Məhkəmə qərarları › İş №1(100)-217/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-217/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-217/2024 06.02.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X1 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7 oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1990-cı il tarixdə Şəmkir şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, Səttərxan küçəsi, ev 42-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 09 may 2023-cü il tarixdə, istintaqa məlum olmayan vaxtda və mənbədən bir ədəd şəffaf sellofan bükümün içərisində 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni 14,084 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında 12 may 2023-cü il tarixdə saat 12 radələrində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Şəmkir şəhəri, Səməd Vurğun küçəsində şübhəli şəxs qismində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisindən kustar üsulla hazırlanmış, külli miqdarda ümumi təmiz çəkisi 14,084 qram miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 12 may 2023-cü il tarixdə günorta saatlarında yaxın bir tanışı X4 ilə Şəmkir şəhəri, Səməd Vurğun küçəsində, yəni 1-ci küçədə yerləşən yanacaq doldurma məntəqəsinin yanındaki mağazanın fasadının kafelini vuran zaman əvvəllər tanıdığı və bir neçə dəfə məsciddə gördüyü polis əməkdaşı Şahid1 bir neçə polis əməkdaşı ilə birlikdə ona yaxınlaşmışdır. O, sonuncuya əlini uzadıb salam verən zaman polislər onun əlini burub özlərinin maşınına aparmışlar. Daha sonra onu polis şöbəsinə aparmışlar. Polis şöbəsinə arxa tərəfdən girəndə onun qoluna qandal vurmuşlar və səhv etmirsə Şahid1 sağ arxa cibinə narkotik qoymuşdur. Daha sonra onu sanki bir sərhədi keçən erməni və terrorçu kimi rəis müavini Elşən müəllimin yanına aparmışlar. Həmin vaxtı polislər ona qarşı çox kobud davranmışlar. Elşən müəllim ona cibində nə varsa çıxartmağını demişdir. O da cibində olan “LD” siqaretini və qəpikləri çıxardıb təqdim etmişdir. Daha sonra Elşən cibində başqa nəsə qalıb-qalmadığını soruşmuş, o isə heç nə qalmadığını demişdir. Elə bu vaxtı Şahid1 əlini onun cibinə atıb narkotiki çıxartmaq istəyəndə Elşən müəllim Vüqara nəyə görə özünün çıxartdığını demişdir. O da Elşənə Vüqarın qoyduğu üçün elə sonuncunun özünün də çıxartmalı olduğunu bildirmişdir. Çünki narkotiki onun cibinə Şahid1 qoymuşdur. Sonuncu narkotiki onun cibindən çıxardaraq otaqdaki masanın üzərinə qoymuşdur. Həmin vaxtı Elşən müəllim ondan nəyə görə özünü düzgün apara bilmədiyini soruşmuş, o da sonuncuya heç nə etmədiyini bildirmişdir. Daha sonra Elşən müəllim ona “elə belə olmağı yaxşı oldu, yoxsa səni banditizm aparası idi” demişdir. O isə sonuncuya “elə banditizmin aparması yaxşı olardı, çünki siz araşdırmırsınız” demişdir. Bu sözlərindən sonra Elşən müəllim ona narkotiki üzərinə götürməsini, götürmədiyi halda evinə və maşınına daha artıq çəkidə narkotik qoyacaqlarını deyib hədə qorxu gəlmişdir. Həmin vaxtı ona qarşı hər hansı fiziki zorakılıq göstərilməmiş, sadəcə sözlə qorxutmuşlar. Daha sonra isə polislərdən kimsə “evindən və maşınından çıxardarıq, körpə uşaqların var” demişdir. O da qorxaraq cibinə qoyulan narkotikin özünə məxsus olmasını etiraf etmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, ümumiyyətlə narkotik vasitələrdən istifadə etməmiş, ibtidai istintaq zamanı onu ekspertizadan keçirmişlər, lakin narkotik aşkar edilməmiş, istifadəsində olan mobil telefon da yoxlanılmış, lakin narkotiklə bağlı hər hansı məlumat və ya mesaj tapılmamışdır. O, özü də bu günə kimi nəyə görə saxlanıldığını bilməmişdir. Çünki onun heç kimlə ədavəti olmamış, əvvəllər də heç vaxtı tutulmamışdır. Birinci dəfə barəsində həbs seçiləndə Şəmkir Rayon Məhkəməsində təzyiqlərə məruz qaldığını deyə bilməmiş, əksinə guya bir neçə il bundan qabaq narkotikdən istifadə etdiyini təzyiq altında bildirmişdir. Həmin sözləri deməsinə səbəb isə ona göstərilən təzyiqlər olmuşdur. O da təzyiq altında qalaraq birinci məhkəmədə narkotikin özünə məxsus olmasını etiraf etmişdir. Onu həbsin uzatması ilə bağlı sanksiyaya çıxardanda isə Şəmkir Rayon Məhkəməsində heç bir günahı olmadığını və polislərin onun qarşısına günahının olması ilə bağlı hər hansı bir sübut və ya video qoya bilmədiklərini demişdir. İstintaq zamanı etirafedici ifadələrini təzyiq altında vermişdir. O, ehtimal etmiş ki, onu namaz qıldığına görə tutmuşlar. Namaz qılmağı ilə bağlı onun İranla hər hansı bir əlaqəsi olmamış, nə də ki dövlətə qarşı xəyanət və çıxışlar etməmişdir. Onun üzərinə narkotiki polis bölməsinə arxa tərəfdən girəndə nəzarətçiyə çatmamış qoymuşlar. Həmin vaxtı birinci qoluna qandal vurulmuş, sonra isə Şahid1 narkotiki cibinə qoymuşdur. Otaqda da narkotiki cibindən Şahid1 çıxartmış, o, özü narkotik təqdim etməmişdir. Çəkilişdə təzyiq altında olduğu üçün narkotikin özünə məxsus olmasını etiraf etmişdir. Ona demişlər ki, çıxış yolu yoxdur, götürüb getməlidir. O da narkotiki üzərinə götürmədiyi halda ona qarşı başqa cür təzyiq edəcəklərini və maşınına qoyacaqlarını fikirləşib üzərinə qoyulan narkotikin özünə məxsus olmasını etiraf etmişdir. Bir müddət keçəndən sonra istintaq təcridxanasında ona başa salmışlar ki, polislər artıq ona heç nə edə bilməzlər. Polislərin ifadələrində guya ki onu küçədən aparmaqlarını göstərmələri yalan olmuşdur. Onu saxlayan vaxtı iş yoldaşı ilə birlikdə həmin küçədə yerləşən mağazada iş paltarında işləmişdir. Mağazada kamera da olmuş, lakin görüntü silinmiş, onu da iş formasında aparmışlar. O, polislərin qanunsuz hərəkətləri ilə bağlı bir müddət heç bir orqana şikayət etməmiş, lakin sonradan qohum-əqrəbə yazmağa başlamışdır. Bununla belə, özü heç bir yerə şikayət etməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ifadəsi, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi ifadəsi elan edilməklə və həmin ifadəsinə dair videoçəkiliş nümayiş etdirilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, o, bir müddətdir narkotik vasitə olan heroini iyləmək yolu ilə qəbul etmişdir. O, 09 may 2023-cü il tarixdə saat təxminən 19 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında piyada gəzən zaman yerdə büküm olduğunu görüb götürmüş, içərisinə baxdıqda isə kokos adlandırılan narkotik vasitə heroin olduğunu görmüşdür. O, həmin bükümü öz istifadəsi üçün cibinə qoymuş, yaşadığı evdə ailə üzvlərinin həmin bükümü görməməsi üçün üzərində daşımış, bir dəfə də həmin narkotikdən istifadə etmişdir. 12 may 2023-cü il tarixdə saat təxminən 12 radələrində o, Şəmkir şəhəri, Səməd Vurğun küçəsində olan zaman ona mülki geyimli şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını deyib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onu Şəmkir RPŞ-ya dəvət etmişlər. O da həmin şəxslərlə birlikdə Şəmkir rayon polis şöbəsinə getmişdir. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman o, üzərində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı şəffaf rəngli sellofanda olan narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və sellofan ilə birlikdə çəkisi 14,29 qram təşkil etmişdir. Həmin büküm müvafiq qaydada qabşaldırılaraq götürülmüşdür. Daha sonra axtarış davam etdirilmiş, onun üzərindən 1 ədəd Samsung A50 markalı telefon, 1 ədəd siqaret və 2 manat 10 qəpik pul aşkar edilmişdir. Polis əməkdaşları onun telefonunu götürüb qalan əşyalarını geri qaytarmışdır. Şifahi sorğu-sual zamanı o, əvvəllər də narkotik vasitədən istifadə etdiyini, kokosu burun vasitəsi ilə qəbul etdiyini, həmin narkotik vasitəni yerdən tapdığını, özünə məxsus olduğunu, öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, satmaq niyyətinin olmadığını, narkotik vasitəni götürdükdən sonra bu barədə heç kimə məlumat vermədiyini, ona qarşı polis əməkdaşları tərəfindən də heç bir zor tətbiq edilmədiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, ibtidai istintaq zamanı sonradan verdiyi təkzibedici ifadəsində Şahid1 adını və sonuncunun onun üzərinə narkotik qoymasını və onu banditizmlə qorxutmasını unutduğu üçün deməmiş, o, ibtidai istintaq zamanı təkzibedici ifadə verəndə vəkili yanında olmuş, ilkin etirafedici ifadələrini və sonrakı təkzibedici ifadələrini eyni vəkilinin yanında vermişdir. Onu polislər iş paltarında aparmış, ola bilər ki polislər onu aparanda kafelin tozu paltarından tökülmüş, şəxsi axtarış zamanı vəkilinin yanında narkotikin özünə məxsus olmasını etiraf etməsinə səbəb təzyiqlərə məruz qalması olmuşdur. Videoçəkiliş iki dəfə aparılmış, səhv etmirsə tutulan günü bir dəfə, növbəti gün də bir dəfə, ona qarşı fiziki zorakılıq göstərilməmiş, sadəcə psixoloji təzyiqlərə məruz qalmışdır. O, birinci dəfə həbslə bağlı məhkəməyə çıxanda narkotikin özünə məxsus olmasını etiraf etmişdir. Narkoloji ekspertizadan keçirilən zaman da narkotikdən istifadə etmədiyini, lakin üzərindən aşkar edilmiş narkotiki tapdığını demişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin CABın rəisi Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayının 12-də Şəmkir rayon polis şöbəsinin inzibati binasında xidmət aparan zaman Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadəsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat dərhal rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmışdır. Daha sonra o, əməliyyat qrupu ilə birlikdə Şəmkir şəhəri, Səməd Vurğun küçəsində, yəni 1-ci küçədə Təqsirləndirilən şəxs saxlayaraq Şəmkir RPŞ-ya gətirmişdir. Polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu, tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra axtarış keçirilmiş və Təqsirləndirilən şəxs üzərində bir ədəd şəffaf sellofanda heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, sonradan təhqiqatçıdan əldə etdiyi məlumata əsasən Təqsirləndirilən şəxs üzərindən bir bükümdə 14 qrama yaxın narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Saxlandıqdan sonra sonuncu onlarla birlikdə polis şöbəsinə gətirilmiş və təhqiqatçıya təhvil verilmişdir. Təqsirləndirilən şəxs Şəmkir şəhəri, Səməd Vurğun küçəsində, yəni 1-ci küçəsində yaşadığı evdən bir qədər aralında saxlanılmış, saxlanılan zaman tək olmuş və həmin vaxtı günorta saatları olmuşdur. Təqsirləndirilən şəxs saxlayan zaman o özü də orada olmuş, sonuncu özünə məxsus maşının yanında dayanmış və siqaret çəkmiş, onlar da yaxınlaşıb özlərini təqdim etdik polis əməkdaşları olduğunu bildirmiş, əməliyyat qrupuna özü rəhbərlik etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü üzərində olan narkotiki təqdim etmişdir. Saxlanılan zaman və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zorakılıq göstərilməmiş, sonradan keçirilmiş əməliyyat tədbirləri nəticəsində də satışla bağlı hər hansı bir məlumat əldə olunmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 Etibar oğlu ifadəsində göstərmişdir ki, 12 may 2023-cü il tarixdə günorta saatlarında Şəmkir rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin rəisi Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Şahid1 daxil olmuş məlumatı rəhbərliyə məruz etdikdən sonra sonuncunun rəhbərliyi ilə ondan, əməliyyat müvəkkili X2 və PPXB-nün polis nəfəri Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar dərhal Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirləri həyata keçirərək sonuncunun Şəmkir şəhəri, Səttərxan küçəsi, ev 42-də yaşadığını müəyyən etmişlər. Daha sonra onlar həmin gün günorta saatlarında Təqsirləndirilən şəxs Şəmkir şəhəri, Səməd Vurğun küçəsində, yəni 1-ci küçədə olmasını müəyyən edib sonuncunu saxlayaraq Şəmkir rayon polis şöbəsinə gətirmişlər və təhqiqatçıya təhvil vermişlər. Polis şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə varsa könüllü sürətdə təqdim etməsi təklif olunmuş və bu təklifdən sonra sonuncu üzərində narkotik vasitə olduğunu bildirib səhv etmirsə əynindəki cins şalvarın sağ cibindən 14 qrama yaxın bir büküm narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. Sual-cavabda Rövşən heroini öz istifadəsi üçün üzərində saxladığını və yerdən tapdığını bildirmişdir. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, onlar sonuncunu Səməd Vurğun küçəsində, yəni 1-ci küçədə saxlamış, həmin vaxtı Təqsirləndirilən şəxs tək olmuş və özünə məxsus maşının yanında dayanmış, onlar özlərini təqdim etmiş və polis əməkdaşları olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs ifadəsində guya ki onu mağazada saxlamaqlarını bildirməsi yalan olmuş, onlar sonuncunu nə evindən, nə də ki obyektdən çıxartmışlar, əksinə küçədə saxlamışlar. Saxlanılan zaman və polis şöbəsində olarkən də Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zorakılıq göstərilməmişdir. Sonradan keçirilmiş əməliyyat tədbirləri nəticəsində satışla bağlı hər hansı bir məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs özü də bildirmiş ki, narkotiki öz istifadəsi üçün üzərində saxlamış, heç kimə satmamış və alqı-satqı ilə məşğul olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə Şahid3 Etibar oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin PPXB-nün polis nəfəri Şahid4 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayında dəqiq yadında qalmayan gündə Şəmkir rayon polis şöbəsində xidmətdə olarkən rəhbərlikdən zəng edib bir nəfər şəxsin üzərində keçiriləcək üst-baş yoxlamasında iştirak etməsi tapşırılmışdır. O da sonradan adını bildiyi Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışda iştirak etmişdir. Həmin şəxs özü cibindən bir büküm narkotiki çıxarıb təqdim etmişdir. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, şəxsi axtarış zamanı narkotik vasitə aşkar edilmiş, lakin növü və çəkisi hadisədən uzun müddət keçdiyi üçün yadında qalmamış, həmin şəxs özü narkotiki tapdığını və çəkən olduğu üçün üzərində saxladığını bildirmiş, şəxsi axtarış zamanı həmin şəxsə qarşı hər hansı fiziki və psixi zorakılıq da göstərilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü cibində saxladığı narkotiki çıxarıb təqdim etmişdir. Saxlanılan zaman və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zorakılıq göstərilməmişdir. Şahid4 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələr arasında şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin növü və çəkisi ilə bağlı bağlı ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid4 həmin ifadəsində göstərmişdir ki, .......... şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya olub-olmaması, vardırsa həmin əşyanı təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə şəffaf sellofan bükümü çıxarıb narkotik vasitə olduğunu deyərək təqdim etmişdir. Sonuncunun təqdim etdiyi 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, həmin kütlə tərəzidə çəkilmiş və çəkisinin 14,29 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, üzərindən mobil telefon, 1 qutu “LD” markalı siqaret və qəpik pullardan ibarət 2 manat 10 qəpik pul aşkar edilmiş, telefon götürülmüş, pul və siqaret Təqsirləndirilən şəxs geri qaytarılmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, sadəcə olaraq hadisədən uzun müddət keçdiyi üçün hadisənin bəzi detallarını tam xatırlamamışdır. Məhkəmə istintaqı zamanı müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayının 12-də səhər saatlarında o, Təqsirləndirilən şəxslə birlikdə Şəmkir şəhəri, Səməd Vurğun küçəsində, yəni 1-ci küçədə yerləşən mağazada kafel vurmağa getmişdir. Təxminən günorta saatlarında mağazada kafel vuran vaxtı Rövşən çörək alıb evə aparmış, 15-20 dəqiqə sonra isə qayıtmışdır. Rövşən gələndən təxminən 15 dəqiqə sonra polis əməkdaşları gələrək heç nə demədən sonuncunu aparmışlar. İfadəsinin davamı olaraq Azad İsmayıllı bildirmişdir ki, o, Təqsirləndirilən şəxs uşaqlıqdan tanımış, sonuncunun narkotikdən istifadə etməsini heç vaxtı görməmiş, Rövşənlə onun arasında heç vaxtı narkotiklə bağlı söhbət də olmamışdır. Rövşəni küçədən yox, iş yerindən aparmışlar, sonuncunu saxlayan zaman polislər özlərini təqdim etməmiş və gəlib qolundan tutaraq aparmışlar, polislər mülki geyimdə olmuşlar, o, sonradan bilmiş ki, gələn mülki geyimli şəxslər polislər olmuşdur. İşlədikləri mağaza Səməd Vurğun küçəsində yanacaq doldurma məntəqəsinin yanında yerləşmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin xx.xx.2023-cü il tarixli, 16/500 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 14,29 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 14,084 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Qeyd: heroinin təmiz çəkisi - 14,084 qr., tədqiqata sərf edildi - 0,1 qr., qalıq – 13,984 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/975 nömrəli sənədlərin-texniki ekspertizasının rəyindən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd Samsung Galaxy A 50 markalı mobil telefona baxış zamanı narkotik vasitələrin satışı və ya satış məqsədi ilə əldə edilməsi ilə bağlı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” PHŞ-in X5 Şöbəsinin xx.xx.2023-cü il tarixli, 584 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən əməli törədən zaman və hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, o, hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır, yəni cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən adi psixi-emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1475 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsi tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 13:00-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 may 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Həmin bükümə baxış zamanı ilk görünüşdən narkotik vasitə olan heroinə bənzər kütlə olması və elektron tərəzidə çəkildikdə çəkisinin 14,29 qram olması müəyyən olunmuşdur. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinə bənzər kütləni Şəmkir Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında yerdən tapdığını, istifadəçisi olmadığını, sadəcə dadına baxdığını, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, üzərinə narkotik vasitə qoyulmadığını, üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, əməlindən də peşman olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, 09 may 2023-cü il tarixdə gəzişən zaman narkotik vasitə olan heroini tapdığı Şəmkir Rayon Mərkəzi Xəstəxanasının yaxınlığındaki yeri göstərməklə törətdiyi cinayəti əməlini səmimi etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin CAB-ın rəisi Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi və qanunsuz olaraq saxlaması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin CAB-ın rəisi Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, narkotik vasitələri qəbul etməsində və qanunsuz olaraq saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin CAB-ın rəisi Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportundan görünür ki, narkotik vasitələri qəbul etməsində və qanunsuz olaraq saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Şəmkir şəhəri, Səməd Vurğun küçəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini Şəmkir şəhərində yerləşən keçmiş mərkəzi xəstəxanasının həyətindən tapmış, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni üzərində satmaq niyyəti ilə daşısa da, onun hər hansı bir şəxsə narkotik vasitə satması müəyyən edilməmiş, ona həmin narkotik vasitəni əldə etməkdə kiminsə köməklik etməsini, həmçinin rayon ərazisində başqa cinayətlərdə iştirak etməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RİH başçısının Şəmkir şəhər İƏDÜN-nin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs üç azyaşlı övladı vardır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,984 qram narkotik vasitə olan heroinin maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-ya məsul saxlanca verilməsi, şəxsi axtarış, Şəmkir şəhəri, Səttarxan küçəsi, ev 42-ya baxış keçirilməsi və Təqsirləndirilən şəxs qismində dindirilməsinə dair videoçəkilişlərin yazıldığı 03 (üç) ədəd DVD disklərin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işində saxlanılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AZ-İV 354638, 663204 və 086268 nömrəli doğum haqqında şəhadətnamələrin və AA4863456, AA0959112 və AA4863457 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü Məryəm Şöhləyeva, xx.xx.2019-cu il təvəllüdlü Mədinə Şöhləyeva və xx.xx.2021-ci il təvəllüdlü Zəhra Şöhləyeva adlı övladları vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində namaz qıldığına görə tutulduğunu, polis əməkdaşlarının onu küçədən deyil, usta işlədiyi mağazadan apardıqlarını, saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini onun cibinə Şəmkir RPŞ-nin CAB-ın rəisi Şahid1 qoyduğunu, ona qarşı fiziki zorakılıq göstərilməsə də, psixi zorakılığa yol verildiyini, polis şöbəsinin inzibati binasının otağında narkotik vasitəni onun cibindən Şahid1 çıxartdığını, özünün narkotik vasitə çıxarıb təqdim etmədiyini, narkotik vasitəni üzərinə götürmədiyi halda ona qarşı başqa cür təzyiq edəcəklərini və maşınına qoyacaqlarını fikirləşib üzərinə qoyulan narkotikin özünə məxsus olmasını etiraf etdiyini və ibtidai istintaq zamanı etirafedici ifadələrini təzyiq altında verdiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ifadəsi, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadəsi və həmin ifadəsinə əlavə olumnuş videoçəkilişlə, şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış aparılması haqqında protokol və protokola əlavə edilmiş videoçəkilişlə, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ifadəsində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadəsində şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrində saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə, o cümlədən fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini də göstərmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmışdır. Həmçinin xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin olduğunu bildirərək əynindəki göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmiş, həmin bükümə baxış zamanı ilk görünüşdən narkotik vasitə olan heroinə bənzər kütlə olması və elektron tərəzidə çəkildikdə çəkisinin 14,29 qram olması müəyyən olunmuş, şifahi sorğu-sual zamanı da Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinə bənzər kütləni Şəmkir Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında yerdən tapdığını, istifadəçisi olmadığını, sadəcə dadına baxmaq üçün üzərində saxladığını etiraf etmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zaman Təqsirləndirilən şəxs istintaq hərəkətinin sonunda müdafiəçisinin sualına qəti olaraq cavab verib polis əməkdaşları tərəfindən onun üzərinə narkotik vasitə qoyulmadığını, üzərindən aşkar olunan narkotik vasitə olan heroinin özünə məxsus olduğunu, yerdən tapdığını, dadına baxmaq üçün üzərində saxladığını, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. O cümlədən xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilməsinə dair istintaq hərəkətinin videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğu üçün saxlanıldığını, həmin narkotik vasitəni 09 may 2023-cü il tarixdə köhnə xəstəxananın yanından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, əvvəllər arada narkotik vasitədən istifadə etdiyini, heç kimə satmadığını və satmaq niyyətinin olmadığını, üzərində narkotik vasitənin olması barədə heç kimin məlumatının olmadığını, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, şəxsi axtarış zamanı narkotik vasitəni özünün könüllü olaraq təqdim etdiyini və əməlindən də peşman olduğunu göstərmişdir. Habelə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dindirilərkən ifadəsində ona qarşı fiziki zorakılıq göstərilmədiyini, birinci dəfə həbslə bağlı məhkəməyə çıxanda narkotikin özünə məxsus olmasını etiraf etdiyini, narkoloji ekspertizadan keçirilən zaman da narkotikdən istifadə etmədiyini, lakin üzərindən aşkar edilmiş narkotiki tapdığını etiraf etdiyini bildirmişdir. Hətta iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid3 Etibar oğlu və Şahid2 ifadələrində göstərmişlər ki, onlar Təqsirləndirilən şəxs Şəmkir şəhəri, Səməd Vurğun küçəsində, yəni 1-ci küçədə saxlamış, həmin vaxtı Təqsirləndirilən şəxs tək olmuş və özünə məxsus maşının yanında dayanmış, onlar özlərini təqdim etmiş və polis əməkdaşları olduğunu bildirmiş, Təqsirləndirilən şəxs ifadəsində guya ki onu mağazada saxlamaqlarını bildirməsi yalan olmuş, onlar sonuncunu nə evindən, nə də ki obyektdən çıxartmış, əksinə küçədə saxlamışlar, saxlanılan zaman və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zorakılıq göstərilməmiş, heç kim sonuncunun üzərinə narkotik vasitə qoymamışdır. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid4 ifadəsində göstərmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü cibində saxladığı narkotiki çıxarıb təqdim etmiş, şəxsi axtarış zamanı həmin şəxsə qarşı hər hansı fiziki və psixi zorakılıq da göstərilməmiş, sonuncu narkotik vasitəni öz istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını və alqı-satqısı ilə məşğul olmadığını demiş, şəxsi axtarış zamanı müdafiəçisi yanında olmuş və videoçəkiliş də aparılmışdır. Həmçinin iş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsinə dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqinin vəsatətinə münasibət bildirərkən cinayətin ona aid olduğunu bildirmişdir. O cümlədən iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1475 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ekspertizadan keçirilən zaman verilmiş suallara cavab olaraq aşkar edilmiş narkotik vasitəni tapdığını etiraf etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs müdafiəçiyə malik olmasına baxmayaraq ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçisinin təzyiqlərə və pis rəftara məruz qalmasına dair polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qaldığını göstərsə də, iş materiallarında, xüsusilə də onun ibtidai istintaq dövründə verdiyi bütün etirafedici izahat və ifadələrində, həmçinin şəxsi axtarış və təqsirləndirilən şəxs qismində dindirilməsi istintaq hərəkətlərinə dair videoçəkilişlərdə, o cümlədən barəsində “həbs” qətimkan tədbirlərinin seçilməsinə dair məhkəmə qərarında Təqsirləndirilən şəxs fiziki və psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış və təqsirləndirilən şəxs qismində dindirilmə istintaq hərəkətlərinə dair videoçəkilişlərdə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə qəti olaraq ona qarşı təsir və təzyiqlərə yol verilmədiyini, fiziki və psixi zorakılığa məruz qalmadığını, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş bir ədəd bükümdə narkotik vasitə olan heroini tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilımiş X4 ifadəsində 2023-cü ilin may ayının 12-də günorta saatlarında Təqsirləndirilən şəxslə birlikdə Şəmkir şəhəri, Səməd Vurğun küçəsində, yəni 1-ci küçədə yerləşən mağazada kafel vuran zaman polis əməkdaşlarının gələrək sonuncunu heç nə demədən apardıqlarını, Təqsirləndirilən şəxslə onun arasında heç vaxtı narkotiklə bağlı söhbət olmadığını, polislərin özlərini təqdim etmədiyini və gəlib Təqsirləndirilən şəxs qolundan tutaraq apardıqlarını göstərsə də, iş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin olduğunu bildirərək əynindəki göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmiş və şifahi sorğu-sual zamanı narkotik vasitə olan heroinə bənzər kütləni Şəmkir Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında yerdən tapdığını, istifadəçisi olmadığını, sadəcə dadına baxmaq üçün üzərində saxladığını etiraf etmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs həmçinin polis əməkdaşları tərəfindən onun üzərinə narkotik vasitə qoyulmadığını, üzərindən aşkar olunan narkotik vasitə olan heroinin özünə məxsus olduğunu, yerdən tapdığını, dadına baxmaq üçün üzərində saxladığını, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini də bildirmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilməsinə dair istintaq hərəkətinin videoçəkilişindən də görünür ki, müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğu üçün saxlanıldığını, həmin narkotik vasitəni 09 may 2023-cü il tarixdə köhnə xəstəxananın yanından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, əvvəllər arada narkotik vasitədən istifadə etdiyini, heç kimə satmadığını və satmaq niyyətinin olmadığını, üzərində narkotik vasitənin olması barədə heç kimin məlumatının olmadığını, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, şəxsi axtarış zamanı narkotik vasitəni özünün könüllü olaraq təqdim etdiyini və əməlindən də peşman olduğunu göstərmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Azad İsmayıllı dostu olduğundan həmin şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi qeyri-səmimidir, həqiqəti əks etdirmir və təqsirləndirilən şəxsin lehinə olmaqla işin faktiki hallarına uyğun gəlmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Həmçinin Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadələrini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ifadəsini, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadəsini iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış aparılması haqqında protokol və protokola əlavə edilmiş videoçəkiliş, təqsirləndirilən şəxs qismində dindirilmə istintaq hərəkətinə dair videoçəkiliş ilə, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ifadəsi, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadəsi ittihamın həllində əsas götürülməlidir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmiş, sonuncunun əməli ittiham olunduğu CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin CAB-ın rəisi Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportlarda, həmin tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərarda, “davranış xəttinin izah edilməsi barədə” protokolda, “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” protokolda, “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” qərarda və digər ilkin sənədlərdə əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi və qanunsuz olaraq saxlaması barədə daxil olduğu göstərilmişdir. Həmçinin iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid3 Etibar oğlu və Şahid2 ifadələrində sonradan keçirilmiş əməliyyat tədbirləri nəticəsində satışla bağlı hər hansı bir məlumatın əldə olunmadığını, Təqsirləndirilən şəxs özünün də saxlanılan zaman narkotiki öz istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını və alqı-satqısı ilə məşğul olmadığını bildirdiyini göstərmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi bütün etirafedici ifadələrində, şəxsi axtarış və təqsirləndirilən şəxs qismində dindirilmə istintaq hərəkətlərinə dair videoçəkilişlərdə narkotik vasitə olan heroini tapdığını, öz şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını və alqı-satqısı ilə məşğul olmadığını göstərmişdir. O cümlədən xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubunda bir tərəfdən üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs Şəmkir şəhərində yerləşən keçmiş mərkəzi xəstəxanasının həyətindən tapdığı və həmin narkotik vasitəni üzərində satmaq niyyəti ilə daşıdığı göstərilsə də, digər tərəfdən Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə satmasını və ona həmin narkotik vasitəni əldə etməkdə kiminsə köməklik etməsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Habelə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd Samsung Galaxy A50 markalı mobil telefona baxış zamanı da narkotik vasitələrin satışı və ya satış məqsədi ilə əldə edilməsi ilə bağlı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar edilməmişdir. Hətta xx.xx.2023-cü il tarixli, 1475 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə hallarının olması öz da təsdiqini tapmışdır. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması göstərilsə də, iş faktiki halları, əsasən də elə ibtidai istintaq orqanının istinad etdiyi əməliyyat tapşırığına cavab məktubu ilə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur, əksinə əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs verilmiş ittihamla ziddiyyət təşkil edən məlumatlar əks olunaraq, onun hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə olan heroini satmasını müəyyən etməyin mümkün olmadığnı göstərilmişdir. Bütün yuxarıda qeyd olunanlara baxmayaraq, ibtidai istintaq orqanı xx.xx.2023-il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərarında yalnız Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan heroinin ümumi çəkisinin külli miqdar təşkil etməsini, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını əsas götürərək sonuncuya qarşı satış məqsədi ilə bağlı ittiham irəli sürmüşdür. Bununla belə, məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin külli miqdarda olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham irəli sürsə də, satış məqsədini təsdiqləyən, yəni Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, narkotik vasitə olan heroinin hazırlanması üçün avadanlığı əldə etməsinə, onun külli miqdarında narkotik vasitə olan heroini məhz sifariş əsasında əldə etməsinə, çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Əksinə əməliyyat tapşırığına cavab məktubunda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs hər hansı şəxs və ya şəxslərə narkotik vasitə olan heroini satmasının, o cümlədən heroini satdığı şəxslərin dairəsinin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar olunan narkotik vasitənin külli miqdarda olması ilə yanaşı daxil olmuş əməliyyat məlumatını da əsas götürmüşdür. Buna baxmayaraq, cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Həmçinin cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Bununla belə, cinayət işinin materiallarında əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materialların CPM-in tələblərinə uyğun olaraq təqdim edilməsi və məhkəmə nəzarəti qaydasında yoxlanılması öz təsdiqini tapmır. Belə olan halda yalnız cinayət işinə əlavə edilmiş məktublara və raportlara istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması qənaətinə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa İnsan Hüquqları Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Beləliklə, aparılmış istintaq nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, təqsirləndirilən şəxsdə sadəcə aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisinin külli miqdar təşkil etməsi əsas götürülərək Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 5ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışı Qanunun 1.0.10-cu maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Plenumun həmin Qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/500 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin ümumi təmiz çəkisi 14,084 qram olmaqla külli miqdar təşkil edir. Məhkəmə tərkibi himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan, yəni 12 may 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 210 (iki yüz on) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-ya məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,984 qram narkotik vasitə olan heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış, yaşadığı evə keçirilmiş baxış və onun təqsirləndirilən şəxs qismində dindirilməsi istintaq hərəkətlərinə dair videoçəkilişləri əks etdirən 03 (üç) ədəd DVD disklər iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1475 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməməli, lakin o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan, yəni 12 may 2023-cü il tarixdən hesablansın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 210 (iki yüz on) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-ya məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,984 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış, yaşadığı evə keçirilmiş baxış və onun təqsirləndirilən şəxs qismində dindirilməsi istintaq hərəkətlərinə dair videoçəkilişləri əks etdirən 03 (üç) ədəd DVD disklər iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar