Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-193/2025 01.08.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), İbişov İlkin İlqar oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.2003-cü ildə Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işsiz, Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan naməlum çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində yaşadığı evin yaxınlığında saxlanaraq 02 fevral 2024-cü il tarixdə saat 12:25 radələrində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Şəmkir Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, üzərinə keçirilmiş şəxs axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə qəhvəyi rəngli, tozşəkilli, külli miqdarda təmiz çəkisi 6,310 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Şəmkir rayonu Zəyəm Cırdaxan kəndində yaşayır, uzun müddət Rusiya Federasiyasında yaşamış, 2023-cü ildə Azərbaycana gəldikdən 1 ay sonra Moskva şəhərindən bir nəfər şəxs ona “tiktokda mesaj yazmış, adının Samir və Gəncəli olduğunu, həmkəndlisi ilə birlikdə alqı-satqı ilə məşğul olduğunu, sonuncuya, “tiktok”da mesaj yazsa da, mesajına cavab verilmədiyini demişdir. Samir adlı şəxs onu danışdırmaq istədiyini demişdir. Fevral ayının 2-si saat 11:00 radələrində Samiri gözləyərkən qəfil avtomobil dayanmış, avtomobildən 4 nəfər tanımadığı şəxs düşüb qolunu “zajim”lə bağlayıb üzərinə baxış keçirilmiş, zorla avtomobillə əyləşdirmişlər. Onlardan nə olduğunu soruşanda “gedək nə məsələ olduğunu biləcəksən” deyib, Şəmkir rayon şöbəsinə aparmışlar. Şöbədə otağa aparıb “dəmir hardadır” deyə soruşmuşlar. Onlardan nə dəmiri soruşursuz deyəndə “dəmirin” silah olduğunu bildirmiş, “məndə dəmir silah olmayıb, istəyirsiz gedin evə baxın” deyəndə kəmərlə onu müxtəlif alətlərlə döyməyə başlamış, sonra qarşısına narkotik vasitə qoyub həmin narkotik vasitənin üzərindən çıxdığını demişlər. Əks təqdirdə evimə qoyacaqlarını demiş, müəyyən sənədlər imza etmişlər. Sanksiya məhkəməsinə çağırılmış, orada (dörd) ay sanksiya verilmiş, sonradan Baş Prokurorluqdan 1 nəfər adını xatırlamadığı şəxs gəlib ifadəsini almış, vurduqları xəsarətləri, göyərmiş bədəni, qaralmış bədəni göstərib danışmışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, onu saxlayan Şəmkir rayon polis şöbəsinin əməkdaşı üzərimə şəxsi axtarış keçirilməsində iştirak etməmişdir. Ümumiyyətlə narkotik vasitə istifadəçisi olmamış, ekspertizadan keçirilmiş, buna görə ekspertizadan keçirilən zaman narkotik istifadə etdiyim aşkarlanmışdır. Şəmkir rayon Polis şöbəsində ona qazlı içki içirtmiş, həmin içkinin içərisinə narkotik vasitə atmışdılar. Onda dəmir silah olmamış, silah oyuncaq olmuş, silah dostunun olmuşdur. Toyda dostunun üzərində həmin dəmir silahı gördükdə silahın real silah olduğunu zənn edib cibindən götürmüş, istintaqda ifadə verən zaman olanları danışmışdır. Hadisədən əvvəl bankanın ağzını açanda əlindən xəsarət almış, bu isə 5 gün əvvəl olmuşdur, başqa heç bir xəsarət almamışdır. Məhkəmədə ilk dəfə ifadə verən zaman hadisəni olduğu kimi danışmış, müəyyən təzyiqlər göstərmişlər. Məhkəməyə çıxanda özünü təqsirli bilməmişdir. Toy məclisi yanvar ayının 5-i olmuş, Rusiya Federasiyasından yanvar ayının 2-si gəlmişdir. Toy məclisində də polislərin ondan soruşduğu sözügedən dəmir silah şəkil və videoya düşməmişdir. Dəmir silah dostu Rəşadın dostu olmuşdur. Toy məclisindən sonra dostu Şirxan Tovuz rayonunda həmin dəmir silahla şəkil çəkdirmiş, Şirxanı gətirmək üçün əvvəllər yanvar ayının 6-sı Tovuz rayonuna getmişdir. Dəmir silah avtomobildə daxılda olmuş, Şirxan həmin oyuncaq dəmir silahı götürüb şəkil çəkdirmişdir. Şirxan çəkdirdiyi həmin şəkili “TikTok” sosial şəbəkəsində paylaşmış, Şirxan saxlanılmış, dəmir silahın ona məxsus olması ilə bağlı məlumat da Şirxandan almışlar. Saxlandığı gün onu 4 nəfər şəxs saxlamışdır. 4 nəfər şəxsin 1-i Şəmkir rayon polis şöbəsinin əməkdaşı digər 3-ü isə bandotdelin işçisi olmuş, onu kənddə qəbiristanlığın qarşısında saxlamışlar. Saxlanılan zaman məsələnin dəmir sialhla bağlı olduğunu demişlər, üzərində şəxsi axtarışlar keçirilsə də, ancaq 50 manat pul, telefon və üzük aşkarlanmışdır. Saxlanıldığı yerdən 20 dəqiqə ərzində Şəmkir rayon polis şöbəsinə çatmış, onu təxminən saat 14:30-a qədər polis şöbəsində saxlayıb psixi və fiziki təzyiq edildiyi üçün otağa salmış, orada tanımadığı vəkil olmuşdur. Üzərində şəxsi axtarış keçirilənə qədər vəkillə görüşməyə icazə verməmiş, saxlanılması ilə bağlı ailəsinə heç bir məlumat verilməmişdir. Üzərinə şəxsi axtarış videoçəkilişlə aparılsa da, bir neçə dəfəyə aparılmış, dəfələrlə videogörüntünü dayandırıb yenidən davam etmişlər . Həmin bir büküm narkotik vasitənin sözdə üzərindən çıxdığını deməsə əks təqdirdə evinə və yataq otağına qoyacaqlarını demişlər. Saxladıqları günü axşam saat 8-9 radələrində Bakı şəhərinə aparmışlar. Dostu Şirxan dəmir silahla çəkdirdiyi şəkili payaşdıqdan sonra həmin silahı qonşuluqda yaşayan Dürdanənin evinin qarşısına atmış, sonradan silah tapılıb onun ailəsinə verilmişdir. Çəkilən şəkil “selfi” formasında ön kamera ilə çəkilmiş, polis əməkdaşları ilə heç bir ədavəti olmamışdır. Toyunda silahı gördükdə real olduğunu zənn edib avtomobilin daxılına qoymuşdur. İbtidai istintaq zamanı verdiyi ifadənin altından imza etməyinin səbəbi müəyyən təzyiqlərə məruz qalmağı olmuşdur. Üzərinə şəxsi axtarış Şəmkir rayonu Polis Şöbəsində aparılmış, Bakı İstintaq Təcridaxnasında müayinədən keçirilmişdir. Müayinə edərkən ordakılara onu vurduqlarını bildirmişdir. Məhkəmədən günahsız olduğu narkotik vasitəyə aidiyyəti olmadığı üçün bəraət verilərək azad edilməsini xahiş edir. Məhkəmə baxışından fərqli olaraq ibtidai istintaq zamanı üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, ...arabir narkotik vasitə olan heroindən istifadə etmiş, 2-3 gün bundan əvvəl yaşadığı Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində yerləşən qəbiristanlığın yaxınlığında olduğu zaman yerdə bir ədəd büküm diqqətini çəkmiş, içində narkotik vasitə heroin olduğunu görmüşdür. Bükümü cibinə qoyaraq gələcəkdə istifadə etmək üçün götürüb saxlamışdır. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır.... Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs 2024-cü ilin 1 fevral tarixində Baş Mütəşəkkül Cinayətkarlıqla Mübarizə idarəsinin Narkotiklə mübarizə bölməsinə üzərində narkotiklərin saxlanılmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının raport vasitəsi ilə rəhbərliyə məruzə etmişik. Rəhbərlik tərəfindən əməliyyat axtarış qrupu tərtib olunmuşdur.Əməliyyat axtarış qrupu tərtib olunduqdan sonra təqsirləndirilən şəxsin 2024-cü il 2 fevral tarixində Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndin yaxınlığında məlumat daxil olması səbəbi ilə saat 1-2 radələrində həmin kəndə gəlmiş, şəxsi görüb özlərini təqdim edərək barəsindəki qərarla tanış etmiş, sonra isə Şəmkir rayon polis şöbəsinə aparılmışdır. İnzibati binanın inzibati otağında təhqiqatçının iştirakı ilə müdafiəçinin üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı aşakr edilən narkotik vasitənin yaşadığı kəndin ərazisindən tapdığını demişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, əməliyyat axtarış tədbirində özü daxil olmaqla 3 nəfər şəxs iştirak etmiş, həmin şəxslər iş yoldaşları Ayaz və Samir olmuşdur. Əməliyyat tədbirində Şəmkir rayon polis şöbəsindən heç bir polis əməkdaşı iştirak etməmiş, təqsirləndirilən şəxsi Şəmkir rayonu Zəyəm Cırdaxan kəndində yol kənarında saxlamışlar. Həmin vaxt təqsirləndirilən şəxs tək olmuş, onlara qarşı heç bir təzyiq göstərməmişlər, üzərinə şəxsi axtarış videoçəkilişlə aparılmış, əməliyyat məlumatı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin Narkotiklə mübarizə bölməsinə daxil olmuş, məzmunu narkotik vasitələrin dövriyyəsi ilə bağlı olmuşdur. Əməliyyat axtarış tədbiri keçiriləndə onunla birlikdə 3 nəfər iştirak etmiş, əməliyyat axtarış tədbirinə özünə məxsus avtomobillə getmişlər. Təqsiləndirilən şəxsi saxlamamışdan əvvəl onunla hər hansı telefon danışığı olmamışdır. Təqsirləndirilən şəxsi Şəmkir rayonu Zəyəm Cırdaxan kəndində saxlamışlar. Ümumi xarici görünüşündən Təqsirləndirilən şəxs oluğunu anlamış, şəxsiyyətini müəyyən edəndə Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsi saxladığımız yerdə onunla bağlı yazılan qərarla tanış edib, Şəmkir rayonu polis şöbəsinə aparıb təhqiqatçıya təhvil vermişlər. Şəxsin üzərinə axtarış keçirməməsi əməliyyat şəraiti səbəb olmuşdur. Üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilənə qədər yanında olmuş, vəkil dəvət olunan kimi üzərinə axtarış keçirilmişdir. Videoçəkilişdə iştirak etmiş, çəkiliş birdəfə aparılmış, ondan başqa əməliyyat qrupunun digər üzvləri də çəkilişdə iştirak etmişlər. Hazırkı işlə bağlı Baş Prokurorluğa ifadə verməmiş və orada izahatını almışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Muraz saxlanılandan 6-7 ay sonra saxta silah məsələsi ortaya çıxmış, həmin vaxta qədər silah haqda heç nə bilməmişdir. Fevralın 1-i qonaqlıq olmuş, fevralın 2si günü təxminən saat 11:00-12:00 arası Muraz evdən çıxıb adamlarının gəldiyini demiş onları görüb qayıdacağımı demişdir. Günorta 15:00-ə qədər Murazdan xəbər ala bilməmiş, gecə saat 03:00 radələrində Murazın dostları dedilər ki, Murazdan xəbər olmadığı demişlər. Sonradan bilmişlər ki, Murazı qəbiristanlığın yanında evdən təxminən 150-200 metr məsafədə aldadaıb ora çağıraraq tutmuş Şəmkirə gətirib döyüb boynuna qoymuş və Bakıya aparmışlar. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Murazın saxlanılması ilə bağlı zəng edib heç kəs xəbər verməmiş, saxlanıldığı gün gecə bu barədə məlumat əldə etmişlər. Qonşuları Dürdanə silahın son dəfə onun nəvələrinin götürüb oynatdığını dediyi üçün ondan silahı almış, oğlu saxlanılmamışdan əvvəl yıxılıb hər hansı xəsarət almamışdır. Oğlunun Rəşad adlı dostunun üzərində silah olmuş bunu sonradan toy görüntülərinə baxanda görmüşdür. Saxlanılmasının da bununla bağlı olduğunu ehtimal edir. Oğlunun pis vərdişlərinin olmadığını bildirmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 İsrəfil qızı göstərmişdir ki, 2024-cü il dəqiq xatırlamadığı tarixdə nəvələrim küçədə oynayarkən əlində oyuncaq silah görmüş, əlindəkinin nə olduğunu soruşdum nəvəm isə, mənə küçədən, digər uşaq isə kolun dibindən tapdığını demişdir. Küçəyə çıxanda heç kəsi görməmiş əvvəl qorxduğu üçün atmaq istəsə də, sonra da silahı pəncərənin qabağına qoymuşdur ki, uşağın əli çatmasın. Sonra Murazın anası Xəyalə ondan oyuncaq silah görüb görmədiyini soruşmuş, Xəyaləyə silahın pəncərənin qabağında olduğunu demiş, Xəyaləyə vermişdir. Silahın boş ya da dolu olduğunu bilməmiş, silahdan anlayışı olmamışdır. Murazın niyə aparıldığını bilmir işin halları haqqında məlumatı yoxdur. Toydan təxminən 1 ay keçməmiş Murazı polislər aparmışlar. Muraz son vaxtlara kimi kənddə yaşasa da, son 1-2 ildə Rusiyaya gedib-gəlmiş, onun pis vərdişləri olduğunu görməmişdir. Mənkəmədə əlavə şahid qismində dindirilmiş Şahid3 Murazın dostudur, “tiktok” sosial şəbəkəsindən “lələ sabir” adlı səhifədən mənə Murazın tanışı olduğunu deyən şəxs yazmış Murazın Rusiyada iş yoldaşı olduğunu, tiktok səhifəsinə yazdığını, cavab vermədiyini demiş onun nömrəsini istəmişdir. Muraza yazıb onu axtardıqlarını nömrəsini istədiklərini dedim. Muraz isə nömrəsini verməyimi demişdir. Nömrəni verdiyi gün günorta saatlarından Muraz yoxa çıxmış, Murazın yaxınları onun harda olduğunu soruşanda onlara Murazı görmədiyimi demişdir. Muraza zəng etsə də, telefonu sönülü olmuş, sonradan Murazın Şəmkir rayon polis idarəsində olduğunu bilmiş, Murazı qonaq gəlməsi adı ilə aldadıb apardıqlarını öyrənmişlər. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Murazın narkotik vasitə istifadə etməsi ilə bağlı məlumatı yoxdur. Murazın dost adı ilə qəbirstanlığın yanından aparıldığını, amma kim tərəfindən saxlanıldığını bilməmiş, Murazı aparanların Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı olduğunu öyrənmişdir. “Lələ sabir” adı ilə ona yazan şəxsin polis əməkdaşı olub-olmadığını bilmir. Murazın nömrəsini sonuncunun razılığı ilə ona yazan şəxsə vermişdir. Məhkəmədə əlavə şahid qismində dindirilən DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları X7, X6 eyniməzmunlu ifadə verərək Təqsirləndirilən şəxs əvvəl tanımadıqlarını ona qarşı hansısa zorakılıq qeyri-etik davranış olmadığını söylədiklərinin özünümüdafiə xarakterli olduğunu demişdir. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən 03 fevral 2024-cü il tarixli 3-16-16/2-6/762 nömrəli materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 6-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar (İmza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,310 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Qeyd: heroinin təmiz çəkisi: 6,310 qr, sərf edildi: 0,1qr, qalıq: 6,210 qr. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-narkoloji ekspertizanın 03 fevral 2024-cü il tarixli 684 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə halları olub. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırki müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə, həmin şalvarın sol yan cibindən 50 manat pul və 01 (bir) ədəd “Honor” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Məhkəməyə müdafiə tərəfindən təqdim edilən və məhkəmədə araşdırılan DVD diskdən görünür ki, toy məclisində Təqsirləndirilən şəxs digər iştirak edən şəxsin belindən götürdüyü oyuncaq silaha bənzər predmeti lüləsi yuxarı olmaqla tutub tətiyi birneçə dəfə çəkmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan DVD diskdən görünür ki, təqdim edilmiş vieogörüntülərdə günorta və axşam saatları, müvafiq olaraq üstüörtülü həyətdə və evin otağında olmaqla qonaqlıq, tort kəsmə, ailədaxili qeyd edilən şənlik mərasimləri əks olunmuşdur. Həmçinin məhkəməyə müdafiə tərəfindən təqdim edilmiş və məhkəmədə tərəflərin iştirakı ilə tədqiq edilmiş elektron məlumat daşıyıcısı olan fləşkardda “tiktok” sosial şəbəkəsinin mesajlar bölməsində Murazla bağlı iş üzrə Şahid3la digər profil arasında Murazın mobil nömrəsi, sonuncu ilə əlaqə saxlamaq üçün olan yazşmalar müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının məlumatı əsasında Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin aşkar olunması ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsində araşdırma aparılmış araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 fevral 2024-cü il tarixli, 4(005)-185/224 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 6,210 qram qalmış narkotik vasitə heroin saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Şəmkir RİHB-nin xx.xx.2024-cü il tarixli 107 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Respublika Psixatriya Xəstəxanası PHŞ-dən verilmiş xx.xx.2024-cü il tarixli 3086 №li məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Şəmkir rayon Məhkəməsinin 5(076)-19/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, keçirilmiş şəxsi axtarış istintaq hərəkətinin məhkəmə qaydasında yoxlanılması nəzərdə tutulmadığından qərarın yoxlanılmasından imtina edilmiş, materiallar BMCMİ-yə geri qaytarılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsi ilə edilmiş zənglərdə iş üzrə əhəmiyyət kəsb edən - narkotik vasitə və psixotrop maddələrin alışı, satışı, istifadəsini təsdiq edən hal hər hansı danışıqlar və sms yazışmalar aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli xidməti yazıdan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və prixotrop maddələrin satışını təsdiq edən hər hansı fakt müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdar heroinin mənbəyi ilə bağlı ********* №li cinayət işi ayrı icraata ayrılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək törədilmiş əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə uyğundur. Məhkəmə baxışında müdafiə tərəfinin gətirdiyi bütün dəlillər yoxlanılması üçün qaldırılmış vəsatətlərin əksər hissəsi təmin edilmiş və tərəflərə bərabər şərait yaradılmaqla təqdim etdikləri sübutlar ittiham tərəfi ilə birlikdə çəkişmə prinsipi əsasında tədqiq edilmişdir. Narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olmaması, onun toy məclisində oyuncaq silahla bağlı əks olunan videogörüntülərin sonradan “tiktok” və sair sosial şəbəkədə yayılması ilə əlaqədar DİN-nin BMCMİ tərəfindən keçirilən “cəzalandırma əməliyyatı”nın bir hissəsi olaraq Muraz Qurbaovun da polislər tərəfindən tanışlarının adı ilə aldadılıb yaşadığı kənddəki qəbiristanlığın yanına çağırılıb oradan zorla əvvəlcə Şəmkir RPŞ-yə, sonra isə Bakı şəhərinə BMCMİ-nə aparılıb orada əvvəl psixi sonra fiziki zorakılığa məruz qalması, təqsirləndirilən şəxsin saxlanıldığı andan müdafiə hüququnun pozulması, (vəkillə konfidensial ünsiyyət hüququ, müdafiə strategiyasının formalaşdırılmasına imkan verilməməsi), müdafiəçilərin heç hir əsas olmadan dəyişdirilməsi, ittiham tərəfinin təqsirləndirilən şəxsə verdiyi ittihamın sübuta yetirilməməsi ilə bağlı məhkəmənin mövqeyi ondan ibarətdir ki, şəxsin bədən səthindəki xəsarətlər istisna edilməklə digər hissədə göstərilənlər işin faktiki halları ilə uyğunsuzluq təşkil edir. Belə ki, ilk növbədə təqsirləndirilən şəxsin etdiyi və “kriminal aləmə bağlılığı”nı göstərən - toyunda dostuna məxsus oyuncaq tapança ilə sanki havaya atəş açırmış kimi hərəkətlər etməsi, dostunun həmin silahla şəkil çəkdirdiyi şəkillərin “tik-tok” sosial şəbəkəsində və digər sosial platformalarda yayılmasına cavab olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının əvvəlcə həmin tapançanın məxsus olduğu şəxsi (Şahid6), sonra isə Təqsirləndirilən şəxs saxlamasına münasibətdə qeyd edilməlidir ki, həmin hərəkətlər cinayət tərkibi yaratmamaqla bərabər, hər hansı inzibati hüquqpozma əlamətlərinə malik deyil və yalnız cəmiyyətdə xüsusilə də yeniyetmələr arasında kriminal aləmə meyllilik və müxtəlif mənfi tendensiyaların yaranmasına, gənclər arasında “oğru həyatı” və “oğru qaydaları”nın təbliği kimi qiymətləndirilə bilər ki, buna görə hər hansı şəxsin saxta narkotik ittihamı ilə həbs edilməsi ağlabatan və inandırıcı deyildir. Məsələ hüquq müstəvisindən daha çox ailə və qohumluq bağları, uzunmüddət formalaşmış ağsaqqal və böyük nəsihəti ilə aradan qaldırıla, zərurət olduğu halda aidiyyəti dövlət orqanları tərəfindən profilaktik xarakterli tədbirlərin görülməsi ilə nəticələnə bilərdi. Hazırki iş üzrə qeyd edilən hal ümumiyyətlə hər hansı əhəmiyyət kəsb etmədiyindən dövlətin hüquq-mühafizə resurslarının buna görə sərf edilməsi isə ən azından israfdır. Nəzərdən qaçırılmamalıdır ki, məhkəmə baxışında verilən ifadələrdən və araşdırılan işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı ana qədər ona həmin hal (oyuncaq tapança ilə öz toyunda atəş açılması şəkillər və videolar çəkilməsi) ilə bağlı hər hansı hüquq mühafizə orqanı, yaxud səlahiyyətli şəxs tərəfindən O və ailəsi nəinki hər hansı orqana dəvət edilməmiş, bununla bağlı irad bildirilməmiş və etdiyi hərəkətin yersiz olduğu izah edilməmişdir. Belə halda yurisdiksiyası bütün ölkə ərazisinə aid, kifayət qədər cəld təsir mexanizmi və fiziki və texniki imkana (qüvvəyə) malik olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının təqsirləndirilən şəxsi toyunda oyuncaq silah istifadə etməsi və şəkil-video paylaşmasına görə onu narkotik vasitə ilə ittiham edib saxlaması ağlabatan və inandırıcı deyil. Müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş müdafiə dəlillərin digər sübutları isə Təqsirləndirilən şəxs qonaq adı ilə aldadılaraq yaşadığı kənddə evindən təxminən 150-200 metr məsafədə yerləşən kənd qəbiristanlığına çağırılaraq, orada BMCMİ-nin əməkdaşları tərəfindən əsassız və qanunsuz saxlanılması qənaətinə gəlmək üçün kifayət deyil. Belə ki, məhkəməyə həm kağız, həm də elektron formada təqdim edilən yazışmalardan və iş üzrə məhkəmə baxışında dindirilmiş Şahid3 da ifadəsindən görünür ki. O, Muraz Qubanova məlumat verdikdən sonra sonuncunun mobil nömrəsini naməlum “tiktok” istifdəçisinə vermiş, sonuncular arasındakı hər hansı danışıq və mesajlar təqdim edilməmişdir. Müdafiə tərəfinin Təqsirləndirilən şəxs saxlanıldığı gün telefon anten məlumatlarının olmadığı üçün əməliyyat tədbirində iştirak edən şəxslərin BMCMİ-nin əməkdaşlarının istifadəsində olan mobil nömrələrlə bağlı məlumatların götürülməsi barədə vəsatət qaldırsa da məhkəmə hesab edir ki, şəxsin saxlanıldığı yerlə evi arasında qısa məsafə eyni anten dairəsi olmaqla həmçinin polis əməkdaşlarının istifadəsində müxtəlif mobil nömrələr olduğu, edildiyini iddia etdiyi zəng sosial şəbəkə tik-tok üzərindən olunduğu üçün, həmçinin keçirilmiş əməliyyat tədbiri zamanı mobil telefondan istifadə edibetməmələri, hansı nömrələri işlətmələri qeyri- müəyyən olduğundan və göstərilənlər iş üzrə yekun nəticəyə gəlmək üçün əsas vermədiyindən rədd edlmişdir. Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlil olaraq göstərilən digər hal isə onun dostu ölkə xaricində olduğu üçün dindirilməsi mümkün olmayan Şahid6 BMCMİ-inin əməkdaşları tərəfindən qız adı ilə aldadılıb Bakı şəhərinə çağırılması, sonuncunun gediş haqqının BMCMİ-nin əməkdaşına məxsus bank hesab kartından pul vəsaiti göndərilməsinin Bakı Ağır Cinayətlər Məhkəməsində müəyyən edildikdən sonra sonuncuya bəraət verilməsinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin hal məhz digər şəxslə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş hkmü ilə bağlı təsdiq edilmiş haldır və yalnız həmin hissədə digər şəxsə aid olmaqla hazırkı iş üzrə hər hansı bağlılığı yoxdur. Təqsirləndirilən şəxsin bədən səthində olan xəsarətlərlə bağlı isə məhkəmə müdafiə tərəfinin göstərdiyi xüsusatlarla qismən razılaşmaqla bununla bağlı araşdırma kifayət qədər hərtərəfli aparılmadığı, verilmiş rəylə tibbi sənədlər arasında ziddiyyət olduğundan həmin hissədə əlavə araşdırma aparılmış üçün Baş Prokurorluğa müvafiq məlumat veriləcəyini nəzərə alır. Lakin həmin halın Təqsirləndirilən şəxs ibtidai istintaqa ilkin ifadələrinin edilmiş fiziki təzyiq nəticəsində etirafedici məzmunlu alınması kimi qiymətləndirilməsi ilə razılaşmır və keçirilmiş şəxsi axtarış zamanı Muraz Qurabonovun sərbəst və təşəbbüskar mövqedən çıxış etməsi, özünü ifşada sərbəstlik və səmimi etiraf kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra ona qarşı iddia edilən hər hansı fiziki zorakılığa məruz qalması gələcəkdə təsdiqini tapsa belə bu onun təqsirsizliyinin əsası kimi qiymətləndirilə bilməz və ancaq polis əməkdaşlarının vəzifə səlahiyyətlərinin icrası zamanı hər hansı səbəbdən (qisas almaq, əvəz çıxmaq və sair) vəzifə səlahiyyətlərini aşma və vəzifədən sui- istifadə əlamətləri olub-olmaması araşdırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət əməli törədildiyi vaxt qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İİ siyahısında psixotrop maddə olan metamfetamin (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin......hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması.....- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxs vasitəsilə və digər yolla yerinin dəyişdirilməsinə yönəlmiş bütün hərəkətlərdir (1.0.8). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması sübuta yetirilmişdir və əməlində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əvvəllər məhkum olunmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar olaraq nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal(lar) müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq külli miqdarda miqdarda əldə etmə, saxlama.... daşımaya görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə tərkbi qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarı, əməlin xarakteri və ictimai təhlükəliliyi, eləcə də cəzasını yüngülləşdirən hallar Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş qanunvericiliyin müəyyən etdiyi ən aşağı hədd cəza təyin edilməsini mümkün edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə qeyd edir ki, həm əvvəlki həm də yeni tərkibdə keçirilmiş iclaslarda Təqsirləndirilən şəxs həyat yoldaşı olan arvadının qısa müddət faktiki ailəli olsalar da aralarındakı bağların kifayət qədər möhkəm olmasının göstəricisidir və şəxsiyyəti və əməlinin ictimai təhlükəliliyi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ən aşağı hədd cəza təyin edilməsi həm cəzanın qanunda nəzərdə tutulmuş vəzifələrinin icrası, həm də ailə münasibətlərinin qorunub saxlanmasına uyğundur. Hazırki iş üzrə gənc ailənin üzvləri və gələcək inkişafı üçün məhkəmənin dövlətin adından şəxsə aşağı hədd cəza təyin etməklə və cəza çəkdiyi dövrdə islah olacağını sübut edəcəyi təqdirdə vaxtından əvvəl azad edilməsi, barəsində əfv və amnistiya tətbiqini də mümkün edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən...ilk dəfə törədilmiş ağır cinayətə görə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həmin müddətə aiddir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş üzrə maddi sübut olan BMCMİ-də saxlanılan ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış qalmış 6,210 qram narkotik vasitə olan heroin məhv edilməli, şəxsi axtarış görüntüləri olan 1 ədəd, toy və ad günü şəniliklə olan 2 ədəd DVD disk və 1 ədəd elektron məlumat daşıyıcı fləşkard və telefon məlumatlarının olduğu 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş 1 ədəd oyuncaq plastik tapança isə təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılmalı, qəbul etmədikdə isə məhv ediməlidir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan 114 (bir yüz on dörd) manat ekspertiza xərci təqsirləndirilən şəxs X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan BMCMİ-də saxlanılan ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 6,210 qram narkotik vasitə olan heroin məhv edilsin, şəxsi axtarış, istintaq hərəkətinin görüntüləri olan 1 ədəd DVD, müdafiə tərəfindən təqdim edilmiş 2 ədəd DVD disk və 1 ədəd fləşkard iş materiallarında saxlanılsın. Müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş 1 ədəd oyuncaq plastik tapança təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 114 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-193/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-193/2025
01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver