Məhkəmə qərarları › İş №1(100)-168/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-168/2025

14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-168/2025 14.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1982-ci il tarixdə Bərdə rayonu, Lənbəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış və barəsində «həbs» qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq İ siyahısına əsasən külli miqdarda, yəni 1(bir) ədəd plastik balonda və 1(bir) ədəd şüşə balonda ayrı-ayrılıqda təmiz çəkiləri 570 qram, 270 qram, ümumi təmiz çəkisi 840 qram olan bitki mənşəli kütlələri, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanaları qanunsuz əldə edib yaşadığı Bərdə rayonu, Lənbəran kəndində yerləşən evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə saxlamış, 07 dekabr 2023-cü il tarixdə, saat 09:20 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə rayonu, Lənbəran kəndində şübhəli şəxs qismində saxlanılaraq yaşadığı evin həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirilən zaman evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidən ona məxsus 1 (bir) ədəd plastik balonda və 1(bir) ədəd şüşə balonda ayrı-ayrılıqda təmiz çəkiləri 570 qram, 270 qram, ümumi təmiz çəkisi 840 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ifadəsində bildirmişdir ki, hadisə səhər saat 6-7 radələrində olmuş, yoldaşı pəncərədən kiminsə baxdığını demiş və pəncərədən baxan zaman əməliyyatçı Xəyyamı orada görmüşdür. O, polis işçilərindən evin qabağına niyə gəldiklərini soruşmuş cavab olaraq ona evdə narkotik vasitə olduğuna dair məlumat olduğu deyilmişdir. O, polis əməkdaşlarının 11-12 nəfər olduğunu bildirmiş və narkotik vasitənin yerini onlara göstərdiyini qeyd etmişdir. Həmin zaman polis işçiləri ona “çox olan narkotiki götürəcəksən, yoxsa yoldaşınla qızınıda aparıb şöbədə çəkiliş edəcik” demişlər. O, narkotik vasitəni götürmək istəməmiş bir neçə saat mübahisə etdikdən sonra, İdris adlı şəxs ona “bunu qəbul etməsən şöbəyə gedəcik, orada daha ağırı olacaq” demişdir. Həmin zaman uşağı ağladığı üçün məcbur qalaraq narkotik vasitəni götürmüşdür. İfadəsinə əlavə olaraq bildirmişdir ki, o narkotik vasitəni Kürün qırağından tapdığını, əvvəllər istifadə etmədiyini bir aydır istifadə etdiyini bildirmişdir. Həmçinin tapdığı narkotik vasitəni bir dəfə istifadə etmiş daha sonra isə aroma butulkasına qoymuş, narkotik vasitənin çəkisi 20 qram olmuşdur. O, polis işçilərinin balaca düyü qabında narkotik vasitə gətirdiyini və yarım tikiliyə qoyduqlarını bildirmişdir. Ona təzyiq olunmuş, narkotik vasitəni götürməsə qızının və yoldaşının polis şöbəsinə aparılacağı deyilmiş, həmçinin ondan dostlarının adını verməsi istənmişdir. Həmçinin narkotik vasitənin birini polis işçilərinin əl damına qoyduğunu digərinin isə stolun üstündə olduğunu bildirmişdir. O, məhkəmə istintaqı zamanı əgər aşkar edilmiş narkotik vasitələrin ümumi çəkisi 150 qramdan çox olarsa onları qəbul edəcəyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hadisənin üzərindən çox müddət keçdiyini demiş, daha sonra da narkotika ilə bağlı işləri olduğunu bildirmiş və tam xatırlaya bilmədiyi üçün istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, əməliyyat məlumatı onun olmamış, əməliyyat zamanı orada Şahid2 və Şahid1 iştirak etmişdir. Polis əməkdaşları səhər saatlaında təqsirləndirilən şəxsin yaşadığı evə getmiş, ilk öncə Təqsirləndirilən şəxs özünü daha sonra isə ailə üzvlərini çağırmışlar. Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatından bəhs edilmiş və təqsirləndirilən şəxs narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Narkotik vasitənin çəkisi təxminən 800 qramdan çox olmuş və videoçəkilişlə çəkilmiş, qablaşdırılaraq götürülmüşdür. Həmçinin təqsirləndirilən şəxsin təqdim etdiyi narkotik vasitələrin hər ikisi yarımtikilidə olmuş, biri şüşə digəri kapron qabda olmuş və qablarla birlikdə çəkilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2023-cü il dekabr ayında narkotik vasitələrin istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatı ilə bağlı polis əməkdaşları səhər saatlarında təqsirləndirilən şəxsə yaxınlaşıb məlumat vermiş, daha sonra Təqsirləndirilən şəxs narkotik vasitəni onlara təqdim etmişdir. Narkotik vasitə təqsirləndirilən şəxsin evinin həyətində yerləşən yarımtikili daxalının içərisində süpürgənin altında iki banka halında aşkar edilmiş, narkotik vasitənin birinin çəkisi 570 qram digərinin isə çəkisi 270 qram olmuşdur. Həmin zaman tədqiqatçıda orada olmuş, təqsirləndirilən şəxs çəkiliş aparıldıqdan sonra sənədləşdirilərək polis şöbəsinə aparılmışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, aşkar olunan narkotik vasitələrin biri kapron qabda digəri isə aroma butulkasında olmuş, təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin onun olduğunu özü etiraf etmişdir. Daxil olmuş əməliyyat məlumatı ona aid olmuş və məlumat narkotik vasitələrin istifadəsi ilə bağlı olmuş, aşkar edilən narkotik vasitənin çəkisi ümumilikdə 840 qram olmuşdur. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin dekabr ayında səhər saat təxminən 09:20 radələrində Bərdə rayon Polis şöbəsinə məxfi məlumat daxil olmuş, məlumata əsasən Bərdə rayonunda Təqsirləndirilən şəxs evində qanunsuz olaraq narkotik vasitə olmuşdur. Polis əməkdaşları Həmin ünvana getmiş, onlar evin giriş qapısına yaxınlaşaraq Təqsirləndirilən şəxs çağırmış və ona məsələni bildirmişlər. Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirmiş, daha sonra evinə videoçəkilişlə axtarış keçirilmişdir. Axtarış zamanı orada Şahid1,Şahid2 və Eşqin Məmmədov iştirak eymiş, çəkilişi isə etmişdir. Narkotik vasitə həyətin girişində sol tərəfdə yerləşən yarımtikili daxalında aşkar edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarını həmin tikiliyə aparmış və narkotik vasitələrin orada olduğunu bildirmişdir. Narkotik vasitələr bir ədəd plastik qabda bir ədəd də şüşə balonda olmuşdur. Əvvəlcə plastik qaba daha sonra isə şüşə qaba baxılmış, daha sonra isə yarımtikili daxalına baxış keçirilmiş lakin oradan başqa narkotik vasitə aşkar olunmamışdır. Daha sonra videoçəkilişlə təqsirləndirilən şəxsin evinə də baxış keçirilmiş lakin heç nə aşkar olunmamışdır. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirlmiş lakin heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, əməliyyat məlumatı onun olmamış, əməliyyat məlumatı narkotik vasitələrin qanunsuz saxlanmasıyla bağlı olmuş, həmçinin narkotik vasitələrin hər ikisi marixuana olmuşdur. O, həmin vaxt evdə heç kimi görmədiyini və təqsirləndirilən şəxsin narkotik vasitəni tapdığını dediyini bildirmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 07 dekabr 2023cü il tarixli raportdan görünür ki, xx.xx.1982-ci il tarixdə Bərdə rayonu, Lənbəran kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində və yaşadığı ünvanda saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 08 dekabr 2023-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilərək, təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona ittiham elan edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Bərdə Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə «Həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli Baxış keçirilməsi haqqında Protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq yaşadığı evdə saxlaması barədə şübhəli olduğundan fərdi yaşayış evinə videoçəkiliş vasitəsi ilə baxış keçirtəcəyini bildirilib. Bundan sonra Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən iştirakçılarla bağlı və yaşadığı evdə videoçəkilişdən istifadə edilməklə baxış aparılmasına hər hansı bir etirazının olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmaması barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən baxış istintaq hərəkəti iştirakçıları elan edilmişdir. Bunun ardınca təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs yaşayış evinin həyətinə birlikdə daxil olunduqda Təqsirləndirilən şəxs məxsus yaşayış evi girişdən öndə yerləşir. Girişdən sağ tərəf hissədə isə Təqsirləndirilən şəxs narkotik vasitə saxladığını bildirdiyi “daxal” adı ilə bilinən yardımçı tikili yerləşir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan “daxal” adı ilə bilinən yardımçı tikilidə olan süpürgənin alt hissəində gizlətdiyi 1 (bir) ədəd plastik balonda və 1(bir) ədəd şüşə balonda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Bunun ardınca polis əməkdaşları tərəfindən həmin tikiliyə baxış keçirilsə də, əlavə heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bunun ardınca aşkar edilmiş kütlələr göy rəngli polietilen paketə qoyulub qablaşdırılmışdır. Qablaşdırmanın üzərində qeydlər aparılmış və istintaq hərəkət iştirakçıları tərəfindən imzalanaraq DİN-nin 94 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsində olan digər iki tikiliyə baxış keçirilmişdir. Lakin əlavə olaraq hər hansı qanunusuz əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşayış evinə baxış keçirilməyə başlanarkən həmin ev birmərtəbəli olmaqla girişdən sağda mətbəxin yerləşdiyi müşahidə edilmişdir. Polis əməkdaşları tərəfindən həmin yerə baxış keçirilmişdir. Lakin hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs məxsus yaşayış evinin digər otaqlarına baxış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 bölməsinin ekspertlərinə həvalə edilmiş, Gəncə Regional bölməsinin 07 dekabr 2023-cü il tarixli 16/1248 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilidən aşkar olunaraq götürülmüş iki bağlamada narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlələr” yazı və imzalar olan polietilen paketdəki 1 (bir) ədəd plastik balonda və 1(bir) ədəd şüşə balonda, ayrı-ayrılıqda təmiz çəkiləri 570 qram, 270 qram, ümümi təmiz çəkisi 840 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalardır və tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuana ümumi təmiz çəkisi - 840 qram, tədqiqata sərf edildi - 0,4 qram (hər birindən 0,2 qram), qalıq- 839,60 qram. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserin 04 mart 2024-cü il tarixli 363 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsindən daxil olmuş məktubdan görünür kı, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bərdə RMX-nin Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 14 fevral 2024-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kortetekasında heç bir məlumat yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Bərdə rayon polis şöbəsinə verilən əməliyyat tapşırığının cavab məktubundan görünür ki, Bərdə rayonu, Lək kəndində yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuanalari əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin, həmçinin, narkotik vasitə və ya onun prekursorlarını, psixotrop maddə və heroin satmasını müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyataxtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticəəldə edilməmişdir. Keçirilmişəməliyyataxtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitə və ya onun prekursorlarını satması barədə məlumat olmuş, lakin satdığı hər hansışəxs və ya şəxslər müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Bərdə RİHBnin Lənbəran kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş 06 mart 2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilidən aşkar edilərək 1 (bir) ədəd plastik balonda və 1 (bir) ədəd şüşə balonda ümumi təmiz çəkisi 840 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 839,60 qram qalmış kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 07 dekabr 2023-cü il tarixdə ış üzrə Təqsirləndirilən şəxs evinə və üzərinə baxış keçirilməsini əks etdirən 2 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadələrini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxsun məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünü müdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxsun əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmiş, sonuncunun əməli ittiham olunduğu CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi bütün etirafedici ifadələrində, eləcə də şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə narkotik vasitə olan marixuana tapdığını, heç kimə satmadığını və satmaq niyyətində də olmadığını göstərmişdir. Bütün yuxarıda qeyd olunanlara baxmayaraq, ibtidai istintaq orqanı xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarında yalnız Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan heroinin ümumi çəkisinin külli miqdar təşkil etməsini, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını əsas götürərək sonuncuya qarşı satış məqsədi ilə bağlı ittiham irəli sürmüşdür. Bununla belə, məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuana külli miqdarda olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan marixuana əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxsa ittiham irəli sürsə də, satış məqsədini təsdiqləyən, yəni Təqsirləndirilən şəxsa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, narkotik vasitə olan heroinin hazırlanması üçün avadanlığı əldə etməsinə, onun külli miqdarında narkotik vasitə olan heroini məhz sifariş əsasında əldə etməsinə, çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxsun narkotik vasitə olan heroini satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar olunan narkotik vasitənin külli miqdarda olması ilə yanaşı daxil olmuş əməliyyat məlumatını da əsas götürmüşdür. Buna baxmayaraq, cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Beləliklə, aparılmış istintaq nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, təqsirləndirilən şəxsdə sadəcə aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisinin külli miqdar təşkil etməsi əsas götürülərək Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 5ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışı Qanunun 1.0.10-cu maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Plenumun həmin Qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, marixuana şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/1248 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuana ümumi təmiz çəkisi 840 qram olmaqla külli miqdar təşkil edir. Məhkəmə tərkibi himayəsində iki uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Toplanmış cinayət işinin materialları ilə sübut olunmuşdur ki, Təqsirləndirilən şəxs iki bankada olmaqla ümumilikdə qurudulmuş 840 qram marixuananı şəxsi məqsədləri üçün saxlamaqla bərabər, məhkəmə istintaqında ifadə verərkən həmin bankalardan birinin ona aid olmasını bildirmiş, digərinin isə əlaqəsi olmadığını qeyd etmişdir. Lakin, məhkəmə istintaqı zamanı şəxsin külli miqdarda narkotik vasitəni öz şəxsi məqsədləri üçün istifadə etməsinə dair qeyd olunan xüsusatların hamısı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 30 (otuz ) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilidən aşkar edilərək 1 (bir) ədəd plastik balonda və 1(bir) ədəd şüşə balonda ümumi təmiz çəkisi 840 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 839,60 qram qalmış kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv olunmalıdı. 07 dekabr 2023-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs evinə və üzərinə baxış keçirilməsini əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 363 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilidən aşkar edilərək 1 (bir) ədəd plastik balonda və 1 (bir) ədəd şüşə balonda ümumi təmiz çəkisi 840 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 839,60 qram qalmış kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv olunsun. 07 dekabr 2023-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs evinə və üzərinə baxış keçirilməsini əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar