Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-216/2021 29.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, X6 və Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və İ dərəcəli hüquqşünas X8, zərəçəkmiş şəxsin hüquqi varisi X3, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1980-ci il tarixdə Şəmkir rayonu, Muxtariyyət kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Şəmkir Kommunal Müəssisələr Kombinatında süpürgəçi işləmiş, Şəmkir rayonu Qədimqala kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 16 yanvar 2021-ci il tarixdə, saat 19 radələrində bibisi oğlu, X9 təxminən 1 il əvvəl onun 27.09.1958-ci il təvəllüdlü, yaşlı anası Şahid1 yaşadıqları evin arxa tərəfində hamamda çimərkən çılpaq şəkildə çəkdiyi videosunu ona göstərib 10.000 manat pul verməyəcəyi təqdirdə həmin videonu sosial şəbəkələrdə yayaraq onu və ailə üzvlərini rüsvay edəcəyi ilə bağlı hədə-qorxu gəlməsi ilə əlaqədar qisas almaq niyyətilə Bəxtiyar Alıyevi qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə 21 yanvar 2021-ci il tarixdə, saat 20 radələrində Bəxtiyar Alıyevi yaşadığı Şəmkir rayonunun Qədimqala kəndindən idarə etdiyi "NİSSAN XTRAİL" markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə götürərək sonuncunu tələb etdiyi pulu vermək adı ilə Şəmkir rayonu, Qədimqala kəndində “Təzə Məhəllə” adlandırılan, qəbiristanlığa birləşən kənddaxili yolun qurtaracaq hissəsinə gətirmiş, Bəxtiyar Alıyevin videonun silinməsi qarşılığında ödəməli olduğu 10.000 manat məbləğində pul vəsaitinin hazır olub-olmadığını soruşduqdan sonra o, pul vəsaitinin hazır olduğunu bildirərək avtomobilindən düşərək yaxınlıqda olan yaşadığı evə doğru gedərək həmin evin zirzəmisində qanunsuz olaraq saxladığı, vəfat etmiş babası X4 miras qalmış, 1961-ci ildə keçmiş SSRİ-də, Tula silah zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, “TOZ-B” modelli, 176788-59 №li, xarici çaxmaqlı, qoşalüləli, yivsiz, sol lüləsindən atəş açmaq üçün yararsız, lakin sağ lüləsindən atəş açmaq üçün yararlı vəziyyətdə olan, lülələri və qundağı kustar üsulla kəsilərək qısaldılmış odlu silah hesab edilən ov tüfəngini və həmin ov tüfəngində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş 6(altı) ədəd patronu götürməklə patronlardan 1(bir) ədədini tüfəngin sağ lüləsinə doldurub silahı əynində olan gödəkçənin içində gizlədib qanunsuz olaraq odlu silahı daşımaqla və gəzdirməklə yenidən avtomobilinə tərəf hərəkət edərək təxminən yeddi metr məsafədən Bəxtiyar Aliyevin baş nahiyəsini nişan alıb tüfəngdən bir dəfə atəş açaraq başın tüklü hissəsinin sağ təpə nahiyəsində iki ədəd, sol təpə nahiyəsində, iki ədəd, alın nahiyəsinin sol yarısında bir ədəd, başın tüksüz hissəsində alın nahiyəsinin sağ yarısında mərkəzə yaxın hissədə üç ədəd, alın nahiyəsinin sol yarısında üç ədəd, sol təpə-gicgah nahiyəsində bir ədəd, sol gicgah nahiyəsində dörd ədəd, qaşlararası nahiyədə bir ədəd, bilavasitə sol qaş üzərində iki ədəd, burun əsasında yəhər üzərində iki ədəd, burun əsasının sol yan səthində bir ədəd, burunun uc hissəsində iki ədəd, sol qaşaltı nahiyədə bir ədəd, sol göz alması üzərində bir ədəd, sol gözün bayır hissəsində bir ədəd, sol almacıq nahiyəsində üç ədəd, sol yanağın aşağı üçdə birində- sol ağız bucağından üç sm solda bir ədəd, sağ yanağında iki ədəd, cəmi 33 ədəd həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və baş beyin toxumasının əzilib dağılmasına səbəb olan kor qırmalı odlu silah yaraları xəsarəti yetirərək qisas almaq niyyətilə qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü yalnız CM-in 228.1-ci maddəsilə təqsirli bilərək, CM-in 120.1-ci maddəsilə isə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qətlə yetirdiyi şəxs doğma bibisi oğlu X19 olmuşdur. Hadisədən təxminən 1 il əvvəl anası Şahid1 yaşadıqları evin həyətində çimərkən bibisi oğlu Bəxtiyar Aliyev anasının çılpaq şəkildə videosunu çəkmişdir. Həmin vaxt evlərində heç kəs olmamışdır. Bu barədə daha sonra söhbət əsnasında Bəxtiyar Aliyev ona bildirmişdir. Belə ki, Bəxtiyar Aliyev istifadəsində olan mobil telefondan ona zəng edərək Şəmkir rayonu, Qədimqala kəndindən rayon mərkəzinə getməyi xahiş etmişdir. O, razılıq vermiş və 16 yanvar 2021-ci il tarixdə saat 19 radələrində idarə etdiyi avtomobillə bibisi oğlu Bəxtiyar Aliyevi yaşadığı Qədimqala kəndindən götürmüşdür. Yolda Bəxtiyar söhbət açaraq anasının çılpaq şəkildə videosunu çəkdiyini bildirmiş, həmin videonun silinməsi qarşılığında 10.000 manat məbləğində pul ödəməli olduğunu demişdir. O, doğma bibisi oğlunun belə bir hərəkətə yol verməyəcəyini düşünərək əvvəl inanmamışdır. Lakin, Bəxtiyar təkidlə yenidən pul tələb etmiş və anasının çılpaq şəkildə çimdiyi zaman çəkdiyi videosunu ona göstərmişdir. Bəxtiyar ondan 10.000 manat pul tələb etmiş və ödəməyəcəyi halda, həmin videonu sosial şəbəkələrdə paylaşacağını bildirmişdir. O, Bəxtiyar Aliyevin xarakterinə bələd olduğundan həmin pul vəsaitini ödəyəcəyini və videonu yaymamasını ona demişdir. Aralarında olan söhbət Şəmkir rayonunda "dördyol" deyilən ərazidə baş vermişdir. Bundan sonra bibisi oğlu Bəxtiyar israrla zəng edərək pul vəsaitini nə zaman verəcəyini soruşmuş və hədəqorxu gələrək videonu yayacağını bir daha bildirmişdir. O, Bəxtiyarın tələbi ilə 21 yanvar 2021-ci il tarixdə saat 20 radələrində onu yaşadığı Şəmkir rayonu, Qədimqala kəndində olan evindən götürmüş, bu zaman tələb etdiyi pulu hazırlayıb verəcəyini bildirmişdir. Bəxtiyarı Qədimqala kənd qəbirstanlığının yaxınlığına aparmışdır. Həmin qəbiristanlıq onun evindən 200 metr məsafədə yerləşdiyindən o, Bəxtiyar Aliyevə avtomobildə gözləməsini və pulu evdən götürəcəyini bildirmişdir. Bundan sonra o, yaşadığı evin zirzəmisindən babası X4 miras qalmış, babası tərəfindən lüləsi və qundağı kəsilmiş qoşa lüləli ov tüfəngini götürüb tüfəngi 1 ədəd patronla dolduraraq əynində olan zoğalı rəngli gödəkçənin altında gizlətmiş və evdən çıxaraq Bəxtiyar Aliyevə tərəf hərəkət etmişdir. Bu zaman o, əlavə olaraq 6 ədəd patron da götürmüşdür. O, Bəxtiyar Aliyevə yaxınlaşan zaman aralarında təxminən 7 metr məsafə qalmışdır. Bu vaxt, o, gödəkçəsində olan silahı çıxartmış, qorxutmaq məqsədilə Bəxtiyarın başının üstündən 1 dəfə atəş açmışdır. Məqsədi Bəxtiyarı öldürmək yox, videonu sildirə bilməsi üçün onu qorxutmaq olmuşdur. Həmin vaxt ətrafda heç kəs olmamışdır və silahın istiqaməti qəbristanlığa tərəf olmuşdur. Atəş açdıqdan sonra Bəxtiyar huşsuz vəziyyətdə yerə yıxılmışdır. O, bibisi oğluna tərəf getmədən könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olmaq məqsədilə idarə etdiyi avtomobillə Şəmkir rayon polis şöbəsinə gedərək təslim olmuşdur. Məhkəmə istintaqının gedişində isə ifadəsinə əlavə olaraq Bəxtiyar Aliyevin qanunsuz əməlləri nəticəsində onda yaranmış güclü ruhi həyəcan vəziyyətində həmin cinayət əməlini törətdiyini və törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Bəxtiyar Alıyev tək övladı olmaqla, Şəmkir rayonu, Qədimqala kəndində onunla birlikdə yaşamışdır. 21 yanvar 2021-ci il tarixdə saat 19 radələrində oğlu Bəxtiyar Aliyev xalasının əri Şahid7la birlikdə sonuncunun avtomobilində evə gəlmişlər. Oğlu evə gəldikdən sonra əvvəlcə xalasıgilə gedərək təxminən 20 dəqiqə sonra evə qayıtmış, bundan sonra isə qonşulardan su pulu yığmaq üçün yenidən evdən çıxmışdır. Bəxtiyar evdən çıxdıqdan sonra evdə televizora baxmışdır. Bəxtiyarın evdən çıxmasından təxminən 10 dəqiqə sonra güllə səsi eşitmişdir. Bir anlıq həyəcanlanmış və nə baş verdiyini öyrənmək üçün evin qapısına tərəf getmişdir. Bu zaman səs-küyün artdığını və qonşuların onu səslədiyini eşidərək çölə tərəf qaçmışdır. Qonşusu Rasimin oğlu “Qaqaş” ləqəbli adını bilmədiyi cavan oğlan ona tərəf gələrək oğlu Bəxtiyarın vurulduğunu demişdir. O, hadisənin harada və necə baş verdiyini soruşduqda Rasimin oğlu ona hadisənin onların evinin yanında baş verdiyini, lakin hadisəni törədən şəxsi görmədiyini bildirmişdir. O, nə baş verdiyini anlamaq üçün qaçaraq oğlunun uzanıqlı vəziyyətdə olan meyitinin üzərinə sərilmişdir. Oğlunun əlindən tutaraq Bəxtiyarı qaldırmağa cəhd etsə də, artıq öldüyünü dərk etmişdir. Ətrafa xeyli sayda adamlar, o cümlədən, qonşular və Şəmkir rayon polis şöbəsinin əməkdaşları toplaşmışlar. İfadəsinə əlavə olaraq göstərmişdir ki, oğlu Bəxtiyar Aliyevi silahla öldürən şəxs qardaşı oğlu Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs atəş açaraq oğlu Bəxtiyarı nə səbəbə öldürməsini bilməmişdir. Həmçinin ifadəsində Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu, mərhum X19 isə baldızı oğludur. Bəxtiyarın xarakteri ilə bağlı olaraq onunla münasibəti o qədər də yaxşı olmamışdır. Bəxtiyar Alıyev “Qərb Xəbərləri” qəzetinin baş direktoru vəzifəsini icra etmişdir. İşlədiyi müddət ərzində Bəxtiyar qeyri-qanuni fəaliyyətlə məşğul olaraq müxtəlif peşə sahiblərini şantaj etməklə öz maddi maraqlarını təmin etmişdir. 21 yanvar 2021-ci il tarixdə saat 20 radələrində o, Şəmkir rayonunun Qədimqala kəndində oğlu Vasifin evində olarkən qonşuları Vasifin Bəxtiyarı odlu silahla vuraraq öldürdüyünü bildirmişlər. X30 Alıyevi öldürməsi Bəxtiyarın qeyri-qanuni hərəkətləri nəticəsində baş vermişdir. Belə ki, təxminən hadisədən 1 il əvvəl yay vaxtı o, fərdi yaşayış evlərinin arxa hissəsində süni formada düzəldilmiş olan hamamda çıpaq şəkildə çimən zaman Bəxtiyar Aliyev onun videosunu çəkmişdir. O, Bəxtiyar Aliyevi həmin videonu çəkməməsi barədə dəfələrlə xəbərdar etsə də, Bəxtiyar video çəkiliş aparmağa davam etmiş, hətta utanmadan nalayiq sözlər də işlədərək, çəkiliş edib bitirdikdən sonra çəkdiyini bildirərək oradan uzaqlaşmışdır. Həmin videonu hadisədən təxminən 2 ay əvvəl Bəxtiyarın Vasifə nümayiş etdirərək ondan 10.000 manat məbləğində pul tələb etdiyini sonradan eşitmişdir. Həmçinin eşitmişdir ki, Vasif əvvəlcə maddi imkanının olmadığını bildirsə də Bəxtiyar bu şantaj əməllərini davam etdirərək ölümündən 2 gün əvvəl Vasiflə görüşmək istədiyini demişdir. Bəxtiyar oğlu Vasifdən həmin pulu tələb etməklə yanaşı əri Elmandan da həmin videoya görə dəfələrlə pul vəsaiti tələb etmiş, 500 manat və 300 manat məbləğində, yəni ümumilikdə, 800 manat məbləğində pul vəsaiti almışdır. Pul vəsaitini alan zaman videonu sildiyini bildirsə də, Bəxtiyar həmin videonu silməkdən imtina etmiş, hətta, sonradan məlum olmuşdur ki, oğlu Vasifə Bəxtiyar dəfələrlə hədə-qorxu gələrək həmin videonu sosial şəbəkələrdə, o cümlədən, “youtube” kanalında paylaşacağını bildirərək 10.000 manat əvəzinə 5.000 manat pul vəsaiti verməli olduğunu demiş, Vasif Bəxtiyarın bu əməlindən təngə gələrək sonuncuya üzbəüz görüşməyi təklif etmiş, Bəxtiyar isə dəfələrlə bundan yayınmışdır. Sonuncu dəfə, yəni 21 yanvar 2021-ci il tarixdə saat 20 radələrində X25 rayonu, Qədimqala kəndində “Təzə Məhlə” adlanan, qəbiristanlığa birləşən kənddaxili yolun qurtaracaq hissəsində görüşmüşlər. Bu zaman Vasif, qayınatası Məhəmmədəli Aslanovdan yadigar qalmış qoşalüləli ov tüfəngi ilə Bəxtiyar Aliyevə 1 dəfə atəş açmış, Bəxtiyar Aliyev yerindəcə ölmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 Elman oğlu, Şahid4, Şahid5 Şahid1 ifadəsində göstərdiyi xüsusatlarla oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 qızı ifadəsində göstərmişdir ki, X20 onun əridir. Onlar evləndikdən sonra ilk vaxtlar münasibətləri yaxşı olsa da sonradan pisləşməyə başlamış, Bəxtiyar və anasının hərəkətlərinə dözməyərək 2019-cu il yanvar ayında atası evinə çıxıb getmişdir. Bundan sonra Bəxtiyarın etdikləri və münasibətləri barəsində məlumatlı olmamışdır. Bəxtiyarın qeyri-qanuni əməlləri barəsində, o cümlədən, ayrı-ayı şəxsləri şantaj etməsi barədə məlumatlı olmamışdır. Mərhum Bəxtiyar etdikləri barədə heç bir zaman evdə danışmamışdır. Hadisə olan gün, yəni 21 yanvar 2021-ci il tarixdə saat 20 radələrində o, atası evində olmuşdur. Ona qardaşı Nicat bildirmişdir ki, Bəxtiyar odlu silahdan açılmış atəş nəticəsində öldürülmüşdür. Hadisəni törədən şəxsin öz dayısı oğlu Təqsirləndirilən şəxs olduğunu sonradan eşitmişdir. Hadisənin hansı səbəbə baş verməsi barədə məlumatlı olamamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X26-Təcrübi Tədris birliyinin Şəmkir rayon şöbəsi tərəfindən təqdim edilmiş canlı şəxsin ekspertizasına dair 24.01.2021-ci il tarixli 86 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X26-Təcrübi və Tədris birliyinin Şəmkir rayon şöbəsi tərəfindən təqdim edilmiş meyitin ekspertizasına dair 05.02.2021-ci il tarixli 04 saylı rəyindən görünür ki,
1. X2 meyitinin baş nahiyəsində kor qırmalı odlu silah yaraları aşkar edildi. Yaraların giriş dəliyi başın tüklü hissəsinin sağ təpə nahiyəsində 2 ədəd, sol təpə nahiyəsində 2 ədəd, alın nahiyəsinin sol yarısında 1 ədəd, başın tüksüz hissəsində alın nahiyəsinin sağ yarısında mərkəzə yaxın hissədə 3 ədəd, alın nahiyəsinin sol yarısında 3 ədəd, sol təpəgicgah nahiyəsində 1 ədəd, sol gicgah nahiyəsində 4 ədəd, qaşlararası nahiyədə 1 ədəd, bilavasitə sol qaş üzərində 2 ədəd, burun əsasında yəhər üzərində 2 ədəd, burun əsasının sol yan səthində 1 ədəd, burunun uc hissəsində 2 ədəd, sol qaşaltı nahiyədə 1 ədəd, sol göz alması üzərində 1 ədəd, sağ gözün bayır hissəsində 1 ədəd, sol almacıq nahiyəsində 3 ədəd, sol yanağın aşağı üçdə birində -sol ağız bucağından 3 sm solda 1 ədəd, sağ yanağında 2 ədəd olmaqla yerləşir. Beləliklə, yara kanalının istiqaməti öndən arxaya, qismən soldan sağa doğrudur. Yara kanalı boyunca dəri toxuması, alın, sol gicgah, sol almacıq və burun sümükləri, ön kəllə çuxuru, beyinin sərt qişası, beyinin yumşaq qişası və baş beyin toxuması zədələnmişdir.
2. X2 baş nahiyəsində aşkar edilmiş kor odlu silah yaraları patronu qırma ilə doldurulmuş odlu silahdan, ola bilsin ki, ov tüfəngindən atəşin əlavə faktorlarının təsir etmədiyi uzaq məsafədən açılmış bir atəş nəticəsində törənmişlər, həyatıdırlar, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 21 yanvar 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdir.
3. X2 ölümünə səbəb odlu silah yaralanması nəticəsində baş beyin toxumasının əzilib dağılması olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X2 ölümü meyitin müayinəyə başlanmasından 10-12 saat əvvəl baş vermişdir.
4. X2 baş nahiyəsində aşkar edilmiş odlu silah yaralarının sayına və giriş dəliyinin lokalizasiyasına, yara kanalının istiqamətinə əsasən onu demək olur ki, atəş açan şəxsin zərərçəkmişin sol ön-yan tərəfində ayaq üstə duruş vəziyyətində olması daha çox ehtimal olunur.
5. X2 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatının nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir. (cild 1 səhifə 287) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ballistik ekspertizasının 25 fevral 2021-ci il tarixli 3/310; 3/311 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silah - zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluqlarının uzunluğu 70 mm olan, “TOZ-B” modelli, “4433” nömrəli, lüləsi eyni modeldən olan “175274” №-li və lüləaltı yatağı eyni modeldən olan “176788” №-li ov silahının lüləsi və lüləaltı yatağı ilə komplektləşdirilmiş xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov tüfəngidir, lakin sonradan konstruktiv dəyişikliyə məruz qalaraq lülələri və qundağı kustar üsulla kəsilib qısaldılaraq, ilkin təyinatı dəyişdirildiyindən tüfəng kəsiyidir, odlu silah hesab edilir, nasazdır, rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən sol lüləsindən atəş açmaq üçün yararsızdır, lakin sağ lüləsindən atəş açmaq üçün yararlıdır, ön tətiyə toxunmadan rəyin təsviri hissəsində göstərilmiş şəraitlərdə sağ lüləsindən atəş açıla bilər. Həmin modeldən olan, ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış 16 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, 5 mm diametrli qırmalar 500 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə və həmin məsafələrə uyğun olaraq hədəfdə (o cümlədən canlı hədəfdə) müvafiq zədə yetirmə qüvvəsinə malik olurlar. Hal-hazırki vəziyyətində silahın lülələri kəsildiyindən ballistik xüsusiyyətləri dəyişilmiş, buna görə də qırmaların maksimal uçuş məsafəsini, həmçinin məhvedici gücə malik olduğu məsafəni dəqiq müəyyən etmək olmur. Tədqiqata təqdim edilmiş 5 (beş) ədəd patron - zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardırlar, atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd giliz - zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronun atəşlə ayrılmış hissəsidir - gilizidir. Həmin giliz, təqdim edilmiş “TOZ-B” modelli, “. 4433” №-li, lüləsi eyni modeldən olan “175274” №-li və lüləaltı yatağı eyni modeldən olan “176788” №-li ov, silahının lüləsi və lüləaltı yatağı ilə komplektləşdirilmiş tüfəng kəsiyinin sağ lüləsindən atılmışdır. Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd metal predmet - zavod üsulu ilə hazırlanmış, patronların daxilinə doldurulan atəş komponentlərinin atəşlə ayrılmış hissələridir - 4,00 mm diametrli qırmalardır. Həmin qırmaların üzərlərində atıldığı tüfəngin lülə kanalının divarından qalmağa xarakterik izlər eyniləşmə tədqiqatı üçün azlıq təşkil etdiyindən onların təqdim edilmiş, “TOZ-B” modelli, “. 4433” №-li, lüləsi eyni modeldən olan “175274” №-li və lüləaltı yatağı eyni modeldən olan “176788” №-li ov silahının lüləsi lüləaltı yatağı ilə komplektləşdirilmiş tüfəng kəsiyində atılıb-atılmadıqlarını, eləcə də atəşdən əvvəl təqdim edilmiş giliz ilə vahid bütövlük təşkil edib-etməmələrini müəyyən etmək mükün deyildir. Tədqiqata təqdim edilmiş ov tüfənginin kəsiyindən sonuncu təmizləmədən sonra atəş (atəşlər) açılmışdır. Müvafiq elmi motodika olmadığından atəşin sayını müəyyen etmək mümkün deyil. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X15 X29 maddi sübutların məhkəmə-tibbi kriminalistik və bioloji ekspertizasına dair 15.02.2021-ci il tarixli 77/2021-MTBŞ №-li rəyindən görünür ki, X9 ABO sistemi üzrə qrup göstəricisi: A (İİ) -(şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A (İİ) -(şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim olunmuş X9 boyun hissəsi xəzli gödəkcə, pulover, uzunqol köynək, mayka, üç ədəd cubuqlu pambıq üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda yalnız A antigeni alındı. Həmin qan ləkələri A /İİ/ qruplu şəxsə, o cümlədən, X12 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa). Ekspertizaya təqdim olunmuş X9 02 ədəd şalvarı, Təqsirləndirilən şəxs kurtkası, cins şalvarı üzərində qana şübhəli ləkələr aşkar olunmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X15 X29 maddi sübutların məhkəmə-tibbi-kriminalistik ekspertizasına dair 19.02.2021-ci il tarixli 51/2021-MTBŞ №-li rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə və şalvar üzərində hərhansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş X13 məxsus gödəkçə, jilet, köynək, mayka və iki ədəd şalvar üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kompüter texniki ekspertizasının 29 mart 2021-ci il tarixli 5/222 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A50” markalı arxa markalanma göstəricisinə görə “SM- A505FN/DS” modelli “356644/10/005730/1, 356645/10/0057*0/8” işarəsi ilə oxunmayan rəqəm göstərilmişdir) imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Samsung Galaxy A50” markalı arxa markalanma göstəricisinə görə “SM-A505FN/DS” modelli mobil smartfonda istifadəçi tərəfindən tətbiq edilmiş qrafik təsvirlə mühafizə olunan ekran kilidinin mobil cihazın yaddaşında olan məlumatları silmədən düzgün təsvirini müəyyən etmək və ləğv etmək mümkün olmadı. Təqdim edilmiş “Samsung Galaxy A50” markalı arxa markalanma göstəricisinə görə “SM-A505FN/DS” modelli mobil smartfonun yaddaşında mövcud olan müəyyən məlumatlar əldə olundu(bax rəyə əlavə olunmuş iki ədəd DVD-R disk). Rəyin ‘Tədqiqat hissəsi”nin 4-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy A50” markalı arxa markalanma göstəricisinə görə “SM- A505FN/DS” modelli mobil smartfonun yaddaşından hər hansı bir (“Whatsapp” proqram təminatında aparılmış məlumat mübadiləsi və s.) məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Təqdim edilmiş mobil smartfonun daxilində olan "xxxx" mobil operatoruna məxsus “********************” (İCCİD) seriya nömrəli və "xxxx" mobil operatoruna məxsus “********************” (İCCİD) seriya nömrəli “SİM” danışıq kartları hal-hazırda işlək vəziyyətdədirlər. Təqdim edilmiş “Samsung Galaxy A50” markalı arxa markalanma göstəricisinə görə “SM-A505FN/DS” modelli mobil smartfonun daxilindəki "xxxx" mobil operatoruna məxsus “********************” (İCCİD) seriya nömrəli “SİM” danışıq kartının yaddaşından (28 ədəd kontakt və 03 ədəd SMS mesaj) məlumatlar, "xxxx" mobil operatoruna məxsus “********************” (İCCİD) seriya nömrəli “SİM” danışıq kartının yaddaşından (02 ədəd kontakt) məlumatlar müəyyən olundu(bax rəyə əlavə olunmuş bir ədəd DVD-R disk). Təqdim edilmiş “Samsung Galaxy A50” markalı arxa markalanma göstəricisinə görə “SM-A505FN/DS” modelli mobil smartfonun daxilindəki üzərində “micro SD 64GB” yazısı olan xarici yaddaş kartı hal-hazırda işlək vəziyyətdədir. Həmin xarici yaddaş kartında olan məlumatlar “Ekspertiza 5-222” adlı iş çantasında üç ədəd DVD-R”-tipli diskə köçürülərək ekspert rəyinə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin 06 aprel 2021-ci il tarixli, 167/45 nömrəli kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməlkini törətməzdən əvvəl və həmin əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini dərk etmiş, hadisəni faktiki düzgün qavramış və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk və idarə etmək, baş verən hadisələri düzgün qavramaq iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional vəziyyətdə olmuşdur və bu halın yaranma səbəblərindən biri zərərçəkmişin ona və anasına qarşı etmək istədiyi hərəkətlə əlaqəli ola bilər. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarına əlavə edilmiş 23 yanvar 2021-ci il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, SAMSUNG J5 PRİME” markalı mobil telefonun ekranın sağ hissəsində yerləşən “Uygulmlr” bölməsinə daxil olduqda “Fotoğraflar” qovluğu göstərilmişdir. Həmin qovluğa daxil oldquda şəxsi(ailəvi) şəkil və videolar, o cümlədən, 2020-ci ilin iyul ayında çəkilmiş olan “6b4c5f50-4e8d-4fcb-8e81-ec2541c3c31b.mp4” yazılımlı həcmi 1,37 meqabayt olan video diqqəti cəlb edir. Həmin video mərhum X19 tərəfindən qeydə alınmışdır. Videodadan görünür ki, yaşlı qadın evin arxa hissəsində düzəldilmiş hamamda lüt şəkildə çimir. Qadının yanında vedrə, əlində su qabı vardır. Ətrafda uşaq gülüşmə səsi eşidilir. Bu zaman Bəxtiyar Aliyev çəkiliş aparmağa başlayır. Qadın “ə yaxşı, yekə oğlansan, çəkmə” deyərək xəbərdarlıq etsə də, Bəxtiyar Aliyevə gülə-gülə “az çəkmirəm, özüm eliyirəm” deyərək çəkilişi davam etdirir. Bu zaman Bəxtiyar Aliyev “ay da, nə bomba şeydir bu....” deyərək qeyri-etik cümlələr işlədir. Yaşlı qadın Bəxtiyar Aliyevi xəbərdar edərək çəkilişi dayandırmağı tələb etsə də, sonuncu çəkilişi davam etdirir və “ə, çəkdim” deyərək gülə-gülə oradan uzaqlaşır. İş materiallarına əlavə edilmiş 24 yanvar 2021-ci il tarixli “tüfəngə və patronlara baxış keçirilməsi barədə” protokoldan görünür ki, tüfəngin səthinə müxtəlif bucaq altında təbii və süni işıqda vizual baxdıqda gözlə görünə bilən hər hansı bir iz müşahidə edilməmişdir. Tüfəngin ümumi uzunluğu 44 sm, lüləsinin uzunluğu 28,9 sm, qundağ hissəsinin uzunluğu isə 21,5 sm-dir. Tüfəngin qundaq hissəsi qara rəngli izolentlə bağlanmışdır. Tüfəngin lüləsinin altında qəhvəyimtil rəngli, taxtadan lüləaltı qapaq vardır. Həmin lüləaltı qapağın ümumi uzunluğu 21 sm təşkil edir. Lüləaltı qapağı açdıqda iç tərəfində “176788-59” rəqəmləri həkk olunmuşdur və 1961-ci il istehsallıdır. Tüfəngin lüləliyin ön hissəsi qismən paslı vəziyyətdədir. Bundan sonra tüfəngin lüləsi açılaraq lülə yuvalarına baxılmış və orada hər hansı bir əşya aşkar edilməmişdir. Lüləsinin üzərində “№ 175274” rəqəmləri, qundağın iç səthində isə “4433” rəqəmləri həkk olunmuşdur. Tüfəngin qundaq hissəsin sol tərəfində gül rəsmləri, sağ tərəfində isə müxtəlif quş rəsmləri həkk olunmuşdur. İş materiallarına əlavə edilmiş “könüllü olaraq polis şöbəsinə gəlib təqsirini etiraf etməsi barədə” tərtib edilmiş 21 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 20:30-da Təqsirləndirilən şəxs Elman oğlu Şəmkir rayon polis şöbəsinin növbətçi hissəsinə yaxınlaşaraq 16 çaplı qoşalüləli ov tüfəngini, 05 (beş) ədəd patronu və 01 (bir) ədəd boş gilizi təhvil verərək bibisi oğlu X14 öldürdüyünü və könüllü şəkildə təslim olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 21 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:30-da CM-in 120.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 23 yanvar 2021-ci il tarixli “həbs qətimkan tədbirinin seçilməsinə dair” 4(076)-12/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 21 yanvar 2021-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild 1 səh 125) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİdən verilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəmkir mərkəzi rayon xəstəxanasının “Publik hüquqi şəxsi” konsultativ poliklinika şöbəsi tərəfindən təqdim edilmiş 21.01.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Şəmkir rayonu icra hakimiyyəti başçısının Qədimqala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Şəmkir rayonu icra hakimiyyəti başçısının Qədimqala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 25.01.2021-ci il tarixli 46 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı X16 və oğulları X22 və X23 ilə birlikdə Şəmkir rayon Qədimqala kəndində yaşamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X1 20 may 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəmkir rayon Kür qəsəbə xəstəxanasının 31 may 2021-ci il tarixli 521/1914 nömrəli ambulator və ya stasionar xəstənin xəstəlik tarixindən çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs sol qamış sümüyünün kəskin osteomieliti xəstəliyindən əziyyət çəkir. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəmkir rayon polikilinikasının 12 fevral 2021-ci il tarixli 446 nömrəli ambulator xəstənin tibbi kitabçasının surətindən görünür ki, X22 orta dərəcəli qarışıq miropik asfiqmatizm refraksion ambliopiya xəstəliyindən əziyyət çəkir. İş materillarına əlavə edilmiş X18 Mərkəzinin 14 dekabr 2020-ci il tarixli ******* nömrəli ambulator kitabçadan çıxarışın surətindən görünür ki, X5 bud sümüyünün 0/3 hissəsinin qəlpəli dəyişməli sınığı xəstəliyindən əziyyət çəkir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)- 110/2018-ci il tarixli hökmündən görünür ki, X20 AR CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib AR CM-in 70-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə təqsirli bilməyərək ifadəsində qorxutmaq məqsədilə Bəxtiyarın başının üstündən 1 dəfə atəş açdığını, məqsədi Bəxtiyarı öldürmək yox, videonu sildirə bilməsi üçün onu qorxutmaq olduğunu göstərmiş, məhkəmə istintaqının gedişində isə ifadəsinə əlavə olaraq Bəxtiyar Aliyevin qanunsuz əməlləri nəticəsində onda yaranmış güclü ruhi həyəcan vəziyyətində həmin cinayət əməlini törətdiyini bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs özünü təqsirli bilməməklə verdiyi qeyd edilən məzmunlu ifadələrini işin faktiki hallarına uyğun olmayan, məsuliyyətini yüngülləşdirməyə xidmət edən, uydurma ifadələr kimi qəbul edərək, hesab edir ki, onun təqsiri məhkəməyədək icraat zamanı özünü təqsirli bilməklə verdiyi ifadəsilə, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə təsdiq olunmuşdur. Belə ki, məhkəməyədək icraat zamanı özünü təqsirli bilməklə verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, “Təxminən 1(bir) il bundan əvvəl anası Şahid1 yaşadıqları evin həyətində çimərkən bibisi oğlu Bəxtiyar Aliyev anasının çılpaq şəkildə videosunu gizlin çəkmişdir. Həmin vaxt evlərində heç kəs olmamışdır. Bu barədə daha sonra Bəxtiyar Aliyevlə söhbət əsnasında ona bildirmişdir. Belə ki, Bəxtiyar Aliyev istifadəsində olan "***-***-**-**" mobil telefon nömrəsindən ona zəng edərək Şəmkir rayonu, Qədimqala kəndindən rayon mərkəzinə getməyi xahiş etmişdir. O, razılıq vermiş və 16 yanvar 2021-ci il tarixdə saat 19 radələrində idarə etdiyi "NİSSAN XTRAİL" markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə bibisi oğlu Bəxtiyar Aliyevi yaşadığı Qədimqala kəndindən götürmüş və yolda Bəxtiyar söhbət açaraq birbaşa anasının çılpaq şəkildə videosunu çəkdiyini bildirmiş, həmin videonun silinməsi qarşılığında 10.000 manat məbləğində pul ödəməli olduğunu demişdir. O, doğma bibisi oğlunun belə bir hərəkətə yol verməyəcəyini düşünərək əvvəl inanmamışdır. Lakin, Bəxtiyar təkidlə yenidən pul tələb etmiş və anasının çılpaq şəkildə çimdiyi zaman çəkdiyi videosunu ona göstərmişdir. Bəxtiyar ondan 10.000 manat pul tələb etmiş və ödəməyəcəyi halda, həmin videonu sosial şəbəkələrdə paylaşacağını bildirmişdir. O, Bəxtiyar Aliyevin xarakterinə bələd olduğundan həmin pul vəsaitini ödəyəcəyini və videonu yaymamasını ona demişdir. Aralarında olan söhbət Şəmkir rayonunda "dördyol" deyilən ərazidə baş vermişdir. Bundan sonra bibisi oğlu Bəxtiyar israrla zəng edərək pul vəsaitini nə zaman verəcəyini soruşmuş və hədəqorxu gələrək videonu yayacağını bir daha bildirmişdir. Bəxtiyar Aliyevin bu hərəkətlərindən hiddətlənərək sonuncunu öldürmək qərarına gəlmişdir. O, Bəxtiyarın tələbi ilə 21 yanvar 2021-ci il tarixdə saat 20 radələrində onu yaşadığı Şəmkir rayonu, Qədimqala kəndində olan evindən götürmüş, bu zaman tələb etdiyi pulu hazırlayıb verəcəyini bildirmişdir. Bəxtiyarı Qədimqala kənd qəbirstanlığının yaxınlığına aparmışdır. Həmin qəbirstanlıq onun evindən 200 metr məsafədə yerləşdiyindən o, Bəxtiyar Aliyevə avtomobildə gözləməsini və pulu evdən götürəcəyini bildirmişdir. Bundan sonra o, yaşadığı evin zirzəmisindən babası X4 miras qalmış, babası tərəfindən lüləsi və qundağı kəsilmiş qoşa lüləli ov tüfəngini götürüb tüfəngi 1(bir) ədəd patronla dolduraraq əynində olan zoğalı rəngli gödəkçənin altında gizlətmiş və evdən çıxaraq Bəxtiyar Aliyevə tərəf hərəkət etmişdir. Bu zaman o, əlavə olaraq 6(altı) ədəd patron da götürmüşdür. O, Bəxtiyar Aliyevə yaxınlaşan zaman aralarında təxminən 7(yeddi) metr məsafə qalmışdır. Bu vaxt, o, gödəkçəsində olan silahı çıxartmış, silahı Bəxtiyar Aliyevə tərəf tuşlayan zaman o, qaçmağa cəhd etmiş, lakin o, Bəxtiyara tərəf 1(bir) dəfə atəş açmışdır. Bu zaman ətrafda heç kəs olmamışdır və silahın istiqaməti qəbristanlığa tərəf olmuşdur. Bəxtiyar huşsuz vəziyyətdə yerə yıxılmışdır. O, bibisi oğluna tərəf getmədən könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olmaq məqsədilə idarə etdiyi "NİSSAN XTRAİL" markalı avtomobilinə əyləşərək Şəmkir rayon polis şöbəsinə tərəf hərəkət etmişdir. Təxminən 20(iyirmi) dəqiqə sonra Şəmkir rayon polis şöbəsinə çatmış, əlində silahla içəri daxil olaraq bibisi oğlu Bəxtiyar Aliyevi öldürdüyünü və könüllü təslim olmaq üçün gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra onu da göstərmişdir ki, onun Bəxtiyar Aliyevə atəş açmaqda əsas məqsədi sonuncunun ona qarşı qanunsuz hərəkətləri, ona hədə-qorxu gələrək ailə üzvləri barəsində olan məlumatların rüsvayedici şəkildə sosial şəbəkələrdə yayacağı ilə bağlı onu hədələməsi, həmçinin, bunun qarşılığında ondan 10.000 manat məbləğində pul tələb etməsi olmuşdur. Həmçinin, “6b4c5f50-4e8d-4fcb- 8e81-ec2541c3c31b.mp4” yazılımlı video ona real şəkildə nümayiş etdirilmişdir. Həmin videoda çimən şəxs anası Şahid1 olmuşdur. Həmin videoda “az çəkmirəm, özüm eliyirəm” deyərək kinayəli şəkildə gülən şəxs məhz Bəxtiyar Aliyev özü olmuşdur. O, Bəxtiyar Aliyevi həmin videonu çəkərək nümayiş etdirdikdən sonra hədə-qorxu gəlməklə ondan 10.000 manat məbləğində pul tələb etdiyinə görə öldürmüşdür.” Göründüyü kimi Təqsirləndirilən şəxs Bəxtiyar Aliyevin anası Şahid1 yaşadıqları evin arxa tərəfində hamamda çimərkən çılpaq şəkildə çəkdiyi videosunu ona göstərib 10.000 manat pul verməyəcəyi təqdirdə həmin videonu sosial şəbəkələrdə yayaraq onu və ailə üzvlərini rüsvay edəcəyi ilə bağlı hədə-qorxu gəlməsi ilə əlaqədar qisas almaq niyyətilə Bəxtiyar Alıyevi qəsdən öldürməklə onu həyatdan məhrum etmişdir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini güclü ruhi həyəcan vəziyyətində törətməsilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsini də inandırıcı ifadə kimi qəbul etmir. Belə ki, məhkəməyədək icraat zamanı iş üzrə keçirilmiş kompleks məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional vəziyyətdə olmuşdur və bu halın yaranma səbəblərindən biri zərərçəkmişin ona və anasına qarşı etmək istədiyi hərəkətlə əlaqəli ola bilər. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Göründüyü kimi keçirilmiş məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional vəziyyətdə olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişin ona və anasına qarşı etmək istədiyi hərəkətlə əlaqəli ola bilməsi göstərilmiş, lakin o hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-in 120.1 və 228.1-ci maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı Qərarının 21ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Azərbaycan Respublikasının CM-in 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri ilə bağlı törədilməsi, könüllü gəlib təqsirini boynuna alması, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmaması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayəti odlu silahdan istifadə etməklə törətməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayəti odlu silahdan istifadə etməklə törətməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal olduğundan məhkəmə tərkibi hesab edir ki, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri ilə bağlı törədilməsi CM-in 59.1.8-ci maddəsinə əsasən, könüllü gəlib təqsirini boynuna alması CM-in 59.1.10-cu maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi isə CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirici hallar kimi nəzərə alınsa da, həmin məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda cəza təyin edilərkən tətbiq edilməməlidir. Azərbaycan Respublikasının CM-in 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayət hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus paltarlar – zoğalı rəngli kurtka və göy cins şalvar yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, meyitə baxış zamanı götürülmüş X13 məxsus paltarlar- yaxalıq boyun hissəsi xəzli, solğun yaşıl rəngdə, önü zəncirbəndli gödəkcə, önü düyməli qara rəngdə qolsuz poliver, yerliyi qırmızı, üzərində qara rəngdə milləri olan uzunqol köynək, ağ rəngdə qolsuz mayka, belində qara kəməri olan boz rəngdə şalvar, bel nahiyəsində söküntüləri olan boz rəngli şalvar yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, hadisə yerinə baxış zamanı götürülmüş 3 ədəd pambıq çöp, zərərçəkmiş şəxs X9 başından çıxarılmış deformasiyaya uğramış 3(üç) ədəd qırma (karteç), boş giliz məhv edilməli, X10 meyitinə baxış keçirilən zaman sol cibindən aşkar edilərək götürülmüş “SAMSUNG J5 PRİME” markalı mobil telefon yaxın qohumlarına qaytarılmalı, “SAMSUNG J5 PRİME” markalı mobil telefonun “Fotoğraflar” qovluğundan aşkar edilmiş, həcmi 1,37 meqabayt olan videonun əks olunduğu 1 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk, məhkəmə kompüter-texniki ekspertizasının 29 mart 2021-ci il tarixli 5/222 nömrəli rəyi ilə birlikdə daxil olmuş 6(altı) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulduğundan, maddi sübut olan və Şəmkir rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılan, Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinə könüllü olaraq təhvil verdiyi 16 kalibrli, patronluqlarının uzunluğu 70 mm olan, “TOZ-B” modelli, “4433” nömrəli, lüləsi eyni modeldən olan “175274” №-li və lüləaltı yatağı eyni modeldən olan “176788” №-li tüfəng və 05 ədəd patron dövlət nəfinə müsadirə olunaraq DİN-nin silah-sursat anbarına təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 181,65 manat (bir yüz səksən bir manat altmış beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.1-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 21 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus paltarlar – zoğalı rəngli kurtka və göy cins şalvar yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, meyitə baxış zamanı götürülmüş X13 məxsus paltarlar- yaxalıq boyun hissəsi xəzli, solğun yaşıl rəngdə, önü zəncirbəndli gödəkcə, önü düyməli qara rəngdə qolsuz poliver, yerliyi qırmızı, üzərində qara rəngdə milləri olan uzunqol köynək, ağ rəngdə qolsuz mayka, belində qara kəməri olan boz rəngdə şalvar, bel nahiyəsində söküntüləri olan boz rəngli şalvar yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, hadisə yerinə baxış zamanı götürülmüş 3 ədəd pambıq çöp, zərərçəkmiş şəxs X9 başından çıxarılmış deformasiyaya uğramış 3(üç) ədəd qırma (karteç), boş giliz məhv edilsin, X10 meyitinə baxış keçirilən zaman sol cibindən aşkar edilərək götürülmüş “SAMSUNG J5 PRİME” markalı mobil telefon yaxın qohumlarına qaytarılsın, “SAMSUNG J5 PRİME” markalı mobil telefonun “Fotoğraflar” qovluğundan aşkar edilmiş, həcmi 1,37 meqabayt olan videonun əks olunduğu 1 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk, məhkəmə kompüter-texniki ekspertizasının 29 mart 2021-ci il tarixli 5/222 nömrəli rəyi ilə birlikdə daxil olmuş 6(altı) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulduğundan, maddi sübut olan və Şəmkir rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılan, Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinə könüllü olaraq təhvil verdiyi 16 kalibrli, patronluqlarının uzunluğu 70 mm olan, “TOZ-B” modelli, “4433” nömrəli, lüləsi eyni modeldən olan “175274” №-li və lüləaltı yatağı eyni modeldən olan “176788” №-li tüfəng və 05 ədəd patron dövlət nəfinə müsadirə olunaraq DİN-nin silah-sursat anbarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfi olan 181,65 manat ( bir yüz səksən bir manat altmış beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.