Məhkəmə qərarları › İş №1(100)-156/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-156/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-156/2024 15.02.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X2 və Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1991-ci ildə Xanlar (Göygöl) rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, hüquqi şəxsin sürücüsü vəzifəsində işləmiş, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan külli miqdarda, yəni 6.439 qram təmiz çəkidə kustar üsulla hazırlanmış, iki ədəd şəffaf sellofan bükümlərində narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2023-cü il tarixdə, saat 08:30 radələrində Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən “Ramada Plaza” adlanan otelin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarının ön sol cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı iki ədəd şəffaf sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda 2.049 və 4.390 qram, ümumilikdə 6.439 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qətiyyən təqsirli bilmir. O, "xxxx" şirkətində sürücü işləmişdir. 05 aprel 2023-cü il tarixdə səhər saat 8 radələrində evdən çıxaraq işə getmək istəmişdir. Həmin vaxt iş yoldaşına zəng etmişdir ki, gəlib iş yoldaşını götürəcək hazır olsun. O, “27-05” adlanan ərazi ilə işə tərəf istiqamətlənmişdir. “Ramada Plaza” otelinin yanındakı dairədə polis əməkdaşları onu saxlayaraq bildirmişlər ki, avtomobilin üzərində həbs vardır, buna görə də avtomobil cərimə meydançasına getməlidir. Həmin vaxtı o, polis əməkdaşlarına bildirmişdir ki, şirkətə aid mallar avtomobildədir, ona görə də avtomobilə plomb vurulmalıdır. Daha sonra o, polisə aparılmışdır. Polis idarəsində polis əməkdaşları ona fiziki və psixoloji təzyiqlər göstərərək onu hədələmişlər. Həmin vaxt polis əməkdaşları ona “sən deməlisən ki, yolda gedərək narkotik vasitəni yerdə görmüsən, diqqətimi çəkidiyi üçün götürmüşəm” demişlər. İbtidai istintaq zamanı o, müdafiəçi ilə təmin olunmuşdur, lakin həyatını güvənli hiss etmədiyi üçün məcbur olaraq etirafedici ifadələrə imza etmişdir. O, heç vaxt narkotik vasitədən istifadə etməmiş və narkomaniya xəstəliyindən heç vaxt əziyyət çəkməmişdir. Yəni, onun narkotik vasitələrlə heç bir əlaqəsi olmamışdır. Qeyd etdikləri ilə əlaqədar olaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahat, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 05 aprel 2023-cü il tarixdə verdiyi izahatında, sonra şübhəli şəxs qismində dindirilərkən, eyni zamanda 06 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, özünü qismən təqsirli bilir. O, narkotik vasitə heroini internetdən və televiziyadan tanıyır. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında yaşadığı evin yaxınlığında yerdən iki ədəd yan-yana sellofan bükümlər görmüş və diqqətini çəkdiyinə görə onları götürüb açmışdır ki, içərisində nə olmasını müəyyən etsin. Onları açdıqda içərisində toz halında, “kokos” kimi bildiyi maddənin olmasını aşkar etmişdir. Düşünmüşdür ki, yəqin kimindirsə oraya tullayıb. Gizlicə həmin maddələri götürüb cibinə qoymuşdur ki, istifadə edər. Bir qədər sonra qeyd etdiyi maddədən az miqdarda özü istifadə etmişdir. Qalanını isə cibinə qoymuşdur. Ertəsi gün, yəni xx.xx.2023-cü il tarixdə, səhər saatlarında evdən çıxıb piyada işə gedərkən “Ramada Plaza” otelinin yaxınlığında polis əməkdaşları onu saxlamışlar və özlərini təqdim edərək narkotik vasitə əldə etməkdə şübhəli olmağını bildirib özləri ilə Gəncə şəhər Baş Polis İdarəsinə aparmışlar. Orada ona hüquqları izah edilmiş, vəkillə təmin edilmişdir. Vəkili ilə də təklikdə söhbət etmişdir. Bundan sonra ona bildirmişlər ki, üzərində şəxsi axtarış aparılacaq. Orada otaqların birində vəkilinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində axtarış aparılmış, axtarış zamanı ondan üzərində narkotik vasitə və digər qanunsuz əşya olub-olmaması soruşulmuş, o isə həmin vaxt üzərində olan narkotik vasitəni gizlətməmişdir. Elə həmin vaxt əynində olan şalvarının ön sol cibində saxladığı iki ədəd sellofan bükümdəki narkotik vasitələri polisə təqdim etmişdir. Həmin bükümlər açılmış və içərisinə baxılmışdır. Bundan sonra üzərində axtarış keçirilmiş, lakin qanunsuz başqa heç nə aşkar edilməmişdir. Sonra isə həmin narkotik vasitələr tərəziyə qoyulub çəkilmiş və çəkiləri 2 qramdan artıq, digəri isə 4 qramdan artıq olmuşdur. Sonra isə həmin bükümlər boş zərfin içərisinə qoyulub qablaşdırılmış, üzərində qeydlər aparılmış, möhürlənmiş və həmin zərfin üzərinə imza etmişlər. O, narkotik vasitə satışı ilə məşğul olmur, olmamış və belə bir niyyəti də olmamışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən və ya daha sonra ona qarşı heç bir zorakılıq olmamışdır. Üzərində bir dəfə axtarış keçirilmiş, həmin vaxt vəkili yanında olmuş və axtarış videoçəkilişlə aparılmışdır. Üzərindən aşkar edilmiş narkotik vasitələri tutulmazdan bir gün əvvəl axşam saatlarında yaşadığı evin yaxınlığında yerdən tapmışdır, istifadə məqsədi ilə saxlamış, satmaq fikri olmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitəni yerdən tapmış, bunu tam səmimi etiraf edir (iş vərəqə: cild İ, səh.28, 43-45, 52-54). Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaqın sonunda əlavə dindirmə zamanı əvvəlki ifadələrini təsdiq etmədiyini, onu tutan polis əməkdaşlarının ona etdikləri təzyiqlər altında aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu etiraf etdiyini bildirmişdir (iş vərəqə: cild İ, səh.164-166). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı fərqli ifadələr verməsinin səbəbini həmin vaxt onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ona qanunsuz təzyiqlər etməsi ilə əlaqədar olduğunu bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib daşıyaraq saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı idarə rəhbərliyinə raportla məruzə edib, yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs sürücü işlədiyindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsində Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsinin əməkdaşı da əməliyyat-axtarış tədbirlərinin tərkibinə daxil edilmiş və Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 08:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami prospektində yerləşən “Ramada Hotel”in yaxınlığında “Ford Transit” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən əməliyyat-axtarış tədbirlərinin tərkibinə daxil edilmiş X10 İdarəsinin əməkdaşları tərəfindən ona avtomobili saxlamasını bildirmişlər. Təqsirləndirilən şəxs avtomobili saxlayıb yerə düşdükdə onlar yaxınlaşaraq özlərini təqdim edib Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşmış və onu Gəncə şəhər Baş Polis İdarəsinə aparmışlar. X10 İdarəsinin əməkdaşları isə Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühafizəsini təmin edərək Gəncə şəhər Baş Polis İdarəsinə aparmışlar. Gəncə şəhər Baş Polis İdarəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin edilmiş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs şalvarının cibindən iki ədəd sellofan bükülünü çıxarıb təqdim edərək narkotik vasitə olduğunu, dünən axşam küçədə gəzərkən tapdığını, diqqətini cəlb etdiyi üçün götürüb saxıladığını bildirmişdir. Həmin bükümlərin içərisində baxdıqda heroinə bənzər maddələr olması aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində olan mobil telefonu, cib dəsmanlını, ev açarını, möhürü, pulu təqdim edərək üzərində əlavə bir əşya qalmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən başqa qanunsuz əşya aşkar edilməmişdir. Aşkar edilmiş həmin bükümlər tərəzidə çəkilərkən bükümlərdən birinin çəkisi xatırladığı qədər 2,18 qram, digər bükümün çəkisi isə xatırladığı qədər 4 qramdan artıq olmuşdur. Həmin maddələrin ümumilikdə çəkisi 6 qramdan artıq olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar ediliş kütlələr müvafiq qaydada qablaşdırılmış, möhürlənmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin sorğusuna cavab olaraq bildirmişdir ki, ona qarşı heç bir zorakılığa, qanunsuz hərəkətlərə yol verilməmiş, üzərindən aşkar edilmiş narkotik vasitə onun özünə məxsus olmuşdur. Şahid1 ifadəsinin davamında göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tərəfindən və ya digər polis əməkdaşları tərəfindən hər hansı fiziki, psixoloji və ya digər təsir, təzyiq olmamışdır və təqsirləndirilən şəxsə qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Şahid1 ifadəsinin yekununda göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik alqısatqısı zamanı aşkar edə bilməmiş, onun narkotik vasitə satmasına dair və yaxud narkotik satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına, bu məqsədlə müəyyən hərəkət etməsinə dair hər hansı məlumat və sübutlar əldə edə bilməmişlər. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə verilmiş istintaq tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilməmişlər. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də baş satıcı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs həmin şirkətdə sürücü işləmişdir. Həmin gün Təqsirləndirilən şəxs onu yaşadığı evin yaxınlığından götürməli idi. O, səhər Təqsirləndirilən şəxs zən etmiş, lakin Araza zəng çatmamışdır. Daha sonra o, şirkətin ərazi rəhbərinə bu barədə məlumat vermişdir və bildirmişdir ki, gps vasitəsilə baxsın ki, hal-hazırda Təqsirləndirilən şəxs idarə etdiyi şirkətə məxsus avtomobil hansı ərazidədir. Şirkətin rəhbəri müəyyən etmişdir ki, şirkətə məxsus həmin nəqliyyat vasitəsi Gəncə şəhər Baş Polis İdarəsinin həyətindədir. Sonra şirkətin bölgə müdiri Gəncə şəhər Baş Polis İdarəsinə gedib həmin nəqliyyat vasitəsinin açarını götürmüş, eyni zamanda nəqliyyat vasitəsi də Gəncə şəhər Baş Polis İdarəsindən təhvil alınmışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 05 aprel 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol”dan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsində Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sol cibindən iki ədəd şəffaf sellofan kəsiyi bükümlərində heroinə oxşar kütlə aşkar edilmişdir, həmin kütlələr tərəzidə çəkilərkən ayrı-ayrılıqda çəkiləri 2.18 və 4.56 qram, ümumilikdə 6.74 qram olmuş, daha sonra həmin kütlələr qablaşdırılmış, möhürlənmiş və bu barədə tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır, Təqsirləndirilən şəxs həmin bükümü 04 aprel 2023-cü il tarixdə tapdığını, heç kimə satmadığını bildirmişdir (cild 1, iş vərəqə: 26-27). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “videogörüntüyə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı ona hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan şalvarın ön sol cibindən 2 ədəd sellofan bükülünü çıxarıb təqdim edərək narkotik vasitə olduğunu, dünən axşam küçədə gəzərkən ağacın dibindən tapdığını bildirir. Həmin bükümlərin içərisində baxdıqda heroinə bənzər maddələr olması aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan mobil telefonu, cib dəsmanlını, ev açarını, möhürü, 75 manat pulu təqdim edərək üzərində əlavə bir əşya qalmadığını bildirir. Heroinə oxşar maddələr elektron tərəzidə çəkilir. Birinci bükümün çəkisi 2,18 qram, digər bükümün çəkisi isə 4,56 qram, ümumilikdə isə birlikdə 6,74 qram olması müəyyən edilir. Narkotik vasitə heroinə oxşar kütlələr olan iki ədəd bükülü müvafiq qaydada zərfdə qablaşdırılıb möhürlənir və doğruluğu imzalarla təsdiq edilir. Bundan sonra müdafiəçi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən, idarəyə gətirilərkən, həmçinin bundan sonra da hər hansı təhqiredici hərəkətlər edilib-edilməməsini, zor tətbiq edilibedilməməsini, narkotik vasitənin cibinə qoyulub-qoyulmaması soruşur, Təqsirləndirilən şəxs isə hər hansı bir təhqiredici hərəkətlərə məruz qalmadığını, zor tətbiq edilmədiyini, üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu bildirir (iş vərəqə: cild İ, səh.104-105). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 06 aprel 2023-cü il tarixli “axtarış aparılması haqqında protokol” dan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evində axtarış keçirilmiş və saxlanılması qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.86-103). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 27 aprel 2023-cü il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş telefonuna baxış keçirilərkən onun narkotik vasitələri satış məqsədilə saxlamasını təsdiq edən hər hansı yazışmalar müəyyən edilməmişdir (iş vərəqə: cild İ, səh. 110). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 05 aprel 2023-cü il tarixli, 16/395 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2,18 və 4,56 qram kütlə...” yazı və imzalar olan kağız paketdəki 2 (iki) ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,049 qram, 4,390 qram, ümumi təmiz çəkisi 6,439 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindirlər, kimyəvi tərkiblərinə görə eynidirlər (iş vərəqə: cild İ, səh.35-36). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserinin 18 may 2023-cü il tarixli, 865 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür, həmin rəydən həmçinin görünür ki, Təqsirləndirilən şəxs narkoloji-tibbi yoxlamadan keçirilən zaman aşkar edilmiş narkotik vasitəni tapdığını bildirmişdir (iş vərəqə: cild İ, səh.114). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 06 aprel 2023-cü il tarixli, 486 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət müəyyən edilməmişdir (iş vərəqə: cild İ, səh.116-117). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 məhkəmə-psixiatrik ekspertizasının 22 iyun 2023-cü il tarixli, 374 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qapalı kəllə-beyin travmasının qalıq əlamətləri XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.2 müəyyən edilməsinə baxmayaraq, həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. (iş vərəqə: cild İ, səh.214- 216). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 20 iyul 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkiləri 1,949 qram və 4,290 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsin axtarış keçirilməsi zamanı çəkilmiş video görüntülərin əks olunduğu bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir, həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə ilə bağlı başqa cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh.238-251). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 05 aprel 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il tarixdə tutulmuşdur (iş vərəqə: cild İ, səh. 20). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 06 aprel 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 05 aprel 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 74-77). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 iyun 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 184). Beləliklə də, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamağa görə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edərək saxlaması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin hər hansı miqdarda satışı ilə məşğul olması və ya narkotik vasitəni məhz satış məqsədilə əldə etməsi və saxlaması nə şahid ifadələri, nə də digər sübutlarla təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin NMB-nın əməliyyat müvəkkili Şahid1 və kiçik inspektoru Şahid4 verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ibtidai istintaqın gedişi zamanı verilən istintaq tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilmədiklərini göstərmişlər. Həmçinin məhkəmə baxışı zamanı dindirilmiş digər şahidlərin ifadələrində də Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə maşğul olmasını təsdiq edən hər hansı məlumat müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tədqiq olunan, onun ibtidai araşdırma zamanı verdiyi izahatından, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən görünür ki, o, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, konkret olaraq kiməsə narkotik vasitə satdığını və ya belə bir məqsədinin olduğunu ümumiyyətlə göstərməmişdir. Cinayət işinin materialları ilə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda da axtarış aparılmış, onun özündə aşkar olunub götürülən miqdarda narkotik vasitədən başqa, onun yaşadığı evində hər hansı növdə narkotik vasitələrin olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə, həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvala «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya" əsasən "heroin" narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qram müəyyən edilmişdir. Yəni, Təqsirləndirilən şəxs götürülən heroin narkotik vasitəsinin kütləsi 2.049 və 4.390 qram, ümumilikdə 6.439 qram olduğundan külli miqdar kimi qəbul edilməlidir. Lakin Təqsirləndirilən şəxs götürülən heroin narkotik vasitəsinin ümumi kütləsinin 6.439 qram olmaqla külli miqdar kimi qəbul edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə edib saxlaması, konkret şəxslərlə narkotik vasitənin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə narkotik vasitə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə və ya onun ünvanında narkotik vasitələrin çəkilməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. Həmçinin cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefona baxış keçirilərkən də Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir (iş vərəqə: cild 1, səh.110). Lakin qeyd edilənlərə baxmayaraq, yəni Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etməsini təsdiq edən heç bir hallar mövcud olmasa da və ibtidai istintaqın sonrakı mərhələsində də bununla bağlı heç bir yeni hallar, buna dair hər hansı sübutlar və yaxud hansısa real məlumatlar müəyyən edilməsə də, onun əməli heç bir əsas olmadan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan raportda Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə etməsi, üzərində saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğu göstərilsə də (cild 1, iş vərəqə: 3), cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və sair mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Yalnız cinayət işinə əlavə edilmiş raportda bir cümlə ilə ifadə edilmiş əməliyyat məlumatına istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə saxlaması qənaətinə gəlmək mümkün deyildir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız narkotik maddənin külli miqdar həddində olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib daşıyaraq saxlaması kimi qiymətləndirmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilən növdə olan narkotik vasitədən həqiqətən də asılılığının olmasının təsdiq olunması, eləcə də ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq ibtidai istintaqın sonuna qədər təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədilə əldə etməsinə və saxlamasına dair heç bir sübutlar əldə edilmədiyi təqdirdə onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilərkən ibtidai araşdırma orqanı tərəfindən gəlinmiş nəticə tamamilə əsassız olmaqla heç bir sübuta əsaslanmamış və işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş narkotik vasitə heroini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, narkotik vasitəni kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə narkotik vasitələr yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin kütləsi 2.049 və 4.390 qram, ümumilikdə 6.439 qram olmaqla külli miqdar təşkil etdiyindən, həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlaması təsdiq olunmadığından, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni Gəncə şəhər Baş Polis İdarəsində polis əməkdaşları tərəfindən ona edilən təzyiqlər nəticəsində ondan aşkar edilmiş ümumilkdə 6.439 qram narkotik vasitə heroinin ona məxsus olduğunu etiraf etməsinə məcbur edildiyinə dair ifadəsində göstərdiklərini məhkəmə onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən ondan aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olduğunu və həmin maddəni tapdığını bildirmiş (iş vərəqə: cild 1, səh.26-27), sonra xx.xx.2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə izahat verərkən üzərindən həmin narkotik vasitə heroinin aşkar edildiyini, həmin maddəni tapdığını göstərmiş (cild 1, iş vərəqə: 28), daha sonra şübhəli şəxs qismində dindirilərkən və xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən də üzərindən narkotik vasitənin aşkar olunduğunu etiraf etmişdir (cild 1, iş vərəqə:43-45, 52-54). Eyni zamanda, cinayət işinin materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 06 aprel 2023-cü il tarixli qərarından görünür ki, məhkəmədə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılarkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildiyini, üzərindən aşkar edilmiş narkotik vasitəni diqqətini cəlb etdiyi üçün yerdən tapdığını və həmin narkotik vasitədən bir dəfə istifadə etdiyini göstərmişdir (cild 1, iş vərəqə: 74-77). Həmçinin cinayət işinin materiallarında olan 18 may 2023-cü il tarixli, 865 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən də görünür ki, Təqsirləndirilən şəxs narkolojitibbi yoxlamadan keçirilən zaman aşkar edilmiş narkotik vasitəni tapdığını bildirmiş və həmin maddənin ona məxsus olduğunu inkar etməmişdir (cild 1, iş vərəqə: 114). Həmçinin məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin X6 daxil olunarkən üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün X4 məhkəməyə göndərilmiş “Tibbi müayinənin keçirilməsi və Qeydiyyatı” kitabından görünür ki Təqsirləndirilən şəxs hər hansı xəsarətin olması müəyyən edilməmişdir (cinayət işinin materialları). Bundan başqa, məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs həmin müəssisəyə daxil olunarkən tibbi müayinədən keçirilmiş və bədənində xəsarətlər aşkar edilməmişdir (cinayət işinin materialları). Həmçinin məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına daxil olunarkən üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün 2 saylı istintaq Təcridxanasından məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs barəsində tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs baxış zamanı xəsarət aşkar edilməmişdir (cinayət işinin materialları). Bundan başqa, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni Gəncə şəhər Baş Polis İdarəsində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixoloji təzyiq edilərək və ya digər qanunsuz hərəkətlərə yol verilərək ondan aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olduğunu etiraf etməsinə məcbur edildiyinə dair göstərdikləri ilə əlaqədar hər hansı araşdırmanın aparılmasına dair Gəncə şəhər Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Gəncə şəhər Prokurorluğundan məhkəməyə göndərilmiş 293-C-23 saylı material məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Həmin materialların məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə və təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar olaraq onun barəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, təhqiqat və istintaqın aparılmasında iştirak edən polis əməkdaşlarının izahatları alınmış və Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən fiziki, psixoloji və ya digər hər hansı təzyiqlərə məruz qalması öz təsdiqini tapmadığından Gəncə şəhər Prokurorluğunda toplanmış həmin material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir (cinayət işinin materialları). Təqsirləndirilən şəxs ibtidai istintaqın sonrakı mərhələsində ifadəsini dəyişərək onun üzərindən aşkar edilmiş narkotik vasitəni polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər göstərilərək onun üzərinə qoyulmasını bildirsə də, onun həmin ifadələri, həmçinin məhkəmədə verdiyi ifadələri şahidlərin ifadələri, “şəxsi axtarış haqqında” protokol, şəxsi axtarışın video görüntülərinin əks olunduğu disk, maddi sübutlar, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi inkaredici hallar iş üzrə yuxarıda göstərilən və mötəbərliyi heç bir mübahisə doğurmayan sübutlarla yanaşı, cinayət işinin obyektiv halları ilə də tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 05 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Gəncə Şəhər Məhkəməsinin 06 aprel 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 05 aprel 2023-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 18 may 2023-cü il tarixli, 865 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Gəncə şəhər Baş Polis İdarəsində saxlanca təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1,949 qram və 4,290 qram narkotik vasitə heroin məhv edilməli, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 160,40 (yüz altmış manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 05 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1,949 qram və 4,290 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 160,40 (yüz altımış manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar