Məhkəmə qərarları › İş №1(100)-180/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-180/2021

14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-180/2021 14.06.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9, müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Qazax rayon Məhkəməsinin 03.10.2018-ci il tarixli hökmü ilə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, avtomobil təmirçisi kimi işləmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 13 noyabr 2020-ci il tarixdə qonşuluğunda yaşayan X2 çağırışı əsasında sonuncunun evinə gedərək orada olan paltaryuyan maşını təmir etdikdən sonra Qəhrəman Şahquliyevin zəhmət haqqı kimi ona verməli olduğu 12 manat məbləğində pulu vermədiyindən 20 noyabr 2020-ci il tarixdə saat 19 radələrində istifadəsində olan mobil nömrədən Qəhrəman Şahquliyevin istifadəsində olan mobil nömrəyə zəng edib sonuncudan 12 manat məbləğində pulu verməsini istəmiş, həmin vaxt yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Qəhrəman Şahquliyevin əvvəlcə telefonda onun ünvanına nalayiq ifadələr işlətməsi, daha sonra isə həmin günü saat 19:05-də Qazax şəhəri Azadlıq küçəsində yaşayış olmayan 24 nömrəli evin qarşısında onunla görüşərək onu və ailə üzvlərini təkrarən təhqir etməsindən və yumruqla qulaq nahiyəsinə vurmasından əsəbləşərək qisas almaq niyyəti ilə X5 öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək üçün gödəkçəsinin sağ cibində saxladığı soyuq silah hesab edilməyən mətbəx bıçağını çıxarıb Qəhrəman Şahquliyevin gödəkçəsinin yaxasından tutaraq aşağıya doğru əyməklə sinə nahiyəsinə aşağıdan yuxarıya doğru qəsdən bir dəfə zərbə endirməklə sonuncuya sol döş qəfəsinin 7-8-ci qabırğa arası nahiyənin, ürəyin zirvəsinin və sol ağciyərin aşağı payının zədələnməsindən törənən daxili qanitirmə ilə müşayiət olunmaqla ölümünə səbəb olan, yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə Qəhrəman Şahquliyevi qəsdən öldürmüş, yəni qəsdən onu həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, avtomobil elektriki kimi avtomobillərin təmiri ilə məşğul olmuşdur. Əvvəllər bir neçə dəfə oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuş, narkotik vasitələrdən istifadə etdiyi üçün isə inzibati qaydada həbs cəzası almışdır. 2011-ci ildə Qazax rayon sakini Vəfa İlyasova ilə ailə qurmuş, həmin nikahdan 7 yaşında Elgün adlı oğlu vardır. 2017-ci ildə ailədaxili problemlərə görə arvadından ayrılmış, azyaşlı oğlu anasının himayəsində yaşamışdır. “Gündoğdu” ləqəbli X8 qonşusudur, evləri üzbəüz yerləşir. Onu isə Qazax rayonuda “Çapay” kimi tanıyırlar. Qəhrəmanla münasibətləri normal olmuş, ədavət və düşmənçiliyi olmamışdır. Hadisədən təxminən 10 gün əvvəl Qəhrəmanla məhəllədə dayanıb söhbət edən zaman ona kirayə verdikləri evdə paltaryuyan maşının açarı işləmədiyindən ona baxmağı xahiş etmiş, onunla birlikdə Qəhrəmangilin evinin sağ tərəfində yerləşən kirayə verdikləri həyətə keçmiş, giriş zalda köhnə marka ağ rəngli paltaryuyan maşını ona göstərmişdir. Maşının elektrik kabelini cərəyana taxaraq açarını fırlatdıqda işləmədiyini görmüşdür. Onda həmin açardan olduğu üçün gedib gətirərək paltaryuyan maşına bağlamış və işləmişdir. Buna görə Qəhrəman ona 12 manat pul verəcəyini demişdir. Lakin bir neçə gün keçsə də, pulu verməmiş, həmin pulu noyabr ayının 20-də verəcəyini razılaşmışlar. 20 noyabr 2020-ci il tarixdə saat 18 radələrində məhəlləyə çıxmış, Qəhrəman onunla görüşərək bir neçə dəqiqədən sonra pulu verəcəyini deyib qonşuluqda yaşayan atasının bibisi oğlu Nadirgilə getmişdir. Hava soyuq olduğu üçün evə getmiş, bir neçə dəqiqə keçdikdən sonra küçəyə çıxmışdır. Özü ilə xurma götürüb meyvə bıçağı ilə soyub yemişdir. Küçədə gözləsə də, Qəhrəman gəlib çıxmamışdır. Həmin vaxt hava qaraldığından küçədə heç kim olmamışdır. O, istifadəsində olan mobil nömrədən Qəhrəmanın mobil nömrəsinə zəng edərək “nə oldu, gəlirsənmi?! 15-20 dəqiqəyə gələcəkdin” deyə soruşmuş, Qəhrəman isə ona “ikinci araq gəlib, oturmuşuq içirik” demişdir. Qəhrəmanın bu hərəkətinə görə “bayaqdan səni gözləyirəm” deyəndə, ona aqressiv şəkildə “gözləməlisən də, işinin adı nədi?!” bildirmişdir. O da cavabında Qəhrəmana “başından böyük qələt eləmə, ağıllı ol, deyəsən başın gedibdi” deyib telefonu söndürmüş, yaxınlıqda “Samur” marketə tərəf siqaret almağa getmişdir. Marketə çatmağına bir qədər qalmış Qəhrəman ona zəng edərək “ sözünü deyib adboy verirsən, imkan ver mən də sözümü deyim” demiş, aldatdığına görə Qəhrəmana iradını bildirəndə nalayiq sözlərlə onu təhqir etmişdir. Qəhrəmana söyüşünə cavab qaytaranda ondan harada olduğunu soruşmuş və gələcəyini bildirmişdir. O da məhəllədə olduğunu deyib geriyə qayıtmışdır. Qəhrəmanın Nadirgildən çıxaraq gəldiyini görmüşdür. Qonşusu Malikgilin evinin qabağında – yolda Qəhrəmanla qarşılaşmış, Qəhrəman ona nalayiq ifadələr işlədib aqressiv şəkildə “gözləməlisən də” deyəndə, ona “səni nə qədər gözləməliydim?” soruşmuşdur. Qəhrəman qəflətən sağ əli ilə onun sol qulağına yumruqla vuraraq yaxasından tutmuş, ona “bu nə hərəkətdi, edirsən?” deyəndə ikinci dəfə yumruqla qulağına zərbə endirmək istəmişdir. Bu hərəkətlərinə görə Qəhrəmanın yaxasından tutaraq aşağıya doğru əymiş vəziyyətdə meyvə doğramaq üçün gödəkçəsinin sağ cibinə qoyduğu bıçağı çıxarıb aşağıdan yuxarıya doğru bir dəfə sinəsinə vurmuşdur. Qəhrəmanın əli ondan boşalmış və aralanaraq nə üçün onu bıçaqla vurduğunu soruşmuşdur. O da “özün məcbur etdin” deyə bildirmişdir. Həmin vaxt Qoşqar Qəhrəmanın yanına çatmışdır. O, bıçağı cibinə qoyaraq “Samur” market istiqamətində aralanmışdır. Həmin vaxt Qəhrəmanın əmisi oğlu Nofəl onun yanına gəlib “ayıb deyil qonşusuz, dalaşırsız” deyib onu danlamışdır. O da heç nə deməmişdir. Nofəl sözünü bitirib Qəhrəmanın yanına tərəf getmişdir. O isə “Kərpic zavod” deyilən tərəfə ayrılan yola getmişdir. Sonradan o, qonşuluqda yaşayan məhəllə uşaqlarına zəng edərək Qəhrəmanın vəziyyəti barədə soruşmuşdur. X11 Mərkəzinə aparıldığını bildirmişlər. Qəhrəman xəstəxanada olduğu müddətdə daimi olaraq Natiq, Şahin, Arzu və digərləri ilə əlaqə saxlayaraq səhhəti ilə maraqlanmışdır. Sonradan atası ona zəng edərək harada olduğunu soruşduqda, polisə gedəcəyini demişdir. Bundan sonra Qazax şəhərində olan M.Ə.Sabir küçəsindən keçərkən sadə Nokia markalı mobil telefonunu əvvəlcədən tanıdığı Rasimin oğlu Rəhimə vermişdir. Daha sonra Qazax rayon polis şöbəsinə gedərək könüllü təslim olmuş, bıçağı isə Növbətçi hissəyə təhvil vermişdir. Şöbədə olan zaman Qəhrəmanın vurduğu bıçağın zərbəsindən öldüyünü öyrənmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Qəhrəmanı öldürmək niyyəti olmamış, bıçaqla sinə nahiyyəsinə vuran zaman Qəhrəmanı öldürəcəyini fikirləşməmiş, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, X16 qardaşıdır. Qəhrəmanı uşaq vaxtından “Gündoğdu” kimi çağırmışlar. “Çapay” kimi tanıdıqları Təqsirləndirilən şəxs atasıgillə üzbəüz qonşuluqda yaşamışdır. Çapay maşın ustası “elektrik” işləmişdir. 18 noyabr 2020-ci il tarixdə oğlu Aslanın dişini əməliyyat etdirmək üçün Bakı şəhərinə aparmışdır. Qızı ailəsi ilə birlikdə Bakı şəhərində yaşadığından 1 gün əlavə olaraq orada qalmalı olmuşdur. 20 noyabr 2020-ci il tarixdə saat 18.30 radələrində “Whatsapp” proqramı vasitəsilə qardaşı arvadı Sonaya zəng edərək onunla və anası ilə danışmşdır. Həmin vaxt qardaşı evdə olmamış, soruşanda qonşuluqda yaşayan atasının bacısı oğlu Nadirgildə olduğunu demişdir. Bir neçə dəqiqə sonra Sona onun mobil nömrəsinə zəng etmiş, telefonu söndürüb birinciyə yığmışdır. Həmin vaxt bir-birinə qarşılıqlı zəng etdiklərindən danışa bilməmişlər. 4-cü zəngdən sonra Sonanın zəngini götürmüş və telefonda qışqıraraq “Çapay Gündoğdunu vurub, mən çatanda gördüm qardaşın yerdə uzanıb, gözlərinin qarası gedibdi” deyib ağlamışdır. Bacısı Vüsaləyə zəng edərək “Sona zəng etmişdi, deyir Çapay Gündoğdunu vurub, ölür” deyib ata evinə getməyini tapşırmışdır. Bundan sonra digər bacılarına zəng edərək maraqlanmış, onlar qardaşının bıçaqla vurulduğunu desələr də, vəziyyəti barədə məlumatları olmamışdır. Saat 19.23-də qardaşının istifadəsində olan mobil nömrəsindən ona zəng gəlmiş, telefonu açanda əmisi oğlu Nofəl ona Qəhrəmanın vəziyyətinin yaxşı olmadığını və özünü çatdırmağını tapşırmışdır. O daha sonra qardaşının aldığı bıçaq xəsarətindən X18 Mərkəzində öldüyünü öyrənmişdir. Qazax şəhərinə gəldikdən sonra öyrənmişdir ki, qardaşı axşamüstü qonşuluqda yaşayan bibisi oğlu Nadirgilə getmiş, həmin vaxt əmisi uşaqları Nofəl və Şahin də orada olmuşdur. Lakin danışıqlardan konkret olaraq hadisənin nə səbəbdən baş verməsini dəqiqləşdirə bilməmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, qardaşının heç kimlə, o cümlədən Elvinlə mübahisə və münaqişəsi olmamış, Elvinin onların evlərində paltaryuyan maşını düzəltməsi barədə söz-söhbət eşitsə də, buna inanmadığını bildirmiş, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona ən ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onunla eyni küçədə yaşayan X8 atasının dayısı oğludur, onu “Gündoğdu” ləqəbi ilə çağırmışlar. Qonşuluqda yaşayan “Çapay” ləqəbli Təqsirləndirilən şəxs isə qohumu olmasa da, münasibətləri normaldır. 20 noyabr 2020-ci ildə saat 18 radələrində ali məktəbə hazırlıqdan çıxıb yaşadığı evə gələndə atası ilə Qəhrəmanın odun peçi olan otaqda oturub yemək yediklərini, araq içdiklərini görmüşdür. O da əllərini yuyub süfrəyə oturmuşdur. Qəhrəman yaxınlıqda yaşayan digər qohumu Nofələ zəng edərək onlara dəvət etmiş, bir neçə dəqiqədən sonra Nofəl gəlmişdir. Süfrə arxasında oturan zaman Qəhrəman bir neçə dəfə həyətə çıxaraq telefonla danışaraq qayıtmışdır. Bir qədər sonra Nofəlin qardaşı Şahin haradansa içkili onlara gəlmişdir. Qəhrəman növbəti dəfə həyətə çıxmış, o qapıya tərəf oturduğundan Qəhrəmanın kiminləsə telefonda mübahisə etdiyini eşitmişdir. O, həyətə çıxanda Qəhrəmanın telefonda danışdığı adama nalayiq sözlər demiş, həmin şəxs nəsə bildirəndə Qəhrəman “vapşe sən hardasan? Gəl görüşək” demişdir. Qəhrəmanın kiminləsə dalaşmağa getdiyini bilib yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. Həmin vaxt Qəhrəman ona “sənlik deyil, get evə” demişdir. O, əvvəlcə Qəhrəmanın arxasınca getməmiş, lakin sonra narahat olub küçəyə çıxmışdır. Qəhrəmanın “Göyçə” market istiqamətində getdiyini görmüşdür. Hava artıq qaralmış, Malikin evinin qarşısında nalayiq sözlər və tappıltı səsi eşitmişdir. O, çatanda Elvin Qəhrəmanın yaxasından kənara itələmiş, özü isə bir qədər aralanmışdır. O, Elvinin qarşısında dayanıb nə üçün dalaşdıqlarını soruşmuş, Qəhrəman isə Elvinə “kişisənsə, bıçağı at gəl bura” demişdir. Həmin vaxt başa düşmüşdür ki, Elvində bıçaq var. Həmin vaxt Nofəl də oraya gəlmiş, o “Kərpic zavod”a gedən yol tərəfdə dayanmış Elvinə yaxınlaşıb “ayıb deyil ə, dalaşırsız?” deyərək narazılığını bildirmişdir. Qəhrəman öskürərək aşağı əyilmiş, əli ilə sol tərəfini tutmuş, həmin hissədən qan axmışdır. Nofəl yanlarına gəlmiş, onun üstündə telefonu olmadığı üçün evlərinə qaçmışdır. Hadisə barədə atasına bildirib təcili yardım çağırmasını tapşırmış və Qəhrəmanın yanına qayıtmışdır. Bir neçə dəqiqə sonra təcili tibbi yardım avtomobili onların küçəsinə gəlmiş, Qəhrəmanı ambulansa mindirərək Diaqnostika mərkəzinə yola salmışdır. Sonradan Qəhrəmanın aldığı xəsarətdən xəstəxanada öldüyünü öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Əmralı oğlu ifadəsində göstərmişdir ki, 20 noyabr 2020-ci il tarixdə saat 11 radələrində Qəhrəman onlara gəlmişdir. Üzbəüz qonşuluqda yaşadıqlarından Qəhrəman gün ərzində bir neçə dəfə onlara gələrək, yaşadığı evin həyətində odun peçi ilə qızdırılan otaqda oturub çay içib söhbət etmişlər. Qəhrəman günortaya kimi onlarda oturmuş, sonra evlərinə getmişdir. Axşam saat 17-18 radələrində yaşadığı evdə yatan zaman Qəhrəman istifadəsində olan mobil nömrəsinə zəng edərək onlara gəlmək istədiyini demiş, razılaşdıqdan bir neçə dəqiqə sonra o qabda dolma, bir əlində isə bankanın dibində təxminən 200 qram tut arağı gətirmişdir. Arvadıgil süfrə hazırlamış, birlikdə əyləşmişlər. Həmin vaxt Qəhrəman dayısı oğlu Nofələ zəng edib onlara çağırmışdır. Nofəl də qonşuluqda yaşadığından 10 dəqiqə sonra qardaşı Şahinlə gəlmişdir. Birlikdə oturub hərəyə 50 qram araq içmişlər. Həmin vaxt oğlu Qoşqar da hazırlıqdan qayıtmışdır. Qəhrəmanın telefonuna zəng gəldiyindən həyətə çıxmışdır. Evdə oturan vaxt Qəhrəmanın çardağın altında gəzə-gəzə telefonla kiminləsə danışdığını görmüşdür. Qəhrəman telefon danışığını bitirib otağın qapısını açaraq 2 dəqiqəyə qayıdacağını demişdir. 2-3 dəqiqə sonra Nofəl stoldan duraraq həyətə çıxmışdır. Bir neçə dəqiqə sonra onların hara getdiklərini bilmək üçün arxalarınca həyətə çıxmışdır. Artıq qaranlıq düşdüyündən küçədə heç kimi görə bilməmişdir. Evin pilləkanında dayanıb siqaret yandırmış, həmin vaxt qonşusu Malikin evi tərəfdən Nofəlin qışqıraraq “kömək eləyin” dediyini eşitmişdir. Həmin istiqamətdən qaranlıqda iki nəfərin gəldiyini görmüş, yaxınlaşanda qonşusu Zülfüqar və xəstə qardaşı olduğunu görüb nə baş verdiyini soruşmuşdur. Zülfüqar ona “Gündoğdu yıxılıbdı orda, ailəsinə xəbər verin” deyəndə niyə kömək etmədiyini irad tutmuşdur. Daha sonra Qəhrəmanın anası Almazı çağıraraq bu barədə məlumat vermiş, sonuncu və Qəhrəmanın arvadı Sona ilə birlikdə 50-60 metr aralıda yerləşən Malikin evi tərəfə getmişlər. Həmin yerə çatanda Qəhrəman yerdə arxası üstə uzanığını, Nofəl və oğlu Qoşqarın orada olduğunu görmüşdür. Qəhrəmanın gözləri yarımaçıq vəziyyətdə olmuş, qucağına alaraq çağırsa da cavab verməmişdir. Nofəlgildən nə baş verdiyini soruşanda Elvinin Qəhrəmanı bıçaqla vurduğunu demişlər. Təxminən 15- 20 dəqiqə sonra təcili tibbi yardım maşını gəlmiş, Qəhrəmanı maşına qoyub Diaqnostika Mərkəzinə aparmışlar. Xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq Qəhrəman ölmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Elvin maşın elektriki olmaqla, əvvəllər sexdə işləsə də, sonradan evlərinin qarşısında maşın təmir etmişdir. X16 qonşusu olmuşdur, evləri üzbəüz yerləşir. Qəhrəmanı uşaq vaxtından “Gündoğdu” ləqəbi ilə çağırmışlar, Elvini isə hamı “Çapay” kimi tanımışdır, aralarında heç vaxt narazılıq və davadalaş olmamışdır. 20 noyabr 2020-ci il tarixdə səhər saatlarında işlədiyi Qazax meşəbəyliyinə işə getmişdir. Axşam saat 18 radələrində işdən çıxıb evə gələrkən Elvin evdə olmamışdır. Bir qədər keçmiş Elvin evə gəlib telefonun adapterini anasına vermişdir. Almaz Elvinə məhəllə uşaqlarından kiminsə evə gəlib onu soruşduğunu bildirmişdir. Elvin həyətə düşərək bir azdan gələcəyini demişdir. Saat 19 radələrində evdə olan zaman qardaşı Rasimin oğlu Rəhim xatırlamadığı nömrəsindən onun mobil nömrəsinə zəng edərək Çapayın Gündoğdu ilə dalaşdığını deyib, məhəlləyə çıxmasını demişdir. O, əynini geyinib küçəyə çıxmış, həmin vaxt evlərinin qarşısından təcili tibbi yardım maşını keçmişdir. Qonşusu Malikin evinin qarşısında ağlaşma səsi eşitmiş, orada olanlar maşına minərək təcili yardım maşının arxasınca getmişlər. Hava qaranlıq olduğundan orada kimlərin olmasını görə bilməmişdir. O Elvinin istifadəsində olan mobil nömrəsinə zəng edərək nə baş verdiyini soruşduqda, “Gündoğdu ilə sözümüz çəpləşdi, məni söydüyü üçün bıçaqla vurdum, gedirəm polisə” demişdir. Sonradan Gündoğdunun aldığı bıçaq zərbəsindən xəstəxanada öldüyünü öyrənmişdir. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Qazax rayon şöbəsi tərəfindən təqdim edilmiş “canlı şəxsin ekspertizası”na dair 21.11.2020-ci il tarixli 513 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Qazax rayon Şöbəsi tərəfindən təqdim edilmiş 20.11.2020-ci il tarixli 22 №-li meyitin ekspertizasına dair rəyindən görünür ki, X1 meyitində aşkar edilmiş xəsarət – sol döş qəfəsinin 7-8-ci qabırğa arası səviyyəsinin 2,3x0,5 sm ölçüdə, istiqaməti öndən arxaya, aşağıdan yuxarıya köndələn istiqamətdə yerləşmiş, daxilə nüfuz edən, ürəyin zirvəsinin və sol ağciyərin aşağı payının və daxili qanaxma ilə müşayiət olunan daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası vardır. Qeyd olunan xəsarətin kənarları hamardır. Sol döş qəfəsinin 7-8-ci qabırğa arası nahiyənin, ürəyin zirvəsinin və sol ağciyərin aşağı payının zədələnməsi və daxili qanitirmə ilə müşayət olunan kəsilmiş-deşilmiş yarası. Qeyd olunan xəsarət həyatidir, döş qəfəsində olan xəsarət mərhumun ölümündən az əvvəl kəsici-deşici alətlə yetirilmişdir və ağırlıq dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. X1 bədəni üzərində olan xəsarət hadisə zamanı onun əynində olmuş paltarlardakı zədələrlə üst-üstə düşür. X1 ölümünə səbəb ürəyin və ağciyərin zədələnməsindən törənən kəskin daxili qanitirmə nəticəsində əmələ gələn hemorragik şok olmuşdur. İlkin meyit əlamətlərinə görə söyləmək olar ki, X1 ölümü meyitin məhkəmə-tibbi müayinəsindən 2-3 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qanda qatılığı 0,6 %-dir. Narkotik maddə aşkar edilməmişdir. Qanda aşkar edilmiş spirtin qatılığı canlı şəxslərdə yüngül sərxoşluq kimi qiymətləndirilir. Yaranın lokalizasiyasına və yaranın istiqamətinə görə xəsarət yetirilən zaman zərərçəkmişlə xəsarət yetirən şəxs qarşı-qarşıya duruş vəziyyətində ola bilərdi. X1 meyitində aşkar olunmuş xəsarətlər kəsici-deşici alətlə yetirilmişdir. Həmin xəsarətlərin ekspertizaya təqdim olunmuş bıçaqla yetirilməsi halı inkar edilmir. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Qazax rayon Şöbəsi tərəfindən təqdim edilmiş 20.11.2020-ci il tarixli 22 №-li meyitin ekspertizasına dair rəyə 22A saylı əlavə rəyindən görünür ki, X2 meyitində aşkar edilmiş xəsarətlər məhkəmə tibbi ekspertizaya təqdim edilmiş bıçaqla yetirilə bilərdi. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi tərəfindən təqdim edilmiş maddi sübutların məhkəmə ekspertizasına dair 07 dekabr 2020-ci il tarixli 936/2020-MTBŞ nömrəli rəyindən görünür ki, X3 ABO sistemi üzrə qrup göstəricisi: O(İ) (şəxsiyyətini təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş Q.M.Şahquluyevə məxsus qısaqol köynək, idman şalvarı, qolsuz mayka, gödəkcə, Təqsirləndirilən şəxs məxsus sviterin ön səthində və 01 ədəd pambıq tampon üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. Belə olan halda bu qan ləkələri O alfa, beta (İ) qruplu bir şəxsə, o cümlədən də X6 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus sviterin üzərindəki digər ləkədə, ona məxsus cins şalvar və bıçağın tiyəsi üzərində qan, Təqsirləndirilən şəxs məxsus gödəkcə və bıçağın dəstəyi üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Dəqiq elmi əsəslandırılmış və təcrübədə tətbiq olunan müayinə metodları olmadığı üçün maddi sübutlar üzərindəki qan ləkələrinin əmələ gəlmə müddəti barədə fikir söyləmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonervoloji Dispanserindən təqdim edilmiş ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 22.01.2021-ci il tarixli, 37/09 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xıoniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. Şahid5 Elçin oğlunu səciyyələndirən əsas fərdi-psixi xüsusiyyətlər aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk edə bilmiş, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur, həmin cinayət əməlini törədərkən onun keçirdiyi emosional halın yaranma səbəbi zərərçəkmişlə münaqişəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 14.01.2020-ci il tarixli 6/2787 №li materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Qəhrəman Şahquluyevə məxsus olduğu qeyd edilən paltarlardan qara rəngli idman şalvarı üzərindən aşkar edilmiş göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən cins şalvarın tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən paltarlardan tünd boz rəngli dublyonkası üzərindən aşkar edilmiş qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Qəhrəman Şahquluyevə məxsus olduğu qeyd edilən gödəkcənin tərkib liflərinə uyğun gəlir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 14.01.2020-ci il tarixli 3/2100; 3/2101 №-li məhkəmə-ballistik və trasoloji ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağıdır və soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində “Qəhrəman Şahquluyev əynində olan....” yazıları olan bağlamadan aşkar edilmiş gödəkçənin, köynəyin, maykanın üzərində “Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan....” yazıları olan bağlamadan aşkar edilmiş gödəkçənin, şalvarın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Tədqiqata təqdim edilmiş üzərində “Qəhrəman Şahquliyev əynində olan....” yazıları olan bağlamdan aşkar edilmiş gödəkçənin səthində olan zədə, qısaqol köynəyin səthində olan “a” zədəsi, qolsuz maykanın səthində olan zədə kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və s.) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Lakin təqdim edilmiş gödəkçənin, köynəyin, maykanın səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Gödəkçənin, köynəyin, maykanın material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş üzərində “Qəhrəman Şahquluyev əynində olan....” yazıları olan bağlamadan aşkar edilmiş köynəyin səthində olan “b” və “c” zədələri, üzərində “Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan...” yazıları olan bağlamadan aşkar edilmiş gödəkçənin səthində olan zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-cırılma zədələridir. Üzərində “Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan....” yazıları olan bağlamadan aşkar edilmiş şalvarın səthində olan zədə isə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-qoparılma zədəsidir. Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından fiziki qüvvənin təsiri nəticəsində yaranan zədələrin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyil. Təqdim edilmiş üzərində “Qəhrəman Şahquluyev əynində olan....” yazı qeydləri olan bağlamadan aşkar edilmiş şalvarın, üzərində “Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan....” yazıları olan bağlamadan aşkar edilmiş sviterin səthində trasoloji zədə yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 06 fevral 2021-ci il tarixli 95 nömrəli ambulator məcburi narkoloji-tibbi yoxlamaya dair rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş 20 noyabr 2020-ci il tarixli «şəxsin könüllü gəlməsi və bıçağı təqdim etməsi barədə» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Qazax RPŞ-nin inzibati binasına yaxınlaşaraq özünü təqdim etmiş və əlindəki bıçağı könüllü verərək X7 həmin bıçaqla bir dəfə vuraraq xəsarət yetirdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş 20 noyabr 2020-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:25-də CM-in 120.1-ci maddəsilə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş Qazax rayon Məhkəməsinin 22 noyabr 2020-ci il tarixli “həbs qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin tutulduğu gündən, yəni 20 noyabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Qazax RİH Başçısının Qazax şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 04.02.2021-ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda atası Şahid5, anası Şahid6, qardaşı X19 və bacısı X20 ilə birlikdə yaşamışdır. İş materiallarına əlavə olunmuş Qazax RİH Başçısının Qazax şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək Qazax rayon məhkəməsinin 03.10.2018-ci il tarixli hökmü ilə 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 04.02.2020-ci il tarixli həmin məhkəmənin qərarı ilə təyin edilmiş cəza 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və 02.05.2020-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə olunmuş Qazax rayon məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli 1(023)-68/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Qazax rayon məhkəməsinin 04 fevral 2020-ci il tarixli 7(023)-1/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli 1(023)-68/2018 saylı hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi-05 beş ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İş materiallarına əlavə olunmuş Qazax rayon İcra və Probasiya şöbəsi tərəfindən təqdim edilmiş 11.02.2021-ci il tarixli 51 saylı məktubdan görünür ki, Qazax rayon məhkəməsinin 04.02.2020-ci il tarixli 7(023)-1/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Qazax rayon məhkəməsinin 03.10.2018-ci il tarixli 1(023)-68/2018 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi-05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 02.05.2020-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş və hazırda məhkumluğu ödənilməmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı Qərarının 21ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İbtidai araşdırma orqanının qənaətinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması CM-in 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmışdır. İş materiallarından görünür ki, Qazax rayon məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məhkəmənin 04 fevral 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Qazax rayon məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi-05 beş ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 02.05.2020-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Bundan başqa “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli Qərarının 5-ci bəndində göstərilmişdir ki, islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan CM-nin 49.3, 53.4-cü maddələrinə müvafiq olaraq həmin cəzaları məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs Qazax rayon məhkəməsinin 03 oktyabr 2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildikdən sonra həmin cəzanın çəkilməmiş qalan hissəsi azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildiyindən onun əməlində cinayətlərin residivi mövcud deyildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, CM-in 59.1.10-cu maddəsi şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsini nəzərdə tutur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayətlər hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 20 noyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə Qazax rayon prokurorluğunda saxlanılan maddi sübutlar - hadisə yerinə baxış zamanı torpaq üzərində tampon vasitəsilə götürülmüş qan nümunələri, cinayətin törədilməsində istifadə olunmuş dəstəyi qara rəngli 01 ədəd bıçaq məhv edilməli, zərərçəkmiş X3 hadisə vaxtı əynində olan qara rəngli cins gödəkçə, qara rəngli idman şalvarı və eyni rəngli mayka, ağ-qara-boz zolaqlı qısaqol idman köynəyi Q.Şahquluyevin yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarları boz rəngli “Dublyonka” gödəkçə, boz rəngli sviter və göy rəngli cins şalvar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 236,46 (iki yüz otuz altı manat qırx altı qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilməklə, narkolоji kabinetdə qeydiyyаtа аlınmаlıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 20 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Qazax rayon prokurorluğunda saxlanılan maddi sübutlar - hadisə yerinə baxış zamanı torpaq üzərində tampon vasitəsilə götürülmüş qan nümunələri, cinayətin törədilməsində istifadə olunmuş dəstəyi qara rəngli 01 ədəd bıçaq məhv edilsin, zərərçəkmiş X3 hadisə vaxtı əynində olan qara rəngli cins gödəkçə, qara rəngli idman şalvarı və eyni rəngli mayka, ağ-qara-boz zolaqlı qısaqol idman köynəyi Q.Şahquluyevin yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarları boz rəngli “Dublyonka” gödəkçə, boz rəngli sviter və göy rəngli cins şalvar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 236,46 (iki yüz otuz altı manat qırx altı qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilsin və o, narkolоji kabinetdə qeydiyyаtа аlınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar