Məhkəmə qərarları › İş №1(100)-170/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-170/2021

14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-170/2021 14.04.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1981-ci il tarixdə Bərdə rayonu Nəzirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Nəzirli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən “Təzə bazar” adlanan yerdə tərəvəz məhsullarının topdan satışı ilə məşğul olan anbarın içərisində tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsinin sol ön hissəsindən bir dəfə qəsdən vuraraq, sonuncuya hemotroaksla müşayiət olunan döş qəfəsinin sol ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun özünün səmimi etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həyat yoldaşı Şahid1 ilə münasibətləri pozulduğundan 2020-ci ilin yay aylarında Günay ondan ayrı kirayədə tutduğu evdə xatırlamadığı tarixlərdə yaşamağa başlamışdır. Təsadüfən arvadı Günayın kirayə yaşadığı evə gedən zaman həmin evin sahibi olan, adını bilmədiyi qadın onu evə buraxmamış və bu barədə polis əməkdaşlarına xəbər vermişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə həmin evə gedən zaman arvadı Günayın evdə olduğunu və “Səbuhi” adı ilə tanıdığı Zahid adlı şəxsin arvadının yanında olduğunu bilmişdir. Bir müddət keçdikdən sonra Günaydan ayrılsa övladları üçün aliment ödəyə bilməyəcəyini fikirləşərək arvadı ilə barışıb yenidən birlikdə yaşamağa başlamışdır. Birlikdə yaşadıqları dövrdə Günay onunla yersiz mübahisə edərək yola getməmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə kirayədə yaşamaq üçün ev axtarmağa getmiş, evə qayıdarkən evdə heç kimin olmadığını, Günayın özünə məxsus olan paltarları və əşyaları yığıb getdiyini görmüşdür. Bu səbəbdən kiçik oğlu Nicat ilə atasıgilin yaşadığı Bərdə rayonu, Nəzirli kəndində yerləşən evə gedərək orada yaşamağa başlamışdır. Bir müddət sonra Günay ilə yolda rastlaşan zaman sonuncuya birlikdə kənddə yaşamağı təklif etmiş, lakin Günay Bakı şəhərinə gedəcəyini demişdir. O, sonradan Günayın Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən bazardakı çayxanalardan birində, Zahidin isə həmin çayxana ilə üzbəüz istiqamətdə yerləşən kartof-soğan satılan mağazada işlədiyini öyrənmişdir. Həmin vaxt Günaya evə qayıtmasını bildirsə də, Günay onu təhqir etdiyi üçün həmin yerdə çox qalmayaraq çıxıb getmişdir. xx xxxxxx 2020-ci il tarixdə Günay onun Bərdə şəhərində yaşayan bacısı Ceyranın evinə gedərək nalayiq ifadələr işlətdiyinə görə Günayın istifadəsində olan mobil nömrəyə zəng etməklə onu axtarmağa başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə oğlu Nicatla birlikdə Bərdə şəhərinə gələrək “Ayaq körpüsü” deyilən yerin yaxınlığındakı kafedə yemək yeyərək spirtli içki olan araq qəbul etmişdir. Daha sonra Günayı axtarmaq məqsədi ilə oğlu Nicatla birlikdə Günayın əvvəl işlədiyi bazara getmiş və orada təsadüfən Zahidlə qarşılaşmışdır. O, Zahidddən Günayın harada olduğunu soruşanda sonuncu onu təhqir etdiyi üçün o, şalvarının belində, kəmərinin altında gəzdirdiyi bıçağı çıxrıb Zahidə doğru atmışdır. O, bıçağın Zahidə dəyibdəymədiyini bilməmiş, Zahid isə qaçaraq oradan uzaqlaşmışdır. O, bir neçə metr irəlilədikdən sonra əlindəki bıçağı ataraq oğlu Nicatla birlikdə evə getmişdir. Həmin gün polis əməkdaşları mobil telefonuna zəng edib onu polis şöbəsinə çağıranda Zərərçəkmiş şəxs xəsarət aldığını bilmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X3 təxminən 2 il əvvəl Ağdam rayonu ərazisində soğan alağı edərkən tanımış, sonradan aralarında münasibət yaranmışdır. O, Günayın ərli qadın olduğunu, lakin ərindən ayrı yaşadığını bilmişdir. Hadisədən təxminən bir il əvvəl kirayədə yaşayan zaman Günay və əri Raminin həmin ərazidə kirayədə yaşadıqlarını görmüşdür. Ramin müəyyən müddətdən sonra onunla yemək yemiş, birlikdə araq içmiş və aralarında qarşılıqlı münasibətlər yaranmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində Ramin kiçik oğlu Nicat ilə birlikdə onun işlədiyi Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən bazarda Zaur adlı şəxsə məxsus olan mağazaya gələrək onunla işi olduğunu demiş, o da Raminə mağazanın içərisinə daxil olmasını söyləmişdir. Ramin mağazaya daxil olandan sonra Günayın harada olmasını ondan soruşmuş, o da Günayın harada olmasından məlumatsız olduğunu bildirmişdir. Ramin yenidən arvadını ondan soruşanda o, Raminin paltarının yaxasından tutmuş, həmin vaxt Ramin bir əli ilə onun əlinin üstündən vurub, digər əli ilə isə sinəsinin sol tərəfindən bir dəfə zərbə endirmişdir. Həmin an o, sol tərəfindən bıçaq zərbəsinin dəydiyini hiss etmiş, lakin bıçağı görməmişdir. Bundan sonra o, mağazanın arxa tərəfində olan qapıdan qaçmışdır. O, sinəsinin sol tərəfinə baxdıqda həmin nahiyəsindən qan axdığını görmüş, buna görə də mağazanın yanında dayanan Zaurdan onu xəstəxanaya aparmasını xahiş etmişdir. Zaur onun vəziyyətini görüb kim tərəfindən bıçaqlandığını soruşan zaman o, Ramin tərəfindən bıçaqlandığını demiş, daha sonra Zaur avtomobil ilə onu xəstəxanaya aparmışdır. Mübahisə zamanı Raminə söyüş söyməmiş, Təqsirləndirilən şəxs nə üçün onu bıçaqla vurmasını bilmir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən bazarda özünə məxsus mağazanın arxa tərəfində olan zaman Zahidin mağazanın arxa qapısını sıxmasını görmüş, sonuncudan nə baş verdiyini soruşmuş, Zahid də bir nəfər şəxs tərəfindən bıçaqlandığını demişdir. O, ətrafda heç kimin olmadığını görmüş, daha sonra isə Zahidi özünə məxsus olan avtomobillə Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Mağazaya qayıdıb müşahidə kamerasına baxan zaman yanında uşaqla mağazaya daxil olmuş tanımadığı bir nəfər şəxsin Zahidi bıçaqla vurduğunu, sonuncunun isə dərhal mağazadan çıxdığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2009-cu ildə Bərdə rayon sakini Təqsirləndirilən şəxs ilə ailə qurmuş, lakin bir müddətdən sonra ailə daxilində münasibətləri normal olmadığı üçün ondan ayrı yaşamağa başlamışdır. 2017-ci ildə əsl adı Zahid olan Bərdə şəhər sakinini tanımış və ərindən ayrı yaşadığı müddətdə Zahid ona maddi dəstək olmuş, münasibətləri yaranmışdır. 2020-ci ilin sentyabr ayında o, Raminlə birlikdə yaşamağa başlamış, lakin təxminən bir aydan çox birlikdə yaşasalar da, onların münasibəti alınmadığından yenidən ayrı yaşamağa qərar vermişlər. Ramin kirayə pulunu verə bilmədiyi üçün evdən çıxıb gdərkən kiçik oğlu Nicatı da özü ilə aparmış, böyük oğlu Nihat isə onun yanında qalmışdır. 2020-ci ilin oktyabr ayının ortalarında Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən bazardakı çayxanada işləyən zaman Ramin onun yanına gələrək mübahisə etmiş, xx xxxxxx 2020-ci il tarixdə isə onun mobil telefonuna zəng edib onun özünü və oğlunu hədələməklə təhqir etmişdir. Bundan sonra o, Raminin bacısı Ceyranın evinə gedib qardaşının nə üçün belə etməsini soruşmuş, Ceyran isə onunla mübahisə etmişdir. Sonradan isə Zahidin Ramin tərəfindən bıçaqlandığını bilmişdir. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin oktyabr ayında müharibə vəziyyəti ilə əlaqədar atası Ramin ilə birlikdə Bərdə rayonu, Nəzirli kəndində qalmışdır. xx xxxxxx 2020ci il tarixdə saat 10 radələrində atası Ramin ilə birlikdə Bərdə şəhərində “Ayaq körpüsü” deyilən yerin yaxınlığındakı kafeyə gedərək yemək yemiş və həmin vaxt atası spirtli içki olan araq qəbul etmişdir. Yemək yeyib qurtardıqdan sonra atası əsəbiləşib Zahidlə görüşmək qərarına gəlmiş və Zahidin işlədiyi Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən bazara getmişlər. Bazara çatdıqdan sonra o, atası Ramin ilə birlikdə Zahidin işlədiyi mağazanın yaxınlığına getmiş və atası Zahidi soğan satılan yerin arxa tərəfində yerləşən anbara çağırmışdır. O, atasının Zahid ilə dalaşacağını bildiyinə görə onların arxasınca getmiş, atası və Zahid qarşı-qarşıya dayanıb söhbət etməyə başlamışlar. Bu zaman Zahid atasının paltarının yaxasından tutmuş, atası isə buna əsəbiləşərək bir dəfə bıçaqla Zahidi vurmuşdur. Daha sonra Zahid mağazanın arxa qapısından çıxıb qaçmış, o isə atası Raminlə birlikdə bazardan yaşadıqları evə gəlmişdir. Məhkəmədə tədqiq edilən hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bərdə rayonu, Güloğlular kəndində yerləşən “Təzə bazar” adlanan yerdəki anbardır. Baxış zamanı anbarın qapısının yanından aşkar edilmiş bir ədəd bıçaq baxış keçirilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilən götürmə aparılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol köynək, bir ədəd qolsuz mayka və bir ədəd nazik gödəkçə baxış keçirilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilən götürmə aparılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və həmin tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid3 təqdim etdiyi hadisənin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk götürülmüşdür. Görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11:09-da azyaşlı oğlu Şahid2 və Zərərçəkmiş şəxs ilə Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən tərəvəz məhsulları satılan anbara daxil olmuş, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında bir neçə saniyə davam edən danışığın ardınca sonuncu əlləri ilə Təqsirləndirilən şəxs əynində olan pencəyin yaxasından tutmuş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs əllərini üzərindən çəkib şalvarının belində gizlətdiyi bıçağı çıxararaq onun sol nahiyəsindən bir dəfə zərbə endirmiş, daha sonra əlindəki bıçağı anbarın arxa tərəfində yerləşən qapıdan qaçaraq çıxan Zərərçəkmiş şəxs arxasınca atmışdır. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 18 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - hemotroaskla müşayiət olunan döş qəfəsinin sol ön divarınının daxilə keçən kəsilmişdeşilmiş yarası deşici-kəsici əşyanın təsirindən törənmişdir, ola bilsin ki bıçaqla, müddəti xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilən maddi sübutların ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 26-2021/MTKŞ nömrəli rəyindən və ona əlavə edilmiş fotocədvəldən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus iki ədəd köynəyin və maykanın ön hissəsinin sol-orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmədə tədqiq edilən ambulator məhkəmə psixiatrik ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 14 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz əməlininin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Məhkəmədə tədqiq edilən əşyanın tanınmaya təqdim edilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilmiş bıçaqlardan “2” rəqəmi ilə nömrələnmiş bıçağı göstərərək hadisəni həmin bıçaqla törətdiyini bildirmişdir. Məhkəmədə tədqiq edilən Bərdə şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli, 90 və 94 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatda yoxdur. Məhkəmədə tədqiq edilən Bərdə RİB-nın Nazırlı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 07 saylı arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Nazırlı kəndində yaşayır, xx.xx.1983-cü il təvəllüdlü arvadı Şahid1, xx.xx.2010-cu il təvəllüdlü oğlu X4 və xx.xx.2011-ci il təvəllüdlü oğlu Şahid2 ibarət ailə üzvləri vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən Bərdə rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(021)-91/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, hadisənin törədilməsində istifadə edilən bir ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus olan bir ədəd gödəkçə, bir ədəd uzunqol köynək və bir ədəd qolsuz mayka, hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk iş üzrə maddi sübut kimi tanınmışlar, paltarlar və bıçaq saxlanması üçün Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, disk isə cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəməyə təqdim edilən zərərçəkmiş Zərərçəkmiş şəxs xx xxxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmamış, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən “Təzə bazar” adlanan yerdə tərəvəz məhsullarının topdan satışı ilə məşğul olan anbarın içərisində tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bir dəfə qəsdən vuraraq, sonuncuya dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirdiyinə görə onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, səmimi etirafı və əməlindən peşman olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasın onun cəzasını yüngülləşdirən halların kimi nəzərə alınmalıdır. Bundan başqa, cinayət işi üzrə tərtib edilmiş ittiham aktından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayəti hərbi vəziyyət şəraitində törətməsi Azərbaycan Respublikası CM-in 61.1.11-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmışdır. Törədilmiş cinayətin mahiyətindən görünür ki, cinayət əməli ölkə ərazisində hərbi vəziyyət elan edilməsi dövrdə törədilsə də, törədilən cinayət əməlinin hərbi vəziyyətlə heç bir əlaqəsi olmamış, şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qeyd edilən cinayət hadisəsi baş vermişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hərbi vəziyyətin olmasından istifadə edib, həmin cinayət əməlini törətməsi, cinayət əməlini törədəndən sonra zərərçəkmiş şəxsə qarşı digər cinayətkar niyyətinin olması nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Ona görə də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, ailə vəziyyətini və onun barəsində olan cəzanı yüngülləşdirən digər halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bərdə rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(021)-91/2020 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut qismində Bərdə RPŞ-da saxlanılan bir ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs məxsus olan bir ədəd gödəkçə, bir ədəd uzunqol köynək və bir ədəd qolsuz mayka onun özünə qaytarılmalı, qəbul etməkdən imtina etdikdə məhv edilməli, hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd “DVD” diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə vəsatəti olmadığına görə onun hüquqlarının müdafiəsi üçün həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni ibtidai istintaq zamanı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili X5, məhkəmə istintaqı zamanı isə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçilərin təqdim etdikləri hesabatlardan görünür ki, ibtida istintaq zamanı təqsirləndirilən şəxsə vəkil Zaur İsmayılov tərəfindən 12 iş saatı həcmində, məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxsə vəkil Rmil Həsənov tərəfindən 19 iş saatı həcmində hüquqi yardım göstərilmişdir. Odur ki, həmin hesabla ibtidai istinatq zamanı təqsirləndirilən şəxsə göstərilmiş cəmi 12 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X2 işlədiyi Bərdə rayon Vəkil Bürosunun hesabına 72 manat, məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə göstərilmiş cəmi 19 iş saatı həcmində hüquqi yardımla bağlı isə dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 114 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınıb Bərdə RPŞ-da saxlanılan bir ədəd bıçaq məhv edilsin, Zərərçəkmiş şəxs məxsus olan bir ədəd gödəkçə, bir ədəd uzunqol köynək və bir ədəd qolsuz mayka onun özünə qaytarılsın, qəbul etməkdən imtina etdikdə məhv edilsin, hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd “DVD” diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X2 vəkil işlədiyi Bərdə rayon Vəkil Bürosunun hesabına 72 manat, Müdafiəçi isə vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 114 manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar