Məhkəmə qərarları › İş №1(100)-191/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-191/2021

12.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-191/2021 12.04.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş Niftəliyev Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndələri – Göygöl rayon Vəkil Bürosunun vəkilləri Nümayəndə2 və Nümayəndə1, müdafiəçi - Göygöl Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilmişdir ona görə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvan 1 ünvanından çıxıb işə gedən zaman qonşusu Niftəliyev Zərərçəkmiş şəxs ona yaxınlaşaraq bir neçə gün öncə az yaşlı övladı Niftəliyev Nahid Zərərçəkmiş şəxs oğluna qorxuducu sözlər deyib qorxutduğu üçün ona öz iradını bildirməsi ilə bağlı yaranmış mübahisə nəticəsində atası X4 zəng vurduqda Zərərçəkmiş şəxs Niftəliyevin Araz Abbasovun ünvanına var-yox söyüşü söyməsi səbəbindən aralarında yaranmış münaqişə zəminində o, istintaqla əldə edilməsi mümkün olmayan kəsici-deşici alətlə Zərərçəkmiş şəxsNiftəliyevin bədəninin qarın nahiyyəsindən bir dəfə qəsdən vurub ona qarının sağ yarısının ön səthində qara ciyərin zədələnməsi müşayiət olunan, qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara ilə müşayiət edilən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır, istintaqla əldə edilməsi mümkün olmayan bərk küt əşya ilə isə burnunun sağ qanadında və bel nahiyəsində sıyrıqlarla müşayiət edilən sağlamlığın pozulmasına səbəb olmadıqlarından dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmənin hazırlıq iclasında zərərçəkmiş şəxs vəsatət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud qanun pozuntularına görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Niftəliyev bildirmişdir ki, müstəntiq tərəfindən ona cinayət işinin materialları ilə tanış olması üçün məlumat verilsə də, nə ona, nə də onun nümayəndəsi Nümayəndə1 heç bir şərait yaradılmadığını və məhkəmə tərəfindən göndərilən bildiriş əsasında cinayət işinin artıq məhkəmənin icraatında olduğunu bildiyini qeyd etmişdir. Zərərçəkmiş şəxsin Nümayəndə1 vəsatətə əlavə olaraq qeyd etmişdir ki, müstəntiq tərəfindən cinayət işinin materialları ilə tanış olması üçün ona məlumat verilməmiş, müvafiq şərait yaradılmamış və xx xxxx 2021-ci il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsində saat 11:35-də keçirilən məhkəmə iclası ilə əlaqədar Bakı şəhərində olmuş və həmin məhkmə iclası təxminən 30 dəqiqə davam etmişdir. Təxminən saat 12:05-də Azərbaycan Respublikasının Ali Məhkəməsindən çıxıb, saat 14:00-da Göygöl rayonuna çatması mümkün deyildir. Zərərçəkmiş şəxsin digər nümayəndəsi Fuad Hüseynov da həmçinin vəsatəti müdafiə edərək ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqlarının kobud şəkildə pozulmasını, bu səbəbdən də cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, cinayət işinin materiallarını və vəsatəti nəzərdən keçirib, eləcə də cinayət prosesi tərəflərinin fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikasının CPM-nin 303.3.8-ci maddəsinin tələbi pozulduğundan məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 284.1.1 və 284.1.2-ci maddələrinə əsasən müstəntiq ibtidai istintaqın qurtarması barədə təqirləndirilən şəxsə, onun müdafiəçisinə, zərərçəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir, cinayət prosesinin iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. Həmin Məcəlləsinin 284.2-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olması üçün zərərçəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. Cinayət işinin materiallarında olan xx xxxx 2021-ci il tarixli zərərçəkmiş şəxsin nümayəndəsinin cinayət işinin materialları ilə tanış etmə haqqında protokoldan görünür ki, Nümayəndə1 həmin gün saat 14:00-dan 15:00-dək cinayət işinin materialları və maddi sübutlarla ilə tanış olmuş, lakin protokola imza etməkdən imtina etmişdir. Lakin Nümayəndə1 məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin bildirişindən və ona əlavə edilmiş X2 çıxarışdan görünür ki, Nümayəndə1 həmin gün Azərbaycan Respublikası Ali Məhkəməsində saat 11:35-də keçirilən məhkəmə iclasında iştirak etmiş, yəni Bakı şəhərində olmuş, özünün deməsinə əsasən isə həmin məhkəmə iclası 30 dəqiqə davam etmişdir. Göründüyü kimi Bakı şəhərində təxminən saat 12:05-də bitən məhkəmə iclasından çıxmaqla Nümayəndə1 saat 14:00-a kimi Göygöl rayonuna gəlib çatması real deyildir. Həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs Niftəliyev bildirmişdir ki, müstəntiq tərəfindən ona telefonla cinayət işinin materialları ilə tanış olması bildirildikdən sonra Göygöl rayon Polis Şöbəsinə getsə də, cinayət işinin materialları və maddi sübutlar ona təqdim edilməmiş, müstəntiq onu cinayət işinin materialları ilə tanış olması üçün başqa vaxt çağıracağını bildirmiş, bundan sonra isə məhkəmə tərəfindən göndərilən bildiriş əsasında cinayət işinin artıq məhkəmənin icraatında olduğunu bilmişdir. Qeyd olunanlardan görünür ki, zərərçəkmiş şəxsə və onun nümayəndəsinə ibtidai istintaq yekunlaşan zaman cinayət işinin materialları ilə tanış olmaq üçün şərait yaradılmamış, onlar cinayət işinin materialları ilə tanış olmamışlar. Bununla da Azərbaycan Respublikası CPM-nin 303.3.8-ci maddəsinin tələbləri pozulmuş, yəni məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinə riayət edilməmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsində göstərilən kobud qanun pozuntusuna yol verildiyindən, bu pozuntunun aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Göygöl rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri sonuncu dəfə Göygöl rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərarı ilə xx xxxxx 2021-ci il tarixə kimi uzadılmışdır. İnsan hüquqları üzrə Avroma Məhkəməsi “Smirnova Rusiyaya qarşı” xx xxxx 2003cü il tarixli qərarında insan hüquq və azadlıqlarının müdafiəsinə dair Avropa Konvensiyasının 5-ci maddəsini rəhbər tutaraq göstərir ki, Konvensiya üzrə presedent hüququna əsasən şəxsin yaşayış məntəqəsini tərk etməmək barədə iltizam verməklə azad edilməsi üçün dörd məqbul şərt hazırlanmışdır:- barəsində ittiham irəli sürülən şəxsin məhkəməyə gəlməməsi riski; - barəsində ittiham irəli sürülən şəxsin azad ediləcəyi halda ədalət mühakiməsinə mane olmaq üçün addımlar atması riski; - şəxsin ictimai qaydanı pozması riski; - şəxsin növbəti hüquq pozuntuları törətməsi riski. “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2009-cu il tarixli, 3 saylı qərarının 8-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 447.5-ci maddəsinin norması məhkəmələr tərəfindən sübutların araşdırılmasını və qiymətləndirilməsini özündə ehtiva etmir. Göstərilən qaydada məhkəmə araşdırması yalnız vəsatət və təqdimatda istinad edilmiş, təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsini ehtimal edən ilkin sübutların, habelə həbs qətimkan tədbirinin seçilməsi üçün prosessual əsasların mövcudluğunun yoxlanılmasından ibarət olmalıdır. Azərbaycan Respublikası CPM-in 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və həmin Məcəllənin 306.2.2-ci maddəsinə əsasən isə cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə müraciət etdikdə məhkəmə həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqda qalacağı halda istintaqdan gizlənməsinə və cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın normal gedişinə mane olmasına dair kifayət qədər əsas olduğunu, eləcə də onun barəsində həbs qətimkan tədbiri seçilərkən əsas götürülmüş halların aradan qalxmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx xxxxx 2021-ci il tarixdən 1 (bir) ay müddətinə, yəni xx xxx 2021-ci il tarixədək uzadılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 300.1.5., 303.1., 303.2., 303.3.8-ci maddələrini rəhbər tutub məhkəmə, qərara aldı:

1. Zərərçəkmiş Niftəliyev Zərərçəkmiş şəxs vəsatəti təmin edilsin.

2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntusuna yol verildiyindən, bu pozuntunun aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

3. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri xx xxxxx 2021-ci il tarixdən hesablanmaqla 1 ay müddətinə uzadılsın..

4. Cinayət işi üzrə Göygöl rayon X5 Bölməsinin baş müstəntiqi, polis kapitanı X3 tərəfindən yol verilən kobud qanun pozuntularına görə barəsində xüsusi qərar çıxarılsın.

5. Qərarın surəti dövlət ittihamçısına, zərərçəkmiş şəxsə və onun nümayəndələrinə, təqsirləndirilən şəxsə və müdafiəçiyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar