Məhkəmə qərarları › İş №1(100)-190/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-190/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-190/2024 03.10.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1984-cü ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, Ağstafa şəhəri, H.Əliyev prospekti, ev 12-də qeydiyyatda olmaqla, Ağstafa şəhəri, Qarabağ məhləsində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamışdır. Belə ki, o, məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda 01 ədəd bükümdə, təmiz çəkisi 43,593 qram təşkil edən narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranını əldə edərək, əynində olan gödəkçənin sağ yan cibində qanunsuz olaraq saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 10:55-də Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhəri, 20 Yanvar küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq Ağstafa Rayon Polis Şöbəsinə gətirilmiş, həmin narkotik vasitə həşiş qətranı Ağstafa Rayon Polis Şöbəsinin inzibati binasında həmin gün saat 11:58-dən 12:07-dək müddətdə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 22 may 2023-cü il tarixdə Ağstafa şəhəri, 20 Yanvar” küçəsində hərəkətdə olarkən polis əməkdaşları onu saxlayıb Ağstafa Rayon Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları bir ədəd qara sellofanda olan kütləni ona vermişlər ki, həmin kütlənin ona məxsus olduğunu etiraf etsin. O isə demişdir ki, həmin kütlənin çəkisi çoxdur. Polis əməkdaşları ona demişlər ki, “sənə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham veriləcək”. O isə razılaşmışdır, həm də düşünmüşdür ki, məsuliyyətə cəlb olunmaqla eyni zamanda bəlkə narkomaniya xəstəliyindən də müalicə olunar. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahat, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 22 may 2023-cü il tarixdə verdiyi izahatında, sonra 23 may 2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən, eyni zamanda 24 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilir. O, Ağstafa şəhəri, Qarabağ məhəlləsində yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Narkotik vasitə aludəçisidir. Aradabir narkotik vasitədən isitifadə edir. xx.xx.2023-cü il tarixdə, təxminən saat 09-10 radələrində yaşadığı evdən çıxıb Ağstafa rayonunda mərkəzi bazara tərəf gedən zaman Ağstafa şəhəri, 20 Yanvar küçəsində yerləşən “ATS”in yaxınlığından keçərkən yolun kənarında yerdə şəffaf polietilen sellofan büküm görüb həmin bükümü yerdən götürüb baxdıqda içərisində narkotik vasitə olan tiryək olduğunu görmüş, həmin bükümü əynində olan boz rəngli qış gödəkçəsinin sağ yan cibinə qoyub həmin küçə ilə bazar istiqamətində getmişdir. Bir neçə dəqiqə sonra həmin küçədə piyada hərəkətdə olan zaman mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, istehlakında və daşınmasında şübhəli olduğunu bildirərək onlarla birlikdə Ağstafa Rayon Polis Şöbəsinə getməli olduğunu demişlər. O da etiraz etməmiş və onlarla birlikdə Ağstafa Rayon Polis Şöbəsinə getmişdir. Polis şöbəsinin birinci mərtəbəsində olan təhqiqatçıların xidməti iş otağından birinə daxil olmuşlar. Orada ona hüquq və vəzifələri izah olunduqdan sonra narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində və daşınmasında şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Vəkillərin siyahısı ona təqdim olunduqdan sonra dövlət hesabına müdafiəçi X1 təyin olunmasını xahiş etmişdir. Bundan sonra ona üzərinə şəxsi axtarış keçiriləcəyi, üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olubolmaması, əgər vardırsa təqdim etməyi təklif olunmuşdur. O da əynində olan boz rəngli qış gödəkçəsinin sağ yan cibində olan 01 ədəd şəffaf polietilen sellofana bükülü halda olan kütləni təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisindən qara rəngli, kəskin iyili kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzi vasitəsilə çəkilmiş, ümümi kütləsinin 44.17 qram olduğu müəyyən olunmuşdur. Aşkar edilmiş kütlə qablaşdırılmaqla, üzəri möhürlənərək götürülmüşdür. Daha sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, o da həmin protokola imza etmişdir. O, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmur. Üzərində saxladığı şəffaf polietilen sellofana bükülü halda olan kütlə narkotik vasitə olan tiryəkdir, onu 22 may 2023-cü il tarixdə, Ağstafa şəhəri, 20 Yanvar küçəsində yerləşən “ATS”in yaxınlığında yerdən tapmışdır (iş vərəqə: cild İ, səh. 25-26, 40-42, 51-53). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı verdiyi fərqli ifadələri oxumadan imzaladığını bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Ağstafa Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 22 may 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur ki, Ağstafa rayon sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəlidir. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs Ağstafa şəhəri, 20 Yanvar küçəsində saxlamışlar və Ağstafa Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs Ağstafa Rayon Polis Şöbəsinə təhvil verdikdən sonra o, şəxsi axtarışın keçirilməsində iştirak etməmişdir. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı 44 qrama yaxın narkotik vasitəyə oxşar maddə aşkar edilmişdir. Onun və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Ağstafa Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 22 may 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Ağstafa şəhəri, 20 Yanvar küçəsində saxlayıb Ağstafa Rayon Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cibindən narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Həmin maddə tərəzidə çəkilərkən təxminən 40 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin özünə məxsus olduğunu bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Ağstafa Rayon Polis Şöbəsinin KTQ-nin baş inspektorkriminalisti vəzifəsində işləyir. 22 may 2023-cü il tarixdə Ağstafa Rayon Polis Şöbəsində xidmətdə olan zaman polis şöbəsində bir nəfər şəxsin üzərində keçiriləcək şəxsi axtarışda iştirak etməsi və videoçəkilişin keçirilməsi ona həvalə edilmişdir. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəlcə hüquq və vəzifələri izah olunmuş, vəkillə təmin olunmuş, sonra isə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində saxlanılması və daşınması qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs cibindən tünd qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütləni çıxarıb təqdim etmişdir. Sonra həmin kütlə tərəzidə çəkilmiş, qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütləni yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Ağstafa Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 22 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə Təqsirləndirilən şəxs Ağstafa şəhəri, 20 Yanvar küçəsində saxlayıb Ağstafa Rayon Polis Şöbəsinə gətirmişlər. X6 Novruzovun üzərinə şəxsi axtarış keçirilən zaman narkotikə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təsir, təzyiq göstərilməmiş, heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 22 may 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman onun əynindəki boz rəngli qış gödəkcəsinin sağ yan cibində olan bir ədəd şəffaf polietilen sellofana bükülmüş narkotik vasitə həşiş qətranına oxşar kütlə aşkar edilərək götürülmüş, tərəzidə çəkilərkən çəkisinin 44,17 qram olması müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 22-24). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional Bölməsinin 22 may 2023-cü il tarixli, 16/539 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 43,593 qram olan maddə (bitki mənşəli kütlə) narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- həşiş qətranıdır (iş vərəqə: cild İ, səh. 33-35). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 01 avqust 2023-cü il tarixli, 1275 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan həşiş qətranından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür, həmin rəydən həmçinin görünür ki, Təqsirləndirilən şəxs narkoloji-tibbi yoxlamadan keçirilən zaman aşkar edilmiş narkotik vasitəni tapdığını bildirmişdir (iş vərəqə: cild İ, səh. 84). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 21 avqust 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, iş üzrə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 43,393 qram narkotik vasitə olan həşiş qətranı maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağstafa Rayon Polis Şöbəsində saxlanca təhvil verilmişdir (iş vərəqə: cild 1, səh. 97-101). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 iyul 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, həmin məhkumluqların bir hissəsi ödənilsə də, son iki məhkumluğu ödənilməmişdir. Həmin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu məhkumluqları Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 fevral 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi ilə əlaqədar olmuş və o, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Ağstafa Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək Cinzyət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, daha sonra Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarı ilə çəkilməmiş cəzasından 05 ay 07 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir (iş vərəqə: cild İ, səh. 88-89). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 22 may 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2023-cü il tarixdə, saat 11:30-da şübhəli şəxs kimi tutulmuşdur (iş vərəqə: cild İ, səh. 14). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 24 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 may 2023-cü il tarixdə saat 11:05-də X3 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 54-55, 59). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Ağstafa Rayon Polis Şöbəsinin 14 noyabr 2023-cü il tarixli məktubundan və tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdə tutularaq Ağstafa Rayon Polis X2 Yerinə təhvil verilmişdir (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və narazılıq daxil olmamışdır (iş vərəqə: cild İ, səh. 96). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqları var (cinayət işinin materialları). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya» əsasən “həşiş qətranı” narkotik maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,4 qram, külli miqdar daxil olmaqla aşağı həddi 40 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş “həşiş qətranı” narkotik maddəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı»da müəyyən edilmiş həmin narkotik maddənin külli miqdar həddindən artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində özünü təqsirli bilməməsi, şəxsi axtarış zamanı üzərindən heç bir qanunsuz əşya aşkar edilməməsi, üzərindən aşkar edilmiş narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair göstərdiklərini məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində həmin göstərdikləri cinayət işinin faktiki hallarına ümumiyyətlə uyğun deyil. Cinayət işinin materialları tədqiq edilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə həyata keçirilmişdir. Həmin videoçəkiliş məhkəmə araşdırması zamanı nümayiş etdirilərkən onun saxlanılmasında iştirak edən Ağstafa Rayon Polis Şöbəsinin polis əməkdaşlarının və müdafiəçisinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı həqiqətən də Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda göstərilən narkotik maddənin aşkar edildiyi və ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyi müəyyən edilmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs 22 may 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə izahat verərkən üzərindən həmin narkotik vasitə həşiş qətranının aşkar edildiyini, həmin maddəni tapdığını göstərmiş (cild 1, iş vərəqə: 25-26), sonra 23 may 2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən və 24 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən də üzərindən narkotik vasitənin aşkar olunduğunu etiraf etmiş, özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bildiyini göstərmişdir (cild 1, iş vərəqə: 40-42, 51-53). Təqsirləndirilən şəxs həmin ifadələrini verərkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməsini və ya hər hansı başqa etirazını bildirməmişdir. Həmçinin cinayət işinin materiallarında olan 01 avqust 2023-cü il tarixli, 1275 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən də görünür ki, Təqsirləndirilən şəxs narkolojitibbi yoxlamadan keçirilən zaman aşkar edilmiş narkotik vasitəni tapdığını bildirmiş və həmin maddənin ona məxsus olduğunu inkar etməmişdir (cild 1, iş vərəqə: 84). Eyni zamanda, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Ağstafa Rayon Polis X2 Yerinə daxil olunarkən üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün X3 məhkəməyə göndərilmiş “Tibbi müayinənin keçirilməsi və Qeydiyyatı” kitabından görünür ki, Təqsirləndirilən şəxs hər hansı xəsarətin olması müəyyən edilməmişdir (cinayət işinin materialları). Cinayət işi üzrə ibtidai araşdırma yekunlaşarkən və Təqsirləndirilən şəxs müdafiəçisinini iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən də ibtidai istintaqla bağlı heç bir şikayət və vəsatətinin olmadığını bildirmişdir (iş vərəqə: cild İ, səh. 122-123). Beləliklə də, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi inkaredici hallar cinayət işinin materialları, iş üzrə yuxarıda göstərilən və mötəbərliyi heç bir mübahisə doğurmayan sübutlarla və həmin sübutlardan irəli gələn işin faktiki halları ilə qarşılıqlı şəkildə müqayisə edilərkən onun məhkəmədə ifadəsində göstərdikləri tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlaması “şəxsi axtarış və götürmə haqqında” protokol, şəxsi axtarışın video görüntüsününü əks olunduğu disk, maddi sübutlar, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, şahid ifadələri, həmçinin onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi və cinayət işinin obyektiv halları ilə tamamilə sübuta yetirilmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş və təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 fevral 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilməsi, bundan başqa Ağstafa Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, daha sonra Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarı ilə çəkilməmiş cəzasından 05 ay 07 gün şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı qeyd etməy zəruri hesab edir ki, Təqsirləndirilən şəxs həmin hər iki məhkumluğu Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən isə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs 25 fevral 2015-ci il tarixdə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə müvafiq olaraq cinayətlərin təsnifatına görə ağır cinayət hesab olunduğundan və onun Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad olunduğu 16 mart 2019-cu il tarixdən altı il keçmədiyindən onun həmin məhkumluğu ödənilməmişdir, bundan başqa Təqsirləndirilən şəxs 20 may 2021-ci il tarixdə 02 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunduğundan və onun Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunduğu 09 dekabr 2022-ci tarixdən iki il keçmədiyindən onun həmin məhkumluğu da ödənilməmişdir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 18.2-ci maddəsinə əsasən, cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Odur ki, göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olması Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, cinayətlərin residivinə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 22 may 2023-cü il saat 11:30-dan 24 may 2023-cü il saat 11:05-dək, yəni iki (iki) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün müddətində tutulmasını nəzərə alaraq, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 14 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 01 avqust 2023-cü il tarixli, 1275 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış, Ağstafa Rayon Polis Şöbəsində saxlanca verilmiş qalıq çəkisi 43,393 qram narkotik vasitə olan həşiş qətranı məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 may 2023-cü il tarixdən 24 may 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu 14 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Ağstafa Rayon Polis Şöbəsində saxlanca verilmiş qalıq çəkisi 43,393 qram narkotik vasitə olan həşiş qətranı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar