Məhkəmə qərarları › İş №1(100)-168/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-168/2022

31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-168/2022 31.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, X4 və Məmmədova Arzu Məmməd qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1967-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni təmiz çəkisi 16,333 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, 2,368 qramını yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, İ.M.Həmzəyev küçəsində yerləşən 41 nömrəli fərdi yaşayış evində, 13,965 qramını isə üzərində saxlamaqla daşımış, 26 noyabr 2021-ci il tarixdə, saat 16:30 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Kəpəz rayonu, İ.M.Həmzəyev küçəsində, yaşadığı evin yaxınlığında saxlanılıb, Kəpəz RPİ-yə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol iç yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 1 ədəd şəffaf polietilen torbada olmaqla külli miqdarda, yəni təmiz çəkisi 13,965 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin 27 noyabr 2021-ci il tarixdə yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, İ.M.Həmzəyev küçəsində yerləşən 41 nömrəli fərdi yaşayış evində axtarış aparılarkən evin qonaq otağında olan dolabın siyirməsindən 1 ədəd şəffaf sellofan torbacıqda satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda, yəni təmiz çəkisi 2,368 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki,ünvan 2 ünvanında tək yaşamışdır. 26 noyabr 2021-ci il tarixdə evdə olan zaman polis işçiləri onun yaşadığı evə basqın edərək onu polis şöbəsinə aparmışlar. Polislər narkotik vasitəni onun üzərində olan gödəkçənin cibinə qoymuşlar. Daha sonra Kəpəz rayon polis şöbəsində ona işgəncə altında tərtib etdikləri protokolları imzalatmışlar. Daha sonra Xatirə adlı müdafiəçi dəvət edilmiş, o müdafiəçiyə ona işgəncə verdiklərini bildirmiş, Xatirə adlı müdafiəçi isə onun döyüldüyünü eşidərək polis şöbəsini tərk etmiş, Xatirə adlı müdafiəçi getdikdən sonra onu yenə də döymüşlər. Təxminən yarım saat sonra Ayaz Həsənov adlı müdafiəçi gəlmişdir. Bundan sonra videoçəkilişlə üzərinə qoyulmuş narkotik vasitə guya ondan aşkar olunmuşdur. Bakıdan gələn polis işçiləri ona narkotik vasitənin ona məxsus olmasını boynuna almağını, boynuna almayacağı təqdirdə 1 kq narkotik vasitə yükləyəcəkləri ilə hədələmişlər. Növbəti gün, yəni 27 noyabr tarixində müvəqqəti saxlama yerində ona qarşı yenə işgəncə və təzyiqlər olmuşdur. Bundan sonra onu müvəqqəti saxlama yerindən yaşadığı evə gətirərək guya yaşadığı evdə axtarış aparmışlar. Ancaq yaşadığı evdə heç bir narkotik vasitə olmamış, polis əməkdaşları özləri onun evinə narkotik vasitəni qoymuşlar. Axtarış zamanı videoçəkiliş aparılmış, ancaq həmin çəkiliş dayandırılmaqla aparılmış, evində olan narkotiki təqdim etməsi üçün ona təzyiq göstərilmiş, məcbur olub, guya evində olan narkotiki təqdim etmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitələr ona məxsus olmamış, heç vaxt narkotik vasitə istifadə etməmiş, ümumiyyətlə narkotik vasitənin necə olması barədə anlayışı belə olmamış, siqaret çəkməmiş, içki içməmiş, sağlam həyat tərzi keçirmişdir. Cinayət işinin materiallarında olan protokolları işgəncə altında imzalamış, ibtidai istintaq dövründə də özünü təqsirli bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmətdə olduğu vaxt ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, istifadə etməsi və satması barədə DİN-in BNMİ-yə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün BNMİ-nin rəisinə raportla məruzə olunduqdan sonra 25.11.2021-ci il tarixdə tərəfindən “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmişdir. Həmin qərar əsasında onun, BNMİ-nin xüsusilə mühum işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 və BNMİ-nin əməliyyat müvəkkili Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. 26.11.2021-ci il tarixdə, saat 16:30-da Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında, yəni ünvan 2 ünvanının yaxınlığında tərəflərindən saxlanılmışdır. Həmin vaxt onlar özlərini Təqsirləndirilən şəxs təqdim edərək saxlanılmasının səbəbini izah etmiş və sonuncunu özləri ilə birlikdə təxirəsalınmadan Gəncə şəhər Kəpəz RPİ-nin inzibati binasına aparmışlar. Orada Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və müdafiəçi dəvət edilmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarışdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmaması barədə sual verilmiş, Şahin isə üzərində narkotik vasitənin olduğunu bildirmişdir. Ona görə təhqiqatçı, Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində narkotik vasitə varsa çıxarıb təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol iç yan cibindən bir ədəd bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğu soruşulanda Şahin kütlənin narkotik vasitə olan heroin olduğunu və özünə məxsusluğunu bildirmişdir. Sonra həmin kütlə yapışqan şəffaf lentlə bağlanıb qablaşdırılmışdır. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin pul, mobil telefon, şəxsiyyət vəsiqəsi, açar və s. bu kimi şəxsi əşyalardan başqa narkotik vasitə, eləcə də qanunla dövriyyəsi qadağan edilən hər hansı predmet aşkar edilməmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi təxminən 18 qram təşkil etmişdir. Sonra isə həmin kütlə kağız zərfə qoyularaq üzəri möhürlənmiş və qeydlər aparılmışdır. Bundan sonra o və onunla birgə axtarışda iştirak edən şəxslər həmin zərfin üzərindəki qeydlərin doğruluğunu imzalarla təsdiq etmişlər. Sonda təhqiqatçı tərəfindən ilkin sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilən narkotik vasitə olan heroini həmin gün yerdən tapmış, istifadə etmək məqsədi ilə üzərində saxlamış, lakin istifadə etməmiş, narkotik vasitə satışı ilə məşğul olmamış, evində və ya digər yerdə narkotik vasitə saxlamadığını göstərmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, saxlanılarkən Təqsirləndirilən şəxs heç bir təsir, təzyiq və ya zorakılıq göstərilməmiş, Şahin özü üzərində narkotik vasitə olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və həmin Baş İdarənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 da ifadələrində Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq edərək sonuncu ilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 İsrail oğlu ifadəsində göstərmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinin MSY-nin polis nəfəri vəzifəsində xidmətdə olduğu müddətdə 27.11.2021-ci il tarixdə, saat 13 radələrində keçirilən axtarış istintaq hərəkətinin icrası ilə bağlı həmin vaxt MSY-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, İ.M.Həmzəyev küçəsinə getmişlər. Yola çıxmazdan əvvəl MSY-nin rəisi tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin açarları təqdim olunmuşdur. Qeyd olunan küçəyə çatdıqda videoçəkilişlə axtarış aparılacağı bildirilmiş və bundan sonra Təqsirləndirilən şəxs üzərində olan açarla evinin darvazasını açmış, o, MSY-nin polis nəfəri Şahid5, videoqeydiyyatçı Rasif Qasımov, müstəntiq, şübhəli şəxs Təqsirləndirilən şəxs, eləcə də müdafiəçi Ayaz Həsənov içəri daxil olmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs evə giriş qapısını açmış və evin içərisinə daxil olunmuşdur. Evin içərisində ilk öncə mətbəx otağında axtarış aparılmışdır. Axtarış bir qədər davam etdikdən sonra Təqsirləndirilən şəxs evin qonaq otağında narkotik vasitə olduğunu bildirib axtarışı dayandırmağı xahiş etmişdir. Ona görə də axtarış dayandırılmış və qeyd edilən otağa keçmişlər. Orada Təqsirləndirilən şəxs dolabın siyirməsini açıb şəffaf sellofan büküm təqdim edərək həmin bükümdə narkotik olduğunu bildirmişdir. Bundan sonra həmin kütlə elektron tərəziyə qoyulub çəkilmiş, sonra isə zərfin içərisinə qoyulub qablaşdırılmış, möhürlənmiş, qeydlər aparılmış və tərəflərindən imzalanmışdır. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-də heç bir təsir, təzyiq və ya zorakılıq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 şahid H.İ.Əsgərovun ifadəsində göstərilən xüsusatları təsdiq edərək sonuncu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Şahinin tutulduğu gün onunla zəngləşmiş, Şahin yemək hazırladığını bildirib, onu yaşadığı evə dəvət etmişdi. O yağ və kartof alaraq Şahinin evinə getmişdir. Həmin gün saat 16 radələrində Elməddin adlı polis əməkdaşı gələrək onu vurmuş, qolunu qandallamışlar. Ondan kim olduğunu soruşduqda Elməddin özünü Elçin Məmmədov kimi təqdim etmişdi. Onlardan qandalı açmalarını tələb etmiş, həmin vaxt onların rəisləri gələrək onlara qandalı açmaqlarını bildirmiş, rəis olanlar barədə heç kimə danışmamağı ona tapşırmışdır. Həmin vaxt Şahin evdə olmuş, bundan sonra isə Şahini qandallayıb aparmışlar. Həmin vaxt Razi Alışov da orada olmuş, baş verənlər barədə 102-yə zəng edib məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, həmin gün Gəncə şəhərində kitab sərgisi keçiriləcəyindən Bəxtiyar ona birlikdə çörək yeyib sonra isə sərgiyə getməyi təklif etmişdi. Şahingilə getdikdə Bəxtiyarın yanında polis əməkdaşı olduğunu görmüş, Şahinin isə içəridə olduğunu bilmiş, lakin Şahini görməmişdir. Polis əməkdaşı ona orada narkotik satıldığını və getməli olduğunu bildirdiyindən oradan çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin ibtidai istintaqını aparmış, onu bu işlə əlaqədar tanımışdır. Təqsirləndirilən şəxsi cinayət işinin materialları və maddi sübutla müdafiəçisinin iştirakı ilə tam tanış etmiş, texniki səhv nəticəsində cinayət işinin materialları ilə tanış etmə protokolunda cinayət işinin səhifə sayını yazmamış, tanış etmədən sonra iş materiallarına heç bir sənəd nə əlavə edilməmiş, nədəki çıxarılmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş narkoloji ekspertiza ilə bağlı onu müayinə etmiş, aparılan müayinə nəticəsində onun narkotik vasitə aludəçisi olması müəyyən olunmuş, bu barədə 29.11.2021-ci il tarixli 1429 nömrəli rəy verilmişdir. Texniki səhv nəticəsində verilmiş rəydə onun barəsində məcburi müalicə təyin edilməli olması öz əksini tapmamışdır. Müayinə nəticəsində Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyi müəyyən edildiyindən onun barəsində məcburi müalicənin təyin edilməsinin zəruri olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 tərəfindən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanmış 25 noyabr 2021-ci il tarixli raportdan görünür ki, xx.xx.1967-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Gəncə şəhəri, Kəpəz rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik maddələrin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 25 noyabr 2021-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmış, qrupun tərkibinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 daxil edilmiş, qrupa rəhbərlik Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 həvalə olunmuşdur. İş materiallarına əlavə edilmiş 26 noyabr 2021-ci il tarixli “şubhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da Azərbaycan Respubliikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 26 noyabr 2021-ci tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç yan cibindən 1 ədəd bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın sağ yan cibindən 69 AZN pul, həmin şalvarın sol yan cibindən 2 ədəd açar, 1 ədəd özünəməxsus şəxsiyyət vəsiqəsi və 1 ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Daha sonra herionə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 18 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi götürülmüş, 69 azn pul və 2 ədəd açar sonuncuya qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik maddələri Gəncə şəhər, Kəpəz rayonu, Sadıllı qəsəbəsində yerdən taparaq əldə etdiyini, istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini, başqa haradasa narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional Bölməsi tərəfindən verilmiş 27 noyabr 2021-ci il tarixli 16/1258 nömrəli materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə.” sözləri və imzalar olan kağız paketdəki, üzəri yapışqanlı lentlə sarınmış 1(bir) ədəd şəffaf polietilen torbada təmiz çəkisi 13.965 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanılmış və müəyyən olunmuşdur ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. İş materiallarına əlavə edilmiş 27 noyabr 2021-ci il tarixli “axtarış aparılması haqqında” protokoldan görünür ki, axtarış zamanı üzərində olan açarla şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin həyət darvazasının kilidini açmış və içəri daxil olmuşlar. Pilləkənlə evin giriş qapısına qalxıb dayanmışlar və şübhəli şəxs Təqsirləndirilən şəxs özündə olan açar ilə taxtadan olan evə giriş qapısının kilidini açmışdır. İlk öncə soldakı otaqda, yəni özünün bildirməsinə görə mətbəx kimi istifadə etdiyi otaqda axtarışa başlanılmış, axtarış həmin otaqda bir qədər davam etdikdə şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, axtarışı dayandıraq və digər otaqda narkotik vasitə var, onu təqdim etmək istəyir. Ona görə də şübhəli şəxs Təqsirləndirilən şəxs sözlərinə əsasən axtarış dayandırılaraq onun dediyi, göstərdiyi otağı-zala keçmişlər. İlk öncə həmin otağa şübhəli şəxs Təqsirləndirilən şəxs keçmiş, digər iştirakçılar isə onun arxasınca həmin otağa daxil olmuşlar. Orada şübhəli şəxs Təqsirləndirilən şəxs küncdəki dolabçanın 1-ci siyirməsini açıb oradan bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə kütləni çıxarıb təqdim etmiş, həmin büküm açıldıqda içərisində toz halında, tünd qəhvəyi rəngli, kəskin spesifik qoxuya malik, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilmişdir. İlkin sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdi ki, həmin kütlə narkotik vasitədir, onun özünə məxsusdur, yerdən tapmışdır, öz istifadəsi üçün yaşadığı evdə saxlayırmış, heç kimə narkotik vasitə satmamış, əvəzsiz verməmişdir. Bundan sonra evin digər otaqlarında axtarış davam etdirilsə də əhəmiyyət kəsb edən predmet aşkar edilməmişdir. Axtarış zamanı 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə, 2.81 qram narkotik vasitə heroinə bənzər kütlə götürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional Bölməsinin 27 noyabr 2021-ci il tarixli 16/1265 nömrəli materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında olan dolabın siyirməsindən aşkar olunan kütlə” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan torbacıqda təmiz çəkisi 2,368 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında olan dolabın siyirməsindən aşkar olunan kütlə.” sözləri və imzalar olan kağız paketdəki heroin ilə üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə.” sözləri və imzalar olan kağız paketdəki heroin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər.Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanılmış və müəyyən olunmuşdur ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. İş materiallarına əlavə edilmiş 04.12.2021-ci il tarixli Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən təqdim edilmiş əməliyyat tapşırığının icrası ilə bağlı məktubdan görünür ki, 26.11.2021-ci il tarixdə saat 16:30 radələrində xx.xx.1967-ci ildə ünvan 4 ünvanında qeydiyyatla yaşayan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini haradan, necə əldə etməsini müəyyən etmək məqsədi ilə bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, mötəbər mənbələrə istinadən mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, lakin haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş 03.12.2021-ci il tarixli Gəncə şəhər Kəpəz rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş əməliyyat tapşırığının icrası ilə bağlı məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs narkoman kimi tanınmaqla müsbət xarakterizə olunmur, şübhəli şəxslərlə yaxınlıq edir, yaşadığı evdə bir yerə toplaşıb narkotik vasitələrdən istifadə edir, yaxınlıq etdiyi şəxslərin əksəriyyəti narkotikə meyilli, əvvəllər analoji cinayətlər törətdiklərinə görə məhkum olunmuş şəxslərdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş narkotik vasitələri satış məqsədi ilə naməlum mənbədən əldə etmiş, saxlamış və daşımış, həmin narkotik vasitələrdən hazırda şəxsiyyəti dəqiq məlum olmayan şəxslərə satmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində başqa şəxslər ilə qabaqcadan əlbir olan bir qrup təşkil edib-etməməsinin müəyyənləşdirilməsi istiqamətində aparılan tədbirlər nəticəsində iş üçün əhəmiyyət kəsb edəcək məlumatlar əldə olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 27 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 26 noyabr 2021-ci il tarixdən hesablanmaqla, 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 29.11.2021-ci il tarixli 1429 nömrəli X5-tibbi Yoxlamaya dair rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş “əlavə məhkəmə narkoloji ekspertizanın təyin edilməsi haqqında” qərar əsasında verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 28.03.2022-ci il tarixli 374 nömrəli X5-tibbi Yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin “Məhkəmə nəzarətinin həyata keçirilməsinə dair” 01 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respinlikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 25.11.2021-ci il tarixli qərarının Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə dair hissəsi qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 14 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarətlər alması barədə toplanmış 627-c-21 nömrəli material üzrə cinayət hadisəsi müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 02.12.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 03.12.2021-ci il tarixli 6157 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində yaşadığı evə basqın edərək polis şöbəsinə aparıldığını, narkotik vasitənin üzərində olan gödəkçənin cibinə qoyulduğunu, verilmiş işgəncə altında tərtib edilmiş protokolları imzaladığını, üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığını, heç vaxt narkotik vasitə istifadə etmədiyini, cinayət işinin materiallarında olan protokolları işgəncə altında imzaladığını, ibtidai istintaq dövründə də özünü təqsirli bilmədiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadəni işin faktiki halları ilə uyğun olmayan, uydurma,məsuliyyətdən yayınmağa xidmət edən ifadə kimi qəbul edərək hesab edir ki, onun təqsiri məhkəməyədək icraat zamanı özünü qismən təqsirli bilməklə verdiyi ifadəsi, “şəxsi axtarış və götürmə aparılması haqqında”, “axtarış aparılması haqqında” protokollarla, həmin protokollara əlavə edilmiş videoçəkilişlərlə, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəməyədək icraat zamanı özünü qismən, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməklə verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, “...ünvan 2-də tək yaşayır, fərdi əməklə məşğul olur. X13 bir neçə aydır ki, vəfat etmişdir. “Kakos” kimi tanınan narkotik vasitə heroindən təxminən 2-3 aydır ki, tüstüsünü iyləmək yolu ilə istifadə edir. 26.11.2021-ci il tarixdə, günorta saatlarında Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsində xatırlamadığı küçədə yerdə bir ədəd sellofan büküm görüb götürmüş və açıb içərisinə baxdıqda həmin bükümün içərisində “kakos” kimi tanıdığı və özünün istifadə etdiyi narkotik vasitə olan heroin olmasını müəyyən etmişdir. Həmin kütləni öz istifadəsi üçün cibinə qoyub yaşadığı evə getmiş və evdə həmin narkotik vasitənin üzərindən az miqdarda götürüb sellofana doldurub qonaq otağındakı dolabın rəfinə qoymuşdur ki, gələcəkdə istifadə etsin. Qalan hissəni isə başqa sellofanın içərisində üzərində götürmüşdür. Həmin gün saat 16 radələrində yaşadığı küçədə piyada evə gedərkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini Azərbaycan Respublikasının DİN-in BNMİnin əməkdaşları kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda, daşımaqda və satmaqda şübhəli olduğunu, ona görə də birlikdə Gəncə şəhər Kəpəz RPİ-yə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına etiraz etmədən birlikdə Kəpəz RPİ-yə getmişdir. Orada hüquq və vəzifələri izah edilərək Gəncə şəhəri ərazisində olan vəkillərin siyahısı təqdim edilmiş və o həmin siyahıya baxaraq X9 hüquqlarını müdafiə etməsi üçün çağırılmasını xahiş etmişdir. Bir qədər sonra qeyd edilən vəkil onun yanına gətirilmiş və ona təqdim edilmişdir.Bundan sonra üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmiş və orada xidməti otaqların birində müdafiəçinin, eləcə də polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş altında onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarışdan əvvəl ona hüquq və vəzifələri izah edilərək bu barədə yazılı bildiriş təqdim olunmuşdur. Sonra isə üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olub-olmaması barədə sual verilmiş, əgər varsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt əynində olan qara rəngli gödəkçənin sol iç yan cibindən 01 ədəd sellofan bükümdə, qəhvəyi rəngli, “kakos” kimi tanıdığım və yerdən tapmış olduğu həmin narkotik vasitə heroini çıxarıb təqdim etmiş və həmin kütlənin narkotik vasitə heroin olub özünə məxsus olmasını, yerdən tapdığını, öz istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını və satmaq niyyətinin olmadığını bildirmişdir. Orada yaşadığı evdə və digər yerlərdə narkotik vasitə saxlayıb-saxlamamağı barədə soruşulmuş, o isə üzərindən aşkar edilən narkotik vasitədən başqa heç bir yerdə, eləcə də evində narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış və təqdim etdiyi narkotik vasitədən başqa hər hansı qanunsuz əşya, predmet, başqa narkotik vasitə aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş mobil telefonu, şəxsiyyət vəsiqəsi götürülmüş, pul və evinin açarları ilə özünə qaytarılmışdır. Sonra isə onun üzərindəki həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş və çəkisi 18 qram təşkil etmişdir.Sonra isə həmin narkotik vasitə kağız paketin içərisində qablaşdırılmış, üzərində qeydlər aparılmış, onun tərəfdən, eləcə də digər iştirakçılar tərəfdən imzalanmış və götürülmüşdür. Ertəsi gün istintaqda ifadə verərkən yaşadığı evdə narkotik vasitə olmadığını bildirmiş, evində axtarış aparılmasına etirazının olmaması barədə ərizə vermişdir. Sonradan evində axtarış aparılmış və axtarış zamanı yalan danışmağın mənasız olduğunu, onsuz da evin qonaq otağında gizlətdiyi həmin narkotik vasitənin aşkar ediləcəyini düşünüb qonaq otağında gizlətdiyi “kakos” kimi tanınan narkotik vasitə heroini təqdim etmişdir. Həmin vaxt təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilmiş və çəkisi bükümlə birlikdə 2.81 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə zərfə qoyulub qablaşdırılmış və möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalarla təsdiq olunmuşdur. O, evində axtarış zamanı təqdim etdiyi narkotik vasitəni də üzərindən aşkar edilmiş narkotik vasitənin üzərindən ayırıb evinə qoymuş və həmin narkotik vasitəni öz istifadəsi üçün saxlayırmış. Üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitəni fürsət olanda istifadə etmək üçün üzərində gəzdirirmiş. Saxlanılarkən polis əməkdaşları tərəfdən ona hər hansı fiziki təsir olmamışdır. İlkin araşdırma zamanı və şübhəli şəxs qismində dindirilərkən yaşadığı evdə narkotik vasitə olmadığını bildirməsinin səbəbi isə qorxması olmuşdur. ” Bundan başqa iş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” və “axtarış aparılması haqqında” protokollar, həmin protokollara əlavə edilmiş videoçəkilişlər məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç yan cibindən 1 ədəd bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni təqdim edərək, həmin narkotik maddəni Gəncə şəhər, Kəpəz rayonu, Sadıllı qəsəbəsində yerdən tapdığını, istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmiş, yaşadığı evdə axtarış zamanı isə mətbəx kimi istifadə etdiyi otaqda axtarış aparılarkən Təqsirləndirilən şəxs axtarışı dayandırmağı, digər otaqda narkotik vasitə olduğunu və onu təqdim etmək istədiyini bildirmiş, bundan sonra axtarış dayandırılaraq onun göstərdiyi otağa keçilmiş, orada Təqsirləndirilən şəxs küncdəki dolabçanın 1-ci siyirməsini açıb oradan bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə kütləni çıxarıb təqdim etmiş, həmin kütlənin narkotik vasitə olduğunu bildirmişdir. Həmçinin iş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan müəyyən olunmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunduqdan sonra həmin narkotik vasitəni yerdən taparaq istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. O, cümlədən iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 14 dekabr 2021-ci il tarixli qərardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 26.11.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən həbs olunan zaman xəsarətlər alması barədə Gəncə şəhər prokurorluğunda aparılmış araşdırma zamanı verdiyi izahatda Təqsirləndirilən şəxs göstərmişdir ki, istintaq təcridxanasına daxil olarkən bədənində olan xəsarətləri tutulmazdan bir neçə gün əvvəl yaşadığı evdə ağacdan yıxılaraq almış, bununla bağlı heç kimdən şikayət və tələbi olmamış, istintaq təcridxanasında onu müayinə edən şəxslərə bədənində olan xəsarətləri polis əməkdaşlarının yetirdiyini azad olunması üçün yalan dediyini göstərmişdir. Həmçinin Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin “Məhkəmə nəzarətinin həyata keçirilməsinə dair” 01 dekabr 2021-ci il tarixli qərarından müəyyən edilmişdir ki, “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 25.11.2021-ci il tarixli qərarın Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə dair hissəsi qanuni hesab edilmişdir. Bundan başqa əməliyyat tapşırığı ilə bağlı məlumatlardan müəyyən olunmuşdur ki, “...Təqsirləndirilən şəxs narkoman kimi tanınmaqla müsbət xarakterizə olunmur, şübhəli şəxslərlə yaxınlıq edir, yaşadığı evdə bir yerə toplaşıb narkotik vasitələrdən istifadə edir, yaxınlıq etdiyi şəxslərin əksəriyyəti narkotikə meyilli, əvvəllər analoji cinayətlər törətdiklərinə görə məhkum olunmuş şəxslərdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş narkotik vasitələri satış məqsədi ilə naməlum mənbədən əldə etmiş, saxlamış və daşımış, həmin narkotik vasitələrdən hazırda şəxsiyyəti dəqiq məlum olmayan şəxslərə satmışdır”. Göründüyü kimi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilmiş sübutların məcmusu Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməklə verdiyi ifadəsinin həqiqiliyini və obyektivliyini şübhə altına almaqla, onun məhkəməyədək icraat zamanı özünü qismən təqsirli bilməklə verdiyi ifadəsinin narkotik vasitələrin aşkar olunması ilə bağlı hissəsində məhkəmə tərəfindən daha inandırıcı və obyektiv ifadə kimi qəbul edilir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona verilmiş CM-in 234.4.3-cü maddəsilə olan ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-ci maddəsilə təqsirli bilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, onun üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan heroinin ümumilikdə çəkisinin16,333 qram olmaqla, şəxsi istehlak miqdarından dəfələrlə çox olması onun tərəfindən həmin narkotik vasitənin şəxsi istifadə məqsədilə əldə etməsini inandırıcı hesab etmədiyindən onun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ Siyahısında heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarında göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 və X7 ifadələrində polis əməkdaşlarının Təqsirləndirilən şəxs evindən aparmaları ilə bağlı verdikləri ifadələrini həqiqi və obyektiv ifadə kimi qəbul etməyərək, həmin ifadələri işin faktiki hallarına uyğun olmayan, Təqsirləndirilən şəxs müdafiəsinə yönəlmiş ifadələr kimi qəbul edir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs cinayəti tamah məqsədi ilə törətməsini Azərbaycan Respublikası CM-in 61.1.6-cı maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə almışdır. Lakin məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən verilmiş ittihama əsasən satış məqsədi tamah niyyətini də əhatə etdiyindən qeyd olunan hal, yəni tamah niyyəti Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilməklə, narkolоji kabinetdə qeydiyyаtа аlınmаlıdır. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 13.815 və 2.318 qram çəkilərdə narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, həmçinin yaşadığı evdə axtarış və götürmə aparılmasının videogörüntüləri olan 02 ədəd DVD disklər isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 64 (altmış dörd) manat 80 (səksən) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 26 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,815 və 2,318 qram çəkilərdə narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, həmçinin yaşadığı evdə axtarış və götürmə aparılmasının videogörüntüləri olan 02 ədəd DVD disklər isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 64 (altmış dörd) manat 80 (səksən) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilsin və narkolоji kabinetdə qeydiyyаtа аlınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar