Məhkəmə qərarları › İş №1(100)-193/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-193/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-193/2024 14.03.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1983-cü ildə Ağdam rayonu, Sarıçoban kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu, Sarıçoban kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Belə ki, o, 2023-cü ilin mart ayında məlum olmayan gün və vaxtda, məlum olmayan mənbədən əldə etdiyi çətənə (kannabis) bitkilərinin toxumlarından qanunsuz olaraq 42 ədədini özünə məxsus olan yaşadığı Ağdam rayonu, Sarıçoban kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində dam örtüyü üçün nəzərdə tutulmuş şiferləri və mişar daşları ilə xüsusi hasarladığı təxminən 0,2 sot torpaq sahəsində, həmçinin həmin toxumlardan 11 ədədini həyətyanı sahədə mişar daşından inşa olunmuş, dam örtüyü olmayan, təxminən altı metr uzunluğu və dörd metr eni olmaqla həyətyanı sahədə yerləşən təxminən 0,2 sot torpaq sahəsində əkərək, ümumilikdə təmiz çəkisi 4450 qram olan 53 (əlli üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kollarına 08 iyun 2023-cü il tarixədək xüsusi aqrotexniki qulluq göstərib suvarmaqla diblərini belləyərək, alaq otlarından təmizləyib həmin bitkiləri külli miqdarda kultivasiya etmiş, 08 iyun 2023-cü il tarixdə saat 01:56-da Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı sahəsinə baxış keçirilərkən orada müəyyən edilmiş tərkibində narkotik maddələr olan külli miqdarda, ümumiliksə 53 (əlli üç) ədəd çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 3-4 ildir ki, narkotik vasitə qəbul edir. Narkotik vasitə tapmaqda çətinlik çəkdiyindən istifadə etdiyi narkotik vasitələrin içərisindən əldə etdiyi 53 ədəd narkotik vasitənin toxumlarını bu 2023-cü ilin mart ayının əvvəllərində yaşadığı evin həyətyanı sahəsində əkmək qərarına gəlmişdir. Bu məqsədlə həmin toxumlardan 42 ədədini yaşadığı evin həyətində dam örtüyü listləri olan şifer ilə əhatələdiyi təxminən 0,2 sot torpaqda, qalan 11 ədəd toxumu isə həyətdə yerləşən mişar daşından tikilmiş, lakin dam örtüyü olmayan təxminən 6 metr uzunluğu və 4 metr eni olan yardımçı tikilidə əkmiş və həmin toxumları tez-tez suvarmağa başlamışdır. Əkdiyi toxumların hamısı bitmişdir. O, həmin çətənə kollarını aqrotexniki qaydada suvarmış, diblərinə peyin vermiş və mütəmadi olaraq diblərini yumşaltmaqla qulluq etmişdir. 08 iyun 2023-cü il tarixdə polis əməkdaşları yaşadığı evin qarşısına gələrək ona narkotik vasitələri əkib-becərməkdə şübhəli bilindiyindən yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirəcəkləri barədə məlumat vermişlər və bundan sonra polis əməkdaşları onun və orada olan aqronomun iştirakı ilə yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirmişlər. Baxış zamanı polis əməkdaşları onun əkdiyi ümumilikdə 53 ədəd çətənə kollarını aşkar etmişlər. Aşkar edilmiş həmin bitkilər polis əməkdaşları tərəfindən qablaşdırılmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Ağdam rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Onlar Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu, Sarıçoban kəndinə getmişlər. Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkməsi barədə soruşulduqda o, həqiqətən də həmin bitkiləri əkdiyini bildirmişdir. Sonra baxış keçirilərkən onun yaşadığı evin həyətyanı sahəsində yarımtikilidən 42 ədəd, evin arxa tərəfindən 11 ədəd, ümumilikdə 53 ədəd narkotik tərkibli bitkilər aşkar edilmişdir. Təqsirləndirilən şəxs özünün şəxsi istifadəsi üçün həmin bitkiləri əkdiyini bildirmişdir. Baxış istintaq hərəkəti videoçəkilişdən istifadə edilməklə keçirilmişdir. Baxış zamanı aqronom da iştirak edirdi, aqronom aşkar edilmiş həmin narkotik tərkibli bitkilərə aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. Baxış zamanı, həmçinin Təqsirləndirilən şəxs saxlanılarkən sonuncuya qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Ağdam rayon X3 Təhqiqat Bölməsinin sahə polis nəfəri vəzifəsində işləyir. 08 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Ağdam rayonu, Sarıçoban kəndinə yaşadığı evində baxış keçirilərkən o da iştirak etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsində yarımtikilidən 42 ədəd, evin arxa tərəfindən 11 ədəd, ümumilikdə 53 ədəd narkotik tərkibli bitkilər aşkar edilmişdir. Təqsirləndirilən şəxs özünün şəxsi istifadəsi üçün həmin bitkiləri əkdiyini bildirmişdir. Baxış istintaq hərəkəti videoçəkilişdən istifadə edilməklə keçirilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Ağdam rayon X1 tədqiqatlar qrupunun baş inspektorukriminalisti vəzifəsində işləyir. 08 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Ağdam rayonu, Sarıçoban kəndinə yaşadığı evində baxış keçirilərmişdir. Baxış istintaq hərəkəti videoçəkilişlə qeydə alınmışdır. Baxış keçirilən zaman həmin evin həyətyanı sahəsinsə iki yerdə narkotik tərkibli bitkilər aşkar edilmişdir. Həmin bitkilərin ümumilikdə sayı xatırladığı qədər 50-dən çox idi. Onlar həmçinin Təqsirləndirilən şəxs evinə də baxış keçirmişlər, lakin evdən qanunla qadağan olunmuş heç nə aşkar edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərinə də şəxsi axtarış keçirilərkən qanunla qadağan olunmuş heç nə aşkar edilməmişdir. Yalnız Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsindən narkotik tərkibli bitkilər aşkar edilmişdir. Baxış zamanı, həmçinin Təqsirləndirilən şəxs saxlanılarkən sonuncuya qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, X5 İnkişaf Mərkəzində bitkiçilik sektorunun müdiri vəzifəsində işləyir. 08 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Ağdam rayonu, Sarıçoban kəndinə yaşadığı evinin həyətyanı sahəsinə baxış keçirilərkən o, mütəxəssis kimi iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsində iki ayrı-ayrı yerdə narkotik tərkibli bitkilər aşkar edilmişdir. Bir yerdə 42 ədəd və evin arxasında isə 11 ədəd narkotik tərkibli bitkilər aşkar edilmişdir. Həmin əkilib-becərilmiş bitkilərə aqrotexniki qaydada qulluq olunmuş, dibi boşaldılmış və gübrələnmiş vəziyyətdə idi. Daha sonra həmin bitkilərlə bağlı rəy təqdim etmişdir. Baxış istintaq hərəkəti videoçəkilişlə keçirilmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 08 iyun 2023-cü il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı Ağdam rayonu, Sarıçoban kəndində fərdi yaşayış evinə və həmin evin həyətyanı sahəsinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən evin həyətyanı sahəsinin arxa hissəsində və orada olan tikilinin qarşı tərəfində dam örtüyü listləri (şifer) ilə əhatələdiyi təxminən 0,2 sot topaq sahəsindən 42 ədəd, eləcə də həmin həyətyanı sahənin digər hissəsində yerləşən mişar daşından tikilmiş, lakin dam örtüyü olmayan təxminən 6 metr uzunluğu və 4 metr eni olan yardımçı tikilidə torpaqda əkilmiş 11 ədəd narkotik tərkibli bitkilər aşkar olunaraq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (iş vərəqə: cild İ, səh.15-19). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan X5 İnkişaf Mərkəzində bitkiçilik sektorunun müdiri Şahid5 tərəfindən tərtib edilmiş 08 iyun 2023-cü il tarixli aktan görünür ki, Təqsirləndirilən şəxs həyətindən aşkar edilərək götürülmüş 53 (əlli üç) ədəd çətənə koluna aqrotexniki qaydada xüsusi qulluq edildiyi, dibinin yumşaldılması, suvarılması göstərilmişdir (iş vərəqə: cild İ, səh.20). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-bioloji ekspertizanın 08 iyun 2023-cü il tarixli, 16/600 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunaraq ümumi sayı 53 (əlli üç) ədəd, ümumi çəkisi-4450 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur (iş vərəqə: cild İ, səh.55-57). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 23 avqust 2023-cü il tarixli, 1387 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.202). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının 25 iyun 2023-cü il tarixli, 382 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəliklər keçirməmişdir. Onda əqli cəhətdən geri qalma və ləngimə halları müşahidə olunmamışdır (iş vərəqə: cild İ, səh.200-201). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 08 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.38-39). Cinayət işinin materiallarına əlavə edilmiş Ağdam Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 08 iyun 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.103-105). Cinayət işinin materiallarına əlavə edilmiş 03 sentyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən götürülmüş narkotik tərkibli çətənə bitkilərinin ekspertizadan sonra qalıq çəkisi 4449 qram olan 53 (əlli üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınaraq Ağdam Rayon Polis Şöbəsində saxlanca təhvil verilmişdir (iş vərəqə: cild İ, səh.226-237). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 iyul 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 01 sentyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə aylıq qazancından 15% dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, daha sonra Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.8-ci bəndinə əsasən təyin edilmiş islah işləri cəzasından 06 yanvar 2022-ci il tarixdə azad edilmişdir (iş vərəqə: cild İ, səh.123). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Ağdam rayon İcra Hakimiyyəti Başçısının Xındırıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 04 avqust 2023-cü il tarixli, 628 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu, Xındırıstan inzibati ərazi dairəsinin Sarıçoban kəndində yaşayır. Həmin dairədən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır (iş vərəqə: cild İ, səh.165-167). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, təqsirləndirin şəxs Təqsirləndirilən şəxs himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqları var (iş vərəqə: cild İ, səh.162-164). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərlə bağlı İİİ siyahı ilə müəyyən edilir ki, çətənə növlü bitkilər 16 ədəddən (aşağı həddi daxil olmaqla) yuxarı olduqda külli miqdar hesab edilir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində əkdiyi və aşkar edilib götürülmüş kultivasiya edilmiş çətənə növlü bitkilərin sayı külli miqdar həddindən artıq olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 19-cu bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 237-ci maddəsində nəzərdə tutulmuş cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə, qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də, bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlülüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu ilə bağlı qeyd edir ki, onun həmin məhkumluğu Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır Odur ki, Təqsirləndirilən şəxs qeyd olunan məhkumluğu Cinayət Məcəlləsinin 83-cü maddəsi ilə nəzərdə tutulmuş müddəalara əsasən ödənilmişdir. Təqsirləndirilən şəxs himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 08 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 08 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Ağdam Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 08 iyun 2023-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 23 avqust 2023-cü il tarixli, 1387 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Ağdam Rayon Polis Şöbəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən götürülmüş narkotik tərkibli çətənə bitkilərinin ekspertizadan sonra qalıq çəkisi 4449 qram olan 53 (əlli üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 08 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Ağdam Rayon Polis Şöbəsində saxlanca verilmiş ekspertizadan sonra qalıq çəkisi 4449 qram olan 53 (əlli üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar