Məhkəmə qərarları › İş №1(100)-205/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-205/2020

24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-205/2020 24.09.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X16 Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Şəki rayon məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə məhkum olunmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə X16 Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, кustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 8,974 qram heroini əldə edib 1 ədəd sellofan bükümdə üzərində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində o, Tərtər şəhəri E.Hüseynov küçəsində saxlanılaraq Tərtər rayon PŞ-nə gətirilib, üzərinə şəxsi axtarış keçirilərkən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 8,974 qram narkotik vasitə olan heroin onun üzərindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yaşamışdır. 10 ilə yaxındır ki, narkotik vasitə istifadəçisidir. 2018-ci ilin təxminən sentyabr ayında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı X5 Penitenisar müəssisəsinə keçirilmiş, orada olan müddətdə böyrəyində ağrılar olduğundan həkim otağına aparılmış və tibbi yardım alan vaxt əvvəllər tanıdığı Natiq Əhmədovu təsadüfən həkim otağında görmüşdür. Həmin vaxt Natiq Əhmədovla söhbət etmişlər. Söhbət zamanı Natiq Əhmədov ona bildirmişdir ki, Şəki şəhərində “Mustafa bəyin yeri” adlanan istirahət mərkəzində yerləşən, əvvəllər at tövləsi olan köhnə tikilinin içərisindəki dəmir axurda sellofan bükümdə narkotik vasitə olan “kakos” gizlətmişdir. Ondan əvvəl cəzaçəkmə yerindən çıxacağı halda həmin sellofan bükümdəki heroini götürməyi təklif etmişdir. 2019-cu ilin oktyabr ayında cəzaçəkmə yerindən çıxdıqdan sonra yaşadığı Şəki şəhərinə gəlmişdir. Həmin vaxt o, Tərtər rayonu Səhləbad kəndində yaşayan tanışı Səxavətin bəraət aldığını eşitmişdir. 2020-ci ilin fevral ayının 2-də o, mərhum Natiq Əhmədovun ona dediyi yerə, yəni Şəki şəhərində yerləşən məzarlığın yaxınlığındakı “Mustafa bəyin yeri” adlanan istirahət mərkəzinə gedib oradakı köhnə tikiliyə daxil olaraq mərhum Natiq Əhmədovun köhnə tikilidə olan axurda gizlətdiyi bir ədəd sellofan bükmüdəki heroini götürərək özündə saxlamışdır. Həmin yerdən çıxaraq Şəki şəhər mərkəzinə gəlib Şəki-Yevlax sərnişin daşıyan mikroavtobusu ilə Yevlax rayonuna gəlmiş, oradan da tanımadığı şəxsə məxsus taksi ilə Tərtər şəhərinə gəlmişdir. Tərtər şəhərində təsadüfən əvvəllər cəzaçəkmə yerindən tanıdığı Pərvizlə rastlaşmışdır. Pərviz nahar etmək üçün onu Tərtər şəhəri E.Hüseynov küçəsində yerləşən kafeyə dəvət etmişdir. Həmin gün saat 13 radələrində kafedə olarkən polis əməkdaşları onlara yaxınlaşıb üzərində narkotik vasitə olmasında şübhəli olduğunu bildirərək onu Tərtər rayon Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində iki nəfər hal şahidinin və müdafiəçi Vahid Quliyevin iştirakı ilə onun üzərinə axtarış keçirilmiş və axtarış zamanı onun əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa ifadəsində göstərmişdir ki, narkoik vasitədən həmin gün təxminən yarım qram qəbul etmiş, üzərindən aşkar edilib götürülmüş 8,974 qram heroini üzərində Tərtər rayonuna gətirməyinin məqsədi isə öz istifadəsi üçün olmuşdur. Həmin narkotik vasitəni kiməsə satmaq, yaxud həmin narkotik vasitədən kiməsə vermək niyyəti olmamış, bununla bağlı heç kimlə sövdələşməmişdir. Uzun müddət narkotik vasitə olan heroindən istifadə etdiyindən həmin narkotik vasitəni yalnız öz istifadəsi üçün üzərində saxladığını, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirərək, əməlini CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci ildən Tərtər rayon PŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi ilə bağlı ona məlumat daxil olmuş, həmin məlumat dərhal raportla rayon PŞ-nin rəhbərliyinə məruzə olunmaqla Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün həmin gün saat 12 radələrində onun rəhbərliyi, Tərtər RPŞ-nin İTB-nin polis nəfərləri Şahid6, X3, X8 iştirakı ilə tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Tərtər şəhəri E.Hüseynov küçəsində tərəflərindən saxlanılaraq rayon PŞ-nə gətirilmişdir. Rayon polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı İsmayıl İsmayılov tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra vəkil Vahid Quliyevin və 2 nəfər hal şahidinin iştirakı ilə İlqarın üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə, sağ yan cibindən üzərində “WEST” sözləri yazılmış siqaret qutusu, əynindəki şalvarın sağ yan cibindən bir ədəd 50 manat, bir ədəd 10 manat, 1 ədəd 5 manat və bir ədəd 1 manatlıq əskinaslar aşkar edilib götürülmüşdür. Həmin aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və bükümlə birlikdə ümümi çəkisi 10,1 qram olmuşdur. Həmin narkotik vasitə heroinə bənzər kütlə ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq möhürlənmiş və bir iştirakçı kimi o tərtib olunmuş protokola imza etmişdir. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülən narkotik vasitənin onun özünə məxsus olduğunu, özü istifadə etmək üçün üstündə saxladığını, həmin narkotiki mərhum tanışı Natiq adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, onlarda Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə deyil, üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı əməliyyat məlumatı olmuşdur. Sonradan keçirilmiş əməliyyat tədbirləri zamanı da Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasına dair hər hansı məlumat əldə edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsi tərəfindən təqdim edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 95 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş və üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş......” sözləri olan kağız paketdəki bir ədəd sellofan bükümdə, təmiz çəkisi 8,974 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tərtər rayon polis şöbəsinin ƏİÜ rəis müavini tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 184- 10114-1220 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Şəki şəhər sakini Təqsirləndirilən şəxs Tərtər şəhəri ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmiş, onun üzərinə şəxsi axtarış keçirilən zaman narkotik vasitə olan heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini haradan əldə etməsi və həmin narkotik vasitəni Tərtər rayonu ərazisində kimə satmasının müəyyən olunması istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. İş materiallarına əlavə edilmiş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 13:15-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli “həbs qətimkan tədbirinin seçilməsinə dair” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar müəssisəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xx/xx-2225 nömrəli məktubdan müəyyən olunmuşdur ki, Şəki şəhər sakini X13 xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, Təqsirləndirilən şəxs isə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Şəki Penitensiar müəssisəsində saxlanılmışdır. X6 Penitensiar müəssisəsində saxlanıldığı müddətdə Təqsirləndirilən şəxs ilə görüşməmişdir. İş materiallarına əlavə edilmiş “ölüm haqqında akt qeydi”nin surətindən görünür ki, X13 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.3, 38 maddələri ilə 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, Apelyasiya məhkəməsinin xx.xx.2000-ci il tarixli qərarı ilə cəzası 10 ilə endirilmiş, Ağstafa rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, Şəki rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şəki rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Resublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, Şəki rayon məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Şəki rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki şəhər “Giləhli” məhəllə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 36 nömrəli arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olsa da başqa rayonda yaşayır. İş materiallarına əlavə edilmiş Şəki şəhər “Giləhli” məhəllə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 35 nömrəli xasiyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində, ünvan 4 ünvanında yaşadığı müddətdə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki rayon Psixatriya xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 326 nömrəli məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Psixatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. İş materiallarına əlavə edilmiş “Şəki rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1410 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən “Opoidlərin epizodik qəbulu” diqanozu ilə “Şəki RMX” publik hüquqi şəxsin Narkologiya kabinetində profilaktik qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 şəxsi tərəfindən təqdim edilmiş təkrar ambulator məcburinarkoloji tibbi yoxlamaya dair xx.xx.2020-ci il tarixli 1849 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən (heroindən) sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Müayinə zamanı abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını, öz vəziyyətinə tənqidi münasibətin formalaşmasını nəzərə alaraq, həmçinin narkomaniya xəstəliyinə xas olan xarakterik klinik təzahürlərin sönməsi ilə əlaqədar, hal hazırda Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Şəki rayon Mərkəzi Xəstəxanasında narkoloji kabinetdə dispanser qeydiyyata alınması məsləhət görülür. Məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə, yəni Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi və saxlaması kimi tövsifi iş üzrə toplanmış sübutlarla təsdiq olunmur və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir, ondan ötrü ki, o, Şəki şəhəri F.X.Xoyski küçəsi ev 9/1-də yaşayıb, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X1 məqsədi ilə qanunsuz olaraq «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ siyahısı ilə müəyyən edilmiş külli miqdarda, кustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 8,974 qram heroini əldə edib 1 ədəd sellofan bükümdə üzərində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində o, Tərtər şəhəri E.Hüseynov küçəsində saxlanılaraq Tərtər rayon PŞ-nə gətirilib, üzərinə şəxsi axtarış keçirilərkən qanunsuz olaraq satış məqsədilə əldə edib saxladığı 8,974 qram olan külli miqdarda narkotik vasitə heroin onun üzərindən aşkar olunaraq götürülmüşdür. İbtidai istintaq orqanı əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs üzərindən külli miqdarda, 8,974 qram çəkidə narkotik vasitə olan heroinin aşkar edilməsini onun həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi və saxlaması kimi qiymətləndirmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. Lakin iş üzrə dindirilmiş Təqsirləndirilən şəxs ifadələrində həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmiş, həmin narkotik vasitəni satmaq niyyətinin olması, olduğu təqdirdə kimə, nə vaxt və harada satacağı, habelə həmin narkotik vasitəni digər şəxsi maraq məqsədi ilə yaymağı ilə bağlı hər hansı xüsusat göstərməmiş, istintaq orqanı tərəfindən də həmin hallar müəyyən edilməmişdir. Həmçinin iş üzrə dindirilmiş şahidlərin ifadələri və digər istintaq materialları ilə də Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsi və saxlaması təsdiq olunmamışdır. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini Tərtər rayonu ərazisində kimə satmasının müəyyən olunması istiqamətində Tərtər rayon polis şöbəsi tərəfindən bir sıra əməliyyataxtarış tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Tərtər rayon polis şöbəsinin X4 baş əməliyyat müvəkkili Şahid1 ifadəsindən müəyyən olunmuşdur ki, polis şöbəsinə Təqsirləndirilən şəxs narkotiklərin satışı ilə deyil, üzərində narkotik vasitə saxlamasına dair əməliyyat məlumatının daxil olmuşdur. Bundan başqa iş materiallarına əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair xx.xx.2020-ci il tarixli 1849 nömrəli rəydən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən (heroindən) suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs üzərindən külli miqdarda, 8,974 qram çəkidə narkotik vasitə olan heroinin aşkar edilməsi, heç də onun tərəfindən həmin narkotik vasitəni satış məqsədilə əldə etməsinə və saxlamasına dəlalət etmir. Belə ki, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satacağı şəxsin, yəni istehlakçının müəyyən edilməməsi, bununla bağlı hər hansı razılaşmanın olmaması, həmin narkotik vasitənin çəkilərək xırda bağlamalara bükülməməsi, Təqsirləndirilən şəxs barəsində polis şöbəsinə daxil olmuş əməliyyat məlumatının narkotiklərin satışı ilə bağlı deyil, üzərində saxlamasına dair olması, onda heroindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyinin aşkar olunması və digər bu kimi hallar onun tərəfindən həmin narkotik vasitəni satış məqsədi olmadan, şəxsi istehlak məqsədi ilə əldə edib saxlamasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli qərarında göstərilir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli qərarında göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarı ilə müəyyən edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Odur ki, qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Bundan başqa ibtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə olan heroini Şəki şəhəri F.X.Xoyski küçəsi ev 9/1-də yaşayıb, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X9 əldə etmişdir. Həmçinin Təqsirləndirilən şəxs verdiyi ifadələrində də narkotik vasitə olan heroini mərhum X9 əldə etdiyini bildirmişdir. Lakin iş materiallarında olan Şəki Penitensiar müəssisəsinin məktubundan müəyyən olunmuşdur ki, Şəki şəhər sakini X13 xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, Təqsirləndirilən şəxs isə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Şəki Penitensiar müəssisəsində saxlanılmışdır. X6 Penitensiar müəssisəsində saxlanıldığı müddətdə Təqsirləndirilən şəxs ilə görüşməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini ifadəsində göstərdiyi şəraitdə, yəni Şəki Penitensiar müəssisəsində saxlanıldıqları vaxt Natiq Əhmədovun ona həmin narkotik vasitəni Şəki şəhərində yerləşən “Mustafa bəyin yeri” adlanan istirahət mərkəzində gizlətdiyi yerdən götürməsini bildirməsinə dair ifadəsi iş materialları ilə təsdiq olunmadığından həqiqi ifadə kimi qəbul olunmamalıdır. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda onun narkotik vasitə olan heroini X9 əldə etməsi öz təsdiqini tapmamışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayətlər kateqoriyasına aid olan əmələ görə bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən hazırkı cinayət əməlini törətmişdir. Onun əməlində cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs CM-in 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirlər, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Tərtər rayon PŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 1 ədəd sellofan bükümdə tədqiqatdan sonra təmiz çəkisi 8,774 qram olan narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Şəki rayon Mərkəzi Xəstəxanasının narkoloji kabinetində dispanser qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Tərtər rayon PŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan 1 ədəd sellofan bükümdə tədqiqatdan sonra təmiz çəkisi 8,774 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs Şəki rayon Mərkəzi Xəstəxanasının narkoloji kabinetində dispanser qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) X16 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar