Məhkəmə qərarları › İş №1(100)-214/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-214/2023

10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-214/2023 10.03.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1988-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Şuşa şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1, mənzil 3-də qeydiyyatda olan və Şəmkir şəhəri, Hərbi şəhərcik, DOS 8, ev 32-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi bir ədəd şəffaf polietilen kəsiyi bükümündə 5,492 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini 07 iyul 2022-ci il tarixdə üzərində saxlamış, Şəmkir rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri zamanı həmin tarixdə saat 17:40 radələrində Təqsirləndirilən şəxs Şəmkir şəhəri, Şixəli Qurbanov küçəsində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, Şəmkir rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli şalvarın sağ yan cibindən kustar üsulla hazırlanmış narkotik vasitə olan 5,492 qram külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, fərdi əməklə məşğul olur. O, uzun illərdir ki, narkotik vasitələrdən istifadə etdiyindən narkotik maddələrdən asılılıqdan əziyyət çəkir. 07 iyul 2022-ci il tarixdə saat 17:40 radələrində Şəmkir şəhəri, Şıxəli Qurbanov küçəsində olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmişdir. Ona narkotik vasitə saxlamaqda və narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli olduğu üçün saxlanıldığı bildirilmişdir. Müdafiəçi ilə təmin edildikdən sonra şübhəli şəxs qismində tutulmuş və video çəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlanan zaman ona üzərində narkotik vasitə və qanunla qadağan edilmiş digər əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Əynində olan göy rəngli cins şalvarın sağ cibindəki sellofan bükümdə olan narkotik vasitə heroini təqdim etmişdir. Təqdim etdiyi büküm polis əməkdaşları tərəfindən açılan zaman içərisində bozumtul rəngli narkotik vasitə olan heroin aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları onun üzərində şəxsi axtarış aparmış, ancaq üzərindən əlavə narkotik vasitə və qanunla qadağan edilmiş digər əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilmiş və çəkisi 5.6 qram olmuşdur. Həmin büküm qablaşdırılaraq götürülmüşdür. Sonra bu barədə tərtib olunmuş protokolla tanış olaraq imza etmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini 07 iyul 2022-ci il tarixdə tutulmamışdan təxminən 30-40 dəqiqə əvvəl Şəmkir şəhərində mərkəzi parkdan tapmış və istifadə etmək üçün götürmüşdür. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittihama etirazını bildirərək göstərmişdir ki, heç vaxt, heç kimə narkotik vasitə satmamış, pay verməmiş və ya bu məqsədlə narkotik vasitə əldə etməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Heç kimə nakotik vasitə satmamış, belə bir məqsədi də olmamışdır. İbtidai istintaq zamanı əməlinin düzgün qiymətləndirilməsi üçün müstəntiqə bu barədə dəfələrlə bildirməsinə baxmayaraq, ona verilən ittiham dəyişdirilməmişdir. Qanunsuz olaraq üzərində narkotik vasitə saxladığına görə əməlindən səmimi peşmandır və məhkəmədən onun əməlinə düzgün hüquqi qiymət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmənin sonrakı iclaslarında ifadəsinə əlavəsinin olduğunu bildirərək göstərmişdir ki, onun üzərindən aşkar edilmiş narkotik vasitə olan heron ona məxsus deyil, onun saxlanılmasında iştirak edən Şəmkir rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 və barəsində olan hazırki cinayət işinin ibtidai istintaqını aparmış Şəmkir rayon X6 Bölməsinin müstəntiqi Elton Məmmədov həmin narkotik vasitə olan heroinin ona məxsus olduğunu etiraf etdiyi halda, barəsində Cinayət Məcəlləsinin daha ağır maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirmişlər. Ona görə də o, həmin narkotik vasitə olan heroinin ona məxsus olduğunu etiraf etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya digər zorakılıq hərəkətlərinə yol verilməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Şəmkir rayon X2 Mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs Şəmkir rayon sakini kimi tanımışdır. 07 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, narkotik vasitələr saxlaması və satışı ilə məşğul olması haqqında əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdə saat 17:40 radələrində Şəmkir şəhəri, Şıxəli Qurbanov küçəsində müəyyən edilib saxlanılmış və Şəmkir rayon Polis Şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması təhqiqat bölməsinin təhqiqatçısı Pərvin Pirverdiyevə həvalə edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq onun üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Həmin maddə tərəzidə çəkilərkən çəkisi 5.6 qram olmuşdur. Şahid1 ifadəsinin davamında göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən onun tərəfindən və ya digər polis əməkdaşları tərəfindən hər hansı təsir, təzyiq olmamışdır. Təqsirləndirilən şəxs hər hansı narkotik vasitənin ona məxsus olduğunu etiraf edərsə, onun Cinayət Məcəlləsinin daha ağır maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə deməmiş, Təqsirləndirilən şəxs ifadəsində həmin göstərdikləri tamamilə yalan və uydurmadır. O, Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyaraq normal münasibəti olmuşdur. Hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaq üçün bu cür ifadə vermişdir. Şahid1 ifadəsinin yekununda göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi, saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, həmin şəxsi narkotik alqı-satqısı zamanı aşkar edə bilməmiş, onun narkotik vasitə satmasına dair və yaxud narkotik satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına, bu məqsədlə müəyyən hərəkət etməsinə dair hər hansı məlumat və sübutlar əldə edə bilməmişlər. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 Buludxan oğlu, Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, Şəmkir rayon X6 Bölməsinin müstəntiqi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işinin istintaqı onun tərəfindən aparılmışdır. Hazırki cinayət işi xx.xx.2022-ci il tarixdə onun icraatına qəbul edilmişdir. Cinayət işi onun icraatına qəbul edildikdən sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş, onun tərəfindən qanunla nəzərdə tutlmuş qaydada iş üzrə bir sıra istintaq və prosessual hərəkətlər keçirilmiş, sonda isə təqsirləndirilən şəxs müdafiəçisi ilə cinayət işinin materialları ilə tanış olduqdan sonra cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. Şahid Elton Məmmədov ifadəsinin davamında göstərmişdir ki, Təqsirləndirilən şəxs hər hansı narkotik vasitənin ona məxsus olduğunu etiraf edərsə, Cinayət Məcəlləsinin daha ağır maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə deməmiş, Təqsirləndirilən şəxs ifadəsində həmin göstərdikləri tamamilə yalan və uydurmadır. Əgər cinayət işinin materiallarına da diqqət yetirilərsə, Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi onun icraatına daxil olarkən onun tərəfindən Təqsirləndirilən şəxs elə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və həmin maddə ilə də cinayət işi məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxsin ifadəsində həmin dedikləri isə heç bir həqiqəti əks etdirmir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 07 iyul 2022-ci il tarixli “şəxsi axtarış aparılması haqqında protokol”dan görünür ki, Şəmkir rayon X7 Bölməsinin təhqiqatçısı Pərvin Pirverdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş bükümü təqdim etmiş, həmin sellofanın içərisində bozumtul rəngli heroinə bənzər kütlə aşkar edilmiş, sonra çəkilmiş, qablaşdırılmış və bu barədə tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə: 25-26). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 08 iyul 2022-ci il tarixli, 16/805 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə.” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 5,492 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (cild 1, iş vərəqə: 36). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin 11 avqust 2022-ci il tarixli, 1177 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə: 119). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının 09 avqust 2022-ci il tarixli, 491 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır (cild 1, iş vərəqə: 121-122). Cinayət işinin materiallarına əlavə edilmiş 10 iyul 2022-ci il taraixli “əməliyyat tapşırığı”ndan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini hansı məqsədlə və haradan əldə etməsi, Təqsirləndirilən şəxs kimlərə narkotik vasitə satması, müsbət nəticə əldə edildiyi halda həmin şəxslərin istintaq orqanına təqdim edilməsi barədə əməliyyat tapşırığı göndərilmişdir (cild 1, iş vərəqə: 76-77). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 05 avqust 2022-ci il tarixli əməliyyat tapşırığına cavabla bağlı raportdan görünür ki, Təqsirləndirilən şəxs kimlərə narkotik vasitə satması, eləcə də narkotik vasitəni haradan əldə etməsi müəyyən edilməmişdir (cild 1, iş vərəqə: 107). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 17 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və çıxan zənglərlə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd diskə baxış keçirilmiş və baxış zamanı həmin diskdə Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir (iş vərəqə: cild 1, səh.111-112). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 01 yanvar 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,492 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 5,412 qramı iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək Şəmkir rayon Polis Şöbəsində saxlanca verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın video görüntülərini əks etdirən 01 (bir) ədəd DVD-R disk iş üzrə maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir, həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə müəyyən edilmədiyindən bununla bağlı cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə: 136- 142). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 iyul 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Əliyev X8 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 06 ay 27 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqə: 90). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 07 iyul 2022ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə: 11). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 09 iyul 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 09 iyul 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlandığı Şəmkir rayon X5 Saxlama Yerindən azad edilmişdir (cild 1, iş vərəqə: 66-67). Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış yeri üzrə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (cild 1, iş vərəqə: 101). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağı var (cild 1, iş vərəqə: 102). Beləliklə də, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə və saxlamağa görə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edərək saxlaması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin hər hansı miqdarda satışı ilə məşğul olması və ya narkotik vasitəni məhz satış məqsədilə əldə etməsi nə şahid ifadələri, nə digər sübutlarla, nə də onun barəsində daxil olan əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şəmkir rayon X2 Mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 və həmin Polis Şöbəsinin əməkdaşları Şahid2 Buludxan oğlu, Şahid3 və Şahid4 verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ibtidai istintaqın gedişi zamanı verilən istintaq tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilmədiklərini göstərmişlər. Məhkəmə baxışı zamanı tədqiq olunan 05 avqust 2022-ci il tarixli əməliyyat tapşırığına cavabdan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni konkret olaraq kimlərəsə satması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tədqiq olunan, onun ibtidai araşdırma zamanı verdiyi izahatından, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən görünür ki, o, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, konkret olaraq kiməsə narkotik vasitə satdığını və ya belə bir məqsədinin olduğunu ümumiyyətlə göstərməmişdir. Təqsirləndirilən şəxs eyni ifadəni məhkəmə istintaqı zamanı bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda ümumiyyətlə axtarış aparılmamış, onun özündə aşkar olunub götürülən miqdarda narkotik vasitədən başqa, hər hansı növdə və ya miqdarda narkotik vasitələr əldə edib-etməməsi, hər hansı məqsədlə saxlayıb-saxlamaması aydınlaşdırılmamışdır. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə, həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvala «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya" əsasən "heroin" narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qram müəyyən edilmişdir. Yəni, Təqsirləndirilən şəxs götürülən heroin narkotik vasitəsinin kütləsi 5,492 qram olduğundan külli miqdar kimi qəbul edilməlidir. Lakin Təqsirləndirilən şəxs götürülən heroin narkotik vasitəsinin kütləsinin 5,492 qram olmaqla külli miqdar kimi qəbul edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə edib saxlaması, konkret şəxslərlə narkotik vasitənin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə narkotik vasitə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə və ya onun ünvanında narkotik vasitələrin hissələrə bölünməsinə, çəkilməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs 5,492 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşıyaraq saxlaması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız narkotik maddənin külli miqdar həddində olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması kimi qiymətləndirmişdir. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş narkotik vasitə heroini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, narkotik vasitəni kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə narkotik vasitələr yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin kütləsinin 5,492 qram olmaqla külli miqdar təşkil etdiyindən, həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlaması təsdiq olunmadığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edərək saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmənin sonrakı iclaslarında əlavə verdiyi ifadəsində onun üzərindən aşkar edilmiş narkotik vasitə olan heronin ona məxsus olmaması, onun saxlanılmasında iştirak edən Şəmkir rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 və barəsində olan hazırki cinayət işinin ibtidai istintaqını aparmış Şəmkir rayon X6 Bölməsinin müstəntiqi Elton Məmmədovun həmin narkotik vasitə olan heroinin ona məxsus olduğunu etiraf etdiyi halda, barəsində Cinayət Məcəlləsinin daha ağır maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirməsi və ona görə də o, həmin narkotik vasitə olan heroinin ona məxsus olduğunu etiraf etməsinə dair ifadəsində göstərdiklərini məhkəmə onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək və ya cəzasını yüngülləşdirmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdən sonra xx.xx.2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə izahat verərkən üzərində olan heroini təqdim etdiyini göstərmiş (cild 1, iş vərəqə: 33), həmçinin sonradan şübhəli şəxs kimi xx.xx.2022-ci il tarixdə dindirilərkən üzərindən həmin bir bükümdə heronin aşkar edildiyini etiraf etmiş (cild 1, iş vərəqə: 39-40), bundan başqa təqsirləndirilən şəxs qismində ifadə verərkən də üzərindən narkotik vasitə heroinin aşkar olunduğunu etiraf etmiş və hər hansı etirazının olduğunu, ona hər hansı təsir, təzyiq göstərildiyini bildirməmişdir (cild 1, iş vərəqə: 56-58). Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə həbsdə deyil, azadlıqda olduğu halda, barəsində heç bir məcburiyyət tədbirləri tətbiq edilmədiyi halda və onun azadlıqda olaraq ona qarşı ediləcək hər hansı təzyiqlərdən səlahiyyətli orqanlara şikayət etmək imkanlarının olduğu halda onun məcbur olub üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsini bildirməsinə dair onun məhkəmənin sonrakı iclaslarında ifadəsində göstərdiyi həmin inkaredici hallar inandırıcı olmadığı kimi, cinayət işinin faktiki hallarına da uyğun olmadığından və məhkəmə araşdırması zamanı da heç bir real dəlillərlə öz təsdiqini tapmadığından onun ifadəsində göstərdiyi həmin hallar Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq üçün həqiqətə uyğun olmayan məlumatlar verdiyini təsdiq edir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi həmin hallar cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən həmin hissədə sübut növü kimi qəbul edilmir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 06 ay 27 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı qeyd edir ki, onun həmin məhkumluqları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs həmin məhkumluğu ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab olunur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlmişdir ki, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan sanksiya daxilində, ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 07 iyul 2022-ci il tarixdən 09 iyul 2022-ci il tarixədək, yəni 2 (iki) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 (iki) gün müddətində tutulmasını nəzərə alaraq, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 10 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 11 avqust 2022-ci il tarixli, 1177 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılaraq Şəmkir rayon Polis Şöbəsində maddi sübutların saxlanma otağında saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 5,412 qram olan narkotik vasitə heroin məhv edilməli, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdən 09 iyul 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 10 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Şəmkir rayon Polis Şöbəsinin məsul saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 5,412 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin əks olunduğu bir ədəd “DVD- R” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar