Məhkəmə qərarları › İş №1(100)-204/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-204/2024

26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-204/2024 26.02.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X1 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1977-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Hərbi şəhərcik 83, ev 5, mənzil 19Ada qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,181 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 21 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Gəncə şəhəri Abbas Səhhət adına Xəstəxananın yaxınlığında saxlanılaraq Gəncə şəhər, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü kağız bükümdə, ümumi təmiz çəkisi 0,181 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrar istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”-in İ siyahısına daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,216 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 22 noyabr 2022-ci il tarixdə saat 14 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin Cinayət Axtarış Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, X10 ilə Nizami küçəsinin kəsişməsində saxlanılaraq Gəncə şəhər, Nəriman Nərimanov prospekti 179 ünvanında yerləşən Gəncə şəhər 4-cü Polis Bölməsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kağız parçası bükümündə, ümumi təmiz çəkisi 0,216 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd texniki cəhətdən saz və atəş üçün yararlı, zavod üsulu ilə SSSR-də Tula silah zavodunda 1955-ci ildə istehsal olunmuş 5.6 kalibrli, TOZ-8 modelli odlu yivli ov tüfəngi olub, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuş, lakin sonradan həmin silahın lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və hal-hazırda lüləsinin uzunluğu 258 mm olmaqla, ümumi uzunluğu 540 mm olan öz ilkin təyinatını itirmiş 5.6 mm kalibrli TOZ-8 modelli odlu yivli ov tüfəngi kəsiyini, döyüş ov sursatı hesab olunan döyüş üçün yararlı 5.6 mm kalibrli ov tüfəngi əldə edib daşıyaraq üzərində gəzdirmiş, bu barədə daxil olmuş məlumat əsasında Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 17 iyun 2023-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri, Nizami prospekti ilə Azərbaycan bayrağı küçəsinin kəsişməsində Park Bulvar kompleksinin qarşısında saxlanılaraq Gəncə şəhəri, Nəriman Nərimanov 179 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə gətirilmiş, həmin gün müdafiəçisinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilən zaman təqdim etdiyi 1 ədəd ağ rəngli sellofan içərisində olan qara rəngli parça materialdan olan torbanın içərisindən 1 ədəd lüləsi və qundağı kəsilmiş, üzərində nömrəsi olmayan TOZ-8 modelli tüfəng aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Abbas Səhhət adına Xəstəxananın yaxınlığında olan zaman mülki geyimli polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onu Gəncə şəhər 2-ci Polis Şöbəsinə dəvət etmişlər, o da etiraz etməyərək polis şöbəsinə getmişdir. Şöbədə müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və o, əynində olan cins şalvarın sağ cibindən 1 ədəd ağ rəngli içərisi siqaretlə dolu siqaret qutusunun sellofan üzlüyünün arasında gümüşü rəngli kağız falqasına bükülmüş heroini təqdim etmişdir. Narkotik vasitənin çəkisi təxminən 0,30 qram olmuşdur. O, həmin heroinin özünə məxsus olduğunu, elə həmin gün səhər saatlarında X4 gedən zaman yolun kənarında qutu ilə birlikdə yerdən tapdığını və heç kimə satmadığını bildirmişdir. Şəxsi axtarış zamanı üzərində heroindən başqa 2 ədəd alışqan və dəmir açarlar aşkar olunmuş, həmin əşyalardan başqa isə qanunla qadağan edilən digər hər hansı əşya və ya predmet aşkar olunmamış, alışqan və dəmir açarlar ona qaytarılmışdır. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, X10 ilə Nizami küçəsinin kəsişməsində mülki geyimli polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onu Gəncə şəhər 4-cü Polis Bölməsinə dəvət etmişlər, o da etiraz etməyərək polis bölməsinə getmişdir. Orada müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış keçirilmiş və o, şalvarın cibindən 1 ədəd ağ rəngli kağız bükülüdə olan heroini təqdim etmişdir. Heroin tərəzidə çəkilmiş və ümumi çəkisi 0,42 qram olmuşdur. O, həmin heroinin özünə məxsus olduğunu, Gəncə şəhəri pribor deyilən ərazidə yerdən tapdığını və heç kimə satmadığını bildirmişdir. Heroindən başqa üzərində başqa heç nə aşkar edilməmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, bir neçə ay əvvəl Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən zibillikdən 1 ədəd qundağı və lüləsi kəsilmiş halda olan tüfəng taparaq Gəncə çayının kənarında kolluq olan yerdə gizlətmişdir. xx.xx.2023-cü il tarixdə silaha baxmaq üçün gedəndə üstünün açıldığını görüb yerini dəyişdirmək qərarına gəlmişdir. Buna görə də silahı həmin yerdən götürmüş, silah ağ rəngli sellofan torbanın içində qara rəngli parça torbanın içərisində olmuşdur. Daha sonra o, Gəncə şəhər Park Bulvar adlanan əraziyə tərəf getmişdir. Saat 18 radələrində Park Bulvar kompleksinin qarşısından keçəndə mülki geyimli polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onu Gəncə şəhər 4-cü Polis Bölməsinə dəvət etmişlər. O da etiraz etməyərək polis bölməsinə getmişdir. Orada müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış keçirilmiş və o, əlində olan sellofan torbanın içərisindəki 1 ədəd lüləsi və qundağı kəsilmiş halda tüfəngi təqdim etmişdir. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 10 ilə yaxın narkotik vasitə heroin istifadəçisi olmuş, narkotik vasitəni hər dəfə Gəncə şəhərindən almış, günlük ən çoxu 0.5 qram heroin istifadə etmiş, həmin çəkidə heroini də 15-20 manata almış, narkotik vasitənin satışı ilə məşğul olmamış, öz istifadəsi üçün narkotik vasitə almaq lazım olsa belə narkotik vasitə satmamış, üzərindən aşkar edilmiş narkotik vasitələr ona məxsus olmuşdur. Silahı isə bir neçə ay əvvəl Avtozavod qəsəbəsində zibillikdən tapmış və Gəncə çayının kənarında gizlətmiş, silahı saxlamaqda hər hansı bir məqsədi olmamış, sadəcə başqa yerdə gizlətmək üçün götürdüyü vaxtı onu saxlamışlar, polis tərəfindən saxlanıldığı bütün vaxtlarda ona qarşı hər hansı fiziki yaxud psixi təsir göstərilməmiş, üzərindən aşkar edilmiş narkotik vasitələr və silah ona məxsus olmuşdur. Birinci epizod üzrə narkotik vasitəni tapdıqdan təxminən 30 dəqiqə sonra saxlanıldığı üçün istifadə etmək üçün imkanı olmamışdır. İkinci epizod üzrə xx.xx.2022-ci il tarixdə saxlanılan zaman üzərində şpris də olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Onlar həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs Abbas Səhhət adına Xəstəxananın yaxınlığında saxlayıb Gəncə şəhər BPİ-nin 2-ci Polis Bölməsinə gətirmişlər. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncunun üzərindən 0,3 qram heroin aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu və bu səbəbdən aşkar olunan narkotik vasitəni üzərində gəzdirdiyini bildirmişdir. İfadəsinin davamı olaraq Şahid5 bildirmişdir ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitəni istifadə etməsi ilə bağlı daxil olmuş, şəxsi axtarış zamanı üzərindən 0,3 qram narkotik vasitə aşkar edilmiş və Təqsirləndirilən şəxs narkotik vasitəni özünün istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, sonradan keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması öz təsdiqini tapmamış, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən də Təqsirləndirilən şəxs qarşı fiziki və psixi zorakılığa yol verilməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞnin baş əməliyyat müvəkkili Şahid6 Şahid5 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 4-cü PBnin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 22 noyabr 2022-ci il tarixdə Müşfiq adlı şəxsin üzərində narkotik vasitə gəzdirməsi və qəbul etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında onlar tərəfindən əməliyyat tədbiri keçirilmiş və saat 14 radələrində Müşfiq adlı şəxs saxlanılaraq Gəncə şəhər BPİ-nin 4-cü PB-ya gətirilmişdir. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən bir büküm narkotik vasitə aşkar olunmuşdur. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu, tapdığını və özü qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuş, məzmunu üzərində gəzdirmə və qəbul etmə ilə bağlı olmuş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını müəyyən edə bilməmişlər, şəxsi axtarış zamanı da sonuncunun üzərindən təxminən 0,4 qrama yaxın narkotik vasitə heroin aşkar edilmişdir. Saxlanılan zaman və polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və psixi zorakılıq hallarına yol verilməmişdir. Onlar Təqsirləndirilən şəxs X10 küçəsi ilə Nizami küçəsinin kəsişməsində saxlamışlar. Əməliyyat qrupunda ondan başqa Şahid4 da iştirak etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs narkotiki tapdığını və xəstə olduğu üçün istifadə etdiyini demişdir. Şahid3 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında daxil olmuş əməliyyat məlumatının məzmunu, o cümlədən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması ilə bağlı ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid3 həmin ifadəsində göstərmişdir ki, .......... Onlarda olan əməliyyat məlumatına görə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmuş, lakin sonuncunun satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, satışla bağlı ona məlumat daxil olmamış, məlumat ancaq istifadə və üzərində gəzdirmə ilə bağlı olmuş, istintaq dövründə də keçirilmiş tədbirlər nəticəsində satışla bağlı hər hansı məlumat əldə olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 4-cü PBnin əməliyyat müvəkkili Şahid4 Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 4-cü PBnin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 17 iyun 2023-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında onlar Təqsirləndirilən şəxs Bayraq meydanının yanında, Nizami küçəsində saxlamışlar. Saxlanılan zaman sonuncunun əlində sellofan, sellofanın içərisində isə qundağı kəsik ov silahı olmuşdur. Ona görə də onlar Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin 4-cü PB-ya aparmışlar. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əlindəki ağ rəngli sellofanı təqdim edərək içərisində qundağı kəsik tüfəng olduğunu bildirmişdir. Həmin sellofana baxış zamanı bir ədəd qundağı kəsik ov tüfəngi aşkar olunmuşdur. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuş, məzmunu odlu silahı əldə edib üzərində gəzdirməsi barədə olmuş, onlar Təqsirləndirilən şəxs Bayraq meydanının yanında, QAİ-dən gedən yolda kəsişmədə bulvar tərəfdə saxlamışlar, saxlanılan zaman da əlindəki sellofana baxdıqda içərisində qundağı kəsik ov silahı aşkar etmişlər. Təqsirləndirilən şəxs həmin silahı tapdığını, maraq doğurdu üçün üzərində gəzdirdiyini və aparıb tullamaq istədiyini bildirmişdir. Saxlanılan zaman və polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zorakılıq hallarına yol verilməmişdir. O, ibtidai istintaq zamanı verdiyim ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 4-cü PBnin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2022-ci il tarixli, 16/1213 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd gümüşü kağız bükümdə, təmiz çəkisi 0,181 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr”in 1-ci siyahısının 5-ci bəndinə daxildir. Qeyd: heroinin təmiz çəkisi – 0,181 qr., tədqiqata sərf edildi - 0,05 qr., qalıq - 0,131 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2022-ci il tarixli, 16/1317 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,42 qr çəkidə heroinə bənzər kütlə və bir ədəd şpris.” sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kağız parçası bükümündə təmiz çəkisi 0,216 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin kağız paketdə 1 (bir) ədəd 1 ml-lik şprisin içərisində heroin izləri vardır. Heroin iz şəklində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq və müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr”in 1-ci siyahısının 5-ci bəndinə daxildir. Qeyd: heroinin təmiz çəkisi – 0,216 qr., tədqiqata sərf edildi - 0,05 qr., qalıq - 0,166 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2022-ci il tarixli, 16/1374 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketlərdəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə müxtəlifdirlər. Qeyd: heroinin təmiz çəkisi – 0,131 və 0,166 qr., tədqiqata sərf edildi - 0,04 (hər bir ob. 0,02) qr., qalıq - 0,111 və 0,146 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 1681 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 23/451 nömrəli məhkəmə məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silah ilkin variantda keçmiş SSSRİ dövlətində Tula silah zavodunda 1955-ci ildə istehsal olunmuş 5,6 mm kalibrli TOZ-8 modelli yivli ov tüfəngi olub, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuşdur. Lakin sonradan həmin silahın lüləsi və qundağı kustar üsulla kəsilmiş və hal-hazırda lüləsinin uzunluğu 258 mm, ümumi uzunluğu 540 mm olan öz ilkin təyinatını itirmiş 5,6 mm kalibrli TOZ-8 modelli odlu yivli ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid5 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə və psixotrop maddə qəbul etməsində, əldə edib üzərində gəzdirməsində və saxlamasında şübhəli olması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid5 tərtib etdiyi xx.xx.2022-ci il tarixli “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, mütəmadi olaraq narkotik vasitə və psixotrop maddə qəbul etməsində, əldə edib üzərində gəzdirməsində və saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid5 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportdan görünür ki, mütəmadi olaraq narkotik vasitə və psixotrop maddə qəbul etməsində, əldə edib üzərində gəzdirməsində və saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:10-da Gəncə şəhər Abbas Səhhət adına Xəstəxananın qarşısında saxlanılaraq Gəncə şəhər BPİ-nin 2-ci PŞ-ya gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:40-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli içərisi siqaretlə dolu olan “Argo” markalı siqaret qutusunun sellofan üzlüyünün arasında gümüşü rəngli kağız falqasına bükülmüş narkotik vasitəyə oxşar maddəni çıxardıb təqdim etmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan gödəkçənin sağ yan cibindən 1 ədəd alışqan, sol yan cibindən 1 ədəd alışqan və dəmir açar aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd gümüşü rəngli kağıza bükülmüş ilk görünüşdən narkotik vasitə heroinə oxşar kütlə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 0,30 qram olması müəyyən edilmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin qanunla dövriyyəsi qadağan olunan əşya və predmet aşkar olunmamışdır. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlənin heroin olmasını, həmin bükümü xx.xx.2022-ci il tarixdə saat 17 radələrində evdən çıxıb Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya gedən zaman yolun kənarında siqaret qutusu ilə birlikdə yerdən tapdığını, öz istifadəsi üçün saxladığını, həmin kütlədən heç kimə satmadığını, istifadə etmədiyini və heç kimə vermədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsriləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid3 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Müşfiq adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsində və Gəncə şəhəri ərazisində üzərində saxlamasında şübhəli olması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid3 tərtib etdiyi xx.xx.2022-ci il tarixli “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsində və Gəncə şəhəri ərazisində üzərində saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, zərurət olduqda yaşayış yerinə və ya nəqliyyat vasitəsinə baxış keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid3 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportdan görünür ki, qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsində və Gəncə şəhəri ərazisində üzərində saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:40-da Gəncə şəhəri, X10 küçəsi ilə Nizami küçəsinin kəsişməsində yol kənarında saxlanılaraq Gəncə şəhər BPİ-nin 4-cü PB-ya gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 14:55-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kağıza bükülü və 1 ədəd insulin şprisini çıxardıb təqdim etmiş, daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kağıza bükülmüş ilk görünüşdən narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 0,42 qram olması müəyyən edilmiş və həmin büküm müvafiq qaydada qablaşdırımaqla götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümü xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Nizami prospektinin kəsişməsində olan zaman yolun kənarında küçədən tapdığını, öz istifadəsi üçün üzərində saxladığını, həmin kütlədən heç kimə satmadığını, istifadə etmədiyini və heç kimə vermədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrlə bağlı hər iki epizod üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsriləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Müşfiq adlı şəxsin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, zərurət olduqda yaşayış yerinə və ya nəqliyyat vasitəsinə baxış keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:20-də Gəncə şəhəri, Nizami prospekti ilə Azərbaycan bayrağı küçəsinin kəsişməsində, Park Bulvar kompleksinin qarşısında saxlanılaraq Gəncə şəhər BPİ-nin 4-cü PB-ya gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:50-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zamanı Təqsirləndirilən şəxs 1 ədəd ağ rəngli sellofan torbada saxladığı qundağı kəsilmiş odlu silahı çıxarıb təqdim edir, daha sonra onun üzərində şəxsi axtarış aparılır və həmin silahdan başqa qanunla dövriyyəsi qadağan edilmiş hər hansı qanunsuz əşya aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd odlu silah müvafiq qaydada qablaşdırılmaqla götürülür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs odlu silahı Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən zibillikdən tapdığını, Gəncə şəhər Metallurq stadionunun yaxınlığında isə gizlətdiyini bildirir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 iyun 2023-cü il tarixdən hesablamaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işlərinin birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi sonuncunun barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işlərinin birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli inayət işi Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Cinayət Məcəlləsinin 228.1 və 234.4.2-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 01 ədəd 5,6 mm kalibrli № -si silinmiş TOZ-8 modelli ov tüfənginin kəsiyindən eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “gülləgiliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı, lakin müqayisəli tədqiqat zamanı eynilik aşkar edilmədi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 4-cü PB-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olsa da, narkotik vasitəni satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamış, həmçinin ona odlu silah və narkotik vasitə əldə etməsində köməklik edən şəxslərin olub-olmamasını, rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirakına və istifadəsində mobil telefon nömrəsinin olub-olmamasına dair hər hansı əməliyyat məlumatı daxil olmamış, narkotik vasitəni və odlu silahı əldə etdiyi mənbəni də müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (köhnə redaksiya) 144 maddəsinin 4-cü hissəsi və 207-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 07 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (köhnə redaksiya) 95 və 39-cu maddələri ilə təqsirli bilinərək 15 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qərarı ilə onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 180.2.1 və 120.1-ci maddələrinə tövsif edilərək cəzası 14 ilə endirilmiş, xx.xx.2012-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,111 və 0,146 qram narkotik vasitə olan heroinin, 1 ədəd şprisin və 1 ədəd odlu yivli ov tüfənginin kəsiyinin maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilməsi, eləcə də Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış istintaq hərəkətlərinin videoçəkilişlərini özündə əks etdirən 03 (üç) ədəd “DVD” disklərin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, odlu silahla bağlı Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif olunsa da, narkotik vasitələr ilə bağlı onun əməli düzgün tövsif olunmamış və qeyd edilən ittiham üzrə onun əməli Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, narkotiklə bağlı birinci epizod üzrə iş materiallarında olan Gəncə şəhər BPİnin 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid5 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportda, xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın təsviri-əsaslandırıcı və nəticəvi hissəsində, o cümlədən saxlanması ilə bağlı xx.xx.2022-ci il tarixli raportda Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə və psixotrop maddə qəbul etməsində, əldə edib üzərində gəzdirməsində və saxlamasında şübhəli olması barədə əməliyyat məlumatının daxil olması göstərilmişdir. Həmçinin narkotiklə bağlı ikinci epizod üzrə Gəncə şəhər BPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid3 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportda, xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın təsviriəsaslandırıcı və nəticəvi hissəsində, o cümlədən saxlanması ilə bağlı xx.xx.2022-ci il tarixli raportda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsində və Gəncə şəhəri ərazisində üzərində saxlamasında şübhəli olması barədə əməliyyat məlumatının daxil olması göstərilmişdir. Eyni zamanda hər iki epizod üzrə ayrı-ayrılıqda şübhəli şəxsin tutulması haqqında protokollarda da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olması göstərilmişdir. O cümlədən birinci epizodla bağlı məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid5 və Şahid6 ifadələrində əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi barədə daxil olduğunu, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 0,3 qram narkotik vasitə Təqsirləndirilən şəxs özünün istifadəsi üçün üzərində gəzdirdiyini bildirdiyini, sonradan keçirilmiş əməliyyat tədbirləri nəticəsində də Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə hər hansı bir məlumatın əldə olunmadığını göstərmişlər. Habelə ikinci epizodla bağlı məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid3 və Şahid4 ifadələrində əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində gəzdirməsi və qəbul etməsi ilə bağlı daxil olduğunu, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olmasını müəyyən edə bilmədiklərini, Təqsirləndirilən şəxs narkotiki tapdığını və xəstə olduğu üçün istifadə etdiyini bildirdiyini göstərmişlər. Hətta hər iki epizod üzrə adları yuxarıda qeyd edilən polis əməkdaşları ibtidai istintaq zamanı da şahid qismində dindirilərkən ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini və ya satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığını göstərmişlər. O cümlədən iş materiallarında olan xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubunda da göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olsa da, narkotik vasitəni satdığı şəxslərin dairəsini, həmçinin narkotik vasitəni və odlu silahı əldə etdiyi mənbəni, habelə istifadəsində mobil telefon nömrəsi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun narkotik vasitə olan heroini təkrar satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması göstərilsə də, iş faktiki halları, əsasən də elə ibtidai istintaq orqanının istinad etdiyi əməliyyat tapşırığına cavab məktubu ilə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur, əksinə əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs verilmiş ittihamla ziddiyyət təşkil edən məlumatlar əks olunaraq, onun hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə olan heroini satmasını müəyyən etməyin mümkün olmadığını göstərilmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrlə bağlı hər iki epizod üzrə ibtidai istintaq zamanı həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində verdiyi bütün izahat və ifadələrində üzərindən aşkar olunan narkotik vasitə olan heroinin özünə məxsus olmasını, şəxsi istifadəsi üçün üzərində saxlayaraq gəzdirdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını və hər iki epizod üzrə üzərindən aşkar edilmiş narkotik vasitədən heç kimə satmadığını göstərmişdir. Həmçinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişlərdən də görünür ki, hər iki epizod üzrə ayrı-ayrılıqda qeyd edilən tarixlərdə müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə olan heroini tapdığını, öz istifadəsi üçün üzərində saxladığını, həmin kütlədən heç kimə satmadığını, istifadə etmədiyini və heç kimə vermədiyini bildirmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1681 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən də görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir və narkotik vasitə heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən də görünür ki, narkoloji müayinədən keçirilən zaman Təqsirləndirilən şəxs ekspert komissiyası tərəfindən ona verilmişi suallara cavab olaraq bir ilə yaxındır ki, narkotik vasitə olan heroindən çəkmə yolu ilə istifadə etdiyini göstərmişdir. Bundan əlavə, xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kağıza bükülü və 1 ədəd insulin şprisini çıxardıb təqdim etmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli, 16/1317 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən də görünür ki, kağız paketdə 1 (bir) ədəd 1 mllik şprisin içərisində heroin izləri vardır. Göründüyü kimi istintaq orqanı tərəfindən təkrarən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham versə də, satış məqsədini təsdiqləyən, yəni Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, narkotik vasitənin hazırlanması üçün avadanlığı əldə etməsinə, onun şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Əksinə əməliyyat tapşırığına cavab məktubunda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini həqiqətən hansı mənbədən əldə etməsini, o cümlədən narkotik vasitə olan heroini satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-in 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə bu Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət törətmiş şəxs tərəfindən, həmin əməllərin hər hansı birinin törədilməsi CMin 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikası CM-in 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər təkrar törədildikdə - bu əməl CM-in 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli sayılır. Maddənin dispozisiyasından göründüyü kimi, əməlin CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilməsi üçün ilk əvvəl əməldə CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri mövcud olmalı, daha sonra isə qeyd edilən cinayətlərin hər biri ayrı-ayrılıqda təkrar törədilməlidir. Bununla belə, iş materiallarında olan xx.xx.2023-cü il tarixli “əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi birbaşa həmin Məcəllənin 228.1 və 234.4.2-ci maddələrinə tövsif edilmiş və xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs həmin maddələr ilə yeni məzmunlu ittiham elan edilmişdir. Göründüyü kimi istintaq orqanı hər iki cinayət işi üzrə Təqsirləndirilən şəxs ayrıayrılıqda Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamı dəyişdirərək sonuncuya Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürməli və daha sonra satış məqsədi təsdiq edildiyi halda qeyd edilən iki işi bir icraatda birləşdirərək əməli CM-in 234.2-ci maddəsindən CM-in 234.4.2-ci maddəsinə tövsif etməli olduğu halda, səhvə yol verərək sonuncunun əməlini birbaşa CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.2-ci maddəsinə tövsif etmişdir. Bununla da istintaq orqanı Təqsirləndirilən şəxs əməlinin tövsifi barədə düzgün qənaətə gəlməmişdir. Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.2-ci maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarda olmasını və daxil olmuş əməliyyat məlumatlarını əsas götürmüşdür. Bununla belə, cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Lakin hazırkı cinayət işinin materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Belə olan halda yalnız cinayət işinə əlavə edilmiş məktublara və raportlara istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Avropa Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Beləliklə, aparılmış istintaq nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, təqsirləndirilən şəxsdə sadəcə olaraq narkomaniya xəstəliyinin aşkar edilməsi, o cümlədən aşkar edilmiş narkotik vasitə heroinin çəkisinin şəxsi istehlak miqdarından artıq miqdarda olması əsas götürülərək Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin, o cümlədən odlu silahın qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 nömrəli Qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 5ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışı Qanunun 1.0.10-cu maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 16/1213 nömrəli və xx.xx.2022-ci il tarixli, 16/1317 nömrəli məhkəmə-kimyəvi ekspertizalarının rəylərindən görünür ki, Təqsirləndirilən şəxs hər iki epizod üzrə üzərindən aşkar edilmiş heroinlərin ümumi təmiz çəkiləri ayrı-ayrılıqda 0,181 qram və 0,216 qram olmaqla hər biri şəxsi istehlak miqdarından artıq miqdar təşkil edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi silahın (yivsiz odlu silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, ov tüfənglərinin, o cümlədən yivsiz lüləli ov tüfənglərindən təyinatını itirən kəsilmiş tüfəngin hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası CM-in 228, 229 və 232-ci maddələrinin tərkibini yaradır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 23/451 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş silah yivli ov tüfəngi olub, quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuş, lakin sonradan həmin silahın lüləsi və qundağı kustar üsulla kəsilmiş və hal-hazırda lüləsinin uzunluğu 258 mm, ümumi uzunluğu 540 mm olan öz ilkin təyinatını itirmiş 5,6 mm kalibrli TOZ-8 modelli odlu yivli ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən cinayətlərin təkrar törədilməsini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Məmmədov X2 Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (köhnə redaksiya) 95 və 39-cu maddələri ilə təqsirli bilinərək 15 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qərarı ilə onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 180.2.1 və 120.1-ci maddələrinə tövsif edilərək cəzası 14 ilə endirilmiş, xx.xx.2012ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs əvvəlki cinayət əməlinə görə cəzadan azad edildiyi gündən, yəni xx.xx.2012-ci il tarixdən səkkiz il müddət keçmiş və xx.xx.2020-ci il tarixdə onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənildiyi üçün məhkum olunmamış hesab olunur və onun əməlində cinayətlərin residivi mövcud deyildir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmamasını, cəzasını ağırlaşdıran halın olmasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs birinci epizod üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, ikinci epizod üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni cəmi 04 (dörd) gün həbsdə saxlanılması müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı, üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalı, həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan, yəni 17 iyun 2023-cü tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 240 (iki yüz qırx) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 95 (doxsan beş) manat 20 (iyirmi) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,166 qram və 0,131 qram narkotik vasitə olan heroin və 1 ədəd şpris məhv edilməli, 1 ədəd odlu yivli ov tüfənginin kəsiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış istintaq hərəkətlərinin videoçəkilişlərini özündə əks etdirən 03 (üç) ədəd “DVD” disklərin cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1681 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs birinci epizod üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, ikinci epizod üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 04 (dörd) gün həbsdə saxlanılması müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 17 iyun 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 240 (iki yüz qırx) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 95 (doxsan beş) manat 20 (iyirmi) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,111 və 0,146 qram narkotik vasitə olan heroinlər və 1 ədəd şpris məhv edilsin. Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 1 ədəd odlu yivli ov tüfənginin kəsiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış istintaq hərəkətlərinin videoçəkilişlərini özündə əks etdirən 03 (üç) ədəd “DVD” disklərin cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar