Məhkəmə qərarları › İş №1(100)-183/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-183/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-183/2023 07.03.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, X2 (məruzəçi hakim) və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 1948-ci ildə Qazax rayonu, Ağköynək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarını 20 aprel 2022-ci il tarixdə səhər saatlarında yaşadığı Qazax rayonu, Ağköynək kəndində yerləşən fərdi yaşayış evinin həyətində 3 ədəd dibçəyin içərisində və evin həyətinin müxtəlif yerlərində torpağa əkərək “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununda göstərilən 3-cü siyahıya əsasən külli miqdar hesab edilən, tərkibində narkotik maddələr olan cəmi 63 ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərməklə qanunsuz olaraq kultivasiya etmiş, Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 may 2022-ci il tarixdə saat 12:00-dan saat 14:20-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış zamanı 3 ədəd dibçəkdə yaş vəziyyətdə təmiz çəkisi 3,08 qram və evin həyətyanı sahəsində 60 ədəd olmaqla yaş vəziyyətdə təmiz çəkisi 85 qram, ümumilikdə təmiz çəkisi 88,08 qram olan 63 ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xeyli müddətdir ki, onkoloji xəstədir. Xəstəliyi ilə bağlı ağrıları ilə əlaqədar olaraq müxtəlif sakitləşdiricilər qəbul edir. Artıq bir neçə ildir ki, sakitləşdiricilər də kömək etmədiyi üçün narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. Belə ki, 1 ay ərzində təxminən 3-4 dəfə narkotik vasitə olan qurudulmuş marixuana qəbul etmişdir. Təxminən 4 il bundan əvvəl Qazax rayonu, Ağköynək kəndində yabanı halda bitmiş çətənə bitkisinin bir budağını qırıb evində qurutmuşdur. Yarpaqlarını siqaretə qatıb çəkmiş və görmüşdür ki, özünü yaxşı hiss etmiş, başının ağrısı kəsmişdir. Həmin çətənə bitkisinin toxumlarını isə siqaret kağızına büküb evdə saxlamış, lakin sonradan toxumları saxladığı yer yadından çıxmışdır. 2022-ci ilin aprel ayında Qazax rayonu, Ağköynək kəndində yaşadığı evdə müxtəlif alətlər saxladığı arxa otaqda olan zaman siqaret kağızına büküb saxladığı həmin toxumlar əlinə keçmişdir. O, fikirləşmişdir ki, Qazax rayonu, Ağköynək kəndində yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini özü istifadə etmək üçün əkib-becərsin. Təxminən 20 aprel 2022-ci il tarixdə səhər saatlarında siqaret kağızına büküb saxladığı 3 ədəd toxumdan 3 ədəd dibçəkdə, 60 ədədini isə yaşadığı evin həyətyanı bağ sahəsində torpağa basdırmışdır. Basdırdığı toxumlara su verib quluq etməyə başlamışdır. Həmin toxumlar cücərib boy atmışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 12 radələrində o, yaşadığı evdə olan zaman kiminsə onu səslədiyini eşitmişdir. O, evdən çıxaraq darvazanın giriş qapısını açdıqda görmüşdür ki, darvazanın qarşısında mülki geyimli tanımadığı şəxslər var. Onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını, həyətyanı bağ sahəsində narkotik tərkibli çətənə bitkisi əkilməsi barədə məlumat aldıqlarını bildirdikdə onları həyətə dəvət etmişdir. O, polis əməkdaşları tərəfindən evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bununla bağlı ərizə yazıb vermişdir. Sonra polis əməkdaşları onun və aqronomun iştirakı ilə evinin həyətyanı sahəsinə baxış keçirtmişlər. Baxış zamanı o, əkib-becərdiyi çətənə bitkilərini polis əməkdaşlarına göstərmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun və dəvət olunmuş aqronomun iştirakı ilə bağ sahəsinin ayrı-ayrı yerlərində əkdiyi 60 ədəd çətənə bitkisinin hər biri kökündən çıxarılaraq həyətdə olan stolun üstünə düzülmüşdür. Onun, aqronomun, polis əməkdaşlarının iştirakı ilə yenidən sayılmış və 60 ədəd çətənə bitkisi orada 1 ədəd kisədə, 3 ədəd dibçəkdə olan çətənə bitkisi isə 1 ədəd kisədə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, onun yaşadığı evin həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilərkən aşkar edilmiş çətənə bitkilərini oğlu Ayazın əkdiyini demişdir. Lakin həmin bitkiləri oğlu Ayaz yox, onun özü əkib qulluq etmişdir. Polis əməkdaşları baxış keçirərkən aşkar edilmiş həmin bitkiləri oğlu Ayazın əkdiyini ona görə demişdir ki, kənd camaatı içində qınaqdan qorxmuş və utanmışdır ki, kənd sakinləri onu qınayarlar ki, ağsaqqal vaxtında belə işlərlə məşğul olur. Lakin sonradan başa düşmüşdür ki, bu formada məsuliyyətdən boyun qaçırmaq və etdiklərini oğlu Ayazın boynuna atmaq düzgün deyil. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərmişdir ki, onun hal-hazırda 74 yaşı var. O, uzun müddətdir ağır onkoloji xəstədir və ağrılarına görə xeyli müddətdir ki, müxtəlif növ sakitləşdiricilər qəbul edir və onkoloji xəstə olması ilə əlaqədar daim həkim nəzarətində olur. Onkoloji xəstəliyinə görə tez-tez səhhəti pisləşdiyindən o, xəstəxanada qalaraq ağır müalicələr alır. Lakin bir neçə ildir ki, sakitləşdiricilər belə ona kömək etmirdi. Ona görə də o, narkotik vasitə olan marixuana çəkməyə başlamışdı. Həmin çətənə bitkilərini də özü istifadə etmək üçün əkmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq keçirir. O, ağır onkoloji xəstəliyinə görə hər zaman həkim nəzarətinda olduğundan onun qapalı şəraitdə və ciddi həkim nəzarəti olmadan yaşaması demək olar ki, mümkün deyil. Onun qeyd etdiyi ağır xəstəliyinin və törətdiyi əməlindən peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qazax rayon polis şöbəsinin X15 Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus Qazax rayonu, Ağköynək kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı bağ sahəsində qanunla əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə məlumat daxil olmuşdur. O, raportla Qazax RPŞ-nin rəhbərliyinə məruzə etmişdir. Daha sonra həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar qəbul edilmişdir. O, əməliyyat qrupuna rəhbərlik etmiş, əməliyyat müvəkkili Şahid2, baş təhqiqatçı X4, baş inspektor X5, polis sahə rəisi Şahid3 əməliyyat qrupuna üzv kimi daxil edilmişlər. Təqsirləndirilən şəxs bağ sahəsinə baxış keçirilməsində iştirak etmək üçün aqronom Şahid5 mütəxəssis kimi dəvət edildikdən sonra o, keçiriləcək tədbir barədə iştirakçıları təlimatlandırmışdır. Həmin gün saat 12 radələrində onlar aqronom Şahid5 ilə birlikdə Qazax rayonu, Ağköynək kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus evə getmişlər. Anar Hüseynov evin dəmir darvazasını döydükdən sonra Təqsirləndirilən şəxs evdən çıxıb giriş darvazasına tərəf gəlmişdir. X13 Osmanova evinin bağ sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərdiyi barədə məlumat daxil olduğunu, həmin məlumatı yoxlamaq üçün evinin bağ sahəsinə, evinə baxış keçirilməli olduğunu izah etmiş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla onu tanış etmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirməyə başlamışlar. Baxış zamanı videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. Onlar evin dəmir darvazasından həyətə daxil olduqdan sonra düzünə hərəkət edib həyətə getmişlər. Evin həyətində Təqsirləndirilən şəxs evə baxış keçirilməsi ilə bağlı etiraz etməməsinə dair ərizə yazıb vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs icazəsi ilə evin həyətyanı sahəsinə baxış keçirməyə başlamışlar. Onlar həyətin orta hissəsinə çatdıqdan sonra Təqsirləndirilən şəxs üç ədəd dibçəkləri göstərərək narkotik tərkibli çətənə bitkilərini həmin yerdə əkdiyini bildirmişdir. Həmin yerə baxış zamanı dibçəkdə 3 ədəd tünd yaşıl rəngli, çətənə bitkisinə oxşar bitkinin əkildiyi aşkar edilmişdir. Şahid1 ifadəsinin davamında göstərmişdir ki, evin həyətyanı sahəsinə baxış zamanı bağın müxtəlif hissələrində 60 ədəd qarışıq formada müxtəlif hissələrdə əkilmiş çətənə bitkisinə oxşar bitkilərin əkildiyi, həmin bitkilərin ətrafının otlardan təmizləndiyi aşkar edilmişdir. Aqronom Şahid5 həmin bitkilərə baxış keçirərək onların çətənə bitkisi olduğunu bildirmişdir. Bundan sonra bağ sahəsində aşkar edilmiş 60 ədəd narkotik tərkibli çətənə bitkisi əməliyyat qrupunun üzvləri tərəfindən kökündən çıxarılmaqla bağ sahəsində yanyana düzülmüşdür. Aşkar edilmiş 60 ədəd çətənə bitkisi bir ədəd kisədə qablaşdırılmış, üzəri möhürlə möhürlənmiş və götürülmüşdür. Dibçəkdə əkilmiş içərisində 3 ədəd çətənə bitkisinə oxşar bitkilər isə bir ədəd başqa kisədə qablaşdırılmış, üzəri möhürlənərək götürülmüşdür. Daha sonra evə baxış keçirilmiş, lakin baxış zamanı evdə qanunsuz saxlanılan hər hansı əşya aşkar olunmamışdır. Sonra isə protokol tərtib edilmiş, protokolla Təqsirləndirilən şəxs, aqronom, o, əməliyyat qrupunun digər üzvləri tanış olduqdan sonra imzalamışlar. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, əri Təqsirləndirilən şəxsla birlikdə Qazax rayonu, Ağköynək kəndində yaşayır. Təqsirləndirilən şəxs onkoloji xəstədir və ona görə də uzun müddətdir ki, müxtəlif növ sakitləşdiricilər qəbul edir. Onun ağrıları xüsusilə axşam saatlarında artır. xx.xx.2021-ci il tarixdə saat 12 radələrində o, evdə olmadığı vaxt eşitmişdir ki, Qazax rayon polis şöbəsinin əməkdaşları evlərinə gəlib baxış keçirmiş və evlərinin həyətyanı sahəsində narkotik tərkibli bitkilər aşkar etmişlər. Sonradan ona məlum olmuşdur ki, qeyd olunan çətənə bitkisini Təqsirləndirilən şəxs əkmişdir. Polis əməkdaşları onların evinə baxış keçirənə qədər onun bağ sahələrində Təqsirləndirilən şəxs 63 ədəd çətənə bitkisinin əkib-becərməsi barədə məlumatı olmamışdır. Şahid4 ifadəsinin yekununda göstərmişdir ki, əri Təqsirləndirilən şəxs ağır onkoloji xəstədir və daim həkim nəzarətində olur. Təqsirləndirilən şəxs səhhəti tez-tez pisləşir və əksər hallarda ay ərzində bir neçə dəfə xəstəxanada qalaraq həkim nəzarətində müalicə almalı olur. Bundan başqa, məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Qazax rayonu, Ağköynək kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsində mütəxəssis qismində iştirak etmişdir. Baxış zamanı fərdi yaşayış evinin həyətyanı sahəsində üç ədəd dibçəkdə tünd yaşıl rəngli, çətənə bitkisinə oxşar bitkinin əkildiyi aşkar edilmişdir. Bundan başqa həyətyanı sahəyə baxış zamanı bağın müxtəlif hissələrində 60 ədəd ayrı-ayrı yerlərdə əkilmiş çətənə bitkisinə oxşar bitkilərin əkildiyi, həmin bitkilərin ətrafının otlardan təmizləndiyi aşkar olunmuşdur. O, həmin bitkilərə baxış keçirərək onların çətənə bitkisi olduğunu və Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən aşkar olunmuş çətənə kollarının ölçülərindən, diblərinin torpağının boşaldılmasından, torpağın nəmli olmasından, yəni suvarılmasından həmin kollara aqrotexniki qaydada qulluq olunduğu qənaətinə gəlmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. O, əvvəllər oğurluğa görə məhkum olunmuşdur. Hal-hazırda barəsində olan cinayət işi ilə əlaqədar Bakı İstintaq Təcridxanasında saxlanılır. O, adətən Bakı şəhərində yaşamışdır. Atası Təqsirləndirilən şəxs isə Qazax rayonu, Ağköynək kəndində yaşayır. Atası Təqsirləndirilən şəxs ağır onkoloji xəstədir, ona görə də uzun müddətdir ki, müxtəlif növ sakitləşdiricilər qəbul edir. Atasının barəsində olan hazırki cinayət işi ilə bağlı bildirir ki, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində o, evdə olmadığı vaxt eşitmişdir ki, Qazax rayon polis şöbəsinin əməkdaşları evlərinə gəlib baxış keçirmişlər, evlərinin həyətyanı sahəsində narkotik tərtkibli bitkilər aşkar etmişlər. Həmin vaxt atası Nizami polis əməkdaşlarına bildirmişdir ki, qeyd olunan narkotik tərkibli çətənə bitkilərini güya oğlu Ayaz əkib becərmişdir. Lakin o, narkotik tərkibli çətənə bitkilərini əkib-becərməmiş və onun həmin bitkilərin əkilibbecərilməsindən xəbəri olmayıb. O, sonradan evə qayıdanda atası ilə söhbət zamanı atası Nizami ona bildirmişdir ki, “oğlum, mənim 74 yaşım var. Mən onkoloji xəstəyəm və ağrılarıma görə xeyli müddətdir ki, müxtəlif növ sakitləşdiricilər istifadə edirəm. Lakin axır 1-2 ildir ki, sakitləşdiricilər belə mənə kömək etmirdi. Ona görə də mən narkotik vasitə olan marixuana çəkməyə başlamışdım. Həmin 63 ədəd çətənə bitkilərini özüm istifadə etmək üçün əkmişdim. Polis əməkdaşları bizim evimizə gələn zaman mən həmin bitkiləri sənin əkdiyini ona görə dedim ki, kənd camaatı içində qınaqdan qorxurdum. Utanırdım ki, kənd sakinləri məni qınayarlar ki, ağsaqqal vaxtımda belə işlərlə məşğul oluram. Lakin sonradan başa düşdüm ki, bu formada məsuliyyətdən boyun qaçırmaq və etdiklərimi sənin boynuna atmaq düzgün deyil”. O, polis şöbəsinə gedərək olanlar haqqında olduğu kimi məlumat vermişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 17 may 2022-ci il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu, Ağköynək kəndində yaşadığı fərdi yaşayış evinin həyatyanı torpaq sahəsində 3 (üç) ədəd qabda, 60 (altmış) ədəd isə kökü üstə yaş halda çətənə bitkisinin kollarına oxşar kollar aşkar olunmuşdur. Baxışda iştirak etmiş Qazax DAİM-də bitkiçilik sektorunun müdiri Şahid5 həmin bitkilərin çətənə bitkisinin kolları olduğunu və qeyd olunan bitkilərə qulluq edildiyini bildirmişdir. Bundan sonra 3 (üç) ədəd qabda aşkar edilmiş bitki kolları ölçülmüş və bitki kollarının ən böyüyünün uzunluğu 20 (iyirmi) sm, ən kiçiyinin isə 19 (on doqquz) sm olduğu müəyyən olunmuş və qeyd olunan bitkilər yaşıl rəngli selefon torbaya qoyulmuş, qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır (iş vərəqə: cild İ, səh.16-19). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 17 may 2022-ci il tarixli alimaqronom Şahid5 tərəfindən verilmiş rəydən görünür ki, HK/1-619 nömrəli material üzrə 17 may 2022-ci il tarixdə mütəxəssis kimi iştirak etdiyi Qazax rayonu, Ağköynək kəndində evin həyətyanı sahəsinə baxış keçirilərkən aşkar edilmiş ümumilikdə 63 ədəd bitki kolları hər birinə aqrotexniki qaydada qulluq göstərilmiş narkotik xassəli çətənə bitkisinin kollarıdır (iş vərəqə: cild İ, səh.20). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli, 16/574 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “X3 yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş çətənə bitkilərinin kollarına oxşar bitki kolları” adlar və imzalar olan sintetik kisədəki 60 (altmış) ədəd ümimi təmiz çəkisi 85 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərində, “X3 yaşadığı evin həyətində olan 3 (üç) ədəd dibçəkdə bitən bitki kolları.” adlar və imzalar olan polietilen torbadakı 3 (üç) ədəd ümümi təmiz çəkisi 3,08 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir (iş vərəqə: cild İ, səh.26-29). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 19 sentyabr 2022-ci il tarixli, 1408 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Yaşı 65-dən yuxarı olduğuna görə məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.150). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Qazax Rayon Polis Şöbəsinin əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş tədbirlər nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Qazax rayonu, Ağköynək kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan 63 ədəd çətənə (kannabis) bitkisini kultivasiya etməsində onunla birlikdə yaşayan ailə üzvləri, habelə digər şəxslər ona kömək etməmiş, bu barədə ailə üzvlərinin və hər hansı şəxsin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs kultivasiya etdiyi tərkibində narkotik maddələr olan 63 ədəd çətənə (kannabis) bitkisinin toxumlarını hansı mənbədən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Yunus oğlunun 63 ədəd çətənə (kannabis) bitkisini şəxsi istifadəsi üçün kutivasiya etdiyi müəyyən edilmiş, onun qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını hazırlama, istehsal etmə, satma əməllərində iştirak etməsi barədə məlumat əldə olunmamışdır (iş vərəqə: cild İ, səh.60). Cinayət işinin materiallarına əlavə edilmiş 03 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.118-119). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 30 noyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, X3 barəsində əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir, bundan başqa cinayət işi üzrə ekspertiza tədqiqatından sonra qalan 83,8 qram və 3,02 qram çəkidə çətənə bitkiləri iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Qazax Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmişdir (iş vərəqə: cild İ, səh.196-203). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh.138). Cinayət işinin materiallarına əlavə edilmiş Qazax rayon İcra Hakimiyyəti Başçısının Ağköynək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışlarından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, ailə üzvləri arvadından, iki nəfər yetkinlik yaşına çatmış uşaqlarından və iki nəfər yetkinlik yaşına çatmayan nəvələrindən ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild İ, səh.147-149). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzindən alınmış “Ambulator kartdan arayışdan”dan görünür ki, Təqsirləndirilən şəxs prostat vəzin xərçəngi, prostat vəzinin bədxassəli yenitörəməsi, kəskin böyrək çatışmamazlığı, sidik kisəsinə invaziya, toxum kisəciklərinə invaziya, parailiak və aortakaval pataloji adenopatiya, skelet sümüklərinin metastatik zədələnməsi xəstəliklərindən əziyyət çəkir, həmin arayışdan həmçinin görünür ki, Təqsirləndirilən şəxs prostat vəzisində qanaxma izlənilir, sidik kisəsində sistostoma olduğu üçün sidik kisəsi dolmur (iş vərəqə: cild İ, səh.73-78). Cinayət işinin materiallarına əlavə edilmiş “Qazax rayon Mərkəzi Xəstəxanası” X10 08 fevral 2023 və 16 fevral 2023-cü il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon poliklinikasında onkoloji kabinetdə tibbi qeydiyyatdadır və o, prostat vəzin xərçəngi, sidik kisəsinin və skelet sümüklərinin metaztazı xəstəliklərindən əziyyət çəkir (cinayət işinin materialları). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərlə bağlı İİİ siyahı ilə müəyyən edilir ki, çətənə növlü bitkilər 16 ədəddən (aşağı həddi daxil olmaqla) yuxarı olduqda külli miqdar hesab edilir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində əkdiyi və aşkar edilib götürülmüş kultivasiya edilmiş çətənə növlü bitkilərin sayı külli miqdar həddindən artıq olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 19-cu bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 237-ci maddəsində nəzərdə tutulmuş cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə, qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də, bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlülüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməklə, yəni əkib yetişdirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət işi üzrə yuxarıda göstərilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs prostat vəzin xərçəngi, kəskin böyrək çatışmamazlığı, sidik kisəsinə invaziya, toxum kisəciklərinə invaziya, parailiak və aortakaval pataloji adenopatiya, skelet sümüklərinin metastatik zədələnməsi xəstəliklərindən əziyyət çəkməsini, əməlindən səmimi peşmanlığını, həmçinin ahıl yaşlı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini (əvvəllər məhkum olunmamasını, evli olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını), həmçinin onun ağır xəstəliklərdən, yəni prostat vəzin xərçəngi, kəskin böyrək çatışmamazlığı, skelet sümüklərinin metastatik zədələnməsi, sidik kisəsinə invaziya, toxum kisəciklərinə invaziya, parailiak və aortakaval pataloji adenopatiya kimi xəstəliklərdən əziyyət çəkməsini, həmin insan həyatı üçün təhlükəli və ağır xəstəliklərin müntəzəm həkim müalicəsinin və nəzarətinin tələb etdiyini, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlığını, həmçinin onun ahıl yaşlı olmasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin ittiham olunduğu maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi haqqında qərara gəlməklə yanaşı, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayarkən və həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərara gələrkən Təqsirləndirilən şəxs yaşını, yəni onun 74-dən artıq yaşının olmasını və onun əziyyət çəkdiyi yuxarıda sadalanan ağır və insan həyatı üçün təhlükəli olan həmin xəstəliklərin daim yüksək diqqətli tibbi müdaxilənin və böyük həssaslıqla həkim nəzarətinin və müalicəsinin zəruriliyini tələb etməsini nəzərə alır. Məhkəmə hesab edir ki, qeyd edilən halların nəzərə alınması, yəni törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəliliyi ilə yanaşı, həmçinin cinayət törətmiş şəxsin şəxsiyyətinin, yaşının və həyati təhlükəsizliyinin də nəzərə alınması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin digər prinsipləri ilə yanaşı, humanizm və ədalət prinsiplərinin tələblərinə də uyğundur. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 19 sentyabr 2022-ci il tarixli, 1408 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs 65 yaşı olduğundan ona məcburi müalicə tətbiq edilməməlidir və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Qazax Rayon Polis Şöbəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış ekspertiza tədqiqatından sonra qalan 83,8 qram və 3,02 qram çəkidə çətənə bitkiləri məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Qazax Rayon Polis Şöbəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalan 83,8 qram və 3,02 qram çəkidə çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Natiq Əliyev (sədrlik edən) Roman Ələkbərli (məruzəçi hakim) Dadaş İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar