Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-184/2022 15.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Bayramova Aysel Hafiz qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.2000-cu ildə Şəmkir rayonunun Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 10 sentyabr 2021-ci il tarixdə, saat 23 radələrində etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə etdiyi atası X3 məxsus “VAZ 21074” markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonu, Sabirkənd kəndindən Şəmkir şəhəri istiqamətində hərəkətdə olarkən, Sabirkənd kəndi ərazisindən keçən “aerodrom yolu” adlanan avtomobil yolunda onunla eyni istiqamətdə hərəkətdə olan xx.xx.1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi “Lada Qranta” markalı, ** LR *** dövlət qeydiyyat nişanlı avtomobillə ötmə əməliyyatı aparıb onu keçməsini bəhanə edərək avtomobilini onun arxasınca idarə edib onu təqib etmiş, Zərərçəkmiş şəxs rayonun Sabirkənd kəndi ərazisindən keçən “aerodrom yolu” adlanan avtomobil yolunun kənarında yerləşən özünə məxsus bağ sahəsinin yaxınlığında avtomobilini saxlayaraq yerə düşmüş, Təqsirləndirilən şəxs də avtomobili saxlayıb yerə düşərək özünün şəxsiyyətini digər şəxslərin fövqündə qoymaqla, cəmiyyətə açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirən, ictimai qaydanı və ictimai maraqları, habelə əxlaq normalarını pozan, ətrafdakılara hörmətsizlik və etinasızlıq göstərən hərəkətlər edərək özünün eqoizmini nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs tərəf qaçaraq onun baş nahiyəsinə istintaqa məlum olmayan küt alətlə qəsdən zərbələr vuraraq ona sağ dirsək oynağının arxa səthinin və sağ əlin İİİ barmağının sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilməyən xəsarət, həmçinin başın tüklü hissəsində təpə ənsə nahiyyəsinin sıyrığı, sağ təpə-gicgah nahiyəsinin dərialtı hematoması, sağ gicgah və təpə sümüklərinin minimal yerini dəyişmiş xətti sınıqları, baş beyinin sağ gicgah-təpə-ənsə paylarının epidural hematoması, hər iki alın paylarının ön səthinin minimal subaraxnoidal qanaması ilə müşayiət olunan həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə, zərərçəkmiş Zərərçəkmiş şəxsnа xuliqanlıq niyyəti ilə qəsdən ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olmuşdur. Onun atasına məxsus “VAZ 2107” markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Hərdən həmin avromobili o da idarə etmişdir. Lakin onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və etibarnaməsi olmamışdır. 10 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində o, həmkəndliləri olan Səbuhi, Elvin və Elmir ilə birlikdə atasına məxsus avtomobillə kənd ərazisində gəzməyə başlamışdır. Bir qədər sonra o, avtomobili Sabirkənd kəndi istiqamətində idarə etməyə başlamışdır. O, Sabirkənd kəndində avtomobili Şəmkir şəhəri istiqamətində idarə etmişdir. Orada yerləşən “aerodrom yolu”na çatmağa az qalmış arxadan bir avtomobilin onun avtomobilinə çox yaxın sürməsini görmüş, daha sonra həmin avtomobil təhlükəli manevr edərək onun avtomobilini keçmişdir. O, həmin vaxtı avtomobilini sağa çəkmişdir. Avtomobil keçdikdən sonra həmin avtomobilin “Lada Qranta” markalı avtomobil olmasını görmüşdür. Həmin avtomobil onu qəza şəraiti yaradaq keçdiyindən o, avtomobilin sürücüsünə diqqətli olması üçün bir neçə dəfə işıqla işarə vermişdir. Lakin həmin avtomobilin sürücüsü ona heç bir əhəmiyyət verməyərək getmişdir. Bir qədər irəliyə getdikdən sonra həmin avtomobilin irəlidə getməsini görmüş və həmin avtomobilin arxasınca getməyə başlamışdır. Həmin vaxt “Lada Qranta” markalı avtomobil qəfildən dönmə işığı yandırmadan avtomobili bir qədər sağa çəkdikdən sonra yenidən avtomobili sola çəkərək əks tərəfə firlanıb dayanmışdır. O, həmin vaxtı baş verə biləcək hadisədən yayınmaq üçün avtomobili sağa çəkmişdir. O, avtomobildən düşmüş və həmin avtomobili kimin idarə etməsinə baxmaq üçün avtombilin yanına qaçmışdır. Həmin vaxt bir nəfər avtomobildən düşərək ona tərəf addımla gəlməyə başlamışdır. Avtomobildən düşən şəxsə çatmağa bir neçə metr məsafə qalmış avtombildən düşən şəxsin yaşlı adam olmasını görmüşdür. O, sürətlə qaçdığından özünü saxlaya bilməmiş və həmin kişi ilə toqquşmuşdur. O, həmin şəxslə toqquşduğu zaman kişi yıxılmışdır. Yanında olan dostu Elvin həmin vaxtı kişinin başını qaldıraraq dizinin üstünə qoymuş və ona su gətirməyi demişdir. O, qaçaraq su gətirmək üçün getdiyi zaman yol keçən avtmobillərdən biri saxlayaraq onlara su vermişdir. Su verdikdən sonra kişi özünə gəlmiş və nə baş verməsini soruşduqda onlar kişiyə avtomobili pis idarə etdiyini və qəza şəraiti yaratdığını bildirmişlər. Bundan sonra onlar həmin şəxsi öz avtomobilinə mindirmiş və həmin şəxsin avtomobilini Səbuhi idarə etmişdir. O isə öz avtomobilini idarə edərək həmin şəxsin avtomobilinin arxasınca getmişdir. Həmin şəxs evinin yerini onlara izah edə bilmədiyindən kəndin içərisində olan dükanların birində avtomobilləri saxlamış və həmin şəxsin evinin yerini soruşmuşlar. Mağazada olan şəxs həmin kişini tanımış və evini göstərmək üçün onlarla birlikdə getmişdir. Onlar kişini aparıb yaşadığı evə düşürmüş və onları qarşılayan oğluna baş vermiş hadisə barədə məlumat vermişlər. O, zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən vurmamış, sonuncu onunla toqquşması nəticəsində həmin xəsarətləri almışdır. Hal-hazırda o, Zərərçəkmiş şəxsla barışmış, səhhəti ilə əlaqədar zərərçəkmişə dəymiş zərəri tam şəkildə ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd etdiklərini və törətdiyi əməlindən peşiman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 10 sentyabr 2021-ci il tarixdə yaşadığı evdən kənarda kəndin ərazisində olan meyvə bağına baxmaq üçün getmişdir. Həmin vaxt saat təxminən 23 radələri olmuşdur. O, kəndin çıxışına çatdığı zaman “VAZ 2107” markalı qırmızı rəngli dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin yolun orta hissəsi ilə çox yavaş sürətlə təxminən 20-30 kilometr sürətlə hərəkət etdiyini görmüşdür. Əvvəl o, avtomobilin sürətini azaltmış və həmin avtomobilin sürücüsünə siqnal vermiş, sürücü siqnalın səsini eşitmədikdə o, yenidən işıqla sürücüyə yol verməsi üçün işarə etmişdir. O, işıq işarəsi verən kimi avtomobili idarə edən şəxs avtomobili sağa çəkmiş və əli ilə ona keç işarəsi vermişdir. O da həmin avtomobilin yanından ötüb keçmişdir. O, keçən kimi sürücü ona arxadan işıqla saxla işarəsi vermişdir. Lakin o, sürücünün hərəkətlərindən ehtiyat etdiyindən avtomobilinin sürətini artıraraq həmin avtomobildən uzaqlaşmışdır. O, öz torpaq sahəsinə çatdıqda yolun əks tərəfinə keçərək avtomobili fırlatmış və yaşadığı kənd istiqamətinə, yəni qayıdacağı yol istiqamətində yolun kənarında saxlamışdır. O, avtomobildən düşərək avtomobilin qapısını açarla bağlamaq istədiyi zaman qəfildən tormoz səsi eşitmiş və yola tərəf baxdıqda əvvəl yolda yavaş sürətlə gedən avtomobilin dayandığını görmüşdür. Avtomobil dayanan kimi birinci avtomobili idarə edən şəxs, arxasınca isə digər üç nəfər şəxs avtomobildən düşərək ona tərəf qaçmağa başlamışlar. Avtomobil ondan təxminən 20-25 metr aralıda dayanmışdır. Hava çox qaranlıq olduğundan o, həmin şəxslərin kimliyini seçə bilməmişdir. O, həmin şəxslərin ona tərəf qaçdıqlarını gördüyündən “nolub ay bala kimsiniz” demişdir. Həmin anda da avtomobilin sürücüsü onun yanına çatmişdir. Digər şəxslər isə ondan arxada olmuşlar. Sürücü onun yanına çatan kimi əlini qaldırdığını görmüş, lakin onu nəylə vurmasını görməmişdir. Başında mis qazana çəkic vurulanda çıxan səs kimi səs qulağına gəlmişdir. Həmin vaxtdan sonra o, heç nə xatırlamamışdır. O, özünə gəldiyində evdə olduğunu görmüşdür. Həmin vaxtda oğlu Şahram ona “ay ata, bizi niyə biyabır elədin” demişdir. O, oğlundan səbəbini soruşduqda oğlu ona evə gətirən şəxslərin onu evə verdikləri zaman oğluna onun avtomobili sürən zaman avtomobilin sağa-sola oynadığını və bundan sonra avtomobildən yıxılıb xəsarət aldığını bildirdiklərini demişdir. O, isə oğluna onu evə gətirən şəxslərin “VAZ 2107” markalı avtomobillə gəlib- gəlmədiklərini soruşduqda oğlu həmin şəxlərin “VAZ 2107” markalı avtomobillə gəldiklərini bildirmişdir. O da həmin vaxt oğluna yıxılmadığını, onu həmin şəxslərin vurduqlarını və tez polisə şkayət etməsini demişdir. Bundan sonra onlar polis bölməsinə gedərək ərizə ilə müraciət etmişlər və daha sonra xəstəxanaya getmişlər. Sonradan o, bir müddət xəstəxanada yatmış və ona məlum olmuşdur ki, həmin vaxt aldığı zərbədən baş sümüyü qırılmışdır. Hal-hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs səhhəti ilə əlaqədar ona dəymiş zərəri tam şəkildə ödəmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsin gənc olmasını nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Onların ailəsinə məxsus yaşadığı evdən kənarda bağ sahəsi vardır. 10 sentyabr 2021-ci il tarixdə saat təxminən 22 radələrində atası bağa su buraxmaq üçün özünə məxsus “Lada Qranta” markalı, ** LR *** dövlət qeydiyyat nişanlı avtomobillə evdən çıxmışdır. Adətən atası bağ sahəsinə gedərək suların istiqamətini dəyişib 15-20 dəqiqəyə evə qayıdardı. Təxminən 20 dəqiqə sonra yola çıxdıqda onların avtomobilinin gəlməsini və avtomobili başqa şəxsin idarə etməsini görmüşdür. Həmin vaxt arxada “VAZ 2107” markalı avtomobil də dayanmışdır. Avtomobildən atası ilə bərabər kənddə mağaza işlədən Mövlan adlı həmkəndlisi də düşmüşdür. Atası həmin vaxtı çox halsız vəziyyətdə olmuşdur. O, nə baş verməsini soruşduqda adının sonradan Məftun olduğunu bildiyi şəxsin atasının avtomobilinin onlardan öndə getdiyini, avtomobil getdiyi zaman qapının açıldığını və atasının yerə yıxıldığını, bundan sonra həmin şəxslərin atasına kömək edərək evə gətirdiyini bildirmişlər. Mövlan isə həmin şəxslərin onların evini tanımadığından evi göstərmək üçün gəldiyini demişdir. Bu zaman o, atasını evə gətirən şəxslərin çox qorxmuş vəziyyətdə olduğunu görmüşdür. Məftun adlı şəxs ondan su istəmişdir. O, Məftuna su verdikdən sonra həmin şəxslər getmişlər. O da həmin şəxslərə atasını evə gətirdiklərinə görə minnətdarlıq bildirmişdir. Həmin şəxslər getdikdən sonra o, atasından nə baş verməsini soruşduqda atası heç nə xatırlamadığını bildirmişdir. Təxminən iki saat sonra atası özünə gəlmiş və “məni vurdular” demişdir. Atası bu sözü dedikdən sonra atasını evə gətirən şəxslərin vurmasını başa düşmüş və yenidən mağaza işlədən Mövlanın yanına getmişdir. Atasının vurulduğunu deyərək Mövlandan nəsə bilib-bilməməsini soruşmuşdur. Mövlan isə ona həmin şəxslərin mağazaya gəlib su aldıqları zaman atasını göstərərək evi tanıyıbtanımadığını soruşduqlarını, Mövlan onlardan nə baş verməsini soruşduqda həmin şəxslər atasının avtomobildən yıxıldığını dediklərini, sonra isə Mövlan həmin şəxslərlə gələrək onların evini göstərdiyini bildirmişdir. O, daha sonra polis bölməsinə gedərək hadisə barədə məlumat vermiş, evə gələrək atasını xəstəxanaya aparmışdır. Xəstəxanada atasını müayinə etdikləri zaman çox ciddi xəsarətlərinin olmasını bilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən ərzaq mağazasını işlədir. 10 sentyabr 2021-ci il tarixdə saat təxminən 23 radələrində mağazada olduğu zaman çöldə dayanmışdır. Həmin vaxt həmkəndlisi Zərərçəkmiş şəxs məxsus “Lada Qranta” markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobilin mağazanın qarşısında dayandığını görmüşdür. Həmişəki kimi həmin avtomobili Çingiz və ya onun oğlu Şahram deyil, tanımadığı şəxs idarə etmişdir. Avtomobildən düşən şəxs ona yaxınlaşaraq Çingizi göstərib onu tanıyıb-tanımadığını soruşmuşdur. Həmin vaxt arxada “VAZ 2107” markalı avtomobil də dayanmış, həmin avtomobildən də cavan oğlanlar düşərək ona yaxınlaşmışlar. O, həmin şəxslərə baxdıqda həmin şəxslərin hamısının həyəcanlı olmasını görmüşdür. O, Çingizi tanıdığını, həmkəndlisi olmasını bildirmiş və nə baş verməsini soruşmuşdur. Həmin şəxslər ona bildirmişlər ki, Çingizə məxsus avtomobil öndə gedən zaman Çingiz avtomobili yüksək sürətlə idarə edərək həmin şəxslərin getdiyi avtomobilin qarşısında avtomobili sağa-sola oynatmış, daha sonra avtomobil dayandığı zaman gedib qapını açdıqda Çingizin avtomobildən yerə yıxıldığını bildirmişlər. O, həmin vaxt avtomobilin arxa oturacağında oturmuş və Çingizdən nə olmasını soruşmuşdur. Çingiz avtomobilin ön oturacağında sakit dayanmışdır. O, Çingizə nə qədər sual versə də, Çingiz ona cavab verməmişdir. Bundan sonra o, həmin şəxslərə yolu göstərərək Çingizi yaşadığı evə aparmışlar. Digər “VAZ 2107” markalı avtomobil də onların arxasınca gəlmişdir. Evə çatdıqda o, avtomobildən düşərək həyətə keçmiş, Çingizin oğlu Şahram onu qarşılayaraq nə baş verməsini soruşduqda o, Şahrama Çingizin sərxoş olub avtomobildən yıxıldığını bildirmişdir. Çünki həmin vaxt ancaq Çingizin sərxoş olmasını təsəvvür etmişdir. Lakin Şahram ona Çingizin ümumiyyətlə içki içmədiyini bildirmişdir. O isə həmin vaxt nə baş verməsini anlamamışdır. Çingizi evə gətirən şəxslərdən biri su istədikdə Şahram həmin şəxsə su vermişdir. Çingizi evə təhvil verdikdən sonra həmin şəxslər onu mağazaya düşürmüş, sonra oradan uzaqlaşaraq getmişlər. Həmin şəxslər getdikdən təxminən 15 dəqiqə sonra Şahram gəlib nə baş verməsini soruşaraq Çingizin heç bir söz demədiyini bildirmişdir. O isə həmin şəxslərin ona danışdığı söhbəti Şahrama danışmışdır. Şahram getmiş, təxminən yarım saat sonra yenidən gələrək atasının özünə gəldiyini və həmin şəxslərin atasını vurduğunu demişdir. Bundan sonra onlar birlikdə mağazanın müşahidə kamerasına baxmış və onların dükanın qarşısından keçən görüntülərini görmüşlər. Lakin orada həmin şəxslər arasında hər hansı problem olması görünməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanımış, münasibətləri həmişə yaxşı olmuşdur. 10 sentyabr 2021-ci il tarixdə saat təxminən 22 radələrində Məftun ona zəng edərək atasına məxsus avtomobilin özündə olduğunu bildirmiş və bir qədər avtomobillə gəzməyi ona təklif etmişdir. O, Məftunla razıaşmışdır. Bir qədər sonra Məftun avtomobillə gələrək onların evinin qarşısında saxlamışdır. O, avtomobilə baxdıqda avtomobili Məftunun özünün sürdüyünü, ön oturacaqda Səbuhi adlı, arxa oturacaqda isə Elmir adlı həmkəndlisinin oturduğunu görmüş, o da arxa oturacaqda oturmuşdur. Onlar bir qədər Düyərli kəndində gəzdikdən sonra, Zəyəm qəsəbəsinə gəlmiş, orada da bir qədər gəzdikdən sonra, Məftun avtomobili Sabirkənd kəndi istiqamətində sürməyə başlamışdır. Məftun Sabirkənd kəndindən Şəmkir şəhəri tərəfə sürəcəyini və şəhərə çatmamış geri qayıdacağını bildirmişdir. Onlar Sabirkənd kəndinin çıxışına çatdığı zaman Məftun avtomobili asta sürətlə təxminən 20-30 kilometr saat sürətlə idarə etmişdir. Həmin vaxt arxada bir avtomobil onların avtomobilinin arxasına yaxınlaşmış və işıqla Məftuna işarə vermişdir. Məftun da avtomobili sağa çəkərək əli ilə arxadan gələn avtomobilə sürüb getməsi barədə işarə vermişdir. Həmin vaxt arxadan gələn ağ rəngli avtomobil yüksək sürətlə sürərək onları ötüb keçmişdir. Həmin avtomobil yüksək sürətlə onları ötüb keçdiyindən Məftun həmin avtomobilə bir neçə dəfə işıq işarəsi vermiş, lakin onları keçən avtomobil əhəmiyyət vermədən avtomobili sürüb getmiş və gözdən itmişdir. Onlar kənddən çıxdıqdan sonra Məftun avtomobilin sürətini artırmışdır. Bir qədər getdikdən sonra əvvəl onları keçən avtomobilin onlardan irəlidə getdiyini görmüşlər. Həmin vaxt qarşıda gedən avtomobil heç bir dönmə işığından istifadə etmədən avtomobili əvvəlcə sağa çəkmış, daha sonra isə avtomobili sola çəkərək fırladıb əks hərəkət zolağının kənarında dayanmışdır. Həmin vaxt Məftun avtomobillə toqquşmamaq üçün sükanı sağa çəkmiş və avtomobil yoldan çıxaraq yolun kənarında olan kolluğun yanında dayanmışdır. Məftun həmin vaxt avtomobildən düşmüş və “Kimsən ə bizi öldürmüşdün” deyərək həmin avtomobilə tərəf qaçmışdır. Onlar da tez avtomobildən düşmüş, həmin avtomobilin onlardan təxminən 20 metr aralıda dayandığını görmüşlər. Həmin vaxt avtomobildən düşən şəxs onlara tərəf bir neçə addım ataraq “nolub ə kimsiniz” demişdir. Lakin qaranlıq olduğundan həmin şəxsin üzünü görmək olmamışdır. Həmin anda da Məftun avtomobildən düşən şəxsə çatan kimi həmin şəxsi itələmişdir. O da bu zaman Məftunun yanına çatmış və telefonun işığını yandırdıqda yaşlı bir kişinin yerdə uzandığını görmüşdür. O, Məftundan nə olduğunu soruşduqda Məftun həmin şəxsi itələdiyini bildirmişdir. O, baxdıqda kişinin huşunu itirdiyini görmüşdür. O, kişinin başını qaldırıb dizinin üstünə qoymuşdur. Bu zaman yol keçən iki avtomobil saxlamış və nə baş verdiyini soruşmuşlar. Onlar həmin şəxsin yıxılıb başnın yerə dəydiyini bildirmişlər. Orada olan şəxslərdən biri onlara su vermişdir. O, kişinin üzünə su vurduqda həmin şəxs bir az özünə gəlmişdir. Bundan sonra onlar həmin şəxsi yolun kənarına aparmışlar. Kişi isə onlara “mənə nolub” demişdir. Onlar da həmin şəxsə yerə yıxılıb xəsarət aldığını bildirmişlər. Lakin həmin şəxsin vəziyyətinin yaxşı olmadığını, başının bir az qanadığını görmüşlər. Həmin şəxsi xəstəxanaya aparmağı təklif etmişlər. Lakin həmin şəxs evə getmək istədiyini bildirmişdir. Onlar həmin şəxsi avtomobilinə oturtmuş, həmin şəxsin avtomobilini Səbuhi idarə etməyə başlamış, o isə arxa oturacaqda oturmuşdur. Onlar həmin şəxsdən evinin yerini soruşduqda həmin şəxs evinin yerini izah edə bilməmişdir. Sabirkənd kəndinin içərisinə çatdıqda dükanların birində dayanaraq dükanı işlədən bir kişidən həmin kişinin evinin harada olmasını soruşduqda dükanda olan orta yaşlı kişi həmin şəxsin həmkəndlisi Çingiz olmasını, evlərini tanıdığını bildirmişdir və avtomobilə əyləşmişdir. Həmin şəxsin göstərməsi ilə Çingizin yaşadığı evə getmişlər. Onlar Çingizin evinə çatdığı zaman onları Çingiz adlı şəxsin oğlu qarşılamışdır. O, Çingizə evə keçməyə köməklik göstərmişdir. Onlar orada da baş verənləri izah edərək Çingizi yenə də həkimə aparmağı təklif etmişlər. Lakin Çingiz ehtiyac olmadığını bildirmişdir. Bundan sonra onlar oradan çıxaraq evə getmişlər. Şahid3 ifadəsində həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs Məftunun itələyərək yıxmasını görmüşdür. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 və Şahid5 məhkəmədə şahid kimi dindirilmiş Şahid3 ilə eyni məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, 07 sentyabr 2021-ci il tarixdə sinif yoldaşı və həmkəndlisi olan Xəyal Hüseynovla ona məxsus avtomobillə Şəmkir şəhərinə gəlmişlər. Saat təxminən 23 radələrində onlar yenidən yaşadığı kənddə qayıtdığı zaman orada yerləşən aerodromun yaxınlığında yolda 7-8 nəfər şəxsin olduğunu görmüşlər. İlk əvvəl onlar yolda avtomobilin piyada vurması hadisəsi olması kimi başa düşərək avtomobili saxlayaraq yerə düşmüşlər. Yaxınlaşdıqda orada olan cavan oğlanlar “bunlar bizim həmkəndlilərimizdir” deyərək onun əlində olan suyu istəmişdir. O, həmin şəxsləri həmkəndlisi kimi tanımış və heç birinin adını bilməmişdir. Sonradan birinin həmkəndlisi Fərmanın oğlu Məftun olmasını görmüşdür. O, yaxınlaşaraq əlindəki suyu orada olan oğlanlara verdikdə asvaltın kənarında tanımadığı bir kişinin uzandığını görmüşdür. Oğlanlardan biri əlindən suyu götürdükdən sonra həmin kişinin üzünə su vurmuşdur. Bundan sonra kişi özünə gəlmişdir. Xəyal həmin vaxtı orada olan şəxslərdən yol-nəqliyyat hadisəsi olub-olmadığını soruşduqda oğlanlar kişinin ürəyinin tutduğunu bildirmişlər. Bu zaman kişi də özünə gəlmiş, yanındakı həmkəndliləri kişiyə ayağa qalxmağa köməklik edərək ayağa qaldırmışlar. Həmin kişini ağ rəngli bir avtomobilin qabaq oturacağına oturtmuşlar. Həmin şəxslərin arasında olan söhbətdən o, bilmişdir ki, həmin avtomobil kişinin öz avtomobili olmuşdur. Avtomobilin içərisinə baxdıqda içərisində təsərrüfat işlərində işlənən bel olması aydın görünmüş və kişinin haradansa işdən gəlməsini başa düşmüşdür. Bundan sonra kişinin avtomobilini oğlanlardan biri idarə etmiş, arxasınca isə özlərinin “VAZ 2107” markalı avtomobili ilə Sabirkənd kəndi istiqamətində getmişlər. Onlar Sabirkənd kəndinin girişinə kimi həmin avtomobillərin arxasınca getmişlər. Kəndə çatdıqda onlar qarşıda gedən avtomobilləri ötüb keçərək yaşadığı kəndə getmişlər. Bir müddət sonra o, həmkəndlilərindən biri olan Məftunun həmin hadisə ilə bağlı həbs olunmasını eşitmişdir. Şahid6 ifadəsində həmçinin göstərmişdir ki, o, həmin yerə çatdıqda xəsarət alan şəxsin avtomobilindən təxminən 4-5 metr aralıda yerdə uzanıqlı vəziyyətdə olmasını görmüşdür. Lakin o, həmin hadisənin necə baş verməsini bilməmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12 dekabr 2021-ci il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin düzgünlüyünü yoxlamaq məqsədilə onun ifadəsi hadisə yerində yoxlanılan zaman o, Təqsirləndirilən şəxs onu istintaqa məlum olmayan küt alətlə vuraraq xəsarət yetirdiyi Şəmkir rayonu, Sabirkənd kəndi ərazisində “Aerodrom yolu” adlı yolun kənarını istintaq hərəkətinin iştirakçılarına göstərmiş və ifadəsində qeyd etdiyi xüsusatları bir daha olduğu kimi hadisə yerində təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 189-192). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 26 dekabr 2021-ci il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü yoxlamaq məqsədilə onun ifadəsi hadisə yerində yoxlanılan zaman o, Zərərçəkmiş şəxs xəsarət yetirdiyi Şəmkir rayonu, Sabirkənd kəndi ərazisində “Aerodrom yolu” adlı yolun kənarını istintaq hərəkətinin iştirakçılarına göstərmiş və ifadəsində qeyd etdiyi xüsusatları bir daha olduğu kimi hadisə yerində təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 210-215). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan üzləşdirmə istintaq hərəkətinə dair protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ifadələri arasında mühüm ziddiyyət olduğuna görə onlar arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir (iş vərəqə: cild İ, səh. 203-208). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibb ekspertizasının 14 sentyabr 2021-ci il tarixli, 1172 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- başın tüklü hissəsində təpə ənsə nahiyyəsinin sıyrığı, sağ təpə-gicgah nahiyyəsinin dərialtı hematoması, sağ gicgah və təpə sümüklərinin minimal yerini dəyişmiş xətti sınıqları, baş beyinin sağ gicgah-təpə-ənsə paylarının epidural hematoması, hər iki alın paylarının ön səthində minimal subaraxnoidal qanama, sağ dirsək oynağının arxa səthinin və sağ əlin İİİ barmağının sıyrıqları küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 10 sentyabr 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə başın tüklü hissəsində təpə ənsə nahiyyəsinin sıyrığı, sağ təpə-gicgah nahiyyəsinin dərialtı hematoması, sağ gicgah və təpə sümüklərinin minimal yerini dəyişmiş xətti sınıqları, baş beyinin sağ gicgah-təpə-ənsə paylarının epidural hematoması, hər iki alın paylarının ön səthində minimal subaraxnoidal qanama həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, sağ dirsək oynağının arxa səthinin və sağ əlin İİİ barmağının sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (iş vərəqə: cild İ, səh. 24-26). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibb ekspertizasının 17 dekabr 2021-ci il tarixli, 22/Ə saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - başın tüklü hissəsində təpə ənsə nahiyyəsinin sıyrığı, sağ təpə-gicgah nahiyyəsinin dərialtı hematoması, sağ gicgah və təpə sümüklərinin minimal yerini dəyişmiş xətti sınıqları, baş beyinin sağ gicgah-təpə-ənsə paylarının epidural hematoması, hər iki alın paylarının ön səthində minimal subaraxnoidal qanama, sağ dirsək oynağının arxa səthinin və sağ əlin İİİ barmağının sıyrıqları bədənin müxtəlif nahiyyələrində yerləşdiyindən həmin xəsarətlərin Zərərçəkmiş şəxs öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur (iş vərəqə: cild İ, səh. 194-197). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının 18 noyabr 2021-ci il tarixli, 700 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur (iş vərəqə: cild İ, səh. 155-156). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 07 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh. 37-38). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Şəmkir Rayon Məhkəməsinin 09 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 07 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 112-116). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30.10.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 125). Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs ona dəymiş zərəri tam şəkildə ödəmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş edir (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon Şöbəsinin SB/733 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs qardaşı X8 oğlu 04 aprel 2016-cı il tarixdə döyüş tapşırığının icrası zamanı düşmənin atdığı artileriya atəşi nəticəsində şəhid olmuşdur (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir rayon İcra Hakimiyyəti başçısının Düyərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 27.12.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailəsi atası Fərman İsgəndərov, anası Gülşən İsgəndərovadan ibarətdir (iş vərəqə: cild İ, səh. 222). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəmkir rayon Mərkəzindən verilmiş 005368 saylı vəsiqənin surətindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs atası X3 şəhid ailəsinin üzvü statusu verilmişdir (iş vərəqə: cild İ, səh.224). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir rayon İcra Hakimiyyəti başçısının Düyərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xasiyyətləndirilir (iş vərəqə: cild İ, səh. 223). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, qeyd edilən sübut növləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən vurmamasını, sonuncunun onunla toqquşması nəticəsində həmin xəsarətləri almasına dair məhkəmə istintaqı zamanı verdiyi ifadəsi işin faktiki hallarına uyğun deyil. Belə ki, qeyd olunan xüsusatlar məhkəmə-tibb ekspertizasının 14 sentyabr 2021-ci il tarixli, 1172 saylı rəyi, məhkəmə-tibb ekspertizasının 17 dekabr 2021-ci il tarixli, 22/Ə saylı rəyi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsinin həqiqətə uyğun olmayan həmin hissəsini inandırıcı hesab etmir və onun daha ağır məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadələr kimi qiymətləndirir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərərək onu dərhal evinə aparması nəticəsində zərərçəkmiş şəxsin həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun qardaşının Azərbaycanın ərazi bütövlüyü uğrunda 2016-cı ilin aprel döyüşlərində döyüş tapşırığının icrası zamanı şəhid olmasını, qardaşının şəhid olması nəticəsində yaşlı ata və anasından ibarət ailəsinin yeganə övladı olmasını, onun ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.11, 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində cəza təyin edildikdə belə, həmin cəzanın onun və ailəsinin həyat şəraitinə mənfi təsir göstərəcəyi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cinayət məsuliyyətinin prinsiplərini və cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərə alıb təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərərək onu dərhal evinə aparması nəticəsində zərərçəkmiş şəxsin həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını, təqsirləndirilən şəxsin qardaşının Azərbaycanın ərazi bütövlüyü uğrunda 2016-cı ilin aprel döyüşlərində döyüş tapşırığının icrası zamanı şəhid olmasını, qardaşının şəhid olması nəticəsində yaşlı ata və anasından ibarət ailəsinin yeganə övladı olmasını, onun ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini nəzərə alaraq, qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun ilk dəfə, ağır cinayətə görə azadlıqdan məhrum etməyə məhkum olunacağını nəzərə alır və Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 07 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs oğlu 07.10.2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Şəmkir Rayon Məhkəməsinin 09.10.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə maddi sübut yoxdur, qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, ekspertiza xərci müəyyən edilməmiş, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 07 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut yoxdur, qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, xüsusi müsadirə edilməli olan əmlak yoxdur, ekspertiza xərci müəyyən edilməmiş, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev
Məhkəmə qərarları › İş №1(100)-184/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-184/2022
15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver