Məhkəmə qərarları › İş №1(100)-196/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-196/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-196/2024 29.05.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X1 və Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 1999-cu ildə Göygöl rayonu, Mollacəlilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Mollacəlilli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 25 may 2023-cü il tarixdə, saat 20 radələrində Göygöl rayonu, Mollacəlilli kəndinin inzibati ərazisində yerləşən dərə adlanan sahədə həmkəndlisi Zərərçəkmiş şəxs onun barəsində öz tanışları arasında rüsvayedici formada ifadələr işlətməsi səbəbindən qardaşı Şahid1 ilə Zərərçəkmiş şəxs arasında mübahisə olmasını görüb onlara yaxınlaşan zaman sonuncunun onun ünvanına söyüşlər söyməsini eşidib bundan hiddətlənərək qisas zəmnində üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilməyən turist bıçağı ilə qəsdən bir dəfə Zərərçəkmiş şəxs qarın boşluğunun sağ yan nahiyəsinə zərbə vuraraq Zərərçəkmiş şəxs qarın nahiyəsinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, qaraciyərin və peritonun arxa divarının zədələnməsi ilə müşayiət edilən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır. 25 may 2023-cü il tarixdə baş vermiş hadisədən bir neçə gün əvvəl Şahid2 və Zərərçəkmiş şəxs ilə birlikdə kafedə əyləşib pivə içmişlər. Onlar pivə içdikdən sonra Şahid2 və Zərərçəkmiş şəxs hesablarını ödəmək istəməmişlər və bütün hesabı ona ödətdirmək istəmişlər. Onlar əvvəlcədən razılaşıbmışlar ki, hesabı aralarında bölərlər. Daha sonra kefədən çıxıb getmişlər. O, sonradan eşitmişdir ki, yaşadıqları kənddə Zərərçəkmiş şəxs onun arxası ilə danışmışdır. 25 may 2023-cü il tarixdə, saat təxminən 20 radələrində Göygöl rayonu, Mollacəlilli kəndində dərə adlanan sahədə Zərərçəkmiş şəxs ilə baş vermiş mübahisə zamanı sonuncu onu söymüşdür, o da üzərindəki bıçaqla Zərərçəkmiş şəxs bıçaqla bir dəfə vurmuşdur. O, hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmış və sonuncunun səhhəti ilə əlaqədar bütün xərcləri ödəmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi daha təfərrüatlı ifadələri elan olunmaqla tədqiq edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən daha təfərrüatlı verdiyi ifadələrindən görünür ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. O, ailəsi ilə birlikdə Göygöl rayonu, Mollacəlilli kəndində yaşayır. O, yeşik sexində fəhlə işləyir. Həmkəndlisi Nəsrəddin və qonşusu Misir də onunla birlikdə işləyir. Onlarla münasibəti yaxşı olmuşdur. Hətta Misirlə uşaqlıqdan daha yaxın münasibəti olmuşdur. Təxminən 8-9 gün bundan əvvəl Misir və Nəsrəddinlə işdən çıxdıqdan sonra Göygöl şəhəri, Aydın Hacıyev küçəsində yerləşən “Məkan” kafesinə getmişlər. O, getməmişdən əvvəl onlara pulunun olmamasını demiş, Misirdən isə 20 manat borc almışdır. Onların razılaşmalarına əsasən orada olan məclisdə hərə öz payına düşən hesabı ödəməli imiş. Lakin o, hiss edirmiş ki, Misir və Nəsrəddin ondan istifadə edərək hesabı ona ödətdirmək istəyirlər. Onlara pulunun olmamasını, aldığı 20 manat borc puldan yalnız 5 manat hesaba verə biləcəyini demişdir. Onlar isə razılaşmışlar. Kafeyə gəldikdə Misir və Nəsrəddin çoxlu yemək sifariş etmiş və üçü də pivə içmişlər. Lakin o, sifarişlərini onlardan ayrı tutub, sadəcə ümumi 5 manat dəyərində 3 ədəd pivə sifariş etmişdir. Oradan durduqda hesab 29 manat eləmiş və o, 5 manat pul vermişdir. Lakin onlar hesabın üç yerə bölünəcəyini dedikdə o, narazılıq etmişdir. Aralarında sözlü mübahisə yaranmış və o, acıq edərək oradan getmişdir. Gedən zaman isə özü üçün onlarla bir daha eyni stolda yemək yeyənin ünvanına söyüş söymüşdür. Növbəti gün isə işə gəldikdə kollektivlə yemək yeyən zaman Nəsrəddin ona onlarla yemək yediyinə söyüş söydüyü üçün stoldan durmağını demişdir. O isə iş yerində bir yerdə yemək yeməyin dediyi sözə aidiyyəti olmadığını deyərək izah vermiş, aralarında olan narazılıq daha da artmışdır. Növbəti günlərdə qardaşı Sərxan ona arxasınca söyüş söyüldüyünü, Nəsrəddinin onun onlarla yemək yeməyəcəyinə söyüş söydüyünü, daha sonra onlarla eyni stolda yemək yediyini, bu səbəbdən də söyüşü götürdüyünü yaymasını demişdir. Təxminən 3-4 gün əvvəl Misir kənddə onun yanına gələrək yenidən söhbəti açıb onun kafeyə getdiyi gün söyüş söydüyünə görə incidiyini demişdir. O isə bir daha ona yaxın gəlməməsini demişdir. Lakin hər kəsdən Nəsrəddin və Misirin onun arxasınca danışdıqlarını, söydüyü söyüşü özü götürməyini yaymalarını eşitmişdir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində evdə olan zaman Sərxan ona zəng edərək Misir və Nəsrəddinlə “Məkan” kafesində olan söhbəti danışmağını istəmiş, o isə onun Misirlə birlikdə olmasını bilmiş və onların dalaşacaqlarını düşünərək olduqları yeri soruşub atasına məxsus “Vaz 2106” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Dərə adlanan yerə getmişdir. Oraya çatdıqdan Misirlə Sərxan orada olmuşdur. Təxminən bir dəqiqə çəkməmiş isə Nəsrəddin Ruhlan və Qorxmazla birlikdə ora gəlmişdir. Nəsrəddin avtomobildən düşən kimi qardaşı Sərxan Nəsrəddinin üzərinə getmiş və onlar əlbəyaxa olmuşlar. Qorxmaz və Ruhlan isə onları aralaşdırmışlar. Hadisə ani vaxtda baş verdiyi üçün dəqiq olaraq nə olmasını anlaya bilməmişdir. Sonradan öyrənmişdir ki, Sərxanla Nəsrəddin telefonda da mübahisə etmişdir. Qorxmaz və Ruhlan qardaşı Sərxanı tutub kənara aparmışlar. Lakin Nəsrəddin sakitləşməmiş və ona söyüş götürməyini deyib bir daha ünvanına söyüş söymüşdür. Həmin vaxt Nəsrəddin ondan təxminən 7-8 metr kənarda olmuşdur. O, bu söyüşü eşitdikdən sonra üzərində gəzdirdiyi cib bıçağını qış gödəkçəsinin sağ cibindən çıxarıb açmış və arxası onun tərəfə olan Nəsrəddinin sağ böyründən sağ əlində tutduğu bıçaqla bir dəfə vurmuşdur. Bıçağı Nəsrəddinə soxduqdan sonra geri çəkərək çıxarmış, bıçağı qatlayıb cibinə qoymuşdur. Nəsrəddin həmin anda əlini böyrünə tutmuş, uşaqlar da onu bıçaqla vurduğunu bilmişlər. Ruhlan sinəsindən itələyib “nağardın, bıçaq lazım deyildi” demişdir. O, bıçağı vurduğu anda tutduğu əməldən peşman olmuşdur. Nəsrəddini Ruhlan və Qorxmaz avtomobilə qoyub xəstəxanaya aparmış, Misir də öz avtomobili ilə onların arxasınca getmişdir. O isə oradan öz evinə getmişdir. Bundan bir neçə saat sonra isə ünvanına polis əməkdaşları gəlmiş və o, törətdiyi hadisəni etiraf etmişdir (iş vərəqə: cild İ, səh. 44-46, 70-72). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 25 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qardaşı Şahid1 ilə telefonda danışanda mübahisə etmişlər. Onlar telefonda danışarkən Sərxan onu söymüşdür. Şahid1 onu Göygöl rayonu, Mollacəlilli kəndində dərə adlanan sahəyə çağırmışdır. Hadisədən bir neçə gün əvvəl Təqsirləndirilən şəxs ilə kafedə oturub pivə içəndən sonra aralarında hesabla bağlı söhbət olmuşdu. Aralarında yaranmış söhbəti Ayxanın qardaşı Sərxana başqa cür çatdırmışdılar. Bunu aydınlaşdırmaq üçün o, Sərxana zəng etmişdir. Sərxan isə onu söyməyə, təhqir etməyə başlamışdır. Sonra Sərxan demişdir ki, “səni kəndin başında gözləyirəm”. O, Şahid4 maşını ilə həmin yerə, yəni Göygöl rayonu, Mollacəlilli kəndində dərə adlanan sahəyə getmişdir. O, maşından düşərkən Sərxanla aralarında mübahisə yaranmış, bir-birlərinin yaxasından tutmuşlar. Uşaqlar onları aralamışlar. Həmin vaxt o, böyründə ağrı hiss etmişdir. O, görmüşdür Təqsirləndirilən şəxs bıçaq əlində onun arxasındadır. Başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu bıçaqla vurmuşdur. O, əli ilə belinə baxarkən belinin qan olduğunu görmüşdür. Hadisənin baş verməsi Təqsirləndirilən şəxs ilə arasında söyüşlə bağlı söz-söhbətdən sonra başlamışdır. Baş vermiş hadisə təxminən 3-4 dəqiqə davam etdmişdir. Həmin vaxt orada Sərxan, Misir, Ruhlan və Qorxmaz olmuşdur. Həmçinin bildirir ki, Ayxanla kafedə pivə içəndən sonra hesabın üstündə söz-söhbətləri yaranıb. Həmin vaxt Ayxan söyüş söymüşdür ki, “mən bir də sizlə oturmaram”. O söhbətdən sonra onlar Ayxanın barəsində bir neçə dəfə zarafat etmişlər, sonra isə bu hadisə baş vermişdir. Təqsirləndirilən şəxs onun səhhəti ilə bağlı yardım göstərib, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və onlar barışmışlar. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə yaranmışdı. Hadisə baş verməmişdən bir neçə gün qabaq Zərərçəkmiş şəxs qardaşı Ayxan haqqında söyüş söymüşdür. O, Nəsrəddinin həmin sözləri zarafatla, yoxsa ciddi dediyini bilməmişdir. O da qonşuluğunda yaşayan Şahid2 və digər şəxslərin yanında qardaşı Ayxanın arxası ilə danışanı söydüyünü bildirmişdir. Şahid2 ona demişdir ki, “bunları Nəsrəddinin üzünə deyə bilərsən ki?” Nəsrəddinlə telefonla danışmışlar və 25 may 2023-cü il tarixdə Göygöl rayonu, Mollacəlilli kəndində dərə adlanan sahədə görüşmüşlər. Zərərçəkmiş şəxs ora gəlib maşından düşdükdən sonra onlar əlbəyaxa olmuşlar. Həmin vaxt onları Şahid4 aralamışdır. O, Zərərçəkmiş şəxs qan axdığını görmüşdür, başa düşmüşdür ki, qardaşı Ayxan Nəsrəddini bıçaqla vurub. Şahid1 daha sonra verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisədən bir neçə gün qabaq qardaşı Ayxan Nəsrəddingillə pivə içdikdən sonra aralarında hesabı verməklə bağlı mübahisə yaranmışdır. Sonradan o, Nəsrəddinə demişdir ki, “mənim qardaşıma söyən belə-belə olsun”. Daha sonra o, Nəsrəddinlə əlbəyaxa olmuşdur. O, heç bir xəsarət almamışdır. O, Nəsrəddinlə mübahisə etdiyi ərəfədə Nəsrəddin demişdir ki, “qardaşın Ayxan bıçaqla vurdu məni”. O, gəlib Nəsrəddinin köynəyini qaldırdıqda qan gəldiyini görmüşdür. Həmçinin bildirir ki, ibtidai istintaq zamanı daha təfərrüatlı verdiyi ifadəsini təsdiq edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 25 may 2023-cü il tarixdə Şahid1 onunla söhbət edərkən ona demişdir ki, “mənim qardaşımla bir yerdə oturanda qardaşımı pisikdirmisiniz”. O isə elə şey olmadığını demişdir. Sonra Sərxan artıq-əksik söz işlətməyə başlamışdır. Daha sonra Sərxan Nəsrəddin haqqında artıq-əksik danışmağa başlamışdır. O da demişdir ki, “Nəsrəddin sənin qardaşına heç nə etməyib”. O, Sərxana demişdir ki, “mənim yanımda Nəsrəddini söymə”. O, Nəsrəddinə zəng etmişdir ki, sözünü sonuncunun özünə desin. Onlar Göygöl rayonu, Mollacəlilli kəndində dərə adlanan sahədə görüşmüşlər. Nəsrəddin həmin yerə gəlib maşından düşdükdən sonra Sərxanla dalaşmağa başlamışdır. Həmin vaxt ara qarışdığından bilməmişdir ki, kimi tutsun. Ayxan Nəsrəddin tərəfə qaçmışdır. Həmin vaxt Nəsrəddin demişdir ki, “Ayxan məni vurdu”. Nəsrəddin köynəyini qaldırıb baxdıqda qan axdığını görmüşdür. Sonra Nəsrəddini maşına mindirib xəstəxanaya aparmışlar. Şahid2 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, hadisə yerində Şahid1, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid3, Şahid4 olmuşdur. O, hadisə vaxtı Zərərçəkmiş şəxs bədənində qan gördükdə Ayxanın bıçaqla vurduğunu başa düşmüşdür. O, bildirir ki, ibtidai istintaq zamanı daha təfərrüatlı verdiyi ifadəsini təsdiq edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır. Ayxanla həmçinin dostluq münasibətləri var. O, Zərərçəkmiş şəxs da həmkəndlisi kimi tanıyır. 25 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs həmkəndliləri Şahid4 demişdir ki, “məni maşınınla apar dərə adlanan yerə düşürt”. Həmin vaxt o da maşında olmuşdur. Şahid4 onları Göygöl rayonu, Mollacəlilli kəndində yerləşən dərə adlanan sahəyə aparmışdır. Ora çatan kimi Sərxan maşından düşən Nəsrəddinlə mübahisə etməyə başlamışlar, sonra onlar dava etmişlər. Onları aralamışlar. O, həmin vaxt bilmişdir ki, Zərərçəkmiş şəxs yaralanıb. Şahid3 daha sonra verilmiş suallara cavab olaraq bildirmişdir ki, Nəsrəddinlə Sərxan mübahisə edərkən orada söhbət Nəsrəddinin Ayxanın arxasınca danışmağından gedirdi. Hadisədən əvvə Nəsrəddin Ayxanın barəsində nəsə demişdi. Bildirir ki, həmin dava-dalaş çox çəkməmişdir. Nəsrəddinin paltarını qaldırıb baxdıqda sonuncunun qarın nahiyəsində deşilmiş yara olduğunu görmüşdür. Nəsrəddinlə Sərxanın arasında mübahisə Nəsrəddinin Ayxanın arxasınca danışmağı ilə əlaqədar idi. O, bildirir ki, ibtidai istintaq zamanı daha təfərrüatlı verdiyi ifadəsini təsdiq edir. Bundan başqa, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid4 barəsində elektron məhkəmə sistemi vasitəsilə şəxsi məlumatlarla bağlı çıxarışdan həmin şəxsin xx.xx.2023-cü il tarixdə ölməsi müəyyən edildiyindən ibtidai istintaq zamanı onun şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid4 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Göygöl rayonu, Mollacəlilli kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində “Kruq” deyilən yerdə həmkəndlisi Qorxmazla öz “Vaz 2106” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilində dayanmışdır. Həmin vaxt Nəsrəddin onların yanına gəlmiş və Nəsrəddin ondan uşaqların dərə deyilən yerdə olmasını və onu oraya aparmağını xahiş etmişdir. O, Qorxmazla birlikdə avtomobil ilə Nəsrəddini həmin yerə apardıqda dərədə Misir, Sərxan və Ayxanın olmalarını görmüşlər. Nəsrəddin avtomobildən düşdükdə Sərxan onun qarşısına gəlib qardaşını pisikdirməyinin səbəbini soruşmuş və söyüş söymüş, onlar əlbəyaxa olmuşlar. Onları aralaşdırmağa çalışmışlar. O, Sərxanı kənara aparıb sakitləşdirmiş, həmin vaxt onlar aralaşmış olsalar da bir-birilərinə söyüş söymüşlər. Həmin vaxt Ayxanın Nəsrəddinin arxa tərəfində gəlməsini görmüş, Nəsrəddin anidən yerə oturub sağ tərəfini tutmuşdur. Bundan sonra Nəsrəddinə yaxınlaşmış, o, koftasını qaldırmış və qan olmasını görmüşdür. O, Nəsrəddindən nə olmasını soruşduqda sonuncu Ayxanın onu vurduğunu demişdir. Bundan sonra Nəsrəddinin yarasını sıxıb bağlamış və avtomobili ilə onu Göygöl rayon mərkəzi xəstəxanasına aparmışdır (iş vərəqə: cild İ, səh. 144-146). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 26 may 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, hadisənin baş verdiyi yer Göygöl rayonu, Mollacəlilli kəndinin kənarında yerləşən “dərə” adlanan yerdir. Hadisənin baş verdiyi yer ilə ən yaxınlıqda yerləşən yaşayış evinin arasında olan məsafə təxminən 50 metrdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 19-23). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 26 may 2023-cü il tarixli “baxış və götürmə barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı təqdim etmiş və həmin bıçağa baxış keçirilib fotoşəkilləri çəkilərək götürülmüş, fotoşəkillər protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 50-52). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 04 iyun 2023-cü il tarixli “baxış və götürmə barədə protokol”dan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş köynəyə baxış keçirilərək götürülmüşdür (iş vərəqə: cild İ, səh. 111-116). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 24 iyun 2023-cü il tarixli “üzləşdirmə istintaq hərəkəti protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs onun bədən nahiyəsinə bıçaq zərbəsi ilə vuraraq ona xəsarət yetirməsini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (iş vərəqə: cild İ, səh. 152-153). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 25 iyun 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması istintaq hərəkəti protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs öz ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsini bildirib hadisə vaxtı həmin halları əyani şəkildə göstərmişdir (iş vərəqə: cild İ, səh. 166-168). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X7 məhkəmə-tibbi ekspertizasının 07 iyun 2023-cü il tarixli, 251 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət- qarın nahiyəsinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, qaraciyərin və peritonun arxa divarının zədələnməsi –deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Qeyd edilən xəsarətlərdən başqa Zərərçəkmiş şəxs başın ənsə nahiyəsində- bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş bir ədəd sıyrıq kimi xəsarət vardır və bu xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir (iş vərəqə: cild İ, səh. 140-143). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X7 məhkəmə-tibbi ekspertizasının 26 may 2023-cü il tarixli, 222 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh. 121-123). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X7 məhkəmə-tibbi ekspertizasının 31 may 2023-cü il tarixli, 231 nömrəli rəyindən görünür ki, Şahid1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol gözün bayır bucağının və boyun nahiyəsinin sol yan səthinin qançırları- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (iş vərəqə: cild İ, səh. 118-120). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional Bölməsinin kompleks məhkəmə-kriminalistik və məhkəmə trasoloji ekspertizasının 24 avqust 2023-cü il tarixli, 16/836/837 nömrəli rəyindən görünür ki: İ. - Tədqiqata təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. İİ. - Tədqiqata təqdim olunan uzunqol poluverin səthində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində soldan sağa doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Lakin təqdim edilmiş paltarın üzərindəki zədədə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. - Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2023-cü il tarixli, 251 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş poluverin səthində olan zədə müqayisə edilmiş və müəyyən olunmuşdur ki, bədəndə yerləşən “qarın nahiyəsinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə poluverin səthində olan 01 ədəd zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür (iş vərəqə: cild İ, səh. 194-196). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 X5 Şöbəsinin 25 iyul 2023cü il tarixli, 437 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törədən zaman anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh. 190-192). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 26 may 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdə tutulmuşdur (iş vərəqə: cild İ, səh. 38). Cinayət işinin materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 26 may 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.88-90). Cinayət işinin materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdir (iş vərəqə: cild İ, səh.201- 207). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 26 may 2023-cü il tarixli “maddi sübut kimi tanınma haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq maddi sübut kimi tanınmışdır (iş vərəqə: cild İ, səh. 59). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 13 sentyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol poluver maddi sübut kimi tanınmış, həmçinin bir ədəd bıçağın maddi sübut kimi tanınması nəzərə alınmış və həmin maddi sübutlar Göygöl Rayon Polis Şöbəsində saxlanca təhvil verilmişdir, həmin qərardan həmçinin görünür ki, Şahid1 və Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən həmin Məcəllənin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirləri tətbiq edilməmişdir (iş vərəqə: cild İ, səh. 210-226). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 iyul 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 127). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslə barışmışdır (iş vərəqə: cild İ, səh. 197). Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (iş vərəqə: cild İ, səh. 176). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslə barışmışdır (cinayət işinin materialları). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə təqsirləndirilən şəxsin etirafedici ifadəsini, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, qeyd edilən sübut növləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin səhhəti ilə əlaqədar dəymiş ziyanı tamamilə ödəməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini nəzərə almaqla yanaşı, eyni zamanda təqsirləndirilən şəxsin barəsində olan yuxarıda göstərilmiş cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 26 may 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Göygöl Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən, daha sonra isə həmin məhkəmənin 12 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbsin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edildiyi vaxtdan hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə və ev dustaqlığında saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 26 may 2023-cü il tarixdən hesablanmalı, həbsdə və ev dustaqlığında saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Göygöl Rayon Polis Şöbəsində saxlanılan maddi sübutlar – bir ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol poluver sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır, qəbul etmədikdə isə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri – 63 (altmış üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hazırki cinayət işi üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak, habelə ekspertiza xərci müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 26 may 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Göygöl Rayon Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq məhv edilsin, Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol poluver sahibi Zərərçəkmiş şəxs qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 63 (altmış üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar