Məhkəmə qərarları › İş №1(100)-170/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-170/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-170/2023 09.02.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, X3 (məruzəçi hakim) və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 1987-ci ildə Gədəbəy rayonu, Rüstəm Əliyev kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Gədəbəy rayonu, Miskinli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 02 dekabr 2022-ci il tarixdə saat 21 radələrində Gədəbəy rayonu, Miskinli kəndində yerləşən, yaşadığı atası Şahid1 məxsus fərdi yaşayış evinin qarşısında kürədə çörək bişirən zaman keçmiş əri Zərərçəkmiş şəxs həmin ünvana gələrək qızı Şahid3 özü ilə yaşadığı ünvana aparmaq istəməsi və yenidən onunla barışıb bir ailə kimi yaşamaq istəməyini bildirməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə odun parçası ilə qəsdən vuraraq ona başın çapılmış yarası, burunun, sağ əlin, sol saidin sıyrıqları, sol bazunun, sol saidin, sol budun, sol baldırın qançırları, sağ və sol baldırın əzilmiş-çapılmış yaraları qismində sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül, sağ qamış sümüyünün yuxarı üçdə birinin, sol incik sümüyünün yuxarı, orta və aşağı üçdə birinin açıq, qəlpəli, yerdəyişən sınıqları ilə nəticələnən insan həyatı üçün təhlükəli olan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ağır xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş əridir. Zərərçəkmiş şəxslə 2004-cü ildə rəsmi qaydada evlənmişlər. Lakin Zərərçəkmiş şəxslə aralarında tez-tez narazılıq yarandığı üçün Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə rəsmi qaydada boşanmışlar. O, hazırda Gədəbəy rayonu, Miskinli kəndində atası Şahid1, anası Şahid2, qızı Şahid3 ilə birgə yaşayır. Zərərçəkmiş şəxslə boşanmalarına səbəb Sədayın mütəmadi olaraq spirtli içkilər qəbul etməsi və onu döyməsi olmuşdur. 2010-cu ildə Sədayla rəsmi qaydada boşanmışlar, lakin iki il sonra yaxın qohumların təkidi ilə Sədayla yenidən evlənmişdir. Buna baxmayaraq, yenə də Sədayla aralarında tez-tez narazılıqlar olmuşdur. Nəhayət 2020-ci ilin aprel ayında Sədaydan ayrılıb atasının evinə getmişdir, daha sonra isə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərarı ilə qızı Şahid3 onun himayəsinə, oğlu Məhəmməd Mehdiyev isə Sədayın himayəsinə verilmişdir. 2020-ci ildə Sədayla boşandıqdan sonra sonuncu dəfələrlə atasının evinə gəlib onu döymüşdür. İkinci dəfə boşandıqdan sonra da Səday onu tez-tez narahat etmiş, onu öldürməklə və üzünə kislota tökməklə hədələmişdir. Hətta Səday onun qardaşını da söyüb təhqir etmişdir, kənd sakinləri arasında onun ünvanına nalayiq ifadələr işlətmişdir. 18 oktyabr 2021-ci il tarixdə Səday kəndin mərkəzində atasının avtomobilini daşla vuraraq ziyan vurmuş və atasının şikayətinə görə də Səday cərimə edilmişdir. Evlərinin qarşısında çörək bişirmə külfəsi var, Səday oranı da yandıracağını bildirmişdir. O, çörək bişirib satmaqla dolanmışdır. Hətta Səday mağaza sahiblərini də onun çörəklərini satmaması üçün hədələmişdir. Sədayın bu hərəkətləri onu təngə gətirmişdir. Sonuncu dəfə 01 dekabr 2021-ci il tarixdə təxminən saat 20 radələrində o, evlərinin qarşısında yerləşən çörək bişirmə yerində çörək bişirmişdir. Bu zaman səs eşitmiş, ancaq qorxub bayıra çıxmamışdır. Sonra ayaq səsləri eşitdiyi üçün bayıra çıxmışdır. Orada Sədayın əlində bıçaqla onun üzərinə gəldiyini görmüşdür. Bunu görən qızı Aysel isə Sədayın qarşısına keçib, onu vurmasına imkan verməmişdir. O isə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub məlumat vermişdir. Aysel də Sədaya yalvararaq onu vurmamasını deyib, qapını bağlamışdır. Səday bundan sonra oradan çıxıb getmişdir. Hadisə barədə məlumat verdiyi üçün polis əməkdaşları yaşadıqları ünvana gələrək hadisə ilə bağlı ərizə və izahat almışlar. 02 dekabr 2021-ci il tarixdə saat 21 radələrində çörək bişirmə yerində qızı Aysellə çörək bişirmişlər. O, külfəni qalamaqdan ötrü odun gətirmək üçün bayıra çıxmışdır. Bu zaman Sədayın bir əlində butulkada benzin, digər əlində isə bıçaqla oraya gəldiyini görmüşdür. Sədayın danışığından və hərəkətlərindən sərxoş vəziyyətdə olduğunu görmüşdür. O, külfəni qalamaq üçün istifadə etdiyi təxminən bir metr uzunluğunda odunlardan götürüb içəriyə keçmək istəyən zaman Səday “səni yandıracam, öldürəcəm” deyərək nalayiq söyüşlər söyüb, onun üzərinə cummuşdur. Bu zaman o, əlindəki odun parçası ilə Sədayın başından bir zərbə vurmuşdur. Səday ona dəyən zərbənin təsirindən və sərxoş olduğu üçün müvazinətini itirib yerə yıxılmışdır. Bundan sonra o, Sədayın ayağa qalxıb onu öldürəcəyindən qorxub, onu təkrar zərbələrlə ayağından və digər yerlərindən dəfələrlə vurmuşdur. Bu zaman atası Mahmud səs-küy eşidib oraya gəlmiş və onun əlindəki odun parçasını əlindən alıb kənara atmışdır. Daha sonra isə Sədayı yerdən qaldırmaq istədikdə onun ayaqlarının sındığını görmüşdür. Bundan təxminən on dəqiqə sonra anası Solmaz və dayısı oğlu Rövşən də oraya gəlmişlər. Onlar birlikdə Sədayın əl-üzünü yumuşlar. Sonra təcili tibbi yardım avtomobili ilə onu Gədəbəy rayon Mərkəzi Xəstəxanasına yola salmışlar. Təqsirləndirilən şəxs ifadəsinin davamında həmçinin göstərmişdir ki, Sədayın onu hədələməkdə məqsədi yenidən barışmaq istəməsi olmuşdur. Sədayla dayısı Mübarizin arasında narazılıqlar olduğu üçün ibtidai istintaq zamanı Səday dayısı Mübarizin adını qərəzli olaraq ərizəsində qeyd etmişdir. X5 qardaşı, X2 isə qardaşının arvadıdır. Onlar hadisə zamanı orada olmamışlar, hadisədən yalnız gecə saat 12 radələrində xəbər tutmuşlar. Atası Şahid1 gəlib onun əlindəki odun parçasını alaraq kənara atmışdır. X6 onun dayısıdır və o, Bakı şəhərində yaşayır, hadisə vaxtı da Bakı şəhərində olmuşdur. Anası Solmazla dayısı oğlu Şahid4 hadisədən sonra oraya gəlmişlər. Onlar Sədayın əlüzünü yuyub onu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yola salmışlar. Sədayı baş vermiş dava-dalaş zamanı ondan başqa heç kəs vurmamışdır. Hadisə qısa müddətdə, təxminən 10-15 dəqiqə ərzində baş vermişdir. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmişə səhhəti ilə əlaqədar dəymiş zərəri tam şəkildə ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd etdiklərini və törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş arvadıdır. O, rəsmi olaraq heç yerdə işləmir, fəhlə işləyib ailəsini dolandırır. O, Lətafətlə 2004-cü ildə rəsmi qaydada evlənmişdir. Lakin aralarında tez-tez narazılıqlar yarandığı üçün 2020-ci ildə Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə rəsmi qaydada Lətafətdən boşanmışdır. 02 dekabr 2021-ci il tarixdə saat 21 radələrində Lətafət ona zəng edib, himayəsində yaşayan qızı Ayseli öz evinə aparıb saxlamağını bildirmişdir. Lətafətin bu sözünə görə onun yaşadığı evinin qarşısına getmişdir. O, evin qarşısına çatıb, Lətafətə zəng etmiş və Ayseli evin qarşısında gözlədiyini demişdir. Bu zaman Lətafət kürəni qalamaq üçün yığılmış odunların yanına gəlmiş və bir neçə odun götürüb içəriyə keçib kürənin içərisinə qoymuşdur. O, yenidən evin qarşısına çıxaraq odunların üzərindən uzunluğu təxminən bir metr olan odun parçası götürüb dayanmış və onunla mübahisə etməyə başlamışdır. Lətafət evin qarşısında onu söyüb təhqir etmişdir. O, Lətafətin yanına gələrək onunla söhbət etmək istəyən zaman Lətafət qəflətən əlində olan odun parçası ilə onun baş nahiyyəsindən bir zərbə endirmişdir. O, zərbənin təsirindən huşunu itirib yerə yıxılmışdır. Bir neçə saniyədən sonra özünü toparlayıb ayağa durmaq istəyəndə Lətafət odun parçası ilə yenidən onu vurmuşdur. O, əsəbləşib Lətafəti söyüb təhqir etmiş və ayağa durmaq istəmişdir. Bu zaman Lətafət yenidən odun parçası ilə onun bədəninin müxtəlif yerlərinə və ayaqlarına zərbələr vurmağa davam etmişdir. Lətafətin odun parçası ilə ayaq nahiyyələrinə vurduğu zərbələr onun hər iki qılçasının dizdən aşağı nahiyyəsinin sümüklərini sındırmışdır. Həmin vaxt Lətafətin atası Mahmud onların yanına gələrək Lətafətin əlindən odun parçasını alıb kənara atmışdır. Bundan sonra təcili tibbi yardım maşını ilə onu Gədəbəy rayon mərkəzi xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxs ifadəsinin davamında həmçinin göstərmişdir ki, hadisə zamanı çox əsəbi olduğundan ibtidai istintaq zamanı arvadı Lətafət və sonuncunun qohumlarının onu döymələri barədə qərəzli olaraq şikayət etmişdir. Əslində isə onu keçmiş arvadı Lətafət döymüş və xəsarət yetirmişdir. Hal-hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs onun səhhəti ilə əlaqədar dəymiş zərəri tam şəkildə ödəmiş və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 Pənah oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qızıdır. Zərərçəkmiş şəxs onun keçmiş kürəkənidir. Zərərçəkmiş şəxslə qızı Təqsirləndirilən şəxs 2004-cü ildə rəsmi qaydada evlənmişdir. Lakin aralarında tez-tez narazılıqlar olduğu üçün Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə rəsmi qaydada boşanmışlar. Məhkəmə qərarı ilə qızı Şahid3 Lətafətin, Məhəmməd Mehdiyev isə Sədayın himayəsinə verilmişdir. Buna baxmayaraq, Səday tez-tez gəlib evində münaqişə yaratmış, qızını təhqir etmiş və hədələmişdir. 18 oktyabr 2021-ci il tarixdə Səday kəndin mərkəzində ona məxsus “Vaz 2106” markalı, ** BH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili daşla vuraraq alın şüşəsini sındırmışdır. Onun şikayəti əsasında Səday polis tərəfindən cərimə edilmişdir. Yaşadıqları evin qarşısında çörək bişirmə külfəsi vardır və qızı Lətafət orada çörək bişirib satır. 01 dekabr 2021-ci il tarixdə təxminən sat 20 radələrində çörək bişirmə yerində Səday Lətafəti hədələmiş və döymək istəmişdir. Lakin Lətafət qaçdığı üçün Səday ona heç nə edə bilməmişdir. 02 dekabr 2021-ci il tarixdə saat 21 radələrində o, öz evlərinin yardımçı tikilisindəki otaqda yatan zaman Səday yenə də evinə gəlmiş, əlində bıçaq və benzinlə Lətafəti hədələmişdir. O, həmin vaxt yaranmış səs-küyü eşidib küçəyə çıxdıqda görmüşdür ki, Lətafət çörək bişirdiyi yerin qabağında əlindəki odun parçası ilə Sədayın bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirir. O, tez onlara yaxınlaşıb Lətafətin əlindən odun parçasını alıb onu sakitləşdirmişdir. Sədayı yerdən qaldırmaq istədikdə onun ayaqlarının qırıldığını görmüşdür. Bundan təxminən 10 dəqiqə sonra avadı Solmaz və Rövşən oraya gəlmişlər. Həmin vaxt Sədayın əli və üzü qan içində olmuşdur. Onlar Sədayın əl-üzünü yuyub onu təcili tibbi yardım maşını ilə Gədəbəy rayon mərkəzi xəstəxanasına yola salmışlar. Hadisə zamanı Sədayı yalnız qızı Lətafət vurmuşdur. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qızıdır. Zərərçəkmiş şəxs isə onun keçmiş kürəkənidir. Zərərçəkmiş şəxslə qızı Təqsirləndirilən şəxs 2004-cü ildə rəsmi qaydada evlənsələr də, aralarında tez-tez narazılıqlar yarandığı üçün Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə rəsmi qaydada boşanmışlar. Məhkəmənin qərarı ilə onların qızı Şahid3 Lətafətin, Məhəmməd Mehdiyev isə Sədayın himayəsinə verilmişdir. Buna baxmayaraq, Səday tez-tez gəlib onun evində münaqişə yaratmış, qızını təhqir etmiş və hədələmişdir. 18 oktyabr 2021-ci il tarixdə Səday kəndin mərkəzində əri Mahmuda məxsus «Vaz 2106» markalı, ** BH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili daşla vuraraq alın şüşəsini sındırmışdır. Mahmud isə Sədayın barəsində polisə şikayət etmişdir. Bu səbəbdən Sədayla münasibətləri pisləşmişdir. Onun yaşadığı evin qarşısında çörək bişirmə külfəsi var, qızı Lətafət orada çörək bişirib satır. 01 dekabr 2021-ci il tarixdə təxminən saat 20 radələrində çörək bişirmə yerində Səday Lətafəti hədələmiş və döymək istəmişdir. Lakin Lətafət qaçdığı üçün Səday ona heç nə edə bilməmişdir. 02 dekabr 2021ci il tarixdə saat 21 radələrində evlərinin həyətyanı sahəsində iş gördüyü zaman səs-küy eşitmişdir. O, evin həyətinə çıxdıqda Sədayın yerdə uzanıqlı vəziyyətdə başı-gözü qan içində olmasını görmüşdür. Oraya gələn zaman onunla təxminən eyni vaxtda qardaşı oğlu Rövşən də gəlmişdir. O, həmin vaxt nə olduğunu soruşduqda nəvəsi Aysel atası Sədayın əlində benzinlə gələrək anası Ləafəti hədələyib döymək istədiyini, bu zaman qızı Lətafətin odun parçası ilə Sədayın başından zərbə vuraraq yerə yıxdığını, daha sonra ayaqlarına zərbələr vuraraq Sədaya xəsarətlər yetirdiyini demişdir. Onlar təcili yardım avtomobili çağıraraq təcili yardım avtomobili ilə Sədayı xəstəxanaya yola salmışlar. Hadisə zamanı Sədayı yalnız qızı Lətafət vurmuşdur. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun anası, Zərərçəkmiş şəxs isə atasıdır. O, Gədəbəy rayonu, Miskinli kəndində anası Lətafətlə birlikdə babası Şahid1 məxsus evdə yaşayırlar. Atası Sədayla anası Lətafətin aralarında tez-tez narazılıqlar yarandığından 2020-ci ilin aprel ayında onlar rəsmi qaydada boşanmışlar və o, anası Lətafətlə birlikdə babası Mahmudun evinə köçmüşdür. Babası Şahid1 evinin qarşısında çörək bişirmə külfəsi var, anası çörək bişirib satmaqla məşğuldur. O da anası Lətafətin yanında ona kömək edir. 01 dekabr 2021-ci il tarixdə təxminən saat 20 radələrində anası çörək bişirmə yerində çörək bişirən zaman səs-küy eşitmişdir. Ancaq qorxub bayıra çıxmamışdır, lakin sonra ayaq səsləri eşitdiklərindən əvvəlcə anası, arxasınca isə o, bayıra çıxmışdır. Onlar bayıra çıxdıqda atası Sədayın əlində bıçaqla anasının üzərinə gəldiyini görmüşdür. Bu zaman o, atası Sədayın qarşısına keçib, anasını vurmasına imkan verməmişdir. Anası Lətafət isə polisin “102” xidmətinə zəng vurub məlumat vermişdir. O da atasına yalvararaq anasını vurmamasını deyib, qapını bağlamışdır. Atası Səday bundan sonra oradan çıxıb getmişdir. 02 dekabr 2021-ci il tarixdə saat 21 radələrində çörək bişirmə yerində anası Lətafətlə çörək bişirərkən anası külfəni qalamaqdan ötrü odun gətirmək üçün bayıra çıxmışdır. Bu zaman atası Səday yenə də oraya gəlmişdir. Atası Sədayın bir əlindəki butulkada benzin, digər əlində isə bıçaq olmuşdur. Atasının danışığından və hərəkətlərindən sərxoş vəziyyətdə olmasını hiss etmişdir. Həmin vaxt anası külfəni qalamaq üçün hazırlayıb yığdıqları təxminən bir metr uzunluğunda odun parçalarından götürüb içəri keçmək istəmişdir. Səday Lətafətə “səni yandıracam, öldürəcəm” demiş və nalayiq söyüşlər söyüb, anasının üzərinə cummuşdur. Bu zaman anası əlindəki odun parçası ilə atasının başından bir zərbə vurmuşdur. Atası Səday sərxoş olduğu üçün müvazinətini itirib yerə yıxılmışdır. Sonra yerdə olan zaman ayağa qalxıb anasını öldürəcəyini demişdir. X10 ayağa qalxıb onu döyüb xəsarət yetirəcəyindən qorxub əlindəki odun parçası ilə təkrar zərbələrlə Sədayın ayağından və digər yerlərindən dəfələrlə vurmuşdur. Həmin vaxt o, qorxusundan onların yanına gedə bilməmişdir. Bu zaman babası Şahid1 oraya gələrək Lətafətin əlindən odun parçasını alıb kənara atmışdır. Atası Sədayın üzü-başı qan içərisində olmuşdur. X9 sakitləşdirdikdən sonra Sədayı ayağa qaldırmağa çalışmışdır. Lakin həmin vaxt atasının ayaqlarının sındığını görmüşlər. Bundan təxminən on dəqiqə sonra nənəsi Solmaz və Rövşən oraya gəlmişdir. Nənəsi su gətirmiş və atasın əl-üzünü yumuşlar. Daha sonra təcili tibbi yardım avtomobili gələrək atası Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Həmin gün atası Sədayı yalnız anası Təqsirləndirilən şəxs döyərək xəsarətlər yetirmişdir. Mübahisə yaşadıqları evin həyətində baş vermiş, təxminən 10-15 dəqiqə çəkmiş və mübahisəyə kənar şəxslər toplaşmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bibisi qızıdır. Zərərçəkmiş şəxs isə onun bibisi Şahid2 keçmiş kürəkənidir. Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs evli olmuşlar, lakin aralarında narazılıq olduğu üçün boşanmışlar. Onların arasında uzun müddətdir ki, tez-tez narazılıqlar yaranır. Səday tez-tez Lətafəti və ailə üzvlərini narahat edir, onlar Sədayın barəsində dəfələrlə polisə müraciət ediblər. Hətta 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs bibisinin əri Şahid1 məxsus «VAZ-2106» markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili daşla vuraraq alın şüşəsini sındırmışdır. 02 dekabr 2021-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs əlində bıçaq və benzinlə Lətafətin üzərinə hücum etmiş, daha sonra isə Lətafət odunla Sədayı döyüb xəsarət yetirmişdir. Qeyd edilən tarixdə o, özünə məxsus avtomobillə Gədəbəy rayonu, Miskinli kəndinin mərkəzindən üzü Gədəbəy şəhəri istiqamətində gedən zaman bibisi Şahid2 evinin qarşısına çatdıqda bibisi qızı Lətafəti və bibisinin əri Şahid1 görüb dayanmışdır. O, orada dayandıqda Zərərçəkmiş şəxs yerdə uzanıqlı vəziyyətdə olmasını görmüşdür. Onunla eyni vaxtda oraya bibisi Solmaz da evin həyətyanı sahəsi tərəfdən çıxaraq gəlmişdir. Onlar birlikdə Sədayın əl-üzünü yumuşlar. Sədayın ayaqlarının qırıldığını görüb təcili tibbi yardım maşını çağıraraq Sədayı Gədəbəy rayon Mərkəzi Xəstəxanasına yola salmışlar. Şahid4 ifadəsinin davamında həmçinin göstərmişdir ki, o, hadisə yerinə gəlib çatdıqda orada yalnız Şahid1, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs görmüşdür. Avtomobildən düşüb onların yanına getdikdə isə Lətafətin qızı Ayselin çörək bişirilən yerdə içəridə olduğunu görmüşdür. Ona hadisə haqqında Aysel danışmış və atası Sədayın əlində benzinlə oraya gəlib anası Lətafəti hədələdiyini və onu döymək istədiyini, bu zaman anası Lətafətin isə atası Sədayı odun parçası ilə vurub xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 avqust 2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Gədəbəy rayonu, Miskinli kəndində yerləşən Şahid1 Pənah oğlunun evinin qarşısıdır. Həmin evin sol tərəfindən evin zirzəmisinin küçəyə açılan tərəfində çörək bişirmək üçün nəzərdə tutulmuş kürsü yerləşir. Evin qarşısına çox sayda uzunluğu bir metr olan odun parçaları yığılmışdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə o, kənd mərkəzindən üzü Şahid1 evinin qarşısına gəlmiş, orada keçmiş arvadı Təqsirləndirilən şəxs ilə mübahisə edən zaman Lətafət odun parçası ilə əvvəlcə onun baş nahiyyəsinə, daha sonra onun bədəninin müxtəlif nahiyyələrinə, həmçinin ayaq nahiyyələrinə vuraraq ona xəsarət yetirmişdir (iş vərəqə: cild İ, səh. 163-166). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 12 avqust 2022-ci il tarixli, 01/Ə saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – başın çapılmış yarası, burunun, sağ əlin, sol saidin sıyrıqları, sol bazunun, sol saidin, sol budun, sol baldırın qançırları, sağ və sol baldırın əzilmiş- çapılmış yaraları, sağ qamış sümüyünün yuxarı üçdə birinin, sol incik sümüyünün yuxarı, orta və aşağı üçdə birinin açıq, qəlpəli, yerdəyişən sınıqları küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 02 dekabr 2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sağ qamış sümüyünün yuxarı üçdə birinin, sol incik sümüyünün yuxarı orta və aşağı üçdə birinin açıq, qəlpəli, yerdəyişən sınıqları həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, yerləşmə nahiyyələrinə əsasən demək olar ki, qeyd olunan xəsarətləri onun öz-özünə yetirə bilməsi mümkün deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilmədi (iş vərəqə: cild İ, səh. 167-169). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks məhkəmə ambulator psixatrik və psixoloji ekspertizasının 23 sentyabr 2022-ci il tarixli, 584/199 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək imkanına malik olmuşdur, yəni anlaqlı olmuşdur, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur, o, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs fərdi psixi xüsusiyyətləri aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə çətin daxi olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi emisonal vəziyyətdə olmuşdur və həmin halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs psixi emosional vəziyyəti ilə əlaqədar olaraq törətdiyi əməlin tam mənasını dərk edə bilərdi. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir) (iş vərəqə: cild İ, səh. 220-221). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 248-249). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tаriхli tələbnаməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 64). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs cinayət işinin ibtidai istintaqı zamanı Gədəbəy rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, baş vermiş hadisə ilə əlaqədar ona dəymiş zərərin ödənildiyini, heç bir şikayət və tələbinin olmamasını, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etməsinə dair ərizə təqdim etmişdir (iş vərəqə: cild İ, səh. 121). Cinayət işinin materiallarına əlavə edilmiş Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının Miskinli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayonu, Miskinli kəndində qeydiyyatdadır və ailə üzvləri yetkinlik yaşına çatmamış qızından və oğlundan ibarətdir (iş vərəqə: cild İ, səh. 238). Cinayət işinin materiallarına əlavə edilmiş Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının Miskinli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild İ, səh. 240). Cinayət işinin məhkəmə baxışı zamanı təqdim edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam şəkildə ödəmiş və təqsirləndirilən şəxsə həbslə əlaqədar olmayan ən yüngül cəza təyin edilməsini xahiş edir (cinayət işinin materialları). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları kimi mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə edilməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, həmçinin əməlindən səmimi peşmanlığını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini (əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını), himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, əməlindən səmimi peşmanlığını, zərər çəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, eyni zamanda zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışaraq, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini bildirməsini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərara gəlir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, ekspertiza xərci və maddi sübut müəyyən edilməmiş, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Natiq Əliyev (sədrlik edən) Roman Ələkbərli (məruzəçi hakim) Dadaş İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar