Məhkəmə qərarları › İş №1(100)-188/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-188/2020

29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-188/2020 29.09.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X24 Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X12 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisiGəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1981-ci ildə Samux rayonu, Şəmşəddin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Goranboy rayonu, Əhmədabad kəndində daimi qeydiyyatda olmaqla yaşayan, barəsində «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində yetkinlik yaşına çatmayan oğlu Şahid4 həmin günü həmkəndlisi Zərərçəkmiş şəxs və onun oğlu Şahid3 tərəfindən döyülməsinin səbəbini öyrənmək məqsədi ilə oğlu Şahid4 ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı Goranboy rayonunun Əhmədabad kəndindəki fərdi yaşayış evinə getmiş, bu zaman Zərərçəkmiş şəxs evdə olmadığı üçün sonuncunun arvadı Qanuni nümayəndə oğlu Şahid4 hansı səbəbdən Zərərçəkmiş şəxs və Şahid3 tərəfindən döyülməsini öyrənən zaman Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2106” markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evin həyətinə gəlmiş və onun yaşadığı evin həyətində olmasını görüb, ondan hansı səbəbə görə gəlməsini soruşduqdan sonra aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yaşadığı evin həyətində yerləşən tövlənin yaxınlığından əlinə götürdüyü yaba ilə onun üzərinə gəlmiş, bu zaman o, yabanın uc hissəsindən hər iki əli ilə tutmuş və yabanı Zərərçəkmiş şəxs əlindən alıb kənara atmaq imkanına malik olduğu halda oğlu Şahid4 döydüyü üçün Zərərçəkmiş şəxs qisas almaq məqsədi ilə hər iki əli ilə tutduğu yabanı geriyə doğru bütün gücü ilə itələyərək yabanın sapı ilə Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə vurmaqla sonuncuya yetirildiyi anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid açıq-kəllə-beyin travması, baş beyinin yüngül dərəcəli əzilməsi, oftalmoplegiya, sağ göz almasının kontuziyası, alt qapağın yarası, sağ göz yaşı kanalcığının qopması, sağ orbitanın aşağı divarının “blow out” tipli sınığı, yəni əsas sümüyün böyük qanadının göz yuvası səhvəsinin, sağ tərəfli əngin, alın çıxıntısının və burun sümüklərinin yerdəyişməli sınıqları ilə nəticələnən xəsarətlər yetirməklə qəsdən zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, ailəlidir, himayəsində iki yetkinlik yaşına çatmayan oğlan övladı vardır. Oğlanlarından böyüyü İzzət Vəliyevin 3 yaşından sonra səhhətində probeləmlər yaranmış və hazırda oğlu İzzət əqli, niqt və fiziki qüsurludur. Digər oğlu Şahid4 isə sağlamdır və Goranboy rayonu, Əhmədabad kəndində yerləşən natamam-orta məktəbin 3-cü sinfində təhsil alır. X2 da gözündə olan problemlə bağlı İİİ qrup əlildir. Zərərçəkmiş şəxs onun həmkəndlisidir, həmkəndli kimi Zərərçəkmiş şəxs ilə münasibətləri həmişə normal olmuş və Ramizlə heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Yetkinlik yaşına çatmayan oğlu Yasin 2019-cu ilin oktyabr ayından Goranboy rayonu, Yolpaq kəndinə Rünzalə müəllimənin yanına qonşuluqda yaşayan Uluxanın oğlu Ayxanla birlikdə özünə hazırlıq dərslərinə getməyə başlamış, sonradan isə 2019-cu ilin noyabr ayında Ramizin oğlu Həsən də onun oğlu Yasin və Uluxanın oğlu Ayxanla birlikdə Yolpaq kəndinə özünə hazırlıq dərsinə getməyə başlamışdır. Həmin vaxtlar isə o, Ramiz və Uluxan arasında razılaşma olmuşdur ki, uşaqları Ramiz Vaz 2106 markalı avtomobili ilə Yolpaq kəndinə özünə hazırlıq dərsinə aparıb gətirəcək və bunun müqabilində Uluxanla birlikdə hər ayın sonunda Ramizə hər biri 10 manat pul verəcəklər. Bu razılaşmadan sonra da Zərərçəkmiş şəxs Vaz 2106 markalı avtomobili ilə öz oğlu Həsəni, onun oğlu Yasini və Uluxanın oğlu Ayxanı Yolpaq kəndinə özünə hazırlıq dərslərinə aparıb-gətirməyə başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə də həmişə olduğu kimi onun oğlu Yasin və Uluxanın oğlu X16 ilə birlikdə Ramizə məxsus Vaz 2106 markalı avtomobil ilə Yolpaq kəndinə hazırlıq dərsinə getmiş, həmin gün axşam saat 19 radələrində yaşadığı evdə olan zaman Ramiz və arvadı Sücayət ilə birlikdə yaşadığı evə gəlmişlər. Ramiz və arvadı Sücayət onun yaşadığı evin həyətində olan zaman X10 birdə hazırlıq dərsinə aparmayacağını demişdir. O, Ramizdən nəyə görə Ayxanı aparmayacağını soruşduqda, Ramiz ona yolda gələrkən Ayxanın Yasinlə dalaşıb Yasini döydüyünü, buna görə də Ayxanı birdə özü ilə hazırlıq dərsinə aparmayacağını demişdir. O, da Ramizə “uşaqdırlar dalaşıblarsa sonda barışacaqlar” demiş və bunun ardınca Ramiz və arvadı Sücayət çıxıb getmişdir. Bundan sonra o, yaşadığı evə daxil olub televizora baxarkən arvadı yanında oğlu Yasin ilə birlikdə evə daxil olmuşdur. O, oğlu Yasinin dodağı partladığını görmüş və Yasin ona yolda gələrkən Ayxanın yaşadığı evin yaxınlığında Ramizin Vaz 2106 markalı avtomobili saxladıqdan sonra yerə düşüb oğlunun qollarını tutmasını və Həsənin isə bunun ardınca onun ağız nahiyyəsinə yumruqla vurmasını, eyni zamanda hər iki qolunu və qarın nahiyyəsini dişləməsini demişdir. Bundan sonra o, oğlu Yasinin əlindən tutub yaşadığı evdən çıxıb Ramizin yaşadığı evə getmişdir. Onlar Ramizin yaşadığı evin həyətinə daxil olub Ramizi səsləmiş, həmin vaxt Ramizin arvadı Sücayət oğlu Həsən ilə birlikdə yaşadığı evin qarşısında olduğu üçün ona Ramizin yerinə cavab vermişdir. Həmin vaxt Sücayətdən nəyə görə oğlu Həsənin əri Ramiz ilə birlikdə Yasini döyməsini soruşduqda Sücayət ona Yasinin Ayxan tərəfindən döyüldüyünü demişdir. Həmin vaxt isə təxminən saat 19 radələri olmuş və Ramiz Vaz 2106 markalı avtomobili ilə yaşadığı evin həyətinə daxil olmuşdur. Ramiz yaşadığı evin həyətinə daxil olduqdan sonra avtomobildən düşüb ondan nəyə görə onun yaşadığı evə gəldiyini soruşaraq yaşadığı evin həyətində yerləşən tövlənin qarşısında olan yabanı əlinə götürərək onun üzərinə gəlib həmin yabanın uc hissəsi ilə onu vurmaq istəyərkən yabanın uc hissəsinin onun yanında olan uşağına batacağından qorxub hər iki əli ilə yabanın uc tərəfindən yabanı arxaya tərəf itələmişdir. Həmin vaxt yabanın sapı Ramizin sağ alın nahiyyəsinə dəydiyindən Ramiz özünü saxlaya bilməyib yaba ilə birlikdə yerə yıxılmışdır. Bundan sonra Ramizin anası ona tərəf daş atmağa başlamış, Ramizin arvadı Sücayət isə yabanı əlinə götürüb onu vurmaq istəyərkən əlini qabağa verdiyi üçün yaba ona dəyməmişdir. Həmin vaxt o, oğlu Yasini də götürüb oradan çıxıb getmiş, sonradan isə oğlu Yasinin döyülməsi ilə bağlı polisə müraciət etmişdir. Lakin həmin vaxt onun bədəni üzərində heç bir real xəsarət olmadığı üçün o, Zərərçəkmiş şəxs barəsində və ya onun ailə üzvləri barəsində şikayətçi olmamışdır. Təqsirləndirilən şəxs həmçinin əlavə olaraq ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxslə aralarında əvvəllər heç bir düşmənçilik və ya ədavətləri olmamış, həmçinin zərərçəkmiş şəxsin bütün müalicə xərcləri onun tərəfindən qarşılanmışdır. Hazırda törətmiş olduğu əməldən səmimi olaraq çox peşmandır və zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, ailə üzvləri ilə birlikdə Goranboy rayonu, Əhmədabad kəndində yaşayır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Təqsirləndirilən şəxslə münsibəti normal olmuş, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 2011-ci il təvəllüdlü oğlu Şahid3 Goranboy rayonu, Əhmədabad kənd tam orta məktəbin 3-cü sinifində təhsil alır. Dərsdən sonra oğlu Şahid3 Goranboy rayonu, Yolpaq kəndinə özünə məxsus VAZ 2106 markalı ** NO *** dövlət qeydiyyat nişanlı avtomobili ilə müəllim yanına hazırlığa aparmışdır. Həmçinin həmkəndlisi Təqsirləndirilən şəxs oğlu Şahid4 və digər həmkəndlisi X5 Mamedovu oğlu ilə birlikdə Goranboy rayonu, Yolpaq kəndinə müəllim yanına aparıb gətirmişdir. Şahid4lə oğlu Şahid3 bir sinifdə təhsil alırlar. Təqsirləndirilən şəxslə 2020-ci ilin yanvar ayında uşaqları özü müəllim yanına aparıb gətirməyi, fevral ayında isə Təqsirləndirilən şəxs öz avtomobili ilə uşaqları müəllim yanına aparıb gətirməyi barədə razılaşmışlar. Buna görə Təqsirləndirilən şəxs və Uluxan Mamedov ona ayın axırında 10 manat pul vermişlər. xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində idarə etdiyi avtomobillə oğlu Həsəni, Yasini və Uluxanı Goranboy rayonu, Yolpaq kəndində müəllim yanına aparmış, həmin gün saat 17 radələrində idarə etdiyi avtomobillə oğlu Həsəni, Yasini və Uluxan Mamedovu gətirməyə getmiş, uşaqlar müəllim yanından çıxıb avtomobilə əyləşmişlər. Belə ki, oğlu Həsən avtomobilin qabaq sağ tərəf oturacağında, Yasinlə Ayxan isə avtomobilin arxa oturacağında əyləşmişlər. Yolda gələrkən Ayxanla Yasin avtomobildə dava etmişlər. Həmin vaxt oğlu Həsən arxaya çevrilib Yasinə və Ayxana dava etməmələrini və sakit olmalarını demiş, həmin vaxt Yasin Həsənə “yaxşı edirəm, ayda atana pul veririk” deyərək təpiklə Həsənin ağız nahiyyəsinə bir zərbə vurmuş, həmin vaxt oğlu Həsən də Yasinin qolundan dişləmiş, o da Həsənlə Yasini sakitləşdirmiş və Ayxanın yaşadığı evin yanında avtomobili saxlamışdır. Həmin vaxt Ayxanla birlikdə Yasin də avtomobildən yerə düşmüş, sonra o, avtomobilini hərəkət etdirib yaşadığı evə getmişdir. Bundan sonra ot kipi almaq üçün idarə etdiyi avtomobillə həmkəndlisi Adilin yaşadığı evə getmiş, ot kipi alıb qayıdanda saat 19 radələrində Təqsirləndirilən şəxs oğlu Şahid4lə birlikdə yaşadığı evin həyətində olduğunu və arvadı Sücayət ilə mübahisə etdiyini görmüşdür. O, avtomobildən yerə düşən kimi Zaur onun ünvanına nalayiq sözlər işlədərək üstünə gəlib başına yumruqla vurmağa başlamış, həmin vaxt huşunu itirmiş, sonra qaçıb yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlədə gizlənmək istəyərkən Zaur onun arxası ilə qaçıb onu tutmuş və tövlənin yaxınlığında yerləşən ot tayasının yanında olan yabanı götürüb başına, sonra isə gözünə vurmuşdur. Xəsarət aldığı üçün xəstəxanaya müraciət etmiş və onun sağ gözünü əməliyyat etmişlər. Zərərçəkmiş şəxs əlavə olaraq iafdəsində bildirdi ki, təqsirlənndirilən şəxs tərəfindən onun bütün müalicə xərcləri tam ödənmiş, onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid4 Təqsirləndirilən şəxs ifadəsinə oxşar məzmunlu ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində bildirdi ki, ailə üzvləri ilə birlikdə Goranboy rayonu Əhmədabad kəndində yaşayır. Zərərçəkmiş şəxs əridir. Zərərçəkmiş şəxs ilə 1996-cı ildə ailə həyatı qurmuş, həmin vaxtdan da Ramizlə birlikdə ər-arvad münasibətində yaşayır. Ramizlə nikahından Həsən adında oğlan övladı dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs həmkəndli kimi tanıyır. Təqsirləndirilən şəxs ilə həmkəndli kimi normal münasibətləri olmuşdur. Əvvəllər Təqsirləndirilən şəxs ilə heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. X23, Zaurun oğlu Yasini və Uluxanın oğlu Ayxanı Goranboy rayonu, Yolpaq kəndinə özü ilə hazırlıq dərsinə Vaz 2106 markalı avtomobili ilə aparıb gətirmiş və bu barədə əri Ramiz Zaur və Uluxan ilə razılaşmışdır. Onların razılaşmasına əsasən 2020-ci ilin yanvar ayı ərzində əri Ramiz Həsəni, Zaurun oğlu Yasini və Uluxanın oğlu Ayxanı özünə məxsus Vaz 2106 markalı avtomobili ilə özünə hazırlıq dərslərinə Yolpaq kəndinə aparıb-gətirmişdir. Bunun müqabilində isə Zaur və Uluxan yanvar ayının sonunda əri Ramizə hər biri 10 manat pul vermişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 15:30 radələrində əri Ramiz oğlu Həsən ilə birlikdə yaşadıqları evdən çıxıb Vaz 2106 markalı avtomobil ilə özünə hazırlıq dərsi üçün Goranboy rayonu, Yolpaq kəndinə getmişlər. Həmin gün təxminən saat 18:30 radələrində evdə hamamdan çıxıb saçını qurulamış, həmin vaxt isə qaynanası Almaz çimmək üçün hamama girmiş, bunun ardınca isə oğlu Həsən yaşadıqları evə daxil olmuş, oğlu Həsən evə daxil olduqda ağlamış, Həsəndən nə baş verdiyini soruşduqda Həsən Yolpaq kəndindən atası Ramizin avtomobilində sağ ön oturacaqda əyləşib geriyə qayıdan zaman avtomobilin arxa oturacağında əyləşmiş Yasin və Ayxanın mübahisə edib bir-birilərini vurduqlarını, həmin vaxt Yasin və Ayxan sakit olmalarını bildirməsini, Yasinin isə bu vaxt sakit olmuyacağını və avtomobil ilə gedib-gəlməsinə görə pul verdiyini deyib təpiklə arxadan onu vurduğunu, buna görə də əsəbləşib avtomobilin içərsində arxaya çevrilərək Yasinin qolunu dişlədiyini, həmin vaxt isə Yasinin yenidən arxadan onu vurduğunu, bu vaxt isə atası Ramizin onu tənbeh etdiyini və avtomobildə olan mübahisənin sonlandırdığını, sonra isə atası Ramizin Ayxanı və Yasini Ayxanın yaşadığı evin önündə avtomobildən düşürüb yola onunla birlikdə davam etdiyini demişdir. O, oğlundan Ramizin harada olmasını soruşduqda isə oğlu Həsən atasının onu yaşadığı evin önündə avtomobildən düşürdükdən sonra ot presi almaq üçün getdiyini demişdir. Bundan sonra o, kiminsə həyətdə əri Ramizi çağırdığını eşitmiş, həmin vaxt evdən çölə çıxıb pilləkanın yuxarı hissəsində dayanan zaman Zaur yanında oğlu Yasin ilə birlikdə gəldiyini görmüş, Zaur onu görən kimi “sənin oğlun Həsən mənim oğlum Yasini döyə bilərmi” demiş, o da bu vaxt Zaura “Yasin və Həsən uşaqdırlar, dalaşıbsalar da biz valideynlər bunun mübahisəsini etməməliyik” demişdir. Bu vaxt Zaur “oğlun Həsəni gətir Yasinlə dalaşsın” demiş, o da buna etirazını bildirmişdir. Bu vaxt Zaur əli ilə onu saçından tutub onu kənara itələmişdir. Həmin vaxt saat 19 radələrində əri Ramiz Vaz 2106 markalı avtomobili ilə yaşadıqları evin həyətinə daxil olmuş, oğlu Həsən isə onun arxasında dayanmış, əri Ramiz Vaz 2106 markalı avtomobili həyətdə olan qaraja salmaq istərkən Zaur oğlu Yasinin əlindən tutub avtomobilin önündə dayandığına görə əri Ramiz məcbur olub avtomobili saxlayıb yerə düşmüş və Zaura yaxınlaşıb nə baş verdiyini soruşmuşdur. Zaur isə həmin vaxt Ramizin ünvanına nəlayiq ifadələr demiş, həmçinin Zaur Ramizə “sənin oğlun mənim oğlum Yasini döyə bilərmi” demişdir. Bundan sonra Zaur onun əri Ramizin üzərinə gedib yumruqla Ramizin başına zərbələr vurmağa başlamış, Ramiz isə bu vaxt Zaurun əlindən çıxıb həyətdə olan tövləyə tərəf qaçmağa başlamış, bu zaman Zaur da Ramizin ardınca qaçmışdır. Lakin hava qaraldığı üçün tam olaraq nə olduğunu görməsədə, onlar arasında dava baş verdiyini bilmiş və buna görə oğlu Həsən ilə birlikdə Zaur və əri Ramizin yanına Zauru əri Ramizdən kənarlaşdırmaq üçün gəlmiş, həmin vaxt Ramizin dizlərini yerə qoyub əllərini sifətinə tutduğunu və gözündən qan gəldiyini görmüşdür. Araya girib Zauru kənarlaşdırmaq istərkən Zaur bir əli ilə onu kənara itələmiş, həmin vaxt isə qaynanası Almaz səs-küyə hamamdan çölə çıxmış və Zaurun əlində yaba onunla və Həsənlə mübahisə etdiyini görmüşdür. Lakin hava qaraldığı üçün qaynanası oğlu Ramizin də orada olduğunu görməmiş, artıq Zaur da onun əri Ramizi vurmağı dayandırmışdır. Qaynanası Zaurdan çıxıb getməsini istəmiş və yabanı Zaurdan almaq istədikdə yabanın deşici hissəsinin ucu qaynanası Almazın sol əlinin üzərini zədələmişdir. Bunun ardınca isə Zaurun yanında olan oğlu Yasin onu Həsən yox Uluxanın oğlu Ayxanın vurmasını demiş, bu vaxt Zaur əli ilə Yasinin ağzının üstünə şillə ilə vurub əlində olan yabanı yerə atıb oğlu Yasinlə birlikdə onun yaşadığı evin həyətindən çıxıb getmişdir. Zaur gedərkən oğlu Yasinə “artıq qisasımızı aldım” demişdir. Daha sonra onlar yaşadıqları evə daxil olan zaman Ramizin mətbəxdə divanda uzanıqlı vəziyyətdə və sağ gözündən qan axdığını görmüşdür. Həmin vaxt mobil telefonu ilə DİN-in “102” xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları onun yaşadığı evə gəlmişlər.Polis əməkdaşları onlarla sorğu edib müraciətlərini qəbul etmişlər. Bundan sonra isə atası Hüseyni çağırmış, atası Hüseyn gəldikdən sonra isə əri Ramizi atası Hüseynin avtomobili ilə Gəncə şəhərində yerləşən xəstəxanaya aparmışlar. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid3 və Şahid2 Qanuni nümayəndə ifadəsinə oxşar məzmunlu ifadə verdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs qızı Sücayətin əridir. xx xxxxxx 2020-ci il tarixdə axşam saat təxminən 20 radələrində yaşadığı evdə olan zaman qızı Sücayət onun mobil telefonuna zəng vurub həmkəndlisi Zaurun Ramizin sağ gözünə yaba ilə vuraraq xəsarət yetirdiyini bildirmiş və buna görə də Ramizin yanına gəlməyini xahiş etmiş, o da bundan sonra hazırlaşıb yaşadığı evdən çıxıb Mersedes Benz markalı avtomobili ilə Goranboy rayonu, Əhmədabad kəndinə gəlmiş, təxminən 40 dəqiqədən sonra qızı Sücayətin yaşadığı mənzilə çatmışdır. O, qızı Sücayətin yaşadığı evə daxil olduqda orada Goranboy rayon polis şöbəsinin əməkdaşlarının olduğunu görmüş, həmin vaxt polis əməkdaşları qızı və ailə üzvləri ilə sorğu aparmışlar. Həmçinin həmin vaxt kürəkəni Ramiz evdə arxası üstə uzanıqlı vəziyyətdə olmuş və gözündən qan axmış, qızı Sücayət və nəvəsi Həsən ilə birlikdə Ramizi avtomobili ilə Gəncə şəhərində yerləşən göz xəstəxanasına aparmışlar. Sonradan qızı Sücayət ona danışmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə həmkəndliləri Zaur ilə əri Ramiz arasında evin həyətində baş vermiş mübahisə zamanı Zaur Ramizə yaba zərbəsi ilə xəsarət yetirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “hadisə yeridə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə Goranboy rayonu, Əhmədabad kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evininin həyətyanı sahəsində baş vermişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT” X26 şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 71 nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində-açıq KBT, baş beyinin yüngül dərəcəli əzilməsi, pnevmosefaliya, oftalmoplegiya OD - sağ gözün almasının kontuziyası alt qapağın yarası, OS - görmə siniri diskinin atrofiyası, sağ göz yaşı kanalcığının qopması,sağ orbitanın aşağı divarının “blow out” tipli sınığı, əsas sümüyünün böyük qanadının göz yuvası səhvəsində sınıqları, sağ tərəfli əngin alın çıxıntısının yer dəyişmiş sınığı, burun sümüklərinin yerdəyişmiş sınıqları vardır və həmin xəsarətlər iti uclu deşici alətin (lərin) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yaba ilə vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər psixonevroloji dispanserı tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 284 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur.Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT” X26 şəxs tərəfindən verilmiş verilmiş xx xxx 2020-ci il tarixli, T 138/2020 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində açıq-kəllə-beyin travması, baş beyinin yüngül dərəcəli əzilməsi, oftalmoplegiya, sağ göz almasının kontuziyası, alt qapağın yarası, sağ göz yaşı kanalcığının qopması, sağ orbitanın aşağı divarının “blow out” tipli sınığı, yəni əsas sümüyünün böyük qanadının göz yuvası səhvəsinin, sağ tərəfli əngin, alın çıxıntısının və burun sümüklərinin yerdəyişməli sınıqları iti uclu deşici alətin ( alətlərin ), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şəraitdə yəni xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yaba ilə vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir.Zərərçəkmiş şəxs “sol gözün görmə sinirinin atrofiyası, sol gözün xarici çəpgözlüyü, sağ gözün zəif dərəcəli amblopiyası” diaqnozu ilə 24 saylı TSEK tərəfindən hadisədən əvvəl 3-cü dərəcəli müddətsiz əlillik təyin edilmişdir ki, bu da sağlamlığa zərə vurma dərəcəsinin təyinində nəzərə alınmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxxx 2020ci il tarixli “maddi sübut qismində tanınma” barədə qərardan görünür ki, cinayət hadisəsinin baş verməsi zamanı istifadə edilən 1 ədəd yaba iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy RPŞ-nin xüsusi saxlanc yerinə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Goranboy RİHB-nın Yolpaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı- X7, oğulları- X20 və Şahid4 ilə birlikdə Goranboy rayonu, Əhmədabad kəndində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Goranboy rayon X13 Hüquqi şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 334 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs MRX-nın poliklinikasının ruhi-əsəb, narkoloji kabinetlərində dispanser qeydiyyatında dayanmır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin ksero surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağı var. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Əmək və X14 Nazirliyinin 24 nömrəli Goranboy TSEK-in 128 nömrəli müayinə aktından çıxarışdan görünür ki, X1 meningioensefalitin qalığı, tetraparez, hipertonik sindrom, epileptik sindrom, tez-tez təkrarlanan qıcolma tutmaları, əqli, nitqi və fiziki inkişafdan geri qalma diaqnozu ilə 18 yaşına qədər sağlamlıq imkanları məhdud əllilik dərəcəsi verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Əmək və X14 Nazirliyinin 24 nömrəli Goranboy TSEK-in 315 nömrəli müayinə aktından çıxarışdan görünür ki, X8 ümumi gözə görə 3 qrup əlildir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Zərərçəkmiş şəxs xx xxxx 2020-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 8000 manat maddi ziyan tam olaraq ödənilmiş, onunla barışıb və hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, həmin uşaqlardan birinin isə nitq, əqli və fiziki qüsurlu olmasını nəzərə alaraq ona yüngül cəza verilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxxx 2020ci il tarixdə “şübhəli şəxs qismində tutulma” haqqında protokoldan və Goranboy Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və X24 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Goranboy rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmündən və Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Vəliyev X17 rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Goranboy rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli, 007/2009 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinirək 150 ( yüz əlli ) manat məbləğində cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin aministiya elan edilməsi haqqında xx xxxx 2009cu il tarixli qərarına əsasən cəzadən azadan edilmişdir. Onun bu məhkəmə qərarı üzrə olan məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə müvafiq olaraq hazırda barəsində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Göstərilənlərə əsasən, məhkəmə, məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin ifadələrini, iş üzrə zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, məhkəmə ekspertiza rəylərini, tədqiq edilmiş sənədləri mümkünlüyü və mənsubiyyəti üzrə bir-biri ilə müqayisə edərək qeyd olunan ifadələri, istintaq hərəkətlərinin protokollarını, məhkəmə ekspertiza rəylərini və sənədləri təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərə tutulmuş cinayət tərkibini yaratmasını, cinayətin törədilməsində iştirakını və törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən mötəbər sübut növləri kimi qəbul edir. Beləliklə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətməsi özünün etirafedici ifadələri ilə yanaşı, cinayət işi üzrə mövcud sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Bu səbəbdən təqsirləndirilən şəxsin əməli həmin maddə ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı uşağının olmasını, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən himayəsində 18 yaşına qədər sağlamlıq imkanları məhdud əllilik dərəcəsi verilmiş uşağının və İİİ qup əlil arvadının olmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəyə yeganə qazan gətirən şəxs olmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.4-cü, 59.1.12-ci və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xaraxter və ya məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə belə cəza təyin edildikdə, həmin cəzanın onun və ailəsinin həyat şəraitinə mənfi təsir göstərəcəyi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı, bir 18 yaşına qədər sağlamlıq imkanları məhdud əllilik dərəcəsi verilmiş uşaqlarının və İİİ qrup əlil arvadının olmasını, ailəyə yeganə qazan gətirən şəxs olmasını nəzərə alaraq, qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə həmin Məcəllənin 62ci maddəsini tətbiq etməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş, böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, barəsində azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı xx xxxx 2020-cu il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə mülki iddia verilməmişdir. Məhkəmə nəzərə alır ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – Goranboy RPŞ-nin “maddi sübutların saxlanılması otağı”na verilmiş bir ədəd yaba Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Goranboy rayon Vəkil Bürosunun vəkili X18 prosessual hərəkətlərdə 42 saat, məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili X4 25 saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı və məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçilərin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347, 351 və 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində CMnin 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış – Goranboy RPŞ-nin “maddi sübutların saxlanılması otağı” na verilmiş bir ədəd yaba Zərərçəkmiş şəxs qaytarılsın. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X9 vəkil işlədiyi Goranboy rayon Vəkil Bürosunun hesabına 252 (iki yüz əlli iki) manat, X3 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə X24 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Apelyasiya şikayəti və (və ya) protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar