Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-174/2025 07.11.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Müslümov Bəhruz Filizman oğlu, Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurları, kiçik ədliyyə müşaviri X8, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri; Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Gədəbəy rayonu, Blankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Gədəbəy rayonu, Plankənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «ev dustağlığı» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 22 iyul 2023-cü il tarixdə səhər saat 11 radələrində Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən işlətdiyi “Qızıl Balıq” adlı restorana istirahət etmək məqsədilə gəlmiş Şəmkir rayonu, Kür qəsəbə sakini Zərərçəkmiş şəxs ilə həmin tarixdə saat 20 radələrində sonuncunun sifariş etdiyi yeməklə bağlı restoranın mətbəxində aralarında baş vermiş mübahisədən sonra saat 21 radələrində digər şəxslərlə birlikdə istirahət edən Zərərçəkmiş şəxs olduğu yerə gedərək orada sonuncudan bir qədər əvvəl mətbəxdə baş vermiş mübahisə zamanı anası Şahid8 yanında onu təhqir etməsinin səbəbini soruşaraq bu barədə irad bildirməklə ondan həmin hərəkətinə görə üzr istəməsini dedikdə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı masanın üzərindəki 1 litr həcmində olan “Banketnaya” arağının şüşə butulkasını sol əlinə götürərək həmin butulka ilə Zərərçəkmiş şəxs baş nayyihəsinə qəsdən 1 dəfə zərbə endirməklə ona qapalı kəllə-beyin travması, sağ gicgah və ənsə sümüyünün xətti sınığı, sağ parenximal, subepidural və subaraxnoidal, sol alın-gicgah nahiyəsində subdural hematoması ilə nəticələnən həyat üçün təhlükəli olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuş, həmin xəsarəti aldıqdan sonra zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmış və başının ənsə nahiyəsinin yer örtüyünə dəyməsi nəticəsində, ənsə nahiyəsində yumşaq toxumaların əziyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o əvvəllər həmin şəxsi tanımamışdır. O həmin yerdə mövsümü yeməkxana işlətmişdir. Həmin tarixdə əvvəl 3 nəfər, sonra isə 4 nəfər şəxslər gəlmişlər. Həmin şəxslər özləri ilə yemək gətirmiş və yeyib-içmişlər. Saat 4 radələrində 2 nəfər şəxs qalmış digər şəxslər isə getmişlər. Bundan sonra həmin şəxslər “bizə beçə verin” demişlər. Bundan sonra onlar həmin şəxslərlə bir neçə dəfə danışıqlar aparmışlar. Lakin buna baxmayaraq, həmin şəxslər onlara qulaq asmamışlar. Bundan sonra həmin şəxslər onları təhqir edərək hədə qorxu gəlmişlər. Orada olan şəxslər onu vurmuşlar. O isə öz növbəsində masanın üzərində olan şüşəni onlar tərəfə atmış və həmin şüşə Fədai adlı şəxsə dəymişdir. Bundan sonra həmin yerə polis əməkdaşları gələrək onları polis şöbəsinə dəvət etmişlər. Sonra xəsarətlə bağlı rəy alınmış və onların işinin araşdırılması Gədəbəy rayon Prokurorluğunda aparılmışdır. Hadisə yerində olan şəxslərdən anası Raya Rüstəmova, onun oğlu və özü olmuşdur. Sonradan olanlar onun yadında qalmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onlar istirahət etmək üçün Təqsirləndirilən şəxs məxsus obyektə getmişlər. O və onun qardaşı Maarif, əmisi oğlu Çapay, bibisi oğlu Samir, həmçinin bibisi oğlunun kirvəsi Elvin adlı şəxslərlə istirahət etməyə getmişlər. Həmin vaxt onlar yemək sifariş vermək istəmiş,lakin Təqsirləndirilən şəxs “toyuq yoxdur” demişdir. Onlar “başqa nə var, Kamran isə əsəbi halda heç nə yoxdur”demişdir. 10-15 dəqiqə sonra Kamran onların əyləşdiyi masaya yaxınlaşaraq onlara “siz məndən üzr istəməlisiz” demişdir. O isə cavab olaraq ona “mən sənə sözyüş söyməmişəm nəsə etməmişəm” demişdir. Həmin vaxt söhbət əsnasında Təqsirləndirilən şəxs butulka ilə onu vurmuşdur. Həmin vaxt onunla ora gəlmiş şəxslərdən heç biri “yemək nə oldu niyə gəlmədi” və ya yeməyin gəlməməsi ilə bağlı Təqsirləndirilən şəxs yaxınlaşmamışlar. O yeməyi soruşmağa gedən zaman mətbəxin qarşısında vurulmuşdur. Onun mobil telefonu avtomobildə olmuş və o mobil telefonunu avtomobildə şarj üçün qoymuşdur. Daha sonra avtomobilə yaxınlaşmış və mobil telefonunu avtomobildən götürmüşdür. Dava olmamışdır. Təqsirləndirilən şəxs onlara əsəbi halda müraciət etmişdir. Onlar isə ona “sən bizlə niyə belə danışırsan” demişdir. Çox şeylər onun yadından çıxmışdır. Onlar ona söyüş söyməməsini bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs tanışı da orada olmuşdur. Təqsirləndirilən şəxs onu vurmasından onun xəbəri olmamışdır. O avtomobildə olarkən onu xəstəxanaya aparmasını görmüşdür. Başqa heç bir şey olmamışdır. Başqa şəxslərlə heç bir mübahisə olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o əmisi oğlunun vurulmasının şahidi olmuşdur. Onlar yemək yemək üçün özləri ilə yemək apararaq Təqsirləndirilən şəxs obyektinə getmişlər. O zərərçəkmiş şəxs Fədainin əmisi oğludur. Orada Maarif, Fədai və o olmuşdur. Axşam isə onun bibisi oğlugil gəlmişlər. Onlar Təqsirləndirilən şəxs “cücə qızartması” sifariş vermişlər. Bir müddət keçdikdən sonra “cücə qızartmasının” olmaması bildirilmişdir. Həmin vaxt onlar öz növbəsində “əgər yoxdursa bunu əvvəllcədən deyərdiz” demişlər. Bundan sonra Fədai gedib nə deyib deməyibsə Kamran onlar oturan masaya yaxınlaşmışdır. Fədainin nə deməsini o görməmişdir. Həmin vaxt Kamran ilə mübahisə düşmüş və Kamran butulka ilə Fədaili vurmuşdur. Bundan sonra Fəadi yerə yıxılmışdır. Həmin vaxt onlar Fədaili yerdən qaldırmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi sonradan tanımışdır. Onlar onun qardaşı və əmisi oğlu Kamranın işlətdiyi kafeyə getmişlər. Onlar özləri ilə yemək götürmüş, sadəcə Kamranın işlətdiyi kafedən kirayəyə yer götürmüşlər. Onlar yeməkləri hazırlamış və orada oturmuşlar. Sonra axşama yaxın təxminən 6-7 arası onun bibisi uşaqları Gəncə şəhərindən ora gəlmişlər. Yemək azlıq etdiyi üçün, qonaqlar gəlməmişdən əvvəl yemək sifariş etmişər. Saat yarım keçməsinə baxmayaraq onlar sifariş etdikləri yemək gəlməmişdir. Onun qardaşı Fədai və bibisi oğlu Samirlə birgə Fədainin avtomobilinə yaxınlaşaraq oradan mobil telefonu götürərək yeməyin niyə gec gətirilməsi ilə maraqlanmaq üçün Kamranın yanına getmişlər. Həmin vaxt Fədail Kamrana “yemək nə oldu” Kamran isə cavabında “verilməyəcək aşbazım yoxdur” demişdir. Bundan sonra Fəadil Kamrana “biz iki saatdır ki, gözləyirik vermiyəcəksənsə bunu qabaqcadan denən” demişdir. Həmin vaxt Kamran Fədailə “nəslin qədər mənim vesim var” demiş, Fadil isə ona “ağzının danışığı bil” demişdir. Bu minvalla mübahisə yaranmışdır. Həmin vaxt orada Kamranın anası və dayısı olmuşdur. Bundan sonra onlar da həmin yerə gəlmişlər. Onlar həmin vaxt oradan getmək istəmişlər. Onlar oradan aralanan zaman Kamran onlara “tələsməyin bir dəqiqə adam yığıb göstərəcəm sizə” demişdir. Həmin vaxt onlar yığışmaq istəyən zaman onlara 4 nəfər şəxslər yaxınlaşmış və aralarında söz- söhbət olmuşdur. Kamran Fədailə “məndən üzr istəməlisən” demişdir. Həmin vaxt ora Turş su istirahət mərkəzini işlədən bir şəxs də gəlmiş və onlara “üzürlü sayın siz qonaqsız gəlin gedək biz sizə qulluq edək, bilməmişdir danışdığını” demişdir. Kamran qardaşına “sən üzr istəməsən buradan çıxa bilməzsən” demişdir. Fədail isə cavabında Kamrana “mən niyə üzr istəməliyəm ki” demişdir. Bundan sonra Kamran butulka ilə Fədainin baş nahiyyəsindən bir dəfə vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, o Turşsu ailəvi istirahət mərkəzində fəhlə vəzifəsində işləmişdir. O balıq götürmək üçün qonşu obyektə getmişdir. O həmin vaxt X4 çağırmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ona cavab verməmişdir. Ərazi qaranlıq olduğundan o orada olan şəxsləri görməmişdir. Həmin ərazi qaranlıq olduğu üçün o həmin yerə getməmişdir. O dəfələrlə Təqsirləndirilən şəxs çağırmış, lakin Təqsirləndirilən şəxs ona cavab verməmişdir. Həmin vaxt orada səs-küy olmuş, o isə öz işlədiyi yerə qayıtmışdır. O həmin vaxt müdirə məlumat vermişdir. Müdir ondan balıqları niyə gətirməməsini soruşmuş o isə olnaları müdirə söyləmişdir. Hadisə barədə o heç nə eşitməmişdir. Sonradan məlum olmuşdur ki, orada mübahisə düşmüşdür. Onun heç bir məlumatı olmamışdır. Səs küy gələndə o həmin yerə gedib baxmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, onun qonşu restoranda qonaqları olmuşdur, o həmin restorana gedən zaman Kamranın işlətdiyi restoranda qonaqların çx olmasını görmüşdür. O həmin yerdə 10-15 dəqiqə durduqdan sonra sakitçilik olduğundan öz qonaqlarının yanına getmişdir. Ertəsi gün dava olmasını eşitmişdir. Orada olan şəxslərin çoxunu tanımamışdır. 29 sentyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gədəbəy Rayon Məhkəməsinin 30 sentyabr 2023-cü il tarixli 4(042)-23/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay 20 gün müddətinə, yəni 19 yanvar 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Gədəbəy Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. 22 iyul 2023-cü il tarixli “təqsirləndirlən şəxsin ifadəsinin yerində yoxlanması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, 22 iyul 2023-cü il tarixdə həmişə olduğu kimi səhər saat 10-dan etibarən yeməkxananın giriş darvazasını açaraq, masaları səliqəyə salıb müştəri gözləməyə başladığını, təxminən saat 11 radələrində əvvəllər tanımadığı, sonradan adlarının Sədai, Fədai və Maarif olduğunu öyrəndiyi şəxslərin Gürcüstan dövlət qeydiyyat nişanlı ağ rəngli “Mercedes Benz-Vito” markalı avtomobil ilə yeməkxananın həyətinə daxil olub ondan icarəyə yer istədiklərini, onlara besetkanı 25 manata icarəyə verdiyini, aralarında olan razılığa görə onlara yalnız besetkanı icarəyə verdiyini, başqa hər-hansı məişət əşyası icarəyə vermədiyini, həmin şəxslərə verdiyi besetkanın Şəmkir çayının əks tərəfində, sağdan 1-ci olduğunu, saat 11 radələrində həmin şəxslərin besetkada əyləşib, orada yeyib-içməyə başladıqlarını, təxminən saat 16 radələrində həmin 3 nəfər şəxsin yeməklərinin üzərini örtüb gəldikləri avtomobilə minərək “Turş Su” bulağı istiqamətində getdiklərini, hətta həmin vaxt onların olduqları “Vito” markalı avtomobilin palçığa batdığını, təsadüfən oraya gəlmiş dayısı X10 ilə birlikdə onların avtomobilini itələyib palçıqdan çıxardıqlarını, Sədai, Fədai və Maarif adlı şəxslərin təxminən 1 saat sonra qayıdıb geri gələrək oturub yeyib-içməyə davam etdiklərini, təxminən saat 19 radələrində Fədai, Sədai və Maarifin oturduqları masada, onlarla birlikdə əlavə 4 nəfərin də oturduğunu, həmin şəxslərin birlikdə yeyib-içdiklərini gördüyünü, hadisədən sonra Fədaigillə bir masada əyləşən şəxslərin Samir, Saqi və Elvin olmasını öyrəndiyini, digər bir nəfər şəxsin isə adını bilmədiyini, təxminən saat 20 radələrində yeməkxananın həyətindəki mətbəxdə, giriş qapısı ilə üzbəüz masa arxasında oturduğunu, mətbəxdə ondan başqa heç kimin olmadığını, anası Rayənin saxladığı iribuynuzlu heyvanları sağmaq üçün yeməkxanadan təxminən 150 metr məsafədə yerləşən arxaca getdiyini, bu vaxt Fədai və Samirin mətbəxə daxil olaraq onlara beçə bişirməyini bildirdikdə onlara “poverimiz yoxdur, beçə bişirə bilmərik, özüm yaxşı balıq bişirə bilirəm gəlin sizə balıq bişirim verim” dediyini, bu zaman Fədai kinayəli halda “balığı da yaman ucuz verirsən” deyə bildirdikdə ona “sən heç soruşdunmu mən balığı hansı qiymətə verirəm, mənimlə məzələnirsən, çıxın gedin buradan” dediyini, Fədai və Samirin həmin vaxt bərk sərxoş olduqlarını, bu zaman anası Rayənin mətbəxə daxil olduğunu, onun Samir və Fədai ilə mübahisə etməsini görüb ona “Sən sakit dur, mən onları özüm başa salacam” dediyini, Fədainin Rayəni görüb sonuncuya “Sən kimsən, haradan çıxdın” dediyini, Rayə cavabında “Ay bala, mən buranın sahibiyəm, Kamran da mənim oğlumdur” dedikdə bildirdikdə Fədainin sakitləşdiyini, daha sonra Rayənin təklifi ilə Samir və Fədainin mətbəxdən çölə çıxdıqlarını, sonra özünün yeməkxananın ərazisində «Farel» balığı saxladığı gölə tərəf getdiyini, daha anası Rayənin Fədai və Samirlə nə danışmasını bilmədiyini, bundan 3 və ya 5 dəqiqə sonra Samir və Fədainin mətbəxin yaxınlığına, maşınlarını saxladıqları yerə getdiklərini görüb təxminən 10-12 metr məsafədən onlara “Sizdən pul istəmirəm, yığışın gedin” dediyini, bu zaman Fədainin “Buna, cındıra bax, ona görə bu gündəsən” dedikdə ona “Sərxoşsan, artıq-əskik danışma, yığışın burdan çıxın gedin, onsuz da hava qaranlıqlaşır, yeməkxananı bağlayırıq, gecə işləmirik” dediyini, bu vaxt Fədainin “Biz üç gün burda qalacağıq, heç yerə gedəsi deyilik” deyə bildirdiyini, sonra Fədai və Samirin Şəmkir çayı üzərindəki körpünü keçib besetkaya doğru gedərkən yolda Fədainin Samirə onun ünvanına nalayiq söz işlədib “Bunun ağzını-üzünü s...m, gör bunun başına nə oyun açacam, bunun kassa aparatı yoxdu, torpağının sənədi yoxdu, qanunsuz fəaliyyət göstərir” deməsini eşitdiyini, bunu eşitdikdə Fədaiyə “Nə deyirsən özünə getsin, artıq-əskik danışma, yığışın burdan çıxın gedin” dediyini, çayın səsindən Fədainin artıq ordan ona nə deməsini eşitmədiyini, sonra Fədai və Samirin besetkaya gedib əyləşdiklərini, təxminən saat 21 və ya 22 radələrində çöl mətbəxinin qarşısında borunu su çəninə qoşarkən Fədaigilin oturduqları besetkadan kiminsə səsləyib onu yanına çağırdığını, onu oraya kimin çağırmasını isə bilmədiyini, belə olduqda özünün tək Fədaigilin oturduqları besetkaya yaxınlaşıb masanın yuxarı tərəfinə keçdiyini, orada Zərərçəkmiş şəxs və onunla birlikdə olan digər şəxslərə bir daha “Sizdən pul istəmirəm, yığışın gedin” dediyini, bu zaman Fədainin ona yenə “Biz üç gün burda qalacağıq, heç yerə gedəsi deyilik” dediyini, Fədaiyə “burada qalacaq yer yoxdur, sizdən çıxıb getməyinizi xahiş edirəm” dediyini, bunun qarşılığında Fədainin ona ağıllı olmağı, təhqirlə onu döyəcəklərini bildirdiyini. Fədainin masanın üzərində olan araq şüşəsinə əlini uzadıb onu vuracağını, həmçinin onların çox olmasını və onu döyəcəklərini fikirləşib ondan əvvəl həmin araq şüşəsini götürüb Fədainin başının sağ tərəfindən zərblə vurduğunu, zərbəni vurduqdan sonra Fədainin yerə yıxıldığını, bundan sonra Fədainin yanında olan şəxslərin onu döyəcəklərindən qorxub hadisə yerindən qaçıb getdiyini bildirərək həmin yerləri əyani şəkildə göstərməklə ifadəsindəki xüsusatları bir daha təsdiq etmişdir. 29 sentyabr 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilərkən Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə sonuncunu törətdiyi cinayət əməlində ifşa etmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri – Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən “Turşsu” İstirahət Mərkəzinə gedən torpaq örtüklü avtomobil yolundan sol istiqamətdə ayrılan torpaq örtüklü yoldan başlayan Təqsirləndirilən şəxs tərəfindən işlədilən restorandır. Həmin restoranın girişi iki taylı kiçik dəmir qapıdır. Baxış iştirakçısı Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdə həmin restoranda baş vermiş hadisə ilə bağlı restorana baxış keçiriləcəyi izah edildi. Baxış iştirakçısı Təqsirləndirilən şəxs isə restorana baxış keçirilməsinə etiraz etmədiyini bildirdi. Bundan sonra baxış iştirakçısı Təqsirləndirilən şəxs işlətdiyi restoranın sahəsi, həmin restorana dair hər hansı bir sənədinin və VÖEN-nin olub-olmaması barədə sual verildikdə sonuncu bildirdi ki, restoran ona məxsus olmaqla mövsümi olaraq istifadə edir. Restorana ərazisi çay yatağı ilə birlikdə 2 ha təşkil edir. Restorana dair hər hansı bir rəsmi sənədi və ya VÖEN-ni yoxdur. Restoranın ətrafı taxta materialdan olan hasarla çəpərlənmişdir. Restoranın mərkəzindən gur səslə, eni 7-14 metr aralığında olan Şəmkir çayı keçir. Şəmkir çayının üzərində əks tərəfə keçmək üçün daşdan hazırlanmış eni 76 sm, uzunluğu 14.50 sm olan körpü vardır. Çayın eni 7-14 metr aralığındadır. Restorana iki taylı kiçik dəmir qapıdan daxil olub təxminən 100-150 metr irəlilədikdən üzəri və ətrafı qırmızımtıl rəngli dəmir şiferlə əhatələnmiş mətbəx, mətbəxin sol tərəfində üzəri qırmızımtıl rəngli dəmir şiferlə örtülmüş dam, damın sağ tərəfindən isə üzəri ağ rəngli dəmir şiferlə örtülmüş kababxana vardır. Bundan əlavə restoranda 7 ədəd besetka vardır. Bundan sonra həmin Şəmkir çayı üzərindəki daş körpünü keçib sağa dönməklə hadisənin baş verdiyi besetkaya gedildi. Besetkaya qalxmaq üçün həmin besetkaların üzərində yerləşdiyi, döşəməsi beton olan daş pilləkən nəzərdə tutulmuşdur. Həmin beton döşəmənin üzərində yan-yana olmaqla dörd ədəd besetka vardır ki, baxış iştirakçısı Təqsirləndirilən şəxs hadisənin baş verdiyi besetkanın soldan saydıqda dördüncü, sağdan saydıqda isə birinci besetkada baş verdiyini bildirdi. Besetkaların üzəri qırmızımtıl rəngli dəmir şiferlə örtülmüşdür. Hadisə olan besetkaya gedildikdə müəyyən edildi ki, besetkada uzunluğu 2.97 sm, eni 76 sm, hündürlüyü 78 sm masa vardır. Masanın üzərində örtük, ətrafında isə 8 ədəd stul vardır. Baxış iştirakçısı Təqsirləndirilən şəxs həmin masa ilə bağlı bildirdi ki, masa məhz 22 iyul 2023-cü il tarixdə baş vermiş hadisə zamanı besetkada olan masadır və masanın yerləşdiyi yerində heç bir dəyişiklik olmamışdır. Belə ki, masanın yuxarı tərəfi daş hasara tərəf, aşağı hissəsi isə çaya tərəf istiqamətlənmişdir. Besetkanın yerləşdiyi beton döşəmənin hündürlüyü 1 metrdir. Besetkanın işığı tavandadır və besetkaya giriş istiqamətində, yəni girişdən soldakı sütunda bir ədəd elektrik yuvası və bir ədəd tavandakı işığı yandırmaq üçün düymə vardır. Besetkadan sonrakı beton yer 1.63x3.3 metr uzunluğundadır. Hadisə olan besetkadan digər qonşu besetkanın başlanğıcına 2.85 sm məsafə, besetkadakı masadan Şəmir çayı üzərindəki daş körpüyə 35 metr məsafə vardır. Həmçinin çayın o biri üzünə keçdikdə körpünün başlanğıcından kafenin mətbəxinə məsafə 32 metrdir. Baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında 28 noyabr 2023cü il tarixli protokoldan görünür ki, keçirilmiş baxışla işi üzrə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-**, Şahid5 istifadəsində olan ***-***-**-**, Şahid1 istifadəsində olan ***-***-**-** və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrin hadisə baş verdiyi vaxt Gədəbəy rayonu ərazisində quraşdırılmış antena əhatə dairələrində qeydə alınması müəyyən edilmişdir. Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında 11 dekabr 2023cü il tarixli protokoldan görünür ki, keçirilmiş baxışla iş üzrə Şahid2 istifadəsində olan ***- ***-**-** və Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrin hadisənin baş verdiyi vaxt Gədəbəy rayonu ərazisində quraşdırılmış antena əhatə dairələrində qeydə alınması müəyyən edilmişdir. Məhkəmə tibbi ekspertizasının 07 avqust 2023-cü il tarixli, 361 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər başın küt travması, başın ənsə nahiyyəsinin dərialtı şişkinliyi ilə müşaiyət olunan parenximal, subduralepidural və subarexnoidal hematomalar, sağ gicgah sümüyünün və ənsə sümüyünün yer dəyişməyən sınıqları küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 22 iyul 2023-cü ilə uyğun gəlir. Qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin onun başına şüşə butulka ilə vurulması nəticəsində yetirilə bilməsi inkar olunmur. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, yerləşmə nahiyyələrinə əsasən demək olar ki, həmin xəsarətləri onun özüözünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilməmişdir. Kompleks məhkəmə tibbi və məhkəmə tibbi kriminalistik ekspertizasının 04 sentyabr 2023-cü il tarixli, T 654/2023 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, sağ gicgah və ənsə sümüyünün xətti sınığı, sağ parenximal, subepidural və subaraxnoidal, sol alın-gicgah nahiyəsində subdural hematoma, ənsə nahiyəsində yumşaq toxumaların əziyi olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın, ola bilsin ki, araq şüşəsi ilə bilavasitə yetirilən bir zərbə nəticəsində yarana bilərdi, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 22 iyul 2023-cü ilə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Tibbi sənədlərdə qeyd edilən ənsə nahiyəsində yumşaq toxumaların əziyi Zərərçəkmiş şəxs sürətlənmiş yıxılma zamanı, yəni yetirilmiş zərbədən sonra ənsə nahiyəsinin yer örtüyünə dəyməsi nəticəsində yarana bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onların vətəndaş Təqsirləndirilən şəxs göstərdiyi şəraitdə deyil, zərərçəkmiş Zərərçəkmiş şəxs göstərdiyi şəraitdə yaranmasına uyğun gəlir. Belə ki, şüşənin istiqamətləndirilərək Zərərçəkmiş şəxs baş nahiyəsinə dəyməsindən gicgah və ənsə sümüklərinin sınığı istər xəsarət yetirilən tərəfdə, istərsə də əks tərəfdə (əks zərbə) belə massiv xəsarətlər yarana bilməzdi. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onların Zərərçəkmiş şəxs istər stulda oturmuş, istərsə də ayaq üstü vəziyyətdə yetirilə bilməsini inkar etmir. Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 19 oktyabr 2023-cü il tarixli, 670 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdə cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdə cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Hazırda Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik keçirmir. O, öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizin əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. O, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyilli deyildir. Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdə cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur. Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdə cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdə cinayət əməlini törədərkən keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs 22 iyul 2023-cü il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs fərdi-xüsusiyyətlərini nəzərə alaraq o, cinayət hadisəsinin baş verdiyi şəraiti (iş üçün əhəmiyyətli halları) düzgün qavraya bilmişdir. Təqsirləndirilən şəxs sensor-perseptiv proseslərinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq, o, iş üçün əhəmiyyətli hallan düzgün qavraya bilər. Gədəbəy rayon polis şöbəsindən daxil olmuş 16 fevral 2024-cü il tarixli, 3-13-74/2- 4217/2024 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs, Şahid5, Şahid1 Şəmkir rayonu, Kür qəsəbə sakinləri olmaqla 22 iyul 2023-cü il tarixdə, səhər saatlarında istirahət etmək məqsədilə Gədəbəy rayonu, Qalakənd kəndi ərazisində yerləşən rayonun Plankənd kənd sakinləri Təqsirləndirilən şəxs anası Şahid8 ilə birlikdə işlətdiyi “Qızıl Balıq” adlı restorana gələrək orada icarəyə yer götürüb istirahət etməyə başlamışlar. Həmin tarixdə təxminən saat 19 radələrində onların dəvəti ilə qohumları Şahid2, onun qardaşı Şahid3 və tanışı X5 da olduğu yerə, yəni restorana gəlmişlər. Onlar icarəyə götürdükləri yerdə spirtli içki olan araq qəbul edib özləri hazırladıqları yeməklərdən yemişlər. Zərərçəkmiş şəxs yeməkləri az olduğundan həmin restoranda ofisiant işləyən Təqsirləndirilən şəxs oğlu Pusat Qarayevi yanına çağıraraq onlara beçə bişirtdirməsini istəmişdir. Bir qədər sonra Pusat Qarayev geri qayıdaraq aşpazın mal-qaralarını dama salmaq üçün getdiyini, qayıtdıqdan sonra sifariş etdikləri beçəni hazırladıb gətirəcəyinə demiş və çıxıb getmişdir. X20 sifariş barədə nə nənəsi Şahid8, nədə atası Təqsirləndirilən şəxs deməmiş və restoranı tərk edib getmişdir. Təxminən saat 20 radələrində Zərərçəkmiş şəxs Şahid3lə birlikdə telefonla danışmaq üçün avtomobilinin olduğu yerə getmiş, telefonla danışıb qurtardıqdan sonra sifariş etdikləri yeməyin hazır olub-olmamasını öyrənmək üçün restoranın həyətindəki mətbəxə daxil olmuşlar. Zərərçəkmiş şəxs həmin vaxt orada olan Təqsirləndirilən şəxs sifariş verdiyi beçənin hazır olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs isə verilmiş sifarişdən xəbərsiz olduğu üçün ona beçələrinin olmadığını, bunun əvəzində onlara balıq bişirərək verməsini təklif etmişdir. Zərərçəkmiş şəxs balığın qiymətinin baha olmasını dedikdə Təqsirləndirilən şəxs balığın qiymətini soruşmadan baha olmasını deyən Zərərçəkmiş şəxs onunla məzələnməsi kimi başa düşmüş və bu səbəbdən orada aralarında mübahisə yaranmışdır. Həmin vaxt həm Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs sərxoş olmuşlar. Bu zaman orada olan Şahid8 onları sakitləşdirərək Zərərçəkmiş şəxs və Şahid3 mətbəxdən çölə çıxarmışdır. Bundan sonra Təqsirləndirilən şəxs də mətbəxdən çölə çıxmış və Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlətməsini eşitmişdir. Saat 21 radələrində Təqsirləndirilən şəxs özü tək Zərərçəkmiş şəxs və digər qonaqların olduğu besetkaya gedərək onlara restoranı bağlamaq istədiyini, bu səbəbdən restoranı tərk etmələrini tələb etmişdir. Həmçinin söhbət zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onunla məzələnməsinin səbəbini soruşmaqla yanaşı, anasının yanında onu təhqir etməsi ilə bağlı ondan üzr istəməsini tələb etmişdir. Beləliklə həmin səbəbdən aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs masanın üzərində olan şüşə materialdan olan araq butulkasını əlinə götürüb, Zərərçəkmiş şəxs baş nahiyəsinə 1 dəfə zərbə endirərək hadisə yerindən qaçıb getmişdir. Masanın üzərində olan və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi araq butulkası “Banketnaya” markalı olmaqla 1 litr həcmində olmuşdur. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında mübahisə baş verərkən orada hadisə yerinə yaxınlıqda “Turş Su” ailəvi istirahət mərkəzində işləyən Şahid6 və Şahid7 olsalar da onların və ya digər şəxslərin hadisə yerinə Təqsirləndirilən şəxslə birlikdə getmələri, eləcə də həmin və digər şəxslərin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirilməsində hər hansı formada iştirak etmələri müəyyən edilməmişdir. Bundan başqa “Qızıl Balıq” adlanan restoranda Zərərçəkmiş şəxs, Şahid5, Şahid1, Şahid2, Şahid3 və X5 ilə birgə istirahət etmişlər, onlarla birgə başqa şəxsin orada istirahət etməsi müəyyən edilməmişdir. Baş vermiş hadisə zamanı istər Təqsirləndirilən şəxs, istərsə də digər şəxslər tərəfindən cəmiyyətə açıqca hörmətsilikdə ifadə olunan qərəzli hərəkətlərə yol verilməmiş və ictimai qayda pozulmamışdır. 23 iyul 2023-cü il tarixli, 482 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı yüngül dərəcəli sərxoş olmuşdur. Zərərçəkmiş şəxs rayon prokurorluğuna ünvanladığı notarial qaydada təsdiq edilmiş 02 oktyabr 2023-cü il tarixli, **********051 nömrəli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanı tam olaraq ödədiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Gədəbəy rayon İcra Hakimiyyəti başçısının Plankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 oktyabr 2023-cü il tarixli, 5-44/2-61/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2021-2025-ci illəri əhatə edən 04 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 42-ci səhifəsinə, 271 nömrəli şəxsi hesaba əsasən qeyd edilmişdir, ailə tərkibi: arvadı xx.xx.1988-ci il təvəllüdlü X1, qızı xx.xx.2007-ci il təvəllüdlü X3, oğlu xx.xx.2008-ci il təvəllüdlü X9 və anası xx.xx.1961-ci il təvəllüdlü Şahid8 ibarətdir. Həmin məktuba əlavə edilmiş 16 oktyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, xx xxxxxx 1981 - ci il təvəllüdlü Plankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydiyyatda olan Təqsirləndirilən şəxs kənddə yaşadığı müddətdə öz nümunəvi davranışı ilə kənd sakinlərinin dərin hörmətini qazanmışdır. O, özündən böyük və kiçiklərə həmişə diqqət və qayğı göstərmişdir. Təqsirləndirilən şəxs öz işgüzarlığı və çalışqanlığı ilə fərqlənmiş, həmyaşıdlarına nümunə olmuşdur. İctimai işlərdə həmişə fəal iştirak etmişdir. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir təqsirləndirici material daxil olmamışdır. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanı tam olaraq ödədiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkəti protokollarını və sənədləri Azərbaycan Respublikasının CPM-nin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində ona dəymiş ziyanın könüllü olaraq tam ödəməsi Azərbaycan Respublikasının CM-nin 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olması cəzasını yüngülləşdirilən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsində tərtib edilmiş 09 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Qarayev X6 rayon məhkəməsinin 28 noyabr 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaktədə) 207-ci maddəsinin 2-ci hissəsinə əsasən 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Milli Məclisin 10 dekabr 1999-cu il tarixli “Amnistiya” qərarına əsasən cəzadan azad edilmişdir. Həmin müddət başa çatdığından məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvələr məhkum olunması heç bir hüquqi nəticə yaratmır. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş maddi ziyanı tam ödəmiş, zərərçəkmiş şəxslə barışaraq onunla razılıq əldə etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.12, 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz, başqa sozlə Təqsirləndirilən şəxs cəza təyin olunarkən CM-nin 60-cı maddəsi tətbiq edilməklə təyin ediləcək cəzanın müddəti və ya həcmi onun təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasının yuxarı həddinin 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında CM-in maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni onun şəxsiyyətini cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan mənrumetmə cəzasının əvvəli onun tutulduğu 29 sentyabr 2023-cü il tarixdən hesablanmalı, 07 noyabr 2025-ci il tarixdən 29 sentyabr 2023-cü il tarixə kimi həbsdə oduğu müddətlə əvəz edilməklə cəzasını çəkmiş hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustağlı» qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona CM-nin 62-ci maddəsi tətbiq edilməklə CM-nin 126.1-ci maddəsi ilə, 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Ona təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası onun 29 sentyabr 2023-cü il tarixdən 07 noyabr 2025-ci tarixə kimi həbsdə olduğu müddətlə əvəz edilməklə cəzasını çəkmiş hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustağlı» qətimkan tədbiri ləğv edilsin və barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirimədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza, maddi sübut və mülki iddia yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-174/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-174/2025
07.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver