Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-188/2024 08.02.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X1 və Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.2001-ci ildə Ağdam rayonu, Əfətli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 06 iyul 2023-cü il tarixdə saat 21:57 radələrində Tərtər rayonu, Poladlı kəndi ərazisində yerləşən “№1 Ucuzluq” geyim mağazasının qarşısında iş yoldaşı Tərtər rayonu, Hüsənli kəndində yaşayan, xx.xx.1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun yumruqla onu vuraraq qəsdən üst dodaq nahiyəsinin səthi əzilmiş yarası xəsarəti ilə müşayiət olunan və dərəcəsi təyin edilməyən xəsarət yetirməsi səbəbindən Zərərçəkmiş şəxs qisas almaq qərarına gəlmiş və bu məqsədlə 07 iyul 2023-cü il tarixdə saat 09:45 radələrində “№1 Ucuzluq” geyim mağazasında özü ilə əvvəlcədən gətirib üzərində gəzdirdiyi kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən turist bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs vuraraq sonuncuya döş qəfəsinin sol ön divarından sol plevra boşluğuna keçən kəsilmiş-deşilmiş yarası, perikardın zədələnməsi, sol tərəfli hemopnevmo-toraks, qarının ön səthinin yuxarı şöbəsinin kəsilmiş yaraları xəsarətləri ilə müşayiət olunan və dərəcələrinə görə ümumilikdə törənmə anında həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onunla birlikdə Tərtər rayonu, Poladlı kəndi ərazisində yerləşən “№1 Ucuzluq” geyim mağazasında fəhlə işləmişdir. Onun Zərərçəkmiş şəxslə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 06 iyul 2023-cü il tarixdə saat 21:57 radələrində mağazanı bağlamağa hazırlaşırlarmış. Bu zaman Bəxtiyar demişdir ki, “icazə versəniz mən evə gedərdim”. Həmin vaxt onun fikrinə başqa bir gülməli hadisə düşmüş, ona görə də gülümsəmişdir. Onlar mağazanın qapısından çıxdıqda Bəxtiyar ona demişdir ki, “nəyə gülürsən?”. O, Bəxtiyara “sənə gülmürəm, güləndə səndən icazə almalı deyiləm ki” demişdir. Bundan sonra aralarında mübahisə başlamışdır. Mübahisə zamanı Bəxtiyar yumruqla onu ağız nahiyəsindən vurmuşdur. Zərbə nəticəsində o, yerə yıxılmışdır. Yaxınlıqda olan Məhərrəm onları ayırmışdır. O, mağazanın yanında əl-üzünü yumuş və evə gedərkən Bəxtiyar yoldan qayıdıb onun yanına gəlmiş, üzündən öpüb əsəbi olduğunu bildirmişdir. Daha sonra o, evinə getmişdir. Növbəti gün, yəni 07 iyul 2023-cü il tarixdə saat 08 radələrində yuxudan oyanıb fikirləşmişdir ki, “Bəxtiyar işdə məni yenidən vura bilər”. Buna görə də evdə özünə məxsus qatlanan bıçağı götürüb şalvarının sağ yan cibinə qoymuşdur. Saat 09:00-da işə getmiş, işə gedərkən ağız nahiyəsindəki xəsarətin bilinməməsi üçün qara rəngli tibbi maska geyinmişdir. Mağazaya getdikdə mağazanın içərisində Bəxtiyarı gördükdə fikirləşmişdir ki, “dünən gecə məni vurub, amma yaxınlaşıb məndən üzr istəmir”. Buna görə də əsəbləşmiş və mağazanın içərisində gözəyarı Bəxtiyarın hərəkətinə baxmışdır. Saat 09:45 radələrində Bəxtiyarın onun istiqamətində gəldiyini görmüş, həmin vaxt onun yanında Elvin olmuşdur. Bəxtiyar onun yanından keçərkən bıçağı çıxarmış və Bəxtiyarın döş qəfəsinə zərbə vurmuşdur. Həmin vaxt Bəxtiyar da onun əlindən tutub zərbəyə mane olmuş və əlindən tutub onu yerə yıxıb bıçağı əlindən almağa çalışmış, lakin o, bıçağı Bəxtiyara verməmiş, sonra isə mağazadakı şəxslər onları ayırmışlar, bıçağı isə onun əlindən almışlar. Daha sonra onlar ayağa qalxmışlar. Bəxtiyar kassa tərəfə getmiş, kassanın yanında Bəxtiyarın vəziyyəti pisləşmiş, köməklik edib Bəxtiyarın yarasını bağlamışdır. Məhərrəm ona demişdir ki, “Bəxtiyardan üzr istə barışın, dalaşmayın”. O, Bəxtiyarın yanına gedib demişdir ki, “dur ayağa, ciddi bir şey olmayıb, işimizi görək”. Təxminən 10-15 dəqiqə sonra Bəxtiyar ayağa qalxıb mağazadan çıxmış, yolu keçib qardaşı Coşğunun yanına getmişdir. Sonra Coşğun onun üzərinə gəlmək istədikdə yaxınlıqdakı şəxslər sonuncuya imkan verməmişlər. Məhərrəm ona demişdir ki, “bu gün işləmə, evə get dincəl”. Saat 11 radələrində o, işdən çıxıb evinə getmişdir. İşdə baş vermiş hadisəni anası Behranəyə danışmış, sonra isə uzanıb yatmışdır. Oyandıqda görmüşdür ki, atası Firuz evə Bəxtiyarı və Coşğunu gətirib və Bəxtiyar evdə çarpayıda uzanmışdır. Daha sonra isə Coşğun gedib dayısı Ədaləti gətirmişdir. Dayısı Ədalət gəldikdə Bəxtiyarın vəziyyətinin pis olduğunu görüb Bərdə rayon Diaqnostika Mərkəzinə aparmışdır. Həmin vaxt atası Firuz da köməklik məqsədilə xəstəxanaya getmiş, o isə evdə qalmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə Tərtər rayon Polis Şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında həmçinin göstərmişdir ki, baş vermiş həmin hadisə təxminən bir dəqiqə müddətində davam etmişdir. Hadisəyə səbəb Bəxtiyarın bir gün əvvəl onu yumruqla ağız nahiyəsinə zərbə vurması olmuşdur. Hal-hazırda o, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsə səhhəti ilə əlaqədar dəymiş zərəri ödəmişdir. O, törətdiyi əməldən səmimi peşmançılıq keçirir, gənc olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Tərtər rayonu, Poladlı kəndi ərazisində yerləşən “№1 Ucuzluq” geyim mağazasında fəhlə kimi işləmişdir. Onun Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 06 iyul 2023-cü il tarixdə saat 21:55 radələrində işlədiyi geyim mağazasında mağazanı bağlamağa hazırlaşırlarmış, həmin vaxt demişdir ki, “icazə versəniz mən gedərdim”. Bu zaman iş yoldaşı Bəhruzun arxa tərəfdə güldüyünü eşitmiş və gülməsinin səbəbini soruşmuşdur. Bəhruz isə demişdir ki, “sənlik deyil”. O, heç bir söz deməmiş və mağazadan çıxmaq üçün qapıya yaxınlaşmışdır. Həmin vaxt Bəhruz daha uca səslə güldükdə arxaya dönüb sonuncuya baxmışdır. Bəhruz da mağazadan çıxdıqda sonuncudan bir daha gülməsinin səbəbini soruşmuş, Bəhruz isə ona demişdir ki, “yaxşı edirəm”. Bundan sonra aralarında mübahisə başlamışdır. Mübahisə zamanı o, sağ yumruğu ilə Bəhruzun ağız nahiyəsinə zərbə vurmuş və zərbə nəticəsində Bəhruz yerə yıxılmışdır. Yanında olan Məhərrəm və qardaşı Coşğun onları ayırmışlar. Məhərrəm onu bu hərəkətinə görə danlamışdır. Sonra o, qardaşı Coşğunla avtomobilə əyləşib getmişdir. Yol gedərkən Bəhruzu vurduğu üçün özünü pis hiss etmiş və geri qayıtmışdır. Mağazaya çatdıqda Şamil ilə söhbət etmiş və Bəhruzla danışmaq istədiyini bildirmişdir. Bəhruz mağazanın qarşısına gəlmiş və sonuncuya əsəbi olduğunu bildirmiş, üzrxahlıq edib üzündən öpmüşdür. Sonra o, qardaşı ilə birlikdə avtomobilə əyləşib evinə qayıtmışdır. Növbəti gün, yəni 07 iyul 2023-cü il tarixdə saat 09 radələrində o, işə getmişdir. İşdə olarkən Bəhruzun ona gözəyarı baxdığını görmüş, lakin ona xəsarət yetirəcəyini fikirləşməmişdir. Həmin gün o, Bəhruz ilə heç bir ünsiyyətdə olmamışdır. Saat 09:40 radələrində mağazada Bəhruzun yanından keçərkən sonuncu ona çevrilmiş və əlindəki bıçaqla onun döş qəfəsinə zərbə vurmuşdur. Həmin vaxt o, əlini qarşıya tutub Bəhruzun əlini saxlamış, sonuncunu yerə yıxıb bıçağı əlindən almağa çalışmışdır. O, yerdə bıçağı Bəhruzun əlindən almaq istəmiş, səs-küyə ətrafda olan şəxslər gəlmiş və onları ayırmağa çalışmışlar. O, bıçağı Bəhruzun əlindən almağa çalışmış, Bəhruz isə bıçağı buraxmamışdır. Ətrafdakılar onları ayırıb bıçağı Bəhruzun əlindən almışlar. Sonra isə ayağa qalxıb kassaya tərəf getmişdir. Köynəyinə baxdıqda kiçik qan ləkəsinin olmasını, bədəninə baxdıqda isə yaranın kiçik olduğunu və ağır xəsarət olmadığını düşünmüşdür. Ətrafdakı şəxslər ona köməklik göstərmiş, yarasını bağlamışlar. Sonra isə mağazadan çıxıb qardaşı Coşğunun yanına getmişdir. Qardaşı onun bıçaqlandığını görüb Bəhruzun üzərinə getmək istəmiş, lakin o, icazə verməmişdir. Təxminən bir saat sonra Bəhruzun atası və anası onun yanına gəlmiş, ondan üzr istəmişlər. Bəhruzun atası Firuz onu evlərinə dəvət etmiş, lakin o, getmək istəməmişdir. Atası təkidlə onu evlərinə aparmış, evdə olarkən çarpayıda uzanmış və həkim gətirəcəklərini demişdir. Daha sonra qardaşı Coşğun dayısı Ədalətə zəng etmiş və onun bıçaqlandığını bildirmişdir. Təxminən bir saat sonra dayısı gəlmiş və onu qardaşı ilə birlikdə Bərdə rayon Diaqnostika Mərkəzinə aparmışdır. Hal-hazırda o, Təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona səhhəti ilə bağlı dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Tərtər rayonu, Poladlı kəndi ərazisində yerləşən “№1 Ucuzluq” geyim mağazasında fəhlə kimi işləmiş, mağazaya yeni mallar gəldikdə yerləşdirilməsi üçün arabir köməklik göstərmişdir. Bəxtiyar və Bəhruz işlədikləri vaxtdan arasında heç bir mübahisə olmamışdır. 07 iyul 2023-cü il tarixdə saat 09 radələrində işə gedib iş fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Saat 09:45 radələrində mağazanın içərisində kişi geyimlərinin yanında ayaqüstə dayanıb çay içmişdir. Həmin vaxt Bəhruz ağzında qara rəngli tibbi maska geyinmiş və onun sağ tərəfindən dayanmışdır. Təxminən bir dəqiqə sonra Bəxtiyar onun yanından keçərkən Bəhruz cibindən çıxardığı bıçaqla Bəxtiyara zərbə vurmuşdur. Həmin vaxt Bəxtiyar da Bəhruzun əlindən tutub zərbəyə mane olmuş və yerə yıxıb bıçağı almağa çalışmışdır. Bəxtiyar və Bəhruz yerə yıxıldıqda sonuncuları ayırmağa çalışmış, mağazadakı digər şəxslər də ona köməklik göstərmiş və Bəhruzla Bəxtiyarı ayırmış, bıçağı isə Bəhruzun əlindən almışlar. Ayağa qalxdıqdan sonra Bəxtiyar kassa istiqamətində getmiş, kassanın yanında Bəxtiyarın vəziyəti pisləşmişdir. Köməklik edib Bəxtiyarın yarasını bağlamışdır. Daha sonra isə Bəxtiyar mağazadan çıxıb qardaşı Coşğunun yanına getmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 qızı və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Ağayev X2 rayonu, Poladlı kəndi ərazisində yerləşən “№1 Ucuzluq” geyim mağazasında onunla işləyirlər. Bəhruz və Bəxtiyar mağazada fəhlə kimi arabir gəlib malların daşınmasında köməklik göstərmişlər. Bəxtiyar və Bəhruzun işlədikləri zaman heç bir mübahisələri olmamışdır. 06 iyul 2023-cü il tarixdə saat 21:55 radələrində mağazanı bağlamaq üçün hazırlaşmışlar, həmin vaxt Bəxtiyar demişdir ki, “icazə versəniz mən evə gedərdim”, o isə Bəxtiyara icazə vermişdir. Bu vaxt Bəhruz kassanın yaxınlığında idi. Bəxtiyar mağazadan çıxıb gedən zaman pilləkəndən geri qayıtmış, Bəhruzdan nə üçün güldüyünü soruşmuşdur. Bəhruz isə demişdir ki, “sənə gülmürəm”. Həmin vaxt aralarında mübahisə yaranmışdır. Bəxtiyar yumruqla Bəhruzun ağız nahiyəsinə zərbə vurmuş və zərbə nəticəsində Bəhruz yerə yıxılmışdır. O, hər ikisini ayırmış və dalaşdıqları üçün danlamışdır. Bəxtiyarı yola salmış, Bəhruz isə əl-üzünü su ilə təmizləmişdir. Təxminən beş dəqiqə sonra Bəxtiyar qayıdıb gəlmiş və Bəhruza demişdir ki, “üzr istəyirəm, əsəbi olmuşam”. Onlar görüşüb barışmış və evlərinə getmişlər. Növbəti gün, yəni 07 iyul 2023-cü il tarixdə saat 09 radələrində Bəhruz və Bəxtiyar işə gəlmiş, saat 09:40 radələrində mağazada səs-küy eşitmiş, dərhal həmin tərəfə getmişdir. Görmüşdür ki, Elvin, Türkan, Kamil hadisə yerində Bəhruz və Bəxtiyarı aralaşdırmışlar, o, yaxınlaşıb Bəhruzun əlindən bıçağı almışdır. Bəxtiyarın isə köynəyində kiçik qan ləkəsi olduğunu görmüş, həmin vaxt sonuncuya köməklik göstərmişdir. Bundan sonra Bəxtiyar mağazadan çıxıb yolun digər tərəfinə keçib qardaşı Coşğunun yanına getmişdir. Coşğun Bəxtiyarı gördükdə əsəbi halda Bəhruzun üzərinə gəlmək istəmiş, lakin Coşğuna icazə verməmiş və sonuncu geri qayıtmışdır. Təxminən bir saat sonra Bəhruzun atası və anası gəlmiş, hadisə barədə sonunculara məlumat vermişdir. Bəhruzun atası və anası həmin vaxt Bəxtiyarın yanına getmiş, sonuncudan üzr istəyib Coşğunla birlikdə evlərinə aparmışlar. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Tərtər rayonu, Poladlı kəndi ərazisində yerləşən “№1 Ucuzluq” geyim mağazasına yeni mallar gəldikdə yerləşdirilməsi üçün arabir fəhlə kimi köməklik göstərmişdir. 07 iyul 2023-cü il tarixdə saat 09 radələrində o, mağazada işləməyə başlamışdır. Saat 09:40 radələrində mağazanın içərisində səs-küy gəldiyini eşitmişdir. Dərhal həmin yerə getdikdə Bəhruz və Bəxtiyarın yerdə dalaşdığını görüb yaxınlaşmış, sonuncuları ayırmaq üçün Bəxtiyara yumruqla zərbə vurmuşdur. Yenə vurmaq istədikdə isə ayrıldıqlarını görmüş və zərbə vurmamışdır. Ayağa qaxldıqdan sonra Bəxtiyar kassa istiqamətinə getmiş, kassanın yanında Bəxtiyarın vəziyəti pisləşmiş, yanındakılar köməklik edib yarasını bağlamışlar. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 07 iyul 2023-cü il tarixdə saat 09:30 radələrində ayaqqabı almaq üçün Tərtər rayonu, Poladlı kəndi ərazisində yerləşən “№1 Ucuzluq” geyim mağazasına gəlmişdir. Mağazada Nurlan ilə söhbət edən zaman səs-küy gəldiyini eşitmişdir. Onlar səs gələn tərəfə gedərkən görmüşlər ki, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs mübahisə edib dalaşırlar. Orada olan şəxslər onları aralaşdırmağa çalışmışlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurmuşdur. Orada olan şəxslər Təqsirləndirilən şəxs əlindən bıçağı almışlar. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs dayısıdır. O, 07 iyul 2023-cü il tarixdə bacısı oğlu Bəxtiyarın işlədiyi Tərtər rayonu, Poladlı kəndi ərazisində yerləşən “№1 Ucuzluq” geyim mağazasında bıçaqla yetirilmiş zərbə nəticəsində xəsarət aldığını eşitmişdir. Ona bu barədə Bəxtiyarın qardaşı Coşğun məlumat vermişdir. Sonra o, Coşğunla birlikdə təqsirləndirilən şəxs Bəruz gilin evinə getmişlər. Həmin vaxt bacısı oğlu Bəxtiyarı artıq Bəhruz gil yardım etmək üçün evlərinə aparmışdılar. Sonra Bəxtiyarı həkimə aparmışlar. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş Şahid7 barəsində “məcburi gətirilmə” barədə qərar qəbul edilsə də, onun məhkəmədə iştirakının təmin edilməsi mümkün olmamış və məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid7 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır, Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. Qardaşı Bəxtiyar təxminən 2023-cü ilin iyun ayının sonlarından “№1 Ucuzluq” geyim mağazasında işləmişdir. O isə həmin vaxtlarda taksi fəaliyyəti ilə məşğul olmuşdur. 06 iyul 2023-cü il tarixdə saat 21 radələrində qardaşı Bəxtiyarı işdən götürüb evə getmək istəmişdir. Yol gedərkən Bəxtiyar ona demişdir ki, “iş yoldaşımla dalaşdım, geri qayıdaq ondan üzrxahlıq edim”. Onlar geri qayıtmış və Bəxtiyar mağazaya daxil olaraq Bəhruzun üzündən öpüb əsəbi olduğunu bldirmiş və üzr istəmişdir. Bundan sonra isə onlar çıxıb evlərinə getmişlər. Növbəti gün, yəni 07 iyul 2023-cü il tarixdə saat 09-10 radələrində “№1 Ucuzluq” geyim mağazası ilə üzbəüz yolun kənarında gözləmiş, həmin vaxt Bəxtiyar gəlmiş və hadisəni ona danışmışdır. Bəxtiyar avtomobilə əyləşmişdir. Sonra isə Bəhuzun atası və anası gəlib üzrxahlıq etmiş və Bəxtiyarı həkimə aparmaq istədiklərini bildirmişlər. Bəhruzun atası Firuz demişdir ki, “bizim ardımızca gəlin həkimə gedək”. Sonuncuların ardınca getmiş, lakin Firuz onları evlərinə aparmış və həkimin gələcəyini demişdir. Onlar Bəxtiyarı avtomobildən endirib Bəhruzgilin evinə aparmış və Bəxtiyar çarpayıda uzanmışdır. Firuz isə həkimin gələcəyini və gözləmələrini bildirmişdir. Lakin o, heç kimin gəlmədiyini görüb təxminən saat 15-16 radələrində dayısı Ədalətə zəng etmişdir. Təxminən 40-45 dəqiqə sonra dayısı Ədalət gəlmiş və onlar Bəxtiyarı götürüb avtomobilə əyləşdirmişdir. Bəxtiyarı Bərdə rayon Diaqnostika Mərkəzinə aparmışlar. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 07 iyul 2023-cü il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi hadisə yerində baxış aparılarkən “№1 Ucuzluq” geyim mağazasında Şahid1 bildirmişdir ki, hadisə 07 iyul 2023-cü il tarixdə, saat 09:30 radələrində mağazada baş vermiş, hadisə zamanı o, Təqsirləndirilən şəxs yaxınlığında dayanmış, Zərərçəkmiş şəxs keçərkən Təqsirləndirilən şəxs onu bıçaqla vurmuşdur, sonra Bəxtiyar Mehtiyev yerə yıxılmış, yerdə olan zaman onları ayırmağa çalımış və digər iş yoldaşları köməyə gəlmişlər. Onları ayırdıqdan sonra Bəxtiyara köməklik göstərmişlər. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 8-16) Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 07 iyul 2023-cü il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, Şahid4 təqdim etdiyi bir ədəd qatlanan bıçağa baxış keçirilərkən bıçağın ümumi uzunluğunun 18,5 sm, tiyəsinin uzunluğunun 8 sm, dəstəyinin uzunluğunun isə 10,5 sm olduğu, bıçağın dəstəyinin metal materialdan hazırlandığı, tiyəsinin ucu deşici, bir tərəfi kəsici, digər tərəfi isə küt xassəli olduğu, tiyəsinin üzərində “Stainless” yazısı həkk edildiyi müəyyən olunmuşdur. Şahid4 bildirmişdir ki, həmin bıçağı xx.xx.2023-cü ildə, saat 09:30 radələrində Bəhruz və Bəxtiyarın dalaşdığı zaman Bəhruzun əlindən almışdır (iş vərəqə: cild İ, səh. 17-22). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 08 iyul 2023-cü il tarixli “videogörüntüyə baxış aparılması haqqında” protokoldan görünür ki, 06 iyul 2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs yumruqla Təqsirləndirilən şəxs ağız nahiyəsinə zərbə vurması hadisəsi və 07 iyul 2023-cü il tarixdə saat 09 radələrində “№1 Ucuzluq” geyim mağazasında Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirməsi hadisəsini özündə əks etdirən videogörüntüyə baxış keçirilmiş və cinayət hadisəsini özündə əks etdirən videogörüntünün olduğu bir ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 90-91). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 02 sentyabr 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən o, ifadəsində göstərdiyi halları təsdiq edərək əyani şəkildə göstərmişdir (iş vərəqə: cild İ, səh. 267-271). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 məhkəmə-tibbi ekspertizasının 25 iyul 2023-cü il tarixli, 218 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – döş qəfəsinin sol ön divarından sol plevra boşluğuna keçən kəsilmiş-deşilmiş yarası, perikardın zədələnməsi, sol tərəfli hemopnevmo-toraks, qarının ön səthinin yuxarı şöbəsinin kəsilmiş yaraları deçici-kəsici alət (alətlər) ola bilsin bıçaq təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə törənmə anında həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər (iş vərəqə: cild İ, səh. 220-222). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 məhkəmə-tibbi ekspertizasının 08 iyul 2023-cü il tarixli, 183 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – üst dodaq nahiyəsinin səthi əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (iş vərəqə: cild İ, səh. 217-218). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə regional Bölməsinin məhkəmə-ballistik ekspertizasının 22 avqust 2023cü il tarixli, 16/771 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir (iş vərəqə: cild İ, səh. 224-226). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 28 iyul 2023-cü il tarixli, 455 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən üzvi şəxsiyyət pozuntusu XTB10 F07.0 xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs cinayət törədərkən anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra da üzvi şəxsiyyət pozuntusu XTB10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur və hal-hazırda da hərəkətlərini idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törədərkən anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə çətin daxil olma. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur (iş vərəqə: cild İ, səh. 236-239). Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan 28 avqust 2023-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, cinayət işi üzrə bir ədəd kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilməyən turist bıçağı maddi sübut kimi tanınmış və saxlanması üçün Tərtər rayon Polis Şöbəsinə təhvil verilmişdir, bundan başqa baş vermiş hadisənin görüntülərini özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 227-228). Cinayət işinin materiallarına əlavə edilmiş 07 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh. 43-45). Cinayət işinin materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin 09 iyul 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli 07 iyul 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 122-124). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 iyul 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 127). Cinayət işinin materiallarına əlavə edilmiş Ağdam rayon İcra Hakimiyyəti başçısının Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu, Xıdırlı kənd sakini olmaqla, hal-hazırda məcburi köçkün olub Bərdə şəhəri, 866 saylı məcburi köçkün qəsəbəsi, bina 5, mənzil 32də məskunlaşmışdır (iş vərəqə: cild İ, səh. 141). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X10 Dispanserinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X10 xəstəlikləri Dispanserində üzvi mənşəli şəxsiyyət dəyişməsi F07.0 diaqnozu ilə dispanser müşahidəsindədir (iş vərəqə: cild İ, səh. 161). Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs baş beyinin üzvi xəstəliyi nəticəsində şəxsiyyətin üzvi pozuntusu, tez-tez baş verən psixotik hallarla diaqnozu qoyulmuşdur (cinayət işinin materialları). Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli qərarı əsasında təyin edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 yanvar 2024-cü il tarixli, 47 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verərkən üzvi şəxsiyyət pozuntusu (başbeyin travması mənşəli), psixopatabənzər davranışla XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.0 xəstəliyi keçirmişdir. O, halhazırda da üzvi şəxsiyyət pozuntusu (baş-beyin travması mənşəli), psixopatabənzər davranışla XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.0 xəstəliyindən əziyyət çəkir. Keçirdiyi xəstəliyə baxmayaraq, həmin xəstəlik əlamətlərinin mülayim ifadəli olması səbəbindən onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs həmin xəstəliyi keçirməsinə baxmayaraq, cinayət hadisəsi baş verərkən öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Ağdam rayon İcra Hakimiyyəti başçısının Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu, Xıdırlı kəndində daimi qeydiyyatdadır, məcburi köçkündür, atası Mehtiyev Firuz Zakir oğlu birinci qrup Qarabağ müharibəsi əlilidir və ailəsi ilə birlikdə məcburi köçkünlük həyatı yaşamışlar, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (iş vərəqə: cild İ, səh. 143). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyi tərəfindən verilmiş 005167 saylı vəsiqənin surətindən görünür ki, təqsirləndirilən şəxsin atası Mehtiyev Firuz Zakir oğlu birinci qrup müharibə əlilidir (iş vərəqə: cild İ, səh. 80). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ərizələrindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur (iş vərəqə: cild İ, səh. 183, 232). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə araşdırması zamanı verdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş zərər tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır, ona görə də təqsirləndirilən şəxsin barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs sağlamlıq imkanları məhdud şəxsdir (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-sosial Ekspertiza və Reablitasiya Xidmətinin 22 saylı Tibbi sosial ekspert Komissiyasının “müayinə olunan şəxs barəsində məlumat”dan görünür ki, Təqsirləndirilən şəxs sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarı kimi onun sinir sisteminin xəstəlikləri və ruhi pozulmalar, epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla) və ya tez-tez təkrarlanan (həftədə 2-3 dəfə) kiçik və ya qıcolmasız tutmalarla bağlı xəstəlikləri göstərilmişdir (cinayət işinin materialları). Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, maddi sübutları və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, qeyd edilən sübut növləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət işi üzrə yuxarıda göstərilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən dəymiş ziyanın tamamilə ödənilməsini, həmçinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbin olmamasını, təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı səmimi ifadə verərək əməlindən peşmanlığını, ailəsinin məcburi köçkünlük həyatı yaşamasını, atasının isə birinci qrup Qarabağ müharibəsi əlili olmasını, təqsirləndirilən şəxsin sağlamlıq imkanlarının məhdudluğunu, onun baş-beyin travması mənşəli üzvi şəxsiyyət pozuntusu xəstəliyindən və yuxarıda göstərilmiş digər sinir sistemi xəstəliklərindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alarkən qeyd edir ki, təqsirləndirlən şəxsin səmimi peşmançılığı onun əməlinin təhlükəliliyini dərk etməyini və törətdiyi cinayətin nəticəsinə sonradan formalaşmış mənfi münasibətini özündə ehtiva edir. Şəxs cinayəti törətdikdən sonra səmimi peşman olubsa, bu hal onun törətdiyi cinayətin zərərli nəticələrinin tez bir zamanda aradan qaldırmasını, habelə islah edilməsini sürətləndirir və tərəfindən növbəti cinayətlər törətməkdən çəkindirir. Eyni zamanda səmimi peşmançılıq təqsirkarın islah olunmasında da mühüm rol oynayır, onun islah olunmasının başlanığıc nöqtəsi kimi çıxış edir və bunu stimullaşdırır. Nəzərə alınsa ki, cəzanın məqsədi həm məhkumun islah edilməsindən və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir, bu halda səmimi peşmançılığın cəzanın məqsədləri baxımından nə qədər əhəmiyyətli olduğu görünər. Şəxsin əməlindən peşman olmasını bildirməsi yuxarıda qeyd edildiyi kimi onun əməlinə tənqidi yanaşmasını ehtiva etməklə onun şəxsiyyətinin ictimai təhlükəliliyinin azalmasına dəlalət edir ki, bu da təqsirləndirilən şəxsə cəza təyin edilərkən həmin halın cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasına əsas verir. Ona görə də məhkəmə yuxarıda qeyd edilən digər hallarla yanaşı, göstərilən həmin halları da cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirərək cəza təyinində nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunvericiliyin cəza təyini ilə bağlı tələblərini, törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları (onun əvvəllər məhkum olunmamasını, gənc olmaqla göstərilən xəstəliklərdən əziyyət çəkməsini), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, dəymiş ziyanın tamamilə ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbin olmamasını, təqsirləndirilən şəxsin ailəsinin məcburi köçkünlük həyatı yaşamasını, atasının isə birinci qrup Qarabağ müharibəsi əlili olmasını, təqsirləndirilən şəxsin sağlamlıq imkanlarının məhdudluğunu, onun baş-beyin travması mənşəli üzvi şəxsiyyət pozuntusu xəstəliyindən və yuxarıda göstərilmiş digər sinir sistemi xəstəliklərindən əziyyət çəkməsini, təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı səmimi ifadə verərək əməlindən peşmanlığını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin də təqsirləndirilən şəxsə həbslə əlaqədar olmayan cəza təyin edilməsini göstərməsini nəzərə alaraq, həmçinin Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyindən və təyin ediləcək cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və məqsədəuyğun hesab edir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərara gəlir. Belə ki, cinayət qanununda cəzanın 3 məqsədi müəyyən olunmuşdur: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməmişdir (CM-nin 70.1-ci maddəsi). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi maddə 8.1). Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır, o, zərər çəkmiş şəxslə hətta ibtidai istintaq mərhələsindən artıq barışıq əldə etməklə və zərərçəkmiş şəxsin səhhəti ilə əlaqədar dəymiş zərəri tam şəkildə ödəməklə həmin hərəkətləri ilə, həmçinin törətdiyi cinayət əməlini səmimi etiraf etməklə, məhkəmədə də göstərdiyi bütün davranışları da onun əməlindən səmimi peşmanlığını ehtiva etmiş, onun cəzasını ağırlaşdıran hallar isə mövcud deyildir. Belə vəziyyətdə iddia etmək olmaz ki, Bəhruz Meytiyevdə qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün o, mütləq cəza çəkməlidir. Əgər cəzanı ağırlaşdıran hallar mövcud deyildirsə, törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməklə zərərçəkmiş şəxslə barışıq əldə etmiş, hətta zərərçəkmiş şəxsin də ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini bildirməsi, barəsində cəzasını yüngülləşdirən kifayət qədər hallar olan bir şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdən hazırki hökm çıxarılan 08 fevral 2024-cü il tarixədək, yəni 07 (yeddi) ay 01 (bir) gün müddətində həbsdə olmuşdur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarının 2 və 2.21-ci bəndlərində göstərilmişdir ki:
2. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin.....: 2.21. Qərarın 25-ci bəndinin birinci abzasında “bir və ya bir neçə növ” sözləri çıxarılsın və aşağıdakı məzmunda 5-ci abzas əlavə edilsin: “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Tərtər Rayon Polis Şöbəsində saxlanca verilmiş bir ədəd kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilməyən turist bıçağı məhv edilməli, həmçinin baş vermiş cinayət hadisəsinin görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 53 (əlli üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Tərtər Rayon Polis Şöbəsində saxlanca verilmiş bir ədəd kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilməyən turist bıçağı məhv edilsin, həmçinin baş vermiş cinayət hadisəsinin görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – ekspertiza tədqiqatlarına sərf olunan 53 (əlli üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov