Məhkəmə qərarları › İş №1(100)-194/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-194/2022

15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-194/2022 15.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Bayramova Aysel Hafiz qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Salahov Hünbət Rza oğlunun və X5 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1973-cü ildə Daşkəsən rayonu, Çıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Gəncə şəhəri, Kəpəz rayonu, Şahid8 küçəsi, ev 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti atına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış barəsində bilə-bilə yalan məlumat vermişdir. Belə ki, o, hüquq mühafizə orqanlarının normal fəaliyyətini pozmaq, gərginlik yaratmaq, vahimə və qorxu hissi yaymaq məqsədilə 02 iyul 2021-ci il tarixdə saat 16:01 dəqiqədə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadığı ünvan 2 ünvanından istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək dəstəyi götürən 102 xidmətinin əməkdaşına Gəncə şəhər İcra Hakimiyyəti inzibati binasının qarşısına 3 (üç) dənə, arxa tərəfinə 4 (dörd) dənə və yan tərəfinə 6 (altı) dənə ”bomba” qoymasını və bir saat yarımdan sonra partlayacağını deyərək həqiqətə uyğun olmayan, həqiqəti əks etdirməyən, insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yəni terrorçuluq barədə bilə-bilə yalan məlumat vermişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yaşayır. X1 adına olan, qardaşına məxsus 2000-ci il istehsallı “JEEP” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin qarşısında saxlayır. Həmin avtomobili anası Rəfiqə etibarnamə ilə onun idarə etməyi üçün ona vermişdir. O, Gəncə şəhərində olan zaman təsərrüfat işlərini daimi olaraq həmin avtomobillə həll etmişdir. 30 iyun 2021-ci il tarixdə avtomobili idarə etmək istəyən zaman avtomobilin evin qarşısında olmadığını görmüşdür. Bu səbəbdən də anasından avtomobilin harada olmasını soruşanda anası ona avtomobilin artıq satıldığını bildirmişdir. O, da Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib həmin avtomobilin qaçırılması haqqında yalan məlumat vermişdir. Həmin gün polis əməkdaşları gəlib onun ərizəsini almışlar, daha sonra ona bildirmişlər ki, «avtomobil heç kəsə satılmayıb, avtomobili anan Rəfiqə sən mütəmadi spirtli içki qəbul etdiyinə görə gizlədib». Bundan iki gün sonra o, yenə də spirtli içki - araq və pivə qəbul etmişdir. Anası ondan avtomobili gizlətdiyinə görə əsəbləşib Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmiş, ərizəsinə 10 iş günü müddətində baxılacağı bildirildiyinə görə əsəbəşib 02 iyul 2021-ci il tarixdə iki-üç dəfə 102 xidmətinə yığıb danışmışdır. Lakin o, həmin vaxt səroş olduğuna görə danışdıqları yadına gəlmir. O, Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdikdən sonra polis əməkdaşları gəlib onu sərxoşluq müayinəsindən keçirmişlər. Həmin vaxt polis əməkdaşları ondan haraya bomba qoyduğunu soruşanda o, sərxoş olduğu üçün bombanı ürəyinə qoyduğunu demişdir. Həmin vaxt polis əməkdaşları ona 102 xidmətinə zəng edib Gəncə şəhər İcra Hakimiyyətinin binasına bomba qoymağı barədə məlumat verdiyini demişlər. Belə ki, 02 iyul 2021-ci il tarixdə spirtli içkiləri çox qəbul etməyi səbəbindən telefon vasitəsilə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib nə dediyini, nə danışdığını bilməsə də, sonradan bilmişdir ki, 102 xidmətinə zəng edib Gəncə şəhər İcra Hakimiyyətinin qarşısına, arxasına və yan tərəfinə bomba qoymağı barədə yalan məlumat vermişdir. O, həmin tarixdə 102 xidmətinə zəng etməyini xatırlasa da, həmin vaxt sərxoş olduğu üçün nə danışdığını, nə dediyini və niyə dediyini xatırlamamışdır. O, sərxoş olduğuna görə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib bomba qoymasını demişdir. Hazırda etdiyi əməldən səmimi peşmançılıq keçirməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin məsul növbətçisi vəzifəsində xidmət edir, polis mayorudur. 02 iyul 2021-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin Növbətçi Hissəsində xidmətdə olan vaxt həmin gün saat 16:01-də Daxili İşlər Nazirliyinin 102 xidmətindən məlumat daxil olmuşdur ki, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs DİN-in 102 xidmətinə zəng edərək Gəncə şəhərində Gəncə şəhər İcra Hakimiyyətinin binasının qarşısında fərqli yerlərdə bir neçə ədəd partlayıcı yerləşdirdiyi, 1-2 saat sonra partlayacağı barədə məlumat vermişdir. DİN-in 102 xidmətinə daxil olmuş məlumat Gəncə şəhəri, Kəpəz rayonu ərazisindən verildiyi üçün həmin məlumat ərazi aidiyyatı üzrə Kəpəz Rayon Polis İdarəsinə göndərilmişdir. Eyni zamanda həmin vaxt əməliyyat qrupunda olan Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili Şahid8 və müstəntiq Rəşad Məmmədzadə daxil olmuş əməliyyat məlumatı əsasında həmin yerə göndərilmişdir. Əməliyyat qrupunun üzvləri DİNin 102 xidmətinə daxil olmuş məlumat əsasında Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısına gedib həmin yeri müayinə etdikdən sonra ona məlumat vermişlər ki, həmin ərazidə partlayıcı maddə, o cümlədən şübhəli bilinən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. 102 xidmətindən daxil olmuş məlumatı qəbul etdikdən sonra təkrarən həmin nömrədən zəng edən şəxsin Təqsirləndirilən şəxs sərxoş olması və yalan məlumat verməsini bildirməsi səbəbindən o, məlumatı qəbul etdikdən sonra X13 Yardım Xidmətinə, Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Gəncə şəhər X7 İdarəsinə və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə məlumat verməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin məsul növbətçisi vəzifəsində xidmət edir. 02 iyul 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin Növbətçi Hissəsində xidmətdə olan vaxt həmin gün saat 16:01-də ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Gəncə şəhərində «Qorkom» adlanan binanın qarşısında, yəni Gəncə şəhər İcra Hakimiyyətinin binasının qarşısında fərqli yerlərdə bir neçə ədəd partlayıcı yerləşdirməsi, 1-2 saat sonra partlayacağı barədə məlumat verməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Növbətçi Hissəsinə daxil olmuş məlumat ərazi aidiyyatı üzrə Kəpəz Rayon Polis İdarəsinə göndərilmişdir. O, bu barədə məlumat aldıqdan sonra dərhal həmin gün əməliyyat qrupunda olan əməkdaşlara məlumat vermiş, Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid5 və sahə rəisi Şahid6 daxil olmuş məlumat əsasında əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Şahid8 küçəsi, döngə 2, ev 5 ünvanına göndərilmişlər. Bir qədər keçdikdən sonra Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə gətirilib Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə təhvil verilmiş, daha sonra Şahid5 və Şahid6 Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısına göndərilmişdir. Əməliyyat qrupunun üzvləri DİN-in 102 xidmətinə daxil olmuş məlumat əsasında Gəncə şəhərində «Qorkom» adlanan, yəni Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısına gedib həmin yeri müayinə etdikdən sonra ona məlumat vermişlər ki, həmin ərazidə partlayıcı maddə, o cümlədən şübhəli bilinən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. 102 xidmətindən daxil olmuş məlumatı qəbul etdikdən sonra təkrarən həmin nömrədən zəng edən şəxsin Təqsirləndirilən şəxs sərxoş olmasını və yalan məlumat verməsini bildirməsi səbəbindən o, məlumatı qəbul etdikdən sonra X13 Yardım Xidmətinə, Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Gəncə şəhər X8 İdarəsinə və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə məlumat verməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs onlarla qonşuluqda yaşayır. Təqsirləndirilən şəxs Rusiya Federasiyasından çoxlu borclarının olması səbəbindən təxminən 2021-ci ilin may ayında Azərbaycana gəlmişdir. Təqsirləndirilən şəxs gəldiyi vaxtdan hər gün araq və pivə içir. 02 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yenə spirtli içki qəbul edib özünü yaxşı hiss etmədiyinə görə o, dayısı oğlu Məhərrəmlə Şakirin yanına getmişdir. Sonuncunun həyətində Şakirlə söhbət etmişlər. Həmin vaxt Şakir sərxoş vəziyyətdə olmuşdur. Şakir bir neçə gün əvvəl anası Rəfiqə ilə aralarında olmuş narazılıqla bağlı polisə şikayət etmişdir. Belə ki, Rəfiqə Şakirin istifadə etdiyi maşınını spirtli içki qəbul etməsinə görə əlindən alıb gizlətmişdir. Bu səbəbdən 02 iyul 2021-ci il tarixdə Şakir DİN-in 102 xidmətinə zəng edib şikayətinə baxılmadığına görə narazılığını bildirmişdir. Həmin vaxt Şakir iki dəfə 102 xidmətinə müraciət edib narazılığını bildirdikdən sonra 3-cü dəfə əsəbiləşib sərxoş vəziyyətdə məlumat verərək Gəncə şəhər İcra Hakimiyyətinin binasının qarşısına, arxasına və yan tərəfinə bomba qoyduğunu bildirmişdir. O, həmin vaxt telefonla 102 xidmətinə təkrar zəng edərək Təqsirləndirilən şəxs yalan məlumat verdiyini bildirmişdir. 02 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs 102 xidmətinə zəng edib yalan məlumat verdiyi zaman sonuncunun yanında o və dayısı oğlu Şahid4 olmuşdur. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 məhkəmədə şahid kimi dindirilmiş Şahid3 ilə eyni məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsində xidmət edir. 02 iyul 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsində əməliyyat qurupunda olan vaxt məsul növbətçi Şahid2 bildirmişdir ki, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Gəncə şəhərində «Qorkom» adlanan binanın, yəni Gəncə şəhər İcra Hakimiyyətinin binasının qarşısında fərqli yerlərdə bir neçə ədəd partlayıcı yerləşdirdiyi, 1- 2 saat sonra partlayacağı barədə məlumat vermişdir. Bundan sonra daxil olmuş məlumat əsasında əməliyyat müvəkkili Şahid5lə birlikdə Kəpəz Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə məxsus avtomobillə həmin ünvana gedəndə Təqsirləndirilən şəxs evinin həyətində sərxoş vəziyyətdə içki qəbul etdiyini görmüşlər. O, Şahid5lə birlikdə Təqsirləndirilən şəxs Kəpəz Rayon Polis İdarəsinə gətirmiş, sonuncudan hansı ünvanlara bomba qoyduğunu soruşanda Təqsirləndirilən şəxs yaşadığı ünvana polis gəlməsi üçün yalan məlumat verdiyini, heç bir ünvana bomba qoymadığını bildirmişdir. Təqsirləndirilən şəxs Kəpəz Rayon Polis İdarəsinə təhvil verdikdən sonra o, Şahid5lə birlikdə Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısına getmişlər. Eyni zamanda DİN-in 102 xidmətinə daxil olmuş məlumat əsasında Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili Şahid8, inspektor kriminalist Şahid7 və müstəntiq Rəşad Məmmədzadə də həmin yerə gəlmişlər. Onlar birlikdə ərazini müayinə etsələr də, həmin yerdən partlayıcı maddə, o cümlədən şübhəli bilinən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 102 xidmətinə yalan məlumat vermişdir. Bundan sonra onlar Kəpəz Rayon Polis İdarəsinə qayıdaraq Təqsirləndirilən şəxs aparıb sərxoşluq müayinəsindən keçirtmişlər. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid7 və Şahid5 məhkəmədə şahid kimi dindirilmiş Şahid6 ilə eyni məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid8 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 02 iyul 2021-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsində əməliyyat qrupunda olan vaxt Gəncə şəhər BPİ-nin məsul növbətçisi Şahid1 bildirmişdir ki, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Gəncə şəhərində «Qorkom» adlanan binanın, yəni Gəncə şəhər İcra Hakimiyyətinin binasının qarşısında fərqli yerlərdə bir neçə ədəd partlayıcı yerləşdirdiyi, 1-2 saat sonra partlayacağı barədə məlumat vermişdir. Bundan sonra daxil olmuş əməliyyat məlumatı əsasında o, Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısına getmişdir. Eyni zamanda DİN-in 102 xidmətinə daxil olmuş məlumat Gəncə şəhəri Kəpəz rayonu ərazisindən verildiyi üçün həmin məlumat ərazi aidiyyatı üzrə Kəpəz Rayon Polis İdarəsinə göndərildiyinə görə Kəpəz RPİ-nin əməliyyat qrupu da həmin yerə gəlmişlər. Onlar birlikdə ərazini müayinə etsələr də, orada partlayıcı maddə, o cümlədən şübhəli bilinən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 02 iyul 2021-ci il tarixli “Baxış keçirilməsinə dair protokol”dan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində üzərində ***-***-**-** saylı nömrə olan “İphone” markalı mobil telefona Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 02 iyul 2021-ci il tarixdə gedən zənglər bölməsində saat 15:55-də, 15:58, 16:01, 16:04-də dörd dəfə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng olunmuşdur. Təqsirləndirilən şəxs 02 iyul 2021-ci il tarixdə istifadəsində ***-***-**-** saylı nömrəsi ilə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etsə də nə dediyini, nə danışdığını xatırlamadığını söyləmişdir (iş vərəqə: cild İ, səh. 15). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 02 iyul 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, 02 iyul 2021-ci il tarixdə Gəncə şəhəri İcra Hakimiyyətinin binasının ətrafına baxış keçirilmiş və baxış zamanı hər hansı partlayıcı qurğu, şübhəli əşya və predmet aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh. 6-11). Cinayət işinin materiallarına əlavə edilmiş 02 iyul 2021-ci il tarixli, 769/2021 saylı “Sərxoşluq hallarının tibbi müayinəsi protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması məlum olmuşdur (iş vərəqə: cild İ, səh. 12). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrədən zəng edərək Daxili İşlər Nazirliyinin X4 Xidmətinin «102» Xidməti Zəng Mərkəzinə vermiş olduğu və 1085 saylı operator tərəfindən ********* nömrə ilə qeydə alınmış Gəncə şəhər İcra Hakimiyyətinin binasının ön və arxa tərəfinə bir neçə ədəd partlayıcı qurğu yerləşdirməsi, 1-2 saatdan sonra onların partlayacağını deməsi barədə məlumatın səs yazısının qeydə alındığı bir ədəd CD disk Gəncə şəhər Baş Polis İdarəsinə göndərilmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 20 iyul 2021-ci il tarixli həmin diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə həmin diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİNin 102 xidmətinə zəng edərək Gəncə şəhərində «Qorkom» adlanan binanın (Gəncə şəhər İcra Hakimiyyətinin binasının) qarşısına, arxasına və yan tərəflərinə bomba qoyduğunu, 1- 2 saat sonra partlayacağı barədə məlumat vermişdir. Həmin protokoldan həmçinin görünür ki, diskin içərisində olan MP3 formatında 2021- 07-02-15-41-08_**********64_**********05223234 adlı səs yazısı olan fayl vardır. Həmin səs yazısı olan fayl 1 dəqiqə 47 saniyə davam edir. Diskdə bir nəfər qadın və bir nəfər kişi cinsindən olan şəxsin arasında telefon danışıqlarının səsləri əks olunmuş, danışıqlar dialoq formasında davam edir. Həmin danışıqların məzmunu aşağıdakı kimidir: “-102 polis xidməti Əfəndiyeva, buyurun, - Mən gedib orda “Qorkomun” qabağında onu şey eliyin. Mən ora bomba qoymuşam, partdadayam oranı. Polisdərinizi tökün ora, yığın ora polisdərinizi, bütün hər yer minalıdı. Hər yerə qoymuşam. -Başa düşmürəm vətəndaş, sizi. Şikayətiniz nədi sizin? -Deyirəm ki, bütün “Qorkomun” qabağınnan belə tutmuş şəhərin sentirində hər yerə mina qoymuşam, bomba qoymuşam. -Hara? - Mərkəzdə. -Haradadı, Azərbaycanın harası? -Azərbaycan Gəncə şəhəri “Qorkomun” qabağında 3 dənə qoymuşam, 3 yerə qoymuşam. Dal tərəfdən 5 dənə yerə qoymuşam. - Nəyin qabağına, başa düşmədim? -Polisdəriniz var da, göndərin getsin axtarsın tapsın. - Dediz Gəncənin qabağında 3 yerə, Gəncənin harasında dediz? -Qorkomun içindədi, elə poçti içinə girməmişdən qabaq. 3 dənə ordadı. 4 dənə dal tərəfindədi, 6 dənə də bu tərəfindədi cavan uşaqlar qırılmasın, polislərdinizi göndərin ora. -Nə var orda? Nə yerləşdirmisiz ora? -Ora mən bomba qoymuşam. Hardasa saat uјe saat yarımnan sora uјe hamısı partdıyacax. -Özünüzü təqdim edin. -Təqsirləndirilən şəxs. -Bir daha deyin Gəncənin harası? -Gəncə şəhəri Kəpəz, Gəncə şəhəri. -Hə, harası? -Gəncədə (söyüş) – Vətəndaş, bu nə danışıqdı danışırsız?” Diskə baxış keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs baxış keçirilən diskdə səslənən kişi səsinin ona məxsus olduğunu və 02 iyul 2021-ci l tarixdə DİN-in 102 xidmətinə zəng etsə də, nə dediyini, nə danışdığını xatırlamadığını bildirmişdir (iş vərəqə: cild İ, səh. 30-33). Cinayət işi materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12.11.2021-ci il tarixli məktubdan görünür ki, ***-***-**-** saylı Azercell danışıq kartı xx.xx.1973-cü il təvəllüdlü, Gəncə şəhəri, Kəpəz rayonu, Şahid8 küçəsi, ev 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs (şəxsiyyət vəsiqəsi AZE********) məxsusdur (iş vərəqə: cild İ, səh. 174). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-fonoskopik ekspertizasının 22 oktyabr 2021-ci il tarixli, 4/1302-4/1313 nömrəli rəyindən görünür ki,

1. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Princo” markalı diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur.

2. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Princo” markalı diskdə olan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə (Q1– 102 polis xidməti Əfəndiyeva, buyurun. K1– Mən gedib ...orda qabağında onu şey eliyin. Mən ora bomba qoymuşam, partdadayam oranı. Polisdərinizi tökmə ora, yığma ora polisdərinizi, bütün hər yer minalıdı. Hər yerə qoymuşam. Q1– Başa düşmürəm vətəndaş, sizi. Şikayətiniz nədi sizin? K1– Deyirəm ki, bütün ....qabağınnan belə tutmuşşəhərin sentirində hər yerə mina qoymuşam, bomba qoymuşam. Q1– Hara? K1– Mərkəzdə. Q1– Haradadı, Azərbaycanın harası? K1– Azərbaycan Gəncə şəhəri .... qabağında 3 dənə qoymuşam, 3 yerə qoymuşam. Dal tərəfdən 5 dənə yerə qoymuşam. Q1– Nəyin qabağına, başa düşmədim? K1– Polisdəriniz var da, göndərin getsin axtarsın tapsın. Q1– Dediz Gəncənin qabağında 3 yerə, Gəncənin harasında dediz? K1– .... içindədi, elə poçti içinə girməmişdən qabaq. 3 dənə ordadı. 4 dənə dal tərəfindədi, 6 dənə də bu tərəfindədi cavan uşaqlar qırılmasın. Q1– Nə var orda?/// Nə yerləşdirmisiz ora? K1– Ora mən bomba qoymuşam. Hardasa uјe saat yarımnan sora uјe hamısı partdıyacax. Q1– Özünüzü təqdim edin. K1– Təqsirləndirilən şəxs. Q1– Bir daha deyin Gəncənin harası? K1– Gəncə şəhəri. Q1– Hə, harası? K1– Gəncədə (nalayiq ifadə) Q1– Vətəndaş, bu nə danışıqdı danışırsız? ) verilmiş yazılı mətndən ibarətdir.

3. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Princo” markalı diskdə olan mübahisəli fonoqramda montaj əlamətləri müəyyən olunmadı (iş vərəqə: cild İ, səh. 153-158). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncəşəhər Psixonevroloji dispanserindən alınmış 03.08.2021-ci il tarixli, 363 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs SHXÇDX-in Kəpəz Rayon Şöbəsinin 24.06.2005-ci il tarixli, 131 saylı göndərişinə əsasən 25.06.2005-ci il tarixdə dispanserdə müayinədə olmuş və ona «sarışan hallar nevrozu, hipoxondrik sindrom» diaqnozu qoyularaq 155 saylı akt tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir daha dispanserə müraciət etməmişdir (iş vərəqə: cild İ, səh. 45). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 02 noyabr 2021-ci il tarixli, 662/214 nömrəli kompleks məhkəmə-psixoloji və psixiatrik ekspertizasının rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri aşağıdakılardır: 1. Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. 2. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi emosional vəziyyətdə olmuşdur və həmin halın yaranma səbəblərindən biri onun sərxoş vəziyyətdə olması ilə əlaqəli ola bilər. 3. Təqsirləndirilən şəxs psixi emosional vəziyyəti ilə əlaqədar olaraq törətdiyi əməlin mənasını dərk edə bilərdi. 4. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir) (iş vərəqə: cild İ, səh. 163-165). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış 03.08.2021-ci il tarixli, 3015 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur (iş vərəqə: cild İ, səh. 46). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06.08.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 51). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12.11.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs 02.07.2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək yalan məlumat verməsi haqqında danışığı özündə əks etdirən 1 (bir) ədəd disk maddi sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 175-184). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 31.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31.10.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh. 112). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 02.11.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilmişdir (iş vərəqə: cild İ, səh. 144-147). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 02.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 148-149). Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış barəsində bilə-bilə yalan məlumat verməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 216cı maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 216-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 31 oktyabr 2021-ci il tarixdən 02 noyabr 2021-ci il tarixədək, yəni 3 (üç) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) gün müddətində tutulmasını nəzərə alaraq, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 15 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 216-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 oktyabr 2021-ci il tarixdən 02 noyabr 2021-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 15 aprel 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməməişdir. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər:

Roman Ələkbərli (sədrlik edən) Faiq Mahmudov Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar