Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-177/2021 29.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X13 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X6 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafıəçilər – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri X7, X15 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1976-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himəyəsində 3 övladı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə külli miqdarda psixotrop maddə olan metamfetamini və külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq, saxlamışdır. Belə ki, o, məlum olmayan vaxt və mənbədən satış məqsədi və tamah niyyəti ilə külli miqdar hesab edilən ayrı-ayrılıqda təmiz çəkiləri 4,602 qram, 2,823 qram, 1,838 qram, ümumi çəkisi 9,263 qram narkotik vasitə olan heroini və külli miqdar hesab edilən 4,556 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Gəncə şəhəri ərazisində daşıyarkən 03 dekabr 2020-ci il tarixdə saat 17:50 radələrində Gəncə şəhəri, Azərbaycan küçəsində yerləşən dairənin yaxınlığında Gəncə şəhər Baş Polis İdarəsinin X2 əməkdaşları tərəfindən saxlanılıb ünvan 2 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinə gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxladığı külli miqdar hesab edilən lakin ayrı-ayrılıqda təmiz çəkiləri 4,602 qram, 2,823 qram, 1,838 qram, ümumi çəkisi 9,263 qram narkotik vasitə olan heroin və külli miqdar hesab edilən 4,556 qram çəkidə psixotrop maddə olan metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Hadisədən 2-3 gün öncə müştərisi Aləmzər adlı xanım onun mobil telefonuna zəng edərək onu 03 dekabr 2020-ci il tarixdə Bakı şəhərinə aparmağınıı istəmişdir. 03 dekabr 2020-ci il tarixdə o, Aləmzəri Bakıya aparmaq üçün onun yaşadığı ünvana getmişdir. Həmin vaxt onun avtomobilində Bahar adlı müştəri olmuşdur. Aləmzər onunla tez-tez Bakıya getdiyindən sonuncu onun ünvanını tanımışdır. O, Aləmzərin yaşadığı evə çatanda sonuncu onu mənzilinə dəvət etmişdir. Həmin vaxt Aləmzərin evində özü, atası, və bir nəfər tanımadığı oğlan olmuşdur. O, Aləmzərin mənzilinə daxil olandan 2-3 dəqiqə sonra mülki geyimli 3 nəfər şəxs mənzilə daxil olmuşlar. Onlar öncə özlərini qaz idarəsinin işçisi kimi təqdim etmişlər. Həmin şəxslər mənzilə daxil olan kimi onun qolunu burub tutmuşlar. Həmin vaxt Aləmzər onlara “onu buraxın, mənim qardaşımdır” demiş, lakin onlar sonuncunu buraxmamışlar. Daha sonra sonradan adının Comərd olduğunu bildiyi şəxs masanın altından 02 büküm çıxarmış və polislər Aləmzərlə onu bölməyə aparmışlar. X8 üzərinə baxış keçirmişlər. Baxış keçirən zaman onlar onun xəbəri olmadan sonuncunun cibinə narkotik qoyub sonuncunun üzərindən çıxdığını demişlər. Bu zaman o, həmin narkotik vasitələrin ona məxsus olmamasını demişdir. Həmin vaxt Aləmzər “bunun günahı yoxdur” deyə qışqırmışdır. Bundan sonra polislər ona təzyiq və işgəncə edib qorxutmuş və ona CM-nin 234.1-ci maddəsi ilə ittiham verəcəklərini və onu buraxacaqlarını demişlər. O da qorxduğundan onlarla razılaşıb həmin narkotik maddələrin ona aid olmasını boynuna almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin Gəncə şəhər BPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 03 dekabr 2020-ci il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 8, mənzil 49-da yaşayan Təqsirləndirilən şəxs mütəmmadi olaraq narkotik vasitə qəbul etməsi, əldə edib üzərində gəzdirməsi və avtomobilində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması ilə əlaqədar təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 03 dekabr 2020-ci il tarixdə saat 17:50-də Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsində yerləşən dairənin yaxınlığında saxlamış və qanunsuz olaraq narkotik vasitə saxladığına görə üzərinə baxış keçirilməsi məqsədilə Gəncə şəhər BPİ-nə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə müdafiəçi Yusif Hüseynovun iştirakı ilə baxış kiçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd ağ və şəffaf rəngli selofan parçalara bükülmüş 4 ədəd bükülü aşkar edilərək götürülmüşdür. Bükülülər açılmış, üç ədəd bükülünün içərisində qəhvəyi rəngdə, kəskin iyili, ilk görünüşdən narkotik vasitə olan heroinə oxşar kütlə, bir bükülünün içərisində isə ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri 02.12.2020-ci il tarixdə Bakı şəhərində olan zaman Bakı şəhərində Beynəlxalq avtovağzalda tanımadığı şəxsdən hamısını birlikdə 200 manata aldığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Baxış zamanı aşkar edilmiş 3 ədəd bükülüdə olan narkotik vasitə heroin və bir ədəd büküldə olan metamfetamin müdafiəçinin və digər iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş, metamfetaminin çəkisi 5,12 qram, heroinin çəkiləri isə ayrı-ayrılıqda 4,85 qram, 02 qram və 2,97 qram olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlələr iştirakçıların və müdafiəçinin iştirakı ilə qablaşdırılmış, imzalarla təsdiq edilmişdir. Baxış zamanı video və fotoşəkillər çəkilib protokola əlavə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı **-AA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində narkotik vasitə saxlayıb-saxlamadığı soruşulmuş, o, ilk öncə avtomobilində narkotik vasitə olmadığını, daha sonra üzərində olan narkotik vasitələrdən hansınınsa avtomobilinə düşə biləcəyi ehtimalını fikirləşib avtomobilində narkotik vasitə ola biləcəyini bildirmişdir. Ona görə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilinə baxış keçirilməsi təklif olunmuş, Təqsirləndirilən şəxs etiraz etməmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə avtomobilinə baxış keçirilmiş, baxış zamanı idarə etdiyi avtomobildən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Həmin vaxt video çəkiliş aparılmış və protokol tərtib edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X11 və Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, əməliyyat olunmaq üçün Bakı şəhərinə getmək üçün tanışı taksi sürücüsü kimi fəaliyyət göstərən Nizamiyə zəng vurmuşdur. Nizami onun yaşadığı ünvana gəlmiş və o, yüklərinin çox olması ilə əlaqədar sonuncunu evinə dəvət etmişdir. Həmin vaxt evdə onun atası, özü və ailəvi dostu olan Vüqar adlı şəxs olmuşdur. Nizami onun yaşadığı evə daxil olduqdan sonra o, sonuncuya çay vermiş və bu zaman 3 nəfər mülki geyimdə şəxs özlərini qaz idarəsinin işçisi kimi təqdim edərək evə daxil olmuşlar. Onlardan bir nəfər evə daxil olan kimi Nizamiyə yaxınlaşıb “Nizami sənsən” deyə soruşmuş, Nizami də “mənəm” deyə ona cavab vermişdir. Nizami özünü təqdim edən kimi həmin şəxslər dərhal Nizamini tutmuşlar. Həmin vaxt o, polislərə Nizaminin qardaşı olduğunu bildirmişdir. Sonra həmin şəxslər Nizaminin üzərinə baxış keçirməyə başlamış, polislərdən bir nəfər sonradan adının Comərd olduğunu bildiyi şəxs öz üzərindən narkotik vasitə çıxarıb masanın altına atmış və oradan götürüb Nizaminin olduğunu bildirmişdir. Bu zaman o, narkotik vasitənin Nizaminin olmadığını demişdir. Həmin vaxt Comərd ona “sən də bölməyə getməlisən”demişdir. Bundan sonra polislər onu, Nizamini və Vüqarı polis bölməsinə aparmışlar. Onlar polis bölməsində olarkən Comərd, Rəşad və Yusif adlı polis əməkdaşları onları buraxılmaqları üçün onlardan 8000 manat pul istəmişlər. Həmin vaxt Nizami pulunun olmadığını bildirmişdir. Sonradan o, Nizaminin avtomobilini sataraq polislərə 5000 manat verdiyini, Comərdgilin də Nizamiyə işin bağlandığını, məhkəmə olmayacağını bildirdiyini eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2020-ci ilin dekabr ayında qızı Aləmzər, onun ərinin dostu Vüqar və Nizami adlı taksi sürücüsü onun yaşadığı evdə olduqları zaman qapı döyülmüş və o, qapını açmışdır. Həmin vaxt 3 nəfər mülki geyimli şəxslər onun sinəsindən itələyərək özlərini qaz idarəsinin işçisi kimi təqdim edib mənzilə daxil olmuşlar. Onlardan bir nəfər Nizamiyə yaxınlaşıb onun qolunu burmuş və evdən narkotik aşkar olunduğunu, həmin narkotik vasitənin Nizamiyə aid olduğunu demişdir. Bundan sonra həmin şəxslər ondan başqa evdə olan hər kəsi evdən çıxararaq bilmədiyi yerə aparmışlar. Axşam saatlarında qızı Aləmzər evə qayıtmışdır. Aləmzər ona evə daxil olan şəxslərin polis olduqlarını, onları axşama qədər polis bölməsində saxladıqlarını bildirmişdir. Həmin şəxslər evə basqın etməmişdən əvvəl Vüqar telefonla kiməsə zəng edərək ona benzin gətirməsini istəmişdir. Bundan 2-3 dəqiqə sonra isə həmin şəxslər onun yaşadığı evə basqın etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 03 dekabr 2020-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 4,602 qram, 2,823 qram, 1,838 qram, ümumi çəkisi 9,263 qram narkotik vasitə olan heroin və 4,556 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmənin aparılması video aparat vasitəsi ilə çəkilərək videolentə alınmış və fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 03 dekabr 2020-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı **-AA-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş və avtomobildən hər hansısa bir narkotik vasitə və ya sübut əhəmiyyətinə malik ola biləcək hər hansısa bir əşya aşkar edilib götürülməmişdir. Baxış və götürmənin aparılması video aparat vasitəsi ilə çəkilərək videolentə alınmış və protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 03 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinə gətirilərək üzərinə və avtomobilinə baxış keçirilməsi zamanı video çəkilişdən istifadə edildiyindən həmin video görüntünü əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 04 dekabr 2020-ci il tarixli, 16/784 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözləri olan kağız paketdəki, 1(bir) ədəd şəffaf sellofan bükümün içərisindəki, digər 1(bir) ədəd şəffaf sellofan bükümdə olan ağ rəngli sellofan bükümdə təmiz çəkisi 4,556 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Həmçinin tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 bükümdə kütlə” sözləri olan kağız paketdəki, 3(üç) ədəd sellofan bükümdə, ayrı ayrılıqda təmiz çəkiləri 2,823 qram, 1,838 qram, 4,602 qram ümumi təmiz çəkisi 9,263 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Qeyd olunanla yanaşı ekspertiza rəyindən görünür ki, Metamfetaminin təmiz çəkisi – 4,556 qram, tədqiqata sərf edildi-0,2qr, qalıq- 4,356 qr, eləcə də heroinin ümumi təmiz çəkisi-9,263 qr, tədqiqata sərf edildi- 0,6 qr (hər birindən 0,2 qr), qalıq-8,663 qr olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 16 fevral 2021-ci il tarixli, 123 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən və metamfetamindən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş istintaqəməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri daşıması, saxlaması, satması və üzərində gəzdirməsi əməliyyat yolu ilə müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 08 dekabr 2020-ci il tarixli 5(043)-108/2020 nömrəli qərarından görünür ki, Gəncə şəhər Baş Polis İdarəsindən daxil olmuş 03.12.2020-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” və “Baxış keçirmə və götürmə ” haqqında protokolların məhkəmə nəzarəti qaydasında yoxlanılmasından imtina edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş arayışdan görünür ki, onun məhkumluğu olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Kardioloji xəstəxanaın stasionar xəstənin tibbi kartasından ******* saylı çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əsasən diaqnoz: İ.20.0 ÜİX: Qeyri stabil stenokardiya. Aorta və tac damarlarının ateroklerozu doyulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xəsiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi onda aşkar edilən narkotik vasitənin polislər tərəfindən onun üzərinə qoyulması, narkotikin Aləmzərin evində masanın altından çıxması, polislərin ondan cinayət işinin bağlanması üçün 8000 manat pul istəməsi və onun polis əməkdaşlarına 5000 manat pul ödəməsi ilə bağlı ifadəsinə işin faktiki hallarına uyğun olmadığından həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə şahid X3 məhkəmə istintaqı zamanı narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olmaması, aşkar olunmuş narkotik vasitəni Comərd adlı polis əməkdaşı tərəfindən onun yaşadığı evdəki masanın altına atması barədə ifadəsinə də tənqidi yanaşaraq, həmin ifadəni onun təqsirləndirilən şəxslə ailəvi dostluq münasibətində olduğundan təqsirləndirilən şəxsi müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən satış məqsədi və tamah niyyəti ilə külli miqdar hesab edilən ayrı-ayrılıqda təmiz çəkiləri 4,602 qram, 2,823 qram, 1,838 qram, ümumi çəkisi 9,263 qram narkotik vasitə olan heroini və külli miqdar hesab edilən 4,556 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Gəncə şəhəri ərazisində daşıyarkən 03 dekabr 2020-ci il tarixdə saat 17:50 radələrində Gəncə şəhəri, Azərbaycan küçəsində yerləşən dairənin yaxınlığında Gəncə şəhər Baş Polis İdarəsinin X2 əməkdaşları tərəfindən saxlanılıb ünvan 2 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinə gətirilərək üzərinə baxış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxladığı külli miqdar hesab edilən lakin ayrı-ayrılıqda təmiz çəkiləri 4,602 qram, 2,823 qram, 1,838 qram, ümumi çəkisi 9,263 qram narkotik vasitə olan heroin və külli miqdar hesab edilən 4,556 qram çəkidə psixotrop maddə olan metamfetamin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmə məhkəmə iclasında tədqiq edilmiş ibtidai istintaqı zamanı təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, ekspertiza rəyləri, baxış və götürmə protokolları, şahid ifadələri, digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdardan dəfələrlə artıq olması və eləcə də iki növdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 4,602 qram, 2,823 qram, 1,838 qram, ümumi çəkisi 9,263 qram narkotik vasitə olan heroin və külli miqdar hesab edilən 4,556 qram çəkidə psixotrop maddə olan metamfetamin vasitələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnın 59.1-ci maddəsinə əsasən az yaşlı övladının olması və CM-nin 59.2-ci maddəsinə əsasən qeyri-stabil stenokardiya, Aorta və tac damarlarının ateroklerozu xəstəliyindən əziyyət cəkməsi cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzanın başlanğıcı hökm çıxarılan gündən, yəni 29 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 03 dekabr 2020-ci il tarixdə şüphəli şəxs qismində tutulmuş, 05 dekabr 2020-ci il tarixdə isə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Gəncə şəhəri BPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 03 dekabr 2020-ci il tarixdən 05 dekabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş maddi sübutlar hesab edilən heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 8,663 qram narkotik vasitə və metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 4,356 qram psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X15 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil 30 (otuz) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabatlara əsasən, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X9 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 03 dekabr 2020-ci il tarixdən 05 dekabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 05(beş) il, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 29 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş maddi sübutlar hesab edilən heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 8,663 qram narkotik vasitə və metafetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 4,356 qram psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30,40 manat Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X15 həyata keçirdiyindən 180 (yüz səksən) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-177/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-177/2021
29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver