Məhkəmə qərarları › İş №1(100)-206/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-206/2021

16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-206/2021 16.06.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30.04.2012-ci il tarixli hökmü ilə AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi 5-ci küçədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz ümumi çəkisi 1,597 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib boz rəngli gödəkçəsinin sol iç yan cibində, qara rəngli siqaret falqasına bükülmüş halda Gəncə şəhəri Məhsəti qəsəbəsi, 5-ci küçədə yerləşən fərdi yaşayış evinədək üzərində daşıyaraq saxlamış, 30 yanvar 2021-ci il tarixdə saat 20:30-da Kəpəz RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin ünvanda saxlanılaraq Kəpəz RPİ-nə gətirilmiş, üzərinə baxış keçirilən zaman əynində olan boz rəngli gödəkçəsinin sol iç yan cibindən qara rəngli siqaret falqasına bükülmüş halda 1.597 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan “Heroin”, bundan başqa Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman yataq otağında olan çarpayının üzərindəki döşəyin altından siqaret qutusunun içərisindən 11,108 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan “Heroin”, bundan başqa yataq otağında çarpayının altında boş televizor qutusunun içərisindən 1 ədəd AK-74 Kalaşnikov markalı, üzərində nömrə və buraxılış ili silinmiş atəşə yararlı, odlu silah hesab edilən avtomat, həmin avtomata aid 1 ədəd içərisində 30 ədəd atəşə yararlı 7.62x39 mm kalibirli avtomat patronları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə olan ittihamlar üzrə özünü təqsirli bilməyərək üzərindən və evindən aşkar edilmiş narkotik vasitənin, həmçinin evindən aşkar edilmiş avtomat silahın və silahın üzərində olan patronların ona məxsus olmadığını, həmin predmetlərin polis tərəfindən qoyulduğunu, vəkilin iştirakı olmadan evinə baxış keçirilməklə hüquqlarının pozulduğunu bildirsə də, məhkəmə istintaqının gedişində verilmiş ittihamlarla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30.01.2021-ci il tarixdə saat 20:30 radələrində Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşadığı evin yaxınlığında küçə ilə evə gedərkən üzərində narkotik vasitə olmuşdur. O, narkotik vasitə istifadəçisi olduğu üçün həmin kütləni gələcəkdə istifadə etməyi üçün gödəkçəsinin sol döş iç cibinə qoyub küçə ilə yaşadığı ev tərəfə getmişdir. Evinə gedən zaman 2 nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək onu saxlamış və Kəpəz RPİnə gətirmişlər. Polis idarəsində onun üzərində odlu silah və narkotik vasitə gəzdirməkdə və yaşadığı evdə saxlamaqda şübhəli bilindiyi üçün saxladıqlarını demiş və onu narkotik vasitə və odlu silah gəzdirməkdə şübhəli bilindiyi üçün tutaraq qərarla tanış etmişlər. Bundan sonra müdafiəçi ilə təmin olunmuş və ona video çəklişlə hüquq və vəzifələri izah edilmiş, polis əməkdaşları və vəkilinin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman onun əynindəki boz rəngli gödəkçənin sol yan iç cibindən 1 ədəd qara rəngli siqaret falqasına bükülüdə heroin aşkar olunaraq götürülmüşdür. Bundan sonra yaşadığı evə baxış keçiriləcəyi bildirildiyindən özü könüllü olaraq ərizə ilə Kəpəz RPİ-nin rəhbərliyinə müraciət edib evinə baxış keçirilməsinə heç bir etirazı və narazılığı olmadığını bildirmişdir. Ərizə ilə müraciət etdikdən sonra üzərinə baxışda iştirak etmiş polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə ona məxsus yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsi 5-ci küçədə yerləşən fərdi yaşayış evinin qarşısına gedilərək orada evinə baxış keçirilməsinə başlanılmışdır. Baxış keçirilən zaman o özü evə baxış keçirilməsinə ehtiyac olmadığını, yaşadığı evdə odlu silah və narkotik vasitə saxladığını deyərək evin yataq otağında çarpayının altında boş televizor qutusunda gizlətdiyi 1 ədəd Kalaşnikov AK 74 markalı avtomatı, həmin avtomata məxsus 1 ədəd sandıqçanı, sandıqçanın içərisində olan 30 ədəd avtomat patronlarını, həmin otaqda olan digər çarpayının üzərindəki döşəyin altında siqaret qutusunda gizlətdiyi narkotik vasitə olan herion kütləsini göstərib həmin odlu silahın və narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Evindən aşkar edilmiş narkotik vasitə və Kalaşnikov AK-74 markalı avtomat, həmin avtomata məxsus sandıqca və sandıqçanın içərisində olan 30 ədəd avtomat patronları götürülərək qablaşdırılmış, üzəri iştirakçılar və onun özü tərəfindən imzalanmışdır. Onun yaşadığı evdən və üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini Bakı şəhərində təsadüfən tanış olduğu şəxsdən almış, satmaq fikri olmamış, özü istifadə etmək üçün üzərində saxlamışdır. Yaşadığı evdən aşkar edilmiş 1 ədəd Kalaşnikov AK-74 markalı avtomatı, həmin avtomata məxsus sandıqcanı və sandıqçanın içərisində olan 30 ədəd avtomat patronlarını tutulmamışdan təxminən 2-3 ay əvvəl yaşadığı qəsəbədə yerləşən dəmiryol xəttinin kənarından taparaq yaşadığı evə gətirdiyini bildirmişdir. Bundan başqa narkotik istifadəçisi olduğuna, həmçinin ağrıları olduğuna görə narkotik vasitə saxladığını, törətdiyi əmələ görə peşmançılıq çəkmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-in CAŞ-in baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və narkotik vasitəni üzərində gəzdirməsi, yaşadığı evdə saxlaması, həmçinin narkotik vasitə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və əməliyyat müvəkkili X1 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30.01.2021-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Məhəsəti qəsəbəsi, 5-ci küçədə yerləşən fərdi yaşayış evinə yaxınlaşan zaman saxlanılaraq Kəpəz RPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və narkotik vasitəni üzərində gəzdirməsi, yaşadığı evdə saxlaması, həmçinin narkotik vasitə qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmiş, bundan sonra ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin olunmuşdur. Kəpəz rayon polis idarəsinin inzibati binasında yerləşən xidməti otaqda onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara-boz rəngli gödəkcənin sol yan iç cibinin içərisindən 1 ədəd qara rəngli siqaret falqasına bükülü halda, qara çəhrayı rəngli, kəskin spesifik iyli, ilk baxışdan narkotik vasitə olan “heroin”ə oxşar kütlə aşkar olunmuş və bükümlə birlikdə elektron tərəzidə çəkilmişdir. Kütlənin içərisində olduğu bükümlə birlikdə ümumi çəkisi 1,88 qram olmuşdur. Daha sonra isə narkotik vasitə heroin kağız zərfdə qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar və onun tərəfindən imzalanmış, bu barədə protokol tərtib olunmuşdur. Həmin vaxt video çəkiliş və fotoşəkil çəkilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və odlu silah saxlamaqda şübhəli olduğu üçün onun yaşadığı evə baxış keçirilməsi bildirilmişdir. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq ərizə ilə Kəpəz RPİ-nin rəhbərliyinə müraciət edib evinə baxış keçirilməsinə heç bir etirazı və narazılığı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət etdikdən sonra üzərinə baxışda iştirak etmiş polis əməkdaşlarının və dövlət tərəfindən təyin edilmiş müdafiəçinin iştirakı ilə ona məxsus yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsi 5-ci küçədə yerləşən fərdi yaşayış evinin qarşısına gedilərək orada evinə baxış keçirilməsinə başlanılmışdır. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs özü evə baxış keçirilməsinə ehtiyac olmadığını, yaşadığı evdə odlu silah və narkotik vasitə saxladığını deyərək evin yataq otağında çarpayının altında boş televizor qutusunda gizlətdiyi 1 ədəd Kalaşnikov AK 74 markalı avtomatı, həmin avtomata məxsus 1 ədəd sandıqçanı, sandıqçanın içərisində olan 30 ədəd avtomat patronlarını, həmin otaqda olan digər çarpayının üzərindəki döşəyin altında siqaret qutusunda gizlətdiyi narkotik vasitə olan heroin kütləsini göstərib həmin odlu silahın və narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs evində olan narkotik vasitə elektron tərəzidə çəkilmiş, heroinə oxşar kütlənin çəkisi 11.65 qram olmaqla aşkar olunduğu siqaret qutusu ilə birlikdə zərfdə qablaşdırılaraq üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs evindən aşkar edilmiş Kalaşnikov AK- 74 markalı avtomat, həmin avtomata məxsus sandıqca və sandıqçanın içərisində olan 30 ədəd avtomat patronları götürülərək qablaşdırılmış, üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdən və üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə oxşar kütləni təxminən 2-3 ay bundan əvvəl Bakı şəhərində təsadüfən tanış olduğu adını Eldar kimi təqdim edən şəxsdən aldığını, satmaq fikrində olmadığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Yaşadığı evdən aşkar edilmiş 1 ədəd Kalaşnikov AK-74 markalı avtomatı, həmin avtomata məxsus sandıqcanı və sandıqçanın içərisində olan 30 ədəd avtomat patronlarını təxminən 2-3 ay bundan əvvəl yaşadığı qəsəbədə yerləşən dəmiryol xəttinin kənarında taparaq yaşadığı evə gətirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin Nizami RPİ-nin CAŞ-nın əməkdaşı X4 Şahid1 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş “baxış və götürmə haqqında” 30.01.2021-ci il tarixli protokollardan görünür ki, Gəncə şəhər Kəpəz RPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində təhqiqatçı, polis kapitanı Ceyhun Mustafayev, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Orxan Heydərovun, müdafiəçi X2 iştirakı ilə şübhəli şəxs qismində tutuduqdan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs heç bir əşya təqdim etmədiyi üçün onun üzərinə baxış keçirilir. Üzərinə baxış keçirilən zaman əynində olan boz rəngli gödəkcənin sol iç yan cibindən siqaret falqasına bükülmüş vəziyyətdə olan tünd qara rəngli ilk baxışdan narkotik vasitə “heroin”ə bənzər spesifik iyli kütlə, dərman həbləri, 1 ədəd 50 qəpik pul, 1 ədəd 20 qəpik pul, 1 ədəd üzərinə prima yazılmış siqaret və alışqan aşkar edilmişdir. Həmin şəxsin üzərindən aşkar olunan kütlə siqaret falqası ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 1,88 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə kağız zərfdə qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və Azərbaycan Respublikası DİN-nin 102 saylı möhürü ilə möhürlənmiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin qarşısında baxışın davam etdiyi göstərilmişdir. Baxış başlayan zaman Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və odlu silah saxlamaqda şübhəli olduğu üçün yaşadığı evdə baxışın davam etdirilməsinin zəruriliyi nəzərə çatdırılmışdır. Baxışda yuxarıda qeyd olunan şəxslər iştirak etmişdir. İlk öncə Təqsirləndirilən şəxs yaşadığı evin bayır qapısını açaraq evin həyətinə daxil olmuşdur. Daha sonra onun evinin içərisinə iştirakçıları daxil olmuşdur. Evə daxil olan zaman Təqsirləndirilən şəxs yaşadığı evi axtarmağa ehtiyac olmadığını evdə odlu silah və narkotik vasitə saxladığını bildirmiş və iştirakçıların evin yataq oltağına daxil olmasını bildirmişdir. Evin yataq otağında olan zaman Təqsirləndirilən şəxs yataq otağında sol hissədə yerləşən yatağın altından bir ədəd televizor qutusunun içərisində bükülü vəziyyətdə olan “AK-74” modelli avtomatı, həmin avtomatın komplekt hissələri olan sandıqcanı və 30 ədəd patronları təhvil vermişdir. Həmçinin yataq otağında olan digər yataq dəstinin altında narkotik vasitə olan heroin gizlətdiyini bildirmiş və onu təqdim edir. Həm odlu silah, həm də narkotik vasitə olan heroin müvafiq qaydada qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən təqdim edilmiş materialların məhkəmə ekspertizasına dair 31yanvar 2021-ci il tarixli 16/102 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübut olan heroinə oxşar kütlə...” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 1,597 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 5-ci küçədə yerləşən fərdi yaşayış evinin yataq otağında çarpayının üzərində qoyulmuş döşəyin altından götürülmüş maddi sübut olan heroinə oxşar kütlə...” sözləri yazılmış kağız paketdə, “Prima” adlı siqaret qutusundakı 1 (bir) ədəd sellofan torbacıqda təmiz çəkisi 11,108 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (Qeyd: Heroinin ümumi təmiz çəkisi – 1,597 qr (1-№ ob), 11,108 qr (2-№ ob), tədqiqata cəmi sərf edildi - 0,1 qr (hər ob 0,05qr). qalıq – 1,547 qr, (1 № ob.) 11,058 qr (2 № ob)). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən təqdim edilmiş materialların məhkəmə ekspertizasına dair 15mart 2021-ci il tarixli 16/206 nömrəli rəyindən görünür ki,tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübut olan heroinə oxşar kütlə...” sözləri yazılmış kağız paketdə olan heroin ilə üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 5-ci küçədə yerləşən fərdi yaşayış evinin yataq otağında çarpayının üzərində qoyulmuş döşəyin altından götürülmüş maddi sübut olan heroinə oxşar kütlə...” sözləri yazılmış kağız paketdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən təqdim edilmiş 01 fevral 2021-ci il tarixli 21/82R nömrəli məhkəmə ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş nömrəsi silinmiş silah, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 30 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. (Qeyd:Təqdim edilmiş 30 ədəd 7,62x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəş zamanı istifadə olundu). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən təqdim edilmiş 03 fevral 2021-ci il tarixli 011- 1021-1221 nömrəli məktubdan görünür ki, 5,45 mm kalibrli №-si silinmiş AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri İdarənin “Güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanseri tərəfindən verilmiş 27 fevral 2021-ci il tarixli 185 nömrəli ambulator məcburi narkoloji-tibbi yoxlamaya dair rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarına əlavə edilmiş 30 yanvar 2021-ci il tarixli “şübhəli şəxsi tutma” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:15-də AzərbaycanRespublikası CM-in 234.1 və 228.1-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 30 yanvar 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən verilmiş 03.03.2021-ci il tarixli 122-9597-1221 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini həqiqətən Bakı şəhərində tanış olduğu Eldar adlı şəxsdən alması, Eldar adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə satması barədə əməliyyat məlumatı olmasına baxmayaraq üzərində daşıdığı və yaşadığı evdə gizlətdiyi narkotik vasitə olan heroini kimlərə və harada satmasını, qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən digər yerlərdə gizlədərək saxlaması, həmçinin onun rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Yaşadığı evdən 5,45 mm kalibrli AK-74 modelli avtomatı haradan əldə etməsi, həmin odlu silahı əldə etməsində ona köməklik edən şəxslərin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin qeyd olunan vaxtlarda Təqsirləndirilən şəxs istifadəsində hər hansı mobil operatoraməxsus mobil nömrənin olması müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş Kəpəz Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərarından görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon İdarəsinin CAŞ-ın əməliyyat müvəkkili polis mayoruŞahid1 “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 30 yanvar 2021-ci il tarixli qərarıTəqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə dair hissədə qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30.04.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 21.09.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 20 fevral 2021-ci il tarixli 798 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “opioidlərdən asılılıq” diaqnozu Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 aprel 2012-ci il tarixli 1(088)-86/2012 nömrəli hökmünün surətindən görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarında göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-nin 228.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilir. Belə ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30.04.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 21.09.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Həmin məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi 30.04.2012-ci il tarixli hökmlə Təqsirləndirilən şəxs ağır cinayətlər təsnifatına aid olan əmələ görə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən ağır cinayətlər təsnifatına aid olan hazırkı cinayət əməlini törətmişdir. Onun əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs CM-in 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulduğundan, Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından aşkar edilərək götürülmüş bir ədəd 5,45 mm kalibrli olmaqla, AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomat, həmin avtomata məxsus bir ədəd daraq və eksperimental atəş zamanı istifadə edildikdən sonra qalmış 7,62x39 mm kalibrli 27 (iyirmi yeddi) ədəd patronlar dövlət nəfinə müsadirə olunaraq DİN-nin silah-sursat anbarına təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 1,547 qram, yaşadığı evin yataq otağından aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 11,058 qram olan heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evinə baxış zamanı aparılmış video çəkilişi əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 64,80 manat (altmış dörd manat səksən qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilməklə, narkolоji kabinetdə qeydiyyаtа аlınmаlıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 30 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulduğundan, Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından aşkar edilərək götürülmüş bir ədəd 5,45 mm kalibrli olmaqla, AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomat, həmin avtomata məxsus bir ədəd daraq və eksperimental atəş zamanı istifadə edildikdən sonra qalmış 7,62x39 mm kalibrli 27 (iyirmi yeddi) ədəd patronlar dövlət nəfinə müsadirə olunaraq DİN-nin silah-sursat anbarına təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 1,547 qram, yaşadığı evin yataq otağından aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 11,058 qram olan heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evinə baxış zamanı aparılmış video çəkilişi əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 64,80 manat (altmış dörd manat səksən qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilsin və narkolоji kabinetdə qeydiyyаtа аlınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar