Məhkəmə qərarları › İş №1(100)-183/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-183/2024

07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-183/2024 07.06.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibləri: X5, X9, X4 və X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, Səməd Vurğun küçəsi, ev 16-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, O məlum olmayan tarixdə və mənbədən bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən, külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla yaşadığı evə daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 12 may 2023-cü il tarixdə saat 12:40 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir şəhəri, Səməd Vurğun küçəsində şübhəli şəxs qismində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli gödəkcənin sağ yan cibindən sellofana bükümün içərisindən kustar üsulla hazırlanmış, külli miqdarda ümumi təmiz çəkisi 11,918 qram miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsus deyil, əvvəllər narkotik vasitələrdən istifadə etməmişdir. Şəmkir şəhərində fərdi əməklə məşğuldur, saç ustası -bərbər işləyir, dindar kimi ibadətlə məşğul olmuşdur. Hazırki iş üzrə tutulması 2023-cü ildə baş verən dini və siyasi hadisələrlə bağlıdır. xx.xx.2023-cü ildə işlədiyi bərbərxanada müştərinin saçını kəsərkən içəri daxil olan bir neçə nəfər mülki geyimli şəxs onun qoluna girərək gəldikləri avtomobilə mindirmiş və Şəmkir rayon polis şöbəsinə aparmışlar. Şöbədə olarkən polis əməkdaşları ona hədə-qorxu gələrək İranla əlaqəli olduğunu, verdikləri bir bükümü götürüb özünün olmasını, əks təqdirdə daha ağır maddə ilə məsuliyyətə cəlb ediləcəyini bildirmişlər. Edilmiş psixoloji təzyiqə davam gətirə bilməyib, polislərin dediyi kimi videoçəkiliş zamanı guya narkotik vasitənin ona məxsus olmasını və arabir istifadə etdiyini demişdir. Sonradan baxış vaxtı üzərindən çıxan 262 manatdan 100 manatı Vüqar və İnar adlı polis əməkdaşları dəvət edilmiş vəkilə haqq olaraq verməli olduğunu deyib, ondan almışlar. Videoçəkilişdə iştirak etmiş müdafiəçi ilə o təklikdə danışa və sözünü deyə bilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, yaşının azlığı və təcrübəsizliyi ilə bağlı polis əməkdaşlarının göstərdiyi hədə-qorxunun təsiri altında olmuş, sonradan polislər yaşadığı evə də axtarış keçirib, ibadət etmək üçün olan möhür, təsbehlə yanaşı özlərinin hansısa formada evə qoyduğu şəkilləri və dini kitabları götürmüşlər. Üzərindən çıxan narkotik vasitəyə aidiyyəti yoxdur, günahsız olduğu üçün məhkəmədən bəraət verilməsini istəyir. Məhkəmə baxışından fərqli olaraq ibtidai istintaqın ilkin mərhələsində vəkilin iştirakı ilə şübhəli şəxs qismində verdiyi izahat və ifadəsində və şəxsi axtarış zamanı aparılmış videoçəkilişdə Təqsirləndirilən şəxs göstərmişdir ki, ünvan 1-da ailə üzvləri ilə yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğuldur. Təxminən 10-15 gün olar ki, narkotik vasitə olan heroindən istifadə edir. 2-3 gün əvvəl Şəmkir şəhərində “Qırmızı Körpü” adlanan yerdə piyada gəzən zaman yerdən sellofana bükülü vəziyyətdə heroin tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. 12 may 2023-cü il tarixdə saat 12 radələrində yaşadığı Şəmkir şəhəri, S.Vurğun küçəsində olarkən polislər onu saxlayıb Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Onun üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış aparılmış, üzərində qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. O, əynində olan boz rəngli gödəkcənin sağ yan cibindəki ağ rəngli sellofanda olan narkotik maddə olan heroini təqdim etmişdir. Həmin kütlə elektron tərəzi ilə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa 1 ədəd “Redmi” markalı mobil telefonu da götürülmüşdür...Həmin narkotik vasitə olan heroini heç kimə satmamış, özü istifadə etmək üçün saxlamışdır. O, bu barədə heç kimə deməmişdir. O, polis şöbəsinə gətirilən zaman ona qarşı heç bir zor və ya hədə tətbiq olunmamış, özü könüllü şəkildə təqdim etmişdir.... İbtidai istintaqın sonrakı mərhələsi yəni, xx.xx.2023-cü ildə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edildikdən və ona həmin maddə ilə ittiham elan edildikdən sonra isə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs göstərmişdir ki, polislər tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamış, narkotik vasitəni polis əməkdaşları şöbədə onun üzərinə qanunsuz olaraq qoymuşlar. Məhkəmədə şahid qismində dindirilmiş X8 göstərdi ki, Şəmkir RPŞ-nin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs xidməti işi ilə bağlı tanımış, 12 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi və qanunsuz saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuş, ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün onun tərəfindən rayon polis şöbəsinin rəisinə raportla müraciət edilmiş, rəis tərəfindən razılıq verildikdən sonra müvafiq qərar qəbul edilmiş, CAB-nin rəisi Şahid2, əməliyyat müvəkkili Şahid1la birlikdə Şəmkir şəhəri, S.Vurğun küçəsinə getmiş, Təqsirləndirilən şəxs küçədə saxlayıb Şəmkir RPŞ-yə gətirmiş və təhqiqatçıya təhvil vermişlər. Sonradan isə üzərindən narkotik vasitə aşkar edildiyini öyrənmişdir. Təxminən 2-3 gün sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evində narkotik vasitələrin olub-olmamasını müəyyən etmək üçün axtarış aparılmış, evdən dini fotoşəkillər və dini kitablar aşkar olunaraq götürülmüşdür. Məhkəmədə verilmiş suallara cavab olaraq İnar Adıgözəlov göstərdi ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirdikdən sonra üzərinə keçirilmiş şəxsi axtarışda iştirak etməmiş, ona qarşı polis şöbəsində olduğu müddətdə fiziki və psixi zorakılıq göstərilməmişdir. Əməliyyataxtarış tədbirləri ilə İdrisin narkotik vasitələrin satışını təsdiq edən hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şəmkir RPŞ CAB-ın rəisi Şahid2 və əməliyyat müvəkkili Şahid1 da şahid İnar Adıgözəlovla eyniməzmunlu ifadə verərək göstərmişlər ki, Təqsirləndirilən şəxs əvvəl tanımamış və onunla hər hansı münasibətləri olmamışdır. İnar Adıgözəlovla birlikdə ona daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün Təqsirləndirilən şəxs saxlayıb Şəmkir RPŞ-yə gətirib təhvil verilmişlər. Təqsirləndirilən şəxs qarşı hansısa zorakılıq edilməsi, polis əməkdaşlarının İdrisə narkotik vasitə verib götürməyəcəyi halda zorakılığa məruz qalacağı barədə hədələməsini deməsi isə əsassızdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, İdrisi bərbər kimi tanıyır, əvvəllər də saçını ona kəsdirmişdir. xx.xx.2023-cü ildə günorta saatlarında-nahardan əvvəl Şəmkir şəhərində bərbər dükanında İdrisə saçını kəsdirərkən içəri girən bir neçə nəfər mülki geyimli şəxs qəfil İdrisi götürüb aparmışlar. Baş verənlərdən özünü itirmiş və hadisələr qısa zaman kəsiyində olduğundan içəri girənlərin kim olmasını, İdrisi hansı səbəbdən apardıqlarını bilməmişdir. Saçı da yarımçıq qalmış və bundan sonra İdrisin polis əməkdaşları tərəfindən aparıldığını bilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raport və həmin tarixli qərardan görünür ki, Şəmkir rayonu Səməd Vurğun küçəsi ev 16-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri qəbul etməsi qanunsuz saxlaması barədə Şəmkir RPŞ-yə əməliyyat məlumatı daxil olmuş və təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “şəxsi axtarış aparılması barədə” xx.xx.2023-cü il tarixli protokol və əlavəsi olan DVD diskdən görünür ki, Şəmkir RPŞyə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd sellofan bükülüdə olan qəhvəyi rəngli narkotik vasitə “heroinə” bənzər kütlə aşkar edilib götürülmüşdür. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxsla edilmiş şifahi sorğu-sual zamanı O, narkotik vasitəni bir neçə gün əvvəl tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaqa şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi əvvəlki ifadələrini təsdiq edərək narkotik vasitəni Şəmkir şəhərində tapdığı yeri göstərmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizanın 13 may 2023-cü il tarixli 16/501 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 11,918 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1010 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə halları olub. Narkotik vasitə olan heroindən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023cü il tarixli, 343 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə aparılmış danışıq və smslərdə iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilən və məhkəmədə araşdırılan məhkəmə-linqvistik və dinşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 4/914 №li rəyindən görünür ki, ekspertizaya təqdim edilən Təqsirləndirilən şəxs yaşadığı evdən götürülən materiallarda Azərbaycan Respublikasının Konstitutsiyası və qanunverciliyinə zidd olan məlumatlar, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılması və ya Azərbaycan Respublikasının Konstitutsiya quruluşunun zorla dəyişdirilməsi və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar mövcud deyil. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş təyin edilmiş məhkəmə kompüter-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 5/946 №li rəyindən görünür ki tədqiqata təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 11” əməliyyat sistemi ilə təhciz olunmuş “X20 8 Pro” markalı “M1906G7İ” modelli “**********40534, **********40542” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan mobil smartfonun yaddaşında (kontaklar, zənglər, “SMS” mesallar, audio, foto, video fayllar, “WhatsApp”, “WhatsApp Business” proqram təminatı, “Facebook Messenger” proqram təminatları, “İnstagram” “TikTok” sosial şəbəkələr vatisəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş xarici yaddaş qurğuya). İş materiallarında olan və məhkəmədə araşdırılan “mobil telefondan xarici yaddaş qurğuna köçürülmüş məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, məlumatlara baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 11,818 qram narkotik vasitə olan heroin maddi sübut hesab edilərək saxlanılması üçün Şəmkir RPŞ-yə saxlanca verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdar heroinin mənbəyi ilə bağlı cinayət işi ayrı icraata ayrılmışdır. Cinayət işinin istintaq materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılan DİN BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə, saat 13:30-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan məhkəmədə araşdırılan Şəmkir rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 4(076)-94/2023 №li qərarından görünür ki, CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Şəmkir RMX X16 verilən xx.xx.2023-cü il tarixli, 174 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikada narkoloji və psixatrik kabinetdə qeydiyyatda deyil. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Şəmkir RİHB-nin Şəmkir şəhəri üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü tarixli, 5-76- 1/2-02D-216/23 №li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir şəhəri, S.Vurğun küçəsi 16 saylı evdə ata-anası, əmisi və əmisi arvadı ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Səhiyyə Nazirliyi Respublika Neyrocərrahiyyə Xəstəxanasından verilmiş 1268 №li xəstənin stasionar kartasından görünür ki, təqsirləndirilən şəxsin atası X3 “başbeynin çoxsaylı anevrizmaları..... cərrahi əməliyatdan sonrakı vəziyyət “ diqonozu qoyulmuş və stasionar mülicədə olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş keçmiş Şəmkir Rayon Hərbi komissarlığı (SHXÇDX-nin Şəmkir rayon Şöbəsi) tərəfindən verilmiş M/V№013023 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs əmisi X10 müharibə veteranıdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Şəmkir RMX PHŞ-dən verilmiş 1806 №-li stasionar xəstəlik tarixindən çıxarışdan görünür ki, X10 “epilepsiya xəstəliyi, tez tez qıcolmalarla” xəstəliyindən əziyyət çəkir və stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayəthüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və oğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, iş üzrə ibtidai araşdırmanın aparıldığı ilkin dövrdə, yəni xx.xx.2023-cü ildə videoçəkilişlə keçirilmiş şəxsi axtarış, eləcə də müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində ilkin izahat və ifadələrində, habelə ifadəsinin yerində yoxlanılması zamanı üzərindən aşkar edilmiş narkotik vasitəni tapdığını və şəxsi istifadəsi üçün saxladığını demişdir. İş üzrə şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin əməliyyat müvəkkilləri həm ibtidai istintaq həm də məhkəmədə verdiyi ifadələrində göstərmişlər ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitəni saxlaması və və daşıması barədə olmuş, saxlanılana qədər və ibtidai araşdırma zamanı aşkar edilmiş heroini əldə etmə mənbəyi, onun narkotik vasitəni satdığı yaxud digər qanunsuz əməllərdə iştirakını müəyyən edə bilməmişlər. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroini satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olsa da narkotik vasitə satdığı şəxsləri və heroini hansı mənbədən əldə etməsinin müəyyən edilə bilinmədiyi göstərilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanının gəldiyi qənaətə əsasən ittiham aktında göstərdiyi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin külli miqdarda olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq narkotik vasitəni əldə edib saxlaması və daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham verilsə də, satış məqsədini təsdiq edən (istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi və ya sövdələşməsi, şərti alıcı ilə aralarında razılıq olmasına dair telefon danışığı və smslər olmasına, psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi və bu kimi sair hərəkətlər) hallara dair sübut əldə edə, beləliklə də satışla bağlı hissədə onun təqsirini sübuta yetirə bilməmişdir. Qeyd edilənlər isə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış deyil, digər (istehlak və sair) məqsədilə qanunsuz əldə edib saxlamasını və daşımasını təsdiq edən hallardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübut və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olması və digər sübutlarla təsdiq olunmayan əməliyyat məlumatı əsas götürülmüşdür. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatlarının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və sair hal(lar) mövcud deyildir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat məlumatların nədən ibarət olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, əməliyyat məlumatlarına əsaslanaraq narkotik vasitənin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işi materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Belə halda yalnız cinayət işinə əlavə edilən məktub və raporta istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyil. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Avropa Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Beləliklə, istintaq nəticəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növü məhkəmə istintaqına təqdim edilmədiyi halda, Təqsirləndirilən şəxs aşkar edilmiş heroinin şəxsi istehlak miqdarından artıq olması əsas götürülərək onun külli miqdar narkotik vasitələrin satışı məqsədilə əldə edib saxlaması və daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidddir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin......hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması.....- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxs vasitəsilə və digər yolla yerinin dəyişdirilməsinə yönəlmiş bütün hərəkətlərdir (1.0.8). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaqın sonrakı dövrü və məhkəmə baxışında göstərdiyi xx.xx.2023-cü ildə Şəmkir şəhərində saxlanılıb Şəmkir RPŞ-yə gətirildikdən sonra psixoloji təzyiqə məruz qalması, polis əməkdaşlarının onu həmin narkotik maddaəni götürməsə daha artıq miqdarı üzərinə qoyub ağır cəza veriləcəyi, edilmiş psixoloji təzyiq nəticəsində polsilərin dediyi məzmundu videoçəkiliş və şəxsi axtarışda izahat verməsinə istintaqın sonrakı mərhələsində isə artıq aldadıldığını başa düşüb narkotik vasitənin ona məxsus olmamasını bildirməsinə münasibətdə qeyd edir ki, həmin hallar təqsirləndirilən şəxsin öz ifadələrindən başqa digər sübutlarla təsdiqini tapmadığı və məhkəmə baxışı zamanı digər sübutlarla təsdiq edilmədiyindən Təqsirləndirilən şəxs ifadələri həmin hissədə özünümüdafiə xarakteri daşıdığı, işin faktiki halları ilə təkzib edildiyi üçün sübut kimi qəbul etmir. Belə ki, iş materiallarında olan məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizanın xx.xx.2023-ci il tarixli rəyi və xx.xx.2023-cü il tarixli videoçəkilişdən görünür ki, keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı xəsarət, yaxud xəsarət izləri olmamış, sonrakı dövrdə müayinə zamanı onda xəsarətlər aşkar edilməmişdir. İstintaq hərəkəti zamanı müdafiəçinin iştirakı ilə şifahi sorğu-sual edilərkən, şübhəli şəxs kimi ilkin izahat və ifadəsində, eləcə də ifadəsinin yerində yoxlanılması zamanı O, aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə qeyd edir ki, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə, eləcə də hədə-qorxuya məruz qalan, yaxud qalması ehtimal edilən (iddia edən) şəxsin videoçəkiliş vasitəsilə həyata keçirilən istənilən əməliyyat-axtarış və istintaq hərəkəti zamanı özünü müdafiə etmək və iddia etdiyi qanunsuzluqlara məruz qalmasını bildirmək imkanları daha əlçatan və kənar müşahidəçinin nəzərində obyektiv və inandırıcı olur. Belə ki, bir tərəfdən videoçəkilişlərin fasiləsizliyi və obyektivliyi, digər tərəfdən isə vəkilin (müdafiəçisinin) həmin proseslərdə iştirakı, şübhəli yaxud təqsirləndirilən şəxsə edilmiş, edil(cək)ən hərəkət(lər)ə, qəbul edilən və ediləcək qərarlara etirazını bildirməyə həmin halların çəkiliş zamanı (edilməsinə) qeydiyyata alınmasını tələb etməyə kifayət qədər imkan yaradır. Təqsirləndirilən şəxs və müdafiəçisinin Təqsirləndirilən şəxs təqsirsizliyinə sübut olaraq göstərdiyi digər əsas -təqsirləndirilən şəxsin küçədən deyil, iş yeri olan Şəmkir şəhərində S.Vurğun küçəsində yerləşən bərbərxanadan aparılmasına münasibətdə məhkəmə qeyd edir ki, müdafiə tərəfinin (təqsirləndirilən şəxsin) vəsatəti əsasında dindirilmiş əlavə şahid də təqsirləndirilən şəxsin bərbərxanadan onun saçını kəsərkən aparıldığını bildirmişdir. İş materiallarında olan “əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:40-da Şəmkir rayonu Sərxan kəndində saxlanılıb 13:00-da Şəmkir RPŞ-yə gətirilməsi qeyd edilmişdir. Həmin hal şəxsin təqsirliliyi ilə bağlı məsələyə hər hansı təsir etməsə də əməliyyatəlavə şahid qismində dindirilmiş iş üzrə tərəflərlə hər hansı münasibəti olmayan şəxsin göstərdiyi əsaslar daha inandırıcı və kənar müşahidəçinin nəzərində obyektiv olduğundan məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə yaşadığı evin yaxınlığında eyni küçədə yerləşən işlədiyi bərbərxanda saxlanılması qənaətinə gəlməsinə səbəb olmuşdur. Əməliyyat axtarış müvəkkilləri tərəfindən tərtib edilmiş protokolda şəxsin Şəmkir rayonu Sərxan kəndindən aparılmasının qeyd edilməsi, həmçinin prosessual sənədlərin tərtibi zamanı yol verilmiş digər nöqsanlar və təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı göstərdiyi üzərindən aşkar edilmiş nağd pulun 100 (bir yüz manat) hissəsinin Şəmkir RPŞ CAB-ın əməliyyat müvəkkilləri Şahid2 və İnar Adıözəlov tərəfindən guya müdafiəçiyə veriləcək haqq olaraq alınması ilə bağlı Azərbaycan Respubikası CPM-nin 207.6-cı maddəsinin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçrirən prokurora göndəriləcəyini nəzərə alır. Lakin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin hazırki baxılan iş üzrə yaşadığı küçədən, hansısa kənddən, yaxud işlədiyi bərbərxanadan polis əməkdaşları tərəfindən saxlanılıb aparılması şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsini şübhə altına alan əsas deyil və həmin hal şəxsin cinayət hadisəsi ilə əlaqəsini inkar edən mötəbər sübut kimi deyil, yalnız yol verilmiş prosessual pozuntuları təsdiq edən sübut kimi qiymətləndirilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs ona edilmiş psixoloji təzyiq nəticəsində etmədiyi əməli etiraf etməsinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkn dövründə yəni barəsində qətimkan tədbirinin seçilərəkən məhkəmədə verilmiş vəsatət və təqdimata baxılarkən, eləcə də narkoloji-tibbi müayinədən keçirlərkən cinayət hadisəsini və narkotik vasitə qəbul etdiyi etiraf etmişdir ki, bu da şəxsin müdafiə dəlillərini inkar edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi təqsirsizliklə bağlı halların ona elan edilmiş satış məqsədilə narkotik vasitənin dövriyyəsi ilə məşğul olması barədə ittihamla razı olmaması mülahizəsi daha ağlabatan və inandırıcıdır. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizanın rəyinə əsasən isə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olması göstərilmişdir ki, məhkəmə həmin ekspertiza rəyini müdafiə tərəfinin məhkəmədə şifahi olaraq göstərdiklərinə münasibətdə daha obyektiv, qərəzsiz və mötəbər sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə müdafiə tərəfinin Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi və verdiyi yazılı vəsatətlərdə göstərdiyi siyasi və dini məsələlərlə bağlı şərlənərək, İranla hər hansı əlaqəsi olması şübhəsinə görə əsassız cinayət məsuliyyətinə cəlb edilməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsə qanunsuz dini fəaliyyətlə məşğul olma, dövlətin konstitutsiya quruluşu əleyhinə fəaliyyətlə məşğul olma barədə hansısa ittiham verilməmiş, bütün ibtidai araşdırma və məhkəmə baxışında da ittiham tərəfindən bununla bağlı hər hansı iddia belə səsləndirilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə xx.xx.2023-cü ildə keçirilmiş axtarış isə məhkəmə qərarına əsasən, narkotik vasitə və psixotrop maddələrin olub-olmaması mqəsədilə həyata keçirilmiş axtarış zamanı aşkar edilən dini məzmunlu ədəbiyyat və əşyalar götürülərək müvafiq ekspertizadan keçirilmiş və hər hansı qanunsuzluq aşkar edilməmişdir. Evdə keçirilmiş axtarışın təqsirləndirilən şəxsin dini fəaliyyətlə məşğul olması və əqidəsinə görə cinayət məsuliyyətə cəlb olunmasını təsdiq edən hər hansı sübut isə müdafiə tərəfindən məhkəməyə təqdim edilməmiş, bununla bağlı heç bir vəsatət verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Beləliklə, ibtidai araşdırmadan fərqli olaraq cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2023-cü ildə saat 12:40 radələrində Şəmkir rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir şəhəri S.Vurğun küçəsində yerləşən işlədiyi bərbərxanada saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli gödəkçədən sağ yan cibindən sellofana büküm içərisindən kustar üsulla hazırlanmış, külli miqdarda - ümumi təmiz çəkisi 11,918 qram miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması sübuta yetirilmişdir və əməlində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, əvvəllər məhkum olunmaması, atası Zülfüqar Həsənovun xəstəlikdən əziyyət çəkməsini və onlarla birlikdə yaşayan ailə üzvü olan əmisi Vüqar Həsənovun İ Qarabağ müharibəsi veteranı olması və epilepsiya xəstəliyindən əziyyət çəkməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq külli miqdarda miqdarda əldə etmə, saxlama.... daşımaya görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarı və növü, törətdiyi əməlin xarakteri və ictimai təhlükəliliyi, məhkəmədəki davranışı və cəzasını yüngəlləşdirən hallar Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunvericiliyin müəyyən etdiyi aşağı həddə yaxın cəza təyin edilməsini mümkün edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəza çəkəcəyi dövrdə davranışı nəzərə alınmaqla qısa müddətdə islah olunacağı təqdirdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini istisna etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən...ilk dəfə törədilmiş ağır cinayətə görə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həmin müddətə aiddir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata oalınmalıdır. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-də məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 11,818 qram narkotik vasitə olan heroin məhv edilməli, şəxsi axtarış, evdə axtarış istintaq hərəkətin qeydə alındığı 2 ədəd DVD disk eləcə də telefon danışıqları və telefon yaddaş məlumatlara dair 2 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan olan 210,40 (iki yüz on manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin, cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Şəmkir rayon polis şöbəsində saxlanılan 11,818 qram narkotik vasitə olan heroin məhv edilsin, şəxsi axtarış və evdə axtarış aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğunu 2 ədəd DVD disk və mobil telefon yaddaşındakı məlumatların və telefon danışıqlarına dair məlumatların olduğu 2 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 210,40 (iki yüz on manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar