Məhkəmə qərarları › İş №1(100)-185/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-185/2023

22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-185/2023 22.12.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu (məruzəçi hakim) və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6 və X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Qubadlı rayonu Tinli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə şəhəri M.Hüseynzadə küçəsi ev 31-də qeydiyyatda olan və Bərdə şəhəri Meşəçilik İnstitutunda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylıİstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan edilmişdir ki, o satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni təmiz çəkisi 3,147 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1(bir) ədəd göy rəngli polietilen kəsiyi bükümündə qanunsuz əldə edərək üzərində saxlamış, 22 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri Meşəçilik qəsəbəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə RPŞ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən külli miqdarda, yəni 1(bir) ədəd göy rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 3,147 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailəlidir, himayəsində 4 (dörd) azyaşlı uşağı var. Ailəsini dorlandırmaq üçün müxtəlif yerlərdə fəhləlik edir. Tutulmamışdan təxminən 1 il əvvəl narkotik vasitədən istifadə etmişdir.xx.xx.2022-ci il tarixdə saat 01 radələrində yaşadığı Meşəçilik İnstitutunun ərazisində yerləşən bir otaqlı yaşayış sahəsinin qapısını sındırıb içərisindən 2 ədəd xalça oğlurlamışdır. Həmin xalçaları əmisi arvadı Yetərə satmışdır. Sonra eşitmişdir ki, xalçanı oğurladığı Firuzə adlı qadının oğlu şəhid olmuş, onun nömrəsini öyrənmiş və özünün mobil telefonu olmadığı üçün tanışlarının telefonu ilə həmin qadına zəng edərək özünü təqdim edib xalcaları onun oğurladığını, polisə şikayət etməməsini və xalçaları gətirib qaytaracığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə işdən evə gəlmiş və səhərisi əmisi arvadından xalçaları götürüb sahibinə qaytaracağını fikirləşmişdir. Evdə olarkən təxminən saat 01 radələrində polis əməkdaşları onu evdən çağırmış və oğlurluq hadisəsi ilə bağlı onu Bərdə rayon polis şöbəsinə aparmışlar. Polisdə ondan xalca oğlurluğu barədə soruşulmuş, o da hər şeyi etiraf etmişdir. Səhərə kimi polis şöbəsində qalmış və tanımadığı polis əməkdaşı əmisi oğlu Muxtara zəng etmiş və o Muxtara anası Yetərə verdiyi xalçaların oğurluq olduğunu və gətirib polisə təhvil verməsini demişdir. Sonra polis əməkdaşları onun narkotik vasitə istifadə etdiyini bilmişlər. Ona hədə-qorxu gəlinmiş və şəhid ailəsinin evindən oğurluq etdiyinə görə tutulacağını və ağır cəza alacağını demişlər. Sonra ona təklif etmişlər ki, oğurluq cinayətini xitam etsinlər, narkotik vasitə istifadəçisi kimi məsuliyyəti cəlb etsinlər və məhkəmədən yüngül cəza alsın. O da polis əməkdaşının təklifi ilə razı olmuşdur. Səhər tezdən əmisi oğlu, arvadə və əmisi arvadı Yetər xalcaları gətirib polisə təhvil vermişlər. Bundan sonra onun üzərinə narkotik vasitə qoyulmuş, vəkil dəvət olunmuş və üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilərkən ona üzərində olan qanunsuz əşya və ya predmetin olub olmaması soruşulmuşdur. O, əynində olan qara rəngli cins şalvarın sağ yan cibində “Prima” markalı siqaret qutusunun içərisində 1 ədəd sellofan bükülünü çıxardıb masanın üzərinə qoymuş və təqdim etdiyi bükülünün içərisində narkotik vasitə hesab edilən “heroin” olduğunu bildirmişdir. Polis əməkdaşlarının ona əvvəlcədən dedikləri kimi narkotik vasitəni Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi ilə Bərdə rayonu Alaçadırlı kəndinin kəsişməsindən keçən dəmiryolu relslərinin kənarından tapdığını və öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Vəkilə ona qarşı təsir olduğunu söyləməmiş, polisdən qorxduğu üçün susmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bərdə rayon polis şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 22 sentyabr 2022-ci il tarixdə ona Bərdə şəhəri Meşəçilik İnstitutunda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün Təqsirləndirilən şəxs saxlanılaraq Bərdə RPŞ-nə gətirilmişdir. Polis şöbəsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya, predmetin olub-olmadığı soruşulmuş və olduğu halda könüllü təhvil verməsi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs ilk öncə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Prima” markalı siqaret qutusu çıxarmış, sonra həmin siqaret qutusunun içərisindən 1 ədəd göy rəngli sellofana bükülmüş kütlə çıxardaraq masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükülünün içərisində “kakos” kimi tanınan narkotik vasitə hesab edilən heroin olduğunu və öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi ilə Bərdə rayonu Alaçadırlı kəndinin kəsişməsindən keçən dəmiryolu relslərinin kənarından tapdığını və öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, təxminən 2 ildir ki, narkotik vasitə hesab edilən heroin istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin gün axşam Meşəsilik institutunun ərazisində saxlamışlar. Onun oğurluq etməsi barədə onlarda məlumat olmamış, oğurluq hadisəsinə görə polisə gətirməmişlər. Onun məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, ona hədə-qorxu gəlinməmiş, heç bir zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2009-cu ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş və həmin nikahdan 2010-cu ildə Rüstəm adlı oğlan, 2011-ci ildə Nurlan adlı oğlan, 2012-ci ildə Fəqan adlı oğlan, 2015-ci ildə isə Əsmər adlı qız övladları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra əri Ruslan və azyaşlı övladları ilə birlikdə Bərdə şəhəri Meşəçilik İnstitutunda yaşamışlar. Ruslan müxtəlif yerlərdə fəhləlik etməklə ailəsini dolandırmışdır. Onun narkotik vasitələrdən istifadə etməsindən xəbəri olmamışdır. 21 sentyabr 2022-ci il tarixdə axşam Ruslan işdən gəlib yuyunub əynini dəyişdikdən sonra yemək yemişdir. Təxminən saat 01 radələrində polis əməkdaşları Ruslanı evdən çağırmış və oğurluq hadisəsi ilə bağlı polisə getməsini haqqında şikayət olduğunu, ifadəsini alıb buraxacaqlarını demişlər. O da Ruslana evdən yuduğu təmiz paltarları vermiş və geyinib getmişdir. Səhər saatlarında Ruslanın əmisi oğlu Muxtar demişdir ki, Ruslan anası Yetərə 2 ədəd xalça vermiş, həmin xalçaların oğurluq olduğunu deyərək polisə təhvil verilməli olduğunu bildirmişdir. Sonra Yetərlə birlikdə 2 ədəd xalçanı aparıb polisə təhvil vermişlər. Həmin vaxt Ruslanı görməmiş və xalca oğurluğuna görə tutulduğunu demişlər. Sonra bilmişdir ki, Ruslanın narkotik vasitəni qanunsuz saxlamasına görə tutublar. Axşam polis əməkdaşları Ruslanı evdən aparanda o işdən gəldiyi paltarı soyunmuş, ona başqa yuduğu təmiz paltarları vermişdir. Ona görə də Ruslanın üzərində narkotik vasitə ola bilməzdir. Sonra bilmişdir ki, Ruslanın oğurluq cinayətini bağlayaraq üzərinə narkotik vasitə qoyub tutmuşlar. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, qaynı oğlu Ruslan tutulmamışdan 2 gün əvvəl onlara gəlmiş və özü ilə 2 ədəd xalçal gətirmişdir. Xalçaların dostuna məxsus olduğunu bildirmişdir. Ruslanın ona 20 manat borcu olmuş, Ruslan 30 manat əlavə pul verməyi qarşlığında xalçaların ona verməyi təklif etmiş, o razılaşmışdır. Bundan təxminən 2 gün sonra səhər tezdən oğlu Muxtar ona zəng edərək, Ruslanın gətirdiyi xalçaların oğurluq olduğunu və xalçaları polisə təhvil verməyini bildirmişdir. Ona məlum olmuşdur ki, oğurluq etdiyinə görə Ruslanı axşam evdən polisə aparmışlar. O da Ruslanın yoldaşı Fərqanı ilə bilrlikdə xalçaları aparıb polisə təhvil vermişlər. 2 nəfər polis əməkdaşı şəkillərini çəkib xalçaları təhvil almışlar. Həmin vaxt Ruslanı görməmişdir. Xalçaların sahibi də polis idarəsində olmuşdur. Sonradan xalçaların sahibinin adının Firuzə olduğunu öyrənmişdir. Ruslanın oğlurluq etdiyini görə tutulduğunu bilmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, əmisi oğlu Ruslanı polis əməkdaşları oğurluq hadisəsi ilə bağlı axşam polis şöbəsinə aparmışlar. Sonra ona tanımadığı nömrədən zəng gəlmiş, Ruslan ona anasına verdiyi xalçaları polisə təhvil verməsini xahiş etmişdir. O da anasına bu bardə məlumat vermişdir. Bundan sonra anası Yetər Ruslanın yoldaşı ilə birlikdə xalçaları polisə təhvil vermişlər. Zəng zamanı həm də, Ruslanın oğurluq hadisəsi ilə bağlı saxlanıldığını bildirmişlər. Sonradan Yasin adlı polis əməkdaşından Ruslanın xalça oğurluğu ilə bağlı tutulduğunu öyrənmişdir. xx.xx.2022-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi və cinayət başında yaxalanması üçün onun üzərinə şəxsi axtarış həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(076)-209/2022 saylı qərarından görünür ki, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarda qanun pozuntuzu aşkar olunmadığı müəyyən edilmişdir. «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Prima” markalı siqaret qutusunu çıxarmış, sonra həmin siqaret qutusunun içərisindən 1(bir) ədəd göy rəngli polietilen kəsiyi bükümündə ümumi çəkisi 3,37 qram narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş və həmin kütlə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. «Diskə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına qeyd olunmuş və istifadəsində olmuş GSM nömrələrinə daxil olmuş və həmin nömrədən göndərilmiş zənglərə və SMS-lərə aid məlumatlarda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilmədi. Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Bərdə şəhəri Meşəçilik institutunda yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmiş və narkotik vasitə və ya onun prekursorlarını hər hansı şəxs və ya şəxslərə satmamışdır. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 16/1131 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Bərdə rayon İnstitut meşəsi adlanan ərazidə yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd sellofan bükümdə olan narkotik vasitəyə bənzər kütlə...” sözlər və imzalar olan zərfdəki, 1(bir) ədəd göy rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 3,147 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1ci siyahısının İ bəndinə daxildir. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1743 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Bərdə Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın narkoloji kabinetində qeydiyyatında durmur. Bərdə Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durmur. Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri Meşəçilik İnstitutu ərazisində yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. AZE N 11092836 saylı “Şəxsiyyət vəsiqəsinin” surətindən görünür ki, X10 xx.xx.2010-cu il tarixdə anadan olmuşdur. AZE N 11092838 saylı “Şəxsiyyət vəsiqəsinin” surətindən görünür ki, X11 xx.xx.2011-ci il tarixdə anadan olmuşdur. AZE N 11426239 saylı “Şəxsiyyət vəsiqəsinin” surətindən görünür ki, X13 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. AZE N 11092813 saylı “Şəxsiyyət vəsiqəsinin” surətindən görünür ki, X12 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 23.09. 2022-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Fizuli-Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 335.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və götürülmüşdür. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra 1(bir) ədəd göy rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 3,097 qram narkotik vasitə - heroin Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılır, şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki,xx.xx.2022-ci il tarixdə saat 01 radələrində yaşadığı Meşəçilik İnstitutunun ərazisində yerləşən bir otaqlı yaşayış sahəsinin qapısını sındırıb içərisindən 2 ədəd xalça oğlurlamışdır. Həmin xalçaları əmisi arvadı Yetərə satmışdır. Sonra eşitmişdir ki, xalçanı oğurladığı Firuzə adlı qadının oğlu şəhid olmuş, onun nömrəsini öyrənmiş və özünün mobil telefonu olmadığı üçün tanışlarının telefonu ilə həmin qadına zəng edərək özünü təqdim edib xalcaları onun oğurladığını, polisə şikayət etməməsini və xalçaları gətirib qaytaracığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə işdən evə gəlmiş və səhərisi əmisi arvadından xalçaları götürüb sahibinə qaytaracağını fikirləşmişdir. Evdə olarkən təxminən saat 01 radələrində polis əməkdaşları onu evdən çağırmış və oğlurluq hadisəsi ilə bağlı onu Bərdə rayon polis şöbəsinə aparmışlar. Polisdə ondan xalca oğlurluğu barədə soruşulmuş, o da hər şeyi etiraf etmişdir. Səhərə kimi polis şöbəsində qalmış və tanımadığı polis əməkdaşı əmisi oğlu Muxtara zəng etmiş və o Muxtara anası Yetərə verdiyi xalçaların oğurluq olduğunu və gətirib polisə təhvil verməsini demişdir. Sonra polis əməkdaşları onun narkotik vasitə istifadə etdiyini bilmişlər. Ona hədə-qorxu gəlinmiş və şəhid ailəsinin evindən oğurluq etdiyinə görə tutulacağını və ağır cəza alacağını demişlər. Sonra ona təklif etmişlər ki, oğurluq cinayətini xitam etsinlər, narkotik vasitə istifadəçisi kimi məsuliyyəti cəlb etsinlər və məhkəmədən yüngül cəza alsın. O da polis əməkdaşının təklifi ilə razı olmuşdur. Səhər tezdən əmisi oğlu, arvadə və əmisi arvadı Yetər xalcaları gətirib polisə təhvil vermişlər. Həmin xüsusatın yoxlanılması üçün Bərdə RPŞ-nə sorğu verilmiş və X4 müraciəti əsasında Bərdə RPŞ-nin Təhqiqat Bölməsində toplanmış 6042/22 saylı material məhkəməyə daxil olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunan X4 müraciəti əsasında Bərdə RPŞ-nin Təhqiqat Bölməsində toplanmış 6042/22 saylı materialdan məlum olur ki, xx.xx.2022-ci il tarixdə X14 DİN-nin 102 xidmətinə zəng edərək Bərdə rayonu Meşəcilik İnstitutu ərazisində yerləşən tikintisinin qapısının sındırıldığını və ona məxsus 2 ədəd xalçanın oğlurlandığı barədə məlumat vermişdir. Həmin məlumat əsasında toplanmış material üzrə araşdırma aparılmış və xx.xx.2022-ci il tarixdə Bərdə RPŞ-nin təhqiqatçısı tərəfindən X8 məxsus yaşayış sahəsindən 2 ədəd xalçanı oğlurlayan şəxs və ya şəxslərin müəyyən edilib Təhqiqat bölməsinə təqdim edilməsi üçün Bərdə RPŞ-nin rəisinə yazılı tapşırıq verilmişdir. xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına verilmiş cavab məktubunda göstərilmişdir ki, Bərdə RPŞ-nin təhqiqat bölməsinin icraatında araşdırılan material üzrə verilmiş xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab olaraq Bərdə rayonu Meşəcilik İnstitutunda yaşayan X4 xx.xx.2022-ci il tarixdə yaşadığı evdən 2 ədəd xalçanı oğlurlayan Təqsirləndirilən şəxsdur. Odur ki, həmin şəxs tərəfəfimizdən saxlanılıb sizə təqdim edilməklə əməliyyat tapşırığında qeyd olunan və işin gedişində ortaya çıxan digər xüsusatlar üzrə gələcəkdə hər hansı bir məlumat əldə olunarsa, bu barədə sizə bildiriləcəkdir. Həmin matarial üzrə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs izahatı alınmış və o xx.xx.2022-ci il tarixdə X8 məxsus yaşayış sahəsinin qapısının kilidini sındıraraq 2 ədəd xalçanı oğlurladığını etiraf etmiş və həmin xalçaları əmisi arvadı X5 30 manata satdığını bildirmişdir. Material üzrə xx.xx.2022-ci il tarixdə X2 izahatı alınmış o da Təqsirləndirilən şəxs 2 ədəd xalçanı 30 manata aldığını bildirmiş və həmin xalçaları polisə təqdim etmiş, həmin tarixdə X2 təqdim etdiyi 2 ədəd xalça təhqiqatçı tərəfindən protokol tərtib edilərək götürülmüş və qəbzlə X8 qaytarılmışdır. Toplanmış material üzrə Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olması müəyyən edilmiş, lakin X4 ona dəymiş maddi ziyanı Təqsirləndirilən şəxs ödədiyini, onunla barışdığını və şikayət və tələbi olmadığı barədə ərizəsinə görə xx.xx.2022-ci il tarixdə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid3 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs oğurluq etməsi barədə onlarda məlumat olmadığını, onu oğurluq hadisəsinə görə polisə gətirmədiklərini göstərmişlər. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə islasında ifadəsində göstərdiyi xx.xx.2022-ci il tarixdə X8 məxsus Bərdə rayonu Meşəcilik İnstitutu ərazisində yerləşən tikilidən 2 ədəd xalçanın oğlurladığı və həmin oğlurluq faktı ilə bağlı araşdırılan material üzrə verilmiş əməliyyat tapşırığına əsasın xx.xx.2022-ci il tarixdə Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsinə saxlanılaraq Bərdə RPŞ-nə aparılması təsdiq olunur və polis əməkdaşlarının məhkəmə iclasında, yəni Təqsirləndirilən şəxs oğurluq etməsi barədə onlarda məlumat olmaması, onu oğurluq hadisəsinə görə polisə gətirmədiklərini, onun narkotik vasitə gəzdirməyə görə saxlayıb polisə gətirmələri bardə dedikləri ilə qeyd edilən oğlurluq faktı ilə bağlı araşdırılan materialda olan xüsusatlar kəskin ziddiyət təşkil edir və onların bu bardə göstərdiklərini şübhə altına salır. Təqsirləndirilən şəxs saxlanılaraq Bərdə RPŞ-yə gətirilmə vaxtı ilə bağlı da kəskin ziddiyyətlər mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs verilən ittihamdan məlum olur ki, onu 22 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri Meşəçilik qəsəbəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə RPŞ-yə gətirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə işdən evə gəlmiş və səhərisi əmisi arvadından xalçaları götürüb sahibinə qaytaracağını fikirləşmişdir. Evdə olarkən təxminən saat 01 radələrində polis əməkdaşları onu evdən çağırmış və oğlurluq hadisəsi ilə bağlı onu Bərdə rayon polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 21 sentyabr 2022-ci il tarixdə axşam Ruslan işdən gəlib yuyunub əynini dəyişdikdən sonra yemək yemişdir. Təxminən saat 01 radələrində polis əməkdaşları Ruslanı evdən çağırmış və oğurluq hadisəsi ilə bağlı polisə getməsini haqqında şikayət olduğunu, ifadəsini alıb buraxacaqlarını demişlər. O da Ruslana evdən yuduğu təmiz paltarları vermiş və geyinib getmişdir. Səhər saatlarında Ruslanın əmisi oğlu Muxtar demişdir ki, Ruslan anası Yetərə 2 ədəd xalça vermiş, həmin xalçaların oğurluq olduğunu deyərək polisə təhvil verilməli olduğunu bildirmişdir. Sonra Yetərlə birlikdə 2 ədəd xalçanı aparıb polisə təhvil vermişlər. Həmin vaxt Ruslanı görməmiş və xalca oğurluğuna görə tutulduğunu demişlər. Axşam polis əməkdaşları Ruslanı evdən aparanda o işdən gəldiyi paltarı soyunmuş, ona başqa yuduğu təmiz paltarları vermişdir. Ona görə də Ruslanın üzərində narkotik vasitə ola bilməzdir. Sonra bilmişdir ki, Ruslanın oğurluq cinayətini bağlayaraq üzərinə narkotik vasitə qoyub tutmuşlar. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, … oğurluq etdiyinə görə Ruslanı axşam evdən polisə aparmışlar. O da Ruslanın yoldaşı Fərqanı ilə bilrlikdə xalçaları aparıb polisə təhvil vermişlər. Ruslanın oğlurluq etdiyini görə tutulduğunu bilmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, əmisi oğlu Ruslanı polis əməkdaşları oğurluq hadisəsi ilə bağlı axşam polis şöbəsinə aparmışlar. Sonra ona tanımadığı nömrədən zəng gəlmiş, Ruslan ona anasına verdiyi xalçaları polisə təhvil verməsini xahiş etmişdir. O da anasına bu bardə məlumat vermişdir. Bundan sonra anası Yetər Ruslanın yoldaşı ilə birlikdə xalçaları polisə təhvil vermişlər. Zəng zamanı həm də, Ruslanın oğurluq hadisəsi ilə bağlı saxlanıldığını bildirmişlər. Sonradan Yasin adlı polis əməkdaşından Ruslanın xalça oğurluğu ilə bağlı tutulduğunu öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əmkdaşları Şahid1, Şahid3 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxladığına görə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün “axşam” Meşəsilik institutunun ərazisində saxladıqlarını göstərmişlər. Göründüyü kimi Təqsirləndirilən şəxs saxlanılaraq Bərdə RPŞ-nə özünün göstərdiyi kimi «axşam» vaxtı gətirilməsi qeyd edilən şahidlərin və polis əməkdaşlarının məhkəmədə verdikləri ifadələrlə təsdiq olunur və polis əməkdaşlarının ibtidai istintaq zamanı verdikləri ifadələrlə kəskin ziddiyət təşkil edir və onların ibtidai istintaq zamanı verdikləri ifadələrinin həqiqiliyi və möhtəbərliyni haqqında əsaslı şübhə yaradır. Məhkəmə Təqsirləndirilən şəxs saxlanılaraq Bərdə RPŞ-nə gətirilmə vaxtının yoxlanılması üçün Bərdə RPŞ-nə sorğu verilmiş və Bərdə RPŞ-nə gətirilmiş şəxslərin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən qeydiyyatı kitabından çıxarış məhkəməyə daxil olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunan Bərdə RPŞ-nə gətirilmiş şəxslərin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən qeydiyyatı kitabından çıxarışdan məlum olur ki, xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına verilmiş cavab məktubunda göstərilən Bərdə RPŞ-nin təhqiqat bölməsinin icraatında araşdırılan material üzrə verilmiş xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab olaraq Bərdə rayonu Meşəcilik İnstitutunda yaşayan X4 xx.xx.2022-ci il tarixdə yaşadığı evdən 2 ədəd xalçanı oğlurlayan Təqsirləndirilən şəxs keçirilmiş tədbirlər nəticəsində saxlanılıb Bərdə RPŞ-nin təhqiqat bölməsinin təqdim edilsə də həmin kitabda qeydiyyata alınmamışdır. Lakin qeydiyyat kitabından məlum olur ki, müxtəlif səbəblərə görə polis şöbəsinə gətirilmiş müxtəlif şəxslər sözü gedən kitiabda qeydiyyata alınmış, kitabda olan qrafalara «nəyə görə gətirilməsi», «gətirilmə tarixi», «hansı tədbirlər görülmüşdür» uyğun olaraq qeydiyyata alınmışlar. Məsələn xx.xx.2022-ci il tarixdə ……… oğlu «HK-1 №3991 saylı material üzrə» polisə gətirilmiş və «hansı tədbirlər görülmüşdür» qrafasına uyğun olaraq «izahatı alınaraq buraxıldı» kimi yazılmışdır. X4 müraciəti əsasında Bərdə RPŞ-ninTəhqiqat Bölməsində toplanmış HK-1 № 3973 saylı materialdan məlum olur ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Bərdə RPŞ-nə gətirilmiş, həmin qaydalara görə onunda polisə gətirilməsi sözügedən kitabda qeydiyyata alınmalı və material üzrə qəbul edilmiş qərarın nəticəsinə görə «hansı tədbirlər görülmüşdür» qrafasına uyğun olaraq «izahatı alınaraq buraxıldı» kimi yazılmalı idi. Göründüyü kimi Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin Təhqiqat Bölməsində oğlurluq faktına görə toplanmış HK-1 № 3973 saylı material üzrə xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Bərdə RPŞ-nə gətirilmiş, lakin həmin oğlurluq faktına görə gətirilməsi qeydiyyata alınmamış, xx.xx.2022-ci il tarixdə saat 10:30-da hazırda ittiham olunduğu cinayət işinin başlanmasına səbəb olan HK-1 №4004 saylı material üzrə polisə gətirilməsi qeyd olunanraq şübhəli şəxs qismində tutulması göstərilmişdir. Bu ziddiyətli xüsusatının özü də Təqsirləndirilən şəxs polisə narkotik vasitə saxlamağına görə gətirilməsini şübhə altına alır. Bundan başqa cinayət işinin materiallarında olan «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs narkotik vasitə əldə edərək üzərində saxlaması əməlinin ifşa edilməsi və cinayət başında yaxalanması üçün onun üzərinə şəxsi axtarış həyata keçirilməsinə dair Bərdə RPŞ-nin əməliyyat müvəkkili İdris Əhmədov tərəfindən qəbul olunmuş qərarda Bərdə RPŞ-nin rəisi tərəfindən «Təsdiq edirəm» qrafasında Bərdə RPŞ-nin rəisinin imzası olmamaqla təsdiq olunmamışdır. Bu fakt da həmin qərarın həqiqiliyi və möhtəbərliyni haqqında əsaslı şübhə yaradır. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə yekun nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edən sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin məcəllənin 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-nin 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. CPM-nin 139-cu maddəsinin mənasına görə cinayət təqibi üzrə toplanmış sübutlar cinayətin hər hansı başqa şəxs tərəfindən deyil, məhz şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən törədildiyini təsdiq etməlidir. CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-nin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs verilən ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-nin 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. CPM-nin 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. CPM-nin 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. CPM-nin 145.3-cü maddəsinə görə ittihamın subut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnamələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. CPM-nin 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda CPM-nin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-nin 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 42.1 və 42.1.4-cü maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-nin 42.2-ci və 42.2.4-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 58-ci bəndində göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona həmin ittiham üzrə bəraət verilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 357.0.1-ci maddəsinə əsasən məhkəmənin hökmü ilə bəraət verildikdə şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra 1(bir) ədəd göy rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 3,097 qram narkotik vasitə heroin əldə edilməsi ilə bağlı xüsusatlar araşdırılanadək Bərdə rayon polis şöbəsində saxlanılmalıdır. Eləcə də şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərcinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 56.0.1-ci maddəsinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 346, 347, 349, 350-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut imi tanınaraq Bərdə rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra 1(bir) ədəd göy rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 3,097 qram narkotik vasitə heroin əldə edilməsi ilə bağlı xüsusatlar araşdırılanadək Bərdə rayon polis şöbəsində saxlanılsın. Eləcə də şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərcinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət işi üzrə cinayət təqibi orqanlarının qanunsuz hərəkətlərindən mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar