Məhkəmə qərarları › İş №1(100)-215/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-215/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-215/2023 28.02.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi hakim Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, hakimlər X8 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi X3 iştirakı ilə, xx.xx.2005-ci ildə Tovuz rayonu, Əlibəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmayan, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində yaşadığı Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində, onunla eyni kənddə yaşayan Zərərçəkmiş şəxs ilə həmin gün bir qədər əvvəl zarafatla onun gözü qarşısında əvvəllər sevdiyi qızın əlindən nümayişkəranə surətdə tutması səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı həmin hərəkətinə görə üzrxahlıq edib Zərərçəkmiş şəxs zarafatla dediyi nalayiq ifadəni sonuncunun ciddi şəkildə onun ünvanına işlətməsinə görə qisas almaq məqsədilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmaq qərarına gəlmiş, bu niyyətlə üzərində olan ümumi uzunluğu 160 mm, dəstəyinin uzunluğu 93 mm, tiyəsinin uzunluğu 67 mm, zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik, soyuq silah hesab edilməyən ümumi təyinatlı turist bıçağı ilə bir zərbə vuraraq sonuncuya döş qəfəsinin sol yan səthinin daxilə keçən, diafraqmanın və dalağın zədələnməsi nəticəsində inkişaf edən, kəskin qanitirmə ilə müşayiət olunan deşilmiş-kəsilmiş, insan həyatı üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi onun özünün səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, habelə işin faktikti halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında qanuni nümayəndəsi X3 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, hazırda Qazax Sosial İqtisadi Kollecində təhsil alır. Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır. Elbəy ondan 2-3 yaş böyükdür. 23 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində o, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində küçədə əyləşən vaxt sinif yoldaşı olan Nərmin onun yanına gəlmiş və o, Nərminlə söhbət etməyə başlamışdır. Onlar söhbət edərkən küçə ilə Elbəyin gəldiyini görüb onunla zarafat etmək istəmişdir. X19 sevmiş, sonradan ayrılmışlar. O, da Elbəylə zarafat etmək üçün Nərminin əlindən Elbəyin görə biləcəyi məsafədən tutmuş və Elbəy bunu görmüşdür. Elbəy onların yanlarından keçib qonşuluqda yaşayan Mehracın yaşadığı evə getmişdir. Təxminən 2-3 dəqiqə sonra Mehrac, Elbəy və Tağı birlikdə onlar istiqamətdə gəlməyə başlamışlar. Nərmin Elbəygilin gəldiyini gördükdə yaşadığı evə getmişdir. Elbəy, Tağı və Mehrac ona çatıb salamlaşmışlar. Elbəy ona yaxınlaşıb niyə Nərminin əlindən tutduğunu soruşmuş, o da Elbəyə onunla zarafat etmək istədiyini demişdir. Elbəy ona etdiyi hərəkətin yaxşı hərəkət olmadığını bildirmişdir. O isə Elbəyə onunla həmişə zarafat etdiklərini və niyə incidiyini demiş, üzündən öpüb yaxın məsafədən zarafatla ona qarşı nalayiq ifadə işlətmişdir. Elbəy isə ona söhbət etmək üçün kənara çəkilməyi təklif etmiş və o da Elbəylə kənara çəkilib Tağı və Mehracdan bir qədər aralıda söhbət etməyə başlamışdır. Elbəylə onun arasında sözlə mübahisə yaranmışdır. Elbəy onun ünvanına bir qədər əvvəl dediyi nalayiq ifadəni işlətmiş, ondan həmin sözü ciddi deyib demədiyini soruşduqda Elbəy ciddi dediyini bildirmiş və olduqca əsəbi olmuş, buna görə Elbəyin onunla dalaşacağını böyük olduğu üçün döyəcəyini güman etmişdir. Elbəy onunla acıqlı danışarkən o, əynində olan şalvarının sağ yan cibində gəzdirdiyi bir ədəd açılıb qatlanan cib bıçağını çıxarıb bir dəfə Elbəyin sol böyründən vurmuş, Elbəy qışqırıb Mehrac və Tağını çağırmışdır. Elbəyə yarasını sarımağı təklif etsə də sonuncu razılıq verməmiş, Elbəyin bədənindən qan axdığını görüb bıçağı yarımçıq tikiliyə atıb qaçaraq yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, həmin ərəfədə dayısı X13 şəhid olduğundan özünü yaxşı hiss etməmiş, mübahisə zamanı Elbəyin ünvanına zarafatla dediyi nalayiq ifadəni sonuncunun ona ciddi şəkildə deməsinə görə əsəbiləşmiş və qeyd edilən hadisəni törətmişdir. Elbəylə aralarında əvvəl hər hansı münaqişə və ya mübahisə olmamışdır. Hazırda da zərərçəkmiş şəxslə barışmış və sağlamlığına vurduğu ziyanı ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs uşaqlıq yaşlarından tanıyır. İmranla aralarında əvvəllər hər hansı ədavət və mübahisə olmamışdır. 23 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində o, yaşadığı evdən dostu Mehracla görüşüb briyerdə çayxanaya getmək üçün çıxmış, küçədə Mehracın yaşadığı ev istiqamətində piyada hərəkət edərkən İmranla əvvəllər istədiyi Nərmin adlı qızın birlikdə Mehracın yaşadığı küçənin başlanğıcında olan taxta oturacaqda əyləşdiklərini görmüşdür. İmran və Nərminə çatmağına az qalmış İmran onun gəldiyini görüb, Nərminin əlindən tutub özünə tərəf çəkmişdir. O, hərəkətinə davam edib Mehracın yaşadığı evə getmiş, Mehracı çağırmış, evin həyətində olanları Mehraca danışmışdır. Həmin vaxt qonşuluqda olan Tağı adlı dostları onları çağırmışdır. onun təklifi ilə birlikdə çayxanaya getmək üçün piyada geri qayıtmışlar. İmran və Nəriminin olduğu yerə çatmalarına az qalmış Nərmin İmrandan ayrılıb yaşadığı evə getmişdir. O, Mehrac və Tağı İmranla salamlaşmış. O, İmrana etdiyi hərəkətin düzgün olmadığını demişdir. İmran isə onunla zarafat etmək üçün belə etdiyini demişdir. Belə ki, o, bir neçə il bundan əvvəl Nərmini sevmiş, 2020-ci il ildə o, hərbi xidmətə getmiş və 2022-ci ilin aprel ayında o, əsgərlikdən qayıtdıqdan sonra Nərminlə ayrılmışlar. Ayrıldıqdan sonra aralarında hər hansı münasibət qalmamışdır. İmran onunla zarafat etmək üçün belə etdiyini dedikdə İmrana zarafatının xoş olmadığını bildirmişdir. İmran isə ona həmişə zarafat etdiklərini, nəyə görə zarafatından incidiyini demiş, üzündən öpərək bir qədər yüksək səslə onun ünvanına nalayiq ifadə işlətmişdir. Bu vaxt aralarında sözlə mübahisə yaranmış, İmran onunla kinayəli danışıb mübahisəni davam etdirmişdir. O da İmrana öz iradını bildirib düzgün hərəkət etmədiyini və ondan yaşca böyük olduğunu demişdir. Aralarındakı mübahisə böyüdükdə İmranı bir qədər kənara çəkib əlini çiyninə qoyub onu başa salmaq istəmiş, həmin nalayiq ifadəni İmranın özünə demişdir. Mübahisə edərkən İmran cibindən çıxardığı bıçaqla onun sol böyründən bir dəfə vurmuş, ağrını hiss etdikdə əlini sol böyrünün üzərinə qoymuş və qan gəldiyini görmüşdür. Bundan sonra İmranı itələmiş və təxminən 5-6 metr aralıda dayanmış Tağı və Mehrac onlara yaxınlaşmışlar. O, həmin vaxt Mehracın yaşadığı ev istiqamətində qaçmışdır. Mehracın atası Asif evlərinin həyətində ona böyrünə sıxmaq üçün dəsmal vermiş və onu avtomobilinə əyləşdirib Tovuz rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada ona ilkin tibbi yardım göstərilmiş və o, əməliyyat olunmuşdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, İmran onu döyəcəyindən qorxduğu üçün onu bıçaqla vurmuşdur. Belə ki, İmran fiziki cəhətdən ondan zəifdir və onlar dalaşsaydı, İmranın ona gücü çatmayacaqmış. Həmçinin mübahisə vaxtı onun da İmranı vurmaq və ya xəsarət yetirmək fikri olmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləri və dostlarıdır. Onlar uşaqlıqdan birlikdə böyümüşlər və eyni küçədə yaşayırlar. 23 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində o, yaşadığı evdə olarkən Elbəy onun yaşadığı evə gəlib həyətdən onu çağırmışdır. Elbəyin səsinə bayıra çıxıb onunla görüşmüş və söhbət etməyə başlamışlar. Həmin vaxt Tağı onu çağırmışdır. Küçəyə çıxdıqdan sonra Elbəy birlikdə çay içməyi təklif etmiş, razılaşıb çayxana istiqamətində getməyə başlamışlar. Həmin vaxt küçənin digər tərəfində İmranla digər qonşuları Nərmin söhbət emişlər. Onların gəldiyini gördükdə Nərmin İmrandan ayrılıb yaşadığı evə getmişdir. İmranın olduğu yerə çatıb İmranla salamlaşmışlar. Bu vaxt Elbəy İmrana bayaq etdiyin hərəkət yaxşı hərəkət deyil demişdir. Belə ki, Elbəy onunla görüşə gələrkən İmran Elbəyi görmüş və özü ilə söhbət edən Nərminin əlindən tutmuşdur. Bu isə Elbəyə xoş gəlməmişdir. Ona bu barədə söhbət edərkən həyətlərində Elbəy demişdir. İmran isə Elbəyə “zarafat edirəm, həmişə zarafat etmişik” demişdir. Elbəy isə belə zarafatın xoş olmadığını, bir daha belə zarafat etməməsini bildirmişdir. İmran isə bir daha “həmişə zarafat etmişik, nə üçün zarafatım xətrinə dəyir” demiş və Elbəyin üzündən öpmüş və bir dəfə nalayiq ifadə demişdir. Bundan sonra İmranla Elbəy arasında sözlə mübahisə yaranmış və Elbəy İmranı təxminən 8-10 metr kənara çəkib İmranla söhbət etməyə başlamışdır. O isə Tağı ilə bir qədər aralıda dayanıb gözləmişlər. Aralıda olduqları üçün o, Elbəyin və İmranın nə barədə danışdıqlarını dəqiq eşitməmişdir. Elbəy və İmran söhbət edərkən Elbəy qəfil qışqırıb İmranın onu vurduğunu demişdir. Bu vaxt onlar Elbəyə yaxınlaşmışlar. Elbəy həmin vaxt sol böyrünü tutmuşdur. Tağı və o, Elbəyin bədənindən qan gəldiyini gördükdə onu yaşadığı evə aparmışlar. Onun atası Asif həmin vaxt həyətə çıxıb Elbəyə köməklik üçün evdən dəsmal gətirib Elbəyin sol böyrünə sıxmış, bundan sonra Elbəyi avtomobil ilə Tovuz rayon Mərkəzi xəstəxanasına aparmışlar. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Şahid1 onun oğlu, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs isə həmkəndliləri, oğlunun dostlarıdır. 23 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində o, yaşadığı evdə olarkən Elbəy onların yaşadıqları evə gəlib həyətdən oğlu Mehracı çağırmışdır. Mehrac da çölə çıxıb Elbəylə görüşüb söhbət etmiş, sonra digər qonşusu Tağı oğlunu çağırmışdır. Tağının çağırışından sonra Mehrac və Elbəy küçəyə çıxmışlar. Təxminən 5-10 dəqiqə sonra evin həyətində Elbəyin səsini eşitmiş, həyətə çıxdıqda Elbəyin böyrünü tutub onu çağırdığını görmüşdür. O, Elbəyə yaxınlaşıb onun bədənindən qan gəldiyini gördükdə evdən dəsmal götürüb Elbəyin yarasına sıxmış və onu öz avtomobili ilə Tovuz rayon mərkəzi xəstəxanasına aparmışdır. Xəstəxanada Elbəyə ilkin tibbi yardım göstərilmiş və cərrahi əməliyyat edilmişdir. Xəstəxanada olarkən Elbəyin atası Mübarizə zəng edib Elbəyin yaralanması barədə məlumat vermişdir. Şahid2 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, o, hadisənin şahidi olmadığı üçün mübahisə və dava-dalaşın hansı səbəbdən baş verməsini, hadisənin dəqiq təfərrüatlarını bilmir. Oğlu Mehracdan eşidiyinə görə İmranla Elbəy arasında mübahisə qonşuluqda yaşayan Nərmin adlı qıza görə başlamış, sonradan da söyüşə görə məlum hadisə baş vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “baxış aparılması haqqında” 23 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində küçələrin kəsişməsidir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X24in 06 oktyabr 2022ci il tarixli 305 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət-döş qəfəsinin sol yan səthinin daxilə keçən diafraqmanın və dalağın zədələnməsi nəticəsində inkişaf edən kəskin qanitirmə ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaranın iti kənara malik əşyanın (alətin) ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin deşici-kəsici hissəsinin təsirindən bir zərbə nəticəsində əmələ gələ bilməsi istisna edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət ilə hadisə zamanı onun əynində olmuş köynək üzərində olan zədə yeri üst-üstə düşür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin 24 oktyabr 2022-ci il tarixli 654/230 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir.Bu nəticəyə gəlməyə cinayət işinin materialları, anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda az ifadəli emosional davamsızlıq aşkar edilməsi, bir qədər hövsələsiz olması, onda əsəbililiyə meyillilik müşahidə edilməsi, tez qıcıqlanması, xırda qıcığa nisbətən güclü cavab reaksiyası verməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli törətməmişdən əvvəl emosional halından asılı olaraq əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onu idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi - psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur, bu vəziyyətin yaranma səbəbi zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X20 Bölməsinin 05 yanvar 2023-cü il tarixli, 16/18 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 ədəd bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi “Tovuz Rayon Mərkəzi Xəstəxanası” X24 tərəfindən verilmiş 10 oktyabr 2022-ci il tarixli 1507 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Tovuz RMX PHŞ Poliklinika şöbəsində həkim-psixiatrın və həkimnarkoloqun dispanser qeydiyyatında dayanmır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Öysüzlü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 05 dekabr 2022-ci il tarixli 153 nömrəli arayışı və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası X4, anası X5 və qardaşı Mustafayev Məhərrəm kamran oğlu ilə birlikdə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 18 noyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” qərardan görünür ki, X5 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 23 sentyabr 2022-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan, Tovuz rayon Məhkəməsinin 26 və 29 sentyabr 2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 sentyabr 2022-ci il tarixdə barəsində “həbs”, 29 sentyabr 2022-ci il tarixdə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı təqdim etdiyi ərizəsindən görünür ki, onun təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Medallarının və Ordenlərinin vəsiqələrinin surətlərindən, vəsiqələrin surətlərindən, ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs dayısı X13 13 sentyabr 2022-ci il tarixdə Kəlbəcər rayonunda hərbi əməliyyatlar nəticəsində törənmiş zədələnmədən həlak olmuş, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı” “Qusursuz xidmətə görə 2 və 3-cü dərəcəli”, “Sücayətə görə”, “Yubiley” medalları, 3-cü dərəcəli “Rəşadət” və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 06 yanvar 2023-cü il tarixli qərardan görünür ki, hadisə yerindən götürülmüş 1 ədəd bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş və cinayətin izlərini üzərində daşıyan 1 ədəd köynək maddi sübut kimi tanınmış və saxlanılması üçün Tovuz rayon Polis şöbəsinə verilmişlər. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurduğuna görə onun əməli cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsi cinayət törədərkən 14 yaşı tamam olmuş lakin 18 yaşına çatmayan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən, onların kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə onların əməlinin tövsifində, məsuliyyətin həllində və cəza təyinində yetkinlik yaşına çatmayan şəxslərin əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlərə görə tətbiq olunan cəza növü Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 29 noyabr 1985-ci ildə qəbul etdiyi «Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı X18»na («Pekin qaydaları») uyğun olduğu üçün, məhkəmə, yetkinlik yaşına çatmayanın işi üzrə qəbul etdiyi qərarın və seçdiyi təsir tədbirinin təkcə işin hallarının hüquq pozuntusunun ağırlığına uyğunluğu prinsipinə deyil, həm də yetkinlik yaşına çatmayanın vəziyyətinə və marağına uyğun olmasını da rəhbər tutur. Əgər yetkinlik yaşına çatmayanın əməli hər hansı bir əsaslı səbəb olmadan başqası üzərində zor tətbiq etməklə bağlı deyildirsə və ya yetkinlik yaşına çatmayan dəfələrlə ciddi hüquq pozuntusuna yol verməmişdirsə, onun barəsində azadlıqdan məhrum etmə cəzası tətbiq edilməməlidir. Uşaq hüquqlarının və azadlıqlarının müdafiəsinə, ədalət mühakiməsinin növbədə yetkinlik yaşına çatmayanların mənafelərinin qorunmasına yönəldilməsi barədə «Pekin qaydaları»nın əsas müddəaları «Uşaq hüquqları haqqında» Bəyənnamənin Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1989-cu il tarixli Konvensiyasının, eyni zamanda «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun və digər bu sahədə qəbul edilmiş çoxsaylı beynəlxalq aktlarında öz əksini tapmışdır. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli 4 saylı Qərarın 1-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan şəxslər barədə ədalət mühakiməsi ilk növbədə həmin şəxsin mənafelərinə xidmət etməli və belələri haqqında görülən təsir tədbirləri onun şəxsiyyətinə və qanuna zidd əməlinin xarakterinə uyğunluq təşkil etməli, yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi onların barəsində ədalətli cəzaların təyin edilməsinə, yetkinlik yaşına çatmayan şəxs tərəfindən yeni cinayətlərin törənməsinin qarşısının alınmasına, həmçinin həmin cinayəti doğuran səbəblərin aradan qaldırılmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Prosessual-Məcəlləsinin 435.4.1-ci maddəsinə əsasən cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır. Həmin Məcəllənin 435.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə, zərər çəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə, əməlindən peşman olmasını, səmimi etirafını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, hazırda da yetkinlik yaşına çatmamasını, həmçinin təqsirləndirilən şəxsin dayısı X7 “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı” “Qusursuz xidmətə görə 2 və 3-cü dərəcəli”, “Sücayətə görə”, “Yubiley” medalları, 3-cü dərəcəli “Rəşadət” və “Azərbaycan Bayrağı” ordenləri ilə təltif olunmasını və 13 sentyabr 2022-ci il tarixdə Kəlbəcər rayonunda hərbi əməliyyatlar nəticəsində törənmiş zədələnmələrdən ölməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyindən və zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyindən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni altı ildən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, hadisəni yetkinlik yaşına çatmadığı dövrdə də törətməklə, hazırda da yetkinlik yaşına çatmayan olmasını, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni törətmiş olduğu cinayət əməlini səmimi etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, onun tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını, dayısı X13 “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı” “Qusursuz xidmətə görə 2 və 3-cü dərəcəli”, “Sücayətə görə”, “Yubiley” medalları, 3-cü dərəcəli “Rəşadət” və “Azərbaycan Bayrağı” ordenləri ilə təltif olunmasını və 13 sentyabr 2022-ci il tarixdə Kəlbəcər rayonunda hərbi əməliyyatlar nəticəsində törənmiş zədələnmələrdən ölməsini nəzərə alaraq barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsini tədbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Odur ki, yuxarıda sadalananlara əsasən məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edib, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq oluna bilməsini əsaslı sayaraq belə məhkum etmənin onun islah olunması və yenidən tərbiyə olunması məqsədinə cavab verəcəyi qənaətinə gəlir. Buna görə də məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən etməklə şərti hesab edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının onun tərəfindən real olaraq çəkmədən də islah oluna biləcəyi və yenidən tərbiyə olunacağı qənaətinə gəlmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut qismində tanınaraq Tovuz rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş və cinayətin izlərini üzərində daşıyan 1 ədəd köynək məhv edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198.4-cü maddəsində göstərilmişdir ki, yetkinlik yaşına çatmamış şəxs məhkum olunarkən onun qanuni nümayəndələrinin bu şəxsin davranışına zəruri nəzarət həyata keçirilmədiyindən cinayətin törədilməsi sübuta yetirilərsə, məhkəmə məsrəflərinin ödənilməsi onların üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan təqsirləndirilən Təqsirləndirilən şəxs valideynləri tərəfindən onun davranışına zəruri nəzarət həyata keçirilməmişdir. Belə olan halda Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 31 manat 50 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs qanuni nümayəndəsi X6 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilib barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Tovuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut qismində Tovuz rayon Polis şöbəsində saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd köynək, həmçinin 1 ədəd bıçaq məhv edilsin. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 31,5 (otuz bir manat əlli qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs qanuni nümayəndəsi X1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar