Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-158/2024 22.02.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, X2 və Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X4 və ədliyyə müşaviri X6, Təqsirləndirilən şəxs hüquqi varisi X3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, ev 30, mənzil 34-də qeydiyyatda olmaqla, Avtozavod qəsəbəsi, yeni məhlələrdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni təmiz ümumi çəkisi 6.562 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 07 aprel 2023-cü il tarixdə, saat 18:30 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda, gəzdirməkdə və satmaqda şübhəli olduğu üçün Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Dan Ulduzu” şadlıq sarayının yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan balaca cibindən 1 ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 6.562 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmənin əvvəlki iclaslarında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini tutulmamışdan bir neçə gün əvvəl tapmışdır. 07 aprel 2023-cü il tarixdə, saat 18 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində, "Dan Ulduzu" restoranının yaxınlığında iki nəfər polis əməkdaşları onu 2-ci Polis Şöbəsinə dəvət etmişlər. 2-ci Polis şöbəsinin inzibati binasında video çəkilişlə və müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Onun üzərindən psixotrop maddə metamfetamin aşkar edilsə də, hesab etmişdir ki, həmin maddənin çəkisi daha az miqdarda olmuş, ola bilər ki, polisdə sənədləşdirmə aparılarkən həmin maddənin miqdarı daha çox göstərilmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin təxminən aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitəni qəbul etməsi, üstündə gəzdirməsi və alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Bu barədə şöbə rəhbərliyinə məruzə edilmiş, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra Cinayət Axtarış Bölməsinin kiçik inspektoru, polis baş serjantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. 7 aprel 2023-cü il tarixdə saat təxminən 18 radələrində Təqsirləndirilən şəxs “Dan Ulduzu” şadlıq sarayının yaxınlığında olması, həmçinin üstündə psixotrop maddə olması barədə məlumat əldə edilmiş, Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər, polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının sağ cibindən xatırladığı qədər təxminən 6 qram psixotrop maddə metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs heç bir psixoloji, fiziki və ya digər hər hansı təzyiq olmamış, ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 07 aprel 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol”dan, həmçinin 04 may 2023-cü il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsində onun üzərində şəxsi axtarış zamanı əyində olan göy rəngli cins şalvarının sağ yan balaca cibindən bir ədəd şəffaf sellofan torpasında psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar edilmiş, çəkisinin 6,76 qram olması müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh.23-24, 93). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 08 aprel 2023-cü il tarixli, 16/400 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd maddi sübut...” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 6,562 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (iş vərəqə: cild İ, səh.33-36). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 03 iyun 2023-cü il tarixli, 954 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.149). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibb ekspertizasının 10 aprel 2023-cü il tarixli, 516 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət müəyyən edilməmişdir (iş vərəqə: cild İ, səh.152-153). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 aprel 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3-cü maddələri ilə təqsirli bilnərək 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (iş vərəqə: cild İ, səh.80-81). Cinayət işinin materiallarına əlavə edilmiş 20 iyul 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 6.462 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanca təhvil verilmiş, bundan başqa iki ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.156-163). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 09 aprel 2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.19, 85-90). Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından məhkəməyə ünvanlanmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdə səhhəti ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilmişdir (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən məhkəməyə göndərilmiş 13 yanvar 2024-cü il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdə 2 saylı İstintaq Təcridxanasından “müayinə üçün cərrahın baxışı” diaqnozu ilə müəssisənin İntensiv terapiya şöbəsinə daxil olmuşdur. Aparılan müalicə tədbirləri nəticəsində Təqsirləndirilən şəxs səhhətində müsbət dinamika müşahidə edilməmiş, daha da ağırlaşmış, 13 yanvar 2024-cü il tarixdə, saat 23:15 radələrində müəssisənin İntensiv terapiya şöbəsində “hiperqlikemik koma, poliorqan çatışmazlığı” diaqnozu ilə ölmüşdür. Faktla bağlı Bakı şəhəri Nizami rayon Prokurorluğunda araşdırma aparılır (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən məhkəməyə göndərilmiş 16 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdə Müalicə müəssisəsində vəfat etmişdir (cinayət işinin materialları). Təqsirləndirilən şəxs öldüyündən, təqsirləndirilən şəxsin qardaşı X5 22 fevral 2024cü il tarixdə təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmışdır. Təqsirləndirilən şəxsin hüquqi varisi X5 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdiyini bildirmişdir, həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi da Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin ölmüş Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsinə dair fikirlərini dinləyib, hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən ölmüş Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə xitam verilməlidir (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə); 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir; 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur; 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106- 1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir; 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir; 321.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarır; 321.2.1-ci maddəsinə əsasən müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilən və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanan cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra öldüyündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməli, qətimkan tədbirinin tətbiq edilməsi üçün zərurət aradan qalxdığından barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə maddi sübutlar- Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 6.462 qram psixotrop maddə metamfetamin hazırkı qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə 32.40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.2-ci maddəsinə əsasən həmin Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfi dövlət büdcəsi hesabından Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43.3-1, 321.2.1, 305.2 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra öldüyündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübutlar- Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 6.462 qram psixotrop maddə metamfetamin hazırkı qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza xərci olan 32.40 (otuz iki manat qırx qəpik) manat dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Elmin Rüstəmov
Məhkəmə qərarları › İş №1(100)-158/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-158/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver