Məhkəmə qərarları › İş №1(100)-199/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-199/2022

10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-199/2022 10.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1988-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Qazax rayonu, İkinci Şıxlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 213-1.1 və 240.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddə - metallik civəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmək məqsədi ilə 27 avqust 2021-ci il tarixdə, Gürcüstanın Marneuli şəhərində istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə həmin tarixdə cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvündən 100,5 qram metallik civəni cinayətkar qrupun Azərbaycan Respublikasında olan, lakin istintaqla müəyyən edilməmiş üzvünə çatdırması üçün satış məqsədi ilə qanunsuz olaraq əldə edib əynindəki gödəkcəsinin sağ yan cibinə qoyaraq saxlamış, daşımış, həmin gün saat 9 radələrində idarə etdiyi “SCANİA” markalı, “P380” modelli, QC536CQ/PP190B dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmiş, üzərində şəxsi yoxlama aparılan zaman həmin zəhərli maddə ondan aşkar edilərək götürülmüş, həmçinin idarə etdiyi yük avtomobilinə gömrük baxışı keçirilən zaman nəqliyyat vasitəsinin yük hissəsində olan “Chevrolet” markalı, “Malibu” modelli minik nəqliyyat vasitəsinin yük yerində, örtüyün sağ və sol hissələrinin altında gizlədərək satış məqsədi ilə saxladığı hər birinin qiyməti 7 manat olmaqla 80 qutu, ümumilikdə dəyəri 560 manat təşkil edən, xeyli miqdarda, aksiz markası ilə markalanmalı olan, lakin Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış “X26” markalı siqaretlər aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Qazax rayonu, İkinci Şıxlı kəndində yaşayır, 3 azyaşlı övladı vardır. Saxlanılanadək o, idarə etdiyi “Scania” markalı, QC53CQ/PP190B nömrə nişanlı nəqliyyat vasitəsi ilə Gürcüstan Respublikasından ölkə ərazisinə minik avtomobillərinin daşınmasını həyata keçirmişdir. Minik nəqliyyat vasitələrinin yüklənməsi Gürcüstanın gömrük avtoparkının içərisində təşkil edilmiş, hər dəfə təxminən tam yüklənmə bir neçə gün çəkmiş və həmin ərəfədə də o, avtoparkda qalmışdır. Avtoparkda qalanda parkın ərazisində yerləşən kafedə nahar etmiş, avtoparkda bir-neçə gün qaldıqlarına görə digər sürücü və ya yük sahibləri ilə müəyyən ünsiyyətləri yaranmış və bəzi hallarda isə bir yerdə çay içmişlər. Həmin avtoparkda Türkiyədən gələn sürücülər siqaret satmış, həmin siqaretlərin qiyməti ilə maraqlandıqda Azərbaycanda olan qiymətdən nisbətən ucuz olduğunu görmüş və həmin siqaretlərdən bir qədər alıb yaşadığı ərazidə sataraq müəyyən ehtiyaclarını ödəməyi qərarlaşdırmışdır. Odur ki, hər blokuna 28 ABŞ dolları ödəməklə adını bilmədiyi Türkiyə vətəndaşından üzərində “X26” yazıları olan 80 qutu, yəni 8 blok siqaret almış, qeyd edilən siqaretləri gömrükdən keçirə bilməyəcəyini, yəni icazə verilmədiyini bildiyi üçün onları idarə etdiyi “Scania” markalı, nəqliyyat vasitəsinin yük hissəsində daşıdığı, 5 avtomobildən biri olan “Chevrolet” markalı, “Malibu” modelli minik nəqliyyat vasitəsinin yük yerinin sağ və sol yan örtüyünün arxasında gizlətmişdir. Belə ki, daşıdığı minik nəqliyyat vasitələrinin açarları onda olmuş və buna görə də gətirmək istədiyi siqaretləri rahat gizlətmək imkanı olmuşdur. Avtoparkda yükləməni gözləyəndə digər sürücülərlə söhbət etsə də, onların əksəriyyətinin adını, kimliyini bilmir. Həmin şəxslərdən biri milliyətcə azərbaycanlı, Gürcüstan vətəndaşı olan bir şəxslə tanış olmuş, onunla bir neçə dəfə ayrı-ayrı vaxtlarda həmin avtoparkda çay içmişlər. 27 avqust 2021-ci il tarixdə gətirməli olduğu minik nəqliyyat vasitələrinin yüklənməsi başa çatmış və nəqliyyat vasitəsini hərəkətə gətirərək çıxmaq istəyəndə həmin şəxs ona yaxınlaşıb Bakı şəhərində yaşayan anasına dərman göndərməli olduğunu bildirərək ondan həmin dərmanı Bakı şəhərində anasına çatdırmağını xahiş etmişdir. Xəstə insana köməkliyi dəyəcəyini, həm də kiçik ölçüdə olduğunu görüb problem çıxmayacağını düşünmüş və həmin şəxs ona bir ədəd üzəri şəffaf yapışqanla örtülmüş bağlama verib onun mobil telefon nömrəsini istəmiş, odur ki, öz mobil telefon nömrəsini həmin şəxsə vermişdir. Həmin şəxs Bakı şəhərinə çatdıqda onunla əlaqə saxlanılacağını və həmin bağlamanın ondan götürüləcəyini bildirmiş, sonra nəqliyyat vasitəsini hərəkətə gətirərək yola düşmüş, həmin şəxsdən dərman kimi qəbul etdiyi bağlamanı gödəkcəsinin sağ yan cibinə qoymuş, daha sonra Gürcüstanın gömrük postuna gəlmişdir. Apardığı minik nəqliyyat vasitələrinin cəriməsi olduğuna görə onları ödəmək üçün iki-üç saat Gürcüstan gömrük keçid məntəqəsində gözləmiş, işlərini həll etdikdən sonra Gürcüstandan Azərbaycan Respublikasının “Qırmızı Körpü” gömrük postuna daxil olmuşdur. Postda gömrük əməkdaşları ondan üzərində gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olubolmaması barədə sual vermiş, özü isə gömrük orqanına bəyan olunmalı heç bir predmetin olmadığını bildirmişdir. Bundan sonra video çəkiliş aparmaqla onun üzərini yoxlamışlar və yoxlama zamanı əynində olan gödəkcənin sağ yan cibindən 1 ədəd kiçik ölçüdə olan bağlamanı aşkar edib götürmüşlər. Sonra nəqliyyat vasitəsinə baxış keçirilmiş və baxış zamanı 80 qutu siqareti idarə etdiyi nəqliyyat vasitəsinin üzərində daşıdığı 5 nəqliyyat vasitəsindən birinin, yəni “Chevrolet” markalı, “Malibu” modelli minik nəqliyyat vasitəsinin yük hissəsində, sağ və sol örtüyünün arxasından aşkar edib götürmüşlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq həmçinin bildirdi ki, ümumiyyətlə sürücülər arasında belə bir qayda mövcuddur ki, onlara kimsə yük verib kiməsə çatdırmağı xahiş etdikdə yükü verən şəxs onların mobil telefon nömrələrini götürür və onlar Azərbaycan tərəfə çatdıqda, yükü qəbul edəcək şəxs zəng edib hansı yükün göndərildiyi barədə məlumat verir, onlar isə həmin şəxslə görüşüb yükü ona təqdim edirlər. Ona görə də həmin şəxsdən yükü qəbul edəcək şəxsin nə adını, nə də ki, əlaqə nömrəsini soruşmamışdır. Civə aşkar edilən bağlamada dərman olub-olmamasını yoxlamaq ağlına gəlməmişdir. Həmin şəxslə qeyd edilən dərmanın Azərbaycana keçirilməsi müqabilində hər hansı məbləğ verilməsini müzakirə etməmiş, həmin şəxs bağlamanın Bakı şəhərində ya anası, ya da qohumlardan biri tərəfindən götürüləcəyini və ona hörmət ediləcəyini bildirmişdir. Dərman olduğuna görə ona daşınma haqqı olaraq hər hansı məbləğ deməyə utanmış, hörmət etməsələr də belə dərmanı çatdırmağının savab olduğunu düşünmüşdür. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərdi ki, DGK-si Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda böyük müfəttiş vəzifəsində işləyir. Əsas vəzifəsi postun idxal minik xəttində yerləşən, metal əşyaları aşkar etmək üçün quraşdırılmış çərçivədən keçən şəxslərə gömrük nəzarətini həyata keçirməkdən ibarətdir. 27 avqust 2021-ci il tarixdə postun idxal minik xəttində növbədə olarkən Gürcüstandan Azərbaycan Respublikasına idxal yük nəqliyyat xətti ilə gələn, “Scania” markalı, minik avtomobillərinin daşınması üçün nəzərdə tutulan nəqliyyat vasitəsini idarə edən Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs gömrük nəzarətindən keçdikdə ondan üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs isə üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunası heç bir predmetin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs metal əşyaların aşkar edilməsi üçün nəzərdə tutulmuş çərçivədən keçməsini və çərçivədən keçən zaman üzərində olan metal əşyaları çərçivənin yanında yerləşən qutuya qoymasını xahiş etmiş, Təqsirləndirilən şəxs isə üzərində olan telefonları və dəmir pulları yandakı qutuya qoyduqdan sonra çərçivədən keçmişdir. Həmin vaxt çərçivənin yüksək səslə siqnal verməsinə görə ona bir daha üzərində olan metal əşyaları təqdim etməsini tələb etmiş, lakin vətəndaş üzərində heç bir metal əşya olmadığını bildirmişdir. Daha sonra vətəndaş Təqsirləndirilən şəxs şəxsi yoxlama otağına aparıb və iki nəfər hal şahidi dəvət edib onun üzərində şəxsi yoxlama aparmış, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərində olan gödəkcəsinin sağ yan cibindən 1 ədəd bağlama aşkar olunmuş və həmin bağlamaya baxış keçirdikdə üzərində heç bir yazısı olmayan 1 ədəd şüşə flakondan civəyə bənzər maddə aşkar edilmişdir. Civə zəhərli maddə hesab edildiyindən və ölkə ərazisinə gətirilməsi qadağan olduğundan həmin maddə götürülmüş və elektron tərəzidə çəkildikdə qablaşdırılması ilə birlikdə ümumi çəkisi 138 qram təşkil etmişdir. Daha sonra bu barədə protokol tərtib etmiş və bütün iştirakçılar həmin protokolla tanış olub onu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərdi ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna baş müfəttiş vəzifəsində işləyir. Xidməti vəzifəsi ölkə ərazisinə gələn yük nəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirməkdən ibarətdir. 27 avqust 2021-ci il tarixdə “Qırmızı Körpü” gömrük postunun idxal xəttində xidmət aparmış, həmin gün, saat 09 radələrində Gürcüstan istiqamətindən gömrük postuna “Scania” markalı, minik avtomobillərini daşıyan nəqliyyat vasitəsi daxil olmuş, həmin nəqliyyat vasitəsinin sürücüsü, adı və soyadı sonradan ona məlum olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsini idxal xəttinə sürüb saxlamışdır. Yük nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsində daşıdığı yüklərə dair sənədləri vahid pəncərə otağına təqdim edib nəqliyyat vasitəsini gömrük nəzarətinə təqdim etmiş, bu zaman digər gömrük əməkdaşı Şahid1 sürücü ilə şifahi olaraq sorğu-sual apararaq üzərində və idarə etdiyi nəqliyyat vasitəsində, həmçinin daşıdığı minik nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilmiş və ya mütləq bəyan olunacaq hər hansı bir malın olub-olmadığını soruşmuş, lakin Təqsirləndirilən şəxs nə üzərində, nə idarə etdiyi nəqliyyat vasitəsində, nə də ki, nəqliyyat vasitəsi ilə daşıdığı digər minik avtomobillərində hər hansı bir qanunsuz, o cümlədən gömrük orqanına bəyan olunmalı əşyanın olmadığını bildirmişdir. Həmkarı Şahid1 iki nəfər hal şahidi dəvət edərək şəxsi yoxlama otağında Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparmış və vətəndaşın üzərindən civə aşkar edildiyi məlum olmuşdur. Bu səbəbdən də onun idarə etdiyi avtomobilə və daşıdığı avtomobillərə də gömrük baxışı keçirmək qərarına gəlmiş, odur ki, ilk növbədə idarə etdiyi nəqliyyat vasitəsinin kabinəsinə baxış keçirmiş, kabinədə gömrük nəzarətinə bəyan olunacaq və ya gizlədilmiş hər hansı bir əşyaya rast gəlməmişdir. Daha sonra nəqliyyat vasitəsinin yük yerinin birinci mərtəbəsində olan minik nəqliyyat vasitələrinə baxış keçirmiş və həmin nəqliyyat vasitələrində də gizlədilmiş hər hansı bir əşya aşkar etməmişdir. Sonda nəqliyyat vasitəsinin ikinci mərtəbəsində olan minik nəqliyyat vasitələrinə baxış keçirməyə başlamış, ikinci mərtəbədə olan “Chevrolet” markalı, “malibu" modelli minik nəqliyyat vasitəsinin yük yerinə baxış keçirən zaman orada ilk baxışdan heç nə görünməsə də, yük yerinin sol yan örtüyünü qaldırdıqda altında siqaretlər gizlədildiyini görmüşdür. Beləliklə də həmin yerdən 40 qutu “X26" markalı siqaretlər aşkar etmiş, həmin avtomobilin sağ tərəfindən yan örtüyünü qaldırdıqda, oradan da 40 qutu eyni markalı siqaretlər aşkar etmişdir. Aşkar olunan 80 qutu siqaretlərlə əlaqədar protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, daimi iş yeri olmadığı üçün müvəqqəti olaraq Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun idxal gömrük nəzarəti xəttində yükləmə-boşaltma əməliyyatlarında fəhləlik edib pul qazanmaqla ailəsinin dolanışığını təmin edir. 27 avqust 2021-ci il tarixdə fəhləlik etmək üçün yenə “Qırmızı Körpü” gömrük postuna getmiş, həmin gün, təxminən saat 09 radələrində gömrük postundan gömrük əməkdaşı kimi tanıdığı Fərid adlı gömrük əməkdaşı ona və orada onun kimi fəhləlik edən Faiqə yaxınlaşaraq Gürcüstan istiqamətindən gələn bir nəfərin üzərində şəxsi yoxlama aparacağını bildirib onların da həmin yoxlamada hal şahidi qismində iştirak etmələrini xahiş etmiş, həmin vaxt işləri olmadığı üçün onun xahişini nəzərə alıb “Qırmızı Körpü” gömrük postunda yerləşən şəxsi yoxlama otağına getmişlər. Şəxsi yoxlama otağında gömrük əməkdaşı vətəndaş Təqsirləndirilən şəxs onlara təqdim edərək vətəndaşın üzərində gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış malların olub-olmamasını yoxlamaq məqsədi ilə üzərini yoxlayacağını bildirmiş, gömrük əməkdaşı onu və digər hal şahidi qismində iştirak edən Faiqi də ona təqdim edərək onların hal şahidi qismində iştirak edəcəklərini, keçiriləcək gömrük baxışında diqqətli olmağı, ehtiyac olduğu təqdirdə bu barədə izahat verəcəklərini, eyni zamanda onlara qanunvericiliyə uyğun olaraq hüquq və vəzifələrini izah edib vətəndaşın üzərində şəxsi yoxlama aparmağa başlamışdır. Şəxsi yoxlama zamanı vətəndaş Təqsirləndirilən şəxs üzərində olan gödəkcənin sağ yan cibindən 1 ədəd bağlama aşkar edilmiş, həmin bağlama açıldıqda içərisindən 1 ədəd şüşə flakonda civəyə oxşar maddə aşkar edilmiş, gömrük əməkdaşı həmin şüşə flakonu elektron tərəzidə çəkdikdə onun qablaşdırması ilə birlikdə çəkisi 138 qram təşkil etmişdir. Sonda həmin vətəndaşın üzərindən aşkar edilən civəyə bənzər maddəyə görə sənədləşmə işləri aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə verərək, ifadəsini özünə aid hissədə təsdiq etdi. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 27 avqust 2021-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “SCANİA” markalı, “P380” modelli, QC536CQ/PP190B dövlət qeydiyyat nişanlı minik avtomobili daşıyan nəqliyyat vasitəsinə baxış keçirilərkən daşıdığı 5 avtomobildən biri olan “Chevrolet” markalı, “Malibu” modelli minik avtomobilıinin yük yerinin örtüyünün altından - sağ və sol hissələrindən 80 qutu “X26” markalı siqaretlərin aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 27 avqust 2021-ci il tarixli “şəxsi yoxlama aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılarkən əynindəki gödəkcəsinin sağ yan cibindən 1 ədəd bağlamada zəhərli maddə hesab edilən civəyə oxşar maddənin aşkar edilməsi və elektron tərəzidə çəkdikdə onun qablaşdırması ilə birlikdə çəkisinin 138 qram təşkil etməsi müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 sentyabr 2021-ci il tarixli, 6/3804 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılarkən aşkar edilərək götürülmüş 1 ədəd şüşə flakonda olan maddənin 100,5 qram təşkil edən maddə metallik civədir, civə maddəsi Azərbaycan Respublikası 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Zəhərli maddələrin siyahısı”na daxildir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 sentyabr 2021-ci il tarixli 7/866, 9/6180 nömrəli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş aksiz markası olmayan 1 qutu “Marlbroro touch gray” markalı, ştirix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan tütün məmulatları (siqaretlər) istifadəyə yararlıdır. Ekspertiza tədqiqatına təqdim edilmiş aksiz markası olmayan “X26” markalı, ştirix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan filterli siqaretlərin 27.08.2021-ci il tarixə 1 qutusunun orta bazar qiyməti təxminən 7.00 manat, 80 qutusunun qiyməti isə 560.00 manat müəyyən olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 03 sentyabr 2021-ci il tarixli “Civə maddəsinin qəbul edilməsi haqqında” aktdan görünür ki, Qərb Ərazi Baş Gömrük İdarəsindən brutto çəkisi 149 qram metallik civə maddəsi Radiasiya və kimya laboratoriyasına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “Sübutların qiymətləndirilməsi haqqında” 17 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “SCANİA” markalı, “P380” modelli, QC536CQ/PP190B dövlət qeydiyyat nişanlı yük avtomobilinə gömrük baxışı keçirilərkən aşkar edilərək götürülmüş 80 qutu “X26” markal siqaretlər və üzərində şəxsi yoxlama aparılarkən aşkar edilərək götürülmüş zəhərli maddə hesab edilən 100,5 qram metallik civə maddi sübut kimi tanınmış və saxlanılmaları üçün civə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin radiasiya və kimya laboratoriyasına, siqaretlər isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərteminalkompleks” Birliyinin anbarına verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Qazax rayonu İcra Hakimiyyəti başçısının İkinci Şıxlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 sentyabr 2021-cu il tarixli, 11-21/838 və 11-21/839 nömrəli arayışlarından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri-arvadı X3, qızları X4(19.09.2015), X7(06.05.2017) və oğlu X14 (19.03.2020) ilə birlikdə Qazax rayonu, İkinci Şıxlı kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Qazax rayonu İcra Hakimiyyəti başçısının İkinci Şıxlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 aprel 2022-ci il tarixli, 11-21/282 nömrəli arayışlarından və arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri-atası X8, anası X5, qardaşı X12, arvadı X3, qızları X4(19.09.2015), X7(06.05.2017, oğlu X14 (19.03.2020), qardaşı arvadı X9, qardaşı qızları X10(10.11.2011), X11(03.04.2013) və X6(14.08.2017) ilə birlikdə Qazax rayonu, İkinci Şıxlı kəndində qeydiyyatda olmaqla yaşayır və ailənin yeganə pul qazanan, gəlir gətirən üzvü ailənin kiçik oğlu Təqsirləndirilən şəxsdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 16 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının arayışından görünür ki, X12 uşaqlıqdan müddətsiz üçüncü qrup əlildir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağı var. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 19 yanvar 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” və “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 sentyabr 2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə əynindəki gödəkcəsinin sağ yan cibində saxlayaraq daşıdığı bağlamanın içərisində metallik civə olmasından onun xəbərinin olmamasına, həmin bağlamının içərisində dərman olduğunu bilməsinə, heç kəslə qabaqcadan əlbir olaraq metallik civəni satış məqsədilə əldə etməməsinə dair ifadələri cinayət işi üzrə məhkəmədə dindirilmiş şahidlərin ifadələri, özünün qismən etirafedici ifadəsi eləcə də məhkəmə istintaqı zamanı tədqiq olunmuş istintaq hərəkətlərinin protokolları ilə tam təkzib olunur. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, postda gömrük əməkdaşları ondan üzərində gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər-hansı predmetin olub-olmaması barədə sual vermiş, o, isə gömrük orqanına bəyan olunası heç bir predmetin olmadığını bildirmiş, bununla da təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı metallik civəni Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmək məqsədində olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs həmin ifadələri cinayət işinin müəyyən edilmiş obyektiv halları, şahid ifadələri ilə birbaşa təkzib olunduğuna görə həmin ifadələr təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirilməli və təqsirləndirilən şəxsin ifadələri həmin hissədə sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 10 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya GM-də nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Məhkəmələr əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. “Güclü təsir edən maddəlr və onların miqdarının, habelə zəhərli maddələrin siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli qanununun 2 nömrəli əlavəsinə əsasən “metallik civə” zəhərli maddələrin siyahısına daxildir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi vardır. Onun əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 206.3.2, 240.2.1 və 213-1.1-ci maddələri ilə düzgün tövsif edilmiş, həmin cinayət hadisələri həqiqətən baş vermiş, cinayət hadisələri məhz onun tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində o təqsirlidir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, habelə CM-nin 75-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmədiyindən o göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını, himayəsində üçüncü qrup əlil qardaşının və 11 nəfərdən ibarət ailə tərkibinin olmasını, ailəyə yeganə qazanc gətirənin o, olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə tərkibi məhkəmə baxışında müəyyən edilmiş yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu, yəni himayəsində 3 azyaşlı uşağının olmasını, anasının, İİİ qrup əlilliyi olan qardaşının ailəsinin (3 azyaşlı övladının) onunla yaşamaqla ailənin yeganə qazanc gətirən şəxsinin təqsirləndirilən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını, Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən ona istinad edilən CM-nin 206.3.2 və 240.2.1-ci maddələrinə münasibətdə onun iştirakının 100,5 qram metallik civənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə üzərində daşımasından ibarət olmasını, həmçinin əməllərində cəzanı ağırlaşdıran halların olmamasını, cinayətin məqsədi və motivini, Təqsirləndirilən şəxs cinayətlərin törədilməsində rolunu, cinayətlərin törədilməsi zamanı və bundan sonra onun davranışını nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan da islah oluna bilər. Odur ki, yuxarıda sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edib, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq oluna bilməsini əsaslı sayaraq belə məhkum etmənin onun islah olunması və yenidən tərbiyə olunması məqsədinə cavab verəcəyi qənaətinə gəlir. Buna görə də məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən etməklə şərti hesab edilməsini məqsədə müvafiq sayır. Həmçinin məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsə təyin olunacaq sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi “SCANİA” markalı, “P380” modelli, QC536CQ/PP190B dövlət qeydiyyat nişanlı yük avtomobilinə gömrük baxışı keçirilərkən aşkar edilərək götürülmüş 80 qutu “X26” markalı Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin üzərində belə marka olmayan siqaretlər, habelə iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin radiasiya və kimya labaratoriyasında saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılarkən aşkar edilərək götürülmüş zəhərli maddə hesab edilən 100,5 qram metallik civə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 259,90 (yüz iki yüz əlli doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaq zamanı dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 prosessual hərəkətlərdə 24 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaq zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 240.2.1 və 213-1.1-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət onun qeydiyyatda olduğu yer üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 80 qutu “X26” markalı Azərbaycan Respublikasının aksiz markası İlə markalanmalı olan, lakin üzərində belə marka olmayan siqaretlər, həmçinin iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin radiasiya və kimya laboratoriyasında saxlanılan zəhərli maddə hesab edilən 100,5 qram metallik civə məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 259,90 (iki yüz əlli doqquz manat doxsan qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxsna verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar