Məhkəmə qərarları › İş №1(100)-181/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-181/2023

10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-181/2023 10.03.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Səfərov Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1986-cı ildə Bərdə şəhərində anadan оlmuş, Аzərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Səfərov Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Səfərov Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edərək saxlamışdır. Belə ki o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni təmiz çəkisi 2,799 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə qanunsuz əldə edərək üzərində saxlamış, 16 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində Bərdə RPŞnin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, H.Əliyev prospektində şübhəli şəxs qismində saxlanılaraq Bərdə RPŞ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara şalvarın sağ yan cibindən külli miqdarda, yəni 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,799 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Səfərov Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Səfərov Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini göstərmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Bərdə şəhəri, H. Əliyev prospektində Bərdə RPŞ-nin polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. Polis Şöbəsində onun üzərinə şəxsi axtarış keçirilərkən üzərindən aşkar edilmiş narkotik vasitə heroin ona məxsus olmamışdır. Onun saxlanılmasında və üzərində şəxsi axtarış keçirilməsində iştirak edən Bərdə RPŞ-nin İdris və Ağamir adlı polis əməkdaşları həmin narkotik vasitəni onun üzərinə qoymuşlar. Onu saxlayan həmin polis əməkdaşları ona fiziki təzyiq göstərmişlər, həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsinə məcbur etmişlər, etiraf etmədiyi təqdirdə isə onun yaşadığı evindən daha çox miqdarda narkotik vasitənin aşkar ediləcəyini bildirmişlər. Ona qarşı edilən fiziki təzyiqlərə dözməyərək məcbur olub həmin narkotik vasitə heroinin ona məxsus olduğunu etiraf etmişdir. İfadəsində göstərdiyi halları nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Səfərov Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs Səfərov Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə 16 sentyabr 2022-ci il tarixdə verdiyi izahatında, daha sonra 17 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində dindirilərkən, bundan sonra isə 18 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, Bərdə şəhərində anadan olmuş, hazırda anası ilə birlikdə Bərdə şəhəri, H.Əliyev prospekti, ev 16-da yaşamış, subaydır, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Təxminən bir ildir ki, “kokos” adlanan narkotik vasitə olan heroindən istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində yaşadığı ünvanın yaxınlığında H.Əliyev prospektində piyada gedən zaman yerdə 1 (bir) ədəd şəffaf sellofan bükümün olduğunu görmüşdür. Marağını cəlb etdiyi üçün həmin bükümü yerdən götürüb içərisinə baxmışdır. Narkotik vasitələrdən istifadə etdiyi üçün həmin bükümün içərisində olan narkotik vasitə heroini tanımış və həmin bükümü şəxsi istifadəsi üçün əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyub saxlamış, lakin istifadə etməmişdir. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Bərdə şəhəri, H. Əliyev prospektində “Gülüstan” şadlıq sarayının yaxınlığında Bərdə RPŞ-nin polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. Polis şöbəsinə gətirildikdən sonra onun şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilərək hüquqlаrının müdаfiə edilməsi məqsədi ilə Bərdə rayon Vəkil Bürosunun vəkili X12 dəvət olunaraq ona təqdim оlunmuşdur. O, hüquqlаrının həmin vəkil tərəfindən müdаfiə еdilməsinə еtirаzının оlmаdığını bildirmiş və müdafiəçi ilə ünsiyyət sахlаmаq üçün şərаit yаrаdılmışdır. Onun üzərində şəxsi axtarış və götürmə xx.xx.2022-ci il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq video çəkilişdən istifadə edilməklə onun üstünün və əynindəki paltarın yoxlanılacağı, üstündə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, buna etiraz etmədiyini, şəxsi axtarış keçirilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra şəxsi axtarışda iştirak edən şəxslər proses iştirakçılarına təqdim olunmuş və ondan etirazının olub-olmaması soruşulmuşdur. O, heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış həyata keçirilməzdən əvvəl ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. O, hüquqlarının aydın olduğunu bildirmişdir. Bundan sonra ona təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. O, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümü stolun üzərinə qoyaraq, bükümün içərisində “kokos” adlanan narkotik vasitə heroin olduğunu bildirmişdir. 1 (bir) ədəd sellofan bükümündə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, büküm proses iştirakçılarının iştirakı ilə müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş, o və digər iştirakçılar birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Onun üzərindən başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Tutularkən və üzərində şəxsi axtarış keçirilən zaman heç bir qanunsuzluğa məruz qalmamışdır. Özünü təqsirli bilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış və üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsindən ötrü saxlamışdır. Saxlanılarkən, həmçinin Polis Şöbəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya mənəvi təzyiqlər olmamışdır (iş vərəqə: cild İ, səh.35-36, 51-53, 69-71). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi təqsirləndirilən şəxs Səfərov Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı fərqli ifadələr verməsinin səbəbini həmin vaxt onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ona fiziki təzyiq etməsi ilə əlaqədar olduğunu bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 sentyabr 2022-ci il tarixdə ona Bərdə şəhəri, H.Əliyev prospekti, ev 16-da yaşayan Səfərov Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildikdən sonra, ondan, Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid3 və X1 baş inspektor-kriminalisti Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 13 radələrində Təqsirləndirilən şəxs Səfərov saxlanılaraq Bərdə RPŞ-nə gətirilmişdir. Polis şöbəsində müdafiəçi ilə təmin edilərək, Bərdə rayon X11 bölməsinin baş təhqiqatçısı Vüsal Bayramov tərəfindən hüquq və vəzifələri izah edilmiş, müdafiəçisinin, onun və həmin polis əməkdaşları- Şahid3, Şahid2 iştirakları ilə üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Səfərov Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Bundan sonra Səfərov Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Səfərov Təqsirləndirilən şəxs üzərində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan kəsiyi bükümündə olan bükümü stolun üzərinə qoyaraq narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra Səfərov Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bir ədəd sellofan kəsiyi bükümündə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, proses iştirakçılarının iştirakı ilə müvafiq qaydada zərfdə qablaşdırılaraq, möhürlənmişdir. Səfərov Təqsirləndirilən şəxs digər iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Şahid1 ifadəsinin davamında göstərmişdir ki, Təqsirləndirilən şəxs Səfərov saxlanılarkən onun tərəfindən və ya digər polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya digər təsir, təzyiq olmamışdır. Həmçinin onu da bildirir ki, Səfərov Təqsirləndirilən şəxs saxlanılmasında polis əməkdaşları- İdris Əhmədli və Ağamir Ağayev iştirak etməmişlər. Təqsirləndirilən şəxs Səfərovun saxlanılmasında və üzərində şəxsi axtarış keçirilməsində iştirak edən polis əməkdaşlarının həmin narkotik vasitəni onun üzərinə qoymalarını, polis əməkdaşlarının ona fiziki təzyiq göstərmələri və həmin narkotik vasitənin ona məxsus olduğuna etiraf etməsinə məcbur edildiyinə, etiraf etmədiyi təqdirdə isə onun yaşadığı evindən daha çox miqdarda narkotik vasitənin aşkar ediləcəyini güya polis əməkdaşlarının ona bildirmələrinə dair Təqsirləndirilən şəxs Səfərovun ifadəsində həmin göstərdikləri tamamilə yalan və uydurmadır. Təqsirləndirilən şəxs Səfərov kənd sakini olaraq onu, Bərdə RPŞ-nin digər polis əməkdaşlarını, həmçinin İdris Əhmədlini və Ağamir Ağayevi tanımış və onların Təqsirləndirilən şəxs Səfərovla kənd sakini kimi normal münasibətləri olmuşdur. Nə onun, nə də həmin digər polis əməkdaşlarının Təqsirləndirilən şəxs Səfərovla hər hansı qərəzli münasibətləri, ədavətləri olmamış və Təqsirləndirilən şəxs Səfərovun saxlanılıb Polis Şöbəsinə gətirilməsində, üzərinə şəxsi axtarış keçirilməsində təqsirləndirilən şəxsə qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmiş, heç bir təsir, təzyiq göstərilməmişdir. Keçirilən prosessual və istintaq hərəkətləri zamanı isə müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə təmin edilmişdir. Hesab edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Səfərov cinayət məsuliyyətindən azad olunmaq üçün bu cür ifadə vermişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Səfərov onun oğludur. Onun Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsindən xəbəri olmamışdır. 16 sentyabr 2022-ci il tarixdə Bərdə RPŞ-dən oğlu Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz üzərində saxlaması səbəbilə tutulması barədə məlumat vermişlər. O, həmin gün bilmişdir ki, oğlu Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etdiyindən tutulmuşdur. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin iyul ayından Bərdə rayon X5 Mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. O, Səfərov Təqsirləndirilən şəxs işlədiyi ərazi üzrə kənd sakini kimi tanımışdır. O, təqsirləndirilən şəxs Səfərov Təqsirləndirilən şəxs barəsində olan hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Səfərovun saxlanılmasında hər hansı şəkildə iştirak etməmiş, həmçinin Təqsirləndirilən şəxs Səfərovun üzərinə şəxsi axtarış keçirilərkən də onun iştirakı olmamışdır. Təqsirləndirilən şəxs Səfərovun ifadəsində güya sonuncunun üzərinə onun tərəfindən hər hansı narkotik vasitənin qoyulması, onun tərəfindən fiziki və digər təzyiqlər göstərilməsi, Təqsirləndirilən şəxs Səfərovun üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğuna etiraf etməsinə məcbur edilməsinə dair həmin göstərdikləri tamamilə yalan, həqiqətə uyğun olmayan və özünün uydurduğu heç bir reallığı əks etdirməyən məlumatlardır. Təqsirləndirilən şəxs Səfərovla kənd sakini olaraq normal münasibətləri olmuş və heç bir ədavəti olmamışdır. Təqsirləndirilən şəxs Səfərovun bu cür ifadələr verməsinin səbəbini bilmir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, əvvəllər Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləmiş, hal-hazırda isə Yevlax stansiyasında X16 X4 baş inspektoru vəzifəsində işləyir. O, əvvəllər Bərdə rayon Polis Şöbəsində işlədiyi ərəfədə Səfərov Təqsirləndirilən şəxs ərazi üzrə kənd sakini kimi tanımışdır. Təqsirləndirilən şəxs Səfərovla kənd sakini olaraq normal münasibətləri olmuş, heç bir ədavəti və qərəzli münasibəti olmamışdır. O, təqsirləndirilən şəxs Səfərov Təqsirləndirilən şəxs barəsində olan hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Səfərovun saxlanılmasında və ya üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməmişdir. Onun tərəfindən Təqsirləndirilən şəxs Səfərovun üzərinə hər hansı narkotik vasitənin qoyulması və ya sonuncuya fiziki və digər təzyiqlər göstərilməsi, həmçinin Təqsirləndirilən şəxs Səfərovun üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğuna etiraf etməsinə məcbur edilməsi kimi hərəkətlərə qətiyyən yol verilməmişdir. Təqsirləndirilən şəxs Səfərovun həmin göstərdikləri tamamilə yalandır. Onun bütün kənd sakinləri kimi Təqsirləndirilən şəxs Səfərovla da münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs Səfərovun bu cür ifadələr verməsinin səbəbini bilmir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 16 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol”dan, həmçinin 17 sentyabr 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Səfərov Təqsirləndirilən şəxs üzərinə 16 sentyabr 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1, Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid3, X1 baş inspektor-kriminalisti Şahid2 iştirakı ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs Səfərov əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə ümumi çəkisi 3,05 qram narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş və həmin kütlə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.30-33, 54). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 17 sentyabr 2022-ci il tаriхli, 16/1118 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim edilmiş, üzərində “Səfərov Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotikə bənzər kütlə.” sözlər və imzalar olan kağız paketdəki, 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,799 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (iş vərəqə: cild İ, səh.42-43). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2022-ci il tarixli, 1744 nömrəli rəyindən görünür ki, Səfərov Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edir. Narkotik vasitə heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən məcburi müаlicəyə еhtiyаcı yoxdur. Narkolоji dispanserdə qеydiyyаtа alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.112). Cinayət işinin materiallarına əlavə edilmiş 19 dekabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Səfərov Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,699 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və Bərdə rayon Polis Şöbəsində məsul saxlanca verilmiş, bundan başqa şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.119-126). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Səfərov Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.26). Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Səfərov Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.77-79). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Səfərov Təqsirləndirilən şəxs məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh.88). Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 624 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Səfərov Təqsirləndirilən şəxs Bərdə şəhəri, H.Əliyev prospekti, ev 1/16-da yaşamış, onun barəsində əvvəllər hər hansı cinayət işi daxil olmamışdır (iş vərəqə: cild İ, səh. 89-90). Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Səfərov Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin əks olunduğu video görüntü nümayiş etdirilərkən müəyyən olunmuşdur ki, 16 sentyabr 2022-ci il tarixdə Səfərov Təqsirləndirilən şəxs üzərinə Bərdə rayon polis şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə və Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1, Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid3, X1 baş inspektor-kriminalisti Şahid2 iştirakı ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs Səfərov əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə ümumi çəkisi 3,05 qram narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş və həmin kütlə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Səfərov polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyini göstərmişdir (iş vərəqə: cild İ, səh. 33). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Səfərov Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş “heroin” narkotik vasitəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən edilmiş həmin narkotik vasitələrin külli miqdar həddindən artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Səfərov Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun göstərdiyi polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar qeyd edilən xüsusatların araşdırılıb müvafiq qərar qəbul edilməsinə dair Bərdə Rayon Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Bərdə Rayon Prokurorluğundan məhkəməyə göndərilmiş 43c-23 saylı material məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Həmin materialların məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Səfərovun məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun göstərdiyi polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar olaraq onun barəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, həmçinin ifadəsində göstərdiyi polis əməkdaşlarının izahatları alınmış və Təqsirləndirilən şəxs Səfərovun Bərdə RPŞ-nin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması öz təsdiqini tapmadığından Bərdə Rayon Prokurorluğunda toplanmış material əsasında cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin məhkəmənin sorğusu əsasında Səfərov Təqsirləndirilən şəxs Bərdə rayon polis X6 Yerinə daxil olunarkən üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün X7 məhkəməyə göndərilmiş “Tibbi müayinənin keçirilməsi və Qeydiyyatı” kitabından görünür ki, Səfərov Təqsirləndirilən şəxs hər hansı xəsarətin olması müəyyən edilməmişdir. Bundan başqa, məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Səfərov Təqsirləndirilən şəxs həmin müəssisəyə daxil olunarkən tibbi müayinədən keçirilmiş və müayinə zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Təqsirləndirilən şəxs Səfərov Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində onun saxlanılmasında və üzərində şəxsi axtarış keçirilməsində iştirak edən Bərdə RPŞ-nin polis əməkdaşlarının həmin narkotik vasitəni onun üzərinə qoymalarına, onu saxlayan həmin polis əməkdaşlarının ona fiziki təzyiq göstərmələrinə, həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsinə məcbur etmələrinə dair göstərdiklərini məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Təqsirləndirilən şəxs Səfərovun məhkəmə baxışı zamanı ifadəsində həmin göstərdikləri cinayət işinin faktiki hallarına ümumiyyətlə uyğun deyil. Belə ki, Təqsirləndirilən şəxs Səfərovun üzərində şəxsi axtarış müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə həyata keçirilmişdir. Həmin videoçəkiliş məhkəmə araşdırması zamanı nümayiş etdirilərkən onun saxlanılmasında iştirak edən Bərdə rayon Polis Şöbəsinin əməkdaşları Şahid1, Şahid3, Şahid2 və müdafiəçisinin iştirakları ilə Təqsirləndirilən şəxs Səfərovun üzərində şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı həqiqətən də Təqsirləndirilən şəxs Səfərovdan ona elan edilmiş ittihamda göstərilən narkotik vasitənin aşkar edildiyi və ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyi müəyyən edilmiş, həmçinin Təqsirləndirilən şəxs Səfərov da həmin istintaq hərəkəti zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təsir, təzyiqin olmadığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Səfərovun məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə cinayət işinin materialları qarşılıqlı şəkildə tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Səfərov ibtidai istintaq zamanı ilkin araşdırma başlandığı vaxtdan müdafiəçisinin iştirakı ilə 16 sentyabr 2022-ci il tarixdə verdiyi izahatında, daha sonra 17 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində dindirilərkən, həmçinin 18 sentyabr 2022ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində təqsirli bilindiyi cinayət əməlini etiraf etmiş və üzərindən aşkar edilmiş həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində yaşadığı ünvanın yaxınlığında H.Əliyev prospektində piyada gedən zaman yerdən tapdığını, narkotik vasitələrdən istifadə etdiyi üçün həmin bükümün içərisində olan narkotik vasitə heroini tanıdığını və həmin bükümü şəxsi istifadəsi üçün əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyub saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrini verərkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməsini və ya hər hansı başqa etirazını bildirməmişdir. İlkin ibtidai araşdırma zamanı onun üzərində şəxsi axtarış keçirilərkən həmin istintaq hərəkətinin keçirilməsində onun saxlanılmasında iştirak edən polis əməkdaşları iştirak etsələr də, ibtidai araşdırmanın sonrakı mərhələsində təqsirləndirilən şəxs qismində müstəntiqə sərbəst şəkildə ifadə verərkən də, hətta cinayət işinin ibtidai istintaqı qurtarması barədə protokolla tanış olarkən və müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olub bu barədə protokolda münasibətini bildirərkən də təqsirləndirilən şəxs ona hər hansı təzyiq edilməsindən və hər hansı əməli etiraf etməsinə məcbur edilməsi ilə bağlı narazılığını bildirməmiş, hər hansı etiraz və vəsatətinin olmadığını göstərmişdir. Həmçinin məhkəmə baxışı zamanı da məhkəmənin sorğusu əsasında Bərdə Rayon Prokurorluğunda aparılmış araşdırma nəticəsində də Bərdə RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Səfərovun fiziki təzyiqlərə məruz qalmasının öz təsdiqini tapmadığı müəyyən edilmiş, eyni zamanda məhkəmənin sorğuları əsasında Təqsirləndirilən şəxs Səfərovun saxlanıldığı Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından daxil olmuş məktubunun və Bərdə rayon Polis X6 Yerindən daxil olmuş tibbi müayinənin keçirilməsi ilə bağlı qeydiyyat kitabının məhkəmədə tədqiq edilməsi ilə də Təqsirləndirilən şəxs Səfərovun hər hansı fiziki təzyiqlərə məruz qalması öz təsdiqini tapmamışdır. Odur ki, təqsirləndirilən şəxs Səfərov Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi həmin inkaredici ifadələri cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilən sübutları ilə tamamilə təkzib edilmiş və onun ifadəsində həmin göstərdikləri cinayət məsuliyyətindən yayınmaq üçün həqiqətə uyğun olmayan və heç bir faktla təsdiq olunmayan məlumatlar olduğunu bir daha təsdiq etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxs Səfərov Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsini sübut növü kimi qəbul etmir və onun ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin materialları üzrə istintaq hərəkəti protokolları, maddi sübut, ekspertiza rəyləri, maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş videoçəkilişin əks olunduğu disk, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təsdiq edildiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsini sübut növü kimi qəbul edir. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Səfərov Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Səfərov Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Səfərov Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Səfərov Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Səfərova Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Səfərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs Səfərovun cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 16 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Səfərov Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs Səfərovun cəza çəkməsinin əvvəli onun tutulduğu 16 sentyabr 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2022-ci il tarixli, 1744 saylı rəyi əsas götürülməli, təqsirləndirilən şəxs Səfərov Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış qalıq çəkisi 2,699 qram qram narkotik vasitə heroin məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq təqsirləndirilən şəxs Səfərov Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Səfərov Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Səfərov Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Səfərov Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 16 sentyabr 2022-ci il tarixdən hesablansın. Səfərov Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Səfərov Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmiş qalıq çəkisi 2,699 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Səfərov Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Mikayıl Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar