Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-200/2023 23.11.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədov Abdulla Elşad oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1964-cü ildə Tərtər rayonu, Köçərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, məhkum olunmamış, işləməyən, Tərtər rayonu, Köçərli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 20 avqust 2022-ci il tarixdə saat 20 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs üç il əvvəl həyat yoldaşı X1 əxlaqsız təklif edərək ona sataşmasının səbəbini aydınlaşdırmaq məqsədi ilə mərhum atasından qalmış 1960-cı ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, «163163» №-li, BM modelli, yivsiz, qoşalüləli, atəş açmaq üçün yararlı, saz vəziyyətdə olan odlu ov silahını əlində saxlayıb yaşadıqları evin həyətində darvazanın arxasında dayanıb Zərərçəkmiş şəxs küçə ilə getməsini gözləmiş, Zərərçəkmiş şəxs küçə ilə gedən zaman darvazanın qapısını açmaqla küçəyə çıxaraq onu həyətinə dəvət etmiş, Zərərçəkmiş şəxs onun təklifini qəbul etməyərək hərəkətə davam edən zaman əlində olan silahını Zərərçəkmiş şəxs ayağına doğruldaraq sol ayağından bir dəfə atəş açaraq sol bud sümüyünün aşağı 1/3-nin çox qəlpəli açıq yerdəyişmiş sınığı ilə sol bud nahiyəsinin aşağı 1/3-nin bayır səthində giriş dəliyi, iç səthində isə çıxış dəliyi olan dəlib keçən odlu silah qırma yaralanması ilə müşayiət edilən ağır bədən xəsarəti yetirib zərər çəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Tərtər rayonu, Köçərli kəndində yaşayır. Zərərçəkmiş şəxs onunla həmkəndlidir. 2019-cu il tarixdə Zərərçəkmiş şəxs onun həyat yoldaşına xoşu gəldiyini bildirərək sonuncuya sataşmışdır. Həmin vaxt həyat yoldaşı ona bu barədə məlumat verməmişdir. 2020-ci ilin mart ayında o, həyat yoldaşı Ruhiyyədən Elgünün ona sataşması barədə öyrənmişdir. Bundan sonra həyat yoldaşı Ruhiyyədən rəsmi qaydada boşanmışdır. Həmin vaxtdan Elgünlə aralarında bununla bağlı dəfələrlə münaqişə olmuş və o, iki il ərzində Elgünlə üzbəüz gələrək söhbət etməyə çalışsa da, Elgün onunla qarşılaşıb söhbət etməkdən yayınmışdır. Buna görə də Elgünlə danışmaq üçün sonuncunu güdmüşdür. 2022-ci ilin may ayında atasından yadigar qalmış ov silahı ilə Elgünü danışdırmaq qərarına gəlmişdir. Lakin həmin müddət ərzində gündüz vaxtı Elgünün yanında başqa şəxslər olduğundan, gecələr isə taksi ilə gəlib-getdiyindən onu tək görə bilməmişdir. 20 avqust 2022-ci il tarixdə saat 18 radələrində silahı götürmüş, iki patron yerləşdirmiş və həyətin içərisində darvazanın qarşısında dayanıb Elgünü güdməyə başlamışdır. Həmin gün saat 19 radələrində Elgün onun darvazasının qarşısından keçən zaman silahı darvazanın içərsində gizlədib Elgünə həyətə gəlməsini demişdir. Elgün isə ona “mənim səninlə nə söhbətim var” deyəndə silahı göstərib yenidən ona həyətə gəlməsini bildirmiş, lakin Elgün yenə içəri gəlməyəcəyini bildirərək getməyə başlamışdır. O, silahla Elgünün ayağına doğru atəş açmış və Elgünü yaralamışdır. Həmin vaxt Elgün yerə yıxılmışdır. O, Elgünün yanına yaxınlaşaraq həyətinə girməsini demişdir. Elgün də ona “öldürürsən öldür” demişdir. Həmin vaxt küçə ilə velosipedlə hərəkət edən həmkəndlisi Kənan onları görüb dayandırmış və silahı onun əlindən almağa çalışmışdır. Daha sonra qonşular ətrafa toplaşmışlar. O, silahdan gilizi və digər patronu çıxardıb evə getmiş və Tərtər rayon Polis Şöbəsinə zəng edərək hadisə barədə məlumat vermişdir. O, həmin silahı Elgünü danışdırmaq məqsədi ilə istifadə etmiş və onun Elgünü öldürmək məqsədi olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə həmkəndlidir, həm də onlar uzaq qohumdurlar, belə ki, onların ataları xalaoğludur. Təqsirləndirilən şəxs əvvəllər ondan 600 manat borc pul almışdır. Sonradan o, Tapdıqdan borc verdiyi 600 manat pulu istədiyinə görə Tapdıqla aralarında narazılıq yaranmışdır. Onların arasında bununla bağlı narazılıq yarandığından Təqsirləndirilən şəxs kənddə camaat arasında güya onun Tapdığın həyətinə girməyi və onun arvadına sataşmağı ilə bağlı yalandan sözlər danışmağa başlamışdır. Hadisə baş verməmişdən əvvəl Təqsirləndirilən şəxs onu görərkən demişdir ki, “sən gəlib mənim həyətimə girmisən”, o da demişdir ki, “mən sənin həyətinə girməmişəm”. Təqsirləndirilən şəxs ona demişdir ki, “sənə bir-iki gün vaxt verirəm, get dəqiq fikirləş”. 20 avqust 2022-ci il tarixdə yaşadığı kənddə küçə ilə piyada hərəkətdə Tapdıqgilin evinin qarşısından keçərkən Tapdıq əlində silah həyətlərindən küçəyə çıxmış və silahı ona tərəf tutub “darvazadan içəri daxil ol səninlə işim var” bildirmişdir. O isə içəri girməmişdir. O, getmək istəyəndə Tapdıq silahla onun ayağına atəş açmış, o, xəsarət alıb yerə yıxılmışdır. O, Təqsirləndirilən şəxs şikayətçidir və təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmkəndliləri kimi tanıyır. 20 avqust 2022-ci il tarixdə saat 19 radələrində əkin sahəsini suvarmaq üçün evdən çıxmışdır. Həmin vaxt partlayış səsi eşitmişdir. Kənd yolu ilə hərəkət edərkən Təqsirləndirilən şəxs evinin qarşısında həmkəndlisi Elgünün yerə yıxılmış vəziyyətdə olduğunu, Tapdığın isə əlində ov silahı olduğunu görmüşdür. Onlara yaxınlaşıb velosipeddən enmiş və silahın lüləsindən tutub Tapdığın əlindən silahı almağa çalışmışdır. Zərərçəkmiş şəxs yaralı olduğundan Elgünə köməklik edib kənara aparmışdır. Həmin vaxt kənd sakinləri hadisə yerinə toplaşmış və Elgünü xəstəxanaya aparmışlar. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləridir. 20 avqust 2022-ciil tarixdə saat 19 radələrində ona məxsus “Vaz-2107” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə dayısıgildən evinə ot bağlaması aparan zaman Təqsirləndirilən şəxs evinin qarşısı ilə hərəkət edərkən həmkəndlisi Elgünün yaralı vəziyyətdə yerə yıxıldığını və həmkəndlisi Kənanın isə Tapdığın əlindən odlu silahı almağa çalışdığını görmüşdür. Həmin vaxt qonşuluqda yaşayan Şahid2 da gəldiyini və Kənana göməklik etdiyini görmüşdür. Tapdığın əlində odlu silah olduğunu görüb qorxmuş, avtomobildən enməmiş və yerə yıxılmış vəziyyətdə olan Elgünün yanından keçib evinə getmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Zərərçəkmiş şəxs isə həmkəndlisidir. Onunla əvvəlllər aralarında ədavət və düşmənçiliyi olmasa da, son zamanlar aralarında yaranmış narazılıqlara görə münaqişəli ailə kimi Tərtər rayon Polis Şöbəsində qeydiyyata alınmışlar. O, qardaşı Əli ilə birlikdə Bakı şəhəri Xətai rayonunda kirayədə yaşayıb fəhləliklə məşğul olur. 20 avqust 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhərində olan zaman digər qardaşı Elturan ona zəng edərək atası Tapdığın həmkəndlisi Elgünə tüfənglə atəş açdığını bildirmişdir. O, qardaşından bu barədə haradan məlumat aldığını soruşanda qardaşı ona demişdir ki, atası özü ona zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra qardaşları Əli və Elturanla birlikdə Tərtər rayonu, Köçərli kəndinə gəlmək üçün Bakı şəhərindən yola düşmüşlər. Həmin gün saat 23 radələrində Köçərli kəndinə çatmışlar. Evlərinə çatanda atasının evdə olmadığını görmüşlər. Bundan sonra atasının Tərtər rayon polis şöbəsində olduğunu öyrənmişlər. Sonradan onlara məlum olmuşdur ki, Elgün küçə ilə gedən zaman sonuncu ilə atası söhbət etmək üçün həyətlərinə dəvət etsə də, Elgün həyətə gəlmədiyinə görə atası əlində olan qoşalüləli ov tüfəngi ilə Elgünün ayağından ataraq ona xəsarət yetirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşı olmuşdur. İmanov X4 həm uzaq qohumu, həm də həmkəndlisidir. Onunla əvvəlllər aralarında ədavət və düşmənçiliyi olmamışdır. Lakin son zamanlar aralarında yaranmış narazılıqlara görə münaqişəli ailə kimi Tərtər rayon polis şöbəsində qeydiyyata götürülmüşlər. 2019-cu il tarixdə yaşadıqları küçədən içməli su gətirən zaman Elgün bir neçə dəfə ona əxlaqsız təklif etmişdir. Həmin vaxt Elgünə onun anası yerində olduğunu bildirməklə iradını söyləmişdir. Elgünün bu hərəkətləri barədə oğlanlarına və həyat yoldaşına heç bir söz deməmişdir. Həmin vaxtdan bir müddət keçəndən sonra gecə saatlarında Elgün onun yatdığı otağın pəncərəsi olan yerə gəlib onu səsləmişdir. O isə Elgünə cavab verməmişdir. Bunadan sonra Elgün çıxıb getmişdir. Həmin vaxtdan sonra Elgün bir dəfə də gecə saatlarında həyətlərinə gəlmiş, həmin vaxt gəlini Səmayə həyat yoldaşı Elturanın oluğunu zənn edərək onu çağıranda Elgün heç bir cavab vermədən həyətdən getmişdir. O, ilk vaxtlar bu barədə həyat yoldaşı Tapdığa deməmişdir. Sonradan isə həyat yoldaşı Tapdıq Elgünün hərəkətlərindən şübhələndiyi üçün oğlu Əli ilə birlikdə Elgünü güdmüşlər. Bundan sonra oğlu Əli ilə həyat yoldaşı Tapdıq həyətlərinə gecə saatlarında gələnin Elgün olduğunu görmüşlər. Lakin Elgün qaçdığı üçün onu tuta bilməmişlər. Bu səbəbdən Tapdıqla aralarında narazılıq yaranmış və rəsmi qaydada ayrılmışlar. Bundan sonra Tapdıq Elgünün hərəkətləri barədə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Elgün isə öz hərəkətlərini etiraf etməmişdir. 20 avqust 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhərində olan zaman oğlu Elturan yaşadığı ünvana gəlib atası Tapdığın həmkəndlisi Elgünə tüfənglə atəş açması barədə məlumat vermişdir. O, oğlundan bu barədə haradan məlumat aldığını soruşanda Elturan atasının ona zəng edərək məlumat verdiyini bildirmişdr. Bundan sonra Elturan qardaşları Əli və Yaşarla birlikdə Tərtər rayonu, Köçərli kəndinə getmişlər. Sonradan onlara məlum olmuşdur ki, Elgün küçə ilə gedən zaman Tapdıq onunla söhbət etmək üçün onu həyətə dəvət etmiş, Elgün isə həyətə gəlməkdən imtina etdiyini görə Tapdıq əlində olan qoşalüləli ov tüfəngi ilə Elgünün ayağına atəş açaraq ona xəsarət yetirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Tərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Tərtər rayonu, Köçərli kənd sakinləri kimi tanıyır. Köçərli kəndi onun xidməti ərazisidir. 2020-ci ildən Təqsirləndirilən şəxs və onun ailə üzvləri ilə İmanov X5 rayon Polis Şöbəsində münaqişəli ailə kimi qeydiyyata götürülmüşdür. Onlarla mütəmadi olaraq profilaktiki söhbətlər aparmışdır. 20 avqust 2022-ci il tarixdə saat 19 radələrində polis şöbəsində olan zaman məsul növbətçi Təqsirləndirilən şəxs Köçərli kəndində Zərərçəkmiş şəxs tüfənglə atəş açması barədə məlumat vermişdir. Bundan sonra CAB-nın baş əməliyyat müvəkkili Şahid7 və İTB-nin polis nəfəri Şahid8la birlikdə Köçərli kəndinə getmişlər. Sonra müstəntiq tərəfindən hadisə yeri müayinə edilmiş, hadisə yerinin müayinəsi zamanı Təqsirləndirilən şəxs 1 ədəd silah, 1 ədəd patron və 1 ədəd gilizi təqdim etmişdir. Bu barədə müstəntiq tərəfindən protokol tərtib edilmiş, onlar da protokolu imzalamışlar. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 və Şahid8 eyni məzmunlu ifadələr verərək Şahid6 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs isə həm uzaq qohumu, həm də həmkəndlisidir. 20 avqust 2022-ci il tarixdə saat 19 radələrində anasının dayısı oğlunun yas mərasimində olan zaman qardaşı Elgün mobil telefonuna zəng edərək Tapdığın onu tüfənglə vurduğunu və yaralandığını bildirmişdir. O, yas mərasimindən çıxıb Tapdıqgilin evlərinin qarşısına getmişdir. Həmin vaxt qardaşı Elgünü orada görməyib atası evinə getmişdir. Elgünün atası evində də olmadığını görüb, yenidən Tapdığını evinin qarşısına qayıtmışdır. Darvazanın qarşısında olan zaman Tapdığın əlində silah dayandığını görüb qardaşı Elgünün harada olmasını soruşmuşdur. Sonradan Elgünün qonşuluqda yaşayan Rüfətgilin həyətlərində olduğunu öyrənmiş və onun yanına getmişdir. Həmin vaxt qardaşı Elgünün yerdə uzanmış vəziyyətdə olduğunu, sol ayağının üzərinə dəsmal atılmasını görmüşdür. Bir qədər sonra qonşular Elgünü Bərdə rayon mərkəzi xəstəxanasına aparmışlar. Elgünün xəsarətləri ağır olduğundan onu Bakı şəhərində yerləşən travmotologiya institutuna aparmışlar. Orada qardaşı Elgün 20 gün müalicə aldıqdan sonra evinə qayıtmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləridir. 20 avqust 2022-ci il tarixdə saat 19 radələrində yaşadıqları evin həyətində olan zaman atəş səsi eşidib küçəyə çıxmışdır. Həmin vaxt Elgünün yaralı vəziyyətdə yerə yıxılmasını, Tapdığın isə əlində silah onun yanında dayanıb Elgünlə danışmasını eşitmişdir. O, Tapdığa Elgünə atəş açmamasını bildirib səs-küy salmışdır. Sonra səsə gələn digər qonşular da harayçılıq edərək Tapdığı həyətlərinə aparmışlar. Daha sonra isə Elgünü xəstəxanaya aparmışlar. Bir qədər sonra polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Tərtər rayonu, Köçərli kəndində yaşayır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləridir. Onlarla aralarında ədavət və düşmənçiliyi olmamışdır. 20 avqust 2022-ci il tarixdə saat 19 radələrində evində olan zaman silah və qışqırıq səsi eşidib küçəyə çıxmışdır. Həmin vaxt Elgünün yerə yıxıldığını, həmkəndlisi Kənanın isə Tapdığın əlindən silahı almağa çalışdığını görmüşdür. O, Tapdığa yaxınlaşıb sakitləşdirməyə çalışmış, Elgünə ayağa qalxıb getməsini demiş, lakin Elgün yaralı olduğunu və ayağa qalxa bilmədiyini bildirmişdir. Bundan sonra dərhal Tapdığı evinə aparmış, Kənan isə Elgünə köməklik göstərmişdir. Tapdığın evindən çıxdıqda isə kənd sakinlərinin ətrafa toplaşdığını görmüş, daha sonra isə evinə getmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Tərtər rayon Polis Şöbəsinin məsul növbətçisinin 20 avqust 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2022-ci il tarixdə, saat 19:50-də istifadəsində olmuş telefonla polisə məlumat verərək Tərtər rayonu, Köçərli kəndində tüfənglə həmkəndlisi Zərərçəkmiş şəxs vurmasını və polisin gəlməsini bildirmişdir (iş vərəqə: cild İ, səh. 7). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 20 avqust 2022-ci il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, cinayət hadisəsi Tərtər rayonu, Köçərli kəndi ərazisində Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin qarşısında baş vermiş, Təqsirləndirilən şəxs atəş açdığı yer ilə qan ləkəsinin olduğu yer arasında 6,50 metr məsafənin olduğu müəyyən edilmiş, sonra Təqsirləndirilən şəxs atəş açdığı silahı təqdim etmişdir (iş vərəqə: cild İ, səh. 9-20). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 20 avqust 2022-ci il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxı əynində olmuş cins şalvarı təqdim etmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin göy rəngli cins materialdan hazırlanmış şalvarın üzərində tünd qəhvəyi rəngli qana oxşar ləkələr vardır (iş vərəqə: cild İ, səh. 24-28). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 19 noyabr 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən o, ifadəsində göstərdiyi halları təsdiq edərək əyani şəkildə göstərmişdir (iş vərəqə: cild İ, səh. 205-208). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 21 avqust 2022-ci il tarixli “videogörüntüyə baxış aparılması haqqında” protokoldan görünür ki, həmin video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, 20 avqust 2022-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs küçə ilə piyada hərəkət edərək Təqsirləndirilən şəxs fərdi yaşayış evinin qarşısına çatdıqda sonuncu Zərərçəkmiş şəxsla söhbət etməyə başlamış, lakin Zərərçəkmiş şəxs getmək istədikdə Təqsirləndirilən şəxs darvazadan çıxıb əlindəki odlu silahla atəş açaraq Zərərçəkmiş şəxs yaxınlaşmış və yenə söhbət etməyə başlamış, həmin vaxt velosipedlə hərəkətdə olan bir nəfər şəxs Təqsirləndirilən şəxs yaxınlaşıb sakitləşdirməyə başlamışdır. Sonra ağ rəngli “VAZ 2107” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil yaxınlaşıb Zərərçəkmiş şəxs gördükdə yanından keçərək uzaqlaşmışdır. Bundan sonra isə digər kənd sakinləri də onları sakitləşdirib Təqsirləndirilən şəxs evinə aparmışdır (iş vərəqə: cild İ, səh. 63-64). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 məhkəmə-tibbi ekspertizasının 18 oktyabr 2022-ci il tarixli, 336 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər– sol bud sümüyünün aşağı 1/3-in çoxqəlpəli açıq yerdəyişmiş sınığı ilə sol bud nahiyyəsinin aşağı 1/3-in bayır səthində giriş dəliyi, iç səthində isə çıxış dəliyi olan dəlib keçən odlu silah qırma yaralanması patronu qırma ilə doldurulmuş odlu silahdan açılmış atəş nəticəsində qırmaların təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vrumaya aid edilir (iş vərəqə: cild İ, səh. 182-184). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 20 oktyabr 2022-ci il tarixli, 665/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu, şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə A beta (İİ). İki ədəd plastmass çubuğa sarınmış pambıq, Zərərçəkmiş şəxs məxsus cins şalvar üzərində olan ləkələrdə də A beta (İİ) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri A beta (İİ) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər (iş vərəqə: cild İ, səh. 176-181). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-ballistik və trasoloji ekspertizasının 18 noyabr 2022-ci il tarixli, 3/1475; 3/1476; 3/1477 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd tüfəng, 1960-cı ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, «163163» №-li, BM modeli, yivsiz qoşalüləli odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, üzərində sonradan əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd giliz 16 kalibrli olub həmin kalibrə malik yivsiz ov tüfəngində istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patronun hissəsidir-gilizidir, döyüş sursatı hesab edilmir. Həmin giliz «163163» №-li ov tüfənginin sağ lüləsindən atılmışdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd patron 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfəngləri üçün döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal edilmiş patronlardır, istifadəyə (atəşə) yararlıdır. Həmin patrondan istifadə etməklə, tədqiqata təqdim edilmiş ov tüfəngindən atəş açmaq mümkündür. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus cins şalvarın üzərində rəyin tədqiqi hissəsində qeyd edilən sayda və ölçüdə zədələr vardır. Zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yaranmış barıt hissəciklərin aşkar edilməsinə, qurğuşun metal izinin aşkar edilməməsinə əsasən şalvarın sol ayağının sol (çöl) tərəfində olan zədə giriş, iç tərəfində olan zədə çıxış zədəsi olmaqla ov tüfəngindən açılan bir atəş nəticəsində soldan-sağa doğru istiqamətdə yetirilməyə xarakterikdir. Həmin zədələr təqdim edilmiş ov tüfəngindən açılan atəş nəticəsində yarana bilər. Tədqiqata təqdim edilmiş şalvarın üzərində trasoloji zədə(lər), o cümlədən qarşılıqlı mübarizəyə, dalaşmağa, əlbəyaxa olmağa xarakterik zədələr aşkar edilmədi (iş vərəqə: cild İ, səh. 199-203). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserin 29 sentyabr 2022-ci il tarixli, 600 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətləri dərk edərək onları idarə etmək imkanına malikdir (iş vərəqə: cild İ, səh. 139-140). Cinayət işinin materiallarına əlavə edilmiş Tərtər rayon Polis Şöbəsinin 30 noyabr 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd 1960-cı ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, «163163» №-li, BM modeli, yivsiz qoşalüləli odlu ov tüfəngi Tərtər rayon Polis Şöbəsinin odlu silahların uçot və qeydiyyat kitabında qeydiyyatda yoxdur (iş vərəqə: cild İ, səh. 219). Cinayət işinin materiallarına əlavə edilmiş 20 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh. 42-44). Cinayət işinin materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli 20 avqust 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 83-84). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 sentyabr 2022ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 111). Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan 21 dekabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı götürülmüş və Tərtər rayon Polis Şöbəsində saxlanca təhvil verilmiş 01 ədəd göy rəngli üzərində zədə olan cins şalvar, 01 ədəd 1960-cı ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, «163163» nömrəli, BM modeli, yivsiz qoşalüləli odlu ov tüfəngi, 01 ədəd patron, 01 ədəd giliz, 02 ədəd plastmass çubuğa sarınmış pambıq və cinayət işinin materiallarına əlavə edilmiş, baş vermiş cinayət hadisəsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd disk maddi sübut kimi tanınmışdır, həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərar qərar qəbul edilmişdir (iş vərəqə: cild İ, səh. 236-249). Cinayət işinin materiallarına əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti başçısının Köçərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (iş vərəqə: cild 1, səh. 125) Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayətçidir və ona ağır cəza təyin edilməsini xahiş edir (cinayət işinin materialları). Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, maddi sübutları və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, qeyd edilən sübut növləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir”. Cinayət işinin materiallarına əlavə edilmiş Tərtər rayon Polis Şöbəsinin məsul növbətçisinin 20 avqust 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2022-ci il tarixdə, saat 19:50-də istifadəsində olmuş telefonla polisə məlumat verərək Tərtər rayonu, Köçərli kəndində tüfənglə həmkəndlisi Zərərçəkmiş şəxs vurmasını və polisin gəlməsini bildirmişdir (iş vərəqə: cild İ, səh. 7). Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə əsasən cinayətin odlu silahdan törədilməsini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə eyni zamanda cinayətin odlu silahdan törədilməsini təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alarkən qeyd etməyi zəruri hesab edir ki, həmin cəzanı ağırlaşdıran hal Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktında göstərilməsə də, Cinayət Məcəlləsinin 61-ci maddəsində müəyyən edilmiş cəzanı ağırlaşdıran halların siyahısı qəti olduğundan və məhkəmədə cəzanı ağırlaşdıran halların müəyyən edilməsinin cinayət təqibi orqanının göstəribgöstərməməsi ilə əlaqədar olmadığından məhkəmə həmin halın nəzərə alınmasını zəruri hesab edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 46-cı bəndində qeyd edilir ki, “.... məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər”. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin əməlində cinayətin odlu silahdan törədilməsi ilə bağlı cəzasını ağırlaşdıran hal olduğundan onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin müddəalarına əsasən əgər cəzanı ağırlaşdıran hallar olmadıqda şəxsin barəsində Cinayət Məcəlləsinin həmin maddəsi tətbiq edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun qəsdən ağır cinayət törətməsini nəzərə alaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə və təqsirləndirilən şəxsin barəsində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 20 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 20 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Tərtər Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 20 avqust 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 132-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Tərtər Rayon Polis Şöbəsində saxlanca verilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd göy rəngli üzərində zədə olan cins şalvar sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməli, 2 ədəd plastmass çubuğa sarınmış pambıq məhv edilməli, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş baş vermiş cinayət hadisəsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, hökm qanuni qüvvəyə mindikdən sonra Tərtər rayon Polis Şöbəsində saxlanca təhvil verilmiş 01 ədəd 1960-cı ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, «163163» nömrəli, BM modeli, yivsiz qoşalüləli odlu ov tüfəngi, 01 ədəd patron, 01 ədəd giliz Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfləri – 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş və əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu 20 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Tərtər Rayon Polis Şöbəsində saxlanca verilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd göy rəngli üzərində zədə olan cins şalvar sahibi Zərərçəkmiş şəxs qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin, 2 ədəd plastmass çubuğa sarınmış pambıq məhv edilsin, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş cinayət hadisəsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Eyni zamanda, hökm qanuni qüvvəyə mindikdən sonra Tərtər rayon Polis Şöbəsində saxlanca təhvil verilmiş 01 ədəd 1960-cı ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, «163163» nömrəli, BM modeli, yivsiz qoşalüləli odlu ov tüfəngi, 01 ədəd patron, 01 ədəd giliz məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Abdulla Məmmədov Dadaş İmanov
Məhkəmə qərarları › İş №1(100)-200/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-200/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver