Məhkəmə qərarları › İş №1(100)-207/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-207/2025

05.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-207/2025 05.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi: hakimlər Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən) Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri X1 və X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1998-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)-36/2024 saylı hökmü ilə 2 (iki) il, 7 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hazırda çəza çəkən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib eyni məqsədlə üzərində saxlayaraq daşımış və Gəncə şəhəri BPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü ildə saat 21 radələrində Gəncə şəhəri, Muxtar Hacıyev küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Gəncə şəhəri, BPİ-nin 4-cü Polis Bölməsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan qara rəngli cins şalvarın yan cibindən 2 (iki) ədəd iç-içə şəffaf sellofan bükümdə külli miqdarda, yəni təmiz çəkisi 2,340 qram olan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib göstərmişdir ki, narkotik vasitə istifadəçisi olsa da, hazırki iş üzrə narkotik vasitənin ona heçbir aidiyyəti yoxdur. Hadisə günü qonşuluqda yaşayan Murad adlı şəxsə elektrik işində köməklik etmiş, işığın yanması üçün həyətə çıxıb kabeli sayğaca bağlamışdır. Birdən yanında maşın dayanmış, maşından düşən şəxslər adını soruşub, onlarla getməli olduğunu demiş, maşınlara əyləşib onlarla birlikdə Gəncə şəhər Baş Polis idarəsinə getmişlər. Polis İdarəsində onu otağa salıb narkotik vasitə verib onu qəbul etməyi demiş, ancaq onlarla razılaşmamışdır. Ona fiziki təsir göstərməyə başlamış, sonradan əməliyyatçılardan biri gəlib rəislə danışdığını və onu narkotik vasitə istifadəçisi kimi aformit (qeyd) edəcəklərini, 2 gün KPZ-də (müvəqqəti saxlama yerində) qalacağını sonra isə buraxacaqlarını dedikləri üçün onlarla razılaşmışdır. Lakin sonradan aldadıldığını başa düşmüşdür. Saxlanılan vaxt bədənində xəsarətləri olmuş, təcridxanaya girərkən ekspert gəlib adını soruşub çıxıb getmiş, başqa heçnə etməmiş, ayağında xəsarət izləri olsa da ekspert ayağına baxmamışdır. Məhkəmədə verilmiş suallara cavab olaraq göstərdi ki, polis şöbəsində narkotik vasitənin ona məxsus olmamasını desə də, şikayəti əsasında aparılan araşdırmanın nəticəsini bilməmişdir. Əvvəl etdiyi cinayət əməllərinə görə məhkum olunmuş və narkotik vasitədən qurtulmağa çalışır. Məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmədən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində isə, Təqsirləndirilən şəxs göstərmişdir ki, tikintilərdə fərdi elektrik olaraq işləmiş, son dövrlər narkotik vasitələrdən damara vurma yolu ilə (inyeksiya edərək) istifadə etmişdir. Saxlanıldığı gün qonşuya iş görməyə gedəndə yolda bükülü diqqətini çəkmiş, götürüb üzərində şəxsi istifadə üçün saxlamışdır. Lakin bükülünü götürdükdən qısa müddət sonra yaşadığı küçədə olarkən ona 2 nəfər mülki geyimli polis əməkdaşı yaxınlaşıb narkotik vasitə istifadəsində şübhəli olduğunu deyib Gəncə Şəhər BPİ-nin 4-cü Polis Bölməsinə aparmışlar. Orada şübhəli kimi tutulmuş, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə üzərində saxladığı qadağan olunmuş əşya varsa verməsi təklif edildikdə əynində olan qara rəngli şalvarın sağ yan cibində olan tapdığı şəffaf sellofan bükülünü təqdim etmiş, həmin büküm çəkilmiş, qablaşdırılmış özü və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu sual zamanı narkotik vasitəni yaşadığı ünvanın yaxınığından tapdığını bildirmişdir.... Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Vidadi oğlu göstərmişdir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında sahə polis rəisi Şahid2 iştirakı ilə təqsirləndirilən şəxsi yaşadığı evin yaxınlığında saxlayıb Gəncə Şəhər BPİ-nin 4-cü Polis Bölməsinə gətirmişlər. Orada vəkil çağırılmış, özü üzərində olan narkotik vasitəni təqdim edib yerdən tapdığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq göstərdi ki,Təqsirləndirilən şəxs qarşı hansısa zorakılıq edilməmişdir. Əməliyyat məlumatı ona daxil olmuş, və narkotik vasitələrin istifadəsi ilə bağlı olmuşdur. İntiqam şöbəyə xidməti avtomobillə gətirilmiş, təqsirləndirilən şəxsə qarşı hansısa zorakılıq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da eyniməzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak edərək onu Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə gətirmiş, orada üzərinə şəxsi axtarış keçirilmiş, şəxsə qarşı hansısa fiziki zorakılıq hallarının şahidi olmamışdır. X5 yaşadığı yerin sahə rəisi olduğu üçün həmin əməliyyat axtarış tədbirinə də iştirakçı kimi rəhbərliyin əmri ilə daxil edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə əldə edib istifadə etməsi və üzərində saxlaması barədə Gəncə şəhər 4-cü Polis Bölməsinə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 21 radələrində M.Muxtarov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ 4-cü Polis Bölməsinə gətirilmişdir. İş materiallarına əlavə edilən və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və əlavəsi olan DVD diskdən görünür ki, videçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan kəsiyi bükümdə çıxarıb təqdim etmiş, şifahi sorğu sual zamanı həmin bükümü yaşadığı evin yaxınlığından tapdığını və istifadə üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 16/346 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs...” yazı və imzalar olan kağız paketdəki 2 (iki) ədəd iç-içə şəffaf polietilen kəsiyi bükümdəki təmiz çəkisi 2,340 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab olaraq Gəncə Şəhər BPİ 4-cü Polis Bölməsindən verilmiş xx.xx.2023-cü il tarixli, 3- 13-57-4/2-9212/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni hansı mənbədən nə vaxt əldə etməsini narkotik vasitəni kimə satıbsatmamasını müəyyən etmək digər cinayətlərdə iştirakı müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin mənbəsi ilə bağlı CM-nin 234.4.3-cü maddəsi ilə digər cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şəxsin istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə ilə aparılmış danışıq və smslərdə iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 21:25-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə Şəhər Məhkəməsinin 4(125)-452/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Gəncə şəhər Məhkəməsinin 1 (125)-36/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, X2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 1772.3 və 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 1772.3-ci maddələri ilə 2 (iki) il 3 (üç) ay, CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 2 (iki) il 7 (yeddi) ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 6 (altı)ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında götürülmüş və tərəflərin iştirakı ilə tədqiq edilmiş telefon anten dairələrinə dair CD diskdən məlumatdan görünür ki, əməliyyat tədbirindən iştirak edən hər iki polis əməkdaşı Şahid2 və Şahid1 Vidadi oğlunun istifadəsində olan mobil nömrələr şəxsin saxlanıldığı xx.xx.2023-cü ildə saat 18-21:30 radələrində Gəncə şəhərində eyni anten dairələrində olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əlavə dindirməsi zamanı göstərdiyi ona qarşı saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən zorakılıq edilərək üzərinə qanunsuz olaraq narkotik vasitə qoyulması ilə bağlı aparılmış araşdırma zamanı qanunsuz hərəkətlərə məruz qalması barədə ifadəsində göstərdiyi xüsusatlar təsdiqini tapmadığından xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Gəncə şəhər psixonevroloji dispanserdən verilən 2698 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər narkoloji Dispenserdən verilən xx.xx.2023-cü il tarixli 1882 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə “opioidlərdən asılılıq” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli, 1550 №li rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən sui-istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(125)-557/2023 saylı qərardan görünür ki, Gəncə şəhər 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 xx.xx.2023-cü il tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarın yoxlanılması əməliyyat axtarış tədbiri keçirilmədiyi və şəxsin üzərinə axtarış keçirilməsi istintaq hərəkəti olduğu üçün imtina edilmiş, qərar və ona əlavə edilmiş sənədlər isə geri qaytarılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr......dir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması.... - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə, təqsirləndirilən şəxs İnitqam Bağırzadənin məhkəmə baxışında göstərdiyi saxlanılıb Gəncə Şəhər BPİ-nin 4-cü Polis Bölməsinə gətirildikdən sonra ona qanunsuz olaraq narkotik olan büküm verilib götürməsini tələb etmələri, etiraz etdiyi üçün fiziki zorakılığa məruz qalması, sonradan isə aldadılıb Cinayət Məcəlləsinin 234.1-ci maddə ilə rəsmiləşdiriləcəyini və 2 gün MSY-də qaldıqdan sonra azad ediləcəyinə görə polislərlə razılaşmasını bildirməsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələri həmin hissədə digər sübutlarla təsdiqini tapmadığı, özünümüdafiə xarakteri daşıdığı və işin faktiki halları ilə inkar edildiyi üçün qəbul edilmir. Məhkəmə qeyd edir ki, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə, eləcə də hədə-qorxuya məruz qalan, yaxud qalması ehtimal edilən (iddia edən) şəxsin videoçəkiliş vasitəsilə həyata keçirilən istənilən əməliyyat-axtarış və istintaq hərəkəti zamanı özünü müdafiə etmək və iddia etdiyi qanunsuzluqlara məruz qalmasını bildirmək imkanları daha əlçatan və kənar müşahidəçinin nəzərində obyektiv və inandırıcı olur. Belə ki, bir tərəfdən videoçəkilişlərin fasiləsizliyi və obyektivliyi, digər tərəfdən isə vəkilin (müdafiəçisinin) həmin proseslərdə iştirakı, şübhəli yaxud təqsirləndirilən şəxsə edilmiş, qəbul edilən və ediləcək qərarlara, aparılan hərəkət(lər)ə öz etirazını bildirməyə və həmin halların çəkiliş zamanı (edilməsinə) qeydiyyata alınmasını tələb etməyə kifayət qədər imkan yaradır. Həmçinin şəxsin məhkəmə baxışında təqsirsizliyinə dəlil olaraq göstərdiyi hallar yəni polis tərəfindən edilməsini iddia etdiyi qanunsuzluqlarla bağlı Gəncə şəhər prokurorluğunda müvafiq material üzrə qeyd etdiyi xüsusatlar araşdırılmış, cinayət işinin başlanması rədd edilmiş, həmin qərardan müdafiəçisi yaxud özü tərəfindən nə yuxarı prokuror, nə də məhkəmə nəzarəti həyata keçirən məhkəməyə şikayət verilməmiş, həmin qərar mübahisələndirilməmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması sübuta yetirilmişdir və onun əməlində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar olaraq nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal(lar) müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq külli miqdarda miqdarda əldə etmə, saxlama.... daşımaya görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin növü və miqdarı, şəxsin cinayətlərin residivini yaratmasa da əvvəllər də eynixarakterli əməl törətməsi törədilmiş əməlin xarakteri və ictimai təhlükəliliyi, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş qanunvericiliyin müəyyən etdiyi ən aşağı hədd cəza təyinini qeyri-mümkün edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən...ilk dəfə törədilmiş ağır cinayətə görə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həmin müddətə aiddir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2.-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Odur ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli müalicə tədbirləri tətbiq edilməli, ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Gəncə Şəhər BPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,290 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməli, şəxsi axtarış istintaq hərəkətinin görüntüləri olan 1 ədəd DVD, telefon danışıqları və anten dairələrinə dair məlumatlar olan 3 ədəd CD disk olmaqla ümumilikdə 4 ədəd disk isə cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci – 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Gəncə şəhər Məhkəməsinin 1(125)-36/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 7(yeddi) ay azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən digər cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki ) gün hazırki hökmlə təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu xx.xx.2023cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsindən çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli müalicə tədbirlər təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,290 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilsin şəxsi axtarış istintaq hərəkətinin görüntüləri olan 1 ədəd DVD, telefon danışıqları və anten dairələrinə dair məlumatlar olan 3 ədəd CD disk olmaqla ümumilikdə 4 ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci – 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar