Məhkəmə qərarları › İş №1(100)-22/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-22/2025

17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-22/2025 17.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X5, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Goranboy rayonu, Cinliboluslu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda AR ƏNPX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək, saxlamaq, daşımaq və satmaq niyyəti ilə özünü ona Elçin adı ilə təqdim etmiş, şəxsiyyəti istintaqa məlum olmayan, eləcə də şəxsiyyəti məlum olmayan digər şəxs olmaqla 2 nəfər şəxslə qabaqcadan razılaşıb əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən 01 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində Samux rayonu Hacallı kəndi ərazisində yerləşən meşə massivinin yaxınlığında istintaqa məlum olmayan mənbədən qəsdən satış məqsədi ilə l (bir) ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada 1005 qram təmiz çəkidə, külli miqdar hesab olunan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 4(dörd) ədəd kibrit qutularında və 4(dörd) ədəd üzəri sarı rəngli yapışqanlı lentə sarınmış qara rəngli polietilen torbalarda müvafiq olaraq çəkiləri ayrıayrılıqda 1.52 qram, 0.83 qram, 0.42 qram, 1.31 qram, 2010 qram, 2010 qram, 1965 qram, 2105 qram olmaqla 8094.08 qram ümumi təmiz çəkidə, həmçinin çəkisi istintaqa məlum olmayan miqdarda 1(bir) kibrit qutusu tutumunda külli miqdar hesab olunan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, sintetik bazar çantasında daşıyaraq üzərində saxlamış, Elçin adlı şəxsin şəxsiyyəti istintaqa məlum olmayan tanışının tapşırığına əsasən həmin vaxt ona yaxınlaşan və şəxsiyyəti istintaqla müəyyən edilə bilməyən digər şəxsə üzərində saxladığı narkotik vasitələrdən 1 (bir) kibrit qutusu tutumunda narkotik vasitə olan qurudulmuş marixuananı 30 manata satmış, bundan sonra Elçin adlı tanışının tapşırığına əsasən özündə olan narkotik vasitələri ona yaxınlaşaraq maşında olan şəxsə vermək üçün tanımadığı istiqamətə doğru gedərkən 01 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində Samux rayonu Hacallı kəndi ərazisində yerləşən meşə massivinin yaxınlığında Samux RPŞ-nin CAB-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılaraq Samux RPŞ-nin inzibati binasına gətirilib əlində daşıdığı sintetik bazar çantasına videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin çantada qəsdən satış məqsədi ilə saxladığı l (bir) ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada 1005 qram təmiz çəkidə, külli miqdar hesab olunan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 4(dörd) ədəd kibrit qutularında və 4(dörd) ədəd üzəri sarı rəngli yapışqanlı lentə sarınmış qara rəngli polietilen torbalarda müvafiq olaraq çəkiləri ayrı-ayrılıqda 1.52 qram, 0.83 qram, 0.42 qram, 1.31 qram, 2010 qram, 2010 qram, 1965 qram, 2105 qram olmaqla 8094.08 qram ümumi təmiz çəkidə külli miqdar hesab olunan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər heç vaxt narkotik vasitə stifadə etməmişdir. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında kafeyə gedərkən sonradan adının Elçin olduğunu bildiyi şəxs ona yaxınlaşıb bir az söhbət etdikdən sonra tikintidə işləmək adı ilə onu Gəncə şəhərinə, yaşlı bir kişinin evinə gətirmişdir. Orada olarkən yanlarına tanımadığı başqa bir nəfər gəlmiş, onlar birlikdə yemək yeyib sipirtli içki qəbul etmişlər. Gecəni həmin evdə qalmış və ertəsi gün Elçinlə birlikdə Samux rayonuna, yolun kənarında yerləşən köhnə, torpaqdan tikilmiş kafeyə getmişlər. Bir qədər sonra digər oğlan da oraya gəlmişdir. Elçin həmin oğlanla birlikdə nəşə çəkib ona da təklif etmiş, o da çəkə bilməyib atmışdır. Bir qədər sonra digər oğlan çıxıb getmişdir. Bundan sonra Elçin ona getməli olduqlarını deyib arxasınca gəlməsini istəmişdir. Bir qədər getdikdən sonra Elçin yolun kənarındakı qamışlıqdan çanta götürüb ona vermiş və birlikdə yola tərəf getmişlər. Asfalt yola çatanda köhnə 04 markalı avtomobil onları götürmüş, xeyli yol getdikdən sonra yolun kənarında olan köhnə uçuq damın yanında dayanmışlar. Orada Elçin ondan çantanı açmasını istəmiş, imtina etdikdə isə onları gətirən avtomobilin sürücüsü onu təpiklə vuraraq Elçinə “bəs bunu nəyə gətirmisən? Bizi ilişdirəcəy, yerimizi də tanıdı” demişir. Bundan sonra Elçin özü çantanı açıb ona boş kibrit qutuları verib çantanın içərisindəki narkotik vasitələri qutulara doldurmasını istəmiş, lakin əli əsdiyi üçün doldura bilməmişdir. Çantanın içərisində nəşə və kokos olmuşdur. Narkotik vasitəni qutulara doldurduqdan sonra başqa bir nəfərin gəlib yoxlamaq üçün 30 manata bir qutu alacağını, kibrit qutusunun birini aparıb ona verməsini demişlər. Bir az gözlədikdən sonra göy rəngli şortik və açıq rəngli köynək geyinmiş bir oğlan gəlib 30 manat verərək kibrit qutusunun birini götürüb getmişdir. Elçin kibrit qutusunu alan şəxsin 20 dəqiqə sonra narkotik vasitələrin qalanını alıb-almayacaqlarını xəbər edəcəyini bildirmişdir. O, artıq nə baş verdiyini başa düşüb qaçmaq istəyəndə onu döyüb gözlərini çıxarmaqla hədələdikləri üçün qorxub dedikləri hər şeyi edəcəyini bildirmişdir. Sonra bir avtomobil gəcələcəyini, çantanı aparıb həmin avtomobildəki şəxslərə verməli olduğunu demişlər. Avtomobil gələndə çantanı götürüb həmin avtomobilə vermiş, nə olduğunu soruşanda nəşə olduğunu bildirib Elçinin dayandığı yeri göstərib onun gödərdiyini demişdir. Həmin vaxt kənarda mercedess markalı başqa avtomobil də olmuşdur. Çantanı verdiyi avtomobildə olan 4 nəfər düşüb 2-3 metr getdikdən sonra orada heç kimin olmadığını demişlər. Sonra oradakı şəxslərin hamsı mersedes markalı avtomobilə minib getmişlər. Orada bir nəfər oğan qalmış, o da çanta ilə birlikdə onun avtomoblinə minmişdir. Həmin şəxsin polis əməkdaşı olduğunu sonradan bilmişdir. Bundan başqa o, ifadəsində təcridxanada olarkən çantanın içərisindəkinin marixuana və kokos olmadığını başa düşdüyünü, belə ki, qış vaxtı yaşıl, qurumamış ot olmadığını, eyni zamanda kokosun rənginin ağ deyil, qəhvəyi rəngli olduğunu öyrəndiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və əvvəlki məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, Elçin adlı şəxslə fəhlə işləmək üçün Gəncə şəhərinə gəldiyini, Elçinlə birlikdə yeyib-içən zaman Elçinin ona “səni milyoner edəcəm” dediyini, onlarla birlikdə yemək yeyən, Elçinin tanışı olan başqa bir şəxsin ona iş təklif edərək “bir sumka gəlir, onu bir yer var, ora qoyacaqsan, bir maşın gələcək 50 metr aralıda maşına verəcəksən, o da sənə pul verəcək, pulu gətirib mənə verərsən sənin də hörmətini edəcəm” dediyini, onun da razılaşdığını, bundan sonra Elçinlə birlikdə gedib çantanı götürdüyünü, Elçinin göstərişi ilə həmin çantada olan bir kibrit qutusu narkotik vasitəni 30 manat qarşılığında tanımadığı bir şəxsə satdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Samux RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 bir nəfər şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, Şahid2lə birlikdə əməliyyat tədbirləri keçirərək Samux rayonu Hacallı kəndi yaxınlığında yerləşən meşəyə getmişlər. Təqsirləndirilən şəxs əlində çanta ilə meşə massivindəki köhnə tikilidən çıxarkən ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs əlindəki çantanın işərisində nə olduğunu soruşanda özü könüllü olaraq narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra onu polis şöbəsinə dəvət etmişlər. Şöbədə çantanın içərisinə baxış zamanı müxtəlif növ narkotik vasitələr olduğu müyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün müəyyən miqdar narkoik vasitə qarşılığında kuryerlik fəaliyyəti göstərdiyini, hətta çantadakı narkotik vasitədən bir kibrit qutusu satdığını bildirmiş, lakin ətrafda narkotik vasitə satmasını dediyi şəxsi müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, maddi sübut qərarla birlikdə Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional şöbəsinə daxil olduqdan sonra rəis qərarla tanış olub maddi sübutla birlikdə ona təhvil vermişdir. Samux rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri Samir Müslümovun iştirakı ilə maddi sübut aktlaşdırılaraq tərəzidə çəkilmiş, təhqiqat üçün nümunə götürülmüş və yekun olaraq rəy tərtib olunmuşdur. Təqdim olunan maddi sübutlar narkotik vasitə heroin və marixuna olmuş, heroinin çəkisinin 1020 qram, marixuananın çəkisinin isə 8034,23 qram olması müəyyən olunmuş, ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 1019,8 qram, marixuanın qalıq çəkisi isə 8033.75 qram olmuşdur. İfadəsinə əlavə olaraq Nailə Xəlilova rəylər arasındaki narkotik vasitələrin çəkiləri ilə bağlı ziddiyyətin tərəzi xətası və maddi sübutların saxlanılma şəraiti ilə bağlı ola biləcəyini bildirmişdir. Belə ki, marixuana 70 faizi sudan ibarət olan bitki olduğundan nəmli şəraitdə saxlanılarsa nəmi özünə çəkə biləcəyini, heroinin bir necə polietilen torbaya bükülmüş və yapışqanlı lentlə möhkəm sarınmış halda olmasının hava keçməsinin qarşısını aldığından çəkidə azalma ola biləcəyini bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Ədliyyə Nazirliyinin MTEM-in eksperti X2 ifadəsində göstərmişdir ki, maddi sübutlar ona təqdim olunarkən heroinin çəkisinin 1005 qram olduğunu, ilkin ekspert rəyindən sonra qeydə alınan azalmnın tərəzi xətası və maddi sübutların saxlama şəraitindən aslı olduğunu bildirmişdir. Belə ki, külli miqdarda olan maddi sübutları çədikləri “CAS” makalı tərəzinin 10 qrama qədər xəta verə bildiyini, eyni zamanda heroin 6-7 ay bir yerdə saxlanılarkən quruma getdiyindən çəkisinin azalma ehtimalının olduğunu bildirmişdir. İfadəsinə əlavə olaraq eyni şəraitdə saxlanılan maddi sübutlardan heroinin çəkisinin azalması və marxuananının çəkisinin artmasının fiziki xüsusiyyətlərindən irəli gəldiyini bildirərək, heroinin sintetik üsullarla alınan maddə olduğunu, marixuananın isə bitki mənşəli, təbii kütlə olduğundan daim özünə nəm çəkmək xüsusiyyətinə malik olduğunu bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, maddi sübtlar ona təqdim olunarkən marixuana külli miqdarda və 8 ayrı bağlamada olmuşdur. Çəki fərqinin tərəzi xətası və maddi sübutların saxlanma şəraiti ilə bağlı olduğunu olduğunu, bitki mənşəli kütlə lduğundan nəmi özünə tez çəkdiyini bildirmişdir. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin 02 yanvar 2023-cü il tarixli 16/1 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqdim etdi Təqsirləndirilən şəxs” sözləri və imzaları olan bazar çantasında: - 1 (bir) ədəd üzəri sarı rəngli yapşqanlı lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 1020 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - 4 (dörd) ədəd kibrit qutularında və 4 (dörd) ədəd üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbalarda ayırı-ayrılıqda 1,59 qram, 0,82 qram, 0,49 qram, 1,33 qram, 1990 qram, 2005 qram, 2085 qram, 1950 qram, ümumi təmiz çəkisi 8034,23 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Məhkəmədə tədqiq edilən 11 iyul 2024-cü il tarixli 3-16-16/2-6/3082-7/891 nömrəli təkrar komisyon məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, ağ kağız üzərində “Təqdim edən Təqsirləndirilən şəxs o...” yazıları və imza edənlər “Həsən Qurbanov; X16 Nəsibov; Şahid2” imzaları olan bir ədəd sintetik çantadakı 04 ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2010 qram, 2010 qram, 1965 qram, 2105 qram və 04 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,52 qram, 0.83 qram, 0,42 qram, 1,31 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitələr qurudulmuş marixuanadır (tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 8093,08 qram). Tədqiqata təqdim edilmiş bir ədəd sintetik çantadakı 01 ədəd poliotilen torbadakı təmiz çəkisi 1003 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 1003 qram). Məhkəmənin təşəbbüsü ilə təyin edilmiş və iş materiallarına əlavə edilərək tədqiq edilmiş məhkəmə komlpeks kimyəvi-bioloji və məhkəmə-kimyəvi ekspertizasının 20 dekabr 2024-cü il tarixli 6/5174, 7/1866 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, bir ədəd sintetik çantadakı 04 ədəd qara rəngli polietilen bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 2009,8 qram, 2009,8 qram, 1964,8 qram, 2104,8 qram və 04 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,47 qram, 0,78 qram, 0,37 qram, 1,26 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitələr qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 8093,08 qramdır (tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 8092,08 qram). Tədqiqata təqdim edilmiş, ağ kağız üzərində “Təqdim edən Təqsirləndirilən şəxs o...” yazıları və imza edənlər “Həsən Qurbanov; X16 Nəsibov; Şahid2” imzaları olan bir ədəd sintetik çantadakı 01 ədəd bağlamadakı təmiz çəkisi 1003 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 1002 qram). İlkin və təkrar ekspertizaların arasında narkotik vasitələrin çəkisi ilə bağlı yaranmış fərq tərəzi xətaları, həmçinin narkotik vasitələrin saxlanma şəraiti - ərtaf mühitin temperaturu, rütubət, maddələrin fiziki xüsusiyyətləri – hiqroskopiklik (ətraf mühitin nəmini özünə çəkmə), buxarlanma (tərkibindəki komponentlərin buraxlanaraq ayrılması) və s. ilə bağlı ola bilər. Məhkəmdə tədqiq edilən xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq əlindəki çantanı təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana və heroin olmasını bildirmiş, baxış zamanı çantanın içərisindən ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuana və heroinə bənzər kütlələr aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş və marixuananın çəkisinin 8.412 qram və heroinin çəkisinin 1.135 qram olması müəyyən olmuşdur. Məhkəmədə nümayiş olunmuş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə videoçəkiliş şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əlində olan çantanı təqdim edib içərisində “nəşə və kokos” olduğunu bildirmiş və çantanı açıb içərisindəki bağlamaları təqdim etmişdir. Şifahi sorğu zamanı çantanın içərisindəki narkotik vasitəyə bənzər kütlələrin ona məxsus olduğunu, tanımadığı şəxsdən aldığını, həmin şəxs çantanı verərkən içərisində narkotik vasitə olması barədə məlumatının olduğunu, başqa bir avtomobilə vermək üçün apardığını, saxlanılmamışdan əvvəl tanımadığı bir şəxsə 30 manat qarşılığında bir kibrit qutusu narkotik vasitə satdığını və polis əməkdaşları tərəfindən heç bir fiziki təsirə məruz qalmadığını bildirmişdir. Məhkəmədə tədqiq edilən Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-nin 12 yanvar 2023-cü il tarixli, 10 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarında olmuş, yəni Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Samux rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:30-a şübhəli şəxs qismində tutulmuş, Samux rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə Rusiya Federasiyası, Astraxan Vilayət Məhkəməsinin hökmü ilə RF CM-nin 131 M 1 H bəndi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Məhkəmədə tədqiq edilən Goranboy RİH başçısının Boluslu kənd İƏD üzrə nümayəndəliyindən təqdim olunmuş arayış və xasiyyətnamədən görünür ki, Əliyev X1 tək yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Gəncə şəhəri Narkoloji Dispanserinin 26 yanvar 2023-cü il tarixli 130 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi mülicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və təhqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 1019,8 narkotik vasitə olan heroin və 8033,75 qram narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınaraq Samux RPŞ-nin xüsusi saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək narkotik vasitə istifadə etmədiyini, aşkar olunmuş çantadakı narkotik vasitələrin ona məxsus olmadığını, Goranboy rayonunda təsadüfən tanış olduğu, əvvəllər tanımadığı Elçin adlı şəxsə məxsus olduğunu, Elçin və yanındakı digər şəxsdən qorxduğu üçün onların dediklərini etməyə məcbur olaraq həmin narkotik vasitədən bir kibrit qutusu satdığını, qalan hissəsini isə onların dedikləri avtomobilə verdiyini bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin qeyd olunan ifadəsinə tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək və ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir və onun ifadəsinin özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı tədqiq olunmuş eksperti rəyləri və işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etməyərək həmin ifadəyə tənqidi yanaşaraq sübut kimi qiymətləndirmir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Elçin adlı şəxslə fəhlə işləmək üçün Gəncə şəhərinə gəldiyini, Elçinlə birlikdə yeyib-içən zaman Elçinin ona “səni milyoner edəcəm” dediyini, onlarla birlikdə yemək yeyən, Elçinin tanışı olan başqa bir şəxsin ona iş təklif edərək “bir sumka gəlir, onu bir yer var, ora qoyacaqsan, bir maşın gələcək 50 metr aralıda maşına verəcəksən, o da sənə pul verəcək, pulu gətirib mənə verərsən sənin də hörmətini edəcəm” dediyini, onun da razılaşdığını, bundan sonra Elçinlə birlikdə gedib çantanı götürdüyünü, Elçinin göstərişi ilə həmin çantada olan bir kibrit qutusu narkotik vasitəni 30 manat qarşılığında tanımadığı bir şəxsə satdığını bildirmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı nümayiş olunmuş video görüntüdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Elçin adlı şəxsin ona verdiyi çantanın içərisində narkotik vasitə olması barədə məlumatının olduğunu bildirmişdir. Həmçinin Gəncə şəhəri Narkoloji Dispanserinin 26 yanvar 2023-cü il tarixli 130 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi mülicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitələrin miqdarındakı ziddiyyətlərlə bağlı təyin edilmiş son ekseprtiza üzrə rəydə göstərilən narkotik vasitələrin miqdarı daha dəqiq olmaqla narkotik vasitənin real miqdarını müəyyən etdiyindən 20 dekabr 2024-cü il tarixli 6/5174, 7/1866 nömrəli rəydə göstərilən miqdarlar əsas götürülməklə şəxsin əməlinə bunun əsasında hüquqi qiymət verilməlidir. Belə ki, məhkəmə baxışı nəticəsində müəyyən edilmişdir ki, Gəncə regional ekspertiza Mərkəzində olan ölçmə vasitələri elektron tərəzilərin işində olan texniki yanlışlıq (narkotik vasitələrin miqdarından asılı olaraq müəyyən həddə qədər olan ölçmələrdə eyni, digər miqdarda isə başqa ölçmə vasitələrinin davamlı olaraq istifadə edilməsi) iş üzrə ilkin ekspertiza zamanı obyektiv və subyektiv səbəblərdən doğru (səhih) olmayan rəy verilməsi ilə nəticələnmişdir. Həmçinin iş üzrə əlavə şahid qismində dindirilmiş ekspertlər X8, X2 və X6 daa ilkin və təkrar ekspertizaların arasında narkotik vasitələrin çəkisi ilə bağlı yaranmış fərqin tərəzi xətası, maddi sübutların saxlanılma şəraiti və fiziki xüsusiyyətlərindən irəli gəldiyini bildirmişlər. Eyni zamanda 20 dekabr 2024-cü il tarixli 6/5174, 7/1866 nömrəli rəydə də ilkin və təkrar ekspertizaların arasında narkotik vasitələrin çəkisi ilə bağlı yaranmış fərq tərəzi xətaları, həmçinin narkotik vasitələrin saxlanma şəraiti - ərtaf mühitin temperaturu, rütubət, maddələrin fiziki xüsusiyyətləri ilə izah edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasinin qanunun 1.0.4-cü maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövriyyəsi nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş (bundan sonra - nəzarət edilən) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi (idxalı), Azərbaycan Respublikasının ərazisindən çıxarılması (ixracı) və ya onların tranzit nəql edilməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının saxlanılması, alınması, daşınması, göndərilməsi, məhv edilməsi, istifadə edilməsi və onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların aparılması nəzərdə tutulur. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin və qurudulmuş marixuana narkotik vasitə hesab olunur, heroinin xeyli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram və ondan yuxarı, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 2 qram, marixuananın xeyli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram və ondan yuxarı, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 500 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Hazırkı işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər, yəni Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi hərəkətləri həyata keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, sonuncular arasında əldə olunmuş razılaşmaya əsasən Təqsirləndirilən şəxs vəzifəsi içərisində külli miqdarda narkotik vasitə heroin və qururlmuş marixuana olan çantanı bir təyinat nöqtəsindən digər təyinat nöqtəsinə daşımaqdan ibarət olmuş, bunun qarşılığında da o, mənfəət kimi müəyyən məbləğdə pul vəsaitini almalı olmuş, nəticə etibarı ilə də aralarında olan rolların bölgünüsə əsasən Təqsirləndirilən şəxs qeyd edilən hərəkətləri real olaraq icra etmişdir. Həmçinin Təqsirləndirilən şəxs qabaqcadan əldə edilmiş razılaşmaya əsasən tanımadığı bir şəxsə 30 manat qarşılığında bir kibrit qutusu narkotik vasitənin satışını həyata keçirmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Məhkəmənin gəldiyi bu nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı baxımından da əsaslıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan qanunla müəyyən edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən X4 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxsnа Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Samux RPŞ-nin xüsusi saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 1002 qram narkotik vasitə olan heroin və 8092,08 qram qurudulmuş marixuana məhv edilməlidir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 695 manat 85 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 17 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 17 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 102 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, “həbsdə” olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxsnа Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Samux RPŞ-nin xüsusi saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 1002 qram narkotik vasitə olan heroin və 8092,08 qram qurudulmuş marixuana məhv edilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 102 manat məbləğində pul köçürülsün. Ekspertiza tədqiqatları zamanı sərf edilmiş 695 manat 85 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar