Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-189/2021 10.06.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu (məruzəçi hakim) və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, evli, orta təhsilli, məhkumluğu olmayan, Gəncə şəhəri, Nizami rayonu, Yeni ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan külli miqdarda ümumilikdə 8,255 qram təmiz çəkidə psixotrop maddə metamfetamini məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə əldə edərək üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs bu qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 12 noyabr 2020-ci il tarixdə saat 16:00-də ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində X5 şəhərində yerləşən inzibati binasına dəvət edilərək orada həmin gün saat 17:32-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən qeyd edilən külli miqdarda ümumilikdə 8,255 qram təmiz çəkidə psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi ayrı-ayrılıqda 2,120 qram, 1,710 qram, 2,190 qram və 2,235 qram təmiz çəkilərdə olmaqla 04 ədəd şəffaf sellofan bükümlərdə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 12 noyabr 2020-ci il tarixdə Gəncə şəhərində polis əməkdaşları tərəfindən saxlanıldığı zaman onun üzərində psixotrop maddə metamfetamin olmamışdır. Belə ki, 12 noyabr 2020-ci il tarixdə saat təxminən 16 radələrində özü ünvan 2 ünvanının yaxınlığında oğlu ilə birlikdə bacısıgilə gedən zaman ona tərəf iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyi xahiş etmiş, özünü təqdim etdikdən sonra polis əməkdaşları onu Gəncə şəhərində yerləşən DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin binasına dəvət etmişlər. Övladını orada tək qoyaraq polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Orada ona zor tətbiq edərək, qəhvəyi paketdə 16 qram nəsə gətirərək, ondan imza atmasını bildirmişlər. Lakin o, imza etməmişdir. Bundan sonra ona yenidən zor tətbiq etmişlər və bundan sonra o, məcbur olub imza atmışdır. Daha sonra digər iki nəfər polis əməkdaşı gələrək, qəhvəyi paketi götürmüş və yerinə 8 qram ağ sellofanda şüşəyə bənzər nəsə qoymuşlar və bütün sənədlərə imza etdirmişlər. Videoçəkiliş aparılmasına başlamazdan əvvəl o, təlimatlardırılmış və bundan sonra polis şöbəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Özünə hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əvvəlcədən təlimatlandırılmış qaydada özü əynində olan göy cins şalvarının sol yan cibindən metamfetamin olduğunu bildirib özü həmin cibində saxladığı 04 ədəd sellofan bükümdə olan metamfetamini, həmçinin şalvarının sağ yan cibində olan bir ədəd “Samsung” markalı mobil telefonunu və 10 manat pulunu çıxarıb təqdim etmişdir. Özü təqdim etdiyi 04 ədəd sellofan bükümün hər birində metamfetamin olduğunu bildirmişdir. Təqdim etdiyi həmin 04 ədəd sellofan büküm iştirakçıların gözü qarşısında açılaraq baxılmış və bükümlərdəki metamfetaminlər aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Əlavə olaraq bildirmişdir ki, o, narkotik vasitə istifadəçisi deyil, narkotik vasitələrin satışı ilə məşğul olmur və üzərindən aşkar olunmuş 8,155 qram çəkidə metamfetamin ona məxsus deyil. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, “o, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir. Özü təxminən 3-4 ay olar ki, psixotrop maddə olan metamfetamin çəkib qəbul etmiş, elə də asılılığı olmamış, sadəcə ara sıra maraq üçün qəbul etmişdir. 12 noyabr 2020-ci il tarixdə Gəncə şəhərində polis əməkdaşları tərəfindən saxlanıldığı zaman da üzərində özü qəbul etmək üçün saxladığı psixotrop maddə metamfetamin olmuşdur. Belə ki, 12 noyabr 2020-ci il tarixdə saat təxminən 16 radələrində özü ünvan 2 ünvanının yaxınlığında olduğu zaman ona tərəf iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyi xahiş etmiş, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər, onun barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla onu tanış etmişlər. Özü də həmin vaxt üzərində metamfetamin olduğundan yalan danışmağın mənasız olduğunu görüb polis əməkdaşlarına səmimi etiraf edib bildirmişdir ki, üzərində metamfetamin var. Bundan sonra polis əməkdaşları onu Gəncə şəhərində yerləşən DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin binasına dəvət etmişlər. Özü buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin polis şöbəsinə gəlmişdir. Polis şöbəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Özünə hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı özü əynində olan göy cins şalvarının sol yan cibində metamfetamin olduğunu bildirib özü həmin cibində saxladığı 04 ədəd sellofan bükümlərdə olan metamfetamini, həmçinin şalvarının sağ yan cibində olan bir ədəd “Samsung” markalı mobil telefonunu və 10 manat pulunu çıxarıb təqdim etmişdir. Özü təqdim etdiyi 04 ədəd sellofan bükümlərin hər birində metamfetamin olduğunu bildirmişdir. Təqdim etdiyi həmin 04 ədəd sellofan bükümlər iştirakçıların gözü qarşısında açılaraq baxılmış və bükümlərdəki metamfetaminlər aşkar edilmişdir. Metamfetamini 10 noyabr 2020-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi “Qulu” adlı şəxsdən öz şəxsi istifadəsi üçün 80 manata aldığını da bildirmişdir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 12 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhərində saxlanılması ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirində, həmçinin onun üzərində şəxsi axtarış və götürmə hərəkətinin aparılması prosesində özü iştirak etmişdir. Belə ki, 12 noyabr 2020-ci il tarixdə səhər saatlarında xidmət etdiyi Baş İdarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələrin satışı ilə məşğul olması, həmin maddələri satış məqsədi ildə əldə edib saxlaması, üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat xidmət etdiyi Baş İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 tərəfindən Baş İdarənin rəhbərliyinə raportla məruzə ediləndən sonra Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi qərara alınaraq bu məqsədlə əməliyyat qrupu yaradılmış, özü də əməliyyat qrupunun üzvü olmuşdur. Qrupa rəhbərlik Şahid2 həvalə olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi zərurəti ilə əlaqədar özləri həmin gün Gəncə şəhərinə yola düşmüşlər. Gəncə şəhərində Təqsirləndirilən şəxs olduğu yer üzrə məlumat əldə edəndən sonra həmin gün, yəni 12 noyabr 2020-ci il tarixdə əməliyyat-axtarış tədbiri keçirib saat 16:00-da ünvan 2 ünvanın yaxınlığında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan şəxsi dərhal saxlamışlar, xidməti vəsiqələri göstərməklə özlərini ona təqdim etmişlər. Təqsirləndirilən şəxs özləri ilə birlikdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində X5 şəhərində yerləşən inzibati binasına dəvət edib gətirmişlər. Ordada Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə prosesi aparılmağa başlanmışdır. Təqsirləndirilən şəxs üzərində, paltarlarında, əşyalarında dövriyyəsi qadağan olunmuş, qanunsuz saxlanılan hər hansı əşya və ya predmet, maddə varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində şalvarının cibində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən hər birinin içərisində ağ rəngli, kristal formasında psixotrop maddə metamfetaminə bənzər maddələr olan dörd ədəd şəffaf sellofan bükümü, həmçinin şalvarının sağ yan cibindən özünün bir ədəd «Samsung» markalı mobil telefonunu və on manat pulunu çıxarıb təqdim etmişdir. Nail özü bir daha həmin bükümdəki maddələrin metamfetamin olduğunu bildirmişdir. Həmçinin sorğu sual zamanı Nail həmin metamfetaminləri özü 10 noyabr 2020-ci il tarixdə Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində Qulu adı ilə tanıdığı hansısa şəxsdən 80 manat pul verib öz istifadəsi üçün aldığını demişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış da aparılmış, lakin başqa heç bir əşya, predmet aşkar olunmamışdır. Şahid1 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs barəsində Baş İdarəyə daxil olmuş əməliyyat məlumatı onun külli miqdarda narkotik və ya psixotrop maddələri satış məqsədi ilə qanunsuz əldə edib üzərində saxlamaqla daşıması və satışını həyata keçirməsi barədə, yəni qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində X5 şəhərində yerləşən inzibati binasına gətirilərkən və yaxud orada ona qarşı heç bir təzyiq, zorakılıq, digər qanunsuz hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 12 noyabr 2020-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və 01 ədəd DVD diskdən görünür ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində X5 şəhərində yerləşən inzibati binasında saat 17:32-dən etibarən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi 04 ədəd şəffaf sellofan bükümün hər birinin içərisində psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 noyabr 2020-ci il tarixli 6/2469 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. qeydlər olan kağız paketdəki 4 ədəd bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,120 qr., 1,710 qr., 2,190 qr. 2,235 qr., ümumi təmiz çəkisi 8,255 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr eyni tərkibli psixotrop maddə metamfetamindir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsi Ambulator Məcburi-Narkoloji tibbi yoxlamanın 01 fevral 2021-ci il tarixli, 301 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 17 noyabr 2020-ci il tarixli “əşyanın maddi subut kimi tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı ümumi təmiz çəkisi 8,155 qram qalıq çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi subut kimi tanınmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 24.02.2021-ci il tarixli 007-2760-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda ümumilikdə 8,255 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etməsinə, saxlamasına və daşımasına dair məlumatlar əldə edilsə də, göstərilən digər xüsusatlar üzrə hələlik müsbət nəticələr əldə etmək mümkün olmamışdır. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunduğu halda əlavə məlumat veriləcəkdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsin 26 yanvar 2021-ci tarixli, 560 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin 21 yanvar 2021-ci il tarixli 294 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər İcra hakimiyyəti Səhiyyə İdarəsi 2 nömrəli şəhər Poliklinikasının 05 aprel 2021-ci il tarixli, 821 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər 2 nömrəli poliklinikada 01 oktyabr 2016-cı ildən “ Şəkərli diabet İİ tip, insulindən asılı və müxtəlif ağırlaşmalarla, diabetik, angiopatiya, retinopatiya və neyropatiya” diaqnozu il “D” müşahidədədir. Hər ay diabet əleyhinə dərmanlar alır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəlisinin 21 yanvar 2021-ci il tarixli, 313, 313A nömrəli arayışlarından və 314 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri, arvadı X2, qızları X3, X4 və oğlu X6 ilə birlikdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış doğum haqqında şəhadətnamənin surətndən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı var. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış şübhəli şəxsin tutulması haqqında 12 noyabr 2020-ci il tarixli protokoldan və Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 15 yanvar 2021-ci il tarixli tələbnamədən, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 05.08.2009-cu il tarixli hökmün və Yevlax Rayon Məhkəməsinin 14 iyul 2011-ci il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 05.08.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.07.2010-cu il tarixli qərarı ilə onun həmin cəzasının qalan 01 il 10 ay 02 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, cəzasının çəkilməmiş qalan 09 ay 23 gün hissəsi Yevlax Rayon Məhkəməsinin 14.07.2011-ci il tarixli qərarı ilə 400 manat cərimə cəzası ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs ona təyin edilmiş həmin cəriməni 25.08.2011-ci il tarixdə tam ödəmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər, cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Onun yuxarıda qeyd edilən məhkəmə qərarı üzrə olan məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə müvafiq olaraq hazırda barəsində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İİ siyahısında psixatrop maddə hesab edilən metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanununun 10.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanununun 10.0.11-ci maddəsinə göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində heç bir narkotik vasitə olmamasına baxmayaraq sonradan polis şöbəsində qəhvəyi paketdə 16 qram nəsə qoyulması, lakin sonradan dəyişdirilərək 8 qram metamfetamin qoyulması və polis əməkdaşları tərəfindən ona zor tətbiq edildiyindən 8 qram metamfetamini öz üzərinə götürməsi, ümumiyyətlə narkotik vasitə və psixotrop maddə istifadəçisi olmamasına dair ifadələri, şahidlərin ifadələri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş DVD diskə baxış zamanı, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur və həmin hissədə sübut növü kimi qəbul etmir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 12 noyabr 2020-ci il tarixdə şübhəli qismində tutularkən üzərində prosessual hərəkətlər keçirilməmişdən əvvəl o, müdafiəçi ilə təmin olunmuş və ona hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada izah olunmuşdur. Bundan başda, sözügedən prosessual hərəkətlər videoçəkilişlə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt üzərindən aşkarlanmış əşyaların ona məxsus olmasını bildirmişdir. Əksinə Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən məsələlərlə razılaşmış və prosessual hərəkətin nəticəsinə dair protokolu imzalayaraq sözügedən halları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən təqsirləndirilən şəxsə məxsus olan psixotrop maddə olan metamfetaminin külli miqdarda yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasına, xırda bağlamalara bükülməsinə müvafiq olaraq təqsirləndirilən şəxsin psixotrop maddəni satış məqsədi ilə əldə edərək üzərində saxlamaqla daşıması qənaətinə gəlir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətinin protokolunu tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cümaddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 12 noyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra ümumilikdə 8,155 qram qalıq çəkidə psixotrop maddə olan metamfetamin məhv edilməli, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməli və 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş 03.05.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 20 (iyirmi) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 120 (yüz iyirmi) manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 12 noyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra ümumilikdə 8,155 qram qalıq çəkidə psixotrop maddə olan metamfetamin xüsusi müsadirə edilərək məhv edilsin, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin və 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 108,46 (yüz səkkiz manat qırx altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-189/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-189/2021
10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver