Məhkəmə qərarları › İş №1(100)-168/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-168/2021

26.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-168/2021 26.07.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X3 və Zərərçəkmiş şəxs2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Bozalqanlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2 və 126.2.4-cü maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 08 noyabr 2020-ci il tarixdə saat 19 radələrində keçmiş qayınatası X3 yaşadığı Tovuz rayonu Bozalqanlı kəndində yerləşən fərdi yaşayış evinin həyətinə gəlib, nə səbəbə keçmiş arvadı Şahid3 ondan icazəsiz Bakı şəhərinə getdiyini bəhanə gətirib, cüzi səbəbdən mübahisə yaratmış, həmin vaxt Sahib Həsənov, qızının nə vaxt gələcəyini öyrənmək məqsədilə əlindəki telefonla ona zəng edərkən o, sonuncunun əlindəki mobil telefonu əlindən dartıb alaraq yerə tulladıqdan sonra, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə özü ilə gətirdiyi məişət təyinatlı mətbəx bıçağı ilə X3 qarın nahiyəsindən iki dəfə vurub ona qarın nahiyəsinin qarın boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və qarın nahiyəsinin qarın boşluğuna nüfuz edən, lakin daxili orqanları zədələməyən pertonarxası sahənin hematoması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş, həmin vaxt keçmiş qayınanası Zərərçəkmiş şəxs2 onun bu hərəkətlərini ona irad tutarkən o, bunu bəhanə gətirib, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 qarın nahiyəsindən bir dəfə vurub ona, qarın nahiyəsinin qarın boşluğuna nüfuz edərək köndələn çənbər bağırsağın, müsariqəsinin və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2 və 126.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Tovuz rayonu Bozalqanlı kəndində yerləşən evdə anası Tamella Aslanova, atası Nəsib Aslanov və qardaşı Ramin Aslanov və sonuncunun ailə üzvləri ilə birgə yaşamışdır.Bir müddət Rusiya Federasiyasının Moskva şəhərində fərdi işlə məşğul olmuş, sonra Rusiya Federasiyasından gəlmiş, pandemiya ilə bağlı Rusiya Federasiyasına qayıda bilməmişdir. O, Rusiya Federasiyasından gələndən sonra arvadı Şahid3 ilə aralarında narazılıqlar yaranmağa başlamış, 2020-ci ildə rəsmi qaydada boşanmışlar. Onun birgə nikahından 2012-ci il təvəllüdlü qızı Məryəm Aslanova, 2014-cü il təvəllüdlü qızı Mədinə Aslanova və 2016-cı il təvəllüdlü oğlu Asiman Aslanov doğulmuşlar. O, Şahid3 ilə ayrılandan sonra keçmiş arvadı və azyaşlı uşaqları qayınatası Sahib Həsənova məxsus Tovuz rayonunun Bozalqanlı kəndində yerləşən evdə yaşamışlar. Nigar və ailə üzvləri ilə aralarında narazılıqlar olsa da, ayrıldıqdan sonra övladları ilə mütəmadi olaraq görüşmüş, hətta oğlu və qızları axşam saatlarında yaşadığı evə gəlib gecə onunla qalmışlar. Ailəsinin dağılmasına Şahid3 atası Sahib Həsənovun səbəb olduğunu düşünmüşdür. Sahib qızını boşanmaması üçün razı salmalı olduğu halda, əksinə qızını ondan boşanmağa təhrik etmişdir. O, Nigarla əlaqə saxlaya bilməmiş, Nigar sonuncu dəfə mobil telefon nömrəsini dəyişib, yeni nömrəsini də ona verməmişdir. Nigarla yalnız xalası oğlu Zamirin arvadı Şahid6 vasitəsilə əlaqə saxlamışdır. Belə ki, uşaqları ilə görüşmək istəyəndə yaxud da uşaqları evinə göndərməsini istəyəndə Elnarəyə bildirmiş, Elnarə da onun sözünü Nigara çatdırmışdır. 07 noyabr 2020-ci il tarixdə Elnarə onun xahişi ilə Sahibə zəng edib uşaqlarının evə gəlməməsinin səbəbini soruşmuş, Elnarə Nigarla danışa bilməmiş, ancaq Sahiblə danışanda sonuncu Nigar və uşaqlarının qonaqlıqda olduğunu bildirmişdir. 08 noyabr 2020-ci il tarixdə kafedə yemək yeyib spirtli içki qəbul etmiş, bunun nəticəsində evə bir qədər sərxoş vəziyyətdə gəlmişdir. Evdə olarkən oğlu Asimanı evinə gətirmək qərarına gəlmişdir. Bu məqsədlə Elnarəyə zəng etmiş, Elnarəyə bildirmişdir ki, Nigara uşaqları hazırlamasını bildirsin ki, gedib uşaqları evinə gətirsin. Bir qədər sonra Elnarədən cavab gözləmədən onun evinə getmiş, evə gedəndə görmüşdür ki, Elnarə telefonda Nigarla danışır. O, kənardan Nigara telefonda uşaqlarının harada olduğunu soruşmuş, mobil telefon Elnarədə olsa da səsucaldan rejimində olduğu üçün Nigar onu eşidirmiş, o, da Nigarın səsini eşitmişdir. Nigar cavabında ona bildirmişdir ki, “sənin uşağın yoxdur, uşaq qədri bilsəydin ailən yanında olardı”. O, həm də Nigarın uşaqları ilə birgə Bakı şəhərinə getməsini öyrənmişdir. O, Nigarın bu sözündən sonra əsəbləşib Sahiblə görüşmək üçün əsəbi halda sonuncunun yaşadığı evə getməyə və Sahibi bıçaqla vurmağa qərar vermişdir. Bunun üçün o, yaşadığı evə gedib mətbəxdən 1 ədəd bıçaq götürüb Sahibin yaşadığı Tovuz rayon Bozalqanlı kəndində yerləşən evinə getmiş, evin giriş qapısından içəri daxil olarkən Sahib və Aybənizlə qarşılaşmış, Sahibdən uşaqlarının harada olmasını soruşmuş, Sahib kobud halda cavab verərək “bilmirəm haradadır” demiş, ancaq Sahib ona Nigarın və uşaqlarının Bakıda olduğunu demədiyi üçün əsəbləşmişdir. Bu zaman Sahiblə aralarında mübahisə yaranmış, Sahib “Nokia” markalı mobil telefonu nəyə görəsə cibindən çıxartmış, telefonun düymələrini sıxıb kiməsə zəng etmək istəyərkən o, əsəbləşib mobil telefonu Sahibin əlindən alıb yerə atmışdır. Bu zaman Sahib ona əl atıb yumruqla boynundan vurduğu üçün Sahibin bu hərəkətlərindən hiddətlənmiş, həmin vaxt yanlarında olan və ona əl-qol atıb paltarından çəkən Aybənizi sol əli ilə itələmiş və əynindəki şalvarın belinə keçirdiyi bıçağı çıxardıb həmin bıçağı sağ əlinə alıb Sahiblə qarşı-qarşıya olan vəziyyətdə Sahibin qarın nahiyəsindən ardıcıl iki dəfə vurmuş, Sahib ayaqüstə dayanmış, Sahibin müqavimətini qırmaq üçün yenidən yumruqla sol göz nahiyəsindən vurmuş və Sahib arxası üstə yerə yıxılmışdır. Bundan sonra o, evinə getmək üçün Sahibdən təxminən 2-3 metr aralaşıb üzü küçəyə tərəfə gedərkən, qapının qarşısında Aybəniz onun arxasınca gəlib onun qolundan tutub çəkərək, nə səbəbə Sahibi vurub yıxdığını ona irad tutduğu üçün Aybənizin bu hərəkətlərindən hiddətlənib, üzərində olan bıçaqla Aybənizin qarın nahiyəsindən bir dəfə vurub ona da xəsarət yetirmişdir. O, daha sonra oradan uzaqlaşıb polis şöbəsinə gəlmiş, Sahib və Aybənizə xəsarət yetirdiyi bıçağı da polis şöbəsinin növbətçi hissəsinə təhvil verərək törətdiyi cinayət barədə məlumat vermişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, keçmiş qayınatası Sahib Həsənovun onun ailəsinin dağılmaması üçün heç bir hərəkət etməməsi, hadisə günü isə uşaqların yeri barədə ona heç bir məlumat verməməsi hadisənin baş verməsinə səbəb olmuş, içkili halda olduğundan həmin hadisəni törətmişdir. Həmçinin ifadəsində iş üzrə zərər çəkmiş şəxslər olan keçmiş qayınatası Sahib Həsənovla, keçmiş qayınanası Zərərçəkmiş şəxs2 ilə barışdığını, həmçinin keçmiş həyat yoldaşı ilə barışdığını, hazırda azyaşlı uşaqlarının onun evində də yaşadıqlarını, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş kürəkənidir. Mətləblə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Mətləb Nigarla aralarındakı narazılıq səbəbindən 2020-ci ildə rəsmi qaydada ayrılmışlar. Azyaşlı övladları da qızının himayəsində qalmışdır. Mətləb istədiyi vaxt uşaqları ilə görüşə bilmişdir. Bununla bağlı aralarında heç vaxt narazılıq yaranmamışdır. 07.11.2020-ci il tarixdə qızı Nigar azyaşlı uşaqları ilə birlikdə 3-4 günlük Bakı şəhərinə getmişdir. 08.11.2020-ci il tarixdə saat 19 radələrində arvadı Aybəniz və gəlini Şahid4 ilə birgə evdə olduqları zaman o, arvadı Aybəniz ilə birgə həyətə çıxmışdır ki, Aybəniz darvazanı açsın, o, da avtomobilini evinin həyətinə gətirsin. Onlar evin həyətində Mətləblə rastlaşmış, Mətləb onlardan uşaqlarının harada olmasını soruşmuş, o, isə Mətləbə uşaqlarının Bakı şəhərində olduqlarını bildirmişdir. O, bu sözü deyərək cibindən mobil telefonunu çıxartmışdır ki, qızı Nigara zəng etsin. Həmin vaxt Mətləb onun üzərinə cummuş, Aybəniz də Mətləbi ondan aralamaq istəmiş, ancaq Mətləb Aybənizi paltarından çəkib kənara itələmiş, bundan sonra Mətləb əlini belinə apararaq, belindən bıçağı çıxarıb bıçaqla təxminən 2-3 dəfə qarın nahiyəsinə vurmuş, sonra isə yumruqla sol göz nahiyəsindən vurmuş, o, yumruq zərbəsindən sonra yıxılmış, Aybəniz ondan təxminən iki metr aralıda yıxılmış, o, əli ilə 2-3 dəfə Aybənizə işarə verib yaxın gəlməməsini göstərmiş, huşunu itirirərkən, Mətləb aralaşmış, ancaq Aybənizin “xəstə kişini niyə vurursan deməsini eşitmiş, sonra isə Mətləbin Aybənizin qarnından vurmasını və Aybənizin də yıxılmasını görmüşdür. O, get gedə huşunu itirmiş, bir qədər sonra ayılanda qonşuları evinin həyətində görmüş, avtomobilin açarını da çıxarıb qonşusu Nadirə verib onu xəstəxanaya aparmasını demiş, ancaq Nadirin oğlu Məmməd onları xəstəxanaya avtomobili tez sürüb çatdırmaq üçün sükan arxasında özü əyləşərək onu və Aybənizi xəstəxanaya aparmışdır. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş kürəkənidir. Mətləb Nigarla 2020-ci ildə rəsmi qaydada boşanmış və övladları da qızının himayəsinə verilmişdir. Mətləb mütəmadi olaraq öz evində uşaqları ilə görüşmüşdür. 07.11.2020-ci il tarixdə Nigar uşaqları ilə Bakı şəhərinə getmişdir. 08.11.2020-ci il tarixdə saat 19 radələrində Sahib avtomobilini evin həyətinə gətirmək üçün gedərkən o, da Sahib ilə birlikdə darvazanı açmaq üçün getmişdir. Bu zaman Mətləb evin həyətinə daxil olmuş, onlardan uşaqlarının harada olmasını soruşmuş, onlar isə uşaqların Bakı şəhərində olduqlarını bildirmişlər. Mətləb təkrar olaraq Sahibdən uşaqların harada olmasını soruşduqda Sahib telefonunu çıxarıb Nigara zəng edərkən Mətləb telefonu Sahibin əlindən alıb yerə atmış, Mətləbi sakitləşdirib yola salmaq istəmiş, Sahib Mətləbə çıxıb getməsini bildirsə də Mətləb Sahibin üzərinə yerimiş, bu zaman o, da Mətləbi çəkib Sahibdən aralamağa çalışmışdır. Mətləbi aralamaq istəyərkən onu əli ilə itələdiyi üçün yerə yıxılmış, ayaq üstə qalxanda Sahib əli ilə ona işarə verib “yaxın getmə” demiş, bu zaman Mətləbin Sahibi yumruqla sol göz nahiyəsindən vurub yıxmasını görmüş, Mətləb Sahibdən təxminən 2-3 metr aralanıb üzü küçə tərəfə getmək istədikdə Mətləbə yaxınlaşıb paltarından dartıb öz iradını bildirmişdir ki, “nə səbəbə xəstə kişini vurub yerə yıxırsan”. Bunu deyəndə Mətləb onun qarın nahiyəsinə zərbə vurmuş, ilk öncə qarnına nəyin dəydiyini hiss etməmiş, həmin vaxt qışqırıb qonşuları köməyə çağırmış, daha sonra Mətləb özü həyətdən çıxıb getmiş, Sahibə kömək etmək üçün geri qayıtmış, qonşular da gəlmiş, qonşuların köməyi ilə Sahibi avtomobilə əyləşdirib xəstəxanaya yola salmış, sonra o, da qarnında ağrı və acışma hiss etdiyi üçün qarnına baxanda həmin nahiyədən qan axdığını görüb başa düşmüşdür Mətləb onu da bıçaqla vurmuşdur. Sahib artıq xəstəxanaya gedərkən qonşular Sahibi geri çağırmış, o, da həmin avtomobilə əyləşmiş, qonşusu Nadirin oğlu Məmməd atasına məxsus avtomobillə onu və Sahibi xəstəxanaya aparmışdır. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Tovuz rayonunun Bozalqanlı kəndində yaşayır. X12 və Zərərçəkmiş şəxs2 qonşuları, Təqsirləndirilən şəxs da həmkəndlisidir. X1 əridir. 08 noyabr 2020-ci il tarixdə saat 19 radələrində özünə məxsus “Mercedes C 180” markalı avtomobili ilə atası Nadirin yaşadığı evə getmiş, atasının evinin qarşısında dayanarkən Sahibin evində səs-küy olduğunu eşitmişdir. O evin qarşısında dayanıb Sahibin evinə tərəf baxmış, bu zaman onu avtomobili ilə xəstəni aparmaları üçün çağırmışlar. O avtomobilini idarə edərək gəlib, Sahibin evinin qarşısında dayanmışdır. O evin qarşısında dayanarkən Mətləbin Sahibi və Aybənizi bıçaqla vuraraq xəsarət yetirməsi ona məlum olmuş, ancaq ondan əvvəl atası Nadir hadisə yerinə gələrək özünə məxsus “Vaz 2101” markalı avtomobili ilə Sahibi xəstəxanaya aparmış, onlar gedəndən bir qədər sonra isə evin qarşısında dayanarkən Aybənizin də yaralı olduğunu bilərək onu çağırmışlar. Ancaq atası oradan çox uzaqlaşmadan zəng edib Aybənizi də aparması üçün atasını geri çağırmışlar. Atası geri qayıdarkən Aybənizi də avtomobilə əyləşdirmış, o da atasının halının pisləşdiyini görüb onları özü aparmağı təklif etmiş və Sahiblə Aybənizi gəlini Zeynəblə birgə atasına məxsus “Vaz 2101” markalı avtomobillə Tovuz rayon mərkəzi xəstəxanasına aparmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonu Bozalqanlı kəndində yaşayır. X12 qayınatası, Zərərçəkmiş şəxs2 isə qayınanasıdır. Onlar eyni ünvanda yaşayırlar. Təqsirləndirilən şəxs baldızı Şahid3 keçmiş əridir. 08 noyabr 2020-ci il tarixdə saat 19 radələrində evdə olduğu zaman qayınatası Sahib hava qaraldığı üçün avtomobilini həyətə gətirmək üçün getmiş, qayınanası Aybənizi də darvazanı açması üçün çağırmış, onlar birlikdə həyətə getmişlər. Təxminən 10 dəqiqə sonra həyətdə qışqırıq səsləri eşitmiş, həyətə çıxanda qayınatası Sahibin yerdə olduğunu, Aybənizin isə küçədə Mətləblə çəkişdiyini görmüşdür. Həmin vaxt qonşular da qayınanasının səs-küy salmasına görə həyətə gəlmiş, o, qonşuların da köməyi ilə Sahibi qonşusu Nadirin avtomobilinə əyləşdirib xəstəxanaya aparmaq istəmiş, ancaq sonra Aybənizin də xəsarət aldığı ona məlum olmuş, daha sonra onlarla birgə xəstəxanaya getmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Sahib və Aybəniz darvazanı açmaq üçün gedərkən evin həyətində Mətləblə rastlaşmışlar və həmin vaxt Mətləb hər ikisini bıçaqla vuraraq xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonunun Bozalqanlı kəndində yaşayır. Təqsirləndirilən şəxs ərinin xalası oğludur. Mətləb və ailə üzvlərinin yaşadığı ev onun yaşadığı evin qonşuluğunda yerləşir. Sahib Həsənov və Zərərçəkmiş şəxs2 Mətləbin keçmiş qayınatası və qayınanasıdır. Təqsirləndirilən şəxs ilə Şahid3 2011-ci ildə rəsmi ailə qurmuş, lakin aralarında narazılıq olduğu üçün 2020-ci ildə rəsmi qaydada boşanmışdırlar. Mətləblə Nigarın birgə nikahından doğulan azyaşlı övladları Şahid3 himayəsində yaşayırlar. Nigarla ayrıldıqdan sonra da Mətləb hər gün azyaşlı uşaqları ilə görüşmüş, uşaqları tez-tez Mətləbin yanında qalmışlar. Nigar Mətləbdən boşanandan sonra münasibətləri yaxşı olmuş, Nigarla mütəmadi danışmış, hətta Mətləbin də Nigara sözü olanda onun vasitəsilə demişdir. 07 noyabr 2020-ci il tarixdə axşam saatlarında evdə olduğu zaman Mətləb evinə gəlib ona bildirmişdir ki, “iki gündür oğlumu evə apara bilmirəm, Nigara zəng elə uşaqları hazırlasın, uşaqları evə gətirim”. O, Nigara zəng etmiş, ancaq Nigar evdə olmadığını, uşaqlarının da yanında qalacağını bildirmiş, o, da Mətləbə Nigarın sözünü demişdir. Ertəsi gün, yəni 08 noyabr 2020-ci il tarixdə saat 18.30 radələrində Mətləb yenə evinə gəlmiş, ona demişdir ki, “mən öyrənmişəm Nigar Bakıya gedib, uşaqları da özü ilə aparıb, ona kim icazə veribki uşaqlarımı məndən icazəsiz aparsın”. Mətləb ondan yenə də Nigara zəng etməsini xahiş etdiyi üçün Nigara zəng etmiş, Nigarla əlaqə saxlayarkən Bakıda olduğunu ona deməmiş, ancaq başqa yerdə olduğunu və uşaqların da yanında qalacağını bildirmişdir. Nigarla telefonda danışan zaman Mətləb kənardan Nigara uşaqlarını ondan icazəsiz aparmasına görə irad bildirmiş, Nigar da Mətləbin səsini eşidib, Mətləbin ünvanına “sənin uşağın yoxdur, sən uşaq qədri bilsən uşağın, ailən yanında olardı” demişdir. Bu sözdən sonra Mətləb onun evindən getmiş, həmin gün axşam da Mətləbin Nigarın atası evinə gedib, orada Sahib və Aybənizi bıçaqla vuraraq xəsarət yetirdiyini eşitmişdir. O, hadisənin şahidi olmadığını və hadisənin necə baş verməsi haqqında məlumatı olmadığını əlavə etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- X5 Anatomiya Elmi-Təcrübi Tədris birliyinin Ağstafa rayon şöbəsi tərəfindən təqdim edilmiş canlı şəxsin ekspertizasına dair 11.11.2020-ci il tarixli 581 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X14-Təcrübi Tədris birliyinin Tovuz rayon şöbəsi tərəfindən təqdim edilmiş canlı şəxsin ekspertizasına dair 02.12.2020-ci il tarixli 788 saylı rəyindən görünür ki, X3 bədənində aşkar edilmiş xəsarətlər: qarın nahiyəsinin qarın boşluğuna nüfuz edən, lakin daxili orqanları zədələməyən deşilmiş-kəsilmiş yarası (1 ədəd), qarın nahiyəsinin qarın boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yarası (1 ədəd) və pertonarxası sahənin hematoması iti kənara malik əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na gətirildiyi və qərarın təsviri hissəsində göstərilən 08.11.2020-ci il tarixdə əmələ gəlmişdir və ümumulikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. X3 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni iti kənara malik əşyanın (alətin) deşici kəsici hissəsinin təsiri nəticəsində əmələ gələ bilməsi istisna olunmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X14-Təcrübi Tədris birliyinin Tovuz rayon şöbəsi tərəfindən təqdim edilmiş canlı şəxsin ekspertizasına dair 02.12.2020-ci il tarixli 789 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarət-qarın nahiyəsinin qarın boşluğuna nüfuz edərək köndələn çənbər bağırsağın, müsariqəsinin və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası iti kənara malik əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na gətirildiyi və qərarın təsviri hissəsində göstərilən 08.11.2020-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni iti kənara malik əşyanın (alətin) deşici kəsici hissəsinin təsiri nəticəsində əmələ gələ bilməsi istisna olunmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin maddi sübutların ekspertizasına dair 24.12.2020-ci il tarixli 971/2020-MTBŞ №-li rəyindən görünür ki, - X3 ABO sistemi üzrə qan qrupu: A-beta/H//İİ/.- Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu: A-beta/H//İİ/.- Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs2 məxsus xalat, X7 məxsus sviter, köynək və bıçaq üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,H antigenləri, həmçinin əksər ləkələrdə beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/H//İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə X7 və Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Təqdim edilən bıçaq üzərindəki ləkələrin ölçü və intensivliyi sitoloji tədqiqat aparmağa imkan vermir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin maddi sübutların ekspertizasına dair 13.01.2021-ci il tarixli 613-2020/MTKŞ №-li rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs2 məxsus məxsus xalatın ön səthinin sol yarısının orta hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə kafi itilikli ülgücü, qabırğaları özünü kafi biruzə edən küpü və kafi itilikli ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs2 məxsus xalatın üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədə ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətli bıçağı tiyəsinin təsirindən əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş və X7 məxsus iki ədəd köynəyin ön və arxa səthlərinin sol yarısının aşağı hissəsində 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr kafi itilikli ülgücü, qabırğaları özünü kafi biruzə edən küpü və kafi itilikli ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və X7 məxsus iki ədəd köynəyin üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətli bıçağı tiyəsinin təsirindən əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş və və X7 məxsus 2 nömrəli (qara rəngli) köynəyin sağ qolunun qoltuqaltı hissəsində bir ədəd küt yaranma mexanizminə malik olan və köynəyin müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik sökülmə zədəsi vardır. Ekspertiza tədqiqatına təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış kəsici-deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonervoloji Dispanserindən təqdim edilmiş məhkəmə-psixiatrik ekspertizasının 10.12.2020-ci il tarixli, 667 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinərəhbərlik etmək iqtidarındadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X14-Təcrübi Tədris birliyinin Tovuz rayon şöbəsi tərəfindən təqdim edilmiş canlı şəxsin ekspertizasına dair 16.05.2021-ci il tarixli 05 saylı rəyindən görünür ki, X3 bədənində aşkar edilmiş xəsarətlər: qarın nahiyəsinin qarın boşluğuna nüfuz edən, lakin daxili orqanları zədələməyən pertonarxası sahənin hematoması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası (1 ədəd), qarın nahiyəsinin qarın boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yarası (1 ədəd). Qeyd edilən xəsarətlər iti kənara malik əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na gətirildiyi və qərarın təsviri hissəsində göstərilən 08.11.2020-ci il tarixdə əmələ gəlmişdir, həmin xəsarətlərdən qarın nahiyəsinin qarın boşluğuna nüfuz edən, lakin daxili orqanları zədələməyən pertonarxası sahənin hematoması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası (1 ədəd) həyat üçün təhlükəli olan sağlamlığa ağır, qarın nahiyəsinin qarın boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yarası (1 ədəd) isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. X3 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni iti kənara malik əşyanın (alətin) deşici kəsici hissəsinin təsiri nəticəsində əmələ gələ bilməsi istisna olunmur. İş materiallarına əlavə edilmiş Tovuz RPŞ-nin məsul növbətçisi polis mayoru X2 tərəfindən tərtib edilmiş 08.11.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlində mətbəx bıçağı ilə könüllü olaraq Tovuz RPŞ-nə yaxınlaşaraq Bozalqanlı kəndində yaşayan Sahib Həsənov və Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş 685 nömrəli 08.11.2020-ci il tarixli "sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə" protokolundan görünür ki, Təqsirləndirilən şəxs 08.11.2020-ci il tarixdə yüngül dərəcə alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş 09 noyabr 2020-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:30-da CM-in 126.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 4(062)-35/2020 nömrəli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 09 noyabr 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİdən verilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası TƏBİB Tovuz Rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 07.12.2020-ci il tarixli 950 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həkim-psixiatrın və həkimnarkoloqun qeydiyyatında dayanmır. İş materiallarına əlavə edilmiş Tovuz rayon İcra Hakimiyyəti başçısının Bozalqanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 08.12.2020-ci il tarixli 758 və 759 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həbs olunana qədər Tovuz rayonu Bozalqanlı kəndində atası X13, anası X10, arvadı Şahid3, qızları X8, X9 və oğlu X11 ilə birlikdə yaşamışdır. İş materiallarına əlavə edilmiş Tovuz rayon İcra Hakimiyyəti başçısının Bozalqanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 08.12.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli 2(062)-651/2020 nömrəli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid3 arasında Tovuz rayon Qeydiyyat şöbəsində 26 oktyabr 2011-ci il tarixdə 887 sayla qeydə alınmış nikah qeydinin pozulması və onların birgə nikahlarından anadan olmuş Mədinə Aslanova, Məryəm Aslanova və X15 Nigar Aslan qızının yanında saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladı ˗ 19.11.2012-ci il təvəllüdlü X8, 18.07.2014-cü il təvəllüdlü X9 və 26.04.2016-cı il təvəllüdlü X11 vardır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər X12 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-in 126.2.1, 126.2.2 və 126.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının CM-in 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, törətdiyi əmələ görə peşmançılıq çəkməsini, himayəsində üç azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və könüllü gəlib təqsirini boynuna almasını onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, CM-in 59.1.10-cu maddəsi şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsini, CM-nin 59.1.12-ci maddəsi isə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini nəzərdə tutur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələblərinə əsasən cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, törətdiyi əmələ görə peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində üç azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almaqla həmin halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikası CM-in 126.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunun mənasına görə müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Azərbaycan Respublikasının CM-in 15.4-cü maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ümumi rejimli cəza çəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Tovuz rayon Polis şöbəsinin məsul saxlancında saxlanılan zərərçəkmiş şəxs X3 hadisə baş verən vaxt əynində olmuş 2 ədəd uzunqol koftalar Zərərçəkmiş şəxs1 qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Zərərçəkmiş şəxs2 hadisə baş verən zaman əynində olan bir ədəd xalat Zərərçəkmiş şəxs2 qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli və cinayətin törədilmə aləti olan 1 ədəd bıçaq məhv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən işüzrə xüsusi müsadirə təyin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 09 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Tovuz rayon Polis şöbəsinin məsul saxlancında saxlanılan zərərçəkmiş şəxs X3 hadisə baş verən vaxt əynində olmuş 2 ədəd uzunqol koftalar Zərərçəkmiş şəxs1 qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Zərərçəkmiş şəxs2 hadisə baş verən zaman əynində olan bir ədəd xalat Zərərçəkmiş şəxs2 qaytarılsın, qəbul edilmədikdə məhv edilsin və cinayətin törədilmə aləti olan 1 ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar