Məhkəmə qərarları › İş №1(100)-218/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-218/2023

15.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-218/2023 15.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X7, müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.2002-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Qazax rayonu Xanlıqlar kəndində yaşayan barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində idarə etdiyi Mercedes Benz C230 minik markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Qazax-Gürcüstan sərhəd yolunun Goranboy rayonu Goran qəsəbəsi ərazisindən keçən 310cu kilometrliyində "X18" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, qarşıda onunla eyni istiqamətdə sağ zolaqda hərəkətdə olan QAZ-272573 markalı avtomobillə hərəkətin təhlükəsizliyini təmin edən lazımı ara məsafə seçərək onun yanından keçib getməli olduğu halda 110 km/saat sürətlə yolun sağ hərəkət zolağı ilə Qazax rayonu istiqamətində hərəkətdə olan zaman qarşısı ilə eyni istiqamətdə sağ zolaqda hərəkətdə olan Şahid1 60-70 km/saat sürətlə idarə etdiyi QAZ-272573 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən sağ kənardan sola doğru 4 metr məsafədə toqquşmuş, nəticəfə o, ehtiyatsızlıqdan iki nəfər şəxsin, yəni idarə etdiyi avtomobildə olmuş sərnişinlər X6 açıq küt kəllə-beyin travması, sol gicgah və ənsə sümüklərinin açıq sınıqları, sol bud sümüyünün sınığı, üz nahiyəsinin sıyrılmış yaraları ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, aldığı xəsarətlərdən hadisə yerində ölməsinə, X8 açıq kəllə-beyin travması, alın nahiyəsinin geniş ölçülü yarası, alın təpə sümüklərinin açıq sınıqları ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, aldığı xəsarətlərdən hadisə yerində ölməsinə, Zərərçəkmiş şəxs QKBT, başın, üzün ön səthinin çoxsaylı sıyrıqları, çənənin simfiz və sağ oynaq başının yerdəyişmiş sınığı xəsarətləri ilə müşayiət edilən sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X15 və Zərərçəkmiş şəxsla dostluq münasibəti olmuş, ara-sıra görüşüb birlikdə vaxt keçirmişlər. Sonuncular əvvəllər onların yaşadıqları məhəllədə yerləşən “Oba” marketdə satıcı işləmiş, həmin vaxt da münasibətləri yaranmışdır. Tamerlan və Elxanın onun xx.xx.2022-ciil tarixdə 1 günlük Qazax rayonuna gedəcəyindən xəbərləri olmuşdur. Həmin gün günorta saatlarında Tamerlanın onu, Elxanı və sonradan adının Famil olduğunu bildiyi digər tanışını yolüstü Gəncə şəhərinə düşürməyi ondan xahiş etmişdir. Onlar Gəncə şəhərinə gəzintiyə gedirmişər. Onlar xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Sumqayıt şəhərindən yola düşmüşlər. Famil ön sərnişin yerində, Tamerlan və Elxan arxa oturacaqda əyləşmişlər. Bakı-Qazax-Gürcüstan yolu ilə onun idarə etdiyi Mercedes Benz C230 markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobillə söhbət edə-edə yola çıxmışlar. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Bakı-Qazax-Gürcüstan yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində 100 km/saat surətlə hərəkətdə olarkən diqqətsizlik edərək onunla eyni istiqamətdə sağ zolaqda qarşıda hərəkətdə olan QAZEL markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili görməmiş, avtomobilin ön sağ tərəfi ilə həmin avtomobilin arxa tərəfindən vurmuşdur. Zərbənin təsirindən avtomobili fırlanıb sol tərəfdəki beton arakəsməyə dəyib yolun ortasında dayanmışdır. Avtomobildən düşəndən sonra Famillə Tamerlanın hadisə yerində öldüyünü görmüşdür. Yaralı olan Elxanı avtomobildən çıxartmağa kömək etmiş, onunla birlikdə Goranboy rayon xəstəxanasına getmişdir. Qəzadan əvvəl spirtli içki qəbul etməmiş, qəzadan əvvəl avtomobil tam saz vəziyyətdəolmuş, yaxın və uzaq vuran işıqları normal işləmişdir. Adətən yolu 90-110 km/saat surətlə sürmüşdür. Hadisəni törətməkdə özünü günahkar bilir.Buna görə hər gün özünü, öz vicdanı qarşısında mühakimə edir. Məhkəmənin diqqətinə çatdırır ki, zərər çəkmiş şəxslərlə barışmış, onlara dəymiş ziyanı tam ödəmişdir. Əməlindən peşman olmasını, zərərçəkmişlərlə barışmasını nəzərə alıb məhkəmədən ona həbslə əlaqəıdar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 göstərmişdir ki, X12 onun oğludur. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində evdə olarkən Familin mobil telefonuna adını bilmədiyi tanışı zəng etmişdir. Famil zəngə cavab verəndən sonra onunla əsgər yoldaşı olmuş şəxslə Gəncə şəhərinə gəzintiyə getməsi barədə ona məlumat vermişdir. Famil özündən başqa 3 nəfər şəxslə birlikdə gedəcəklərini əlavə etmişdir. Təxminən 1 saata hazırlaşıb, saat 17 radələrində evdən çıxmışdır. sonuncu dəfə həmin gecə, yəni xx.xx.2022-ci il tarixdə saat 01:45 radələrində onunla telefonla əlaqə saxlayıb çatıb çatmadığını soruşmuşdur. Famil ona, hələ mənzil başına çatmadıqlarını, Goranboy rayonu ərazisində olduğunu demişdir. Nə səbəbə gec çatdığını soruşanda Bakı şəhərindən saat 20 radələrində çıxdıqlarını söyləmişdir. Həmin gecə sərnişini olduğu Mercedes Benz C230 markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolunun Goranboy rayonundan keçən hissəsində qəza baş vermiş, nəticədə oğlu Famil və sonradan adının Tamerlan olduğunu öyrəndiyim şəxs vəfat etmişdir. Bu barədə ona telefonla zəng edib məlumat verilmiş, oğlunun nəşini Goranboy rayon xəstəxanasından gətirib Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişdir. Mercedes Benz C230 markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir düşmənçlik və ya ədavətləri olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, X10 onun oğludur. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Tamerlan ondan icazə alaraq tanışları Elxan və Famillə Gəncə şəhərinə getmək üçün Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz C230 markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yola düşmüşlər. Həmin gecə saat 01 radələrində Bakı-Qazax yolunun Goranboy rayonundan keçən hissəsində qəza baş vermiş, nəticədə oğlu Tamerlan və dostu Famil vəfat etmişdir. Bu barədə ona telefonla zəng edib məlumat verilmiş, onun nəşini Goranboy rayon xəstəxanasından gətirib Sumqayıt şəhərində yerləşən qəbiristanlıqda dəfn etmişdir. Bundan əlavə O, Təqsirləndirilən şəxs şikayətçi olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 1 ildən artıqdır tanıyır, onunla yaxın münasibəti vardır. Xəzərin onun sinif yoldaşı və qonşusu Tamerlan Qasımlı ilə də münasibəti vardı. O və Tamerlanın Xəzərin idarə etdiyi avtomobillə yaşadığı Qazax rayonuna gedəcəyi qayıdanda başqa avtomobillə gələcəyindən xəbərləri olmuşdur. Tamerlanın o, digər tanışları X12 ilə birlikdə Gəncə şəhərinə gəzməyə getməyi təklif etmişdir. O və Famil hərbi xidmətdə Gəncə şəhərində olduqları üçün orada çoxlu tanışları olmuşdur. Xəzərdən yolüstü onları Gəncə şəhərinə düşürtməyi, qayıdarkən isə Sumqayıt şəhərinə gətirməyi xahiş etmişlər. Planlaşdırdıqları kimi xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Famil onların yaşadığı Sumqayıt şəhərinə gəlmiş, Xəzərin idarə etdiyi Mercedes Benz C230 markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yola düşmüşlər. O və Tamerlan arxa oturacaqda əyləşmiş, Famil isə ön sərnişin yerində əyləşmişdir. Bakı-Qazax yolu ilə Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən Xəzər bilmədiyi səbəbdən qarşısında hərəkətdə olan QAZ 272573A yük markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin arxasından toqquşmuşdur. Zərbənin təsirindən Famil və Tamerlan hadisə yerində ölmüşdür. Onu hüşsuz vəziyyətdə Goranboy rayon xəstəxanasına aparmışlar. Xəsarətləri nəticəsində hadisəninnecə baş verdiyini xatırlamır. Yol boyu Xəzərin avtomobildə heç bir nasazlıq olmamış, işıqları normal işləmiş, yol boyu normal surətlə gəlmişlər. Bundan əlavə O, Təqsirləndirilən şəxs şikayətçi olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 əri zərərçəkmiş şəxsin hüquqi varisi Faniz Məmmədovla oxşar məzmunlu ifadə verərək göstərilən halları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, ifadəsində göstərmişdir ki, Şahid1 onun tanışıdır. Müşfiq ondan boş oksigen balonlarını Ağcabədi şəhərindən Gəncə şəhərinə onun Qaz 27573A yük markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləyib boşaltmağa kömək etməsini xahiş etmişdir. Razılaşdıqdan sonra xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Ağcabədi şəhərində Müşfiqin həyətindən balonları yükləyib yola düşmüşlər. Yevlax-Ağdam-Laçın yolu ilə Bakı-Qazax yoluna çıxmışlar. Həmin yolla saat 01 radələrində Goranboy rayonu ərazisində Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən qəfildən sərnişini olduğu avtomobilə arxadan avtomobilin dəydiyini hiss etmişdir. Zərbənin təsirindən avtomobil yolun sağ kənarına aşmışdır. Yoldan bir neçə metr aralıda fırlanıb dayanmışdır. Avtomobildən çıxanda bilmədiyi səbəbdən arxadan gələn Mercedes Benz C230 markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Müşfiqlə onun olduğu avtomobilə dəydiyi başa düşmüşdür. Mercedes Benz markalı avtomobildə olan 2 nəfər sərnişin vəfat etmiş, sürücü və digər sərnişin yaralanmışdır. Özü də sağ qolunda xəsarət olduğu üçün Goranboy xəstəxanasına müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, QAZ 272573A yük markalı ** BE *** dövlət qeydiyyat nişanlı yük avtomobil ona məxsusdur, həmin avtomobilin pulunu verib almışdır, lakin öz adına keçirtməmişdir, etibarnamə ilə idarə edir. Avtomobili BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. xx.xx.2022-ci il tarixdə qonşuluqda yaşayan Şahid2 həyətində olan boş oksigen balonlarını Gəncə şəhərinə aparmağa ona kömək etməsini xahiş etmişdir. Həmin gecə 40 ədəd dəmir oksigen balonunu avtomobilinə yükləyib Gəncə şəhərinə doğru yola düşmüşdür. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Bakı-Qazax-Gürcüstan yolunun Goranboy rayonu ərazisindən keçən hissədə yolun sağ zolağı ilə təxminən 60-70 km/saat surətlə hərəkətdə olarkən ani anda avtomobilinin arxasına nə isə çırpıldığını hiss etmişdir. Zərbənin təsirindən avtomobilin idarəetməsini itirmiş, avtomobil yolun sağ ehtiyyat hissəsinə doğru yönəlmiş yolun kənarında aşmışdır. Avtomobildə olan sərnişini Şahid2 salonda onun üzərinə yıxılmışdır. Avtomobildən çıxandan sonra Muradın qolundan xəsarət aldığını görmüşdür. Ona ilkin yardım göstərib, onun avtomobilini arxadan vurmuş Mercedes Benz C230 markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sürücü və sərnişinlərə kömək etmişdir. Avtomobildə olan iki nəfər sərnişinin vəfat etdiyini, bir nəfər sərnişinin isə sürücü ilə birlikdə yaralandığını görmüşdür. X24 avtomobili ilə Goranboy RMX-na yola salmışdır. Özü hadisə yerində qalmışdır. Qəzadan əvvəl spirtli içki qəbul etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 31 iyul 2022-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, sərxoşluq vəziyyətini təyin edən xx.xx.2022-ci il tarixli 378 nömrəli tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən daxil olmuş 04 avqust 2022-ci il tarixli 313-4865-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək AE 006276 seriyalı, BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququ məhdudlaşdırılmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-сi il tarixli 26 nömrəli rəyindən görünür ki, X8 bədənində aşkar edilmiş xəsarətlər - açıq kəllə-beyin travması, alın nahiyəsinin geniş ölçülü yarası, alın təpə sümüklərinin açıq sınıqları – bərk küt əşyanın(ların) o cümlədən qərarın təsviri hissəində göstərlmiş şəraitdə və tarixdə, yəni xx.xx.2022-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. X1 ölümünə səbəb ağır açıq kəllə-beyin travması nəticəsində, alın və təpə sümüklərinin açıq sınıqları zamanı beyin toxumasına və beyin mədəciklərinə qansızma olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-сi il tarixli 27 nömrəli rəyindən məlum görünür ki, X6 bədənində aşkar edilmiş xəsarətlər - açıq küt kəllə-beyin travması, sol gicgah və ənsə sümüklərinin açıq sınıqları, sol bud sümüyünün sınığı, üz nahiyəsinin sıyrılmış yaraları – bərk küt əşyanın(ların) o cümlədən qərarın təsviri hissəində göstərlmiş şəraitdə və tarixdə, yəni xx.xx.2022-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. Mərhum Qasımlı tamerlna Adil oğlunun ölümünə səbəb ağır açıq kəllə-beyin travması nəticəsində, beyin toxumasına və beyin mədəciklərinə qansızma olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-сi il tarixli 572 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – QKBT, başın, üzün ön səthinin çoxsaylı sıyrıqları, çənənin simfiz və sağ oynaq başının yerdəyişmiş sınığı bərk küt əşyanın(ların) o cümlədən qərarın təsviri hissəində göstərlmiş şəraitdə və tarixdə, yəni xx.xx.2022-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Vət. Zərərçəkmiş şəxs müəyyən edilmiş travmatik şokun obyektiv əlamətləri qeyd olunmadığından nəzərə alınmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 01 noyabr 2022-ci il tarixli 8/2937 nömrəli rəyindən görünür ki; -Mercedes Benz C230 markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X18» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -QAZ-272573 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərinin tətqiqi xüsusi texniki bilik tələb etmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qazax Psixiatriya Xəstəxanasının 12 oktyabr 2022-ci il tarixli 1989 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X2 psixoloji və narkoloji qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Qazax RİHB-nın Xanlıqlar kənd, İƏD üzrə nümayəliyində verilmiş 10 oktyabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu, Xanlıqlar kəndində qeydiyyatda olmaqla atası-X13 və bacısı-X5 ibarət tərkibdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi X4 notariat qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs ilə barışdıqlarını, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi ziyan tam ödənildiyi üçün heç bir şikayətlərinin, iddialarının və tələblərinin olmadığını bildirmişdirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 fevral 2023-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi X11 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs şikayətçidir və ona ən ağır cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamaışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Mercedes Benz C230 minik markalı **-UA-*** dövlət qeydiyyat nişanlı və QAZ-272573 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut hesab edilərək, BDYP-nin 722 saylı postunun cərimə meydançasında saxlanılır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124- 137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə öz qənaətini Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının tələbləri baxımından da qanuni və əsaslı hesab edir. Belə ki, sözügedən qərarın 13-cü bəndində göstərilmişdir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məһkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlər etməsini, CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən һal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi həmin cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı hədlərində cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Eyni zamanda Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan ilə əvəz edilməli və “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu xx.xx.2023-cü il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1, 56.1.2-ci maddələrinə əsasən eһtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs da törətdiyi cinayət eһtiyatsızlıqdan törədilmiş cinayət olduğundan və o, 5 ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunacağından həmin cəzasını Azərbaycan Respublikası CM-nin 56.1, 56.1.2-ci maddələrinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla bərabər Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263.3-cü maddəsinin sanksiyasında həmçinin təyin olunması məcburi olan əlavə cəza-beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası ilə bərabər həmçinin əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da təyin edilməlidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu CM-nin müvafiq maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmənin müddəti yuxarı həddlərdə təyin olunmalıdır. Belə ki, məhkəmə onun gələcəkdə bu növ cinayətləri bir daha törətməməsi üçün bu yolla islah olunacağını daha səmərəli və məqsədyönlü hesab edir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzalarını çəkməlidir, belə ki, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə, eləcə də barəsində hər hansı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut hesab edilən və BDYPnin 722 saylı postunun cərimə meydançasında saxlanca verilmiş Mercedes Benz C230 minik markalı **-UA-*** dövlət qeydiyyat nişanlı və QAZ-272573 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillər qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkili Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 180 manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 128 manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 5 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan ilə əvəz edilsin və “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 sentyabr 2023-cü il tarixdən hesablansın, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının icrası isə əsas cəzanın çəkilib qurtarmasından sonra başlansın. Təqsirləndirilən şəxs göstərilmiş 30 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. İş üzrə məhkəmə məsrəfi olan 128 manat məbləğində ekspertiza xərcinin dəyəri təqsirləndirilən Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut hesab edilən və BDYP-nin 722 saylı postunun cərimə meydançasında saxlanca verilmiş Mercedes Benz C230 minik markalı **-UA-*** dövlət qeydiyyat nişanlı və QAZ-272573 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillər qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar