Məhkəmə qərarları › İş №1(100)-169/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-169/2022

02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-169/2022 02.02.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu (məruzəçi hakim) və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 oğlu və Zərərçəkmiş şəxs2 oğlu və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə 06 avqust 2003-cü il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 13 sentyabr 2021-ci il tarixdə, saat 22:30 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Füzuli küçəsində tanışı Zərərçəkmiş şəxs1 Rusiya Federasiyasına gedəcəyi ilə bağlı geyinmək üçün ondan paltar istəməsi, Təqsirləndirilən şəxs əvvəllər Zərərçəkmiş şəxs1 ona vermiş olduğu şalvarı geri alması səbəbindən paltar verməyəcəyini deməsinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 onun üz nahiyəsindən bir dəfə əli ilə vuraraq ona sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, Təqsirləndirilən şəxs onu vurmasına görə qisas almaq məqsədilə Zərərçəkmiş şəxs1 xəsarətlər yetirmək niyyətilə mübahisə etdikləri yerdən təxminən 30-35 metr məsafədə yerləşən tanışı Şahid1 yaşadığı evə gedərək orada evin həyətində olan dolabın üstündən istintaqa məlum olmayan kəsici-deşici aləti götürüb geri qayıdaraq Zərərçəkmiş şəxs1 yaxınlaşaraq istintaqa məlum olmayan kəsici-deşici alətlə qəsdən bir neçə dəfə zərbə vurub, sonuncuya bir ədəd başın tüklü hissəsində təpə nahiyəsinin sol yarısının bir ədəd kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət, eləcə də döş qəfəsinin ön səthinin sağ yarısının, döş qəfəsinin sol arxa yan səthinin daxilə keçən, hemopnevmatoraksa səbəb olmuş iki ədəd deşilmişkəsilmiş yarası və qarının ön divarının daxilə keçən, daxili qanaxmaya səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, həm ayrı-ayrılıqda, həm də birlikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirib, zərərçəkmiş Zərərçəkmiş şəxs1 həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 8-9 ildir ki, tanımış, Hikmətlə münasibətləri yaxşı olmuş, əvvəllər aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 13.08.2021-ci il tarixdə saat 22 radələrində tanışı Ömərlə birlikdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən mağazadan şirniyyat alaraq çay içmək üçün Ömərin yaşadığı evə gəlmiş, bir qədər sonra Hikmət Ömərə zəng edərək sabah Rusiya Federasiyasına gedəcəyini, görüşmək istədiyini demişdir. Ömər telefonda Hikmətə onların yanlarına gəlməsini demiş, təxminən 5 dəqiqə sonra Hikmət Əvəz və Aqil ilə birlikdə Ömərgilin evinin qarşısına gəlmişlər. O, Hikmət, Ömər, Aqil və Əvəz Ömərgilin evinin qarşısında bir qədər dayanıb zarafatlaşmış, bu zaman Hikmət ilk öncə Ömərə sabah Rusiyaya gedəcəyini, geyinmək üçün paltar verməsini, Ömər də Hikmətə paltarı olmadığını demişdir. Sonra Hikmət ona Rusiyaya gedəcəyini, zarafatla şalvarını və köynəyini ona verməsini, o isə Hikmətə “sən bir müddət bundan əvvəl mənə şalvar vermişdin, sonra qayıtdın məndən aldın” dediyini bildirmişdir. O, zarafatla Hikmətə paltarını verə bilməyəcəyini dedikdən sonra Hikmət əsəbləşərək onun ünvanına qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. O, Hikmətə heç bir söz demədikdə Hikmət yenidən onun ünvanına qarşı nalayiq ifadələr işlətməyə davam etmişdir. Bu zaman onların aralarında mübahisə yaranmış, həmin zaman onların yanlarında olan Ömər, Əvəz və Aqil onları sakitləşdirməyə çalışmışlar. Hikmət mübahisə zamanı onu bir dəfə yumruqla sifət nahiyəsindən vurmuşdur. Ömər Hikmətə “Nemət səndən zəifdir, niyə onu vurursan” deyərək Hikməti ondan uzaqlaşdırmağa çalışmışdır. Hikmət Ömərə “sən nə deyirsən” deyərək yenidən onun ünvanına qarşı nalayiq ifadələr işlətmişdir. Əvəz Hikməti kənara çəkərək ondan uzaqlaşdırmış, Ömər onları aralayan zaman telefonunun qırılmaması üçün telefonu ona vermiş, o, həmin telefonu götürərək Ömərgilə getmişdir. O, Ömərgilə girərək telefonu evə qoyub su içdikdən sonra su içdiyi yerin yaxınlığında olan şkafın üstündəki qaycını götürmüşdür. O, Hikməti qorxutmaq üçün qaycını götürərək Hikmətin olduğu yerə geri qayıtmışdır. O, geri qayıdan zaman Hikmət sakitləşməyərək onun ünvanına qarşı nalayiq ifadələr işlətməyə davam etmişdir. Hikmət yenidən mübahisə etməyə başlamışlar. Onlar mübahisə edən zaman Ömər Hikməti tutmuş, Əvəz isə onu tutaraq dava etməyə qoymamışlar. Bir qədər ara sakitləşsə də, Hikmət onu söyərək üzərinə gəlmək istədikdə o da qaycını çıxaraq Hikmətə tərəf getmişdir. Hikməti qorxutmaq istəmiş, lakin Hikmət qorxmayaraq ona tərəf yumruq atdıqda o da qaycı ilə Hikmətə bir neçə dəfə zərbə endirmişdir. Həmin zaman Əvəz onları araladığı üçün qaycı Əvəzin qoluna dəymişdir. O, Hikməti vurduqdan sonra Hikmət ondan aralanmışdır. Ömər Hikmətin bədənindən qan axdığını dedikdə, o, Hikmətə kömək etmək istəmiş, lakin Ömər Hikmətə yaxınlaşmamasını demişdir. O, Hikmətin zarafatla ondan paltar istəməsi, onun Hikmətə verməyəcəyini dedikdən sonra Hikmətin onun ünvanına qarşı nalayiq ifadələr işlətməsi, onu yumruqla vurması səbəbindən qaycını götürərək Hikməti qorxutmaq istədiyini Hikməti özündən kənarlaşdırmaq üçün ona bir neçə dəfə vurduğunu, Hikmət ondan aralandıqdan sonra dayanıb Hikmətin bədənindən qan axmasını görərək ona kömək etmək istəmişdir. O, mübahisə zamanı Hikmətin onu bir neçə dəfə yumruqla vurduğunu, hadisənin təxminən 15-20 dəqiqə ərzində davam etdiyini bildirmişdir. O, hadisədən dərhal sonra Şəmkir rayonu, Zəyəm qəsəbəsi ərazisində yerləşən zibbilxanaya tərəf gedərək həmin ərazidə, dəqiq xatırlamadığı yerdə hadisə zamanı istifadə etdiyi qayçını atdığını demişdir. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olmuş, Zərərçəkmiş şəxs1 ilə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 8-9 ildir ki, tanımış, münasibətləri yaxşı olmuş, əvvəllər aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. O, 2 il bundan əvvəl Nemətə toya geyinmək üçün paltar verdiyini, sonradan həmin paltarlar özünə lazım olduğu üçün Nemətdən paltarı almışdır. 14.09.2021-ci il tarixdə Rusiya Federasiyasına getmək üçün bilet almışdır. 13.09.2021-ci il tarixdə saat 22 radələrində tanışları Əvəz və Aqil ilə birlikdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində əmisioğlu Ömərgilin evinin yaxınlığında dayanmışlar. O, Rusiyaya getməli olduğu üçün Ömərə zəng edərək sabah Rusiya Federasiyasına gedəcəyini, görüşmək istədiyini Ömərə demişdir. Ömər ona evlərinin yanına gəlməsini demiş və təxminən 5 dəqiqə sonra o, Əvəz və Aqil ilə birlikdə Ömərgilin evinin qarşısına gəlmişlər. O, Nemət, Ömər, Aqil və Əvəz Ömərgilin evinin qarşısında bir qədər dayanıb zarafatlaşmış, bu zaman o, ilk öncə Ömərə sabah Rusiyaya gedəcəyini, geyinmək üçün paltar verməsini dedikdə Ömər ona paltarı olmadığını bildirmişdir. Sonra o, Nemətə zarafatla ona şalvar və köynək verməsini demiş, Nemət isə “sən bir qədər bundan əvvəl mənə şalvar vermişdin, sonra qayıtdın əynimdən soyunduraraq aldın” deyərək ona paltar verməyəcəyini bildirmişdir. O, Nemətə yalançının ünvanına nalayiq ifadələr işlədərək Nemətdən paltarı zorla almadığını demişdir. O, bir qədər əsəbləşmiş, onların aralarında mübahisə yaranmışdır. Həmin zaman onların yanlarında olan Ömər, Əvəz və Aqil onları sakitləşdirməyə çalışmışlar. Mübahisə zamanı Nemət ona tərəf gələndə o, Nemətə tərəf bir dəfə yumruq zərbəsi atmışdır. Onların yanlarında olan Ömər ona “Nemət səndən balacadır, niyə onu vurursan” deyərək onu sakitləşdirmişdir. Ömər onu kənara çəkdikdən sonra o, mübahisəni dayandırmışdır. Əvəz də Neməti kənara çəkərək ondan uzaqlaşdırmışdır. Nemət müabahisə bitdikdən sonra harasa getmiş, təxminən 5 dəqiqə sonra geri qayıtmışdır. Nemət ona “sənmi bayaq məni vururdun” deyərək onu çağırmış, lakin yanlarında olan Əvəz, Ömər və Aqil Nemət və onu tutaraq mübaihsə etməyə qoymamışlar. Bir qədər ara sakitləşdikdən sonra o, Nemətə tərəf gedərək kənara gedib söhbət etməyi təklif etmək istədikdə Nemət ona tərəf bir neçə zərbə atmağa başlamışdır. O da Neməti yumruqla vurmuş, ətrafdakı şəxslər onları araladıqdan sonra o, əlini sinəsinə, başına vurduqda qan axdığını və Nemətin onu nə iləsə vurduğunu bildirmişdir. Ömər onu dərhal yaxınlıqda yaşayan həkim Şəfayətin yanına aparmış, lakin Şəfayət həkim ona baxa bilməyəcəyini bildirmişdir. Təxminən 5 dəqiqə sonra atası VAZ2106 markalı avtomobil ilə gələrək onu Şəmkir rayon Mərkəzi xəstəxanasına gətirmişdir. O, zarafatla Nemətə niyə Türkiyədən uşaqlara hədiyyə almasını, ona almamasını dedikdə, Nemət ona “sən mənə əvvəl paltar vermişdin, sonra həmin paltarı əynimdən çıxardıb aldın” dediyini bildirmişdir. Nemət bu sözləri ona dedikdən sonra o əsəbləşmiş və yalan deyənin ünvanına nalayiq ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, onu bağışladığını, ondan hər hansı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanımış, hər ikisin ilə münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 13.08.2021-ci il tarixdə saat 22 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən tanışı Ömərgilin evinin yaxınlığında Hikmətlə dayanmış, həmin vaxt Hikmət Ömərə zəng edərək sabah Rusiyaya gedəcəyini deyib görüşmək üçün çağırmış, Ömər də yaşadığı evin yanına gəlməsini Hikmətə demişdir. Bir qədər sonra Hikmət, Aqil və o, Ömərin yaşadığı evin qarşısına getmiş, o, Nemət, Hikmət, Aqil və Ömər evin qarşısında bir qədər dayanıb zarafatlaşmışlar. Həmin zaman Hikmət və Nemət söyüşlə zarafat etdikləri üçün onlar evin yanından bir qədər uzaqlaşaraq aralıda yerləşən Mahmudun evinin qarşısına getmişlər. Onlar birlikdə olan zaman Nemət və Hikmət bir-biri ilə zarafat etmiş, söhbət zamanı X13 Federasiyasına gedəcəyini, paltar verməsini dedikdə Nemət də zarafatla “sən keçən dəfə mənə şalvar vermişdin sonra geri aldın” deyib gülərək paltar verməyəcəyini bildirmişdir. O, Nemət və Hikmətin bir-biri ilə bir qədər zarafat etməsindən sonra aralarında mübahisə yarandığını, hər ikisinin bir-birinin ünvanına nalayiq ifadələr işlətdiyini, dava zamanı Hikmətin Neməti yumruqla vurduğunu, lakin onun və ətrafda olan digər şəxslərin Nemət və Hikməti tutaraq davanın davam etməsinin qarşısını aldıqlarını demişdir. Hikmət və Nemət bir qədər mübahisə etdikdən sonra aralaşmış, ara sakitləşdikdə Nemət onların olduğu yeri tərk edərək harasa getmiş, təxminən 5-6 dəqiqə sonra Nemət qaçaraq onların yanına geri qayıtmışdır. Nemət geri qayıdaraq Hikməti çağırıb “kişi döysənmi gəl bura söhbət edək” demiş və Hikmət Nemətə tərəf getmək istəyərkən Ömər Hikmətin qarşısına keçərək Nemət və Hikməti dava etməyə qoymamışdır. Həmin zaman o da Neməti saxlamış, Ömər Hikməti sakitləşdirərək aparmaq istədikdə yenidən Nemət Hikmətə tərəf gəlmiş və bu zaman Nemət əlində olan nə iləsə Hikmətə bir neçə dəfə zərbə endirmişdir. Hikmət də həmin zaman Neməti yumruqla vurmuş, o da Hikmətlə Neməti aralamaq istəyərkən qolumdan xəsarət almışdır. O, Hikmətin xəsarət aldıqdan sonra geri çəkilməsini, Nemətin də həmin zaman yerində dayandığını, Nemətin Hikmətə kömək etmək istədiyini, lakin Ömərin Nemətə kənara çəkilməsini, Hikmətə yaxınlaşmamasını dediyini bildirmişdir. Hikmət və Nemət bir-birindən aralandıqdan sonra o, özünün qolundan, Hikmətin isə qarın nahiyəsindən qan axdığını görüb Nemətin dava zamanı əlində kəsici alət olduğunu bilmişdir. Bundan sonra o, öz yaşadığı evə gedərək qolunu sarıtmışdır. O, Nemət və Hikmət bir-biri ilə zarafat etdikləri üçün onların arasında mübahisə yarandığını, aralarında əvvəllər heç bir narazılıq olmadığını demişdir. O, Nemətin əlində nə isə olduğunu görsə də, həmin əşyanın nə olduğunu və hansı əlamətlərə malik olduğunu görmədiyini demişdir. O, Nemət Hikməti vuararkən onların arasına girərək aralamaq istyərəkən Nemətin əlində olan kəsici alətin onun qoluna dəydiyini və qolundan xəsarət aldığını, lakin Nemətin onu bilərəkdən vurmadığını demişdir. Təqsirləndirilən şəxs ilə barışmış, onu bağışladığını, ondan hər hansı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 14.08.2021-ci il tarixdə Rusiya Federasiyasına getməli olduğu üçün ona görüşməklərini demişdir. 13.08.2021-ci il tarixdə saat 22 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən yaşadığı evin qarşısında Nemətlə dayanan zaman Hikmətin ona zəng edərək görüşmək üçün çağırdığını, onun Hikmətə yaşadığı evin yanına gəlməsini dediyini bildirmişdir. Bir qədər sonra Hikmət, Əvəz və Aqil onun yaşadığı evin qarşısına gəlmiş, o, Nemət, Hikmət, Aqil və Əvəz onun yaşadığı evin qarşısında bir qədər dayanıb zarafatlaşmışlar. Həmin zaman Nemətlə Hikmət söyüşlə zarafat etdikləri üçün onun evin yanından uzaqlaşıb kənarda söhbət etməyi təklif etdiyini və onların birlikdə onun yaşadığı evdən aralıda yerləşən Mahmudun evinin qarşısına getdiklərini demişdir. Onlar birlikdə olan zaman Nemət və Hikmət bir-biri ilə zarafat etmiş, bu zaman X13 Federasiyasına gedəcəyini, paltra verməsini demiş, Nemət də zarafatla Hikmətə “sən keçən dəfə mənə şalvar vermişdin sonra geri aldın” deyib gülərək paltar verməyəcəyini demişdir. Nemət və Hikmət bir-biri ilə bir qədər zarafat etdikdən sonra aralarında mübahisə yaranmış, bu zaman Hikmət Neməti yumruqla vurmuşdur. Həmin vaxt o, Aqil və Əvəz Hikmət və Neməti sakitləşdirərək dava etməyə qoymamış, bir qədər mübahisədən sonra onları aralaşmışlar. Ara sakitləşdikdən sonra Nemət onların olduğu yeri tərk edərək harasa getmiş, təxminən 5-6 dəqiqə sonra qaçaraq geri qayıtmışdır. Nemət geri qayıdıb Hikməti çağıraraq kişi döysənmi gəl bura söhbət edək demiş, Hikmət Nemətə tərəf getmək istəsə də, o, Hikmətin qarşısına keçərək Nemət və Hikməti dava etməyə qoymamışdır. Həmin vaxt Əvəz də Neməti saxlamış, o, Hikməti sakitləşdirərək aparmaq istədikdə yenidən Hikmət mübahisə edərək bir-birinə tərəf getmiş, Nemət əlində olan nə iləsə Hikmətə bir neçə dəfə zərbə vurmuşdur. Həmin vaxt X11 aralamaq istəyərkən qolundan xəsarət almışdır. Nemət Hikməti vurduqdan sonra Hikmət geri çəkilmiş, Nemət də yerində dayanmış və o, Hikmətin bədənindən qan axdığını görmüşdür. Nemət bu zaman Hikmətə kömək etmək istəsə də, onun Nemətə kənara çəkilməsini, Hikmətə yaxınlaşmamasını bildirmişdir. Sonra o, Hikməti piyada yaxınlıqda yaşayan həkim Şəfayətin yanına aparmış, lakin Şəfayət həkimin Hikmətə baxa bilməyəcəyini, dərhal Hikməti Şəmkir rayon Mərkəzi xəstəxanasına aparmalı olduqlarını ona dediyini bildirmişdir. O, daha sonra Hikmətin atası Arzunun Vaz-2106 markalı avtomobillə gələrək Hikməti avtomobilə mindirdirərək Şəmkir rayon Mərkəzi xəstəxanasına aparmışdır. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsn Zərərçəkmiş şəxs1 tanımış, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 13.08.2021-ci il tarixdə saat 22 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən yaşadığı evin yaxınlığında Hikmətlə birlikdə dayanmışlar, həmin vaxt Hikmət Ömərə zəng edərək görüşmək üçün çağırmış, Ömər isə telefonda Hikməti öz yaşadığı evin yanına çağırmış, o, Hikmətlə birlikdə Ömərgilin evinin qarşısına getmişdir. Həmin vaxt Ömər Nemətlə birlikdə yaşadığı evin qarşsında dayanmış, o, Nemət, Hikmət, Aqil və Əvəz orada Ömərgilin evinin qarşısında bir qədər dayanıb zarafatlaşmışlar. Nemət və Hikmət söyüşlə zarafat etdikləri üçün Ömər onlara evin yanından uzaqlaşıb kənarda söhbət etməklərini demiş, onlar bir qədər aralıda yerləşən Mahmudun evinin qarşısına getmişlər. Zarafat zamanı Hikmət Nemətə “gəl şalvarımızı dəyişək” demiş, Nemət də Hikmətə zarafatla “sən keçən dəfə də mənim şalvarımı götürdün” deyərək gülərək cavab vermişdir. Nemət və Hikmət bir-biri ilə bir qədər zarafat etdikdən sonra aralarında mübahisə yaranmış, hər ikisi bir-birinə qarşı nalayiq ifadələr işlətmişlər. Bu zaman Hikmət yumruqla Neməti vurmuşdur. Həmin vaxt o, Ömər və Əvəz onları sakitləşdirərək dava etməyə qoymamışlar. Nemət və Hikmət bir qədər mübahisə etdikdən sonra aralaşmış, ara sakitləşdikdən sonra Nemət onların yanını tərk edərək harasa getmişdir. Təxminən 5-6 dəqiqə sonra Nemət qaçaraq onların yanına geri qayıtmışdır. Nemət geri qayıdaraq Hikməti çağıraraq “kişi döysənmi gəl bura söhbət edək” demiş, lakin o və Ömər Hikməti tutaraq Nemətin yanına getməsinə icazə verməmişlər. Həmin vaxt Əvəz də kənarda Neməti sakitləşdirməyə çalışmışdır. Ara bir qədər sakitləşdikdən sonra Ömər Hikməti aparmaq istəmiş, lakin Nemət onlara tərəf gələrək Hikmətə tərəf bir neçə dəfə zərbə endirməyə başlamış, həmin zaman Nemət Hikməti əlində olan əşya ilə vurmuşdur. Hadisə zamanı X14 aralamaq istəyərkən Əvəzin də qoluna zərbə dəymişdir. O, Nemət və Hikmət bir-biri ilə zarafat etdiyi üçün aralarında mübahisə yarandığını, əvvəllər heç bir narazılıqlarının olmadığını demişdir. O, Nemətin Hikməti vurarkən əlində nəsə olduğunu görsə də, həmin əşyanın nə olduğunu və hansı əlamətlərə malik olduğunu görmədiyini demişdir. O, Nemətin Əvəzin qoluna bilərəkdən vurmadığını bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanımış, hər ikisi ilə münasibətləri yaxşı olmuşdur. 13.08.2021-ci il tarixdə saat 22 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən yaşadığı evin yaxınlığında dayanmış, həmin vaxt qonnşuluqda yaşayan Mahmudun evinin qarşısından səs-küy gəldiyini eşidərək oraya tərəf getmiş, həmin yerə çatanda Nemət və Hikmətin mübahisə etdiyini görmüşdür. O, hadisə zamanı qaranlıq olduğu üçün hadisəni dəqiq görə bilmədiyini, mübahisə zamanı Nemətin Hikmətə biz neçə dəfə zərbə ilə vurduğunu görsə də, Nemətin əlində nə olduğunu görə bilməmişdir. Bu zaman Hikmət əlini bədəninə vurduqda qan axdığını görmüş, Nemətin hansısa kəsici alətlə Hikməti vurmasını bilmişdir. O, Nemətin hadisədən dərhal sonra oranı tərk etdiyini, həmin zaman orada olan Ömərin Hikmətə kömək edərək həkimin yanına apardığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun oğlu, Təqsirləndirilən şəxs isə Zəyəm qəsəbə sakini kimi tanımışdır.13.09.2021-ci il tarixdə saat 22 radələrində yaşadığı Şəmkir rayonu, Zəyəm qəsəbəsindəki evdə olarkən qardaşı oğlu Aqil evə gələrək onun oğlu Hikmətin əlinin kəsildiyini və Hikməti həkimə aparmalı olmalarını demişdir. O, tez evdən çıxaraq Aqilin dediyi yerə getmiş, həmin yerə çatanda Hikmət orada olmamış, ətrafda olan şəxslər ona Hikməti Şəfayət həkimin yanına apardıqlarını demişdir. O, dərhal Şəfayət həkimin yaşadığı evə getmiş, həmin ünvana çatanda ona Hikmətin vəziyyətinin pis olmasını və Hİkməti dərhal Şəmkir rayon mərkəzi xəstəxanasına aparmalı olmasını demişlər. O, Hikməti əmisioğlundan götürdüyü avtomobilə otuzduraraq xəstəxanaya aparmışdır. O, Hikməti xəstəxanaya çatdıraraq yerləşdirmiş və xəstəxanada olarkən Hikmət və Nemətin bir-biri ilə mübahisə etdiyini, mübahisə zamanı Nemətin Hikməti kəsici alətlə vuraraq xəsarət yetirdiyini öyrənmişdir. O, hadisənin necə baş verməsini görmədiyini demişdir. Təqsirləndirilən şəxsla barışdıqlarını ondan şikayətləri olmadığını bildirmişdir. “ Hadisə yerinə baxış keçirilməsi haqqında” 14.09.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisənin baş verdiyi yer Şəmkir rayonu Zəyəm qəsəbəsi Füzuli küçəsində X5 məxsus evin qarşısıdır.Baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir hal müəyyən edilmədi. Hadisə yerini fotocədvəli tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir. “Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” 14.09.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 hadisə baş verən vaxt əynində olmuş bir ədəd qısaqol köynək iş üzrə əhəmiyyət kəsb ediyindən müvafiq protokol tərtib edilərək götürülmüşdür. Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin 24 sentyabr 2021-ci il tarixli ***-**** saylı əməliyyat tapşırığına cavab məktubundan göürünür ki, 13 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Füzuli küçəsində yaşayan X4 evinin qarşısında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs şalvar istəməsi, sonuncunun verməməsi səbəbindən aralarında mübahisə yaranmış, Zərərçəkmiş şəxs1 ilk öncə Təqsirləndirilən şəxs yumruqla vurmuş, daha sonra Təqsirləndirilən şəxs tanışı Şahid1 yaşadığı evdən kəsici-deşici alət götürərək Zərərçəkmiş şəxs1 yanına qayıtmış və sonuncuya həmin alətlə bir neçə dəfə vuraraq xəsarət yetrimiş, hadisə zamanı ətrafda Ömər, Aqil, Əvəz və Tural adlı şəxslər olmuş, kənardan səs-küyə heç kəs toplaşmamış, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 əvvəllər aralarında heç bir ədavət və ya düşmənçiliyi olmamış, eləcə də, Təqsirləndirilən şəxs hadisə zamanı hansı alətdən istifadə etdiyini və həmin aləti tapmaq mümkün olmamışdır. Məhkəmə-tibbi ekspertizasının 14.09.2021-ci il tarixli 1185 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sağ gicgah nahiyəsinin yumşaq toxumalarının ağrı halında əzniyi, sağ dirsək oynağının iç və arxa səthinin sıyrıqları küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 13 sentyabr 2021-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 23.09.2021-ci il tarixli 1234 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər- başın tüklü hissəsində təpə nahiyəsinin sol yarısının bir ədəd kəsilmiş yarası, döş qəfəsinin ön səthinin sağ yarısının və döş qəfəsinin sol arxa yan səthinin daxilə keçən, hemopnevmatoraksa səbəb olmuş, iki ədəd deşilmiş-kəsilmiş yarası, qarının ön divarının daxilə keçən, daxili qanaxmaya səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmişlər, yetirilmə müddətləri 13 sentyabr 2021-ci il tarixinə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə döş qəfəsinin ön səthinin sağ yarısının, döş qəfəsinin sol arxa yan səthinin daxilə keçən, hemopnevmatoraksa səbəb olmuş, iki ədəd deşilmiş-kəsilmiş yarası və qarının ön divarının daxilə keçən, daxili qanaxmaya səbəb olmuş bir ədəd deşilmişkəsilmiş yarası həm ayrı-ayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər, başın tüklü hissəsində təpə nahiyəsinin sol yarısının bir ədəd kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə trasoloji ekspertizasının 06.12.2021-ci il tarixli 16/1272 saylı rəyindən görünür ki, Tədqiqata təqdim olunan üzərində olan 05 ədəd zədəd bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin ( o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir.Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 23.09.2021-ci il tarixli 1234 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş qısaqol köynəyin səthində olan zədə müqayisə edildi və müəyyən olundu ki, bədəndə yerləşən “döş qəfəsinin ön səthinin sağ yarısının və döş qəfəsinin sol arxa yan səthinin daxilə keçən, hemopnevmotoraksa səbəb olmuş, iki ədəd deşilmiş-kəsilmiş yarası, qarının ön divarının daxilə keçən, daxili qanaxmaya səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə köynəyin səthində olan zədələr yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni yuxarıda qeyd edilən zədələr və xəsarətlər üstüstə düşür. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 27 oktyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs hadisənin baş vermə mexanizmi ilə bağlı ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. “Üzləşdirmə haqqında” 07.12.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs ifadələri arasında ziddiyyət olduğuna görə onlar arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı hər iki şəxs istintaqa verdiyi ilkin ifadələrini bir daha təsdiq etmişlər. Üzləşdirmədə dindirmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzünə qarşı ifadə verərək Təqsirləndirilən şəxs onu münaqişə zamanı qayçı ilə vuraraq xəsarət yetirdiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 dediklərini qismən təsdiq edərək üzünə qarşı Zərərçəkmiş şəxs1 qayçı ilə vurmasına səbəb Zərərçəkmiş şəxs1 onu yumruqla vurması olduğunu demişdir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 29.10.2021-ci il tarixli 654 saylı rəyindən görünür ki, Azərbayacan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin rayonlararası Ruhi-Əsəb dispanserinin 29 oktyabr 2021-ci il tarixli 654 nömrəli məhkəmə psixiatrik ekspertin rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. “Şübhəli şəxsin tutulması haqqında” 14.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 15.09.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 14 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Şəmkir rayonu Zəyəm qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24.09.2021-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Zəyəm qəsəbəsində nənəsi X8, anası X7 və bacısı X6 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. Şəmkir Rayon Poliklinikasının 06.12.2021-ci il tarixli 873 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon poliklinikasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda dayanmır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. «Sübutların qiymətləndirilməsi barədə» 18.12.2021-ci il tarixli qərardan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd qısaqol köynək iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və Şəmkir RPŞ-yə məsul saxlanca verilmişdir. Təqsirləndirilən şəxs şikayəti olmadığına görə Zərərçəkmiş şəxs1 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı şikayət, tələbi yoxdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə barışdığından ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə cinayət təqibinə xitam verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.8 və 59.1.12-cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2004-cü il və 17.03.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayət törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin içtimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Həmin maddənin 62.2-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini,zərərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini şəxsiyyətini, ailə vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına, törətdiyi cinayətin məqsəd və motivini, cinayətin törədilməsində rolunu nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilsə də, cəzanı yüngülləşdirən halların məcmusu müstəsna hal kimi qiymətləndirilməli və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində də az azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, ədalətli və əsaslı hesab etməklə, cəzanın məqsədinə və cəzanın məqsədlərindən olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Şəmkir Rayon Polis Şöbəsində saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd qısaqol köynək zərərçəkmiş şəxsin özünə qaytarılmalı, qəbul edilmədikdə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 14 sentyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut hesab edilən və Şəmkir Rayon Polis Şöbəsində saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd qısaqol köynək zərərçəkmiş şəxsin özünə qaytarılsın, qəbul edilmədikdə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar