Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-169/2025 08.05.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), İbişov İlkin İlqar oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil bürosunun Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri Gəncə küçəsi, ev 75-də qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq İ siyahıya əsasən külli miqdarda yəni təmiz çəkisi 8,353 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edərək üzərində saxlamış, xx.xx.2024-cü ildə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə şəhəri İ Qayıbov küçəsində müəyyən edilib şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinə gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən satış məqsədilə saxladığı 7 ədəd qırmızı rəngli sellofan bükümlərdə ayrı- ayrılıqda təmiz çəkiləri 1,043 qram, 1,200 qram, 0,981 qram, 1, 444 qram, 1,191 qram, 1, 625 qram 0, 769 qram ümumi təmiz çəkisi 8, 353 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, narkotik vasitənin ona heç bir aidiyyəti yoxdur, o xx.xx.2024-cü ildə Bərdə şəhərində yerləşən “Cümə Məscidi”ndən çıxdıqdan sonra ona yaxınlaşan polis əməkdaşları Bərdə RPŞ-yə aparılmış orada Şahid adlı polis əməkdaşı “bu narkotik”i götür, götürməsən evdəkilərini sürüyüb gətirəcəm xəstə atan yollarda qalacaq demiş, ona psixi təzyiq edərək, narkotik vasitələri götürüb tapmasını deməyini bildirmişdir. Verdikləri bükümü götürməsə başına oyun açacaqlarını demişlər. Buna görə məcbur qalıb evdəkilərin incidilməməsi üçün ona verilən bükümləri götürüb cibinə qoymuş, sonradan aparılmış videoçəkilişdə təqdim edərək guya özünə məxsus olduğunu və yerdən tapdığını demişdir. Onun “cinayəti” nə şahidlik edən isə nədənsə ancaq polis əməkdaşlarıdır. Onun narkotiklə şərlənib tutulmasın qəbul etmir. Buna görə də, istintaq vaxtı təcridxanaya gəldikdən sonra şikayət etmiş, prokurorluqda gəlib izahatını almışlar. Lakin heç bir nəticə olmamış, əsassız olaraq həbs edilərək ailəsindən məcburi şəkildə ayrı salınmışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, həmin vaxt sağ olan atası o qanunsuz həbs olunduqdan sonra vəfat etmiş, narkotik vasitənin guya özünə məxsus olmasını deməsini də xəstə atasının polisə gətirilib-aparılmaması, incidilməməsi üçün qəbul etmişdir. O tutulmamışdan xeyli əvvəl ətrafında olan dindar şəxslərin həbs edildiyini görüb özünü qorumaq üçün videoçəkiliş etmiş və həmin videoçəkiliş də məhkəməyə təqdim edilmişdir. Narkotik vasitələrlə şərlənərək həbs edilməsini qəbul etmir. Onun başqa hər hansı qanunsuz əməli varsa cəzasını çəkməyə razıdır. Həbsi məsciddə imamlıq edən şəxsin içki məclisində oturub-durub sonra məscidə gəlməsinə etiraz etməsinə görə olmuş və sonradan da onu guya İranla əlaqəli olduğunu deyib “iliş”dirmişlər. Məhkəmədən günahı olmadığı üçün ədalətli qərar çıxarılmasını - bəraət istəyir. İbtidai istintaq zamanı verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs göstərmişdir ki,....09 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Bərdə şəhəri İ.Qayıbov küçəsində olan zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğu üçün onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demiş, polis şöbəsinə gəldikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, ona vəkil təqdim olunmuş, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibində olan 1 ədəd sellofan paketdə olan kütləni çıxarıb masanın üzərinə qoymuş, bağlama açılarkən içində xırda bükümlər müəyyən edilmiş, tərəzidə çəkilib götürülmüşdür. Üzərindən aşkar edilmiş narkotik vasitəni Bərdə şəhər ərazisindən tapmış, istifadə üçün üzərində saxlamışdır. Hər hansı bir şəxsə narkotik vasitə və digər maddə satmaq niyyəti olmamış, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, polis şöbəsində hər hansı bir təzyiq, zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. Şəxslə bağlı Bərdə rayon polis şöbəsinin X3 məlumat daxil olmuş rəhbərlik həmin məlumata uyğun olaraq əməliyyat axtarış qrupu yaratmış, özü də şəxsin üzərinə keçirilmiş şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarış zamanı şəxsin özünü təqdim etdiyi sellofan bükülüdən 7 ədəd xırda bükümlər aşkar edilmiş, təhqiqatçı tərəfindən götürülmüş, qablaşdırılmış şəxs həmin bükülünü yerdən yerdən tapdığını və istifadə etmədiyini bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, şəxsin üzərinə şəxsi axtarış 1 dəfə aparılmış, çəkilişdən əvvəl şəxsə heç bir zorakılıq və təzyiq olduğunu görməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində nəyin var çıxar təqdim elə dedikdə şəxs üzərindəkiləri çıxarıb təqdim etdi. Təhqiqatçı üzərindəki narkotiki hardan tapdığını soruşduqda isə, yerdən tapıb cibinə qoyduğunu demişdir. Təqsirləndirilən şəxs şöbəyə yanvar ayının xatırlamadığı günündə axşam gətirilmiş, üzərində aşkar olunan narkotik vasitə gödəkçənin sol cibində olmuşdur. Şəxs saxlanılarkən orada olmamış, üzərinə şəxsi axtarış onun tərəfindən videoçəkililə qeydə alınmış, şəxsi axtarış zamanı şəxsin müdafiəçisi də yanında olmuşdur. Məhkəmədə dindirilmiş şahid Bərdə RPŞ CAB-ın rəisi Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz döviyyəsi ilə məşğul olması və üzərində gəzdirməsi barədə Bərdə rayon polis şöbəsinin X3 məlumat daxil olmuş, təxirəsalınmaz əmməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və şöbə rəhbərliyinə məruzə edilmiş, əməliyyat axtarış qrupu yaradılmışdır. Daha sonra şöbəyə Təqsirləndirilən şəxs Bərdə şəhəri İsmət Qayıbov küçəsində olması barədə məlumat daxil olmuş, cinayət axtarış bölməsinin müvəkkili ilə birlikdə həmin ünvana getmiş, Təqsirləndirilən şəxs küçədə saxlanılıb Bərdə rayon polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxsə müdafiəçi təqdim olunmuş, təhqiqat bölməsinin baş təhqiqatçısı polis X6un, Bərdə rayon poş şöbəsinin baş inspektoru Şahid3, Şahid2 və müdafiəçi Xanım İsayevanın iştirakı ilə şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, şəxsə hüquq və vəzifələri izah edilmişdir. Videoçəkiliş vasitəsi ilə şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Təhqiqat bölməsinin baş təhqiqatçısı polis X6 tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyanın olub olmaması soruşulduqda Təqsirləndirilən şəxs üzərində olan gödəkçənin cibindən sellofan bükümü çıxarıb otaqdakı masanın üzərinə qoymuş, nə olduğunu soruşduqda bükümün içərisində heroin adlanan narkotik vasitə olduğunu bildirmiş, bükümlər açılanda isə, ayrıayrılıqda 07 (yeddi) ədəd narkotik vasitə aşkar edilmişdir. Daha sonra həmin narkotik vasitə elektron tərəzi vasitəsi ilə çəkilmiş, tərəflərin imzası ilə möhürlənərək ağ sellofana qoyulmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxsla bağlı əvvəl şöbəyə heç bir məlumat daxil olmamış, daxil olan məlumat Təqsirləndirilən şəxs narkotik vasitə dövriyyəsi ilə məşğul olması və üzərində gəzdirməsi, dövriyyəsi ilə bağlı olmuşdur. Təhqiqatçı şəxsdən tədim etdiyi bükümün nə olmasını soruşduqda içərisində heroin adlanan narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Bərdə şəhəri ərazisindən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlayarkən onu saxlayan şəxslərə heç bir zorakılıq etməmiş, ona qarşı da heç bir təsir olmamışdır. Anarı salayanda O ancaq “niyə getməliyik?” soruşmuş, ona narkotiklə bağlı saxlanıldığı bildirilmiş, yanında başqa heçkəs olmamışdır. Şəxslə bağlı əməliyyat məlumatı ona daxil olmuş, saxlanıldığı yerdə üzərinə baxış keçirmək üçün şərait olmadığı üçün Bərdə RPŞ-yə aparılıb üzərinə baxış keçirilmişdir. Şəxs saxlanılarkən təxminən 19:00-da saxlanılmış, axtarış tədbirində özü və Şahid2 iştirak etmişdir. Anarın evinə baxış keçirilməsi ilə əlaqədar heç bir məlumatı yoxdur. Şəxsin məhkəmə baxışında göstərdikləri guya onun tərəfindən narkotik vasitəni götürməyə məcbur edilməsi və psixoloji təzyiq göstərməsi barədə dedikləri əsassızdır. Satışı ilə məşğul olması barədə digər məlumat olmasa da üzərində aşkar olunan heroin adlı narkotik vasitə bükümlərdə olduğu üçün satış məqsədi ilə gəzdirdiyini hesab edir. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Bərdə RPŞ CAB-ın sabiq əməkdaşı Şahid2 da eyniməzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etmiş, təqsirləndiirlən şəxs saxlanılarkən polis şöbəsinə gətirilərkən və olduğu müddətdə ona qarşı hansısa fiziki və psixi təsir olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokol və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd sellofan büküm içində 07 (yeddi) ədəd qırmızı rəngli sellofan bükümləri təqdim etmiş, həmin bükümlər elektron tərəzidə çəkilərək götürülmüş, şifahi sorğu-sual zamanı həmin bükümü yerdən tapdığını və istifadə etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-kimyəvi ekspertizasının 10 yanvar 2024-cü il tarixli 16/37 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotikə bənzər kütlə....” yazı və imzalar olan kağız paketdəki 7 (yeddi) ədəd qırmızı rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,043 qram, 1,200 qram, 0,981 qram, 1,444 qram, 1,291 qram, 1,625 qram, 0,769 qram, ümumi təmiz çəkisi 8,353 qram olan maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər və kimyəvi tərkiblərinə görə eynidirlər. Qeyd: Ümumi təmiz çəkisi 8,353 qram, tədqiqata sərf edildi 0,35 qram qalıq 8,003 qram. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının 24 fevral 2024-cü il tarixli 329 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə araşdırılan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan şəxsin istifadəsində olan mobil nömrə ilə aparılmış danışıqlara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı məlumatlarda iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Baş Prokorurluqdan sorğuya cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli, 2-2-110/2/191971/2024 saylı məktub və 339c-2024 saylı qərardan görünür ki, ƏNPX-nin 2 saylı İstintaq Təcridxanasından daxil olmuş məlumat əsasında aparılmış araşdırma zamanı X7 RPŞ əməkdaşları tərəfindən döyülməsi qeyri-insani rəftara məruz qalması və psixoloji təzyiq göstərilərək narkotik vasitə ilə şərlənməsi barədə xüsusatlar təsdiqini tapmadığından cinayət işinin başlanması xx.xx.2024-cü ildə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsin əsasən rədd edilmişdir. İş materiallarında olan “cinayət işinin ayrılması və icraata götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin mənbəyi ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrı icraata ayrılmışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şakr edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,003 qram olan narkotik vasitə heroin Bərdə RPŞ-yə məsul saxlanca verilmiş, telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk, şəxsi axtarışın diski olan 1 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Bərdə RİHB-nin Bərdə şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 453 №li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda ata-anası, arvadı və azyaşlı uşağı ilə birlikdə yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. AzMİS elektron məhkəmə informasiya sistemindən əldə edilmiş və məhkəmədə tədqiq edilən elektron arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018ci il təvəllüdlü Zəhra Məmmədova adlı azyaşlı övladı var. İş materiallarında olan və məhkəmədə araşdırılan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X2 xx.xx.2023-cü il tarixdə saat 19:30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Bərdə rayon Məhkəməsinin hakimi Gündüz Abbasovun xx.xx.2024-cü il tarixli, 4(021)-5/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş və tərəflərin iştirakı ilə məhkəmə iclasında araşdırılmış DVD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonla 2023-cü il fevral ayında qeydə alınmış çəkiliş zamanı Təqsirləndirilən şəxs Bərdə rayonundan “dindarların ovuna” çıxıldığını, ətrafında olan dindar şəxslərin şərlənərək həbs edildiyini, özünün də belə bir halla üzləşmə təhlükəsi olduğunu, lakin narkotik vasitə istifadə etmədiyini və hər hansı əlaqəsi olmadığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək törədilmiş əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. İbtidai araşdırma və məhkəmə baxışında şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə edilib saxlanılması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmiş, satışla bağlı təqsirləndirilən şəxsə verilən bütün ittiham başqa hər hansı sübutla təsdiq edilməyən əməliyyat məlumatı və əməliyyat tapşırığına cavab məktubu üzərində qurulmuşdur. İş üzrə şahid qismində dindirilmiş Bərdə RPŞ-nin əməliyyat müvəkkilləri də Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olması ilə bağlı hansısa məlumatları olmadığını, ancaq üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarı və çəkisinə, eləcə də bükümlərin sayına görə şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə edib üzərində saxlaması qənaətinə gəldiklərini göstərmişlər. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab olaraq Bərdə RPŞ rəhbərliyinə yazılmış xx.xx.2024-cü il tarixli təqrirdə isə narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olsa da satdığı şəxslərin dairəsini, həmçinin heroini hansı mənbədən, nə vaxt əldə etməsinin müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Şəxsin istifadəsində olan mobil telefon məlumatlarında narkotik vasitələrin alqısatqısı, istehlakı ilə bağlı hansısa yazışma (sübut) müəyyən edilməmiş, əməliyyat tapşırığına cavab məktubundan isə onun satdığı şəxslərin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Məhkəmə qeyd edir ki, yalnız narkotik vasitənin miqdarı və bükümlərin sayı şəxsin subyektiv satış niyyətini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin cinayət işi materiallarında daxil olmuş əməliyyat məlumatlarının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. hal(lar) mövcud deyildir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat məlumatların nədən ibarət olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, əməliyyat məlumatlarına əsaslanaraq narkotik vasitənin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Cinayət işi materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Belə halda yalnız cinayət işinə əlavə edilən məktub və raporta istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyil. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2024-cü il tarixli 14 №li plenum qərarınnın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən mötəbər sübut (satış etdiyi, yaxud birlikdə narkotik vasitə istehlak etdiyi şəxslər mobil telefon zəngləri və sms yazışmalarda təsdiqedici hallar) sübut olmadığından və ibtidai istintaqın ilkin mərhələsindən başlayaraq şəxsin həmin niyyətini təsdiq edən məzmunda ifadə verməməsi (etiraf etməməsi) təqdim edilmədiyi (əldə edilmədiyi) halda şəxsə ehtimallara əsasən narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı ittiham verilməsi və məhkəmədə müdafiə edilməsi ağlabatan ədalətli deyil. Qeyd edilənlər Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, digər (maraq, istehlak niyyəti və s.) məqsədlə qanunsuz əldə edib saxlama və daşımasını təsdiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İş materiallarından və şahidlərin məhkəmə baxışında verdiyi ifadələrindən də görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən ancaq aşkar heroinin şəxsi istehlak miqdarından artıq külli miqdarda və ayrı-ayrı bükümlərdə olması əsas götürülmüş, lakin nəzərə almamışdır ki, aşkar edilmiş narkotik vasitəyə münasibətdə satış niyyətini təsdiq edən hər hansı obyektiv və subyektiv hallar müəyyən edilməmişdir. Şəxsin ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında əsas götürülmüş ifadəsindən də görünür ki, təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitələri məhz aşkar edildiyi formada (bir bükümdə) “tapdığını” bildirmiş, həmin halı inkar edə biləcək heç bir sübut ibtidai araşdırma zamanı ittiham tərəfindən nə iş materiallarında əlavə edilməmiş, nə də məhkəmə baxışı zaman da satışla bağlı şəxsin niyyətini təsdiq edəcək digər ağlabatan sübut təqdim edilməmiş satışla bağlı hissədə verilən ittiham heçnə ilə təsdiq olmayan subyektiv mülahizə və qənaətlərdən ibarət olmuşdur. Belə ki, məhkəmədə tədqiq edilən videoçəkilişdən də görünür ki, həmin bükümlər bir büküm içərisində olmuş, kifayət qədər möhkəm bağlanılmış vəancaq tətbiq edilən güclü fiziki təzyiq - kəsici alətlə kəsildikdən sonra bükümün açılması mümkün olmuşdur. Normal məntiq və işin obyektiv hallarına görə satışla məşğul olan şəxsin özünü şübhələrdən uzaqlaşdırması üçün mümkün qədər diqqəti cəlb etməyəcək şəkildə cəld davranması “əmanətləri istehlakçılara çatdırması” tələb olunur ki, hazırki halda istənilən şəxsin belə şəkildə qablaşdırılmış narkotik vasitələr olan bükümü açmaq və təyinat yerinə çatdırıb şəxs(lər)ə verməsi üçün kifayət qədər vaxt itirəcəyi aşkardır. Yəni məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitələri əvvəlcədən digər bükümlərə ayrılmış şəkildə yəni nisbətən iri büküm içərisində tapması (əldə) etməsinin daha ağlabatan olduğunu qəbul edərək şəxsin satış məqsədinin digər obyektiv sübutlarla təsdiq olunmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən ittihamı sübut etmək ittiham tərəfinin vəzifəsi olmaqla, bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsi imperativ norma kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi xx.xx.2024-cü ildə Bərdə RPŞ-yə gətirildikdən sonra psixoloji təzyiqə məruz qalması, xəstə atasını şöbəyə gətirib incitmələrini deməsinə görə polis əməkdaşlarının verdiyi bükümü götürüb etmədiyi əməli videoçəkilişdə etiraf etməsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin ifadəsinin həmin hissədə digər sübutlarla təsdiqini tapmadığı, özünümüdafiə xarakteri daşıdığı və digər obyektiv sübutlar işin faktiki halları ilə inkar edildiyi üçün sübut kimi qəbul etmir. Məhkəmə qeyd edir ki, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə, eləcə də hədə-qorxuya məruz qalan, yaxud qalması ehtimal edilən (iddia edən) şəxsin videoçəkiliş vasitəsilə həyata keçirilən istənilən əməliyyat-axtarış və istintaq hərəkəti zamanı özünü müdafiə etmək və iddia etdiyi qanunsuzluqlara məruz qalmasını bildirmək imkanları daha əlçatan və kənar müşahidəçinin nəzərində obyektiv və inandırıcı olur. Belə ki, bir tərəfdən videoçəkilişlərin fasiləsizliyi və obyektivliyi, digər tərəfdən isə vəkilin (müdafiəçisinin) həmin proseslərdə iştirakı, şübhəli yaxud təqsirləndirilən şəxsə edilmiş, qəbul edilən və ediləcək qərarlara, aparılan hərəkət(lər)ə öz etirazını bildirməyə və həmin halların çəkiliş zamanı (edilməsinə) qeydiyyata alınmasını tələb etməyə kifayət qədər imkan yaradır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi təqsirsizliklə bağlı hallar hazırki iş üzrə elan edilmiş satış məqsədilə narkotik vasitənin dövriyyəsi ilə məşğul olmasına dair ittihamla razı olmaması ilə bağlı olması daha ağlabatan və inandırıcıdır. Həmçinin məhkəmə müdafiə tərəfinin Təqsirləndirilən şəxs təqsirziliyinə dəlil olaraq gösrtərdiyi polis tərəfindən saxlanılarsa narkotik vasitə istifadəçisi olmadığı və üzərinə şərlənərək qoyulacağı barədə videoçəkilişdə göstərdiklərinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin videoçəkilişin həqiqətən də, 2023-cü il fevral ayında çəkilməsini şəxsin əynində olan geyim əşyalarına görə uyğun oldğunu qəbul etsə də onun təqsirsizliyinə bilvasitə əsas sübut kimi aşağıda qeyd edilənlərə əsasən qəbul etmir. İlk növbədə qeyd edilməlidir ki, həmin videoçəkiliş ancaq qeyd edilən tarix və ona yaxın müddətdə (2023-cü il fevral və mart) aylarında şəxs saxlanılaraq narkotik vasitələrlə əlaqəli ittiham olunacağı təqdirdə həm məhkəmədə həm də açıq keçirilən məhkəmə proseslərində iştirak edən şəxslərdə şübhələr yarada bilərdi. Bundan başqa həmin videoçəkiliş Təqsirləndirilən şəxs narkotik vasitələrlə dövriyyəsində şübhəli bilinərək saxlanıldığı tarixdən təxminən 11 (on bir) ay əvvəl şəxsin özü tərəfindən qeydə alınmış, nə ibtidai araşdırma dövründə, nə də şəxsin özü tərəfindən verilmiş şikayətlərə əlavə edilməmiş, bununla bağlı onun tərəfindən müraciətləri və izahatlarında qeyd aparılmamışdır. Məhkəmə qeyd edir ki, müdafiəçisi tərəfindən həmin çəkişi təqsirləndirilən şəxsin özünü sığortalamaq üçün yəni gözlənilən qanunsuzlaqlara etiraz olaraq çəkilməsi qedy edilsə də saxlanıldığı dövrə qədər həmin videoçəkilişi istər aidiyyəti dövlət orqanlarına, (hüquq mühafizə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğa) istər də də vəkil və vətəndaş cəmiyyəti institutlarına təqdim etmək üçün kifayət qədər vaxt, səriştə və imkana malik olsa da Anar Məmməıdov bunu etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi digər əsas isə dini fəaliyyətlə məşğul olmasına və qeyri adekvat hərəkətlərinə görə Bərdə şərhər Cümə Məscidinin imamı (axundunu) açıq şəkildə tənqid etdiyi üçün sonuncunun təşəbbüsü ilə namazdan sonra qanunsuz olaraq saxlanılıb əsassız cinayət məsuliyyətinə cəlb edilməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsə qanunsuz dini fəaliyyətlə, dövlətin konstitutsiya quruluşu əleyhinə fəaliyyətlə məşğul olma barədə hansısa ittiham verilməmiş, bütün ibtidai araşdırma və məhkəmə baxışında ittiham tərəfindən bununla bağlı hər hansı iddia belə səsləndirilməmişdir. Qeyd edilənlər isə ibtidai istintaq orqanının həmin axtarışın həyata keçirilməsində maraqlı olmadığını, kimisə qorumadığını, yaxud “sifarişlə” hərəkət etmədiyini göstərən obyektiv hallardır. Təqsirləndirilən şəxs dini fəaliyyətlə məşğul olması və dini əqidəsinə (şiə məzhəbinə məxus olduğu üçün İran İslam Respublikası ilə əlaqəli olması ehtimalı olması, həmin dövrdə qonşu ölkə ilə münasibətlərdə olan siyasi gərginliyə görə) əsassız cinayət məsuliyyətə cəlb olunmasını təsdiq edən hər hansı sübut isə müdafiə tərəfindən məhkəməyə təqdim edilməmiş, bununla bağlı məhkəmə baxışı aparıldığı müddətdə də heç bir vəsatət verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Beləliklə, ibtidai araşdırmadan fərqli olaraq cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan mənbədə və tarixdə naməlum çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz əldə edərək üzərində saxlayaraq daşımış, xx.xx.2024-cü ildə daxil olmuş əməliyat məlumatl əsasında Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri ilə Bərdə şəhəri İ.Qayıbov küçəsində saxlanılaraq Bərdə rayon polis şöbəsinə gətirilmiş, üzərinə videçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd büküm içərisində olan qırmızı rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,043 qram, 1,200 qram, 0,981 qram, 1,444 qram, 1,191 qram, 1,625 qram 0,769 qram olmaqla, ümumi təmiz çəkisi 8,353 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması sübuta yetirilmişdir və onun əməlində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əvvəllər məhkum olunmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar olaraq nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal(lar) müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq külli miqdarda miqdarda əldə etmə, saxlama.... daşımaya görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin növü və miqdarı, törədilmiş əməlin xarakteri və ictimai təhlükəliliyi, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş qanunvericiliyin müəyyən etdiyi ən aşağı hədd cəza təyin edilməsini mümkün etmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxs Anar Məmmıədova təqsirləndirildiyi maddənin sanksiyasında olan aşağı həddə yaxın azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza çəkəcəyi dövrdə davranışı nəzərə alınmaqla qısa müddətdə islah olunacağı təqdirdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini də istisna etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən...ilk dəfə törədilmiş ağır cinayətə görə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həmin müddətə aiddir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş üzrə maddi sübut olan Bərdə rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 8,003 qram narkotik vasitə olan heroin məhv edilməli, şəxsi axtarış və şəxsin müraciəti olan 2 ədəd DVD disk, eləcə də telefon danışıqlarına dair məlumatlar olan ədəd 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan 30,40 (otuz manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Bərdə rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 8,003 qram narkotik vasitə olan heroin məhv edilsin, şəxsi axtarış və şəxsin müraciəti0 olan 2 ədəd DVD disk və telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 30,40 (otuz manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-169/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-169/2025
08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver