Məhkəmə qərarları › İş №1(100)-210/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-210/2024

24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-210/2024 24.05.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər X3 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və Bəylərov Elşad oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2005-ci il tarixdə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonunun Qullar kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Bərdə rayonunun Alaçadırlı kəndində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 04 iyun 2023-cü il tarixdə saat 00:15 radələrində anası Şahid1 mobil telefonuna əvvəlcədən tətbiq etdiyi zəng danışıqlarının səs yazma proqramı vasitəsilə anası Şahid1 Bərdə rayonunun Kələntərli qəsəbəsinin sakini Zərərçəkmiş şəxs ilə yaxın müddət ərzində olmuş telefon zəng danışıqlarını dinləyib Zərərçəkmiş şəxs anasına sevgi təklifləri etməsini biləndən sonra Zərərçəkmiş şəxs yaşadığı Bərdə rayonunun Kələntərli qəsəbəsində yerləşən yaşayış evinin qarşısına gəlib sonuncunu çölə çağıraraq evin yol tərəf giriş qapısının yaxınlığında qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı özü ilə gətirdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyyəsinə üç dəfə zərbə endirərək Zərərçəkmiş şəxs sağlamlığına, qarının sol yan divarından daxilə keçməyən bir ədəd kəsilmiş-deşilmiş yara ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər, nazik bağırsağın yaralanması ilə müşayiət olunan qarının ön divarından daxilə keçən və qarının sağ yan divarından daxilə keçən iki ədəd, hər biri ayrı-ayrılıqda insan həyatı üçün təhlükəli olan qəsdən digər şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bərdə rayonunun Alaçadırlı kəndində anası Tahirə ilə birlikdə yaşayır. Atası Seymurla anası Tahirə o, uşaq vaxtı olanda boşanmış, anası Tahirə peraşki bişirib satmaqla onu böyütmüşdür. Ailəsinin dolanışığına dəstək olmaq üçün özü də Bərdə rayonunun Lək kəndində usta yanında köməkçi işləyir. 2023-cü ilin iyun ayında anası Tahirənin telefonuna tanımadığı nömrədən zəng gəlmişdir. Anası Tahirə telefonu ona vermişdir ki, həmin şəxslə danışsın. Zəng edən şəxslə danışmış, həmin adam nömrəni səhv yığdığını bildirmişdir. O, zəng edən şəxsin danışığından şübhələnmiş və anasının telefonunda ayarlara girərək, səs yazmanı aktiv etmişdir. O, həmin telefonu götürüb, ayaqyoluna düşmüşdür. Telefonda “dosya”lar hissəsinə girərək səslərə qulaq asmışdır. Səslərdə bir nəfər şəxsin anasına “haycan ürəyim, nə vaxt görüşək” kimi ifadələr işlətdiyini eşitmişdir. Həmin şəxsin avtomaşın ustası Rövşən adlı şəxsin olduğunu bilmişdir. Bundan sonra həyacanlanıb gəlmiş yaşadığı evə gəlmiş, həmin vaxt anası yatmış olmuş, onu oyandırıb Rövşənlə münasibəti barədə soruşmuşdur. Anası onu sakitləşdirməyə çalışmış və etiraf etmişdir ki, Rövşən ailəsi ola-ola ona sevgi təklifləri edir, onu görüşə çağıır. O Rövşənin bu hərəkətlərinə çox əsəbiləşmiş, sonuncunun bu əxlaqsız hərəkəti onun heysiyyatına toxunmuşdur. Anasının əzabla, dözülməz çətinliklərlə onu təkbaşına böyütməsi gözünün qarşısına gəlmiş və bu hadisədən olduqca təsirlənmişdir. Mətbəxə daxil olaraq, özü ilə bıçaq götürmüş və Rövşəngilin evinə getmək üçün evdən çıxmışdır. Rövşənin nömrəsinə zəng etməyə mobil telefonunda kontur olmadığı üçün qonşusu Amidin evinə getmişdir. Ona heç bir şey demədən telefonunu istəmiş və Rövşənə aid olan nömrəni yığmışdır. Lakin, həmin nömrəni başqa adam açmışdır.Bundan sonra Rövşəngilin evinə tərəf getmiş, Rövşəngilin çöl qapısını döymüşdür. Tanımadığı bir nəfər qapını açmış, o, Rövşənin evdə olub-olmamasını soruşmuşdur. Həmin şəxs Rövşənin evdə olduğunu bildirmişdir. 3-4 dəqiqə sonra Rövşən çölə çıxmışdır. O, Rövşənə demişdir ki, “Rövşən əmi sən anamla hansı formada danışmısan?”. Sənin səs yazılarını eşitmişəm. Rövşən özünü itirmiş və anası ilə danışmadığını bildirmişdir. Bu zaman o əsəbiləşmiş və nalayiq ifadələr işlətmişdir ki, “sən yalan danışırsan”. Rövşən onu söyüşlə danışmağına görə darvazalarının yanına çəkmişdir. Orada onunla mübahisə etmişdir. Mübahisə edən zaman əsəbinə hakim ola bilməyərək, özü ilə götürdüyü bıçağı çıxarıb ona 3 dəfə bıçaq zərbəsi vurmuşdur. İlk bıçaq zərbəsi yarıya qədər keçmiş, İkinci və üçüncü zərbələr isə Rövşənə demək olar ki, xəsarət yetirməmişdir. Rövşəni bıçaqladıqdan sonra sonuncu yıxılmamış, özü yeriyərək yaşadığı evə getmişdir. O, da evinə tərəf qayıtmışdır. Sonra özü AR DİN-nin 102 xidmətinə zəng edərək, Rövşən adlı şəxsi bıçaqladığını bildirmişdir. Özü könüllü olaraq cinayətin aləti olan bıçağı da götürüb Bərdə RPŞ-ə getmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, bıçaqladığı şəxs Zərərçəkmiş şəxs Məhərrəm oğludur, onu rayonda hamı Rövşən kimi çağırmış, o da zərərçəkmişi Rövşən kimi tanımışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, evlərini tikməyə daş lazım olduğu üçün Rövşən onların evinə daş gətirmiş, Rövşənlə əlaqələri də bundan sonra yaranmışdır. Hadisədən sonra əməlindən peşman olmuşdur, zərərçəkmişlə barışmış, ondan üzr istəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bərdə rayonunun, Kələntərli qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxsanın anası Şahid1 tanımış, onunla qonşuluq münasibəti olmuşdur. Onlara evlərini tikmək üçün daş lazım olmuş o da daş almaqlarına köməklik göstərmişdir. Şahid1 ilə heç bir münasibətləri olmamışdır. Təqsirləndirilən şəxslə də qonşuluq münasibəti olmuşdur. Arabir Təqsirləndirilən şəxs onlara qonaq gəlmiş, birlikdə çay içmişlər. Onların münasibəti daim yaxşı olmuşdur. 04 iyun 2023-cü il tarixdə o, evdə yatmış, ona evdən demişlər ki, “səni çağıran var”. O, darvazanın ağzına çıxmış və Teymur adı ilə tanıdığı Təqsirləndirilən şəxs orada görmüşdür. Sonra o, Həsəni darvazanın qırağına çəkmişdir. Həsən ona: “Bacı dediyin adama sən xəyanət edirsən?!” ifadəsini bildirmişdir. Bunu deyəndən sonra ona 3 ədəd bıçaq zərbəsi vurmuşdur. Xəsarət alandan sonra evə daxil olmuşdur. Övladları onu yaralı görüb xəstəxanaya aparmışlar. O, evlərinin tikilibtikilməməsi ilə bağlı Şahid1 maraqlanmış başqa heç bir əlaqəsi olmamışdır. O, Şahid1 “canım”, “ürəyim”, “səni saxlayım” kimi ifadələr işlətməsini xatırlamır, lakin sözügedən ifadələri dediyini ehtimal edir. Məhkəmənin diqqətinə çatdırır ki, Həsənlə barışmışdır. Həsənin yetkinlik yaşına çatmyan şəxs olduğu üçün, baş vermiş hadisədən təsirlənmiş və sözügedən əməli törətmişdir. Onun Məhkəmə tərəfindən bağışlanmasını hakimlər heyətindən xahiş edir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda oğlu ilə ikisi yaşayırlar. 13 il əvvəl ərindən boşanmış. Həmin vaxtdan hazırki vaxtadək bazarlarda peraşki sataraq oğlu Həsəni təkbaşına böyütmüşdür Bu səbəbdən oğlu ilə aralarında olduqca ciddi psixoloji bağlılıq yaranmışdır. Hadisədən bir neçə il əvvəl evinin təmiri üçün ona mişar daşı (kubik) lazım olmuş, bu məsələsini Rövşən eşitmiş və onun yaşadığı evə mişar daşı gətirmişdir. Bir müddət sonra Rövşən ona zəng etmiş, evi tikib-tikmədiyini soruşmuş, o, da Rövşənə: “hə” cavabı demişdir. Hadisə baş verməmişdən bir neçə ay əvvəl Rövşən ona zəng edərək “səni saxlamaq istəyirəm” ifadəsini bildirmişdir. O Rövşənə evli-başlı adam olduğunu, nəvə-nəticəsinin olmasını bildirib sonuncunun bu əxlaqsız təklifini rədd etmişdir. xx.xx.2023-cü il tarixdə axşam vaxtı Həsən onu qəfil yuxudan oyatmış və bildirmişdir ki, “sənin Rövşənlə əlaqən var”. O bu məsələni təkzib etmiş, belə olan halda oğlu telefonda ona nəsə göstərmək istəmiş, lakin o baxmadan telefonu götürmüşdür. Həsən bıçağı evdən götürüb çıxmış, təxminən 10 dəqiqə sonra qayıtmış və Rövşəni bıçaqladığını bildirmişdir. Həsənin əlinin üzərində qan ləkələri olmuşdur. Daha sonra Həsən DİN-in 102 xidmətinə zəng etmiş, təqsirini boynuna alıb könüllü polisə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bərdə rayonunun Alaçadırlı kəndində yaşayır, Təqsirləndirilən şəxs uşaqlıq vaxtından bəri tanıyr. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Təqsirləndirilən şəxs onun evinə gəlmiş və telefon lazım olduğunu bildirmişdir. O, Həsənə telefonunu vermiş və Həsən telefonla kiminləsə danışmış və telefonu ona qaytarmışdır. Təxminən gecə saatlarında yaşadığı küçədə Həsənin səsini eşitmiş və Həsəngilə keçmişdir. Daha sonra polislər gəlmiş, və bundan sonra Həsənin Cəmili bıçaqladığı ona məlum olmuşdur. Həmçinin Şahid2 bildirmişdir ki, hadisə gecə saatlarında baş vermiş, baş verməsinin səbəbini tam dəqiq bilməmiş, hadisə barədə sonradan məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 ifadəsində göstərmişdir ki, Bərdə rayonunun Kələntərli qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qayınatasıdır. Xatırlmadığı tarixdə saat 00:00-01:00 radələrində yaşadığı evdə qəfildən səs eşitmiş və evin həyətinə çıxdıqdan sonra qayınatası Cəmilin üzərinin qan olduğunu görmüşdür. Qayınatasından bunun səbəini soruşduqda, qayınatası heç nə deməmişdir. O, qayınatasının bıçaqlanması barədə DİN-nin 102 xidmətinə zəng edərək, məlumat vermişdir. Daha sonra qayınatasını xəstəxanaya aparmışlar. Həmçinin Şahid3 bildirmişdir ki, bıçaqlanmanın səbəbini hadisə olan vaxt bilməmiş, sonradan qısqanclıq zəminində baş verməsini bilmişdir. Həsənlə qayınatası arasında əvvəllər heç bir mübahisə olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Bərdə rayonu, Kələntərli qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində yaşadığı evin qapısı döyülmüş, gedib qapını açmışdır. Qapıda tanımadığı cavan bir oğlan olmuş, həmin oğlan ona qayınatası Cəmili iş üçün çağırmasını istəmişdir. Zərərçəkmiş şəxs çağırmış, Zərərçəkmiş şəxs qapıya çıxdıqdan sonra, o həyətdə oturmuşdur. Təxminən 5 dəqiqə sonra Zərərçəkmiş şəxs evə gəlmiş və Cəmilin üzərini qanlı olduğunu görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs bıçaqlnadığını, lakin səbəbini bildirməmişdir. Daha sonra Şahid3 AR DİN-nin 102 xidmətinə zəng etmiş və Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdırlar. Həmçinin Şahid4 bildirmişdir ki, hadisənin baş verməsinə səbəbin nə olduğunu bilməmiş, hadisə təxminən 5 dəqiqə çəkmişdir. Hadisə olan vaxt o, həyətdə olmuş lakin heç bir səs eşitməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 iyun 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb 04 iyun 2023-cü il tarixdə saat 00:52 dəqiqədə Bərdə Müalicə və Diaqnostika mərkəzindən tibb bacısı Nuriyeva telefonla Bərdə rayon PŞ-nin Növbətçi hissəsinə məlumat verərək, Bərdə rayonunun Alaçadırlı kəndində yaşayan, 1951-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Məhərrəm oğlunun qarın nahiyyəsindən kəsilmiş deşilmiş yara xəsarəti alaraq Bərdə Müalicə və Diaqnostika Mərkəzinə daxil olmasını bildirməsi, həmçinin 04 iyun 2023-cü il tarixdə Bərdə rayonunun Alaçadırlı kəndində yaşayan Şahid3 AR DİN-in 102 xidmətinə məlumat verərək qaynatası Zərərçəkmiş şəxs bıçaqlanmasını bildirməsi, bundan başqa 04 iyun 2023-cü il tarixdə Bərdə rayonu, Alaçadırlı kəndində yaşayan Təqsirləndirilən şəxs AR DİN-in 102 xidmətinə məlumat verərək, Rövşən adlı şəxsi bıçaqlamasını bildirməsi, ilkin araşdırma zamanı Bərdə rayon X5 Hüquqi Şəxsdən alınmış xx.xx.2023-cü il tarixli, 6450 saylı arayışdan görünür ki, Zərərçəkmiş şəxs, 04 iyun 2023-cü il tarixdə Bərdə rayon X5 Hüquqi Şəxsin 1ci Təcili və X4 şöbəsinə «Qarının ön divarının 2 ədəd daxilə keçən, 1 ədəd daxilə keçməyən kəsilmiş deşilmiş yaraları» ilə daxil olması barədə toplanmış materiala əsasən Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurulmasına əsaslı şübhələr müəyyən olunması faktı, əsas isə həmin faktla bağlı toplanmış material olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 iyun 2023-cü il tarixli “şəxsin könüllü olaraq gəlib özünü istintaqa təqdim etməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2023-cü il tarixdə Bərdə RPŞ-nin İstintaq bölməsinə gəlib özünü təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 iyun 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 126.1-ci maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin MSY-dən azad olunmuş və onun barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 iyul 2023-cü il tarixli qərardan görünür ki, 25 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21 avqust 2023-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs istintaqa əvvəl verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərməyə hazır olduğunu bildirdikdən sonra onunla birlikdə Bərdə rayonu, Kələntərli qəsəbəsinə gedilmişdir. Təqsirləndirilən şəxs əli ilə Abbas Cəmilova məxsus evin qırmızı rəngli darvazasını göstərərək, Zərərçəkmiş şəxs oradan çağırdığını, qapının yanına aparmasını bildirmişdir. Zərərçəkmiş şəxs bıçaq zərbələri vurduğu yeri əli ilə göstərmiş və hadisənin baş vermə mexanizmini ifadəsinə uyğun formada vermişdir. İstintaq zamanı verdiyi ifadəsi ilə heç bir ziddiyyət aşkar edilməmişdir. O, ifadəsi yerində yoxlanılarkən istintaqa verdiyi ifadəsini bir daha hadisə yerində göstərməklə təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 iyun 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış Bərdə rayonu, Kələntərli qəsəbəsində Zərərçəkmiş şəxs məxsus evdə, qaranlıq hava şəraitində keçirilmişdir. Hadisə yerində, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qırmızı rəngli iki taylı dəmir qapısının qarşısında və evin həyətində qana bənzər ləkələr aşkar edilmiş, bu barədə protokol tərtib olunmuş və hadisənin baş verdiyi yerin fotoşəkilləri çəkilmişdir. Hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Bərdə rayonu, Kələntərli qəsəbəsində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 iyun 2023-cü il tarixdə “əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi 1 ədəd bıçaq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 iyun 2023-cü il tarixdə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Bərdə rayon Mərkəzi Xəstəxanasının tibb bacısı X2 təqdim etdiyi hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qəhvəyi rəngli köynək götürülmüş, bu barədə protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının 20 iyul 2023-cü il tarixli, 545 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-tibbi müayinə zamanı bədəni üzərində aşağıdakılar müəyyən edilmişdir, nazik bağırsağın yaralanması ilə müşayət olunan qarının ön divarından daxilə keçən 1 (br) ədəd və qarının sağ yan divarından daxilə keçən 1 (bir) ədəd, qarının sol yan divarından daxilə keçməyən 1 (bir) ədəd kəsilmiş-deşilmiş yaraları, qeyd edilən xəsarətlər deşiçi-kəsici alətin (alətlərin) ola bilsin bıçaq təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir. Həmin xəsarətlər dərələrinə görə; a) nazik bağırsağın yaralanması ilə müşayiət olunan qarının ön divarından daxilə keçən 1 (bir) ədəd və qarının sağ yan divarından daxilə keçən 1 (bir) ədəd kəsilmiş-deşilmiş yaraları birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər; b) qarının sol yan divarından daxilə keçməyən 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə-bioloji, trasoloji və soyuq silah ekspertizasının 31 avqust 2023-cü il tarixli, 375-2023-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının orta hissəsində 02(iki) ədəd və ön səthinin sağ yarısının orta hissəsində 01(bir) ədəd (cəmi 03 (üç) ədəd) kəsilmiş-kesilmiş zədələr olmuşdur. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) ola bilsin ki, bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində, ortaqda olan fabrik yarıq üzrə yuxarıdan aşağıya doğru saymaqla, 2-ci, 3-cü, 4cü və 5-ci düymələrin öz yerində olmaması aşkar olundu. Bu düymələrin öz yerində olmaması köynəyin yaxasına küt qüvvə tətbiq etməklə (dartılmaqla) qopub düşməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, deşiçikəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağdır və soyuq silah hesab olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə-bioloji, trasoloji və soyuq silah ekspertizasının 01 sentyabr 2023-cü il tarixli, 520/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu O/İ/-dir (şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək, bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrupu göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. Aqqlyutininler isə alınmadı. Bu qan ləkələri AB0 sistemi üzrə O alfa beta /İ/İ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-psixiatrik ekspertizası 05 sentyabr 2023-cü il tarixli 552 nömrəli rəyindən görünür ki, ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anmanestik məlumatların, həmçinin hal-hazırdakı ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək iş üzrə Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən öz hərəkətlərini ölçüb-biçmək və öz hərəkərlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına və onun məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əvvəllər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq(əqli cəhətdən geri qalma və ləngimə halları) və psixi xəstəlik keçirməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 04 iyun 2023-cü il tarixdə saat 00:15 radələrində Bərdə rayonu, Kələntərli qəsəbəsində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində baş vermiş hadisə zamanı ətrafa kənar şəxslər gəlməmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs xəsarət aldığını ailə üzvləri görmüşdür. Təqsirləndirilən şəxs anası Şahid1 mobil telefonuna əvvəlcədən tətbiq etdiyi zəng danışıqlarının səs yazma proqramı vasitəsilə anası Şahid1 Bərdə rayonu Kələntərli qəsəbəsi sakini Zərərçəkmiş şəxs ilə yaxın müddət ərzində olmuş telefon zəng danışıqlarını dinləyib onların arasında sevgi münasibətlərinin olmasını biləndən sonra hadisə baş vermişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında əvvəllər münaqişə olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 iyun 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumat aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayon Kələntərli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.20223-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Alaçadırlı kəndində yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Bərdə Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 18 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə RMX” phş-nin poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 oktyabr 2023-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən məhkəmə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 sentyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, İstintaq zamanı götürülmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olan bir ədəd qəhvəyi rəngli köynək, 1 ədəd zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağı maddi sübut əhəmiyyəti daşıdığından maddi sübut kimi tanınmışdır və saxlanılması üçün Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına verilmişdir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında isə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmaması Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna alması və cinayətin açılmasına fəal kömək göstərməsi, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə razılıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, zərər çəkmiş şəxslə barışmasını, bundan başqa yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmaması nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10 və 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar (könüllü gəlib təqsirini boynuna alması və cinayətin açılmasına fəal kömək göstərməsi,zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmaması,) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə əsaslar yoxdur. Qeyd olunanlarla yanaşı Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbləri nəzərə alınmaqla cinayət törədərkən yetkinlik yaşına çatmamasını, könüllü gəlib təqsirini boynuna alması və cinayətin açılmasına fəal kömək göstərməsini, zərər çəkmiş şəxslə razılıq əldə edərək barışmasını, nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də (cəza çəkmədən) islah olunması mümkündür. Odur ki, Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək, habelə həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 iyun 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 126.1-ci maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin MSY-dən azad olunmuş və onun barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, bu iş üzrə bir gün tutulması ilə əlaqədar həbsdə saxlandığı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Həmçinin məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübut olan İstintaq zamanı götürülmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olan bir ədəd qəhvəyi rəngli köynək, 1 ədəd zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağı maddi sübut əhəmiyyəti daşıdığından maddi sübut kimi tanınmışdır və saxlanılması üçün Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Bərdə RPŞ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş bir ədəd qəhvəyi rəngli köynək qanuni sahibinə qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməli, 1 ədəd zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağı isə məhv edilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 32 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 192 manat məbləğində pul köçürülməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək, bu iş üzrə bir gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Bərdə RPŞ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş bir ədəd qəhvəyi rəngli köynək qanuni sahibinə qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin, 1 ədəd zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağı isə məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 32 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 192 manat məbləğində pul köçürülsün. Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar