Məhkəmə qərarları › İş №1(100)-174/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-174/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-174/2021 06.10.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə X8 və Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mirzəyev və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, xx.xx.1991-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli,işləməyən,ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda,11,867 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 35,481 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib üstündə saxlamaqla yaşadığı Bərdə şəhəri, Heydər Əliyev prospekti, 22 saylı evin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 avqust 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 05:00-da qeyd olunan ünvanda saxlanılaraq Bərdə şəhəri, ünvan 2 dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıdığı bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, 11,867 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə 35,481 qram çəkidə narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26.08.2020-ci il tarixdə saat 23 radələrində evə gəlmiş, bir qədər sonra isə yatmışdır. Saat 04:00-da evin qapısı döyüldüyündən səsə ayılıb, əynində yalnız tünd göy rəngli qısa alt tumanı ilə qapıya tərəf gedərək, qapını döyənin kim olduğunu soruşmuş, çöldən kişi səsi ilə “qonşudur” deyə cavab gəlmiş, qapını açarkən gözləmədiyi halda 4-5 nəfər maskalı, silahlı, zirehli geyimli, iki nəfər isə maskasız olan polis əməkdaşı sinəsindən zərbə ilə arxaya doğru itələyib mənzilə daxil olaraq, evin girişində onu fənd işlədib zərbə ilə üzü üstə yerə yıxaraq əllərini arxaya doğru burub, arxadan xamutla qandallamışlar. Onlardan bir neçəsi əllərindəki avtomat silahları başına dirəmiş, onlardan hansısa əlində qara rəngli nisbətən böyük və ağır olduğu hiss edilən çantanı evin içəri tərəfdən girişinə qoymuşdur. Çantada nə olduğunu həmin vaxt bilməmişdir. Səsi eşidən anası Gülmira Məmmədova yatdığı yerdən qalxaraq girişə gəlmiş, qışqıraraq, gələnlərdən kim olduqlarını, nə səbəbə evlərinə silahlı basqın etdiklərini, nə istədiklərini soruşmuş, onlar isə heç bir məlumat vermədən, hansısa sənəd təqdim etmədən, yalnız Bərdə polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Dəfələrlə həm anası, həm də özü onlardan baş verənlərin səbəbini soruşsalar da polislər nə ona, nə də anasına heç bir cavab vermədən, onu qandalladıqları formada da, ayağa qaldıraraq, “götürün getdik” deyib, aparmaq istəmişlər. Bu zaman anası onun küçəyə çılpaq aparıldığına qəti olaraq etiraz edərək paltar geyinməyinə icazə verilməsini tələb etdiyindən şalvar və köynəyi götürülmüş, lakin geyinməyinə imkan verməyərək onu aparmaq istəyərkən, anası yenə də, çılpaq aparılmağına imkan verməyəcəyini bildirdiyindən onu yerdən qaldıraraq geyinməyinə razılıq verilmişdir. Bundan sonra sonradan bildiyi Fərid adlı polis şalvarını ona geyindirmiş, köynəyi isə başına keçirərək bu halda evdən çıxarılmışdır. Sonra maskalılardan iki nəfəri qoluna girərək başını önə doğru əyməklə onu sürətlə pilləkənlərdən aşağı düşürmüşlər. Onu başından önə basaraq “Prado” markalı maşına əyləşdirmişlər. Bundan sonra onlar polis şöbəsi istiqamətində yola düşmüşlər. Yolda polislərin bir-biri ilə söhbətindən anlamışdır ki, evə girərkən özləri ilə gətirdikləri qara çantanı çıxarkən unudub evdə qoymuşlar. Elə həmin söhbətdən ona məlum olmuşdur ki, həmin çantada qapı qırmaq üçün alətlər olmuşdur. Onların danışığından anlamışdır ki, bir maşın həmin çantanı götürmək üçün geri qayıdır. Polis şöbəsinə çatdıqdan sonra 1-ci mərtəbədə, girişdə sol tərəfdə 2-ci otağa aparılmış, Şamil adlı əməkdaş gəlib qolunu açmış, köynəyini tam geyindikdən sonra Şamildən onu tutmalarının səbəbini soruşduqda Şamil cavabında “mənlik heç nə yoxdur, burdan - Bərdə polisindən zakaz ediblər, mən səni heç tanımırdım da, sabah müharibə olsa mən sənlə bir vuruşacam” kimi sözlər demişdi. Həmin vaxt otağa Fərid gəlmiş, o, əlində ona məxsus “İphone” markalı mobil telefonu da gətirmişdi. Şamil telefonu alıb onun sol cibinə qoymuş, sonra öz cibindən bir ədəd şəffaf sellofan çıxarıb, içərisində 2 ayrı bükümə qablaşdırılmış şüşə və tiryək adlanan narkotik maddələrin olduğunu bildirərək, sellofanı sağ cibinə qoymuşdur. O “bu nədi, niyə belə edirsiz?” deyə sual verəndə, “belə məsləhətdir” deyərək, birazdan kamera çəkilişi ilə üstünə baxış keçiriləcəyini və baxış zamanı guya həmin narkotikləri zibillikdən tapdığını, istifadə etmək üçün üstündə gəzdirdiyini bildirməyini tələb etmişlər. Əks təqdirdə onun üçün pis olacağını, anasının videoçəkilişlə polisə gətiriləcəyini, incidiləcəyini və ona daha artıq əziyyət veriləcəyini bildirmişlər. Bütün baş verənlərə görə, həmçinin daha ağır hərəkətlərə məruz qalmamaq üçün, ona razılıq vermişdir. Şamilə, “narkotik mənlik deyil, kimdən soruşsaz deyəcək ki, mənim narkotikə aidiyyatım yoxdur. Əgər zakazdırsa, mütləq yükləyəcəksizsə, onda silah yükləyin, hamı bilir mənim narkotikə düşmən olduğumu” demiş, Şamil isə silahın daha ağır cəza ilə cəzalandırıldığını, narkotiklə “yüklənməyinin” məsləhət olduğunu deyərək, silaha razılıq verməmişdir.Bundan sonra onlar qandalı açaraq onu digər otağa aparmışlar.Orada vəkilin də iştirakı ilə iki büküm narkotiki çıxarıb 2 gün əvvəl yerdən tapdığını, kiçik yaşlı uşaqların əlinə keçməməsi üçün götürüb saxladığını demişdir. Çəkiliş bitdikdən sonra əvvəl olduğu otağa qaytarılmış, əlləri dəmir qandalla qandallanmış və bir qədər sonra KPZ-yə düşürülmüşdür. Günortadan sonra digər saxlanılanlarla birlikdə maşınlara mindirilərək Bakı şəhərinə aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işlədiyi vaxt 26 avqust 2020-ci il tarixdə Baş İdarəyə Bərdə şəhəri, H.Əliyev prospekti, ev 22, mənzil 49 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 avqust 2020-ci il tarixdə saat 05 radələrində Bərdə şəhəri, H.Əliyev prospekti, ev 22 ünvanının qarşısında saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təklifə əsasən o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən içərisində iki ədəd bükülü olan sellofan torbanı, bundan əlavə həmin cibindən hər biri 20 qəpiklik olmaqla 2 ədəd dəmir pul, şalvarının sol yan cibindən isə 1 ədəd qara rəngli “İphone” markalı mobil telefonu çıxaraq masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin sellofan torbaların içərisindəki bükülünun birinin içərisində psixotrop maddə olan metamfetamin, digərinin içərisində isə narkotik vasitə olan tiryək olduğunu bildirmişdir. Həmin şəffaf sellofan bükümlər açıldıqda bükümlərin birinin içərisindən narkotik vasitə olan tiryəkə, digərinin içərisində psixotrop maddə olan metamfetaminə oxşar maddələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə olan tiryəki və 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini iki gün əvvəl yaşadığı ərazidə zibillikdən tapdığını və üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən cinayət digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan tiryəkə və 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr bir ədəd kağız zərfə qoyulub qablaşdırılmışdır. Bundan başqa aşkar edilmiş “İphone” markalı mobil telefon götürülmüşdür. Aşkar edilmiş 40 qəpik pul iş üçün əhəmiyyət kəsb edilmədiyi üçün qaytarılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı müvafiq protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 Şahid1 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 27 avqust 2020-ci il tarixdə gecə saat 4 radələrində su içməyə duran zaman oğlu Ayxanın divanda əlində telefonla uzandığını görərək ondan nə üçün yatmadığını soruşmuş, Ayxan birazdan yatacağını bildirmişdir. Öz otağına keçmiş, bir qədər sonra qapı döyülmüşdür. Oğlu qapıya gedərək kim olduğunu soruşmuş, bir kişi qonşu olduğunu bildirmişdir. Ayxan qapını açmış, qapı açılan kimi qapının arxasında süpürləşmə olduğunu, kiminsə “yavaş, yavaş” dediyini eşitmişdir. Koridora çıxdıqda bir dəstə kaskada, qara bronjiletdə, əli silahlı hündür adamları görmüşdür. Onu görən kimi kaska taxanlardan biri silahı onun sinəsinə dirəmişdi. Kim olduqlarını, nə üçün gəldiklərini soruşmuş, lakin ona cavab verilməmişdir. Oğlunun əli arxadan bağlı, ağzı üstə yerə yıxdırılmış vəziyyətdə olmuşdur. Bu vəziyyəti görüb qışqırrmışdır. Bir qədər sonra içərilərindən bir nəfər “xala narahat olma, biz Bərdə polisindən gəlmişik” demişdi. Qapıya yaxın olanlardan biri “götür gedik” demiş, lakin oğlu alt paltarında olmuşdur. Qışqıraraq oğluna paltar geyindirilməsini tələb etmişdir. Ayxanın şalvar və köynəyini yolda geyinməsi üçün götürmüşlər, lakin o yenə çığır-bağır salaraq, qoymamışdır. Şalvarı boyda balaca polis kömək edib geyindirmiş, ayaqqabısını oğlu qolu bağlı özü geyinmişdir. Bunlar çıxan vaxtı gedib oğlunun telefonunu gətirmişdir ki, onunla əlaqə saxlasın. Bu vaxt Ayxan telefonu verməməyini demiş, lakin telefonu əlindən alaraq Ayxanı da götürüb getmişlər. Onlar gedəndən sonra qapını bağlamış, lakin qapının ağzında böyük bir əl çantası olduğunu görmüşdür. İçərisində isə gələnlərin qapı qırmaq üçün istifadə etdikləri alətlər olmuşdur. Onlar oğlunu götürüb gedəndə həmin çantanı unudaraq evdə qoymuşdular. Həmin vaxt qapı döyülmüşdür. Gələnlər ondan evdə qalan çantanın qaytarılmasını xahiş etmişlər. Həmin əşyanın dövlətin malı olduğunu düşünüb, qapını açmış, qapını açan kimi gələn şəxslər çantanı götürüb getmişlər. Sonradan ona məlum olmuşdur ki, Bərdə rayon polis şöbəsində oğlunun üzərinə baxış keçirilərkən narkotik vasitə aşkar olunmuşdur. Halbuki oğlu narkotik vasitədən heç vaxt istifadə etməmiş, üzərində heç bir narkotik vasitə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, 26 avqust 2020-ci il tarixdə yoldaşına dərman verdikdən sonra çarpayıya uzanmış, saat 04 radələrində binanın həyətində maşın səsi eşitmiş, pəncərədən baxanda biri ağ rəngli “Prado” markalı, digəri isə qara rəngli, markasını bilmədiyi, sedan tipli maşının gəldiyini görmüşdür. Həmin maşınlardan maskalı, zirehli geyimli və silahlı adamlar çıxıb sürətlə yaşadıqları bloka daxil olmuşlar. Pilləkənlərdən gələn səslərdən anlamışdır ki,onlar 2-ci mərtəbədən keçib yuxarı qalxmışlar. Bir qədər sonra 5-ci mərtəbədən qadın qışqırığı eşitmiş, həmin səsin Gülmira həkimə məxsus olduğunu tanımışdır. Gülmira həkim uca səslə qışqıraraq, silahlılardan onun oğlunu buraxmalarını tələb etmiş, nə səbəbə yıxıb yerə uzatdıqlarını, həmçinin kim olduqlarını, nə səbəbə onun evinə hücum etdiklərini soruşmuşdur. Həmin vaxt kimsə “xala, narahat olma, Bərdə polisindənik” demişdir. Həmin vaxt anlamışdır ki, gələnlər məhz polis əməkdaşlarıdır. Bunun ardınca Gülmira həkim yenidən qışqıraraq, Ayxanı çılpaq aparmağa imkan verməyəcəyini, od vurub özünü yandıraraq öldürəcəyini bildirmişdir. Özünə problem yaratmamaq üçün yuxarı qalxmasa da, demək olar ki, nə danışılırdısa aydın başa düşmüşdür. Bir neçə dəqiqə sonra isə yuxarıdakılar sürətlə aşağı düşmüşlər. 2 nəfər maskalı, dəbilqəli polis Ayxanın qollarına girərək onu düşürmüşlər. Onların arxasınca isə bir nəfər düşmüşdür. Onu qapı dəliyindən baxarkən görmüşdür. Sonra onlar blokdan çıxmışlar. Pəncərədən baxarkən, polislərin Ayxanı ağ rəngli “Prado”ya oturtduqlarını görmüşdür. Ayxanı maşına əyləşdirdikdən sonra, hər iki maşın hərəkət edib, getmişdir. Bundan təxminən 10 dəqiqə sonra, qara rəngli sedan tipli maşın yenidən həyətə gəlmiş, maşından 2 nəfər düşüb, bloka daxil olaraq yuxarı qalxmışlar. Onlar 5-ci mərtəbəyə qalxıb, Gülmira həkimin evinin qapısını döymüşlər. Sonra onlar yenə aşağı düşmüşlər. Yaşadığı 2-ci mərtəbəyə çatdıqda, qapının gözlüyündən baxmış, onlar əllərində nə isə ağır bir yük düşürmüşlər. Onlar blokdan çıxıb əllərindəki yükü maşına qoyub, çıxıb getmişlər. Səhər açıldıqda qonşularla birlikdə Gülmira həkimin evinə qalxmışdır. Gülmira həkimin deməsinə görə, həmin gecə saat 4 radələrində maskalı, zirehli geyimli, silahlı 5-6 nəfər, 2 nəfər isə maskasız adam onun evinə gəlmiş, Ayxanı evin içində vurub yerə yıxaraq, əllərini bağlamış, ardından onu alt qısa tumanında evdən çıxarıb aparmaq istəmiş, onlara etiraz edib qışqıraraq, mane olmuş, özünü öldürəcəyini demiş, yalnız bundan sonra polislərin Ayxanın şalvar və kofta geyinməsinə icazə vermiş və ardından Ayxanı aparmışlar. Bir-iki gün sonra eşitmişdir ki, Ayxanı “Banditizm” kimi tanınan idarənin əməkdaşları narkotik satışı ittihamı ilə tutmuşlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 və X6 şahid X10 ifadəsilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 27 avqust 2020-ci il tarixdə ünvan 5 ünvanında kirayədə yaşamışdır. Yaşadığı binanın hər mərtəbəsində iki mənzil olmuş, Ayxan beşinci mərtəbədə yaşamışdır. Həmin gün gecə saat 03-05 radələrində evdə olmuş və həmin saatlarda binada səs-küy eşitməmişdir. İş materiallarına əlavə edilmiş 27 avqust 2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı Müşviq Dostuyev tərəfindən tərtib edilmiş protokoldan görünür ki, AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal qruplaşmalara qarşı mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1, AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal qruplaşmalara qarşı mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid2, Təqsirləndirilən şəxs və müdafiəçi X3 iştirakları ilə, 27 avqust 2020-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanışedilərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən içərisində iki ədəd bükülü olan sellofan torbanı, bundan əlavə həmin cibindən hər biri 20 qəpiklik olmaqla 2 ədəd dəmir pul, şalvarının sol yan cibindən isə 1 ədəd qara rəngli “İphone” markalı mobil telefonu çıxaraq masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərdən birinin içərisində narkotik vasitə tiryək, digərinin içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, həmin şəffaf sellofan bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda birinin içərisində tünd qara rəngli, bərk halda olan narkotik vasitə tiryəkə oxşar maddə, digərinin içərisində ağ rəngli kristal halda psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan maddələri iki gün əvvəl yaşadığı ərazidə zibillikdən tapdığını və üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə olan tiryəkə bənzər maddə və 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə sayılan metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış,eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd qara rəngli “İphone” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş hər biri 20 qəpiklik olmaqla 2 ədəd dəmir pul iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2020-ci il tarixli 6/1691 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi, şübhəli şəxs “Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş iki ədəd sellofan bükülü” sözləri, adlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 35,481 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir.Digər bükümdə təmiz çəkisi 11,867 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İş materiallarına əlavə edilmiş 27 avqust 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində27 avqust 2020-ci il tarixdə saat 05:00 dəqiqədən tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27avqust 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” publik hüquqi şəxsinin 28 avqust 2020-ci il tarixli №5377 məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən həmin xəstəxanada müalicədə olmayıb. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Nakoloji Mərkəzi” publik hüquqi şəxsinin 29 avqust 2020-ci il tarixli №19/51- 8007 məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb və qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qərarından görünür ki, AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal qruplaşmalara qarşı mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili tərəfindən qəbul edilmiş 26 avqust 2020-ci il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkuluğu yoxdur. İş materiallarına əlavə edilmiş «"xxxx" MMC-nin 10.09.2020-ci il tarixli müşayət məktubu ilə əldə edilmiş bir ədəd CD diskdəki telefon məlumatlarına baxış zamanı tərtib edilmiş 10sentyabr 2020-ci il tarixli “telefon danışıq məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə etmiş, məlumatlara baxış keçirilərkən cinayət işi üzrə əhəmiyyət kəsb edən hal aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Azər. Mənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş 11 sentyabr 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Azər. Mənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş 11 sentyabr 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, H.Əliyev prospekti, ev 22, mənzil 49 ünvanında yaşamışdır. İş materiallarına əlavə ediliş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 oktyabr 2020-ci il tarixli 2736 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmə halları olub. Lakin halhazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş 08 fevral 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində polis əməkdaşları tərəfindən törətmədiyi cinayəti etiraf etməsi üçün psixi təzyiqlərə məruz qalması barədə ifadəsində göstərdiyi xüsusat üzrə aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədyinə görə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək maskalı və silahlı polis əməkdaşlarının gecə saat 04 radələrində onu evdən zor tətbiq etməklə polis şöbəsinə apardıqlarını, orada hədə-qorxu ilə cibinə 2 ayrı bükümlərdə “şüşə” və tiryək adlanan narkotik maddələrin qoyularaq,çəkiliş ilə üstünə baxış keçirilərkən həmin bükümləri təqdim etməsini tələb etdiklərindən o məcburiyyət qarşısında çəkiliş zamanı iki büküm narkotiki çıxarıb 2 gün əvvəl yerdən tapdığını, kiçik yaşlı uşaqların əlinə keçməməsi üçün götürüb saxladığını demişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadəni uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadə kimi qəbul edir. Belə ki, iş materiallarında olan 08 fevral 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir psixi təzyiq göstərilməmişdir. Həmçinin iş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təqsirləndirilən şəxsla bağlı qəbul etdiyi qərar qanuni hesab edilmişdir. Bununla belə, məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə, yəni Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop və narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması kimi tövsifi iş üzrə toplanmış sübutlarla təsdiq olunmur və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir, ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 11,867 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 35,481 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib üstündə saxlamaqla yaşadığı Bərdə şəhəri, Heydər Əliyev prospekti, 22 saylı evin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 avqust 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 05:00-da qeyd olunan ünvanda saxlanılaraq Bərdə şəhəri, ünvan 2 dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıdığı bir ədəd bükümdə külli miqdarda 11,867 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə 35,481 qram çəkidə narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs üzərindən bir ədəd bükümdə, külli miqdarda 11,867 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin və bir ədəd bükümdə 35,481 qram çəkidə narkotik vasitə tiryəkin aşkar edilməsini onun həmin psixotrop maddə və narkotik vasitəni satış məqsədilə əldə etməsi, saxlaması və daşıması kimi qiymətləndirmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. Lakin iş üzrə məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadələrində həmin psixotrop maddənin və narkotik vasitənin ona məxsus olmadığını bildirsə də, məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, “...tutulmamışdan əvvəl, təxminən 2 ay müddətində fasilələrlə “şüşə” deyilən psixotrop maddə olan metamfetamin və narkotik vasitə tiryək istifadə etmiş, tutulmamışdan 2 gün əvvəl yaşadığı evin yaxınlığındakı zibilxananın yanından keçərkən yerdən iki büküm tapmış, bükümlərdən birində narkotik vasitə tiryək, digərində isə “şüşə” olmuşdur. Həmin bükümləri götürüb bir hissəsini qəbul etmiş, qalanını isə şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir...”. Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində verdiyi ifadələrdə həmin psixotrop maddə olan metamfetamin və narkotik vasitə tiryəki şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını və gəzdirdiyini bildirmiş, həmin vasitələri satmaq niyyətinin olması, olduğu təqdirdə kimə, nə vaxt və harada satacağı, habelə həmin narkotik vasitə və psixotrop maddəni digər şəxsi maraq məqsədi ilə yaymağı ilə bağlı hər hansı xüsusat göstərməmiş, istintaq orqanı tərəfindən də həmin hallar müəyyən edilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 05.10.2020-ci il tarixli 2736 nömrəli rəydən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsi ilə bağlı hallar olsa da, onun narkomaniya xəstəliyindən əzab çəkmədiyi müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs üzərindən bir ədəd bükümdə, külli miqdarda 11,867 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin və bir ədəd bükümdə 35,481 qram çəkidə narkotik vasitə tiryəkin aşkar edilməsi, heç də onun tərəfindən həmin narkotik vasitəni satış məqsədilə əldə etməsinə və saxlamasına dəlalət etmir. Belə ki, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni və psixotrop maddəni satacağı şəxsin, yəni istehlakçının müəyyən edilməməsi, bununla bağlı hər hansı razılaşmanın olmaması, həmin narkotik vasitənin və psixotrop maddənin çəkilərək xırda bağlamalara bükülməməsi, onun üzərindən həmin vasitələrin satışında istifadə edilən digər predmetlərin (məs. tərəzi və s.)aşkar edilməməsi, narkomaniya xəstəliyindən əzab çəkməsə də narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsi ilə bağlı halların olmasının aşkar edilməsi və digər bu kimi hallar onun tərəfindən həmin narkotik vasitənin və psixotrop maddənin satış məqsədi olmadan, şəxsi istehlak məqsədi ilə əldə edib saxlamasını təsdiq etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onlarınprekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarında göstərilir ki,“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarında göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı ilə müəyyən edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Odur ki, qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə həmçinin məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs anası X4, qonşuları X1, X2 və X10 da ifadələrilə bağlı hesab edir ki, həmin şəxslərin ifadələri təqsirləndirilən şəxsin xeyrinə, onun məsuliyyətdən kənarda qalmasına xidmət edən ifadələrdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirlər, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan bir ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan bir ədəd bükümdə 11,817 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd bükümdə 35,431 qram çəkidə narkotik vasitə tiryək məhv edilməli, 01 ədəd CD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 65 (altmış beş) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 27 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan bir ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan bir ədəd bükümdə 11,817 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd bükümdə 35,431 qram çəkidə narkotik vasitə tiryək məhv edilsin, 01 ədəd CD disk isə cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 65 (altmış beş) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar