Məhkəmə qərarları › İş №1(100)-157/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-157/2022

01.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-157/2022 01.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), Səmədov Xəqani Hacı oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədova Arzu Məmməd qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxx 1978-ci ildə Ağdam rayonunun Mirəşelli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, APA TV-nin Qarabağ bürosunun operatoru vəzifəsində işləyən, məhkum olunmamış, Ağdam rayonunun Mirəşelli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 25 iyul 2021-ci il tarixdə saat 00:35 radələrində “X19” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, həmin Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələbinə əsasən sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi “VAZ-2106” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilini Borsunlu-Hindarx yolunun Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisindən keçən hissəsində Sosial müdafiə Fondunun Ağdam rayon şöbəsinin yerləşdiyi binanın qarşısında, yolun əks hərəkət zolağı ilə 40-50 km/saat sürətlə idarə edərkən “X19” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq piyada 16.08.1983-cü il təvəllüdlü X4 25,2-31,5 metr məsafədən həmin yolu Borsunlu istiqamətində sağdan sola keçərkən hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməyərək, hərəkətini davam etdirib İlham Cəfərovu ümumi eni 18,30 metr olan həmin yolun Borsunlu istiqamətində sağdan sola 3,60 metr hissəsində avtomobilinin sağ qabaq hissəsi ilə vurub sonuncunun baş beyin toxumasının əzilib dağılması, kəllə qapağı və əsası sümüklərinin (alın, hər iki gicgah, təpə, ənsə və kəllə əsası sümüklərinin) açıq qəlpəli sınıqları, sol bud sümüyünün açıq sınığı, sol qaş, alt çənə, sol bazu nahiyələrinin əzilmiş yaraları, döş qəfəsi nahiyəsi ilə sol qalça nahiyəsini əhatə edən sahənin, sol sağrı, sol diz oynağı, sol baldır, sağ diz oynağı, sağ said, boyun nahiyələrinin sıyrıqları sağ sağrı nahiyəsinin qançırı kimi xəsarətlər alması ilə nəticələnən, başın küt travma nəticəsində kəllə qapağı və kəllə əsası sümüklərinin qəlpəli sınıqları ilə baş beyin toxumasının əzilib-dağılması səbəbi ilə ehtiyatsızlıqdan X4 ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4 ildir ki, “APA” TV-nin Qarabağ bürosunun operatoru vəzifəsində işləyir. Etibarnamə ilə idarə etdiyi “VAZ-2106” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Sürücülük vəsiqəsi vardır, lakin etibarnamənin və sürücülük vəsiqəsinin müddəti bitmişdir. 24 iyul 2021-ci il tarixdə saat 12 radələrində “Ağdam” şadlıq sarayında toy məclisində rejissor qismində iştirak etmişdir. Məclis saat 18 radələrində başa çatmışdır. Məclisin gedişini diskə köçürmək üçün ləngimiş, saat 18:30 radələrində ARB TV-nin Qarabağ bürosunun operatoru işləyən Şahid2 ilə birlikdə şadlıq sarayından çıxmışlar. Avtomobilini idarə edib Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən “Lider” adlı kafenin qarşısına gedərək maşını saxlamış, orada özünə məxsus olan ofisə getmişlər. Bir neçə saat ofisdə işləmişlər. Saat 00:20 radələrində ofisdən çıxmışlar. “VAZ-2106” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edib Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən “Ağdam” marketin yanına gedib, maşını saxlamış, mağazadan siqaret almış, yenidən avtomobilinə əyləşib Ağdam rayonu Borsunlu kəndi istiqamətinə doğru hərəkət etməyə başlamışdır. Həmin vaxt yolda işıqforda qırmızı işıq yandığı üçün maşını saxlamış, qırmızı işıq sönəndən sonra maşını idarə edib hərəkətə başlamışdır. İdarə etdiyi avtomobilin hərəkət sürəti təxminən 40-50 km/saat sürət olmuşdur. Həmin vaxt hava qaranlıq olduğundan maşının işıqlarını yandırmışdır. İşıqfordan təxminən 25-30 metr məsafə qət etmişdir ki, hərəkəti istiqamətində sağdan sola qəflətən bir piyadanın yolu keçmək istədiyini görmüşdür. Həmin piyada bir anlığa dayanmış, sonra qəflətən yola çıxmışdır. Həmin anda o, hərəkət etdiyi istiqamətdə, hərəkət zolağında piyadanı avtomobilinin sağ qabaq tərəfi ilə vurmuşdur. Piyadanın başı maşının alın şüşəsinə dəymiş, kapotun üzərinə yıxılmışdır. O, bir qədər irəli gedib maşını saxlamışdır. Həmin vaxt piyada yolun sağ kənarında asfaltın üzərinə yıxılmışıdır. O, maşından düşmüş, köməklik etmək istəmişdir. Oraya toplaşan şəxslər piyadanın aldığı xəsarətlərdən öldüyünü bildirmişlər. Həmin vaxt təcili tibbi yardım xəstəxanasına kimsə zəng etmişdir. Sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, onun, hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, ölçülər aparılmış, fotoşəkillər çəkilmişdir. Bundan sonra baxışın keçirilməsinə dair protokol və sxem tərtib edilmişdir. Tərtib edilmiş sənədlərin doğruluğunu o da öz imzası ilə təsdiq etmişdir. Sonra bilmişdir ki, avtomobili ilə vurduğu şəxs Ağdam rayonu Quzanlı kənd sakini X5r. İfadəsinə əlavə olaraq göstərmişdir ki, təhlükəni 15-20 metr məsafədən, piyadanın yolu keçmək istədiyi andan hiss etmiş, lakin həyəcanlı olduğundan maşına tormoz verməmiş və digər texniki imkanlardan istifadə etməmişdir. Əlavə olaraq zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 25 iyul 2021-ci il tarixdə saat 00:35 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobillə vurularaq aldığı xəsarətlərdən vəfat etmiş X11 onun doğma oğludur. İlham heç bir yerdə işləməmiş, fərdi qaydada fəhlə kimi çalışmışdır. 25 iyul 2021-ci il tarixdə gecə saatlarında Ağdam rayonu Quzanlı qəsəbəsində öz evində olan zaman oğlu İlqar xəbər vermişdir ki, qardaşı İlhamı Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində maşın vurmuş, aldığı xəsarətlərdən vəfat etmiş, ona görə onu təcili yardım maşını ilə xəstəxanaya aparmışlar. Məlumat almışdır ki, oğlunu maşın vuran anda o, əsasən baş nahiyəsindən aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Oğlu İlhamın məhkəmətibbi ekspertizası tərəfindən tibbi müayinəsindən sonra onun meyitini yaşadıqları Ağdam rayonunun Quzanlı kəndindəki evinə gətirmiş, daha sonra onu Ağdam rayonu Quzanlı kənd məzarlığında dəfn etmişlər. Hadisədən sonra bilmişdir ki, oğlu İlhamı Ağdam rayonu Mirəşelli kəndində yaşayan X12 idarə etdiyi “VAZ-2106” markalı avtomobili ilə vurmuşdur. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “ARB-24” TV-nin Qarabağ bürosunun operatoru işləyir. X12 da “APA” TV-nin Qarabağ bürosunun operatoru işləyir. Onun “VAZ-2106” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 24 iyul 2021-ci il tarixdə saat 12 radələrində “Ağdam” şadlıq sarayında toy məclisində operator qismində iştirak etmişlər. Məclis saat 18 radələrində başa çatmışdır. Məclisin gedişini diskə köçürmək üçün bir qədər ləngimiş, saat 18:30 radələrində şadlıq sarayından Arzu ilə birlikdə çıxmışlar. Sonra Arzunun idarə etdiyi həmin “VAZ-2106” markalı avtomobili ilə Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən “Lider” adlı kafenin qarşısında olan Arzuya məxsus olan ofisin yanına getmişlər. Həmin ofisdə işləri ilə əlaqədar bir neçə saat işləmişlər. Saat 00:20 radələrində ofisdən çıxaraq Arzunun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Quzanlı qəsəbəsində yerləşən “Ağdam” market mağazasının yanına getmişlər. Arzu maşından düşmüş, mağazaya girib siqaret almış, yenidən avtomobilin sükanı arxasına əyləşib, Borsunlu istiqamətinə doğru avtomobili idarə etməyə başlamışdır. Həmin vaxt yol kənarında quraşdırılmış işıqforda qırmızı işıq yandığı üçün Arzu maşını saxlamışdır. Qırmızı işıq sönəndən sonra maşını idarə edib hərəkətə başlamışdır. Arzunun idarə etdiyi avtomobilin hərəkət sürəti təxminən 40-50 km/saat sürətlə olmuşdur. Həmin vaxt hava qaranlıq olduğundan Arzu maşının işıqlarını yandırmışdır. Arzu maşını idarə edən zaman o, özündə olan mobil telefona baxmışdır. Qəflətən taqqıltı səsi eşitmişdir. Qarşıya baxanda görmüşdür ki, Arzu avtomobili ilə bir nəfəri vurmuş, həmin şəxsin başı maşının alın şüşəsinə dəymiş və kapotun üzərinə yıxılmışdır. Arzu bir qədər irəli gedib maşını saxlamışdır. Həmin vaxt piyada yerə yıxılmışdır. Dərhal maşından düşmüş, köməklik etmək istəmişlər. Lakin oraya toplaşan insanlar piyadanın aldığı xəsarətlərdən öldüyünü bildirmişlər. Həmin vaxt o, dərhal təcili yardım xəstəxanasının 103 qaynar xəttinə zəng edib hadisə barədə məlumat vermişdir. Sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, sürücü Arzunun, hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmiş, ölçülər aparmış, fotoşəkillər çəkmişlər. Daha sonra müstəntiq tərəfindən baxışın keçirilməsinə dair protokol və sxem tərtib edilmiş, Arzu da tərtib edilmiş sənədlərin doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ağdam TTYS-da sürücü işləyir. X11 həmkəndlisi olmuşdur. X9 tanıyır. 25 iyul 2021-ci il tarixdə saat 00:20 radələrində işdən çıxıb evə getmişdir. Quzanlı qəsəbəsində Əliş adlı şəxsin işlədiyi kafenin yanında olanda X11 ilə rastlaşmış, onunla görüşüb sonra ayrılmışlar. Sonra İlham asfalt yola doğru getmişdir. Həmin vaxt telefonuna zəng gəlmiş, telefonla danışan zaman qəflətən asfalt yolda bərkdən taqqıltı səsi eşitmişdir. Asfalt yola tərəf gedəndə bir maşının yolda dayandığını bir neçə nəfər şəxsin həmin yerə doğru qaçdıqlarını görmüşdür. Dərhal həmin yerə getmiş və görmüşdür ki, əvvəlcədən tanıdığı X12 idarə etdiyi “VAZ-2106” markalı avtomobillə İlham Cəfərovu vurmuşdur. İlham asfaltın sağ kənarında yerdə qalmışdır. Ona yaxınlaşıb baxanda İlhamın aldığı xəsarətlərdən öldüyünü bilmişdir. Həmin vaxt təcili yardım stansiyasına zəng olunduğundan, bir qədər sonra polis əməkdaşları da hadisə yerinə gəlmişlər. Sürücü Arzunun, hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, ölçülər aparılmış, fotoşəkillər çəkilmişdir. Sonra təcili yardım stansiyasının maşını ilə İlham Cəfərovun meyiti müayinə olunması üçün Bərdə mərkəzi rayon xəstəxanasına aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Ağdam rayon polis şöbəsinin X27i bölməsinin yol patrul xidməti inspektoru vəzifəsində xidmətdə olaraq 25 iyul 2021-ci il tarixə keçən gecə saat 00:30 dəqiqədə polis şöbəsinə məxsus xidməti avtomobillə Ağdam rayonu Quzanlı qəsəbəsində hərəkət edən zaman Dövlət Sosial Müdafiə fondunun Ağdam rayon şöbəsinin yerləşdiyi binanın qarşısında, yolun əks tərəfində yol-nəqliyyat hadisəsinin baş verməsi və piyadanın vurulmasını görmüş və dərhal Ağdam rayon polis şöbəsinin növbətçi hissəsinə telefonla zəng edib məlumat vermiş, hadisə yerinə istintaq-əməliyyat qrupunun üzvlərini göndərməsini xahiş etmişdir. Daha sonra zəng edib hadisə barədə Ağdam rayon polis şöbəsinin X27i bölməsinin rəisi Şahid4 də hadisə barədə telefonla məlumat vermişdir. Bir qədər sonra istintaq-əməliyyat qrupunun üzvləri hadisə yerinə gəlmişlər. Məlum olmuşdur ki, həmin hadisə Borsunlu-Hindarx yolunun Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisindən keçən hissəsində “Dövlət sosial müdafiə fondu”nun Ağdam rayon şöbəsinin binasının qarşısında, yolun əks tərəfində baş vermişdir. Sorğu zamanı məlum olmuşdur ki, saat 00:35 radələrində həmin yolla X12 idarə etdiyi “VAZ- 2106“ markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Borsunlu istiqamətində hərəkət edən zaman həmin istiqamətdə yolu sağdan sola keçmək istəyən piyada X7 yolun sağ tərəfində hərəkəti istiqamətində avtomobilin sağ qabaq hissəsi ilə vurmuşdur. Baxış zamanı piyadanın vurulduğu yerdə heç bir tormoz və ya sürüşmə izi qeydə alınmamışdır. Qaranlıq hava və süni işqlandırma şəraitində ölçülər aparıldıqdan və fotoşəkillər çəkildikdən sonra müstəntiq tərəfindən baxışın keçirilməsinə dair protokol və sxem tərtib edilmişdir. Tərtib edilmiş sənədlərin doğruluğunu o da öz imzası ila təsdiq etmişdir. Bundan sonra sürücü X12 təcili yardım stansiyasına aparılmış, həkim müayinəsindən keçirilmiş, məlum olmuşdur ki, sürücü X12 orta dərəcəli sərxoşdur. Sonra avtomobil hadisə yerindən götürülərək Ağdam rayon polis şöbəsinin X27i bölməsinin cərimə meydançasına aparılıb qoyulmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Ağdam rayon polis şöbəsinin X27i bölməsinin yol patrul xidməti inspektoru vəzifəsində xidmətdə olarkən 24 iyul 2021-ci il tarixdə Ağdam rayon polis şöbəsində istintaq-əməliyyat qrupunun üzvü kimi növbədə olmuşdur. 25 iyul 2021-ci il tarixə keçən gecə saat 00:30 dəqiqədə xidmətdə olan zaman Ağdam rayon polis şöbəsinin X27i bölməsinin yol patrul xidməti inspektoru, polis serjantı Şahid5 telefonla bölmənin rəisi Şahid4 zəng edib bildirmişdir ki, Ağdam rayonu Quzanlı qəsəbəsində avtomobillə piyadanın vurularaq onun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Məlumatı aldıqdan dərhal sonra Şahid4lə birlikdə hadisənin baş verdiyi Ağdam rayonu Quzanlı qəsəbəsində olan yerə getmişlər. Məlum olmuşdur ki, həmin hadisə Borsunlu-Hindarx yolunun Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisindən keçən hissəsində “Dövlət sosial müdafiə fondu”nun Ağdam rayon şöbəsinin binasının qarşısında, yolun əks tərəfində baş vermişdir. Sorğu zamanı məlum olmuşdur ki, saat 00:35 radələrində həmin yolla Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2106“ markalı **- EG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Borsunlu istiqamətində hərəkət edən zaman həmin istiqamətdə yolu sağdan sola keçmək istəyən piyada X7 yolun sağ tərəfində hərəkəti istiqamətində avtomobilinin sağ qabaq hissəsi ilə vurmuş, piyada İlham Cəfərov avtomobilin kapotunun üzərinə yıxılmış, başı maşının alın şüşəsinə dəymiş və kapotun üzərində qalmışdır. Həmin vəziyyətdə sürücü Arzu Quliyev təxminən 39 metr hərəkətini davam etdirmiş, sonra həmin yerdə maşını saxlamışdır. Avtomobil dayandıqdan sonra piyada X11 avtomobilin qabaq kapotunun üzərindən asfaltın sağ kənarına düşüb qalmışdır. Əməkdaşlarla birlikdə hadisə yerinin mühafizəsi təmin edildikdən sonra müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Piyadanın vurulduğu yerdə maksimum hərəkət sürəti 60 km/saat olmuşdur. Baxış zamanı piyadanın vurulduğu yerdə heç bir tormoz və ya sürüşmə izi qeydə alınmamışdır. Qaranlıq hava və süni işqlandırma şəraitində ölçülər aparıldıqdan və fotoşəkillər çəkildikdən sonra müstəntiq tərəfindən baxışın keçirilməsinə dair protokol və sxem tərtib edilmişdir. Tərtib edilmiş sənədlərin doğruluğunu o da öz imzası ila təsdiq etmişdir. Bundan sonra sürücü X12 təcili yardım stansiyasına aparılmış, həkim müayinəsindən keçirilmiş, məlum olmuşdur ki, sürücü X12 orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Sonra avtomobil hadisə yerindən götürülərək Ağdam rayon polis şöbəsinin X27i bölməsinin cərimə meydançasına aparılıb qoyulmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdam rayon polis şöbəsinin X27i bölməsinin rəisi Şahid4 Şahid6 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş 25.07.2021-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 25 iyul 2021-ci il tarixdə X4 ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi yerinə baxış zamanı müəyyən edilmişdir ki, qeyd edilən yol nəqliyyat hadisəsi tutqun qaranlıq hava şəraitində baş vermişdir. Hadisə Borsunlu-Hindarx yolunun Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisindən keçən hissəsində Sosial müdafiə Fondunun Ağdam rayon şöbəsinin yerləşdiyi binanın qarşısındabaş vermişdir. Yol iki tərəflidir, yolun orta hissəsində nəqliyyat vasitələrinin axınlarını ayırmaq üçün uzununa qoşa nişanlanma xəttləri, 60 km/saat sürəti göstərən yol nişanı vardır. Yol işıqlandırılır. Hadisə yeri yaşayış məntəqəsi hesab edilir. Yolun kənarında mağazalar, hər iki tərəfdə işıqlandırıcı dirəklər vardır.Həmin yerdə yolun ümumi eni 18,30 metrdir. Hindarx istiqamətində yolun sol hərəkət hissəsinin qoşa xəttə kimi eni 11,40 metr, sağ hərəkət hissəsinin qoşa xəttə kimi olan eni 6,90 metrdir. Piyadanın vurulduğu yerdən yolun sağ tərəfdə səkiyə kimi 3,30 metr, qoşa xəttə kimi 3,60 metr, yolun sol tərəfindən səkiyə kimi 14,80 metrdir. Hadisə yerində biri-digərindən 1,80 metr aralı olmaqla iki tay ayaqqabı qalmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi təcrübi və X13 rayonlararası zona mərkəzi tərəfindən təqdim edilmiş meyitin ekspertizasına dair 25.07.2021-ci il tarixli 14 nömrəli rəyindən görünür ki, X1 meyitinin bədənində aşağıdakı xəsarətlər-baş beyin toxumasının əzilib dağılması, kəllə qapağı və əsası sümüklərinin (alın, hər iki gicgah, təpə, ənsə və kəllə əsası sümüklərinin) açıq qəlpəli sınıqları, sol bud sümüyünün açıq sınığı, sol qaş, alt çənə, sol bazu nahiyələrinin əzilmiş yaraları, döş qəfəsi nahiyəsi ilə sol qalça nahiyəsini əhatə edən sahənin, sol sağrı, sol diz oynağı, sol baldır, sağ diz oynağı, sağ said, boyun nahiyələrinin sıyrıqları, sağ sağrı nahiyəsinin qançırı vardır. Həmin xəsarətlər həyatidirlər, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən tarixə, yəni-25.07.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ölümlə nəticələnən sağlamlığa ağır zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb başın bərk küt travma nəticəsində kəllə qapağı və kəllə əsası sümüklərinin qəlpəli sınıqları ilə baş-beyin toxumasının əzilib-dağılması olmuşdur. X2 hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. (11.08.2021-ci il: “MTE və PA” ETT Birliyinin məhkəmə-kimyəvi şöbəsindən verilmiş 2243/k N-li maddi sübutların müayinəsi aktı). X4 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 9-11 saat olar baş vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasına dair 31.08.2021-ci il tarixli,8/1892nömrəli rəyindən görünür ki, “VAZ-2106” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X19” Azərbaycan Respublikasının Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X24 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X19” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxsavtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “X19” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş Məhkəmə-əmtəəşünaslıq ekspertizasının “ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi”nin 27 oktyabr 2021ci il tarixli, 9/7645 nömrəli rəyindən görünür ki, 1983-cü il buraxılışlı “VAZ-2106” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci (dəyişilməli hissələrin qiyməti 38 manat, təmir-bərpa işləri 30,0) manat, cəmi 68,0 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məcburi narkoloji-tibbi yoxlamadan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixonevroloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 16 noyabr 2021-ci il tarixli 702 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq (o cümlədən əqli inkişafdan geri qalma) və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq (o cümlədən əqli inkişafdan geri qalma) və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. İş materiallarına əlavə edilmiş 25 iyul 2021-ci il tarxili 201 nömrəli “sərxoşluq üçün tibbi arayış”dan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı orta dərəcəli sərxoş olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsi itərəfindən verilmiş 20.08.2021-ci il tarixli 311-391/1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına 18.08.2021-ci il tarixə qədər Baş X27i İdarəsinin mərkəzi informasiya sistemində sürücülük vəsiqəsi və nəqliyyat vasitəsi qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X17 Ərazi Bölmələrini İdarəetmə X20 Şəx Ağdam Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 11.08.2021-ci il tarixli 118 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdam Rayon Mərkəzi Xəstəxanası”publik hüquqi şəxsin Poliklinika şöbəsinin narkoloji şöbəsində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X28 Dispanserinin 20.08.2021-ci il tarixli 2037 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X28 Xəstəlikləri dispanserində dispanser müşahidəsində deyil. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Ağdam rayon İcra Hakimiyyəti Başçısının Əhmədağalı kənd İnzibati ərazi dairəsi nümayəndəliyinin 11 oktyabr 2021-ci il tarixli, 619 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon İcra Hakimiyyəti Başçısının Əhmədağalı kənd İnzibati ərazi dairəsi nümayəndəliyinin Mirəşəlli kənd sakini olmaqla,yoldaşı- X8, qızı- X10, oğlu- X14 ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Ağdam rayon İcra Hakimiyyəti Başçısının Əhmədağalı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 dekabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X3 25 yanvar 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur İş materiallarına əlavə edilmiş “Qürür” şəhid ailələrinə dəstək İctimai birliyi və Ağdam Rayon İcra Hakimiyyətinin fəxri fərmanlarından görünür ki, Təqsirləndirilən şəxs 44 günlük Vətən müharibəsində göstərdiyi xidmətlərə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini, qazilərimizin kütləvi informasiya vasitələrində mediada layiqincə tanıdılması və təbliğində fəal iştirakına görə fəxri fərmanlarla təltif edilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməklə peşmançılıq çəkməsi, zərərçəkmiş şəxsin hüquqi varisilə barışıq əldə etməsi, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, 44 günlük Vətən müharibəsində göstərdiyi xidmətlərə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini, qazilərimizin kütləvi informasiya vasitələrində mediada layiqincə tanıdılması və təbliğində fəal iştirakına görə fəxri fərmanlarla təltif edilməsi onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, CM-in 59.1.12-ci maddəsi zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varislə barışıq əldə edilməsini nəzərdə tutur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələblərinə əsasən cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələri nəzərdə tutulmuşdur. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 22-ci bəndində göstərilmişdir ki, CM-in 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir İş üzrə maddi sübut kimi tanınaraq Ağdam rayon polis şöbəsinin X27i bölməsinin cərimə meydançasında olan Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi “VAZ- 2106” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılmalı, polis şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan hadisə yerindən götürülmüş bir cüt ayaqqabı, X1 əynində olmuş ağ rəngli qısaqol kofta, qara rəngli dəri kəməri olan qara rəngli cins şalvar, qara rəngli trusik mərhum Şahid1 yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. İş üzrə 150 (bir yüz əlli) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Həmin hissədə cəzanın icrası Ağdam rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Ağdam rayon polis şöbəsinin X27i bölməsinin cərimə meydançasında olan Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi “VAZ-2106” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılsın, polis şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan hadisə yerindən götürülmüş bir cüt ayaqqabı, X1 əynində olmuş ağ rəngli qısaqol kofta, qara rəngli dəri kəməri olan qara rəngli cins şalvar, qara rəngli trusik mərhum Şahid1 yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. İş üzrə 150 (bir yüz əlli) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar