları onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərək sorğu-sual zamanı, sonra yenə də müdafiəçisinin iştirakı ilə izahat verərkən, daha sonra təqsirləndirilən şəxs qismində də dindirilərkən üzərindən həmin çəkidə heroin narkotik vasitəsinin aşkar olunduğunu etiraf etmiş, həmin narkotik vasitənin ona məxsus olmamasını, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təsir, təzyiq göstərilməsini ümumiyyətlə bildirməmişdir, o, təqsirləndirilən şəxs kimi cəlb edildikdən sonra, baxmayaraq ki, barəsində həbs qətimkan tədbiri seçilməsə də və o, azadlıqda olsa da, yəni azadlığının məhdudlaşdırılmadığı şəraitdə ibtidai istintaqın bütün mərhələsində polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması barədə ümumiyyətlə göstərməmiş, sonradan o, başqa cinayət işi üzrə məhkum edildikdən sonra və hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edildikdən sonra da, o, yalnız özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini göstərmiş və ona qarşı fiziki təzyiqlər göstərilməsi barədə yenə də ümumiyyətlə bildirməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi həmin hallar cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən həmin hissədə sübut növü kimi qəbul edilmir. Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində göstərdiyi inkaredici hallar cinayət işi üzrə araşdırılmış sübutlarla və cinayət işinin faktiki halları ilə təsdiq edilmədiyindən onun məhkəmə baxışı zamanı ifadəsində məsuliyyətdən yayınmaq üçün həqiqətə uyğun olmayan məlumatlar verdiyini bir daha təsdiq edir. Beləliklə də, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdar hesab edilən çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspert rəyləri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, şahid ifadələri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təsdiq edildiyindən və həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətlərinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Bundan başqa, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda baxılan cinayət əməlini, barəsində 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edildiyi Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza cinayətlərin məcmusu üzrə təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində olan birinci iş üzrə 02 sentyabr 2021-ci il tarixdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəza təyin edilməsini və Təqsirləndirilən şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 1(043)-11/2022 saylı hökmünə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəlinin 02 sentyabr 2021-ci il tarixdən hesablanmasını qanunauyğun hesab edir. Həmçinin cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində olmuş birinci iş üzrə, yəni Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 1(043)-11/2022 saylı hökmünə əsasən 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildiyi iş üzrə 06 yanvar 2021-ci il tarixdən 08 yanvar 2021-ci il tarixədək 02 gün müddətində, eyni zamanda hazırki cinayət işi üzrə 14 iyul 2021-ci il tarixdən 16 iyul 2021-ci il tarixədək 02 gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində olan birinci iş üzrə onun 06 yanvar 2021-ci il tarixdən 08 yanvar 2021-ci il tarixədək 02 gün müddətində, hazırki cinayət işi üzrə isə 14 iyul 2021-ci il tarixdən 16 iyul 2021-ci il tarixədək 02 gün müddətində, yəni şübhəli şəxs qismində tutulduğu ümumilikdə 04 gün müddətin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 06 avqust 2022-ci il tarixli, 1121 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və tədqiqat üçün istifadə edildikdən sonra Gəncə şəhər Baş Polis İdarəsində saxlanca təhvil verilmiş 3,16 qram narkotik vasitə heroin məhv edilməli, bundan başqa şəxsi axtarış zamanı aparılmış videoçəkilişin yazıldığı və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri - 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 1(043)-11/2022 saylı hökmünə əsasən təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olmuş birinci cinayət işi üzrə 06 yanvar 2021-ci il tarixdən 08 yanvar 2021-ci il tarixədək 02 gün müddətində, hazırki cinayət işi üzrə isə 14 iyul 2021ci il tarixdən 16 iyul 2021-ci il tarixədək 02 gün müddətində, yəni şübhəli şəxs qismində tutulduğu ümumilikdə 04 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs əvvəlki hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 02 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,16 qram narkotik vasitə heroin məhv edilsin, bundan başqa şəxsi axtarış zamanı aparılmış videoçəkilişin yazıldığı, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Mikayıl Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar