Məhkəmə qərarları › İş №1(100)-154/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-154/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-154/2024 29.05.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, X1 və Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 19 avqust 1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Şadılı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, 12 may 2023-cü il tarixdə, saat 10 radələrində məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz əldə etdiyi bir ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 12,783 qram olan külli miqdarda maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroini əynindəki boz rəngli qolsuz gödəkçənin sol döş cibinə yerləşdirib qanunsuz saxlayaraq daşımış, 12 may 2023-cü il tarixdə saat 12 radələrində Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu, Şadılı kəndi ərazisində saxlanılaraq Goranboy Rayon Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 12,783 qram olan külli miqdarda maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin əynində olan boz rəngli qolsuz gödəkçənin sol döş cibində aşkar olunaraq götürülmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 12 may 2023-cü il tarixdə Goranboy rayonunun Şadılı kəndində sahədə göyərti yığarkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar. Onu Goranboy Rayon Polis Şöbəsinə aparmışlar. Onu polis əməkdaşları göyərti yığdığı sahədən çıxıb gedərkən yoldan deyil, məhz sahədə saxlamışlar. Goranboy Rayon Polis Şöbəsində polis əməkdaşları onun cibinə narkotik vasitə olan heroin qoymuşlar. Polis əməkdaşları ona fiziki təzyiqlər göstərərək həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsinə məcbur etmişlər. Onun narkotik vasitə ilə heç bir əlaqəsi yoxdur. Düşünür ki, o, dinlə məşğul olduğuna görə onu tutublar. Göstərdiklərinə əsasən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs həmçinin məhkəmənin sonrakı iclaslarında 2 saylı İstintaq Təcridxanasından götürülmüş onun tibbi kitabçasında “həbs olunmadan əvvəl alınmış zədələr barədə” olan qrafada göstərilmiş köhnə çapıq toxumalarını həbs olunmamışdan əvvəl aldığını və hazırki cinayət işi ilə heç bir əlaqəsi olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahat, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 12 may 2023-cü il tarixdə verdiyi izahatında, sonra 13 may 2023-cü il tarixdə şübhəli şəxs kimi dindirilərkən, daha sonra isə 14 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir...O, əvvəllər bir neçə dəfə narkotik vasitə olan heroin qəbul etmiş, lakin narkotik vasitə olan heroini mütəmadi olaraq əldə edə bilmədiyi üçün hər zaman istifadə edə bilməmiş, daimi olaraq heç bir yerdə işləmədiyi üçün göyərti məhsullarının əkilməsi işi ilə məşğul olmuşdur. Buna görə də yaşadığı evin həyətində yerləşən məhlədə və icarə əsasında istifadə etdiyi Şadılı kəndində yerləşən pay torpaq sahəsində əkmiş, sonra isə həmin göyərti məhsullarını yığıb satmaqla pul qazanmışdır. 12 may 2023-cü il tarixdə səhər saatlarında həmişə olduğu kimi səhər yuxudan oyandıqdan sonra evdə bir qədər şəxsi işləri ilə məşğul olduqdan sonra Şadılı kəndində icarəyə götürüb göyərti məhsulları əkdiyi pay torpaq sahəsinə getməyə qərar vermiş, təxminən saat 10 radələrində yaşadığı evdən çıxıb piyada yaxınlıqda yerləşən icarəyə götürüb göyərti məhsulları əkdiyi pay torpaq sahəsinə getmiş, torpaq sahəsinə çatmağına az qalmış yolun kənarında bir ədəd şəffaf rəngli polietilen torbacıq olduğunu görmüşdür. Həmin bir ədəd şəffaf rəngli polietilen torpacıq diqqətini cəlb etdiyi üçün açıb içərisinə baxan zaman görmüşdür ki, içərisində narkotik vasitə olan heroin vardır. Əvvəllər narkotik vasitə heroin istifadə etdiyi üçün bir ədəd şəffaf polietilen torbacığı götürüb həmin vaxt əynində olan qolsuz gödəkçənin sol döş cibinə yerləşdirib oradan ayrılıb torpaq sahəsində işləməyə başlamışdır. Bir qədər sonra torpaq sahəsinin yaxınlığındakı yola doğru piyada hərəkət edən zaman saat 12 radələrində mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edib Goranboy rayon polis şöbəsinin əməkdaşları olduqlarını deyib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyib ona hüquq və vəzifələrini izah edib onlarla birlikdə Goranboy rayon polis şöbəsinə getməli olduğunu demişlər. O da polis əməkdaşlarının təklifini qəbul edib onlarla birlikdə Goranboy rayon polis şöbəsinə gəlmişdir. Goranboy rayon polis şöbəsinin inzibati binasına çatdıqdan sonra polis əməkdaşları onu tanımadığı bir otağa aparmışlar. Orada olan zaman şübhəli şəxs qismində saxlanıldığını demişlər və ona üzərində şəxsi axtarış keçiriləcəyi izah edilmiş, həmçinin polis əməkdaşları hüquqlarının müdafiəsi ilə bağlı vəkil seçmək hüququnun olmasını izah etmişlər. Təqdim edilmiş siyahı üzrə hüquqlarının müdafiəsi üçün vəkil X2 hüquqlarını müdafiə etməsini istəmiş, buna görə X10 rayon polis şöbəsinə dəvət edilmişdir. Vəkil Ədalət Verdiyev gəldikdən sonra isə üzərində şəxsi axtarış aparılacağı bir daha polis əməkdaşları tərəfindən ona bildirilmiş, həmçinin yenidən hüquq və vəzifələri izah edilmiş, bundan sonra polis əməkdaşları və vəkil Ədalət Verdiyevin iştirakı ilə üzərində video çəkiliş altında şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi bildirildiyi üçün sol əlində saxladığı boz rəngli papağı, əynində olan boz rəngli qolsuz gödəkcənin sağ yan cibindən özünə məxsus olan “Redmi” markalı mobil telefonunu, əynində olan boz rəngli qolsuz gödəkçənin sol döş cibindən “Vinston” markalı siqaret paketini və əynində olan boz rəngli qolsuz gödəkçənin sol döş cibindən içərisində narkotik vasitə olan bir ədəd şəffaf polietilen torbacığı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa şəxsi axtarış zamanı üzərindən heç bir əşya və ya digər məmulatlar aşkar edilməmişdir. Təqdim etdiyi 1 ədəd şəffaf polietilen torbacığa polis əməkdaşları tərəfindən baxış keçirilmiş və polietilen torbacığın içərisində narkotik vasitə heroin olması aşkar edilmişdir. Üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf polietilen torbacıq elektron tərəzi vasitəsi ilə çəkilmiş, sonra polis əməkdaşları tərəfindən bir ədəd zərfdə qablaşdırılmış və möhürlənərək ekspertiza tədqiqatına təqdim olunması üçün götürülmüşdür. Həmçinin üzərindən aşkar olunaraq götürülmüş bir ədəd “Redmi” markalı mobil telefon da polis əməkdaşları tərəfindən götürülmüş, şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş bir paket Vinston markalı siqaret və əlinə saxlayıb təqdim etdiyi bir ədəd boz rəngli papaq isə özünə qaytarılmışdır.... (iş vərəqə: cild İ, səh.32-33, 56-61, 71-76). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı fərqli ifadələr verməsinin səbəbini həmin vaxt onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ona qanunsuz təzyiqlər etməsi ilə əlaqədar olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 Müşviq oğlu ifadəsində göstərmişdir ki, o, Goranboy Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 may 2023-cü il tarixdə Goranboy rayonu, Şadılı kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün qərar qəbul edilmişdir. Tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri Goranboy Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid2, Təhqiqat Bölməsinin baş təhqiqatçısı X7 və ondan ibarət olmuşdur. O, Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə 12 may 2023-cü il tarixdə, saat təxminən 10:30 radələrində Goranboy rayonu, Şadılı kəndi ərazisinə yollanmışdır. Əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs Şadılı kəndində torpaq sahəsinin yaxınlığında olacağı müəyyən edilmişdir. Saat 12 radələrində Təqsirləndirilən şəxs piyada torpaq sahəsindən çıxıb yola doğru hərəkət etdiyini görmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitələr saxlamaqda şübhəli olmasını bildirərək, Goranboy Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla Goranboy Rayon Polis Şöbəsinə getməyə razılıq vermişdir. Goranboy Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, vəkillə təmin edilmiş, sonra video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs cibindən içərisində narkotik vasitə olan polietilen torbacığı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs cibindən telefonunu, siqaret qutusunu da çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş polietilen torbacığa baxış keçirilərkən içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərkən çəkisinin xatırladığı qədər təxminən 13 qram olduğu müəyyən edildi. Daha sonra həmin kütlə qablaşdırılmış, möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 Müşviq oğlu ifadəsinin davamında daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildikdən sonra, Təqsirləndirilən şəxs yaşadığı Goranboy rayonu, Şadılı kəndində yerləşən fərdi yaşayış evində hər hansı qanunsuz əşya və ya predmet saxlayıb-saxlamadığının müəyyən edilməsindən ötrü yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evində hər hansı qanunsuz əşyaları saxlaması müəyyən edilməmişdir. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə alqısatqısı zamanı aşkar edə bilməmiş, onun narkotik vasitə satmasına dair və yaxud həmin maddələrin satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına, bu məqsədlə müəyyən hərəkət etməsinə dair hər hansı məlumat və sübutlar əldə edə bilməmişlər. Həmçinin Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə verilən istintaq tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs aşkar olunan narkotik maddəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilməmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin üzərində şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı fiziki, psixoloji və ya digər təsir, təzyiq göstərilməmiş, hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Prosessual hərəkətlər təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə keçirilmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Goranboy Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyərkən Goranboy rayon sakini Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə edildikdən sonra, dərhal əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu Goranboy Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 Müşviq oğlundan, Təhqiqat Bölməsinin baş təhqiqatçısı X3 və ondan ibarət olmuşdur. Onlar Təqsirləndirilən şəxs yaşadığı Goranboy rayonu, Şadılı kəndinə getmişlər. Əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdən sonra, Təqsirləndirilən şəxs piyada torpaq sahəsindən çıxıb yola doğru hərəkət edərkən yaxınlaşıb özlərini təqdim etmişlər, narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək Goranboy Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş və üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Daha sonra videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs gödəkcəsinin döş cibindən polietilen sellofanda bükülmüş vəziyyətdə narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədən istifadə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Şahid2 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı sonuncunun narkotik vasitə istifadə etməsi ilə bağlı olmuşdur. Onlar Təqsirləndirilən şəxs torpaq sahəsindən çıxıb gedərkən yolda saxlamışlar. Təqsirləndirilən şəxs qarşı heç bir təsir, təzyiq göstərilməmiş, heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs onun əridir. 12 may 2023-cü il tarixdə Goranboy rayonu, Şadılı kəndində əri Təqsirləndirilən şəxslə sahəyə göyərti yığmağa getmişlər. Həmin vaxt iki nəfər polis əməkdaşları yaxınlaşaraq əri Təqsirləndirilən şəxs sahədən onun yanından aparmışlar. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq olunmasının, qanunsuz hərəkətlərə yol verilməsinin şahidi olmamışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12 may 2023-cü il tarixli Goranboy Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi, üzərində və ya evində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqə: cild İ, səh.5). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12 may 2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında protokol”dan görünür ki, Goranboy Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol döş cibindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan şəffaf sellofan torbanı masanın üzərinə qoymuş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu, Goranboy rayonu, Şadılı kəndindən tapdığını bildirmişdir. Sonra narkotik maddə hesab edilən heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş, çəkisinin 13,3 qram olduğu müəyyən edilmiş, daha sonra isə zərfə yerləşdirilərək qablaşdırılmış, üzəri möhürlənmiş və ekspertiza tədqiqatına göndərilməsi üçün götürülmüşdür (iş vərəqə: cild İ, səh.26-30). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12 may 2023-cü il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs Goranboy rayonu, Şadılı kəndində yerləşən evinə baxış keçirilmiş və baxış zamanı saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.35-41). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 13 may 2023-cü il tarixli, 16/506 saylı məhkəmə-kimyəvi ekspertizanın rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “.......Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik maddə hesab edilən heroinə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 12,783 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (iş vərəqə: cild İ, səh.48-49). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 30 may 2023-cü il tarixli, 934 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz, narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür, həmin rəydən həmçinin görünür ki, Təqsirləndirilən şəxs narkoloji-tibbi yoxlamadan keçirilən zaman narkotik vasitə olan heroini iyləmə yolu ilə istifadə etdiyini və üzərindən aşkar edilmiş heroini tapdığını bildirmişdir (iş vərəqə: cild İ, səh.109). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 15 may 2023-cü il tarixli “maddi sübut qismində tanınma barədə qərar”dan görünür Təqsirləndirilən şəxs götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,683 qram narkotik vasitə heroin maddi sübut qismində tanınmış və Goranboy Rayon Polis Şöbəsində saxlanca verilmişdir (iş vərəqə: cild İ, səh.86-87). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 01 iyul 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən təqdim edilmiş 1 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə başqa mobil telefonlar vasitəsi ilə edilmiş giriş və çıxış zənglərin və mesajlarla bağlı məlumatların olmasına dair CD diskdə Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir (iş vərəqə: cild 1, səh.147-171). Cinayət işinin materiallarına əlavə edilmiş 19 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni haradan əldə etməsinin müəyyən edilməsi üçün hazırki cinayət işindən başqa cinayət işi ayrıca icraata ayrılmışdır (iş vərəqə: cild İ, səh.209-210). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 12 may 2023cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə: 19). Cinayət işinin materiallarına əlavə edilmiş Goranboy Rayon Məhkəməsinin 14 may 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 12 may 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.83-85). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 may 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə: 107). Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (iş vərəqə: cild İ, səh.100). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var (iş vərəqə: cild İ, səh.134-135). Beləliklə də, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməyə, saxlamağa və daşımağa görə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin hər hansı miqdarda satışı ilə məşğul olması və ya narkotik vasitəni məhz satış məqsədilə əldə etməsi nə şahid ifadələri, nə digər sübutlarla, nə də onun barəsində daxil olan əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Goranboy Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 Müşviq oğlu verdiyi ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və ya narkotik vasitəni satış məqsədilə saxlaması barədə ibtidai istintaqın gedişi zamanı verilən istintaq tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilmədiklərini göstərmişdir, həmçinin şahid həmin idarənin baş əməliyyat müvəkkili Şahid2 da ifadəsində Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, istifadə etmək üçün saxlaması ilə bağlı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə, həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvala «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya" əsasən "heroin" narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qram müəyyən edilmişdir. Yəni, Təqsirləndirilən şəxs götürülən narkotik vasitə heroinin kütləsi 12,783 qram olduğundan külli miqdar kimi qəbul edilməlidir. Lakin Təqsirləndirilən şəxs götürülən narkotik vasitə heroinin kütləsinin 12,783 qram olmaqla külli miqdar kimi qəbul edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə edib saxlaması, konkret şəxslərlə həmin maddələrin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə narkotik vasitə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə və ya onun ünvanında narkotik vasitənin hissələrə bölünməsinə, çəkilməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. Həmçinin cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının, həmçinin həmin mobil nömrənin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olmasına dair “Azercell”dən daxil olmuş 1 ədəd CD diskdə olan məlumatlarda da Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitəni əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir (iş vərəqə: cild 1, səh.147-171). Göstərilənlərdən başqa, qeyd edilməlidir ki, cinayət işinin materiallarına əsasən müəyyən olunmuşdur ki, işdə olan 12 may 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmamışdan əvvəl onun barəsində satış məqsədi ilə deyil, narkotik vasitə istifadə etməsi, üzərində və ya evində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqə: cild 1, səh.5). Lakin qeyd edilənlərə baxmayaraq, yəni Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etməsini təsdiq edən heç bir hallar mövcud olmasa da və ibtidai istintaqın sonrakı mərhələsində də bununla bağlı heç bir yeni hallar, buna dair hər hansı sübutlar və yaxud hansısa real məlumatlar müəyyən edilməsə də, onun əməli heç bir əsas olmadan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs 12,783 qram narkotik vasitə heroini qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşıyaraq saxlaması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız narkotik vasitənin külli miqdar həddində olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması kimi qiymətləndirmişdir. Bir daha xüsusilə qeyd edilməlidir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş 12,783 qram narkotik vasitə heroinin yalnız külli miqdar həddində olmasına görə onun məqsədinin həmin maddəni məhz satış məqsədilə saxlaması qənaətinə gəlinməsi və əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi tamamilə əsassız yanaşmadır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarının həmin müddəalarının və Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə yalnız aşkar edilmiş narkotik vasitənin külli miqdar həddində olması özü-özlüyündə narkotik vasitənin satış məqsədilə saxlanmasına dəlalət etmir. Vacibdir ki, şəxsin həmin maddəni məhz satış məqsədilə saxlamasını təsdiq edən real və konkret, heç bir fərziyyə və ehtimala əsaslanmayan sübutlar mövcud olsun. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilən növdə olan narkotik vasitədən həqiqətən də asılılığının olmasının təsdiq olunması, eləcə də cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatlarının onun satış məqsədi ilə deyil, narkotik vasitə istifadə etməsi və saxlaması barədə olduğu, daha sonrakı əməliyyatlar nəticəsində də onun hər hansı şəxsə narkotik vasitə satmasının müəyyən olunmasının mümkün olmadığı, eləcə də ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq ibtidai istintaqın sonuna qədər təqsirləndirilən şəxsin narkotik maddəni məhz satış məqsədilə əldə etməsinə və saxlamasına dair heç bir sübutlar əldə edilmədiyi təqdirdə onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilərkən ibtidai araşdırma orqanı tərəfindən gəlinmiş nəticə tamamilə əsassız olmaqla heç bir sübuta əsaslanmamış və işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş heroini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, narkotik vasitəni kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə narkotik vasitələri və ya psixotrop maddəni yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Cinayət Məcəlləsində narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədi olmadan külli miqdar həddində əldə edilməsi, saxlanması, daşınması cinayət əməlinin dispozitiv əlamətləri isə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən 12,783 qram narkotik vasitə heroin külli miqdar təşkil etdiyindən, həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlaması təsdiq olunmadığından, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini külli miqdarda əldə edərək saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ona fiziki təzyiqlər göstərərək etirafedici ifadələr verməsinə məcbur edilməsinə, polis şöbəsində polis əməkdaşları tərəfindən onun cibinə narkotik vasitə olan heroin qoyulmasına, onun göyərti yığdığı sahədən çıxıb gedərkən yoldan deyil, məhz sahədə polis əməkdaşları tərəfindən saxlanılmasına dair ifadəsində göstərdiklərini məhkəmə onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə keçirilmiş (iş vərəqə: cild 1, səh.26-30), 12 may 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə izahat verərkən ondan həmin narkotik vasitə heroinin aşkar edildiyini etiraf etmiş (cild 1, iş vərəqə:32-33), daha sonra 13 may 2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən və 14 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən də ondan həmin narkotik vasitə heroinin aşkar olunduğunu bildirmiş, həmçinin polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməsi barədə ümumiyyətlə göstərməmişdir (cild 1, iş vərəqə:56-61, 71-76), Təqsirləndirilən şəxs hətta narkoloji-tibbi yoxlamadan keçirilən zaman da narkotik vasitə olan heroini iyləmə yolu ilə istifadə etdiyini və üzərindən aşkar edilmiş heroini tapdığını bildirmişdir, yəni həmin narkotik vasitənin ona məxsus olmasını inkar etməmişdir (iş vərəqə: cild İ, səh.109). Bundan başqa, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Goranboy Rayon Polis X5 Yerinə daxil olunarkən üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün X6 məhkəməyə göndərilmiş “Tibbi müayinənin keçirilməsi və Qeydiyyatı” kitabından görünür ki Təqsirləndirilən şəxs hər hansı xəsarətin olması müəyyən edilməmişdir (cinayət işinin materialları). Eyni zamanda, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına daxil olunarkən üzərində xəsarətlərin olubolmamasının müəyyən edilməsi üçün 2 saylı istintaq Təcridxanasından məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs barəsində tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs baxış zamanı xəsarət aşkar edilməmişdir, onda olan köhnə çapıq toxumalar isə həbs olunmadan əvvələ aiddir (cinayət işinin materialları). Bundan başqa, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni onun saxlanılmasında iştirak edən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq edilərək və ya digər qanunsuz hərəkətlərə yol verilərək ondan aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olduğunu etiraf etməsinə məcbur edildiyinə dair göstərdikləri ilə əlaqədar hər hansı araşdırmanın aparılmasına dair Goranboy rayon Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Goranboy rayon Prokurorluğundan məhkəməyə göndərilmiş 177C-2023 saylı material məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Həmin materialların məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə və təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar olaraq onun barəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis əməkdaşlarının izahatları alınmış, həmçinin məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Həmin araşdırma materialına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 18 iyul 2023-cü il tarixli, 468 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. Təqsirləndirilən şəxs onun saxlanılmasında iştirak edən polis əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkətlərə və təzyiqlərə məruz qalması öz təsdiqini tapmadığından Goranboy rayon Prokurorluğunda toplanmış həmin material üzrə cinayət tərkibi əlamətləri müəyyən edilmədiyindən 24 iyul 2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir (cinayət işinin materialları). Göründüyü kimi, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi inkaredici hallar şahidlərin ifadələri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələr, “şəxsi axtarış haqqında” protokol, şəxsi axtarışın video görüntülərinin əks olunduğu disk, maddi sübutlar, ekspertiza rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir. Məhkəmə eyni zamanda müdafiə tərəfin vəsatəti əsasında dindirilmiş əlavə şahid X4 məhkəmə baхışında vеrdiyi ifadəsinin sübut növü kimi mötəbərliyinin müəyyən еdilməsini zəruri hеsab еdir. Həmin şahid Aygün Mirzəyeva Təqsirləndirilən şəxs arvadıdır. Təqsirləndirilən şəxsin arvadı olan əlavə şahid Aygün Mirzəyevanın Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən göyərti yığarkən sahədə saxlanılmasına dair ifadəsində göstərdikləri cinayət işinin materialları, iş üzrə toplanmış digər sübutlar və cinayət işinin obyektiv halları ilə qarşılıqlı şəkildə müqayisə edilərkən onun məhkəmədə ifadəsində göstərdiyi həmin halların öz təsdiqini tapmadığı və heç bir faktla təsdiq olunmadığı müəyyən edilmişdir, odur ki, həmin şahidin məhkəmədə verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilmir, belə ki, həmin şəxsin təqsirləndirilən şəxsin arvadı olmaqla cinayət işinin nəticəsində maraqlı olmasını və məhkəmə baxışı zamanı da Təqsirləndirilən şəxs mənafeyinə uyğun ifadə verməsinin qeyd edilən hallarla əlaqədar olması müəyyən edildiyindən, həmçinin həmin şahidin ifadələrində həmin göstərdiyi hallar cinayət işi üzrə digər sübutlarla və cinayət işinin faktiki halları ilə təsdiq edilmədiyindən və həqiqətə uyğun olmadığından məhkəmə onun həmin ifadəsini sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə təqsirləndirilən Bəhruz Cəfərovun əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, həmçinin onun ikinci qrup əlil olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 12 may 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Goranboy Rayon Məhkəməsinin 14 may 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 12 may 2023-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 30 may 2023-cü il tarixli, 934 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs ikinci qrup əlil olduğuna görə barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməməli, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış Goranboy Rayon Polis Şöbəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,683 qram narkotik vasitə heroin məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 180.40 (yüz səksən manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 12 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Goranboy Rayon Polis Şöbəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,683 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 180.40 (yüz səksən manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Elmin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar