Məhkəmə qərarları › İş №1(100)-193/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-193/2020

26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-193/2020 26.08.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X13 Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamınm Müdafiəsi üzrə X7 Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gəncə şəhəri, Ə.Əliyev küçəsi, ev 88-də qeydiyyatda olmaqla yaşayan, Gəncə şəhəri Nizami Rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(044)-31/2020 saylı qərarı ilə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə X13 Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı və sağlamlığı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 24 radələrində Gəncə şəhəri, Nizami prospektində yerləşən Köhnə Şəmkir Avtovağzalının içərisində tanışı Zərərçəkmiş şəxs1 ilə borc mübahisəsinə görə aralarında baş vermiş dava zamanı sonuncunun bədəninin müxtəlif nahiyələrinə əl və ayaqla zərbələr endirərək qarın nahiyəsinin ön səthinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarət, bundan sonra isə üzərində daşıdığı istintaq zamanı əldə edilməsi mümkün olmayan bıçaqla kürək nahiyəsindən qəsdən bir dəfə vuraraq sonuncuya həyat üçün təhlükəli olan sağ ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının daxilə nüfuz edən bir ədəd kəsilmiş-deşilmiş yarası ilə nəticələnən xəsarət yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 10 ilə yaxın müddətdir ki, tanımış, yoldaşlıq münasibətləri olmuşdur. O, beş ildir mebel satışı və mebel istehsalı işi ilə məşğul olmuşdur. İki ilə yaxın müddət ərzində dostu Fəqan Hüseynovla birlikdə Bakı şəhərində yerləşən Riyad ticarət mərkəzində mebel satışı ilə məşğul olmuş, həmçinin Bakı şəhərində mebellərin istehsal edilməsi üçün birlikdə sex açmışlar. Həmin sex təxminən 10 ay fəaliyyət göstərmiş, o, 2019-cu ilin may ayından etibarən həmin sexə Zərərçəkmiş şəxs1 işçi kimi götürmüşdür. Zərərçəkmiş şəxs1 2019-cu ilin may ayından sentyabr ayına kimi həmin sexdə işləmiş və aparıcı işçi olaraq həmin sexə nəzarət ona tapşırılmışdır. Elfaq həmin sexdə işləyən müddət ərzində həmin sexdə mebel istehsalının fəaliyyəti dayanmışdır. Elfaq həmin müddət ərzində ona xeyli ziyan vurmuş, nəticədə Bakı şəhərində olan mağaza və mebel sexi 2019-cu ilin sentyabr ayında bağlanmışdır. Bundan sonra o, şəriki Fəqan və işlərə nəzarət edən Elfaqdan malların hara yoxa çıxdığını soruşduqda, həmin şəxslər ona gəlib haqq-hesab edəcəklərini bildirirmişlər. Elfaqla Fəqan birləşərək ona ziyan vurduqdan sonra o, sonuncularla görüşmək istəsə də, həmin şəxslər ondan qaçaraq görüşməmişlər. O, xx.xx.2020-ci il tarixdə saat 11-12 radələrində dostu Zərərçəkmiş şəxs2lə birlikdə Araza məxsus “Niva” markalı avtomobillə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsindən Nizami prospekti ilə şəhər istiqamətində gələn zaman, yolun sağ kənarında üç-dörd nəfər şəxsin yolun kənarında dayandığını görmüş və həmin şəxslərə diqqətlə baxdıqda həmin şəxslərin arasında Fəqanla Elfaqın olduğunu görmüşdur, Araz avtomobili həmin şəxlərin yanında saxlamış və o, avtomobildən düşərək Elfaqgilin yanına gəlmiş və nə üçün onun telefonlarına cavab vermədiyini bildirmiş və sonuncunun ünvanına nalayiq ifadələr işlədib pullarını hara xərclədiyini soruşmuşdur. Onlar Elfaqla həmin yerdən bir qədər qırağa köhnə Şəmkir avtovağzalı kimi tanınan yerə keçmişlər. Həmin vaxt Elfaqla onun arasında mübahisə yaranmış və aralarında əl-ayaq davası olmuşdur. O, həmin vaxt Elfaqa bir neçə şapalaq və bədəninə yumruqla zərbə endirmiş, Elfaq da ona yumruq zərbələri atmışdır. O, Elfaqla dalaşan zaman onlardan bir qədər aralıda dayanan Fəqan və digər iki nəfər şəxsin ona yaxınlaşdığını görmüş və həmin şəxslərin nə üçün ona yaxınlaşdığını dərk etməmiş və qorxaraq üzərində daşdığı açılıb qatlanan bıçağı çıxararaq kiminsə onu vurmağından ehtiyat edib həmin bıçaqla Elfaqı paltarından tutub özünə tərəf çəkmiş və sonuncunun kürək nahiyəsindən bir dəfə bıçaqla zərbə endirmişdir. Həmin vaxt Elfaq qaçaraq oradan uzaqlaşmış, dava düşdüyünü görən Araz “Niva” markalı avtomobili onun yanına sürmüş və o, əsəbi olduğundan Fəqanın ünvanına nalayiq ifadələr işlədib və Fəqanın onunla gəlməsini bildirmişdir. Fəqan heç bir etiraz etmədən onunla birlikdə Arazın avtomobilinə əyləşmişdir. Fəqana nə üçün onun başına oyun açdıqlarını və onun pulunu Elfaqla birlikdə hara dağıtdıqlarını soruşmuş və pulunu geri qaytarmağını tələb etmişdir. Fəqan da ona Elfaqın yaxşı insan olmadığını, sexin pulunu yeyərək dağıtdığını və tezliklə onun pulunu düzəldib geri qaytaracağını bildirmişdir. Onlar həmin vaxt avtomobildə Poçt qəsəbəsi deyilən ərazidə Sərkar yoluna dönən yerdə Dəmiryol keçidinin yanına çatan zaman yol bağlı olduğu üçün geri qayıtmış və o, avtomobilin pəncərəsindən Elfaqa xəsarət yetirdiyi bıçağı “Fama” marketin yaxınlığında yolun sağ kənarına atmışdır. Bundan sonra onlar şəhər istiqamətində hərəkət etmiş və X9 prospekti ilə Nizami prospektinin kəsişməsində Köhnə Yevlax Avtovağzalı deyilən yerdə düşürmüş və sonra Araz onu yaşadığı mənzilə düşürüb getmişdir. Bundan sonra o, gecəni yaşadığı evdə yatıb sabahı gün Nizami rayon polis idarəsinə gəlib baş verən hadisə barədə məlumat vermişdir. Onun Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirməsinə səbəb Elfaqın onun mağazasında və mebel sexində işləyən zaman ona ziyan vurması, daha sonra isə onun telefonlarına cavab verməyərək ondan qaçması olmuşdur. Baş vermiş hadisə zamanı o, heç bir xəsarət almamış və Elfaqdan başqa heç kəsə xəsarət yetirməmişdir. Elfaqa bıçaqla xəsarət yetirdiyi yer qaranlıq olmuş və həmin hadisə heç kimin narahatçılığına səbəb olmamışdır. O, Elfaqı bıçaqla vurduqdan sonra Arazın avtomobilinə minib oradan uzaqlaşmışdır. Hadisə təxminən 4-5 dəqiqə davam etmişdir. O, Elfaqı onu aldadaraq ona ziyan vurduğu üçün bıçaqla vurmuşdur. O, Elfaqı bıçaqla vurduqdan sonra Elfaq qaçan zaman o, sonuncunun arxası ilə getməmiş və sonuncunu yenidən vurmaq niyyətində olmamışdır. Hazırda əməlindən peşmandır. Zərəçəkmişlə barışdığından, məhkəmədən ona həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə dostları Fəqan, İlqar və Nofəl adlı şəxslərlə kirayədə yaşadığı evdə yemek yeyib bir qədər spirtli içki qəbul etmiş, təxminən axşam saat 11 radələrində əvvəldən tanıdığı Abbas adlı şəxs ona zəng edərək telefonda hal-əhval tutub onunla işinin olduğunu bildirmiş və onu Gəncə şəhəri, Nizami prospektində yerləşən Köhnə Şəmkir Avtovağzalına görüşə çağırmışdır. Abbas ona zəng etdikdən sonra o, evdə olan şəxslərə bayırda bir qədər işinin olduğunu bildirib Fəqanla birlikdə evdən çıxmış və piyada Fəqanla birlikdə köhnə Şəmkir Avtovağzalının yanına gəlmişlər. Onlar orada saat 22-23 radələrində Abbasla görüşdükdən sonra Araz özünə məxsus avtomobillə Elnurla birlikdə onların yanına gəlmiş, salamlaşmış və Elnur nə üçün telefonlarına cavab vermədiyini və ona olan borcu nə üçün qaytarmadığını ona bildirmiş və Bakıda işlətdiyi mebel sexinə dəymiş ziyanı ondan tələb etmişdir. O, isə Elnura heç bir pul borcunun və ya verəcəyinin olmadığını bildirmişdir. Həmin vaxt Elnur onu nalayiq sözlərlə təhqir edərək, onu ziyana saldığını bildirib və ondan pulunu tələb etmiş, o, da Elnurun ünvanına nalayiq ifadələr işlətmiş və nə bilirsə etməyini Elnura demişdir. Bundan sonra onlar Elnurla bir qədər qırağa, Şəmkir avtovağzalının içəri tərəfinə keçmiş və Elnurla onun arasında mübahisə yaranmış, əl-ayaq davası olmuşdur. Həmin vaxt Elnur onun bədəninin müxtəlif nahiyələrinə və qarın nahiyəsinə əli ilə bir neçə zərbə endirmiş, o, isə Elnura müqavimət göstərmiş, həmçinin orada olan Araz, Fəqan və Abbas onları ayırmağa çalışmışdır. Həmin vaxt o, üzünü çevirib qaçmaq istədikdə Elnur tutub onu saxlayaraq kürək nahiyəsindən bıçaqla zərbə endirmişdir. Bundan sonra isə o, qaçaraq oradan uzaqlaşmış və kirayə yaşadığı ünvana gəlmiş, qapını Nofəl açmış və onun bədənində qan olduğunu görüb onu evə salaraq divana uzatmış və X16a məlumat vermişdir. Nofəl həmin vaxt ondan kiminlə dalaşdığını və onu kimin bıçaqladığını soruşsa da, o, Nofələ bu barədə məlumat verməmişdir. Təxminən beş dəqiqə sonra X16 avtomobili gəlmiş və onu TTY Xəstəxanasına aparmışdır. Elnurun onu bıçaqla vurmasına səbəb Elnurun ondan pul tələbinə görə aralarında yaranmış mübahisə və şəxsi münasibətlər zəmnində bir birilərinin ünvanına nalayiq ifadələr işlətmələri olmuşdur. Təqsirləndirilən şəxs onu tutaraq saxlayıb bir dəfə bıçaqla kürək nahiyəsindən vurduqdan sonra yenidən onu vurmaq imkanı olsa da onu vurmamış və buraxaraq geri çəkilmişdir. O, isə həmin vaxt oradan uzaqlaşıb getmiş, Elnur onu öldürmək niyyətində olmamışdır. Həmin vaxt hadisə yeri bir qədər qaranlıq olmuş, heç kimin narahatçılığına səbəb olmamış, səs küy yaranmamış və digər şəxslər ora toplaşmamışdır. Hadisə təxminən 4-5 dəqiqə davam etmişdir. O, Arazın Elnurla birlikdə onun üstünə gəldiyini düşündüyü üçün ilkin ifadəsində Arazın da taxta parçası ilə onu vuraraq ona xəsarət yetirdiyini bildirmişdir. Həmin vaxt Araz Elnurla birlikdə onun yanına gəlsə də, ona hər hansı bir xəsarət yetirməmiş, onu nə taxta parçası, nə də ya başqa formada vurmamışdır. Həmin vaxt Araz Fəqanla birlikdə onu və Elnuru aralamağa çalışmışdır. Qeyd olunan hadisə zamanı o, nə Təqsirləndirilən şəxs, nə də başqa hər hansı bir şəxsə xəsarət yetirməmiş, həmin vaxt Elnur ona xəsarət yetirmişdir. Elnurla onun davasından başqa heç kim dava etməmiş və heç kim xəsarət almamışdır. Təqsirləndirilən şəxs ona dəymiş olan ziyanı ödəmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, Elfaqla dostluq münasibətləri olmuşdur. xx.xx.2020-ci il tarixdə Elfaqın Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən ünvanını dəqiq bilmədiyi kirayədə yaşadığı evdə Elfaqla birlikdə olmuş, həmin vaxt Elfaqın Fəqan adlı dostu da onlarla bir yerdə olmuşdur. Onlar axşam saatlarında evdə bir qədər yemək yeyib spirtli içki qəbul etmiş, və saat 23 radələrində Elfaq Fəqanla birlikdə evdən çıxaraq getməli yerlərinin olduğunu və bir saata qayıdacaqlarını bildirmişlər. O isə Elfaqın digər adını xatırlamadığı dostu ilə birlikdə həmin ünvanda qalmışdır. Təxminən bir saat sonra Elfaq kürək nahiyəsindən bıçaqlanmış vəziyyətdə həmin ünvana qayıtmış və o, Elfaqın qan itirmiş vəziyyətdə olduğunu görüb özünü itirmişdir. O, Elfaqdan Fəqanın harada olduğunu soruşduqda Elfaq Fəqandan uzaqlaşıb tək gəldiyini bildirmişdir. Elfaq halsız vəziyyətdə olduğu üçün ona əlavə suallar verməmişdir. Bundan sonra isə evdə olan digər şəxs ilə Elfaqı evdə divana uzadib X16 çağırmış, təxminən beş dəqiqə sonra X16 avtomobili gəlmiş və Elfaqa ilkin tibbi yardım göstərilmiş və avtomobilə mindirilmişdir. O, da Elfaqla birlikdə həmin avtomobildə 3 nömrəli Gəncə şəhər X16 Xəstəxanasına gəlmiş, xəstəxanada dərhal Elfaq avtomobildən düşürülmüş və əməliyyata salınmışdır. O, Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirən şəxsin kim olmasını bilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” potokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində göstərərək təsdiq etmişdir. (i.v. 51-56) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 4(044)-26/2020 saylı qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesbalanmışdır. (İ cild i.v. 83-84) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 4(044)-31/2020 saylı qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. (İ cild i.v. 96-98) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertinin xx xxxxx 2020-ci il tarixli 14 nömrəli rəyindən görünür ki,

1. Zərərçəkmiş şəxs1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfa betadır.

2. Təqdim olunmuş Zərərçəkmiş şəxs1 məxsus bir ədəd köynək üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa,beta olduğundan Zərərçəkmiş şəxs1 məxsus ola bilər.(i.v. 100-103) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertin xx xxxxx 2020-ci il tarixli 498 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, vət. Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- a) sağ ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının daxilə nüfuz edən bi ədəd deşilmiş-kəsilmiş yarası- deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir; b) qarın nahiyəsinin ön səthinin sıyrıqları isə bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir.(i.v. 108-110) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdiyi xüsusatları bir daha bir-birlərinin üzünə qarşı demişlər. (i.v. 119-121) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətrasoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 16/304 nömrəli rəyindən görünür ki, -Təqdim olunan poluverin üzərində olan zədə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində soldan sağa doğru istiqamətlənərək yaranmağa xarekterik deşilməkəsilmə zədəsidir. Zədənin xarakterini nəzərə almaqla zədəyə əsasən zədənin yetirildiyi anda soyuq silahla (alətlə və ya digər predmetlə) zərərçəkmişin qarşılıqlı yerləşmə vəziyyətinin müəyyən edilməsi ilə bağlı sualın həllini xüsusi ədəbiyyatlarda müvafiq metodu olmadığından kriminalist tədqiqat aparılması yolu ilə cavab verilməsi mümkün deyil. -Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmətibb Ekspertiza və Patoloji Anatomoya ETT Birliyinin xx.xx.2020-ci il tarixli 498 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş poluverin səthində olan zədə müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “sağ ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə poluverin səthində olan zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. (i.v. 130-131) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “könüllü gəlmə” barədə xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nə könüllü gələrək özünü təqdim etmişdir. (İ cild i.v. 133) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda dumur. (İ cild i.v. 166) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə X2 xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda dumur. (İ cild i.v. 167) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası evlər üçlüyü tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayonu Əziz Əliyev küçəsi, 88 saylı evdə yaşayır və ailə tərkibi 1981-ci il təvəllüdlü Vüsalə Rəfiyeva, 2004-cü il təvəllüdlü X6, 2005-ci il təvəllülü X8r. (İ cild i.v. 169) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (İ cild i.v. 170) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AZE-İ № 500168 və AZE-İ № 696195 saylı doğlum haqqında şəhdətnamələrin surətlərindən görünür ki, xx.xx.2004-cu təvəllüdlü X5 və xx.xx.2005-ci il təvəllüdlü X8r. (İ cild i.v. 171- 172) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild vər.173) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 onu vurmadığını və ona hər hansı bir xəsarət yetirmədiyini bildirmiş və onlar ifadələrində göstərdiyi xüsusatları bir daha bir-birlərinin üzünə qarşı demişlər. (i.v. 156-158) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş hadisə zamanı Zərərçəkmiş şəxs1 xəsarət yetirilərkən sonuncunun əynində olmuş bir ədəd boz rəngli uzunqol kişi idman köynəyi Gəncə şəhər TTYX-nin kiçik tib bacısı X3 götürülmüş və bu barədə prptokol tərtib olunmuşdur.(i.v. 09-10, 12-17) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş istintaqı zamanı əldə edilərək götürülmüş hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd boz rəngli uzunqol kişi idman köynəyi iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmişdir.(i. v. 174-185, 206) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş ərizəsinin məzmunundan görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutu Azərbaycan Respublikasının CPM-nin 143-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması Azərbaycan Respublikasının CM-nə 59.1.10-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.l.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsini 59.1.13-cü maddəsinə, səmimi etirafı, əməlindən peşman olması, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində iki azyaşlı uşağının olması, yaşayış yerindən müsbət xarakterizə olunması isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10, 59-1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 (üç) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni 06 (altı) ildən artıq ola bilməz. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsə cəza təyin edərkən, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun şəxsiyyətini (müsbət xarakterizə olunmasını, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını, könüllü gəlib təqsirini boynuna almasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını) cinayətin məqsəd və motivini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni onun şəxsiyyətini (müsbət xarakterizə olunmasını, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını), cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını) nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tədbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli və CM-in 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə davranışı üzərində nəzarət Gəncə şəhəri Üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə həmin Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəza növü şərti tətbiq olunmalı, haqqında ibtidai istintaq zamanı seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək “ev dustaqlığında” saxlandığı müddət, Azərbaycan Respublikasının CM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza müddətinə hesablanmalı olduğundan, ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə Gəncə şəhər BPİ-də saxlanılan maddi sübut Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd boz rəngli uzunqol kişi idman köynəyi sahibi Zərərçəkmiş şəxs1 qaytarılmalı, imtina edildikdə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 31.50 (otuz bir manat əlli qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 20 (iyirmi) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020–ci il tarixədək “ev dustaqlığında” saxlandığı müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 01 (bir) ay 04 (dörd) gün müddətə azadlıqdan məһrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq cəzası şərti hesab edilməklə ona 3 (üç) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Gəncə şəhəri Üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə Gəncə şəhər BPİ-də saxlanılan maddi sübut Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd boz rəngli uzunqol kişi idman köynəyi sahibi Zərərçəkmiş şəxs1 qaytarılsın, imtina edildikdə məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 31.50 (otuz bir manat əlli qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 120 (yüz iyirmi) manat manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində X13 Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar